"Özləri sağ
qalacaqlar Məni
öldürən şeirlər"
Umacaqlar
bizdən qaçır,
Çatammırıq, ha gedirik.
Könlümüzdən savab keçir,
Niyə günaha gedirik?
Özün nur saç, Rəbbim, önə,
Varmalıya varaq yenə.
Ayrı
səmtə, ayrı yönə -
Amana-aha gedirik.
Ölmürük ha ölmək üçün,
Gedəsiyik gəlmək üçün.
Bilməlini bilmək üçün
Bəlli sabaha gedirik.
Yar olduq Onnan ötəri,
Var olduq sonnan ötəri...
Allahdan yol gəlib bəri -
Üzü Allaha gedirik.
Allahın kölgəsi
Nizamında nə tərif var, nə şər
var,
Düşüncəyə hər nə gəlib düşər -
var.
İnam
varsa, iman varsa, bəşər var, -
Allah haqdı, bəndə
onun kölgəsi.
Düz əməldə qazanc da var, pay da
var,
Gerçək olan ibadətdə fayda var.
Tövrat, İncil, Quran nədi? - Qaydalar,
-
Allah haqdı, din də
onun kölgəsi.
Haqqın
sirri göy üzündə yeddi qat,
Yalnız Odu vaqif olan
adbaad.
Əgər məndən başlayırsa
bu həyat, -
Allah haqdı, mən
də onun kölgəsi.
Gecələr bivaxt durub yazı yazanda uşaqların anası hər dəfə canıyananlıqla "şeir
yazmaq səni
öldürəcək" - deyir...
Onsuz da hər şey
fanidi,
Hər şey ötəri, anidi.
Dəymə, sevdiyim canidi
Məni öldürən şeirlər.
O tərəflər ün öldürür,
Bu tərəflər ön
öldürür.
Hər gecə bir gün
öldürür
Məni öldürən şeirlər.
Gərginliklər məndən doymur,
Sən deyəni
onlar duymur.
Hələ ki yatmağa qoymur
Məni öldürən şeirlər.
Gah dağ çəkir, gah dağılır,
Gah da bir sözdə boğulur.
Neynim ki, belə doğulur
Məni öldürən şeirlər.
Zamanımı bölüb gedir,
Ağrısını bilib gedir.
Yatan kimi ölüb gedir
Məni öldürən şeirlər.
Şimşək kimi çaxmayıblar,
Leysan kimi axmayıblar!..
Hələ gəlib çıxmayıblar
Məni öldürən şeirlər.
...Yaddaşlarda qalacaqlar,
Haqqı varsa, alacaqlar.
Özləri sağ qalacaqlar
Məni öldürən şeirlər.
Kaş...
Xəyal
Nə ola bir səhər qonağım
gələ,
Biləm ki, qapını döyən anamdı.
"Ay uşaq, səs salma, atanız yatır,
Üstünü yaxşı ört" - deyən anamdı.
Görəndə deyə ki:
"Çox sınıxıbsan,
Yenəmi özünü salırsan
zülmə?
Qalma yeməyindən, ay ömrün-günüm
-
Özünə fikir ver, bəsdi,
üzülmə".
Deyə
ki: "Bacılar küsəyən olur,
Sən böyük
qardaşsan, gözdən
ayırma".
Deyə
ki: "Rüfətim
hələ körpədi,
Hər dəfə
danlayıb qəlbini qırma".
Görə aralıqda yad pıçıltı var,
Qata bir-birinə
eşiyi-öyü.
Deyə
ki: "Pirinə təpik atma haa,
Eldə də böyükdü evin böyüyü".
Sonra barmağını daraq eləyə,
Dünyanın həniri başımdan keçə.
Bircə
"qım-qımı"sı, bircə laylası
Yaşına yan alan
yaşımdan keçə.
Bir səhər görəm ki, anam evdədi,
Amma dərdlərimdən
agah olmaya.
...Sənə yalvarıram, ruhlar soltanı -
Anam röyadansa iraq
olmaya!
Olmaya!
Olmaya!
Allah, olmaya!..
Ovqat
Gözümün bir hovur yuxusu çatmır,
Həsrətin naləsi boldu bu gecə.
Kirpiklər ucunda çıxıb
taxtına
Vaxtımın soltanı oldu bu gecə.
Yaxamdan əl çəkmir amansız sual,
Dəyişir düşüncə, dəyişir
əhval.
Çırpına-çırpına bir aləm xəyal
Ruhuma daraşdı,
doldu bu gecə.
Bir özgə ahəng var sonsuz səmada,
Sanki doğmalaşır qərib bir səda.
Zülməti nə qədər
uzun olsa da
Yoldu dan yerinə, yoldu bu gecə.
Hamıya
bəllidi bineyi-başdan,
Sevinc ayrı
düşmür dərddən-təlaşdan.
Səhər bilinəcək, səhər
- o başdan
Yenəmi açıldı, soldu bu gecə?
Halına
dil deyir ölülər sağın,
Astarı üz olur inad
yasağın.
Ağır itiyini "İşaq-Musağ"ın
Hüznlə oxuyan valdı bu gecə.
Hər anın yükü var ömrün köçündə,
"Hər şey"ə
dəxli var "yox"un, "heç"in
də.
Gəlimli-gedimli zaman içində
Mənə bu şeirlə qaldı bu gecə.
Daha yoxdu
Gör nə qədər il ötdü,
ay dolandı,
Əl kədərin
ətəyindən üzülmür.
Təmkin-filan belə vaxtı
yalandı -
Ata-ana yoxluğuna
dözülmür.
Əvəzləyən olacaqmı onları,
Kim qaytarar yurda məhrəm anları?
Daha yoxdu gəldim deyə hər dəfə
yollarıma güvənc
olan o nəfəs,
Sinəsinə döyə-döyə hər dəfə
ayaqyalın doqqazatan
çıxan kəs.
Hardan alaq mələklərin mehrini?
Harda qoyaq yoxluqların qəhrini?
Daha burda çox umulan azalır,
Həniri də öləziyir hər işin.
Daha burda ayrı yazı yazılır,
Daha yoxdu köhnə tamı gəlişin.
Dəftərimi şirin-şirin öyən
yox,
Dağdağanı ətəyimə düyən
- yox!
Tüstülənir dilimdəki bayatı,
İçimdə bir qoşma gəzir yaralı.
Dizə
çıxır yenə
bağın göy otu,
Yenə
bişir yayma xəngəl, xamralı -
Ancaq atam kərəntini dişəmir,
Ancaq anam kündəsini döşəmir.
...Yadındamı qılınc-qırğın,
a Fazil,
bağda heyva çiçəyinin üstündə?
Nəvənin də harayı
bol, səsi zil,
Qayış kəmər hikkəmizin qəsdində.
İndi
hanı çataxlayıb
döyənim,
"Ay insafsız, bir əl saxla!.."
- deyənim?!
Eşq varıydı göyün
yeddi qatında,
Gecə-gündüz izləyənim yoxdu, yox.
Belindəki qalın şalın
altında
Sucuq payı gizləyənim yoxdu, yox!
Nəvaziş də, pay-pürüş
də kəsildi,
Hara getdi həyat
eşqi? Nə sirdi?
Çox
da yurdu qoruyanım əladı,
Çox da gəlin qızıldan
da qızıldı.
Yox! O yoxluq hər kəs üçün bəladı,
Yox! O bəla hər kəsə tən yazıldı.
Evimiydi bu yurd onlar
sağ ikən,
Qardaşımın qonağıyam daha mən.
Düşüncəni gerçək olan yağmalar,
Bəd deməyin bu şeirə, bu təbə.
Sıralanıb gör nə qədər doğmalar,
Doğmalaşır gündən-günə bir təpə.
Qibləgahım oldu bir cüt qara daş,
Umulan yer qismət ola... Ola, kaş...
Qazax, Kəmərli
Rəfail
İNCƏYURD
Ədəbiyyat qəzeti.- 2022.- 3
sentyabr.- S.18.