Kulikovo döyüşü
Hekayə.
- Bura Kulikovo çölüdür, - bayaqdan bəri xaki
rəngli yol çantasını alt-üst edərək
uyğun geyim arayan, səsinin ahəngindən rus olduğu
aşkar sezilən qadın dilləndi. Qadın
sözünü bitirməmiş bələdçi səsgücləndirici
ilə qatarın Tula vilayətindən, Kulikovo
çölünün yaxınlığından keçdiyi
bildirdi.
Gözlərini
kitabdan ayırıb qatarın pəncərəsindən
görünən boz çölləri süzərək
bunca təsadüf ola bilməyəcəyini
düşündü - oxuduğu Amerika aliminin Kulikovo
döyüşü haqqında yeni yayınlanmış
araşdırması idi. Nə zamandan bəri
axtardığı kitabı vağzaldakı qəzet
köşkündə görüncə almış, elə
ilk cümlədən əsər onu tutmuşdu. Bir anlığa gözlərini yumub
çöküşü Kulikovo çöllərindən
başlayan Qızıl Ordanın əzəmətli tarixini,
türk-tatar qövmlərinin sonrakı taleyini
düşündü.
"Tarix bütün elmlərdən daha artıq siyasətə
bulaşmışdır. Bəlkə bu səbəbdəndir
ki, dünyanın gerçək tarixi indiyədək
yazılmamış, bundan sonra da yazılacağına
ümid bəslənilməsi sadəlövhlük olardı.
Bəzən deyirlər ki, tarixə
yansımış yalanlar o qədər böyükdür ki,
həqiqəti görməyə qoymur. Ancaq tarix
yalanlardan təmizlənərsə, orda həqiqət adına nə isə qalacaqmı? Bunu söyləmək
çətindir...".
Kulikovo döyüşü - zaman-zaman haqqında
düşündüyü, ancaq sonacan incələyib dərinliklərinə
vara bilmədiyi, içini, ruhunu sızladan, tarixin sirli səhifələrindəndi. İllər
öncə orta məktəbin yeddinci sinfində tarix dərsliyində
ilk dəfə bu döyüş haqqında oxuyarkən
yazılanlar onu duyğulandırmışdı. Sonralar isə, nə qədər qəribə olsa
da, bu döyüş yuxularına gəlmiş, bütün
oxuduqlarını, öyrəndiklərini kölgədə
qoymuşdu.
"Elmi ədəbiyyatda "Kulikovo
döyüşü" termininə ilk dəfə əslən
tatar türklərindən olan Nikolay Karamzinin "Rusiya
dövlətinin tarixi" əsərində rast gəlinir. Həmin
araşdırmada Qızıl Ordanın döyüş
qabiliyyətini yüksək qiymətləndirən
özündən əvvəlki tarixçilər birtərəfli
şəkildə qınanır və savaşın mahiyyəti
bütünlüklə təhrif edilir".
- Üzr
istəyirəm, iki-üç dəqiqəliyə kupedən
çıxa bilərsiniz? - Qadın sordu və çöhrəsinə
utancaqlıq qataraq əlavə etdi: - Əynimi dəyişmək
istəyirəm.
- Əlbəttə,
bu saat, - dedi və kitabı qatlayıb balaca masanın
üstünə qoyaraq kupeni tərk etdi, kirli pəncərədən
indi Rusiya sınırları ilə çevrələnən
qıpçaq çöllərini seyr etməyə
başladı. Qatarın pəncərəsindən
görünən bu çöl tarixin ən böyük
savaşlarından birinə şahidlik etmişdi. Bir anlığa zamanın təkəri geriyə
fırlandı və xəyallar onu Kulikovo
döyüşünün dərinliklərinə apardı.
Atların kişnərtisini,
qılıncların cingiltisini, əsgərlərin
hayqırışını eşidir, özünü
büsbütün qanlı savaşın içərisində
hiss edir və gərilmiş düşüncələrinin
toranlığında hər şeyin başqa şəkildə
bitəcəyi ilə bağlı yalın ümidlər
cücərirdi. Ancaq bir az öncə
oxuduğu son cümlələr onu zamanın dərinliklərindən
çəkib çıxardı.
"Apardığı çoxsaylı savaşlardan
sonra Mamay xanda özünə güvən duyğusu güclənmişdi. Qələbə ilə bitən
savaşların sonucunda Saray Berke şəhəri yenidən
Qızıl Ordanın başkəndinə çevrilmiş,
dövlətin sərhədləri Krımdan başlayaraq
İdil çayının sağ sahillərinə qədər
uzanmış, Dəşti-Qıpçaq ərazisinin
böyük bir qismini içərisinə
almışdı".
Qadın işvə ilə kupenin qapısını
açaraq geyinib qurtardığını, onun içəri
girə biləcəyini bildirdi. Sarışın
saçları çiyinlərinə dağılmış,
geydiyi yaxası açıq, bəyaz xallı köynək və
nazik uzun ətək onu aşırı dərəcədə
gözəlləşdirmiş, vücudunun gizli, sezilməz
incəliklərini üzə çıxarmışdı.
Keçib bayaqkı yerində oturdu və yenidən
kitabı açaraq mətnin ardını oxumağa
başladı.
"Mamay xan taxt-taca yiyələndikdən sonra əski
türk xaqanları kimi tanrısal ruha sahib olduğunu
düşünür, onu hansısa qüvvənin yenə biləcəyinə
inanmırdı. Hakimiyyəti gücləndikcə ailəsi,
sülaləsi, yaxınları varlanaraq mal-mülk sahibi
olmuşdu. Qızıl Ordanın
vassalına çevrilən rus knyazlıqlarından sel kimi
axan xərac saray xəzinəsini doldurduqca böyük sərvətin
yaratdığı zənginlik zehnini dumanlandırır,
vaxtının çoxunu hərəmxanada, aralarında
casusların yer aldığı slavyan cariyələrlə
keçirirdi".
Ancaq hiss
edirdi ki, qadın əynini dəyişəndən sonra
gözləri kitabda olsa da, fikrini bir yerə yığa bilmir.
İxtiyarsız olaraq baxışları onun
boyun-boğazında, yaxasında, vücudunun məhrəm yerlərində
gəzib-dolaşır, zehnini qarışdırırdı.
Qadının bunu duymaması üçün
özünü toparlamaq, duyğularını cilovlamaq istəsə
də bacarmırdı.
Bələdçi
qapını aralayıb bir şeyə ehtiyacları
olub-olmadığını sordu, ani olaraq baxışları
qarşılaşınca qadının üzünün cizgilərindən
içini oxumuş kimi çay sifariş verdi.
Hər hansı səbəbdən gecikmə
olmasa iki gün boyunca yol gedəcək, bu sürə ərzində
birgə olacaqlardı.
Qadın gözəl idi, ancaq bu gözəlliyin
arxasında qarşısındakını itələyən,
özündən uşaqlaşdıran, izaha gəlməyən
nələrsə gizlənirdi və bu, saflıq, məsumluq
duyğularını silib aparırdı.
Yenidən kitaba dönərək qaldığı yerdən
oxumağa başladı.
"Ən
acınacaqlısı isə uzun zamandan bəri səngimək
bilməyən, ildən-ilə körüklənən
iç savaşların Qızıl Orda dövlətini
yeyib-bitirməsi idi. İndi ordunu yenidən
düzənləyərkən bu savaşların acı fəsadlarını
duyur, onun qarşısını almaq üçün
zamanında qəti addımlar atmamaqla yanlışlığa
yol verdiyini anlayırdı. İç
savaşlarla bağlı verilən məsləhətləri
sürəkli qulaqardına vurmuş, bunun nədənləri
barədə heç zaman düşünüb beynini yormaq
istəməmişdi".
Qatar bayaqdan bəri bir neçə dəfə qısa
fasilələrlə düzün ortasında
dayanmışdı. Burda stansiyaya bənzər tikili, yaxud
hansısa yaşayış məntəqəsi
olmadığından qatarın durmasının səbəbi
bəlli deyildi. İndi təkrar dayanınca ona elə gəldi
ki, qatar keçmişə, tarixə
dönmək, Kulikovo döyüşünün dərinliklərinə
varmaq üçün yollar arayır...
- Bu qatar da lap boğaza yığdı bizi, harda gəldi
dayanır. Bir yandan da havanın istisi...
Yolçuların bəziləri deyinir, bəziləri isə
bələdçiyə yaxınlaşıb qatarın
dayanmasının səbəbini soruşurdu. Bələdçi
isə illərin yuxusuzluğundanmı, yorğunluqdanmı, ya
başqa səbəbdənmi hərəni bir yolla
başından eləyirdi.
"Mamay xan uşaqlıq dostu və yaşıdı,
Çingiz xan soyundan olan Berdibəyin qızı Tulunbəylə
evlənməklə hakimyyətə gedən yolunun
açılmasına görə xatununa borcluydu. Savaşdan iki
gün öncə həyəcanın yeyib-bitirdiyi baş hərəmi
ilə qarşılaşınca düyün gecəsini
xatırlayaraq tutulan kimi oldu. Qadının
baxışlarında sevinci, gileyi, əzabı, iztirabları
ilə naxışlanmış bütöv bir ömrün
yaşantıları yuvalanmışdı".
Nəhayət,
qatar dartınaraq ağır-ağır
yerindən tərpəndi və yavaş-yavaş sürət
yığmağa başladı.
- Kim nə
deyir desin, qatarla yolçuluğun ayrı bir zövqü var.
Uçaqla səfərə çıxanda ürək-göbəyini
yeyirsən. Axırıncı dəfə
uçağa nə zaman mindiyimi xatırlamıram. Siz necə düşünürsünüz?
- Hə,
doğrudur, - gözlərini vərəqdən çəkmədən
qadının sözlərini təsdiqlədi.
- Qatarla
yolçuluq həm də bir macəradır...
- Elədir,
- dedi və ta gənclik illərindən başlayaraq qatarda
yaşadığı macəraları bir-bir xəyalından
keçirdi.
"Mamay hakimiyyətə yiyələnsə də,
Çingiz xan soyundan olmadığına görə Şərqdən
- monqol-tatar xanlarından dəstək ala bilmədi. Bu səbəbdən
Mavəraünnəhrə deyil, Qərbə - Genuya,
Böyük Litva Knyazlığı, Venesiya kimi dövlətlərə
üz tutmaqla Qızıl Ordanın xarici siyasətini
kökündən dəyişdi. Ancaq bu
addımı ilə çətin məqamda ona arxa duracaq
gerçək müttəfiqlərdən məhrum
olduğunun fərqinə varmadı".
Bir dəfə qatarda tələbə yoldaşı ilə
Moskvaya gedərkən öylə yeməyində özüylə
götürdüyü konyakı çıxarıb
masanın üstünə qoymuşdu. Hərəyə
bir qədəh içmişdilər ki, yan kupedəki
üç qadın - ikisi gənc, biri isə saçları
ağarmış yaşlı qarı - ərklə gəlib
onlara qoşulmuşdu. Qadınların cəsarəti
xoşuna gəldiyindən konyakın ikinci şüşəsini
də çıxarmışdı. İçib
hallanandan sonra qəfildən qarı qalxıb
musiqisiz-filansız havalı kimi oynamağa
başlamışdı. Oynadıqca
qızışır, coşur, mırıq dişlərinin
eybəcərləşdirdiyi sir-sifəti tutulub
açılır, yanaqlarında, boyun-boğazında illərin
yağmaladığı ehtirasın şırımları
sayrışırdı. Qarının
oyununu izlədikdə bunun sərxoşluqdan deyil, qədərincə
zövq ala bilmədiyi həyatın bitməsindən, bir daha
dönüşülməyəcək gəncliyinin itirilməkliyindən
yaranan ağrıdan, kədərdən, təəssüfdən
doğduğunu duyurdu.
"Mamay
xan qırx beş yaşın içərisindəydi,
bu illər ərzində hakimiyyətin ən çətin və
mürəkkəb sınaqlarından çıxmış,
yetərincə savaş təcrübəsı
yığmışdı. Çox cəsarətli
və qətiyyətli idi, qorxu, yenilgi nə olduğunu
bilmirdi. İslamı qəbul edəndən
sonra Kiçik Məhəmməd adını da
daşıyırdı. Lakin salnamələrdə
Mamay xanın bərkə düşəndə yalnız islam
müqəddəslərinə deyil, bütlərə də
dua etdiyi qeyd olunur".
Bələdçi gecikdiyi üçün üzr diləyərək
gümüşü altlıqlı stəkanlarda gətirdiyi
çayları ehtiyatla masanın üstünə qoyub
çıxdı. Çay içilərkən araya
çökən səssizlikdə qadının gözlərinin
altı ilə onu izlədiyini duyur, diqqəti kitabdan
yayınsa da, bu izləyişin gətirdiyi gizli həzzin davam
etməsini istədiyindən özünü məşğul
kimi göstərməyə çalışırdı.
...Qadınların
nə istədikləri, necə seçim etdikləri indiyəcən
sirr olaraq qalır. Çünki qadın öz
hisslərini açmır, aça bilmir,
yaşadığı cəmiyyətin ehkamları, əsrlərin
daşlaşdırdığı əxlaq normaları, yaxud
daha nələrsə əl-qolunu bağlayır. Elə buna görə də qadın ona qəlbini
açan ilk kişini taleyin qaçınılmaz töhfəsi
kimi dəyərləndirir. Bu münasibətlərin
yaranması bəzən qarşılıqlı sevgiyə
dayansa da, ancaq əksər hallarda qadın kişinin
duyğularına yenilir.
"Döyüş öncəsi Mamay xan ordunun sayca yetərli
olmadığını anlayınca bu boşluğu doldurmaq
üçün çeşidli yollar aramağa
başladı.
Yaxınları ona muzdlu dəstələr
yaratmağı təklif etdilər. Qısa
zaman kəsiyində genuyalı, çərkəz, osetin,
abxaz, adıgey və başqa xalqlardan yığılan
muzdluların hesabına ordudakı əsgərlərin
sayı xeyli artırıldı. Mamay xan
ilk dəfə olaraq döyüşə muzdluların dəstəyi
ilə girəcəkdi".
Qadın
üçün sevilmədiyini, bəyənilmədiyini duymaq
dəhşətli dərəcədə ağırdır və
daim diqqət mərkəzində olmağa can atmanın gətirdiyi
alışqanlıqdan biganəliyi heç cür sinirə
bilmir. Özü imtina etməyi, biganə olmasa
belə özünü biganə kimi göstərməyi
sevir, əks cinsin bunu yapmasıyla barışmaq istəmir.
Qadınlar güclü kişilərə yenilməkdən
qürur duyur, zəifləri, gücsüzləri isə həyatına
buraxmır. Bir də adını
xatırlamadığı hansısa yazıçının əsərində
oxumuşdu ki, qadın kimi unutsa da, onu qadınlaşdıran
kişini unuda bilmir.
"Knyaz
Dmitri Donskoyun komandanlığı altında birləşən
ruslar 8 sentyabr 1380-ci ildə təxminən yüz minlik ordu ilə
Nepryadvanın Don çayına
qovuşduğu yerə çatdı. Ruslar knyaz Yaqaylonun
başçılığı ilə Odoyevə
yaxınlaşan litvalıların hücumunu önləmək
üçün Don çayını
keçmək qərarına gəldilər. Rusların
seçdiyi Kulikovo çölü nisbətən ensiz
olduğuna görə tatar süvari dəstələri
üçün əlverişsiz idi. Mamayın
ordusu yaxınlaşarkən ruslar keşikçi
alayının müdafiəsi altında Kulikovo
çölündə döyüşə hazır qaydada
düzüldülər".
Bir çox hallarda qadın ardınca düşənləri,
çeşidli üsullarla onu ələ almaq istəyənləri
deyil, qarşısında özünü təmkinli,
soyuqqanlı aparanları, duyğularını sezdirməyənləri
sevir.
Qadınlar danışmağı deyil, susmağı tərcih
edər, sözlərlə deyil, gözlərlə
danışarlar. Xatırlayırdı ki, dörd-beş il
öncə Bağdad şəhərində qaldığı
hotelin önündə başdan-ayağa qara çadraya
bürünmüş, üzü rübəndlə
örtülü dilənçi bir qadınla
qarşılaşmışdı. Qara tül
rübəndin arxasında qadının gözləri
ehtirasdan alışıb yanırdı. Bütün
vücudunun deyə biləcəkləri gözlərində cəmlənmişdi.
O, ovsunlanmış kimi dayanıb durur, nə illah eləyirdisə
baxışlarını qadının gözlərindən
yayındıra bilmirdi.
"Dmitri Donskoy ərazinin özəlliyini nəzərə
alaraq ilk dəfə rəqibin döyüş
taktikasını seçmişdi - bu, qurd savaş üsulu
idi. Hun
türklərinə məxsus bu savaş üsulu ilə aypara
şəklində düzülən ordunun mərkəzində
böyük alay, sağ və sol cinah
alayları tatar atlıları üçün çətin
keçilən yerlərdə dayandılar. Əsas qüvvələrin
qarşısında yer alan ön alay rəqib
süvarilərin ilk zərbəsini qarşılamalı və
geri çəkilməklə döyüşün
nizamını pozmalıydı. Böyük
alayın arxasında özəl süvari ehtiyat dəstəsi
yerləşirdi. Bundan başqa, sərkərdə
Dmitri Bobrokun və Serpuxov knyazı Vladimirin
komandanlığı altında seçmə süvarilərdən
oluşan pusqu alayı yaradılmışdı. Ehtiyat rolunu oynayan bu alay meşədə əsas
qüvvələrin sol cinahı arxasında gizlənmişdi".
- Bayaqdan
fikir verirəm, gözünüzü kitabdan ayıra
bilmirsiniz, çox maraqlıdır, deyəsən. - Qadın
baxışlarını Kulikovo çölündən
yığaraq dillənir.
-
Maraqlı deyəndə ki... Orta məktəb
illərində bizə bu tarixi başqa cür öyrətmişdilər.
İndi oxuduqlarımsa tamam fərqli həqiqətləri
anladır.
-
Oxuduqlarınızla tarixin düzəninin dəyişəcəyinimi
düşünürsünüz?
- Yox, nə
üçün soruşdunuz?
-
Heç, sadəcə maraq xatirinə...
- Mən
gələcəyə tarixin gözü ilə
baxılmasını doğru hesab edirəm.
"Mamay xanın ordusu yüngül silahlanmış
süvarilərdən oluşan ön alaydan, mərkəzdə
yerləşən muzdlu genuyalı piyadalardan, ayrıca ehtiyat
süvarilərin iki xətt boyu düzlənən sağ və
sol cinahlardan ibarət idi. O, əvvəlki döyüşlərdə
olduğu kimi, ciddi dirənişlə qarşılaşmadan
süvarilərin qəfil həmləsi ilə rus ordusunu
mühasirəyə alıb darmadağın etməyi
düşünürdü.
Müəllifi
bilinməyən, orijinalı qeyb olmuş XV yüzilə məxsus
"Mamay qırğınının əfsanələri"
əsərində qeyd edilir ki, savaş saat on ikidə rus
rahib-döyüşçüsü Aleksandr Peresvetin tatar sərkərdəsi
Teymur Mirzə-Çelubəy ilə təkbətək
qarşılaşması ilə başladı. Hər
iki döyüşçü aldığı yaralardan həlak
oldu. Lakin bu faktın həqiqətə
uyğunluğu bir çox elmi qaynaqlar tərəfindən
tutarlı dəlillərlə şübhə altına
alınır. Araşdırıcıların
qənaətincə, təkbətək vuruş səhnəsi
Kulikovo döyüşünə cəngavərlik ruhu qatmaq
üçün uydurulmuşdur".
Qarşısındakını ələ almaq
üçün bütün gücünü, qüvvəsini
sərf etməkdə olan qadın gözlərilə onu
yeyirdi. Açıq-aşkar bildirmək istəyirdi ki, onun
kimi yaraşıqlı qadınla bir kupedə
yolçuluğun fürsətlərini buraxıb da gözlərini
kitabdan çəkməmək nə deməkdi?
Qadının alışıb-yanan ehtiraslı
baxışları qarşısında əriyib getdiyini hiss
etsə də, nə qədər duruş gətirə biləcəyini
sınayırmış kimi inadına
qısılmışdı.
-
Haralısınız? - qadın ötkəm
səslə soruşdu.
Bu, bəyənmədiyi
soru olsa da, yayınmaq üçün tutarlı dəlil tapa
bilmədiyindən, ya bəlkə acıq vermək
üçün əlilə pəncərədən
görünən çölləri göstərərək:
-
Buralıyam, - dedi, - Kulikovo mənim əcdadımın vətənidir
- Belə
deyin...
Araya gərgin
bir sükut çökdü, handan-hana qadın dilləndi:
- Nə əcəb
mənim haralı olduğumu sormadınız? Yoxsa,
siz də bir çoxları kimi qadının vətəninin ərinin
yatağı olduğunu düşünürsünüz?
- Yox, mən
elə düşünmürəm, - Qadının atmacalı
sualını cavabsız buraxmaq istəmədiyindən
ağızucu söylədi.
Ancaq nə dediyinin fərqində deyildi - xəyalı
keçmişlə indinin arasında yol ölçür, bu
nəhənglikdə zamanın belə çevikliklə
aşılıb keçilməsi onu heyrətləndirirdi.
- Tarix
yalnız olmuş hadisələri araşdırır, ola biləcəklər barədə ehtimallar, fərziyyələr
yürütmür.
- Elmin
ölü, durğun olması, indiyə qədər tarixdən
ibrət götürülməməsi də burdan
mayalanır. - Söhbətin siyasi məcraya yönəlməsi
onu açmasa da, fikirlərini yarımçıq qoymaq istəmədi.
- İkinci Dünya savaşında rus-sovet
boyunduruğu altında əzilən xalqların əl-ələ
verərək imperiyanı qoruyub saxlamaq uğrunda
canlarından keçməsini heç cür anlamaq olmur.
Halbuki bu xalqların ən aşağı səviyyədə
birliyi olsaydı...
- Siz beləmi
düşünürsünüz? - qadın
cavab gözləmədən baxışlarını pəncəyərə
dikdi.
"Sonra
tatar süvariləri rusların keşikçi və ön
alaylarını darmadağın edərək üç saat ərzində
onların mərkəzdə yerləşən qüvvələrini
və sağ cinahını yarmağa cəhd etdilər. Mamay xan əsas zərbəni xeyli itki verən
rusların sol cinahına yönəldərək onları
sıxışdırmağa başlayandan sonra, xüsusi
ehtiyat qüvvələri hərəkətə gəldi.
Lakin tatarlar rusların sol cinahını yararaq
onların arxasına keçə bildilər və artıq qələbə
çaldıqlarını düşünərək
arxayınlaşdılar. Elə bu məqamda
rusların pusquda dayanmış alayının qəfil
hücumu bütün döyüşün taleyini dəyişdi.
Bu hücumu gözləməyən tatarlar
sarsıldı və geri çəkilərək
qaçmağa üz qoydular. Əlli verst
məsafədə ruslar Mamay xanı təqib edərək onun
qoşunlarını darmadağın etdilər".
Tarixin gerçəklərini bilsə də, bu sətirləri oxuyunca qəfildən içərisinə qatı qaranlıq çökdü və yaddaşında hər şey əriyib qarışdı. Handan-hana yenilmiş ordunu yenidən toparlar kimi zehnini toparladı.
- Özünüzü boş-boş fikirlərlə yormayın. Nə olur-olsun, zamanın çarxını geri fırlatmaq mümkün deyil. - Qadın həvəssiz əlavə etdi.
Siyasi mövzularda çəkişmələrdən bacardıqca yayınmağa çalışır, bunun qadın-kişi münasibətlərinə kölgə saldığını anlayırdı. Hətta gözəlliyinə heyran olunan bir qadının siyasi mövqe sərgiləməsinin ona qarşı baş qaldıran kişilik duyğusunu zədələdiyini bilirdi. Bəs nədən o zaman bayaqdan bəri söhbətin axarını dəyişə bilmirdi?
"Döyüşdə Mamay xan ağır yenilgiyə uğradı, demək olar ki, bütün ordusunu itirdi. Mamay xanın məğlub kimi qaçıb Krıma sığınmasından yararlanan Toxtamış Qızıl Ordanın hakimi oldu, bir qədər sonra Moskva şəhərini ələ keçirməklə tatarların qisasını aldı və yenidən ruslar ağır şərtlər altında xərac verməyə məcbur edildi. Ancaq Kulikovo döyüşündəki qələbə rus knyazlarına birliyin zəruriliyini anlatmış oldu. Tatarların vassalına çevrilmək rus knyazları arasında uzun illərdən bəri davam edən çəkişmələrin tədricən səngiməsinə gətirib çıxardı. Bunun sonucu olaraq ruslar ayrı-ayrı knyazlıqlar kimi girdikləri Qızıl Orda hakimiyyətindən yüz il sonra vahid dövlət kimi çıxdılar".
...Qadın yatağını hazırlamağa başlayınca kitabı götürüb kupedən çıxdı. Gecə yarını keçdiyindən dəhlizdə kimsə gözə dəymirdi. Hava əməlli-başlı soyumuşdu. Yarıaçıq pəncərənin önündə dayanıb gecənin dərinliyini, elektrik dirəklərinin axıb keçən kölgələrini, uzaqlarda sayrışan solğun işıqları süzdü. Kitabı açıb müəllif qeydi kimi verilmiş son sətirləri oxudu.
"Qlinskilər ailəsində gəzən əfsanəyə görə, Mamay xanın nəsli Böyük Litva Knyazlığına sığınmışdır. Litvada qaldırdığı üsyanda uğursuzluqla üzləşincə Moskvanın himayəsinə keçən Mixail Qlinski Mamay xanın oğlu Mənsur Kiyatın nəslindəndir. Onun qardaşı qızı Yelena Qlinskaya qəddarlığı ilə bütün dünyada ad çıxaran rus çarı IV İvan Qroznının anası olmuşdur. Tarixdə buna bənzər təzadlı məqamlara az-az hallarda rast gəlinir".
Bir azdan kupeyə dönüncə gözlərinə inanmadı: qadın çılpaq soyunub onun yatağında uzanmışdı. Ayaqları kilidləndiyindən yerindəcə quruyub qaldı və bir sürə nə edəcəyini bilmədi. Handan-hana özünə dönüncə içinin dərinliyində türk soyunun sonrakı məğlubiyyətlərinə yol açan Kulikovo döyüşü ilə qadının ehtiras yağan vücudu arasında gizli bir bağlılıq duyubmuş kimi diksindi və hər şey yaddaşının axarında çılpaqlaşaraq əslinə döndü. Sanki qadın onu özünə bağlayan hər şeyini - qürurunu, gözəlliyini, yaraşığını əyninin geyimi ilə birlikdə soyunub atmışdı. Kişilik duyğusunun söndüyünü, bədəninin sustaldığını hiss etdi və qaranlıqda ehtirasla ona sarı açılan qollardan sıyrılıb dəhlizə çıxdı.
Avqust-sentyabr, 2016
London-Oksford-Bakı
Vaqif SULTANLI
Ədəbiyyat qəzeti.- 2022.- 3
sentyabr.- S.4;