"AYB Azərbaycan ziyalı mühitinin
mayakı olan təşkilatdır"
Yazıçıların XIII
qurultayı astanasında sualları AYB-nin katibi İlqar Fəhmi
cavablandırır
-
İlqar müəllim... Oktyabr ayında Yazıçılar
Birliyinin növbəti qurultayının keçiriləcəyi
açıqlanıb... İstərdik bu barədə
məlumat verəsiniz.
- Azərbaycan
Yazıçılar Birliyinin növbəti qurultayı bir
neçə il əvvəl keçirilməliydi
və hazırlıq işlərinə də artıq
başlanılmışdı. Lakin pandemiya səbəbindən
qurultayı təxirə salmağa məcbur olduq. Düzdür, o vaxt qurultayı yığcam şəkildə,
onlayn formatda keçirmək fikri də ortaya
çıxmışdı. Lakin bu fikir qəbul
edilmədi. Yazıçılar Birliyinin hər
qurultayı ölkənin mədəni həyatında önəmli
rolu olan hadisə olub. Bunu yığcam
şəkildə, fərqli formatda keçirmək təşkilatın
nüfuzuna xələl gətirə bilərdi.
Şükür ki, artıq pandemiyanın ağır mərhələsi
arxada qalıb, məhdudiyyətlər aradan
götürülüb, kütləvi tədbirlərin
keçirilməsinə icazə verilib... Hərçənd
ki, o vaxt qurultayın təxirə salınması ilə
bağlı sosial şəbəkələrdə müəyyən
tənqidlər də oldu. Lakin hamı vəziyyəti
bildiyinə görə bizim qərarımız dəstəkləndi.
- Qurultaya
hazırlıq işlərilə bağlı fikirlərinizi
bilmək istərdik.
- Qurultaya
hazırlıq prosesinə ilin əvvəlindən artıq
start verilmişdi. İlin birinci yarısında
seksiyalar üzrə məruzəçilər və məruzə
vaxtları təyin edildi. May ayına qədər
nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, ədəbi
publisitika, bölgələrdə ədəbi fəaliyyət
və sair seksiyalar üzrə məruzələr dinlənildi.
Məruzəçilər Azərbaycan ədəbiyyatının
tanınmış simaları idi. Təbii
ki, həmişə olduğu kimi, məruzələr ətrafında
da polemikalar, müzakirələr getdi. Bəzi
yazarlar adlarının məruzələrdə səslənməməsiylə
bağlı iradlarını bildirirdilər. Lakin nəzərə almaq lazımdır ki, məruzələrin
həcmi məhduddur, bir hesabat xarakterli məruzələrdi,
heç də hamının adlarını ora
sığışdırmaq mümkün deyil.
- Ənənə
üzrə, məruzələr artıq kitab şəklində
nəşr olunub...
- Bəli,
məruzələr edildiyi həftə ilk olaraq "Ədəbiyyat
qəzeti"ndə dərc edilirdi, bundan əlavə,
hamısı toplanıb, kitab halında nəşr edilib. Bu işə məsul AYB katibi Elçin Hüseynbəyli
idi və fikir var ki, bu kitab qurultayda iştirakçılara
paylanılsın.
- Qurultaya
nümayəndələrin seçilməsiylə
bağlı çox fikirlər bildirilir. Bu prosedur
yenə də əvvəlki kimi həyata keçiriləcək?
- Bəli,
qurultaya nümayəndə seçimi təşkilatın
nizamnaməsinə uyğun həyata keçiriləcək... Qurumun rəhbərliyi, idarə heyəti,
Ağsaqqallar Şurasının üzvləri, komissiya və
filial rəhbərləri avtomatik nümayəndə hesab
olunur. Əsas ağırlıq
seksiyaların üzərinə düşəcək,
çünki əsas nümayəndə heyəti məhz
seksiyalardan seçiləcək. Bundan əlavə,
regionlardakı bölmələrdən də nümayəndələr
seçiləcək.
- Bölgələrin
kurasiyası sizdə olduğuna görə, bu barədə
daha geniş danışmağınızı istərdik. AYB-nin regionlardakı bölmələri çoxdur,
həm də müxtəlif say tərkibinə malikdir.
- Elədir.
Bölmələrin həm say tərkibi, həm də aktivliyi
eyni deyil. Məsələn, Gəncə, Lənkəran, Qazax
bölmələri hələ sovet dönəmində
yaradılıb və Yazıçılar Birliyinin ən aktiv
bölmələri olub. Təbii ki, burda
toplaşan AYB üzvlərinin sayı çoxdu və burdan
qurultaya daha çox nümayəndə seçiləcək.
Bununla bərabər elə bölmələr var ki, yeni
yaradılıb, orda üzvlərin sayı o qədər də
çox deyil, say tərkibinə də uyğun nümayəndələr
seçiləcək.
- Bəs
regional bölmələrdə nümayəndə seçimi
nə formada həyata keçiriləcək?
- Bölmələrin
bəzilərində artıq qurultay nümayəndələri
seçilib, protokollaşdırılıb, mənə
göndərilib. Sentyabr ayının ortalarına qədər
bütün bölmələrdə bu proses yekunlaşmalıdı.
Prosedur isə belədir ki, bölmənin əsas
aktivi iclas keçirir, bölmə rəhbərindən əlavə,
hər on nəfərə bir nəfər olmaqla nümayəndələr
seçilir. Seçimlər şəffaf, açıq,
demokratik aparılır... Bundan əlavə, bəzi
yazarlarımız var ki, bölmədə qeydiyyatda olsalar da,
Bakıda yaşayır, ədəbi həyatda aktiv iştirak
edirlər. Bunlar mərkəzi
seksiyalardakı seçimlərə də qatıla bilərlər.
Təbii ki, həm regional bölmələrdən,
həm də elə yaradıcılıq seksiyalarından
qurultaya nümayəndə seçilmək istəyənlər
hədsiz dərəcədə çoxdur, lakin hamının
istəklərini təmin eləmək də mümkün
deyil axı. Proses nizamnamədəki prosedur qaydalarına
uyğun olaraq həyata keçirilir. Bəzən
illərlə gözə görünməyən, ədəbi
prosesdə iştirak etməyən, AYB üzvü olandan sonra
aktiv ədəbi fəaliyyəti olmayan yazarlar hansısa tədbirlərdə,
layihələrdə adlarının olmamasıyla bağlı
şikayətə gəlirlər, narazılıq bildirirlər.
Bu, düzgün ittiham deyil. Yazıçılar
Birliyinin tədbir və layihələrində iştirak etməyən,
ədəbi prosesdə aktiv olmayan, illərlə ədəbi
mətbuatda çıxış etməyən yazarların gəlib
nəsə umub şikayət eləməsi heç bir məntiqə
sığmır.
- Şikayət və narazılıqları qeyd etdiniz. Son dövrlərdə
hər dəfə AYB-nin qurultayı ərəfəsində mətbuatda
qurum ətrafında müxtəlif kampaniyalar, tənqidlər
nəzərə çarpır. Sizcə,
bunlar nədən qaynaqlanır?
- AYB-nin
adı ətrafında tənqidlər təkcə qurultaylar
dövründə olmur. Həmişə olub.
AYB Azərbaycan ziyalı mühitinin mayakı
olan təşkilatdır. Burda
xalqımızın say-seçmə ziyalıları
toplaşıb. Xalqımızın
yaxın tarixinin ən gərgin məqamlarında Anar müəllimin
rəhbərliyi altında Yazıçılar Birliyi həmişə
ön cərgələrdə olub. Ona
görə də dövlət tərəfindən qiymətləndirilib,
xalq tərəfindən sevilib. Ölkədə
azsaylı təşkilatlar var ki, onun üzvü olmaq
üçün bu qədər böyük növbələr
olsun. Bu da ziyalıların, qələm
sahiblərinin Yazıçılar Birliyinə
sayqısının nümunəsidir. Lakin uzun illər ərzində
Yazıçılar Birliyinin və onun rəhbərliyindəki
ağsaqqal qələm sahiblərinin bu nüfuzu və
hörməti bir çoxlarını
qıcıqlandırıb, illər uzunu qurum ətrafında
mütəmadi olaraq çirkin kampaniyalar təşkil edilib...
Bəli, məhz təşkil edilib. Bir zamanlar müəyyən qəzetlər bu işdə
ön cərgədə idi, əksəriyyəti də
müxalifət qəzetləri idi ki, hər yerdə xırda
narazılıqları qızışdırıb
şişirtməklə özlərini piar edirdilər. Sonradan internet media yaranandan sonra bəzi saytlar da bu
işi davam etdirməyə başladılar. Və nəhayət, sosial şəbəkələr
dövrü gəldi. Eyni proses sosial şəbəkələrə
keçdi. Lakin ölkədəki sağlam ədəbi
qüvvələr, haqqı nahaqdan seçən ziyalılar həmişə
bu kampaniyalarda Yazıçılar Birliyinin tərəfində
olublar, bu böhtan və təhqirlərə lazımi cavab
verilib, böhtançılar susdurulub.
- Bəs əsas
ittihamlar nəyin üzərində qurulub?
- Bəzən
elə gülməli məsələləri şişirdirlər
ki, adam cavab verməyi də özünə
ar bilir. Məsələn, son dövrlərdə
saytlarda AYB ilə bağlı kəskin başlıqlar
altında bir neçə tənqidi yazı getdi. Lakin yazının mətninə baxanda gördük
ki, bütün yazı yalnız AYB-nin saytında gedən
loqonun tənqidinə yönəlib. Gülməlidir,
deyilmi? Saytın loqosu təşkilatın fəaliyyətinin
tənqidinə nə dərəcədə səbəb ola bilər? Yəni təki nəsə
yazım, təki nəyisə tənqid edim. Bu nə məntiqdi? Bir də
qorxu məsələsi var. Sanki bəzi dırnaqarası
yazarlar öz problemlərinə səbəb olan hansısa
başqa qurumları tənqid eləməyə cəsarət
etmir, qorxur, əvəzində bütün hirsini, hiddətini
AYB-nin üzərinə tökür. Bəzi
sayt və qəzetlərdə də oxşar hallar olur. Filan şeyi tənqid edək, yox, olmaz, problem
çıxar, filan hadisədən yazaq, yox, lazım deyil,
başımız ağrıyar, filankəsi tənqid edək,
yox, işimiz düşə bilər. Onda
neyləyək? Ən rahatı Yazıçılar
Birliyini tənqid etməkdi... İllər əvvəl də,
indi də bir çox tənqidi yazıları oxuyanda insanda
belə təəssürat yaranır ki, cəmiyyətdəki
əksər mənəvi-sosial problemlərin,
bütün çatışmazlıqların səbəbkarı
yalnız Yazıçılar Birliyidir...
- Yəqin
ki, bu tənqidlərdə şəxsiqərəzlik də rol
oynayır...
- Əlbəttə...
Ən gülməlisi isə bilirsiniz nədir?
Yazıçılar Birliyinin üzvü olmayan
adamların AYB-dəki proseslərlə bağlı fikir
bildirib tənqid etməsi. Tutalım, niyə
Anar müəllim neçə ildi AYB-nin sədridi? Sənə nə dəxli var? Sən
ki, heç vaxt AYB üzvü olmamısan? Anar müəllimi AYB üzvləri sədr
seçib. Biz istəmişik ki, o, qurumun sədri olsun...
Bunun qurum üzvü olmayanlara nə aidiyyatı
var? Bəyənmirsənsə, gəl əsərlərini
təqdim elə, qurumun üzvü ol, sonra fikir bildir. Hələ
bir görək sənin yazıların AYB-nin üzvü ola biləcək səviyyədə olacaq, ya
yox...
Sosial şəbəkələrdə isə vəziyyət daha bərbaddır. Burda tək AYB ilə bağlı yox, ümumiyyətlə, xalqımızın milli mənəvi dəyərləriylə bağlı elə tükürpədici kampaniyalar aparılır ki... Yeri-yurdu, mənşəyi məlum olmayan onlarca feyk profillər vasitəsilə elə bil məqsədli şəkildə xalqımızın mənəvi simasını təşkil edən insanlar alçaldılır, onlara qarşı kampaniyalar təşkil edilir, nüfuzdan salmağa çalışılır. Yəqin ki, bütün bunlar xaricdən təşkil edilən aksiyalardı, məqsəd də xalqımızın mənəvi qızıl fondunu təşkil edən şəxsiyyətlərin gözdən salınmasıyla xalqı zəiflətmək, mənəvi uçuruma salmaqdır.
- Yenə qurultay mövzusuna qayıdaq... Yəqin ki, nümayəndələrdən əlavə, qonaqların da iştirakı nəzərdə tutulub.
- Bəli. Yazıçılar Birliyinin qurultaylarında ənənəvi olaraq, əlaqədar dövlət qurumlarının nümayəndələri, ölkədəki yaradıcı təşkilatların üzvləri, ictimai təşkilatların nümayəndələri, çoxsaylı media təmsilçiləri iştirak edir ki, bu da AYB-nin ölkədəki nüfuzunun göstəricisidir. Bu qurultayda da çoxsaylı qonaqlar iştirak edəcək. Əvvəlki qurultaylarımızda xarici ölkələrdən də qonaqlarımız olurdu, əgər razılıq alınsa, bu dəfə də xarici qonaqlar dəvət edəcəyik. İstənilən halda əminəm ki, bu dəfə də həmişə olduğu kimi AYB-nin qurultayı yüksək səviyyədə keçiriləcək. Qurultay elə bir hadisədir ki, orda hər şey göz qabağında baş verir, heç nəyi gizlətmək mümkün deyil. Nə seçim olacaqsa, demokratik şəkildə, şəffaf və hamının gözü qarşısında olacaq.
-
Uğurlar arzu edirəm.
-
Çox sağ olun.
Söhbətləşdi:
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 3
sentyabr.- S.2.