Elmdə həqiqət meyarı
"Sənətkar
ömrünün müdriklik çağı, dağ silsiləsinin
zirvə yüksəlişini xatırladır... Zirvəyə doğru qalxdıqca təbiət də
dəyişir, insanın aldığı nəfəs, ürəyinin
döyüntüləri də dəyişir, eyni
çiçəyin fərqli, daha cazibəli ətrini və
rəngini duyursan, dağın zirvəsinə qalxdıqca
dağ əzəməti, qartal qüruru ilə ağ bənövşə
kövrəkliyi, "kölgədə bəslənmiş
quzey qarı"nın zərifliyi ömür yolu haqqında
müdriklərin danışdığı nağılı
- əfsanəni xatırladır". Bu bədii lirik
düşüncələr görkəmli ədəbiyyatşünas
alim Şirindil Alışanlının "Sözün
yaşamaq haqqı" kitabında (B., "Sabah", 2022) Xalq
yazıçısı Elçinin 75 illik yubileyi münasibətilə
yazdığı "Sənətkarın obrazı" məqaləsində
yer almışdır. Kitabda alimin elmi fəaliyyətinin
"müdriklik çağı"nda yazdığı
milli bədii irsimizin və ədəbiyyatşünaslıq
elmimizin bir sıra şəxsiyyətlərinin
yaradıcılıqlarını və ədəbi-nəzəri
problemlərini əhatə edən məqalələri
toplanmışdır. Onun bəhs etdiyi
tanınmış simaların bədii, elmi irsinin ideya-fəlsəfi
özəlliklərini müəyyənləşdirən təkzibolunmaz
mühakimələri öz dolğun məzmununa, elmi siqlətinə
görə milli ədəbiyyat tariximizin bir sıra
qaranlıq məsələlərinin dürüst öyrənilməsi
üçün əhəmiyyətli və aktualdır.
Məqalələrdə tarixə çevrilmiş ədəbi
yaradıcılıqların müasir dövrün
ictimai-siyasi reallıqları işığında elmi dəyəri
hərtərəfli açıqlanıb, "ədəbiyyatın
həndəvərində dolanan qeyri-professionalların" səriştəsiz
mülahizələri elmi həqiqət meyarı ilə
aydın, konkret arqumentlərlə təkzib edilir. Xüsusilə XX
yüzillikdə sovet dövrünün klassik sənətkarı
Səməd Vurğunun və eləcə də həmin
ictimai-siyasi quruluşda yaşayıb-yaratmış digər
görkəmli sənətkarların ədəbi-bədii irsi
ilə əlaqədar əsassız söz-söhbətlərə
cavab olaraq alim qətiyyətlə yazır: "Heç bir əsəri,
ədəbi-bədii abidəni, ədəbi şəxsiyyəti,
həmçinin ədəbiyyat tarixini, onu yaradanların elmi
irsini də real tarixi gerçəklikdən ayırmaq
olmaz" (12). Konkret olaraq Azərbaycanda sovet
sosialist sistemi durumuna gəldikdə, müəllifin qeyd etdiyi
kimi, bu dövrün ədəbi-bədii irsi barədə
fikir yürüdərkən onun tamamilə fərqli mədəni-ictimai
özəllikləri və siyasi-ideoloji yönümünü
dərk edib, mövcud reallıqlardan çıxış etmək
çox mühümdür.
Tarixi həqiqətdir
ki, XX yüzilliyin əvvəllərindən qabaqcıl sosial təbəqənin
rus imperializminin müstəmləkəçiliyinə
qarşı mübarizə amalından qəflətən
yaranışına yollar açılmış müstəqil
Azərbaycan cümhuriyyətinə keçid
dövrünün xoş duyğu və əməllərinə
başlar-başlamaz Rusiya Kommunist (bolşeviklər)
Partiyasının "Fəhlə-kəndli dövləti zəhmətkeş
xalqın xidmətindədir!" və "Bütün
dünya proletarları, birləşin!" şüarları
və ordusunun hücumu ilə boğduruldu. Yüz ildən bəri
həsrətində olduqları milli müstəqilliyə
çatıb, onu tez də itirən ziyalıların
ağı-bayatıları yanında iqtisadi-mədəni
inkişafdan, adi insani güzərandan məhrum yoxsul xalq
kütlələrinə vəd olunan "işıqlı
yolların" ilk "elektrik lampaları"na (H.
K.Sanılı) yazılan vəsfnamələri də yer
alırdı. Tarixi həqiqəti danmaq olmaz.
20-ci illərdə çoxlu iş yerləri
açılır, əmək və təhsil müəssisələri,
kütləvi savadlanma kursları yaradılır, yoxsul
balaları böyük imtiyazlarla təhsil alır, cəmiyyətdə
sanballı mövqe qazanırdılar. Zəhmətkeş
xalqın güzəranı gündən-günə
yaxşılaşır, "işıqlı gələcəyə"
ümidi artır, ideoloji-mədəni sistemdə xoşməramlı
tədbirlər həyata keçirilir, poeziya da, musiqi də
"...Əcəb ağ gündədir mənim Vətənim..."
ovqatına köklənirdi.
Fəhlə-kəndli sosialist dövləti, həmçinin
mədəniyyətin, elmin inkişafına böyük sərmayə
yatırır, kütləvi maarif-mədəniyyət
ocaqları, nəşriyyatlar, mətbuat orqanları, tərcümə
mərkəzləri, digər qarşılıqlı əlaqələr
qabaqcıl bəşəri biliklərə yiyələnməyə
yollar açırdı. Aylıq maaş, təqaüd,
qonorarlar, müsabiqələr, təltiflər, mükafatlar,
pulsuz mənzil, istirahət evləri, yaradıcılıq
ezamiyyələri və s. və i.a. ziyalı təbəqənin
bir qismində də dövlətə böyük rəğbət,
etimad hissi yaradırdı. "XX əsr - sovet epoxası
bütün naqislikləri ilə yanaşı, post-sovet məkanında
yaşayan xalqların inkişafında müstəsna rol
oynamışdır... Sovet sivilizasiyası tarixi
bir mərhələ kimi mövcud olmuşdur. Sivilizasiya anlamını təyin edən iqtisadi,
elmi, sosial-mənəvi arqumentlər sovet sivilizasiyasını
da müəyyən edir". (340) Amma ki... Gərək
hər kəs onun "sosializm quruculuğu" işinin fəal
yardımçılarından, marksist-leninçi
dünyagörüşlü, "kommunist əqidəli sovet
adamı" olaydı. "Milli
azadlıq, müstəqillik" sözlərini
yaddaşından silməli, "xalq üçün, vətən
üçün" şüarını qəbul edib,
"müsavat" adı ilə qoşalaşan
"istiqlaliyyət" xəyallarını qəlbinin dərinliklərinə
gömmüş olaydı. Başqa
çıxış yolu görünmürdü.
Ölkənin gələcəyi perspektivində günəşin
şüaları parıldamasa da, "elektrik lampası"nın işığı zahirdə olanı
görmək üçün çoxlarını qane edirdi. Yəni 30-cu illərdə bədii ədəbiyyatımızda
sovet quruluşunu, onun yaradıcılarını, tarixi günlərini
tərənnüm tendensiyası səmimi idi. Gerçək yaşantıların ifadəsi olub,
poetik nümunələrdə yüksək pafosla inikas
olunurdu.
Doğrudur,
ədəbi ictimai mühitdə 20-ci illərdə xüsusi məqsədlə
yaradılmış "Ədəbi məhkəmələr"in,
proletkultçu tənqidçilərin "ifşa
kampaniyaları"nda aşkara çıxarılan
"müsavat tör-töküntüləri",
"xırda burjua qalıqları" adı ilə tənqid
hədəfi olanlar - həqiqətən Vətənin
"milli müstəqilliyi əqidəsindən dönə
bilməyənlər də az deyildi. Dövrün, demək
olar ki, əksər ziyalılarının iç
dünyasında yaşanan bu əlçatmaz amala sədaqət
onların bədii əsərlərinin alt qatlarında mütəxəssislər
tərəfindən onda da, indi də oxunmaqdadır.
Ş.Alışanlının "Səməd Vurğun sənəti
müasir ədəbi-ictimai reallıqlar kontekstində" məqaləsindəki
bədii həqiqətlər müasir oxucuya gerçək
tarixi prosesin düzgün oriyentasiyası üçün
çox önəmlidir: "Bədii düşüncədə
milli özünüdərk, milli istiqlal amalı alt qata
köçmüşdü. 28 yaşlı Səməd
Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan"
şeiri milli istiqlalın yeni biçimdə poetik məramnaməsi,
zamanımızda milli ideologiya kimi dövlət siyasətinə
çevrilmiş azərbaycançılığın... ədəbi-bədii
şüura çevrilməsi idi... "Vaqif" dramı
keçmişi xalqın müasir taleyi fonunda oxumağın,
görməyin, bədii dəyərləndirmənin misli-bərabəri
olmayan nümunəsi, Azərbaycan xalqının ən
böyük milli sərvətlərindən biridir...
"Vaqif" dramında... Vaqif - Səməd
Vurğun özü idi, millətin danışan dili, xalqın
müstəqillik amalının daşıyıcısı
idi. "Azərbaycan" şeiri və
"Vaqif" dramı Azərbaycan Xalq Cümhuriyyətinin
ideyalarının ədəbi mətndə ifadə olunmuş
böyük tarixi missiyanı icra etmiş abidələrdir".
"Bədii mətnin alt qatlarında ifadə
olunmuş mətləbləri şərh etməyə
mövcud siyasi reallıq imkan vermirdi" (5, 6) və s.
Həqiqətən, yaxın keçmişimizdə,
ancaq bugünümüzdən tamamilə fərqli totalitar
rejim şəraitində yaşayıb-yaradan bədii söz sənətkarlarının
əsərlərini sadəcə zahiri ideya-məzmununa görə
təşrih edib fikir söyləmək həmin irsə
qarşı ədalətsiz mühakimələrə yol
açır.
Ədəbiyyatşünas alim haqlı olaraq
zamanın ictimai-siyasi səciyyəsindən
çıxış edib, 1920-30-cu illərdə
yaşamış şair və yazıçıların
klassik ənənələrdən gələn rəmzlər,
simvollar, sətiraltı mənalar, yaxud zaman-məkan
köçürülmələrindən istifadə etməli
olduqlarına tutarlı dəlillər və nümunələrlə
diqqət cəlb edir.
Ş.Alışanlı
"Cəfər Cabbarlı sənəti zamanın və sənətin
sınağında" məqaləsində mühitin
ideya-estetik dinamikasına bələdliyi və bəhs etdiyi bədii
irsin özəlliklərinə konseptual baxışı sayəsində
sovet cəmiyyətindəki ideoloji ziddiyyətlər fonunda
yazıb-yaradan böyük sənətkarın
yaradıcılığında "əbədi yaşamaq
haqqı verən" amilləri aşkarlayır. O, nəzərə
çatdırır ki, "C.Cabbarlı Azərbaycan
xalqının XX əsrin əvvəlləri tarixi mərhələsinin
keçid dövrünün, yeni ictimai görüşlərin
formalaşma prosesinin mahiyyətini bütün tərəfləri
ilə əks etdirir" (17). Alim dramaturqun mövzusu uzaq tarixi
keçmişdən alınan "Od gəlini" əsərinin
"çağdaş meyarların, təsəvvürlərin
fonunda da öz missiyasını yerinə yetirmək əzmindədir"
(20) deyə pyesin məhz Azərbaycanın müstəqilliyi,
milli-azadlıq ideallarının təsdiqi olduğunu
vurğulayır. Həmçinin "...minlərlə
günahsız insanın nahaq qanının
axıdıldığı bir zamanda C.Cabbarlı Elxanın
dilindən dünyaya dünən də, bu gün də meydan
oxuyur". (21) Bir obyektiv həqiqətə
də diqqəti cəlb edir ki, C.Cabbarlının
"Sevil" pyesi dövrün ən aktual problemi - çadra
əleyhinə yazılsa belə, "şəxsiyyətin cəmiyyətdə
mövqeyi və yeri kimi daha sanballı ictimai-sosial məzmun kəsb
edir" (20) və həmçinin ideyası "xalqlar
dostluğunun təbliği" kimi dəyərləndirilən
"1905-ci ildə" pyesinin də "mətnaltı
qatları" tarixən kənarda qalıb,... məlum səbəblər
ucbatından şərh olunmayıb". Doğrudur,
sovet dövrü ədəbiyyatşünaslığında
rus imperializminin tənqidi mövqeyindən olsa da, "Atan
kazaklardır!" ünvanlı çox simvolik mənalı
təhlillər də var idi.
Ş.Alışanlının əsaslandığı və
inkişaf etdirdiyi elmi həqiqətlərə dayaqlanaraq haqq
veririk ki, tariximizin çox ziddiyyətli bir dövrünün
bədii salnaməsi olan bu əbədiyaşar sənət əsərləri
günümüzdə "səhnədən və dərsliklərdən
kənardırsa, ancaq təəssüf doğurur və bu
gedişata dur deməyin" (20) vaxtı
çatmayıbmı?! Məqalədə dahi dramaturqun ədəbi-tənqidi
görüşləri, tərcümə
yaradıcılığından da məqsədyönlü bəhs
açan müəllif: "Hələ Hamletin məşhur
monoloqundakı "Olum, ya ölüm". Axı
həmin monoloqu ondan əvvəl də tərcümə
etmişlər. Birisi "Həyat, ya matəm",
ikincisi "Qəbir, ya səbr",
üçüncüsü "Varlıqmı, yoxluqmu"
yazmışdır. O isə "ölüm"
müqabilində "olum" kəşf etmişdir. Bu gün sənətin olum və ya ölüm məqamında
C.Cabbarlı yaşayır, bizimlədir" (24) kimi sətiraltı
mənalı elmi təəssübkeşliklə
sözünü bitirir.
Kitabda ədəbi-mədəni mühitimizdə tarixi
şəxsiyyətlərə və söz sənətkarlarına
qarşı birtərəfli münasibətdən
narahatlıq hissi xüsusilə diqqəti cəlb edir. Müxtəlif
məqamlarda fərqli yozumlarla vurğulanan belə səthi
mülahizələrə münasibətdə müəllifin
elmi meyarı həm də vətəndaşlıq
yanğısı ilə müşayiət olunur. O,
ürək ağrısı ilə nəzərə
çatdırır ki, "Klassik irsimizin elə bir nümayəndəsi
olmamışdır ki, son iki onilliyin əsaslandırılmamış,
ifrat hücumlarına məruz qalmasın. Bu məqamda
ədəbiyyatşünaslıq faktının inkarı
üçün obıvatellərə
"marksist-leninçi" damğası kifayət edir.
Müasir ədəbiyyatşünaslığın nəzəri-metodoloji
problemlərinə həsr olunmuş ciddi, adətən
qeyri-ciddi, qeyri-professional söhbətlərdə Xətai,
M.Ə.Sabir, M.F.Axundzadə, C.Cabbarlı, S.Vurğun, R.Rza ilə
yanaşı, H.Araslı, M.F.Qasımzadə, Məmməd Arif
kimi ədəbi-nəzəri fikrin nümayəndələrini
də "təftiş və inkar" ünvanına
çevirirlər". (54)
Ədəbiyyatşünaslıq elmi sahəsində
"səlahiyyətli söz sahibi" olmaq hər mütəxəssisə
nəsib olmur.
Başqa elmlərdən fərqli olaraq, burada bədii duyum,
qavrayış, yaddaş fəhmindən savayı, bəşər
sivilizasiyasının tarixi barədə əhatəli bilgi,
dünya söz sənətinin bədii və elmi irsinə bələdlik,
milli ədəbi-mədəni inkişafın tarixi mərhələləri
və əbədiyaşar söz sərvətini, eləcə
də konkret dəyər verməli və yaxud fikir söyləməli
olduğun yaradıcılığın mövcud ideya-estetik
sferada ən incə özəlliklərini öyrənib
araşdırmaq imkanın və qabiliyyətin
olmalıdır. Tədqiqat predmeti istər bir dövrün ədəbi
prosesi, bir yazıçının
yaradıcılığı, bir əsər, yaxud istər
yaradıcılıq metodları, bütöv təhlil sistemi,
yaxud təkcə məcazlar sistemi, qafiyə quruluşu olsun, fərq
etməz; ədəbiyyatşünas alim obyektinin məxsusi
landşaftına bələd olmalıdır ki, hər məqamda
elmi həqiqət naminə vicdanla öz sözünə sahib
çıxa bilsin. Əks təqdirdə alim necə
inandıra bilərdi ki, "Üç min ilə yaxın
tarix boyunca Yaxın Şərqdə elə mühüm bir
siyasi, ictimai və mədəni hadisə göstərmək
olmaz ki, onun qoyuluşunda və həllində Azərbaycan
xalqının böyük rolu olmasın" (H. Araslı).
(55) Ya da necə əminliklə demək olardı ki,
"İctimai fikirdə baş verən hər ovqatla klassik
irsə yanaşmaq olmaz. Füzuli nə sufidir, nə
ateistdir. Füzuli orta əsrlər Şərqində
mövcud olan romantik ədəbiyyatın böyük humanist
nümayəndəsidir..." (32). Yaxud "XX əsr Azərbaycan
humanist fikri bütün istiqamətləri ilə bu
böyük şəxsiyyətin (Səməd Vurğunun)
cazibəsində olmuşdur... Səməd Vurğunun
akademikliyinə ağız büzənlərə qısaca
onu deyərdik ki, əvvəla bu nəzəri irsi öyrənmək
lazımdır, özü də ədəbi-nəzəri
fikrin tarixi kontekstindən..." və s. və i.a.
(Ş.Alışanlı).
"Sözün
yaşamaq haqqı" kitabındakı ötən
yüzillikdə ədəbiyyatşünaslıq elmimizin
korifey alimləri Mir Cəlal, Həmid Araslı, Məmməd
Cəfər, Yaşar Qarayev, Abbas Zamanov, Teymur Əhmədov və
başqalarına həsr olunmuş dolğun məzmunlu məqalələrdə
hər birinin elmi fəaliyyəti və şəxsiyyəti
onların "milli sərvətə çevrilən irsində...
nəyi görməli, nəyi seçməli" oriyentiri ilə
işıqlandırılır. Müəllif
yaradıcılığına dərindən bələd
olduğu şəxsiyyətlərin elmimizin tərəqqisi və
tarixində əbədiyaşar mövqeyinə aydınlıq
gətirərək əminliklə yazır: "Bu gün Azərbaycan
humanitar elminin hansı səviyyədə mövcudluğundan
asılı olmayaraq onun çağdaş varlığı
göstərilən şəxslərin elmilik və alimlik əxlaqının
ehtiva etdiyi dərslərin gözə görünməyən
inersiya ilə davamı kimi ortadadır". ("Tarixin elmi və
bədii dərki") (202) Bu məqamda kitabdakı 1970-80-ci
illərin qabiliyyətli mətnşünası Məryəm
xanım Axundovadan gətirilən sitatı da xatırlamaq yerinə
düşər: "Təqdim olunan bu əsərlərin
çoxu həsr olunduğu mövzuda ilk tədqiqatlar olub,
öz mürəkkəbliyi ilə seçilən bir
dövrün məhsullarıdır. Odur ki,
bunlara bir qədər tarixi yanaşmaq, yazıldığı
dövrü, ictimai-siyasi şəraiti də nəzərə
almaq lazım gəlir". (58)
Bəlkə kiminsə hansı biçimdəsə əvvəllər
deyilmiş olsa da, belə bir müqayisə fikrimə gəldi
ki, yaradıcılığı insan qayəsi və zəhməti
sayəsində pərvəriş tapmış bağa bənzətmək
olar. Sənətkar bu bağın bağbanı, əsərləri
isə bağdakı ağaclardır. Əkilən
toxumların növü, məkanı, zamanı, məqsəd
və qulluq məqamları və s. ağacların həm
boyuna-buxununa, həm də barına-bəhərinə öz
naxışlarını vurur. Buna görə də bu
ağacların biri digərinin eyni ola bilməsi
mümkünsüz!.. Bənzəyişləri isə lap
azdan lap çoxa kimi - nə qədər desən, mütləqdir!.. Adətdir ki, bağa varan
öncə oradakı gözəllikləri, barı-bəhəri
görər. Sonrası... Varanın məramına,
məqsədinə, kimliyinə baxır. Ataların belə
məqamlar üçün müdrik kəlamları az deyil:
"Barlı ağaca daş atarlar...",
həm də "Zər qədrini zərgər bilər"...
Ş.Alışanlı, haqqında bəhs etdiyi ədəbi
şəxsiyyətin yaradıcılığını bir məqalə
tutumunda yığcam araşdıraraq onun ədəbiyyatşünaslıq
tariximiz üçün mühüm xidmətlərini elmi həqiqət
meyarı ilə əsaslandırıb təqdim edir. Məsələn, əminliklə
belə nəticə çıxarır ki, "M.F.Axundovdan
sonra... dünya nəzəri-estetik fikrinin dövriyyəsinə
daxil olmuş Səməd Vurğunun "immanent qanunauyğun
inkişaf tarixinə əsaslanan, ədəbi fikrin dövrləşdirilməsi
ilə bağlı konsepsiyası", Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi, humanitar fikrin nəzəri,
tarixi və müasir problemləri, bədii sənətin
milli-mənəvi, fəlsəfi-estetik problemlərinə dair
tədqiqatları və ümumiləşdirilmələri bu
gün də aktualdır.
Yaxud
müəllif C.Cabbarlı yaradıcılığının
ədəbiyyat tariximizdə əvəzolunmaz mövqeyini
şərh edərək yazır: "C.Cabbarlının ədəbi
irsi XX əsrin əvvəli ilə 20-30-cu illərin
qovuşduğu və ayrıldığı məqamları
özündə birləşdirməklə milli-mənəvi
keçmişimizin inkişafındakı iki mərhələni
bütöv bir estetik sistem kimi öyrənməyə zəmin
yaradır" (22). Həmçinin böyük
sənətkarın bədii ədəbiyyatın hər
üç növündə və zamanın demək olar ki,
bütün əsas yaradıcılıq metodlarında kamil sənət
nümunələri yaratmaqla yanaşı, ədəbi-tənqidi
məqalələrində də tarixi dəyəri olan
mülahizələrinə diqqət cəlb edir. Eləcə
də, 1940-80-ci illərdə humanitar fikrin öncül
simaları Mir Cəlal, H.Araslı, M.Cəfər, Y.Qarayev,
Ş.Hüseynov, T.Bünyadov və başqalarının elmə
verdikləri töhfələr dolğun, tutarlı nümunələrlə
nəzərə çatdırılır. Və
bu yazılarda onların irsinin yaşarı tərəfləri
və dəyəri barədə söylənən elmi həqiqətlər
polemikliyə yer qoymur. Müəllifin
humanitar elmlərin müxtəlif sahələrini ehtiva edən
bu görkəmli alimləri bir araya gətirən vahid
kriteriyası da mövcuddur. Onun
düşüncəsinə görə, "Ədəbi
fikir adamı, onun fəaliyyəti o zaman ictimai yaddaşa
çevrilir ki, onun ruhunda vətəndaşlıq hər
şeydən üstün olur". (59) Həqiqətən,
sovet dönəmində yaşayıb-yaratdıqlarına
baxmayaraq bu şəxsiyyətlər bütün
varlıqları ilə doğma Vətənin təbii-mədəni
sərvətlərinə bağlı olmuş, xalqın mənəvi-əxlaqi
kökündən pöhrələnib boy atmışlar. Xoşbəxtlikdən Ş.Alışanlı həm
də müəllimləri olmuş, yaxud yaxın ünsiyyət
bağladığı bu müdrik insanların xarakter özəlliklərini
həssaslıqla müşahidə edib təsirlənmiş,
hər məqaləsinin sonunda dərin rəğbət oyadan
canlı obrazlarını yaratmışdır. Belə
ki, professor M.C.Paşayev haqqında ciddi elmi ümumiləşdirmələrdən
sonra: "Filoloji fakültədə təhsil almış hər
tələbə öz ailəsinə, işlədiyi kollektivə,
dərs dediyi sinif otaqlarına Mir Cəlal müəllimin sadəlik
və paklıq işığından pay
aparmışdır" (37) qeydi alim haqqında xoş təəssürat
yaradır. Həm də günümüzün
neqativ reallıqları içində bəzi müəllimlər
ətrafındakı söz-söhbətin təsirilə
ünvanına yetişəcəyinə əminliklə mənalı
bir mesaj kimi səslənir. Görkəmli şərqşünas
alim Həmid Araslını o, yaddaşlara belə həkk edir:
"O, həm auditoriyada müəllimlik etmiş, həm də
klassik filologiya sahəsində məktəb
yaratmışdır. Məğrur, təmkinli,
xeyirxah, milli ziyalıya mənsub hər nə varsa, ona da məxsus
idi". (67)
Ş.Alışanlı
əmək fəaliyyətinə başladığı Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin müdiri M.C.Cəfərova
həsr etdiyi "Səni kim unudar" adlı məqaləsində
alimin klassik bədii irs haqqında nəzəri
konsepsiyaları, nəzəri-estetik fikrin tarixilik kontekstdə
dinamikası ilə bağlı görüşlərindən
və s. ətraflı bəhs edir. Yazısını onun
xarakter cizgiləri canlandırılan unudulmaz obrazı ilə
tamamlayır: "Akademik Məmməd Cəfər öz tələbələrinin
yaddaşında sadəlik və müdriklik mücəssəməsi
kimi qalıb. Heç vaxt imzasının
altında onun elmi-təşkilati statusunu təsdiq edən
sözə rast gəlməzdik. "Məmməd Cəfər"
- bu iki söz bütün titulların akademikliyini ehtiva etdiyi
məzmundan da yüksək idi. Onun şəxsiyyətinin
və elminin dərsləri bu gün də yaşayır".
(80) Və ya "Sabirşünaslığın banilərindən
olan Abbas Zamanovun yarıməsrlik elmi fəaliyyətinə
alimin bu xarakter cizgiləri ilə ruh verilir: "Mərdlik, cəsarət
simvolu kimi müasirlərinin etimad göstərdiyi köhnə
kişilərdən idi". (180)
Həyatda mənəvi-əxlaqi kökü,
qayğısı və zəhməti ilə pərvəriş
tapdığı doğmalarına və elmi fəaliyyətində
dərs alıb püxtələşdiyi ustadlarına dərin
ehtiram və rəğbət hissi
Ş.Alışanlının, demək olar ki, bütün
yazılarında yer almışdır. Xüsusilə "ədəbiyyatşünaslıq
elmimizin nadir şəxsiyyətlərindən biri Yaşar
Qarayevə həsr olunmuş "Yaxından və uzaqdan"
məqaləsində "ədəbi ünvanı Azərbaycanda
yaratdığı elm, əxlaq və saflıq məktəbi
olan" (119) "misilsiz bir yaradıcı" insanın elmi
və ictimai fəaliyyəti əhatə olunmuş və təkrarsız
obrazı canlandırılmışdır.
Həm müəllifin tədqiqat obyektini dərindən
mənimsəyərək təqdim etdiyi materiala elmi meyarla dəyər
vermək qabiliyyəti, həm də onilliklərlə
yaxın ünsiyyətdə olduğu mənəvi-əxlaqi
mükəmməlliyinə və intellektual düşüncəsinə
heyran kəsildiyi ustadına münasibətindəki istilik və
səmimiyyət məqaləni xeyli oxunaqlı etmişdir. Ş.Alışanlının
Yaşar Qarayev yaradıcılığı barədə beynəlxalq
ədəbiyyatşünaslıq elmi müstəvisində
müasir ədəbi-nəzəri səviyyədən
yürütdüyü mülahizələr həm də
müəllifinin elmi biliklərinin dərinliyinə, əhatəliyinə
dəlalət edir. O, qəhrəmanının ədəbiyyatımızın
tarixindəki mövqeyini belə təqdim edir: "Respublikada
humanitar düşüncəni yeni istiqamətə yönəldən...
bir alim və ictimai xadim kimi... Yaşar Qarayev
imzası ədəbiyyatşünaslıq, ədəbi tənqid,
ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, estetika
və nəhayət... humanitar elmlərin nəzəri-metodoloji
problemlərini əhatə edir". (119)
Ş.Alışanlı
Y.Qarayevin Azərbaycan ədəbiyyatşünaslığındakı
xidmətlərinə dəyər verərkən onun nəzəriyyə
sahəsindəki araşdırmaları, yaradıcılıq
kateqoriyasının tədqiqi, realizmin daxili tipologiyası və
tarixi təkamül prosesi, onun tiplərinin növbələşməsi
ilə ictimai-siyasi hadisələr arasındakı
qanunauyğunluqları və s. xüsusi nəzərə
çatdırır. Hələ universitetin Filoloji fakültəsində
oxuyarkən böyük qardaşı, görkəmli şair
Hüseyn Kürdoğlunun yaxın dostu Yaşar Qarayevin elmi
yaradıcılıq uğurlarının şahidi olmuş, qələmindən
çıxan bütün yazılarını böyük
maraqla izləyə bilmişdir. Buna görə də
başqalarının "ədəbiyyat filosofu",
"elmimizin möcüzəsi", "tənqidimizin
şairi" kimi epitetlərinə o da öz təriflərini
əlavə edir: "xarakter etibarilə romantik",
"yüksək ziyalılıq, yüksək vətəndaşlıq",
"elmi və əxlaqi kamillik" nümunəsi və s. Məqaləni
oxuduqca ədəbiyyatşünaslıq elminin nəzəri-tarixi
problemlərinin tədqiqində yeni istiqamətlər
açan bu "fenomenal alimin"
yaradıcılığı fəlsəfi-estetik məzmunu və
məntiqi mənalılığı ilə diqqətə
çatdırılır, təfəkkürü
qidalandırır və düşündürür: "Milli
ictimai fikrimizdə, elmi vicdan və əxlaqımızda,
yüksək ziyalı ünsiyyətində bənzərsiz
intellekti ilə dərhal seçilən" (118) Yaşar
Qarayevin elmi analitik gücünü və zamanında hər
qaranlıq, mübahisəli ədəbi-nəzəri,
elmi-tarixi məsələlərə aydınlıq gətirmək
qüdrətini vurğulayaraq qeyd edir: "Yaşar müəllimin
son tədqiqatları milli tarixi dəyərləri yenidən
qiymətləndirməyin metodoloji çətinliklərinə
cavab kimi yazılmışdı. O, milli tərəqqini ənənənin
davamı və inkişafında görür və haqlı
olaraq yazırdı: "Ədəbiyyat tarixini yenidən
yazmağı - onu hər yeni dövrün ideologiyası ilə
və hər dəfə yenidən təftiş kimi başa
düşmək olmaz". (134)
Yaşar Qarayevin 1990-cı ildən sonra milli müstəqillik
illərində fəaliyyətinin başlıca aspektləri
azərbaycançılığın bütün humanitar
düşüncədə geniş vüsət tapması və
Azərbaycanı, onun qədim ədəbi-mədəni irsini
dünyada tanıtması oldu. "Uzun illər yasaq
edilmiş ortaq türk, müsəlman mənəvi dəyərlərini
və mühacirət ədəbiyyatını ədəbi-ictimai
dövriyyəyə gətirməkdə onun bir alim, elm təşkilatçısı
kimi müstəsna xidmətləri vardır". (129)
Bütün
bunlarla yanaşı, Yaşar müəllimin şəxsiyyətinə
aid müəllifin "yaddaş kitabı"ndan fraqmentlərlə
yaşarlı mülahizələri elmimizin yüksək səviyyəli
aliminin təkrarolunmaz obrazını canlandırır:
"Yaşar müəllim təkcə böyük elmi
ideyaları ilə deyil, müdrik həyat fəlsəfəsi
ilə də tərbiyə edirdi, öz ətrafında məişət
qayğılarından ucada durmağa sövq edən psixoloji
bir ovqat yaradırdı". (144)
"Yaşar müəllim mənim tanıdığım
nadir şəxsiyyətlərdən idi ki, ...
elmi və həyati vərdişləri eyni biçimdə
idi. O, necə düşünürdüsə, elə də
yazırdı, elə də danışırdı. Həyatın, məişətin adiliklərində
də gözəllik, zəriflik görürdü. Hamımızın müşahidə etdiyimiz
görüntülərdə heç kimin gözləmədiyi
bir məna, əxlaqi-ictimai tutum tapırdı". (140)
"Yaşar müəllimin bənzərsiz təfəkkür
tərzi onun rəsmi görüşlərdə, qəbullarda
və dost məclislərindəki
çıxışlarına, avtoqraflarının məzmununa
heyrətamiz bir fərdilik bəxş edirdi". (140) Məqalədə
Ş.Alışanlı onun "Elm və həyat"
jurnalının 40 illliyi münasibətilə
yazdığı təbrikdən bir nümunə gətirir
(bax: s.140).
Elmi-ictimai
mühitdəki yüksək mövqeyi müqabilində "təvazökarlıq
mücəssəməsi" olan Yaşar Qarayev ilə 35 ilə
yaxın bir institutda işləmək və onu yaxından
müşahidə etmək səadəti nəsib olmuş
birisi kimi Ş.Alışanlının unudulmaz alimimizin
obrazını belə həssaslıq, qayğı və məhəbbətlə
yaratdığına görə içimdə ona dərin
minnətdarlıq duyğusu yaşadım. Yaxşı
yadımdadır ki, institutumuzun direktoru işlədiyi müddətdə
(1987-2002) Yaşar müəllimin sədrlik etdiyi müxtəlif
məqsədli yığıncaqlarda, Elmi Şura və konfranslarda
fərqli mövzularda danışarkən nitqində işlətdiyi
bədii müqayisələr, paralellər, bənzətmələrin
estetik-poetik gözəlliyinə heyran kəsilir və hər
dəfə bədahətən şifahi söylənən bu
misilsiz bədii biçimli, dərin mənalı və
dolğun məzmunlu nitqin heç kim tərəfindən
yazıya alınmadığı üçün
yaddaşlardan silinib yox olacağına, itib-batacağına
çox heyifsilənirdim. Ümid edirdim ki, yəqin,
arxivində bu çıxışlar üçün
yazdığı müəyyən qeydlər qalır və nə
vaxtsa bu təkrarsız elmi-bədii-fəlsəfi natiqlik inciləri
çap olunacaq. Ancaq vaxtsız xəstəliyi
və vəfatından sonra ailəsinin evi təmir
üçün boşaltdırdıqları zaman onun
çox qiymətli kitabxanası və arxivinin istifadəsi
mümkün olmayan harasa daşındığı xəbərinə
bütün onu tanıyanlar kimi mən də çox təəssüfləndim.
Ağır xəstəliyi müddətində
həmişə yanında olan, xəstəxanaya və evinə
mütəmadi gedib-gələn Şirindil müəllimin də
sarsıntısı çox güclü idi. Çünki əmin idi ki, orada Yaşar müəllimin
çap etdirməyə heç vaxt tələsmədiyi elmi
tədqiqatlarından savayı çox qiymətli bədii əsərləri,
xüsusilə gənc yaşlarından arabir
yazdığı şeir və hekayələri, esse və
aforizmlərin əlyazmaları da var idi. Ustadının
arxivindəki çap etdirmədiyi əlyazmalarını səliqəyə
salıb nəşr etmək istəyini həyata keçirə
bilməsə də, ruhdan düşmədi. Elmimizin bu "nadir
fenomeni"nin çap olunmuş məqalələrini,
kiril əlifbasında olan kitablarını toplayıb, qədrşünaslıqla
latın qrafikası ilə 5 cilddə yüksək keyfiyyətlə
elmi nəşrini təşkil etdi. Əlavə
olaraq, Yaşar Qarayev haqqında məqalələri və
xatirələri də toplayıb, nəfis bir kitab halında nəşr
etdirdi.
Ancaq nə
edəsən ki... "Zaman keçdikcə
Yaşar müəllimin yeri daha çox görünür.
Bənzərsiz söz, bənzərsiz iş üslubu, bənzərsiz
ünsiyyət fəlsəfəsi. Bunlar üçün
çox darıxmışıq...".
(149-150)
Məqalə belə kövrək duyğularla bitsə də,
Ş.Alışanlının böyük məhəbbətlə
yaratdığı bənzərsiz həqiqi alim obrazı
Yaşar Qarayevin xatirəsinin əbədiləşməsi
yolunda gördüyü nəşr işləri ilə
yanaşı, sanballı bir elmi abidədir.
Bu yazıda gətirilən sitatların çoxluğuna
görə haqqına girdiyim üçün müəllifdən
üzr istəyirəm. Oxuculara isə orta əsrlərdən tutmuş bu
günümüzədək bədii söz xəzinəmizin
müxtəlif polemik elmi-nəzəri problemlərinə: ədəbiyyat
tarixinin dövrləşdirilməsi, Azərbaycan
renessansı, yaradıcılıq metodları, ədəbi-nəzəri
meyarlar, ədəbi demokratizmdə məsuliyyətsiz hallar,
müasir ədəbi-tənqid, zamanımızdakı tənqidçi
tiplərinə (..."muzdur tənqidçilər...")
dair məlumatlanmaq, həm də ziqzaqlı həyat
dolaylarında mənəvi-əxlaqi cəhətdən zənginləşmək
üçün bu kitabı oxumağı tövsiyə edərdim.
Çünki məqalə həcminə
sığmadığına görə orada yer almış
"Sənətkarın yaşamaq haqqı" məqaləsində
görkəmli Xalq yazıçısı İlyas Əfəndiyev
yaradıcılığına müstəqillik
dövrünün siyasi-ideoloji prizmasından yığcam
ekskurs ("... XX əsrin ədəbi-tarixi tərəqqisində
xüsusi rolu ilə yanaşı, bu əsərləri bu
gün sevdirən, yaşadan onların yaşadığı
milli mənəvi-əxlaqi tutumdur. (88), yaxud Xalq şairi
Bəxtiyar Vahabzadənin mövcud durumla bağlı həyəcanlarını
inikas edən, 1950-ci illərdə yazılmış:
Qıfıl
altındadır ürəklərimiz,
Axı qıfıl hara, azadlıq hara?
Nədir əlacımız, bəs neyləyək biz?
Hardan açar tapaq bu qıfıllara?
- kimi ictimai-əxlaqi ideallara sədaqət ruhlu
yaradıcılığının təhlili ("Xalqın
taleyi ilə bağlı elə hadisə, məqam yoxdur ki,
şair ona biganə qalsın" (105); "Böyük sənət
zirvəsindən təcəssümünü tapmış
ictimai-əxlaqi ideallar daim yaşayır, yeni nəsillərin
milli yaddaşının, bədii
dünyagörüşünün korşalmasına aman
vermir". (93)); "Xalqın, millətin taleyi naminə
vətəndaş mövqeli" Xalq yazıçısı
Elçin haqqında "cəmiyyətdə gedən sosial
korroziyanın" ictimai köklərinin təhlili verilən
"Sənətkarın obrazı" ("Güclü vətəndaşlıq
hissi ilə nəzəri-estetik səviyyənin müasirliyi
Elçinin tənqiddə axtardığı əsas keyfiyyətdir.
(173); "Ömrü xalqın ömrü olan" professor Qəzənfər
Paşayevin yaradıcılığının geniş
palitrası verilən "Kərkük sevdalı filoloq" və
"Düzqırıxlıdan başlanan yol" məqalələri
("Onun ünsiyyət, yaşam fəlsəfəsinin
mayasında xalq müdrikliyindən gələn sadəlik,
dözümlülük, uzaqgörənlik dayanır... Onun
cild-cild kitablarını yaşadacaq bir meyar var: vətəndaşlıq".
(221); "Yaddaşın vətəndaşlıq tutumu"
(Professor Şirməmməd Hüseynov haqqında: "Bir
anlığa məni qəribə bir hiss bürüdü:
onun yaddaşını necə və hara köçürməli?
Min təəssüf ki, buna nail olmaq
üçün elmin imkanları hələ məhduddur.
(158); "Şərəfli ömür yolu" (Professor Teymur
Əhmədov); "Tarixin elmi və bədii dərki"
(AMEA-nın müxbir üzvü Teymur Bünyadov) və s.
yazılardan da xeyli mənəvi, elmi, estetik qida alacaq,
şüurunuz həqiqətpərəstlik, vətəndaşlıq,
milli qürur hisslərinə köklənəcəkdir. Bu məqalələrdə müəllifin
yaxşı bələd olduğu tarixi zaman kəsimlərinə,
yaradıcı şəxsiyyətə, elmi, bədii irsimizin
problemlərinə, müasir dövrün ədəbi-ictimai
gerçəkliklərinə onun öz baxışı, dərki,
duyumu, deməyə həqiqət meyarlı sözü kifayət
qədərdir. Və analitik yanaşma, dəyərləndirmə
kriteriyası o qədər dürüst, vicdanlı və əndazəlidir
ki, polemikliyi imkansız dərəcədədir.
Ş.Alışanlının elmi üslubu lakonikliyi, məna-məzmun dolğunluğu, mühakiməsinin dəqiq ifadəliliyi və səmimiyyəti ilə özümlüdür və rəğbət oyadır. Kitabdakı məqalələrin hər biri, haqqında bəhs olunan şəxsiyyətin yaradıcılığı barədə dolğun, səhih elmi mənbə olmaqla yanaşı, həm də müəllifinin mənəvi yaddaşının bir çox qığılcımlarından işıq, hərarət saçıldığı üçün pozitiv dalğalıdır, xoş duyğular oyadır. Hələ xalqın sevimli şairi Hüseyn Arifi xatirdə canlandıran "Gecələr harda gecələr", aşıq sənətinin "Sazın qüdrəti ilə sözün hikməti"ni qovuşduran ustadları Aşıq Şəmşir və Aşıq Qənbər Şəmşiroğlu, Kəlbəcər ədəbi mühiti ilə bağlı verilən ədəbi, poetik bilgilərin oyatdığı assosiasiyalar və kövrək duyğulu məqamlar...
Böyük maraqla oxunan yazılarda bayaqdan bəri ciddi elmi və həyat həqiqətli sözündən, ürəyəyatımlı söhbətindən düşüncəsinə, zəngin yaddaşına cığır açdığımız müəllifin təkrarsız obrazı "Su xəzinəsi Laçın" məqaləsində birdən-birə bütün əzəməti ilə qarşımızda boy verir. Yetmiş yaşlı böyük ədəbiyyatşünas alimimiz Şirindil Alışanlının özünün kimliyinə yaxından bələd olmaq üçün bu yazını oxumağı xüsusilə məsləhət bilirəm. Doğma yurduna, daşına-torpağına munis duyğularla süslənmiş bu təsirli sətirlər müəllifinin hədsiz vətən sevgisinin inikası fraqmentləridir. Bəzi nümunələrə diqqət edək: "Hər daşı, hər qayası onun sakinlərinə əziz" olan Laçın şəhəri "ətraf kəndləri, obaları başına yığmışdı. Hamı bir-birini tanıyırdı. Böyüyünün böyük yeri var idi, kiçiyinin kiçik. Xeyiri də bir idi, dar günü də..." (319).
"Laçında hər dağın, hər qayanın öz rəngi, öz duruşu vardı... Qayaların bağrından pıqqıldayıb çıxan, hərəsi bir dad verən yüzlərlə şəfa qaynağının adı dillərə düşüb mahal-mahal gəzirdi...". (321)
"Laçın başdan-başa təbiət abidələri idi. Adamlar və təbiət elə uyuşmuşdu ki, elə bil hər ikisi yalçın bir qayanın iki parçası idi... (318) Bu dağların təbiəti adamların xarakteri ilə uyuşurdu. Sərtlik də vardı, nəciblik də! Elinə, obasına gün ağlamaq, əl tutmaq həyat vərdişi idi. Su çəkdirmək, yol salmaq, körpü tikdirmək ənənəsi yaranmışdı." (321)
Bu deyilənlərdə nə qədər böyük səmimiyyət, böyüyüb boya-başa çatdığı elinə-obasına bağlılıq, saf, zəngin mənəvi mühitində pərvəriş tapdığı doğma insanlara məhəbbət var!.. On beş ilə yaxın şöbəmizin müdiri olan bu laçınlının yanında hər birimiz özümüzü yığışdırıb, layiqli aparmağı vacib bildiyimiz kimi, həmçinin həyat dolaylarında həllində aciz qaldığımız hər müşkülümüzün qapısını da bu laçınlının köməyi ilə aça bilmişik. Və nəinki şöbə əməkdaşlarımız, əlli ilə yaxın işlədiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda onun istər ustad həmkarları, istərsə də həmyaşıdları, yetirmələri, yaxud sadəcə qohumu, tanışı olsun, kimlərin çətin günündə nəcibliklə köməyinə yetməyib bu laçınlı alim qardaşımız?! Etiraf etməli olanlar onlarca deyil, yüzlərlədir.
Məqalələrdən birində yazır ki, hazırda "meyarlar bəzi məqamlarda subyektiv müdaxilə ilə müşayiət olunan süni şişirtmə, yersiz və əsassız, ironiya doğuran mübaliğəli qiymətlərlə "zəngin" olduğu" (118) üçün həqiqi alimə dəyər verərkən həmin epitetləri işlətmək ar gəlir. Bir şöbədə işlədiyimiz on beş il müddətində həm əhatəli, ədəbi, elmi-nəzəri biliklərindən faydalandığımız, həm də duyğulu-qayğılı-duzlu söz-söhbətindən mənəvi-əxlaqi varlığına dərin rəğbət bəslədiyimiz Şirindil müəllim barədə bütün mövcud tərifləri və alqışları yazmaq istəyimi üstələyərək yenə də onun öz yazılarındakı düşüncələrinə, ustadları üçün işlətdiyi həqiqət meyarlı təriflərə müraciət etməli oldum: "Mənim üçün yeganə meyar ədalət prinsipidir. Axı bizə himayədarlıq edənlər, əlimizdən tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara xəyanət edirsə, bədbəxtdir" (330); "Onu mənə əziz, doğma edən insanlıq və alimlik meyarları imiş: sadəlik, səmimilik, bütün dəyərli insanlara məxsus təvazökarlıq, gözlərində oxunan xeyirxahlıqdır..." (278); "...təmənnasız mənəvi dəstək, ədəbi vicdan, vətəndaş yanğısı, qədirşünaslıq, nəciblik nümunəsi" (203); "mərdlik, cəsarət simvolu kimi onu tanıyanların etiqad etdiyi köhnə kişilərdən" (180); "tənqidi fikrin urvatını" gözləyən, "elmi ədalət prinsipinə, həqiqi elmi meyarlara söykənən" (202); "müasir humanitar fikrimizin səlahiyyəti söz sahibi" (211) və s. və i.a.
Şirindil Alışanlı - Onu yaxından
tanıyan hər kəs üçün "bu iki söz bütün
titulların akademikliyini ehtiva etdiyi məzmundan da yüksəkdir!".
(80)
Safurə Quliyeva
Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.-S.10-11-12.