Ziyarətçi

 

  hekayə

 

 

Mario Varqas LYOSA (Xorxe Mario Pedro Varqas Lyosa) - 1936-cı ildə doğulub. Peru nasiri, dramaturqu, esseçisi və siyasi xadimidir. 2010-cu il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatı və 2021-ci ildən etibarən Fransa Akademiyasının üzvüdür. Vaxtilə ölkə prezidentliyinə namizəd də göstərilib.

Dükanın ta ağzına qədər uzanan qumluq ərazi onun düz kandarında bitir. Bu məkanın qapısı sayılan dəlikdən və qamışdan hörülmüş pərdənin aralarından boylanan adamın baxışları hərəkətsiz, bəyaz səth üzrə şütüyüb, şütüyüb, ən nəhayət, səmaya dirənir. Dükanın arxa tərəfindəki torpaq ərazi nahamar və sərtdir, təxminən bir kilometr bərilərdən isə dağlıq ərazi başlanır: bir-birinə söykənən o dağların səthi cilalanıbmış kimi hamardır, həm də onlar get-gedə yüksələn bir sırayla düzülüb. Şişuclu zirvələr eynilə iynə kimi buludlara sancılmaqla qalmır, həm də asimanı bir balta misalı yarırlar. Sol cinah boyu meşə zolağı uzanır: qumluğun kənarından əyrim-üyrüm və dar şəkildə başlanan bu zolaq get-gedə genəlir və ən nəhayət, dükandan xeyli uzaqlarda, yəni dağların ətəklərində gözdən itir. Meşədə alçaq kollar, cürbəcür otlar bitir, quru və sarmaşıqvarı bitkilər bütün o həndəvəri bürüyübdür, yol-iz gözə dəymir, ilanlar və çürüntülü bataqlıqlar adamı tamamən bezdirir. Ancaq bunlar selvanın (Cənubi Amerikada rütubətli ekvatorial və ya tropik meşə - A.Y.) sadəcə müjdəçisidir, onun zavallı bir görüntüsüdür, çünki o, iri bir dağın ətəyindəki dərədə gözdən itir, onun digər üzündə isə əsl selva boydan-boya uzanır. Bütün bu məqamlar donya Merseditasa yaxşı bəllidir, çünki bir dəfə, həm də xeyli əvvəllər, bu dağın zirvəsinə dırmaşdığı və ayaqlarının dibində uçuşan buludların arasından heyrətlə, uzun-uzadı tamaşasına durduğu vaxt bu göz baxdıqca uzanan geniş vadini, başdan-başa yaşıla bürünən vadini görmək fürsəti qazanmışdı o.

İndi isə donya Merseditas yerə yıxdığı bir cüt taxıl kisəsinin üstündə mürgüləyir. Ondan azca aralıda burnuyla qumluğu eşələyən keçisi isə tapdığı hansısa qabıqları inadla gövşəyir və axşamın ilıq havasının təsiriylə ara-sıra incə bir səslə bəkkildəyir.

Qəfildən qadın bədənini gərib, qulaqlarını şəkləyir, gözlərini açaraq, keçiyə səslənir:

- Nə var, ay keçi?

Qumluğa sancılmış mıxçaya bağlanan keçi boynundakı ipi dartmağa başlayır. Qadın çətinliklə də olsa, yerindən qalxır. Onlardan təxminən əlli metr irəlidə və səmanın fonunda bir kişi qaraltısı açıq-aşkar seçilir. Onun qumluğa düşən kölgəsi isə özündən xeyli öndə gəlir. Əlini qaşlarının üstünə qoyan qadın həmin səmtə boylanır. Sonra yan-yörəsinə baxınır və yerindəcə donur. Bu yaxınlaşan kişi ucaboylu, arıq və qaradərili birisidir. Qıvrım saçları və kinayə yağan gözləri var. Gün altda bozaran köynəyi dizə qədər çırmaladığı xovlu yun şalvarının üzərində dalğalanır. Arıq ayaqları isə adama bir cüt incə çubuğu xatırladır.

O, məzələnirmiş kimi iltifatla deyir:

- Axşamınız xeyir, senyorita Merseditas.

Rəngi avazıyan qadın donquldanır:

- Nə istəyirsən yenə?

- Yəqin, məni tanıdınız, elə deyilmi? Çox gözəl, bundan dərin məmnunluq duydum. İndi ki, üzümə belə xoş baxdınız, mənim də burada nələrsə atışdırmaq, hətta içmək keçdi könlümdən. Elə möhkəm susamışam ki.

- Orada, içəridə pivə də var, meyvə də.

- Təşəkkürlər, senyora Merseditas! Həmişəki kimi elə nəcibsiniz ki. Bəlkə mənimlə eyni süfrəni də paylaşasınız?

Qadın qıyğacı baxışlarla ziyarətçini süzüb deyir:

- Bircə bu çatmırdı! Nəyin harada olduğuna məndən yaxşı bələdsən.

Donya Merseditas həm şişmandır, həm də yaşlanıb artıq, ancaq dərisi şümaldır və öz təravətini hələlik itirməyib, həmişə də ayaqyalın gəzib-dolaşır.

Onun könlünü almaq üçün kişi deyir:

- Sadəcə olaraq süfrəyə tək oturmağı sevmirəm. Elədə qüssə mənə güc gəlir.

Əvvəlcə tərəddüd keçirən qadın daha sonra ayaqlarını qumda sürütməklə dükana tərəf üz tutur. İçəri girib, bir pivə şüşəsi açır.

- Təşəkkürlər, dərin təşəkkürlər, senyora Merseditas. Əslində mən süd içmək istərdim. Bir halda ki, bu şüşəni açdınız, bəlkə onu elə özünüz içəsiniz, hə?

- İndi meylim çəkmir.

- Yaxşı da, senyora Merseditas, bəsdirin görək! Mənim sağlığıma için barı.

- İstəmirəm də.

Kişinin üzündəki xoş ifadə hiddət və sərtliklə əvəzlənir:

- Yoxsa karsan sən?! Dedim ki, içəcəksən. Sənin sağlığına!

Hər iki əliylə tutduğu şüşəni qadın ağzına aparır, pivədən ağır-ağır və kiçik qurtumlar alır. Səthi kəsik-küsük və kirli olan piştaxtanın üstündə isə südlə dolu, gözqamaşdırıcı bəyazlıqda bir banka var. Əl havasına o ətrafdakı milçəkləri qovan kişi bankanı götürüb, ondan iri bir qurtum alır. Dodağının üstündə südün qaymağının buraxdığı izi isə ağzını marçıldatdıqdan sonra diliylə yalayır. Ləzzətlə köks ötürüb deyir:

- Ax-x! Əcəb ləzzətli südmüş bu, senyora Merseditas! Yanılmıramsa, bu, keçinizin südüdür, elə? Yamanca döşümə yatdı. Siz necə, pivənizi içib-bitirdiniz? Bəlkə onda bir şüşə də açasınız? Sizin sağlığınıza!

Qadın üzüyola halda ona deyiləni edir. Bu ara ziyarətçi bir cüt bananı və portağalı gözünə təpir.

- Bura baxın, senyora Merseditas, axı hara belə tələsirsiniz?! Pivə çənənizdən üzüaşağı tökülür ey. Belə getsə, paltarınız da islanacaq. Onu niyə ləkələyirsiniz?! Bir şüşə də açın və onu Numanın şərəfinə için getsin. Sizin sağlığınıza!

Piştaxtanın üstündə boşalan dörd pivə şüşəsi yan-yana düzülüncə, kişi bu "Sizin sağlığınıza!" sözlərini elə hey təkrarlayıb, durur. Artıq baxışları donuqlaşan qadın gəyirir və yerə tüpürdükdən sonra boş meyvə kisəsinin üstündə ağnayır. Ziyarətçi səsini yüksəldir:

- İlahi! Əcəb qadınmış ha bu! Üzr istəyərək deməliyəm ki, senyora Merseditas, siz artıq keflənibsiniz! Bu sözümdən inciməyin.

- Yaşlı qadınla məzələnirsən, Yamaykalı?! Bax, bunun cəzasını alacaqsan, görərsən, - deyərkən qadının dili xəfifcə topuq vurur.

Kişi isə soyuqqanlı tərzdə deyir:

- Yox ha! Yeri gəlmişkən, bu Numa nə vaxt gələcək?

- Numa?

- Yetər artıq, senyora Merseditas, lap dözülməzsiniz ha. Yetər özünüzü avam yerinə qoydunuz. Deyin görüm, o, bura nə vaxt gələcək?

- Ax-x, səni iyrənc zənci! Numa bura gələn kimi gəbərdəcək səni.

Kişi əsnəyərək deyir:

- Eh, qorxutmayın da məni, senyora Merseditas! Belə görürəm ki, hələ bir az da vaxtımız var. Ən azından, axşam düşənə qədər. Bir az mürgü döyək bəlkə?

Kişi durub, bayıra çıxır və keçiyə tərəf gedir. Heyvan ürkək-ürkək onu süzür. İpi açan zənci keçini də yanına salıb, dükana dönür və o ara ipi yumaq şəklində biləyinə sarıyarkən həm də fit çalır. Qadın gözünə dəymir. Kişinin hərəkətlərində bayaq sezilən arxayınlıq hissi qəfildən harayasa yox olur. Lənət yağdıraraq, o, dükanın içində dolaşır. Sonra isə ağaclığa tərəf cumur. Keçi də onun ardınca düşüb gəlir. Məhz bu heyvan kol dibində gizlənən qadını tapır, ona tərəf qaçmaqla, üzünü yalamağa başlayır. Qadının öz keçisini necə dərin qəzəblə süzdüyünü görən Yamaykalı qəhqəhə çəkir. Kişinin bircə əl hərəkəti ilə donya Merseditas kor-peşman halda təkrar dükana qayıtmağa məcbur qalır.

- Yo-ox, hər şeyə rəğmən, siz qorxunc qadınsınız. Axı haradan ağlınıza gəldi bu belə?!

Kişi senyora Merseditasın əl-ayağına kəndir vurur. Sonra onu qaldırıb, piştaxtanın üstünə qoyur. Bir müddət məzə dolu baxışlarla qadını süzür, sonra isə qəfildən onun iri və çatlarla örtülü ayaq pəncələrini qıdıqlamağa başlayır. Piştaxta kifayət qədər ensizdir deyə, gülməkdən qıvrılan donya Merseditas yavaş-yavaş piştaxtanın lap kənarına doğru sürünür və ən nəhayət, küt bir tappıltı ilə döşəməyə düşür.

Ziyarətçini gülmək tutur:

- Səmimi sözümdür: əcəb qorxunc qadınsan sən! Özünü də elə aparır ki, guya huşunu itirib, halbuki bir gözüylə ətrafına baxınır. Sizlər heç cür islah olan deyilsiniz, senyora Merseditas!

Başını qapıdan içəri uzadan keçi o ara diqqətlə öz sahibəsini süzür.

 

***

Qaranlıq çökür. Atların kişnərtiləri də axşamın düşdüyünü xəbər verir. Başını qaldıran senyora Merseditas gözlərini geniş açaraq ətrafı dinləyir.

Yamaykalı:

- Bu, onlardır, - deyərək yerindən sıçrayır.

Atlar kişnəyir və ayaqlarını tappıldatmaqla yeri eşirlər. Dükanın kandarında dayanan Yamaykalı çılğın tərzdə bağırır:

- Leytenant, yoxsa siz dəli olmusunuz? Dəli olmusunuz siz?!

Qayaların ardından leytenant peyda olur: bu, qısaboylu, tosqun kişinin ayaqlarında süvari çəkmələri var. Üz-gözündən tər axır. Leytenant ehtiyatla həndəvərinə göz gəzdirir.

Yamaykalı bayaqkı sualını təkrarlayır:

- Siz dəli olmusunuz, nədir? Nə olub axı sizə?

Leytenant ona çımxırır:

- Üstümə heç xoruzlanma, zənci. İndicə çatdıq da. Nə baş verir burada?

- Necə yəni "nə baş verir"? Adamlarınıza tapşırın, atlarını da götürüb, buradan uzaqlaşsınlar. Yoxsa aldığınız o tapşırığı unutmusunuz?

Üzü pörtən leytenant deyir:

- Biz hələlik sənə sərbəstlik tanımışıq. Odur ki, heç həddini aşma!

- Atları gizləyin, yox, əgər bunu istəmirsinizsə, onların dillərini dibindən kəsin. Yetər ki, hənirtiləri gəlməsin! Və pusquda oturub gözləyin. Özüm sizə işarə verəcəyəm, - deyən Yamaykalı sırtıq bir təbəssümlə dodaqlarını boru kimi irəli uzadır. - Yoxsa indilik mən deyənə tabe olmağa da qarşısınız?!

Leytenant bir neçə saniyə fikrə gedir. Sonra Yamaykalıya:

- Əgər o bura gəlməsə, onda bəxtindən küs, - dedikdən sonra üzünü yana tutaraq, adamlarına göstəriş verir:

- Serjant Lituma, atları gizlədin.

Qayaların arxasından cavab gəlir:

- Baş üstə, cənab leytenant!

Nalların tappıltısı eşidilir. Sonra sükut yaranır. Yamaykalı deyir:

- Bax, bu oldu başqa məsələ. Söz dinləməkdə həmişə fayda var. Çox gözəl, general! Bravo, komandir! Təbriklər, kapitan! Siz orada lal-dinməz oturun. İşarəti mən özüm verəcəm.

Ona yumruğunu silkələyən leytenant qayaların ardında görünməz olur. Yamaykalı isə təkrar dükana qayıdır. Baxışlarından nifrət ifadəsi yağan qadın deyir:

- Satqın! O jandarmlara əcəb tulalanırsan. Səni görüm lənətə gələsən!

- Senyora Merseditas, siz deyəsən, heç ailə tərbiyəsi də almamısınız! Mən bura o jandarmlarla gəlmədim. Təkbaşına gəldim. Leytenantla da elə burada rastlaşdıq. Axı buna özünüz də şahid oldunuz.

Qadın dillənir:

- Numa bura gəlməyəcək. Jandarmlar isə səni təkrar geriyə, həbsxanaya basacaqlar. Oradan çıxan kimi də Numa səni gəbərdəcək.

- Siz mənə açıq-aşkar nifrət bəsləyirsiniz ha, senyora Merseditas. Gör, mənə hansı müsibətləri rəva görürsünüz!

Oturmağa nail olan və qamətini artıq dimdik saxlayan qadın təkrar ona çımxırır:

- Satqın! Yoxsa sən Numanı bunca axmaqmı zənn edirsən?

- Axmaq? Yo-o-x, mən onu axmaq biri saymıram. O, sizin tutuquşunuz qədər çoxbilmişdir. Ancaq siz heç qəlbinizi sıxmayın, senyora Merseditas. O, mütləq bura gələcək.

- Gəlməyəcək. O, sən ağılda deyil. Onun dostları var və burada polis pusqusu qurulduğunu bütün hallarda ona çatdırarlar.

- Elə düşünürsünüz? İnanmıram ki, onlar buna vaxt tapalar. Jandarmlar fərqli yolla, yəni dağlar tərəfdən buraya gəliblər. Qumluq əraziylə isə təkcə mən gəlmişəm. Yolumun üstündəki hər kənddə də adamları sorğu-suala çəkmişəm ki, senyorita Merseditas, görəsən, indi öz dükanında olar? Bir də deyirdim: "Həbsdən təzəcə çıxmışam. Gedirəm onun boğazını üzüm". Çox yəqin, indi ən azı iyirmi nəfər bu xəbəri Numaya çatdırmaq üçün əl-haydadır. Yoxsa siz hələ də düşünürsünüz ki, o, buralara gəlməz? İlahi, niyə üz-gözünüzü bu kökə salmısınız, senyora Merseditas?

Səsi xırıldayan qadın mızıldanır:

- Əgər Numanın başına bir xəta-bəla gəlsə, bil ki, buna görə sən qalan ömrün boyu it kimi peşmanlıq çəkəcəksən, Yamaykalı.

O ara siqaretini tüstülədən kişi çiyinlərini çəkərək fit çalmağa başlayır. Yerindən qalxıb, piştaxtaya yanaşır, oradakı nöyüt lampasını yandırır və onu girişdəki qamış pərdədən asdıqdan sonra deyir:

- Artıq hava qaralır. Bəri gəlin, senyora Merseditas. Qapı ağzında oturub, Numanın yolunu gözlədiyinizi onun da görməsini istərdim. Eh, lap unutmuşam! Axı siz hərəkət eləyə bilmirsiniz. Bu unutqanlığımı əfv edin.

Kişi önə əyilib, qadını qolları üstünə alır. Aparıb onu dükanın girişindəki qumun üstünə qoyur. Lampanın işığında qadının üzü daha mülayim və təravətli görünməyə başlayır.

Donya Merseditas taqətsiz bir səslə soruşur:

- Axı niyə belə edirsən, Yamaykalı?

Zənci sualı təkrarlayır:

- Niyə belə edirəm? Axı siz heç vaxt türmədə yatmamısınız, elə deyilmi, senyora Merseditas? Günlər bir-birini əvəzləsə də, orada başını qatacaq heç nə tapmırsan. İnandırım sizi, türmə həyatı hədsiz cansıxıcıdır. Həm də orada aclığa məhkum olursan. Hə, bir məqamı sizinlə bölüşməyi unutdum. Numanı görəndə məbada çığırıb-edəsiniz ha. Ağzınızı qapalı tutun, yoxsa ora milçək-zad girər.

Kişi hırıldayır. Otaqda arayıb-axtarıb bir əski parçası tapır və onunla donya Merseditasın ağzını tıxayır. Sonra bir ara qadına tamaşa eləyir. Görünür, bundan həzz də duyur o.

- İcazənizlə deyim ki, senyora Merseditas, son dərəcə məzəli bir görkəminiz var. Hətta dəqiq deyə də bilmirəm ki, belədə nəyə bənzəyirsiniz!

 

***

Qaranlıq dükanın o biri başında lal-dinməz pusqu quran Yamaykalı öz şikarının üstünə sıçramağa hazırlaşan bir ilan qədər soyuqqanlı görünür. Bir qədər irəli əyildiyi üçün o, əlləriylə piştaxtaya dayaq verib. Ondan iki metr irəlidə yanan lampadan düşən konusvarı işıq zolağında isə hərəkətsiz halda oturan qadın dəyir gözə. Bir qoxu alıbmış kimi, boynunu önə əysə də, qadın dimdik oturub. Onun da qulağına səs dəyib.    Haradasa sol tərəfdən gələn xəfif, amma son dərəcə aşkar duyulan səs cırcıramaların bir ağızdan oxuduğu nəğmədən seçilməkdədir. Yamaykalı pıçıldayır: "Lənət şeytana! O, yaramaz tək deyilmiş!". Eyni səs təkrar, amma bu dəfə daha sürəkli eşidilir. Ağacların budaqları şaqqıltıyla qırıldıqca, bir qaraltı bu dükana tərəf yaxınlaşır. Zənci əlini cibinə salıb, çıxartdığı fıştırığı ağzına aparır, qımıldanmadan uyğun məqamı gözləyir. Qadın təlaşdan yerində qurcalanır, Yamaykalı isə dişlərini qıcayaraq ona söyüşlər yağdırır. Qurcalanmağına ara verməyən senyora Merseditas saat rəqqası kimi başını sağa-sola yırğalamaqla, ağzındakı tıxacdan qurtulmağa çalışır. Bayaqkı səs-küy artıq kəsilibdir. Deməli, gələnlər qumluqda irəliləyirlər və qum örtük onların addım səslərini udur. Qadın necə sərt hərəkətlə başını sola əyirsə, az qalır boynunu qıra, hədəqəsindən çıxmağa hazırlaşan gözləri onu ayaq altda qalmış bir iquanaya bənzədir. Yamaykalı mızıldanır: "Qadın onları görür artıq". Dilinin ucuyla fıştırığa toxunduğu an soyuq metal dilini xəfifcə dalayır. Donya Merseditas başını yırğalamağına davam edir və çarəsiz halda xırıldayır. Keçi pəsdən mələyincə, Yamaykalı diksinir və yerə sinir. Bir neçə saniyədən sonra o, oturan qadına yanaşan kölgəni və çılpaq bir əlin onun ağzındakı tıxaca tərəf uzandığını sezir. Yamaykalı var gücüylə həm fıştırığını çalır, həm də gələn o adamın üstünə sıçrayır. Səslənən fit, bir yanğın varmış kimi, gecənin dərin sükutunu alt-üst edir, gah sağdan, gah soldan söyüş-lənət yağır və bunlar təlaşlı addım səsləri fonunda eşidilməz olur. Hər iki kişi senyora Merseditasın üstünə sərələnir. Yamaykalı ayağa qalxmağa macal tapdığı an əldən cəld tərpənən leytenant bərk-bərk Numanın saçlarından yapışır, digər əlindəki tapançanı isə onun gicgahına dirəyir. Əli tüfəngli dörd əsgər isə bu adamları əhatəyə alır. Yamaykalı əsgərlərə çımxırır:

- Haydı, o tərəfə qaçın! Yoldaşları ağaclıqdadır. Cəld tərpənin! Yoxsa oradan çıxacaqlar. Tez olun!

Gözlərini Numadan ayırmayan jandarm leytenantının verdiyi göstəriş də gecikmir:

- Yerinizdə qalın!

O ara Numa gözünün ucuyla özünə tuşlanan tapançanı süzür. O, təmkinli görünür. Əllərini də yanlarına salaraq gözləyir.

- Serjant Lituma, bunun əl-ayağını sarı!

Lituma tüfəngini yerə qoyub, qurşağındakı kəndiri çıxarıb açır. Məhbusun ayaqlarına kəndir vurandan sonra qollarını qandallayır. Numanın ayaqlarını qoxlayan keçi onları ehtiyatla yalamağa başlayır.

- Atları gətir, serjant Lituma! - deyən leytenant tapançasını qılafına qoymaqla, qadına tərəf əyilir. Onun ağzındakı əskini dartıb çıxarır, ona sarınan ipləri açır.

Yerindən qalxan donya Merseditas keçiyə bir yumruq ilişdirməklə, Numaya yanaşır. Heç nə söyləmədən əlini onun alnında gəzdirir. Numa maraqlanır:

- Bu hərif sənə bir şey eləmədi ki?

Qadın deyir:

- Yox, eləmədi. Meylin siqaret çəkir?

Yamaykalı hələ də təkid edir:

- Leytenant, bunun havadarlarının buralarda, yaxınlıqdakı meşədə olduğunu bilə-bilə, axı niyə tədbir görmürsünüz? Niyə dediklərimi qulaqardına vurursunuz? Onlar azı üç-dörd nəfərdilər. Nəyi gözləyirsiniz axı?! Onları yaxalamaq əmrini niyə icra etmirsiniz?!

Leytenant isə ona tərəf hətta baxmağa da ərinərək zənciyə təpinir:

- Kəs səsini, ə, qarazırtı!

Sonra isə bir kibrit yandırır və onu qadının Numanın ağzına qoyduğu siqaretə sarı uzadır. Dişləri arasında tutduğu siqaretdən Numa bir neçə dərin qullab alır və tüstünü burun pərələrindən buraxır.

- Mən bunun ardınca bura qədər gəlmişdim. O birilərə görə yox.

Yamaykalı altdan alır:

- Qoy elə olsun. Ancaq vəzifə borcunuzdan xəbərsiz olmanız sizə əsla şərəf gətirməz. Şəxsən mən öz öhdəmə düşəni elədim. Odur ki, artıq sərbəstəm.

Leytenant da deyiləni təsdiqləyir:

- Hə, sən artıq tamam sərbəstsən.

Bu ara beş atın cilovunu əlində tutan serjant Lituma xatırlatdı:

- Cənab leytenant, bəs atlar?

Leytenant göstəriş verir:

- Lituma, sən onu öz atının tərkinə al. Qoy  sizinlə birgə getsin.

Serjant və əsgərlərdən birisi Numanın ayaqlarındakı kəndiri açıb, onu atın belində oturdur. Lituma onun arxa tərəfində oturur. Atlara yanaşan leytenant isə öz atının cilovunu əlinə alır.

- Bura baxın, leytenant, bəs mən kimlə gedəcəyəm?

Ayağını artıq üzəngiyə qoyan leytenant ona verilən sualı təkrarlayır:

- Sənmi? Hə, sən, eləmi?

- Hə də. Başqa kim olacaq?!

Leytenant qətiyyətlə deyir:

- Sən artıq azadsan. Bizə qoşulub getmən elə də vacib deyil. İstədiyin səmtə gedə bilərsən.

Artıq atlarının belində oturan Lituma və digər jandarmlar qəhqəhə çəkirlər.

Yamaykalı titrək bir səslə bağırır:

- Bu nə zarafatdır belə?! Cənab leytenant, hər halda siz məni burada qoymazsınız, elə deyilmi? Axı meşədə qopan mərəkəni özünüz də eşitdiniz! Mən isə özümü layiqincə apardım. Verdiyim sözə əməl elədim. Odur ki, mənimlə əsla bu cür davrana bilməzsiniz.

Leytenant deyir:

- Serjant Lituma, əgər yeyin getsək, dan yeri söküləndə Pyuraya çatarıq. Gecə saatlarında qumluq əraziylə getməmiz daha məsləhətlidir, elədə atlar da sən deyən əldən düşməzlər.

Zabitin atının cilovundan yapışaraq, onu dəlicəsinə silkələyən zənci deyir:

- Leytenant! Məni burada atıb getməyin! Bu qədər vicdansız davranmayın!

Ayağını üzəngidən çıxaran leytenant bir təpik ilişdirməklə, Yamaykalını bir kənara itələyir. Sonra isə deyir:

- Arabir atları dördnala çapmamız lazım gələcək. Serjant Lituma, siz bilən, yağışa düşmərik ki?

- İnanmıram, cənab leytenant. Göyün üzü tərtəmizdir.

Yamaykalı əti kəsilibmiş kimi çığırıb durur:

- Siz məni burada qoyub, heç hara ge-dəm-məz-si-niz!

Senyora Merseditas qarnını tutaraq bu sözə ürəkdən gülür.

Leytenant göstəriş verir:

- Haydı, getdik!

Yamaykalı isə hələ də boğazını yırtır:

- Leytenant! Yalvarıram axı sizə, leytenant!

Atlar yavaş-yavaş yola düzəlirlər. Yerində quruyub qalan Yamaykalı onların arxasınca baxa-baxa qalır. Lampa işığında onun üzünün necə əyildiyi aşkar sezilir. Senyora Merseditas isə qulaqbatırıcı qəhqəhələr çəkməyinə davam edir. Sonra qəfil susur və əllərini ağzına tutaraq uca səslə deyir:

- Numa! Hər bazar günü sənə meyvə gətirəcəyəm!

Bunun ardınca təkrar qəhqəhə çəkir.

Yaxınlıqdakı meşədə isə yenə də kimlərinsə qırdığı budaqların şaqqıltısı və xəzəllərin xışıltısı eşidilir.

 

 

 

 Mario Varqas Lyosan

Tərcümə: Azad YAŞAR

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.- S.30-31.