Balan kimi al məni
qucağına, bəndən kimi yox...
Yoxdursa
bacım, qardaşım,
almısansa
atamı zamansız,
başımı
itirmişəmsə ömrün Kərbəlasında,
anam başımı
qucaqlayıbsa,
ağlayıbsa,
dostum, bacım, qardaşım, atam olmalısan,
gündə beş dəfə yox,
hər anımda olmalısan,
hərdən kimi yox...
Məzarlar aramızdakı divarlara
çevrilməyibsə,
bu səhra gözlərim dolubsa yenə,
hələ də bir ovuc duam
qalıbsa sənə...
Mənə yuxarıdan aşağı
baxanların ən gözəli,
nə ölmək?!
Balaca uşaqlar kimi
qucağına atlanıram
bu dünyadan,
balan kimi al məni qucağına,
bəndən kimi yox...
***
Sən şair sevirdin, bəxtəvər idin,
içi param-parça,
dərbədərlərə,
halı pərişanlar,
birtəhərlərə,
yoxdan Məryəm kimi şeirlər doğan,
sözü İsa kimi ölü dirildən!
anlasan arifsən,
bilməsən heyif...
Sən şair sevirdin, xəbərdar idin,
çox yaxşı
bilirdin, necə inciyər!?
Vecsizlik
incidər, soyuqluq didər,
bir quru söz olar Allah çomağı,
yaddan çıxarsan
da... əşşi, uzağı,
varsan, nə şirinsən,
yoxsan, nə şeir...
Sən şair
sevirdin, nə qəddar idin?!
ən betər gedişi şeirlərindən,
şairin özündən
oğurlamışdın,
bir səhər səssizcə tərk eləmişdin,
onu son görüşə
çağırmamışdın,
çağırsan, "nə
olar,
getmə, qal"
idin.
Sən şair sevirdin, arxayın idin,
çox yaxşı
bilirdin bu işin sonun,
qalsan da şeirsən, getsən də şeir,
qalsan, tək onunsan,
getsən, milyonun...
***
Saçlarına sünbül düzüb
ömrümə bərəkət
gələn,
kim dedi xəlbirdə ələn?
Kim ovub üyütdü
səni?
Əzizlərdim, yavrum idin,
qayğıma ac mavrı
idin,
sıxdığım yer bağrım idi,
məndən nə soyutdu səni?
Sığınırdın, özün idim,
qucaq açdım,
"quzum" dedim,
məndən sonra...
düzünü de!
Kim yaxşı ovutdu
səni?
Atandan qaçıb gəlmişdin,
qolların açıb
gəlmişdin,
nə tez söndün...
sərxoş idin?
Sən də
mi içib gəlmişdin?
Yoxsa sevgim tutdu səni?
***
Mənsiz
doğum günün,
sənsiz bir axşam,
balaca tort aldım, üstündə bir şam,
gözlədim düz saat on iki oldu,
içimdə sapsarı
simim qırıldı,
təkcə o üzündən
öpdüyüm şəkli
silməyə, pozmağa
gəlməyən əlim,
titrədi, buzladı,
dondu beşbetər.
Başqa
bir sevgidə səni axtaran,
dolaşıb adını
söyləyən dilim,
sayıqladı səni,
andı beşbetər.
Keçdi xirtdəyimə qarmaq
suallar,
cavabı olmayan sarsaq suallar,
görəsən, qardaşı
borcun ödədi?
görəsən, atası
içmir ki daha?
Təzə ev aldılar? otağı
varmı?
kirədən kirəyə
köçmür ki daha?
"O məni sevsəydi, aldatmaz idi",
"o məni sevsəydi,
hə, atmaz idi".
sevsəydi, sevsəydi
əgər o məni,
o məni... o məni...
- əşşi, sus artıq!
zəhrimar o məni,
zəhər, o məni!
mən belə adamam şübhəsi böyük,
sevgisi savaşlı, cəbhəsi böyük,
bu gecə bu şamı arzu diləyib
yumub gözlərimi üfürməliydim.
bu gecə içimi yeyib-bitirən
bütün suallara tüpürməliydim.
mənsiz doğum günün, sənsiz bir axşam,
balaca tort aldım, üstündə bir şam,
və qəfil özümlə savaş dayandı,
şam çoxdan əriyib,
yoxdu sənintək,
mən isə...
mən isə...
bədbəxtin oğlu,
səni bir şam qədər unutmamışam...
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2022.-
3 sentyabr.- S.13.