Nizami fəlsəfi dünyasına Firəngiz Əlizadənin çağdaş baxışı  

 

 

 

 

 

"Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır". Prezident İlham Əliyev cənablarının Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamındakı bu fikri böyük mütəfəkkirin zəngin irsinə verilən ən yüksək dəyərlərdən biridir.

Nizaminin sönməz poetik ruhunun əks olunduğu yaradıcılığı Üzeyir Hacıbəyli, Qara Qarayevdən başlayaraq müxtəlif nəsil Azərbaycan bəstəkarlarının daima müraciət etdikləri sonsuz mənbə olaraq qalır. Xalq artisti Firəngiz Əlizadənin böyük simfonik orkestr və elektron səslər üçün "Nizami Cosmology" ("Nizami fəzası") adlı misteriyası bu sıradandır.

Yunan dilindən tərcümədə "ayin" mənası verən və XIV-XVI əsrlərdə meydana gələn misteriyanın əsasında müxtəlif mədəniyyətlərə aid dini, əfsanə, əsatir mövzularla birbaşa bağlı olan motivlər durur. Musiqidə həmin janrın oxşar cizgiləri XIX əsrin romantizm dövründə, opera janrında (R.Vaqner - "Parsifal",1882) müşahidə olunur.

XX əsr bəstəkar yaradıcılığında misteriya janrı musiqili səhnə əsərləri (İ.Stravinski- "Müqəddəs bahar" baleti, 1912) ilə yanaşı, simfonik yaradıcılıqda (A.Skryabin - "Prometey" poeması, 1910) rast gəlinir. Yeri gəlmişkən XXI əsr müasir musiqi tarixində Firəngiz Əlizadənin "Nizami Cosmology" partiturası böyük şairin mövzusu ilə bağlı ilk iri miqyaslı kompozisiyadır.

"Nizami fəzası"nın dünya premyerası aprel ayının 6-da Londonda, "Pool" konsert zalında dirijor Kiril Karabitsin (Ukrayna, Fransa) rəhbərliyi ilə "Bournemouth Symphony Orchestra" tərəfindən baş tutmuşdur. "Şərqdən sədalar" adlı konsert proqramında milli bəstəkarımızın əsəri ilə yanaşı, D.Şostakoviçin 12 saylı simfoniyası və Qara Qarayevin "Yeddi gözəl" baletindən süita səsləndirilmişdir. Bununla da, Firəngiz xanım D.Şostakoviçin sənətindən bəhrələnərək formalaşan müəllimi Qara Qarayevin mütərəqqi bəstəkarlıq ənənələrinin davamçılarından olduğunu göstərir. Xüsusi qeyd etmək istərdim ki, xarici musiqi tənqidçiləri Firəngiz xanımın "Nizami Cosmology" əsərini A.Skryabinin "Prometey" və "Vəcdin poeması" ilə müqayisə edirlər.

 

Əsərin Bakı təqdimatı iyunun 3-də M.Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında, bəstəkarın müəllif gecəsində, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında həyata keçirilmişdir.

İlk xanələrdə qərar tutan musiqinin möhtəşəmliyi fəzanı seyr edən Nizaminın obrazıdır. Şair kainat gözəlliyini dəfələrlə əsərlərində müxtəlif təsvir vasitələri ilə vəsf edir. Onlardan biri "Leyli və Məcnun" poemasında aşağıdakı misralarda öz əksini tapır:

 

 

 

...Gecə parlayırdı bir gündüz kimi,

Göylər təptəzəydi yaşıl düz kimi.

Qızıl həmailin şəddələrindən

Qızıl geyinmişdi göy üzü, bilsən...

...Gecənin nafəsi fələklə yandı,

Ayın gövhərindən yer işıqlandı.

Göydə parladıqca nafəylə kövhər,

Ətirlə, bəzəklə doldu üfüqlər...

 

 

Partituranın yuxarı registerində kiçik ritmik qruplardan ibarət motivlərin hərəkəti göy üzündə sayrışan ulduzların təsviridir. Xaotik şəkilli musiqi axını "kainat nizamı leytmotivi"nə çevrilməklə növbəti bölmələrin dramaturji konsepsiyasında vacib rol oynayır. Müəllif eyni ailəli alətləri mütamədi olaraq qoşalaşdırır. Nəticə etibarilə Nizami dramaturgiyasında ana xəttini təşkil edən ali məhəbbət mövzusunun qarşılaşdığı şəraitə uyğun bədii açımına çalışır.

Nizami Gəncəvi dərin ensiklopedik biliyə malik şair kimi elmin müxtəlif sahələrini əhatə edən bir çox alimlərin irsi ilə yaxından tanış olmuşdur. Bu baxımdan diqqətinizi "Xosrov və Şirin" poemasından bu misralara yönəltmək istərdim:

 

 

...Xoşbəxtlik iqbalın əlini açdı,

Müştəri Zöhrəyə gəlib yanaşdı...          

 

Qədim fəza cisimləri elminə görə Müştəri (Yupiter) oğlan, Zöhrə (Venera) isə müvafiq olaraq qızdır. Burada iki ulduzun bir-birilə ünsiyyəti Xosrov və Şirin arasında münasibəti ilə müqayisə edilir. Firəngiz Əlizadə tərəfindən müvafiq epizodda arfanın müşayiətində klarnetlər və fleytaların ardıcıllaşan dueti səma cisimləri arasında bağlılığa bir işarədir.

Eyni hal növbəti epizodda yaylı alətlərin xəfif mehi xatırladan çalğısı fonunda Məcnunun Leyli ilə səhradakı görüş səhnəsində baş verir. Poemada həmin səhnə:

 

 

...İki şam bir teştdə yaxıldı, bilsən,

 Ruhları bir idi, birləşdi bədən.

İki sap bir tovda eşilmiş oldu,

İki sürahi də bir sudan doldu..."

 

 

- kimi misralarda əks olunur.

Sətirlərdən göründüyü kimi, şair sevən gənclərin görüşünü müxtəlif cüt tərkibli ortaq anlayışlarla simvolik müqayisə edir. Bəstəkar isə öz növbəsində həmin sətirlərdə səslənən fikrin məna yükünün açıqlanması baxımından istifadə olunan alətləri harmonik və ya melodik şəkilli birləşmələrdə verir. Belə ki, əvvəlki epizodda bizə tanış duet anlayışı burada, iki qoboyun, ardınca iki klarnetin polifonik çarpazlığında özünü göstərir. Eyni zamanda Piccolodakı fiqurasiyalar ulduzlar leytmotivi olduğu halda, campanelli və silofonun kanonu Müştəri və Zöhrə ulduzlarının simvolik dialoqunun təsviridir. Beləliklə də, müəllif hər iki parçada dinləyicinin diqqətini fərqli şəraitdə cərəyan edən hadisələrin ortaq mənasına yönləndirir.

Vibrafonun səs həmləsi ilə arfanın gəzişmələri üzərində qaboyun başladığı soloda Bəhram Gurun bir hücrənin divarlarına həkk edilən rəsmlərdə gördüyü "Yeddi gözəl" sanki canlanır:

 

 

 

...Bir həmail üstə çəkmişdi ustad,

Yeddi şux gözəldi, yeddi pərizad.

Hər incə təsvirdə min gözəllik var,

Gövhərtək hər biri gözəl nur saçar...

 

Poemanın məzmununda gözəllərin yaşadığı:"...saraylar qədim astroloji anlayışa görə hər birinin öz rəngi olan yeddi planet həftənin hər bir gününə bağlıdır: 1) Yaşıl saray - Ay - bazar ertəsi; 2) Qırmızı saray - Mərrix (Mars) - çərşənbə axşamı; 3) Mavi saray - Üttarid (Merkuri) -çərşənbə; 4) Səndəl saray - (Müştəri), Yupiter - cümə axşamı; 5) Ağ saray-Zöhrə (Venera) - cümə; 6) Qara saray - Saturn (Zühəl) - şənbə; 7) Sarı saray - Günəş - bazar günü..." olmaqla fərqli görünüşə malikdirlər.

Bəstəkar isə öz növbəsində hər xanım obrazın milli kimliyinə uyğun musiqi elementləri ilə qısa təsfirini verir. Məsələn, İran gözəlinin yaşadığı Ağ sarayın cümə günü ilə yanaşı bağlandığı Zöhrə ulduzunu eyni zamanda:"...Yaxın Şərqin klassik şairlərinin əsərlərində göylərin çalğısı da adlandırırlar..." Onun mövcudluğu daima şənlik, rifah əlaməti kimi xarakterizə olunur.

 

"İskəndərnamə"də həmin məqam:

...Taleyim açıldı, oldum bəxtəvər,

Zəhra dəf göndərdi, Müştəri dəftər...

 

 

"Yeddi gözəl" də isə:

 

...Zöhrə Surə keçdi, Müştəri qövsə,

Bu ev ziynətlənib, döndü Firdovsə...

 

 

 

- kimi vəsf edilir.

 

"Xəmsə"də bir çox qədim musiqi alətlərinin (təbil, şeypur, ud, setar, saz, rübab, barbəd, cəng, kanon, rud və s.) adlarını çəkilir. F.Əlizadənin müxtəlif əsərlərinin orkestr düşüncəsində Şərq musiqi alətlərinin natural ifa üsulları ilə yanaşı (məsələn, "Dərviş"), Qərb alətlərinin də imkanlarından bəhrələnən imitasiya variantları da (məsələn, "Abşeron" kvinteti) tətbiq olunur. Tədqiqat obyekti kimi seçdiyimiz əsərin partiturasının ahəng palitrasına vardıqca müəllifin üslubunun təkamülünü müşahidə edirik. İran gözəlinin təsviri ilə bağlı parçada səslənən tamburino Şərq musiqisi üçün xarakterik 6/8 ölçülü ritm cizgilərlə zəngin dəf alətinin çalğı imitasiyasıdır.

Növbəti epizodda litavranın müdaxiləsi ilə yaylı kvintetin aşağı registerdən yuxarıya doğru sürətlə hərəkəti əsərin məzmununun yeni ifadə vasitələri ilə zənginləşməsinə sirayət edir. Violonçellərlə eyni anda ağır mis nəfəslilərin fəallığı dramatik inkişafı sürətləndirməyə başlayır. Epizodun başlanğıcında faqot və litavranın unisonunda 6/8 ölçülü ritmik strukturun variantı nəticəsində musiqinin məzmuna dissonans intonasiyalar daxil olur. Ön plana "Yeddi gözəl" poemasından "Xeyir və Şər" hekayəsinin ən dramatik anı - Şərin bir içim su qarşılığında Xeyirin gözlərini çıxartması ilə yaşanan faciə səhnəsi çıxır:

 

 

...Bu halı görüncə siyirib xəncər,

Quş kimi şığıdı Xeyirin üstə Şər.

Xəncəri çırağa çaldı, qanmadı,

Çırağı söndürdü, qəlbi yanmadı...

 

 

Hekayənin davamında səhranın ortasında yaralı Xeyirin bir çobanın "...türk baxışlı, xoş hindu xallı" qızı tərəfindən tapılması ilə aralarında başlanan dialoq:

 

...Dedi: "Vay halına, söylə görüm sən,

Qanlar içindəsən nə üçün, nədən?

Ey cavan, bu zülmü sənə kim etdi,

Halına yanmadı, buraxdı getdi?"

O dedi: "Ey mələk, de görüm ki, sən

Pərizadəmisən, ya mələkmisən?

İşim çox qəribə oyundur, heyhat.

Uzundur başıma gələn əhvalat..."

 

 

- əvvəlki dramatik parça ilə kəskin təzad təşkil edir. Violinlərin tremolo müşayiətində I qoboyun solosu ilə ara-sıra II qoboyun qlissandosu həmin diaoloqun təsviridir. Çelestanın "nizamlı kainat mövzu"sunun əvvəlcə motiv-hissəcik, daha sonra tam şəkildə müdaxiləsi ilə paralel campanellinin nöqtəvari kontrapunktu fonunda fleytaların "sual-cavab" ünsiyyəti iki sevən gəncin zülmətdən əbədi işığa çıxışını xatırladır.

Əsərin növbəti bölməsində şeypurların fanfarları dinləyiciləri "İskəndərnamə" poemasında İskəndərin Dara ilə döyüş səhnəsinin aşağıdakı:

 

 

...Yollara töküldü dəmirdən tikan

Şeypurlar coşduqca qopdu həyəcan.

Üz-üzə gəlirdi hər iki ordu,

Nə ürəkdə dinclik, nə gözdə uyğu..."

 

- misralarının məna yükünə kökləyir.

Ardınca orkestr unisonların fakturası misralarda təsvir olunan orduların hər ikisində ümumi coşqu və vəhdətin rəmzi simvoludur. Bəstəkar döyüş meydanında duyğusal hisslərin kulminasiyasını tədricən, ifadə vasitələrinin qənaətlə partituraya daxil edərək nail olur. Burada fakturanın fasiləsiz şəkil dəyişmələri gərginliyin artıb-azalmasına hesablanıb.

Məhz bu qayda ilə davam edən dramaturji proseslər söhbət gedən bölmənin kulminasiya zamanını hazırlamağa başlayır. Belə ki, yaylı kvintetin ardıcıl dalğaları fonunda şeypurlar ilə kiçik təbilin qətiyyətli zərbələri döyüşün şiddətli anının təsviridir. Poemanın:

 

...Davullar gurlarkən dəhşət verərək,

Təbilin dodağından öpürdü fələk,

 

 

yaxud:

 

...O qədər toz qopmuş tərkə, yəhərə,

Yer göyə dönmüşdü, göy isə yerə...

 

 

- kimi misrlarından baş verən reallıqların səma cisimlərinin fiziki xassələri ilə müqayisəsini görürük. İlk iki sətirdə səmaya ucalan təbil zərbələrinin gurultusunu fələyə, başqa sözlə, orbitlərin fasiləsiz dövrünə, növbəti iki misrada isə orduların qarşıdurması nəticəsində əmələ gələn toz dumanın göydəki ulduzlar qədər ölçüyə gəlməzliyinə toxunulur.

Kompozisiyanın final məqamında əsərin sonluğunun maraqlı dramaturji həllini müşahidə edirik. Firəndiz Əlizadə misteriyanın final hissəsinin dramaturji konsepsiyasını qurarkən "Sirlər xəzinəsi"nin "İnsanın yaranması" adlı hekayəsinin ilk misralarına müraciət edir:

 

 

...Göydə yaşayanların ən gözəli, ən xası,

 Təptəzə yer əhlinin o idi tək aynası

 

 

Canının şəkli bildi insanlıq o igidi,

Yeddi səma qolunun qızıl bilərziyidi.

 

 

Çıxdı iki beşikdən - qovuşdu cism ilə can,

İki cövhər məğzini mənimsədi ilk İnsan.

 

 

Odur zindan əhlinin mükafatı, xələti,

Ruh əhlinin saqisi, sədri, ilham qüvvəti...

 

 

Firəngiz Əlizadə final bölmədə yuxarıdakı parçanın ənənəvi təsvirindən uzaqlaşaraq sətiraltı məna yükündən doğan motivləri Nizami obrazları ilə əlaqələndirir. Məsələn, "Ruh əhlinin saqisi, sədri, ilham qüvvəti..." fəlsəfi açımında müxtəlif məzmun axtarışları ilə yanaşı, yaradıcı insanın ilham pərisinin mənbəyini nəzərdə tutur. Buna təsdiq kimi "Xosrov və Şirin" poemasında sənətkar Fərhadın Şirinə olan saf məhəbbəti naminə Bisütun dağını yarmağa söz verdiyi epizodda "...Rəssamlar gözünün mehrabı sənsən..." fikrini qeyd etmək yerinə düşər.

Musiqinin tərkibində duran möhkəm ritmik özək fakturanın dəqiq simmetrik quruluşa malik inkişafına səbəb olur. Yaylı kvintetin diviziyaları fonunda taxta nəfəslilərin triol fiqurasiyaları vasitəsilə "...Çıxdı iki beşikdən - qovuşdu cism ilə can.." misralarında yerlə göyün fasiləsiz dövrlərinə, "...Yeddi səma qolunun qızıl bilərziyidi..." fikrində isə musiqi axınının hər dəfə yeddi alət arasında paylaşan polifonik çarpazlaşması müvafiq olaraq planetlərin hərəkətinə ehyam vurur.

Belə vəziyyətdə davam edən proseslər final hissənin, eynilə bütün konsepsiyanın kulminasiya anını yaxınlaşdırır. Partiturada piramida şəklində alətləşdirmə prinsipinin tətbiqi, natural və xromatik səs laylarının ardıcıl hərəkəti möhtəşəm dramatik partlayışla:"...İki cövhər məğzini mənimsədi ilk İnsan..." fəlsəfəsinin təntənəsi ilə nəticələnir.

Növbəti epizodda fakturada müşahidə olunan seyrəlmə, çalar dəyişikliyi əsərin əvvəlindən bizə tanış qoşa alətlərin çıxışına səbəb olur. Musiqinin məzmunu kainatda mövcud ulduzların maneəsiz axarlığından yaranan sakitliyin yerdəki insanlar üzərində hüzurun bərqərar olmasına sirayət etməsinin təsviridir. Əsərin məhz bu tərzdə, sakit koda ilə bitməsi gözləntisinə Firəngiz Əlizadə fərqli yanaşır.

Əsərin əvvəlindən bizə tanış Zöhrə planetinin təsvirində müəllif ilkin ritmik səciyyəni 12/8 variantı ilə əvəzləyir. Ardınca partiturada qoşa xüsusiyyətli alətlərin növbələşən müdaxiləsi ilə dinamik canlanma başlayır. Məhz bu zaman Firəngiz Əlizadə yeni bəstəsinin əsas qayəsini - lakonik zaman və məkan çərçivəsində Nizami hikmətinin sətiraltı fəlsəfi əqidəsinin açımını həyata keçirir. Böyük şairin:

 

 

...Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?!

...Eşqsiz bu dünya soyuq məzardır,

Ancaq eşq evində rahatlıq vardır...

 

 

- misralarının məna yükündə bütün gözəlliklər kimi insanın saf məhəbbətdən yarandığını və zəngin mənəviyyatlı şəxsiyyətin kainatın əşrəfi olmaqla bütün ilahi dəyərlərə, həmçinin əsl sevgiyə layiq olduğunu özündə əks etdirir. Çünki bəşəriyyətin gələcək taleyi kamil insanın təfəkkürü ilə sıx bağlıdır. Əks təqdirdə bizi əhatə edən bütün yaranış məhvə məhkumdur.

Firəngiz xanım şairin yaradıcılığının ana xəttini təşkil edən fəlsəfi əqidəsini simfonik orkestrin bir çox ifadə vasitələri ilə yanaşı, elektron səslər kimi müasir ifadə üsullarından istifadə edərək fasiləsiz inkişaf formasında həyata keçirir. XX əsr müasir musiqi sənətində elektron səslər anlayışları fransız əsilli Amerika bəstəkarı Edvard Varezin adı ilə bağlıdır. Firəngiz Əlizadə "Nizami Cosmology" partiturasında E.Varezin simfonik orkestrləşdirmə təfəkküründən bəhrələnir.   

Kainat-göy cisimlərinin hərəkət məkanı kimi deyil, həmçinin idrakın sonsuzluğu simvolu rolunu oynayır. Məhz belə halda, Nizaminin saysız-hesabsız sirlərlə dolu hikmət xəzinəsinin kandarından keçərək mənəvi ruhun təkmilləşməsinə yorulmadan çalışan fərdlər kamil insan-şəxsiyyət simasına malik olur. Necə ki, Firəngiz xanımın yeni bəstəsində bunun şahidi oluruq.

 

Yavər Neymətli

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.- S.20;21.