O səslə "yox" demək günahdı, vallah

 

 

 

Bir ümid dalıyca adam sürünə,

Uzaqdan gözünə işıq görünə,

Başqası qoy desin sənin yerinə.

O səslə "yox" demək günahdı, vallah.

 

 

Bu söz ən qəddar bir düşmənə məxsus,

Bu söz lüğətlərdə qorxulu kabus.

Razıyam, bir ömür cavab vermə, sus,

O səslə "yox" demək günahdı, vallah.

 

 

Gördünmü, sevən kəs heç vaxt yorulmur?

Həsrəti bir an da vecinə almır,

Günahın böyüyü, kiçiyi olmur,

O səslə "yox" demək günahdı, vallah.

 

 

Dünəndən geridə qalır hər sabah,

Bəlkə , qalmayıb çəkmədiyim ah,

Mən bağışlayaram, bəs göydə Allah?

O səslə "yox" demək günahdı, vallah.

 

 

Heyif, məndən aldın özgə qisasın,

Saxla öldürdüyün eşqinin yasın,

Barı elə de ki, kimsə duymasın,

Amma

O səslə "yox" demək günahdı, vallah.

 

 

 

 

Məni sevməyinin axırı budur

 

 

Gəl mənə tanıtma ayrılıqları,

Danışma, bilirəm, necə çətindi.

Əvvəl çox qısaydı darıxmağımız,

Kilometrlərlə ölçülür indi.

 

 

Onsuz qırılacaq, indidən düşün,

Sabahçün bu boyda xəyallar qurma.

Mən özüm-özümə gülürəm, vallah,

Üstümə xoşbəxtlik damğası vurma.

 

 

İnanma deyirdim, amma inandın,

Mənə inanmağın məni qorxudur.

Görürsən, indi ümidsiz qaldın,

Məni sevməyinin axırı budur.

 

 

Qara qızın dərdi yoxdu

 

 

Ah, bu qızın təbəssümü

Ürəyimə bir iz salır.

Doğrudan da, qara qızlar

Allah, necə şirin olur.

 

 

Ondan ötrü alnımdakı

Yenidən yazıla yazı.

Bir saniyə itirmədən

Elə sevəsən bu qızı.

 

 

Yerişini, duruşunu,

Baxışlarını öyürəm.

Onla bir yola çıxasan,

Ömür yolunu deyirəm.

 

 

Görən, sevdimi ilk dəfə?

Bilən varmı, qəlbi toxdu?

Bəxti tamam ağappaqdı,

Qara qızın dərdi yoxdu.

 

 

 

 

Darıxmağın baş tərəfi

 

 

Sevdinmi, qəlbin ayılır,

Cisminə ağrı yayılır,

Çəkdiyin həsrət sayılır

Sevməyinin xoş tərəfi.

 

Xəyallar da qurulmadı,

Qaranlıqlar yarılmadı,

etdimsə, qırılmadı

Ürəyinin daş tərəfi.

 

 

Başım üstündən dərd köçür,

Dərdin ardınca dərd keçir,

Sən bilməzsən, çox sərt keçir

Tənhalığın qış tərəfi.

 

 

Ağlamağın yoxdu dadı,

Bunun "zəiflik"di adı,

Tanrı sildi, qurumadı

Gözlərinin yaş tərəfi.

 

 

Ancaq indi anlayıram

Zaman çox tez dəyişibmiş.

Mənim bəxtimə düşübmüş

Darıxmağın baş tərəfi.

 

 

 

Belə gedərlər

 

 

Getməyə məcbursan, əlacın yoxdu,

Səni xəyalların hara qovarsa.

Bütün əlçatmazlar əlçatan olur,

Əgər inanırsan, ümidin varsa.

 

 

Ən ağır zərbəni özündən aldı,

Deyim, incisən , bu sənə azdı.

Gərək anlayaydın, bu gözəlliklə

İnsan arasına çıxmaq olmazdı.

 

 

Məni ittiham et, məni lənətlə,

Gözündən bir damla göz yaşı axsa.

Özünə fikir ver, özünü qoru,

Bəlkə, yaxşı oldu hər şey vaxtsa.

 

 

Yaxşı bacarmadın çıxıb getməyi,

Onu da bilmirsən, necə edərlər?

Qoy özüm göstərim, sən bax, öyrən,

Adamdan gedəndə belə gedərlər.

 

Ziya DİLSUZ

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.- S.15.