Avqustun “Ulduz”u
Jurnal şair
Mehman Rəsulun özü ilə söhbəti və şeirləri ilə açılır.
“Qısa fikirlər xəzinəsi”ndə Yunus
Əmrə, Qaracaoğlan,
Məhməd Akif Ərsoy, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Cəmil Meriçin şeirlərindən sətirləri,
ibrətamiz fikirləri
C.M.Bəydilinin təqdimatında
oxuculara təqdim olunub.
Səhər Əhməd, Elvin Paşa,
Pərviz Arif, Rəşad Nağı
Mustafa, Şəfa Vəli,
Vahid Aslanın şeirləri “Şeir vaxtı”nı rəngarəng
edib.
Kənan
Hacının “Bir günlük istirahət”,
Xəyal Rzanın “Salavat”, Çinarə Ömrayın “Atam aliment olmuşdu”, Şəfaqət
Cavanşirin “Ləkə”,
Şəfiqə Şəfanın
“Sadəgül”, Kamran
Nəzirlinin “Sarışın
Mələk”, “Darçın
xala və qəbiristanlıq” adlı
hekayələri “Nəsr”
bölməsində yer
alıb. Çap olunan hekayələr
arasında gənc yazar Xavər Səfiyevanın “Qol saatı” hekayəsi “Debüt” rubrikasında təqdim edilib. Hekayə İkinci Vətən müharibəsinin yeganə
qadını Arəstə
Baxışovaya ithaf olunub.
Taleh Mansurun builki “Vaqif Poeziya
Günləri”ndən təəssüratlarını
“44 saat Şuşada” adlı reportajından oxuya bilərsiniz.
Tanınmış dramaturq Əli Əmirlinin “Ulduz” jurnalı və “525-ci qəzet”in birgə layihəsi çərçivəsində onuncu və sonuncu ustad dərsi jurnalın bu sayında dərc edilib. O, dramaturqun laboratoriyası və iş metodlarından bəhs edib.
Türkiyənin ədəbiyyat dərgisi olan “Gənc ürəklər” bu dəfə “Ulduz”un qonağı olub. “Gənc ürəklər” dərgisinin redaksiya heyətinin sədri Muhterem Şahinin “Ulduz”a yolladığı səmimi məktubun ardınca Ahsen Yıldız Şahinin “Kerkükün zindanına attılar beni” adlı yazısı, Abdulkadir Türkün “Yanarım”, Ahmet Doğrunun “Koyu Poz” şeirləri oxucuların diqqətinə çatdırılıb.
Avqust nömrəsində “Ulduz” jurnalı yeni layihəyə start verib. Belə ki, yeni rubrika “Sələf-xələf” adlanır. Aytac Sahəd bu rubrikada müxtəlif sənət adamlarını bir araya gətirməyi planlaşdırır. İlk həmsöhbətləri isə sələf – tanınmış diktor, Əməkdar artist, Prezident təqaüdçüsü Sevda Saleh, xələf – sevimli teleaparıcı Günay Yelmarqızı olub.
“Dərgidə kitab” layihəsində təbrizli şair Əli Çağlanın silsilə şeirləri işıq üzü görüb.
Jurnal “Dərgidə sərgi” ilə yekunlaşır. Azyaşlı rəssam Minarə Abdullayevanın rəsmləri xoş ovqat yaradır.
Ədəbiyyat qəzeti.- 2022.- 3
sentyabr.- S.32.