İtmiş mənalarla oyun…
İkinci
yazı
1
İtmiş mənalarla oyun bütün hallarda ikitirəliklə,
ikili baxış və mövqenin seçilməsi ilə
müşayiət olunur. Bunlardan biri seçildikdə o birindən
"biryolluq" və ciddi şəkildə imtina edilir, ancaq
məsələnin mahiyyəti budur ki, ikinci baxış tez
bir zamanda birincini əvəz edir və mətndə oyun
stixiyası hər şeyin əsasında dayanır. Hekayə mətnində iki dünya üz-üzə
dayanır, birinin konturları qatı, tünd, bilinən, digəri
görünməyəcək dərəcədə solğun.
Onların arasındakı sərhəd son dərəcə
şəffafdır, bir-birlərinə keçidi, müdaxiləsi
bu iki sözü tələffüz etdiyin andaca baş verir.
Aşağı-yuxarı keçidi və əvəzlənməsi
satirik pafosu, ironiya çeşməsinin gözünün
açılmasını sürətləndirir.
Furqanın haqqında danışdığımız
"Generalın milçəkləri" hekayəsində
oyun stixiyası ikitirəlik və "ikili dünya"
modelinin mahiyyəti açıqlanır. Furqanın bu
hekayəsi kiçik hekayə janrının analizi
üçün ən mükəmməl mətn hesab edilə
bilər. Süjet əsas etibarilə aşpaz
Əliş kişinin düşüncə dinamikasından
qaynaqlanır, əmələ gəlir və içə,
mahiyyətə doğru yönəlir, hər bir cümlə
və pasajda mətnin içinə aldığı,
doğurmaq istədiyi mənaların güclənməsinin
şahidi ola bilərik. Belədə
hekayənin əvvəlindəki məna sıxlığı
sona doğru seyrəlməyə və əksinə seyrək
mənalar sıxlaşmağa doğru hərəkət edir.
Kiçik hekayədə əsas mənanı
qüvvətləndirən, ondakı ironiya
çalarını görünən xəttə, istiqamətə
çevirən bir "məşum" nöqtə mütləq
olur. "Generalın milçəkləri"
hekayəsində bu nöqtə tez-tez yerini dəyişir, mətndə
ciddiliklə araya qoymaq, sərtliklə lağlağı
ovqatı o qədər sürətlə əvəzlənir
ki, gerçək dünyanın bu "uydurulmuş"
dünyadakı yeri son dərəcə irreal
görünür. Hekayənin arxa
planında nağıl poetikasının bəzi çox
mühüm özəllikləri dayanır, metamarfoza,
çevrilmə, generalın aşpaza və tərsinə
çevrilməsi, milçəklərin topa halında bu mənzərəyə
ironiyası, yazını quran, əhvalatı danışan
müəllifin yerini tutur. Bu qaravəlli oyun stixiyası
üçmərtəbəli imarətdə
üçüncü mərtəbəni "zəbt
edir", hekayədə bu mərtəbədən bəhs
edilməsə də, əslində, onun əsl sakini hər
şeyə anidən sirayət edən ironiyadır. Aşağı ilə yuxarının tez-tez,
gözaldadıcı şəkildə, yəni sürəklə
bir-birini əvəz etməsi hadisələr arasındakı
bağdan çox onların ifadə etdikləri mənanın
artıq qeybə çəkilməsini vurğulayır.
Məsələnin əsl kökü də məhz budur:
insanların, əşya və olayların, bütün
gözlərin ilk aldığı nəsnələrin yerləri
sabit deyil, daim laxlayır, dünya az qala tərsinə
fırlanır, iki səhifəlik hekayədə bu itmiş məna
oyunları zaman hissiyyatını öldürür, o dərəcədə
ki, sanki bütün zamanlar bircə nöqtənin içinə
sığınıb külə dönmüşdür, indi əsas
anlayış və mənaların itib qeybə çəkilməsindən
danışmaq üçün sadəcə bircə fürsətimiz
var. Hekayədəki, həm də nağıl
poetikasındakı bu "darmacal", mənaların birdən
sıxlaşıb seyrəlməsi ani partlayış effekti
doğurur, hər şey yer-yerdən ayrılır,
çönür, əsrlərlə olduğu yerdən qopur -
söykəndiyimiz, istinad etdiyimiz mənalar, bütün yer
üzü çat verir və bütün bunlar o kiçik,
zahirən əhəmiyyətsiz olayı danışmaq xətrinə
edilir.
İtmiş
mənalarla oyun həmişə zamanlararası mübarizə
və müqavimətin hiss edilən səviyyəyə
çatması ilə müşayiət edilə bilir. Bədii
mətnlərdə bu işartı, yəni adi məntiqlə
keçmiş zamanın həmişə "arxada
buraxılması", onun geridönməzliyi və bir
sözlə, artıq indiki və gələcək zamana
müdaxilə edə bilməməsi kimi sezintilər bədii
mətnin hansı gizli qatlarındasa inkar edilir, bu
işartı şəklində olan inkar bütün mətn
boyu gah hiss edilən dərəcədə bilinir, gah da onunla
bağlı əvvəlki, yəni ənənəvi təsəvvür
öz yerini alır. Ancaq bədii mətnlərdə,
yəni bədii söz dünyasında keçmiş təkcə
unudulan sahə (vahə-!), hamının elliklə atıb
getdiyi məmləkət deyildir, bədii mətndə
keçmiş zamanlar arasında ən fəalı, müdaxilə
baxımından ən çevik olan bir zamandır. Bu mənada o, bəzən indiki zamanla
qoşalaşır (yəni özünü indiki kimi
aparır), bəzən də gələcəyin hansı
döngəsindəsə ilğım kimi bizi gözləyir,
zamanın bu mənada hər bir zərrəsi diridir, təsir
etmək, olay yaratmaq, oyun çıxarmaq mənasında onun
gücünə qarşı duran nəsnə yoxdur.
İtmiş mənalarla oyun estetikasında keçidlər
mühümdür. Bir haldan, vəziyyətdən digərinə
keçid üçün məxsusi tezlik tələb edilir.
Bu olmadıqda mətn ancaq gözlənilən,
ancaq danışılan əhvalat biçimində qalır.
Keçid olmadıqda bütün işarələr
bədii mətn ərazisinə ixtiyari şəkildə
dağılır, onların bağlantısı cüzi və
əhəmiyyətsiz olduğundan ortada deyilən sözlər
qalır. Bu sözlərdən cümlə
yaranmır. Söz var, sözlər var, səslər var,
onların yaratdığı uğultu var, ancaq məna yoxdur,
münasibətlər arasında elə bağ və əlaqələr
qırılıb ki, hamı səbrlə o gəlməyəcək
nəsnəni gözləyir...
"...Uşaq
dünyaya gözünü açanda səhərin də
gözü təzəcə açılmışdı. Bu gün başqa günlərdən fərqliydi.
Göyərçinlər kənd xəstəxanasının
üstünü almışdı. Quşlar
səssiz uçuşurdu. Hava o qədər
sakit idi ki, ağacların yarpağını da tərpətmirdi.
Mehdi xəstəxananın həyətində həyəcandan
siqaretin közünü bir-birinə calayırdı.
Oğlunun gəlişinə dediyi qurbanlıq quzunun da boynuna
qırmızı lent bağlayıb özüylə gətirmişdi.
Qapıda duran Nüşabə xalaya da bərk-bərk
tapşırmışdı ki, muştuluğun məndədi,
uşaq olan kimi tez xəbər elə!".
Bu sitat Miri Rəsulzadənin "Göyərçinlər
səssiz uçur" hekayəsindəndir. Hekayədə mövcud boşluqlar, keçidlərin
alınmaması, bədii baxımdan məntiqsizliyi əhvalatın
elə əhvalat səviyyəsində qalmasını şərtləndirir.
2
Orxan Cuvarlının "Qardaşımın
atası" adlı yeni hekayəsinin başlığı
zahirən əlaqəsiz görünür, amma səbrlə
oxunduqca bu ad mətnin içərilərinə qədər
gedir və sonra hekayənin bir də, sondan əvvələ
fikrən vərəqlənməsini şərtləndirir. Hekayənin
fabulası hər kəs üçün nə qədər
ağrılı olsa da (həm də hirslə atıb getdiyin
yerlərin acı xatirələrinin yarası...), adi bir
süjetə söykənir, ata, ana və oğul
üçlüyü. İki qardaş var: biri sakit, zirək,
digəri emosional, hər ikisi anasına bağlı, amma fərqli
şəkildə. Doğma, qanından olan adamlara qarşı
iki fərqli münasibətin anidən təmas tapıb birləşdiyi,
üz-üzə gəldiyi nöqtə hekayənin əsas
ideyalarını nişan verir, həm də
onun qurulma, yazılma metodunu aşkarlayır.
Zənnimizcə, hekayəçilikdə iki cür, iki tip təhkiyə var, daha doğrusu, iki təhkiyə məntiqi: hər cümlənin, yaxud pasajın nəsə deməyə, nələrisə tələsik, yaxud uzadaraq (-!) deməyə çalışdığı mətnlər, bir də bunlarsız qurulan, qısa desək, nə deyəcəyini "düşünməyən" mətnlər. Orxanın hekayəsi bizim fikrimizcə, ikincisinə daha çox yaxındır və bu deyək ki, daha perspektli yazı metodu sayıla bilər. Bu tipli hekayələrdə əsas olan aura və atmosferdir, məhz bu ikisi mətnin ən müxtəlif yaruslarından baş qaldırıb, oxucu hisslərinə təsir edib, müəyyən təbəddülat yarada bilir və beləliklə düşüncəmizi bir ideya, bir mətləbin həllini axtarmaqdan xilas edir. Bu halda "nə oldu" sualı "niyə belə oldu, yaxud olmadı" sualı ilə əvəzlənir. Hekayədə bu aura və atmosfer Eldarın Türkiyədə "Acıbadem" xəstəxanasında ümidsiz vəziyyəti, ikinci dəfə bütün gücünü toplayıb gözlərini həkimin çeşməyinə zilləməsi ilə yaranır, məlumdur, bu atmosfer çox bitkindir, ağır hava və aurası ilə seçilir. Həm də oğul burda tək olduğundan hisslərini, ağrı-acısını çəkə bilir, özü üçün aydınlaşdıra, ifadə edə bilir. Həmin epizodun daha ağır paraleli də var: yadınıza salın, anası artıq əldən düşmüş, bir dəri, bir sümük qalmışdı, ən son gördüyü şey nəydi onun? Anasının gözlərində öz əksini görmüşdü. Son dəfə atasını görəndə stolun üstündə hər şey onun artıq gedəcəyini bəlləyir, hər şey bitmiş, evdə bütün əşyalar pərən-pərən düşmüş, stəkansa boşdu, içilib bitmiş... Həkimin qəbulunda olanda ümidsizliyini otaqdakı stəkanı başına çəkməyi ilə batırmaq istəmişdi. İndi atasının qalxıb-enən sinəsinin, tər puçurlayan alnının bərabərindəki stəkan elə həmin stəkandır...
Hekayənin əvvəlindəki ağrı-acı, son ümidin də paramparça olması, dağılıb külə dönməsi mətnin əvvəlini sonu ilə birləşdirir və hər ikisinin təmasından yaranan "ah" (hekayədə, mətndə ən dəruni hiss və duyğunun uzaq məsafələrdən yığılıb ifadə edilməsi-!) bütün mətn boyu təhkiyədə bizi müşayiət edən "ikiləşmənin" daxili qatlarını qaldıra bilir.
Eldar hava limanında taksiyə minir, bir az keçmiş arxa oturacağın şüşəsini endirib kənara tamaşa edir, uşaqlıq, yeniyetməlik və gəncliyində gördüyü, yaddaşında saxladığı mənzərələr və bir də indiki bər-bəzəkli şəhər bozluğu, bunların yaddaşda qaldırdıqları toz-duman evə çataçatda çinar ağacının kölgəsində "yatır", ancaq burda da uşaqlığın yaraları, daim ayağındakı yaraların qaysağını qoparmağa meyilli olması, şirniklənməsi və bu adətin yaşlaşdıqca yadırğamaması, o biri qardaş - Malikin daxili susqunluğu, emosiya və içindəki duyğu daşqınını idarə etməsi, iki fərqli insanın - iki qardaşın fərqli cəhətlərindən həyatın mənası sıxılır, ağrı verir, iztirab acısı çəkilməz olur.
Real həyat və yaddaşın qütbləşməsi...
Hərdən yaddaşda iz qoyan nəsnələr
gerçəkləşmək, indiki zaman dönmək istəyir
(biz hiss etməsək də, keçmiş heç zaman bitmir,
həmişə gələcəyə, özündən
sonrakılara nüfuz edir...), çünki onların
kökü insanın qəlbində rişələnir.
Beləliklə, itmiş, it-bata düşmüş mənalarla
oyun - ayrılıq içində unudulub gedir. Uşaqlıqda
alaqapıya dəyən zərbələrdən
yaranmış toz izi insan üçün çox əziz və
mərhəm olan mənaların xislətini açır:
onlar yaddaşın ən dərin, heç işıq
düşməyən yerində gizlənirlər. Nə vaxt
oyansalar, sənə bənzəyən, sənin xasiyyətinə
çəkən insan gəlir dünyaya və o dəhşətli
iztirab yenidən başlayır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 3
sentyabr.- S.19.