Ümumbəşəri mövzu,
milli ruh və yaradıcı üslub
"Qanıq,
Hasan, bir də Qaragöz" müəllifi oxucularını
çox da nigaran qoymayıb "Ulduz" dərgisinin sentyabr
- oktyabr sayında romanının (o romanın ki, ümumi
adı hələ məlum deyil) ikinci kitabını -
"Qoşa Qarın adamları və
şeytanları"nı nəşr etdirdi. Mən birinci kitab barəsindəki
məqaləmə kifayət qədər
neytral "Jurnalistin ədəbi debütü" adı versəm
də, həmin məqalə belə bitirdi ki, romanın birinci
kitabı onun ikinci, üçüncü... kitablarına da bəri
başdan böyük maraq yaradır. Və bu qənaətə
gəlməkdə ən azı üç əsasım
vardı: birincisi o idi ki, Əflatun geniş
dünyagörüşünə əsaslanaraq ümumbəşəri
(qlobal!) bir mövzuya - insanı real və irreal
dünyaların qarşılıqlı münasibətləri
miqyasında dərk etmək mövzusuna müraciət
etmişdi; ikincisi o idi ki, romanın materialı (fakturası)
bütün təfərrüatlarına qədər son dərəcə
milli (və etnoqrafik semiotikası etibarilə doğma!) idi;
uçuncüsü isə, müəllif özünəməxsus
bədii yaradıcılıq maneraları ilə göstərə
bildi ki, qələmini yalnız jurnalist yox, həm də
yazıçı kimi işlətmək istedadı var
imiş.
Hər nə
qədər Güllünün jurnalist təhqiqatları (və
Hasanın həyəcanları, reaksiyaları) ön, Göy
Qayanın proməkan panoramı bütün irreal tarixi (və
real müasirliyi!) ilə arxa planda təsvir olunsa da, ikinci
kitabın əsas mövzusu Qızeytarın (Azərbaycan
dilinin Qərb regionlarında "Qızyetər"ə
fonetik metatezanın təsiri ilə "Qızeytər",
yaxud "Qızeytar" deyirlər) taleyidir ki, romanın hər
iki - həm bu, həm də o biri dünyası ilə
bağlıdır... "Biz az böyüyəndə
Qızeytarın daimi yeri üstünə nənəsinin
vaxtilə toxuduğu kilimin sərildiyi taxt oldu. Taxt pəncərənin qabağındaydı. Bura Qızeytarın dünyaya açılan yeganə
pəncərəsiydi. Ordan yalnız Göy Qaya
görünürdü... " Əvvəla,
Qızeytar anadan şikəst doğulmuşdu, yeriyə
bilmirdi, ikincisi, doğulanda anası ölüb yetim
qalmışdı, ona nənəsi-babası baxırdı... Gecə-gündüz
Göy Qayaya baxmağının səbəbi də o idi ki,
Altaylı şaman Abanurun şagirdi Xəmməd Alının
Qoşa Qarda yayılmış xəbərinə görə,
nə vaxtsa Göy Qayaya bir Göy Quş gəlib
qonacaqmış... "Qızeytar da yalvaracaq, sızlayacaq ki,
gedəndə onu da
özü ilə aparsın. Genimək
istəyirdi buralardan".
Kitabın
sonunda Göy Quş, doğrudan da, gəlir, doğrudan da,
Göy Qayaya qonur... Və doğrudan da,
Qızeytarı aparır. Ancaq ona qədər
uzun, çox uzun bir tarix (tale!) yaşanır.
Əflatun
Qoşa Qarın Göy Qayasını ədəbiyyatımızın
ən maraqlı mistik-toponimik obrazlarından biri səviyyəsinə
yüksəldir... Bu yerlərin ilk sakinləri
olan Alıöyü arasında düşən nifaq, bu nifaq nəticəsində
baş verən yaramazlıqlar, tökülən qanlar
müqabilində Tanrı hər iki münaqişə tərəfini
cəzalandırmaq qərarına gəlir. onun yağdırdığı aramsız
yağışlar torpağı yumşaldıb, torpaq isə
insanları udanda hər kəs yalvarmağa başlayır. Və
Tanrı yerin təkindən Göy Qayanı ucaldır ki, onlar
xilas olsunlar... "Adamlar Göy Qayadan
yurdlarına daşınsalar da, bir gözləri yenə arxada
qaldı. Kimi atası, kimi anası
sandı Göy Qayanı. Özlərinə dayaq, həmdəm
bildilər, dar məqamlarında kömək istədilər..."
"Qoşa
Qarın adamları və şeytanları"nın
müəllifi öz qəhrəmanlarının tərcümeyi-halına
müdaxilə etmir. Xüsusilə o mənada
ki, sanki qəzavü qədərin diqtəsi olan hadisələri
necə varsa o cür təsvir eləməyə
çalışır. Həm də bunu o qədər
şövqlə, o qədər ehtiraslı bir
nağılçı-dastançı dili ilə edir ki,
çox hallarda özünün yazıçı subyektini
belə arxada qoyur: "Adamlar itirdiklərinə kədərlənə-kədərlənə
tezcə də bağlanırlar yenisinə. Az
keçmir ona elə isnişirlər, elə isnişirlər,
ölüyə olan sevgiləri yenisinə elə hopur ki, elə
bil indiki əvvəlkinin elə özüdür, bəlkə
də, daha kamil formasıdır. Sanki neçə gün
imiş yurd yerindən geniyibmiş..." Hətta bu cür
mülahizələr kifayət qədər ciddi ümumiləşdirmə,
əgər belə demək mümkünsə, ədəbi- fəlsəfi
kəşf səviyyəsinə yüksələndə də,
adama elə gəlir ki, müəllif yüz illərlə
deyilmiş sözü deyir: "... Hər bir kişi
bilir ki, oğlunun ilk oğul övladı dünyaya gəldimi,
zəhmət çəkib ona qoymağa ad axtarmayacaqlar,
doğum kağızına birbaşa babasının
adını yazacaqlar. Bu o qədər təkrarlanacaq ki, bir də
baxdın nəsildə eyni adlı, eyni soyadlı iki, bəzi
hallarda üç adam peyda oldu... Yaşlısı dünyadan köçəndə
sanki öz yerini, hörmətini geridə qalanın
üstünə yükləyir. Bir müddətdən
sonra adamlar əvvəlkindən umduqlarını elə
yenisindən gösləyirlər"... Halbuki
bu, məhz "Qoşa Qarın adamları və
şeytanları" müəllifinin dərin etnoqrafik
müşahidələrindən irəli gələn
mülahizəsidir.
Qayıdaq
Qızeytarın taleyinə... Babası Məmməsöyün
kişi atı Bozyarı qaraçılara
bağışlayır ki, nəvəsini müalicə eləsinlər.
Və istəyinə nail olur. Boy- buxunu, gözəlliyi ilə
seçilən Qızeytar özü kimi yetimin birinə -
Söynalıya ərə gedir... "Babasının
xeyir-duasını alıb Toyçu Alxanın
"Atdandırma"sının qəmli sədaları
altında Söynalı Qızeytarı bəzədiyi ata
mindirdi"... Babası ona xeyir-dua ilə
yanaşı, köhnə beşaçılanını da
verib "bu da sənin cehizin" demişdi. Və çox keçməmişdi ki, əlindəki
beşaçılanla "yataqdan qoyun sürüsünü
aparmağa cəhd edən o üzün addı- sannı
oğrularının" qarşısını kəsən
Qızeytarın hünəri dilə-ağıza
düşmüş, hətta şəninə dastan da
qoşulmuşdu.
Əsərin
bu yerində müəllif xalqımızın etnik
psixologiyası üçün səciyyəvi olan daha bir
maraqlı müşahidəsini təqdim edir: "Dastan
Söynalı kişinin xoşuna gəlir, onu
qımışa-qımışa dinləyirdi. Içində
arvadı ilə öyünürdü də... Sonra
Musanın qorxusundan bir müddət heç kəs o
dastanı dilinə almadı. Musa istəməmişdi
ki, ağır məclislərdə anasının adı
hallansın... "Qoşa Qarın
adamlarının xasiyyətinə bələd idi. Birdən ona el içində "Qızeytarın
oğlu" da deyərdilər".
Söynalı
da elə-belə oğul deyil... Məməsöyün
kişidən sonra Qoşa Qarın ətəklərindəki
meşələrin qorunması ona
tapşırılmşdı. Və "Söynalı kişi Qoşa Qarda yeganə adam idi ki,
hökumətdən aylıq alırdı"... Aralıq qarışanda Qoşa Qara hücum edən
ermənilərlə döyüşüb dizindən güllə
yarası aldığına görə Gürcüstanın
yeni hökuməti ona təşəkkür məktubu
yazıb evinə göndərmişdi.
Alıöyündə təsadüfən elə bir faciə
baş verir ki, yeni bir ikitirəliyin, qan davasının
başlanması təhlükəsi meydana çıxır. Ağsaqqallar, adət
üzrə, qərara gəlirlər ki, kəndxudanın
oğlunu öldürən Musa da camaatın gözü
qarşısında öldürülsün... Oğlunu
ölümün pəncəsindən xilas etməyə
çalışan ana - Qızeytar məsləhətləşmək
üçün Göy Qayadan başqa həmdərd tapa
bilmir: "Dərdimə ilac elə. Səninləyəm,
Göy Qaya, eşitmirsən, dərmanın yoxdursa,
çağır gəlsin Göy Quşu, tez gəlsin, məni
də dərdlərinə bələyib buralardan
genitsin"... Bu dua-müraciətindən sonra
Qızeytar arvad qərara gəlir ki, bir çarə tapa bilməsə
oğlunu babasının cehiz verdiyi beşaçılanla
özü vuracaq. Və ikinci kitabın sonuna doğru
müəllif gərgin, həyəcanlandırıcı
olduğu qədər də məzmun-mündərəcəli
bir səhnə yaradır... "Elə bu an
Göy Qaya tərəfdən quş qaqqıltısına bənzər
gələn səs Qızeytar arvadı diksindirdi, gözlərini
oğlunun baxışlarından ayırıb qeyri- ixtiyari səs
gələn tərəfə boylandı... Bu, Qızeytar
arvadın uşaqlığından gözlədiyi elə həmin
Göy Quş idi... Güllə səsinə bənd idi... Qızeytar arvadın ona tərəf uçan ruhunu
qanadlarına bükəcək, Mələklərin Yolundan
Göy Qayaya enən işıq şüasına qoşulub
göyün yeddinci qatına yollanacaqdı. Elə o vaxtdan mələklərin biri də
artacaqdı".
Əsərdə elə obrazlar var ki, bir növ, epizodik
sayılsalar da, mətnin ideya- estetik zənginliyini və ya rəngarəngliyini
təmin etməklə qalmayıb, müəllif qayəsinin
daha dolğun, daha konseptual ifadəsinə birbaşa təsir
göstərirlər.
Onlardan biri Xəmməd Alıdır ki, Altayda
sürgündə olanda şaman Abanurdan dərs
almışdı. Vətənə qayıdanda NKVD-də dindirilmiş,
özü ilə gətirdiyi palazın üstündəki
quş şəklinin sirlərini də açmış, onun
böyük türkün ruhunun ifadəsi olduğunu gizlətməmişdi...
"Müəllimim belə deyirdi. O həmin
quşun el-el, oba-oba dolaşıb türk soyunun
sızıldayan ruhlarını bir araya gətirəcəyini,
Uca Tanrının yardımı ilə Böyük Eli
quracağını da söyləyirdi"... Bu
sözləri şaşqınlıqla dinləyən erməni
müstəntiq öz "həqiqət"ini cəsarətlə
onun gözünə soxan Xəmməd Alıya xoşbəxtlikdən
heç cür inanmır. Və şaqqanaq çəkib
gülə-gülə yanındakı əsgərə əmr
verir: "Ara, bu daliymiş ki... Andırını
da bas qoltuğuna, dalına da bir yekə təpih, tulla
çölə!"
Ancaq bu
palaz da, onun üstündəki quş da insan yox, Tanrı əməli
imiş... "Bir dəfə Qojanın
babası altında da həmin palaz taxtında oturanda
görüb ki, Mələklərin yolu tərəfədən
iki qız ona tərəf gəlir, özü də uçan
fason. Çatıb hərəsi bir qolundan
yapışıb palazı altından dartıblar.
Babası "Allahu Əkbər!" deyən kimi görüb
ki, yox, palaz altındadır, tərpənib-eləmiyib, amma
quşun şəkli və uçacağı yerlər qeyb
olub"... Bu hadisə Qojanın babasını nə qədər
düşündürsə də, necə deyərlər,
yüz fikir bir borcu ödəməyib... "Bəlkə də,
şeytanlar o qədər azğınlaşıblar ki, palazdakı
quşu silmək üçün mələkləri də
yoldan çıxarıblar... Yox bir, o günə
qaldıq ki, mələklər də şeytanların
fitvasına uydular? Onda denən ki, dünyanın
axırı gəlif çıxıf..."
Xəmməd Alıdan fərqli olaraq Molla Ayvaz
şamanlığı (tanrıçılığı!)
yox, islamı (müsəlmanlığı") təmsil
edir. Və əslində,
türkün etnoqrafik təfəkküründə bunlar
arasında ziddiyyət yoxdur, ikincisi birincisinin
davamıdır... Molla Ayvazın nüfuzunu
göstərmək üçün müəllif əsərin
təhkiyəsi kontekstindən kənara çıxıb
oxucuya müraciətən yazır ki, "elə günün
bu vaxtında Qoşa Qarda Molla Ayvazı kimdən soruşsan, əksəriyyətinə
adı tanış gələcək. Ən
azından eşidəcək ki, dostu İmamalıya
qarşı kişilik eləyib, onu hökumətə
satmayıb, başına gətirmək istədiklərinin
qarşısını alıb. Bir az da dərinə getsələr
aydın olacaq ki, elə öz babaları onun
açdığı mədrəsədə dərs
alıblar"... Molla Ayvaz Qafqaz şeyxülislamı ilə məsləhətləşib
hələ camaatın avam vaxtlarında hökumətdən
xahiş eləmişdi ki, ona məktəb açmağa icazə
versinlər, necə ki ermənilərə, gürcülərə
icazə veriblər... "Qoşa Qarın adamları və
şeytanları" müəllifi bu məqamda zərif bir
xalq ironiyası ilə deyir: "... Ona olan
şübhələr daha da artdı, di gəl dəyib-toxunmadılar.
Sağ olsunlar, müraciəti də cavabsız qoymadılar.
Cavab da belə idi: Maliyyə imkansızlığı
ucbatından hökumətin Qoşa Qarda müsəlman
balaları üçün məktəb açmağa
imkanı yoxdur"... Ancaq Molla Ayvaz da Molla Ayvaz idi... "Bazar
günləri məscidi mədrəsəyə çevirdi... Tiflisdən bir neçə günlüyə qonaq da
çağırırdı. O da Molla
Ayvazın evində qala-qala uşaqlara rus dili öyrədirdi".
Baş
verə biləcək gərginliyi aradan qaldırmaq
üçün Musanı məscidə aparıb bütün
gecəni onunla birlikdə həyəcan keçirən, el adətinə
hörmətlə yanaşmaqla bərabər keçmiş
şagirdinin taleyinə biganə qalmayan Molla Ayvazın
şeytanla "dialoq"u, görünür, əsərin ən
maraqlı hissələrindəndir. Əsas da odur ki, şeytan
təcrübəli din xadimini, imanı kamil Allah adamını
inandırır ki, onun da bu dünyada mövcud olmaq haqqı
var... "Bəs sabahkı qətlin
günahını kimə yükləyəcəksiniz, Molla
Ayvaz? Onudamı mənim, şeytanların adına
yazacaqsınız? Mən onu cinayətə
sürükləmişəmsə, bəs siz kimsiniz onda?
Tanrının yaratdığı, yer
üzünün əşrəfi sandığı Adəm
övladımı? Yoxsa hər addımda mənim
kələyimə uyan məxluqmu?"
Molla
Ayvazın zəifliyi yox, məhz müdrikliyidir ki, şeytanla
çənə-boğaz eləmir, onu anlamağa
çalışır... "Molla Ayvaz onun
söylədikləri ilə haradasa razılaşırdı.
Doğrudan da, İblisin sadaladığı
keyfiyyətlər sağındakı, solundakı adamların
çoxunda vardı. Özü də istədiyin
qədər". Və şeytanın məsciddə
qalmaq xahişinə də Molla Ayvaz nə hə, nə də
yox deyə bilir.
Əsərin
kifayət qədər dərin etnososial (hətta təbiri
caizsə, "siyasi") məna daşıyan qəhrəmanlardan
biri də Dırdı İsmeeldir ki, "iddiası
böyük idi, amma bəxtindən uşaqlıqda arzuları
gözündə qaldı"... Bir tərəfdən,
nadürüstlüyünə, digər tərəfdən,
Göy Qayadan yıxılıb şikəst olduğuna görə
Xəmməd Yetəri ona vermədilər. Və taleyindən
incimiş Dırdı İsmeel şeytanlıq, ev yıxıb ocaq söndürmək yolunu
tutdu. NKVD-yə o qədər yalan-doğru danoslar yazdı ki,
"elə indi də NKVD-nin arxivindəki qalaq-qalaq danoslardan
Qoşa Qarın həmin dövr üçün mükəmməl
şəcərə quruluşunu müəyyənləşdirmək
olar... Danoslar rus dilində o qədər mükəmməl
yazılırdı ki, birinci danos çatanda onun Qoşa Qardan
yazılmağına inanmamışdılar.
Dırdı kimi savadlı yazanları nəinki Qoşa Qarda,
elə Tiflisdə də çətin tapmaq olardı..." Xəmməd Alını dindirən erməni
müstəntiq dəli olduğu qənaətinə gəlib əsgərə
buraxılmasını əmr edəndə onu da
tapşırmışdı ki, "adam da qalmadı yazmaya.
Eşidirsən? Bir də o
Dırdını buralara buraxma"...
Dırdı İsmeelin Qoşa Qar cəmiyyətinə mənəvi-əxlaqi təcavüzü bununla bitmir. Bundan dəhşətlisi odur ki, "kəndin kənarındakı daxmasında yalqız yaşayırdı. Deyilənə görə, bir vaxtlar Dırdının dul qoyduğu Qoşa Qar arvadları rəhmə gəlib onu susuz, yeməksiz qoymurdular. Kim bilir, bəlkə də, cavanlıqlarından həmişə yollarını gözlədikləri ərlərinin qoxusunu Dırdıdan alırdılar. Dediklərinə görə, Dırdının yatağının böyründə kağızı, qələmi əskik olmurdu"... Bu, ucu-bucağı görünməyən bir ironiyadır - insana, cəmiyyətə, əxlaqa, mənəviyyata... "Qoşa Qarın adamları və şeytanları" müəllifinin bu ironiyası, əslində, etnosun özünün özünə ironiyasıdır. Və mən böyük ziyalımız Cahangir Məmmədlinin "Gerçəkliyin fantasmaqoriyası" məqaləsindəki belə bir fikri ilə tamamilə razıyam ki, "yazıçı təsvir etdiyi obrazların... heç birini özü qiymətləndirmir, bu "qiyməti" oxucunun öz öhdəsinə buraxır. Oxucu isə... müəllifin ustalıqla tipikləşdirdiyi, yaxşısını da, pisini də doğmalaşdırdığı bu insanların bütövləşib kim olduğunu yaxşı bilir. Bu, bütövləşən, milli dəyərlərimizin min bir xəttini birləşdirən və sonda bütün istiqamətləri ilə ağıllı, xeyirxah, ləyaqətli bir millətin proobrazıdır"... Yeri gəlmişkən deyim ki, Dırdı İsmeelin ləqəbi (layğəsi) də dilimizin feillərinin (danışdırdı, yazdırdı, azdırdı...) sonluğundakı şəkilçilərdən gəlir...
Əflatun hər nə qədər ümumbəşəri mövzulu bir əsər yazsa da, artıq qeyd etdiyimiz kimi, onun bədii fakturası olduqca millidir. Və bu milliliyin ən mühüm göstəricilərindən biri təhkiyənin etnoqrafik koloritidirsə, onun da ən mühüm əlaməti ləhcə xüsusiyyətlərini coğrafi məhdudluqdan çıxarıb ideya-estetik akta, bədii sənət hadisəsinə çevirməsidir.
Romanın ikinci kitabının sonunda Qoşa Qara günümüzün sosial-siyasi reallıqlarının müdaxilə etdiyini görürük. Hasanın biznesi kimi Güllünün Paralel Dünyalardakı Varlıqların Müdafiə Komitəsinin mitinqi də hələ ki yuxularda, xəyallarda hiss etdirir ki, Qoşa Qara yeni dünya qədəm qoymaqdadır...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 29 oktyabr.- S.10-11.