Anarın əsərlərində
Şuşa –
etibarlı yaddaş mətnləri kimi
Şuşa Anarın yaradıcılığına
yaddaş mətni kimi 14 yaşında daxil olub. Bəlkə bu səbəbdən,
1981-ci ildə müəllifi və rejissoru olduğu "Uzun
ömrün akkordları" filmi ilə
yaddaşındakı Şuşa obrazı
- təbiət və landşaft əsrarəngizliyi ilə bir
az da avtobioqrafik kod səciyyəsi daşıyır. Uşaqlığın, ilkinliyin yaddaşda
buraxdığı təsir anını hər addımda hiss
edirsən. Sonradan 1985-ci ildə "Ulduz"
jurnalında çap olunan "Qarabağ şikəstəsi"
yazısı ilə yaddaşın Şuşa lövhələri
yenidən səhifələnir: "83-cü ilin bir iyul
günü - Bakının istisinə, tüstüsünə,
ağcaqanadlarına dözməyə daha taqətimiz qalmayanda
qərara gəldik ki, Şuşaya gedək"... Burada
yazıçı Şuşa və
şuşalıların özünəməxsus xüsusiyyətlərini,
davranış fərqliliyini, adət-ənənə və
yaşam tərzlərini, mühit özəlliklərini təsvir
edir.
Aradan
keçən illər, Şuşanın işğalı, zədələnən
xatirələr, itirilən keçmiş, boy verən nisgil və
s., və i. Yazıçının yaddaşındakı Şuşa isə həmişə diridir. 1994-cü ildə yazılan "Otel
otağı" əsəri bunun sübutuna çevrilir.
***
"Uzun ömrün akkordları" Şuşanı bəlkə
də iri planda, böyük miqyasda təqdim edən yeganə
filmdir. Həm də Xilas missiyalı yaddaş mətnidir.
Ərsəyə gəldiyi müddətdə Anara öz şəxsi
mənəvi ağrılarından qaçmaqda,
Şuşanın işğal dönəmində isə
bütöv xalqın içindəki nisgili ovutmaqda
yardımçı olmaqla mənəvi mahiyyət daşıyıcısıdır:
"O zaman çəkilən "Uzun ömrün
akkordları" filmi, yəqin ki, həyatımı xilas etdi.
Çünki mən onda valideynlərimi itirdim.
Yüz günün içərisində ailəmiz,
kəndimiz böyük faciələrlə üzləşdi.
O film isə mütləq çəkilməli idi, çəkilişi
saxlamaq olmazdı. O zaman mən məhz o filmə aludə
oldum. O qədər problem çıxırdı ki, qismən
başım qarışırdı. Həmin
müddətdə roman, əsər, hekayə yaza bilmədim və
filmin çəkilişi ilə məşğul oldum. Allaha şükür ki, o filmi çəkə
bildik. Şuşa da, rəhmətlik Qədir
Rüstəmovun səsi də elə o kadrlarda qaldı"
(Anar).
Filmdə əsas kadrlar Cıdır düzündə
çəkilib, demək olar ki, Şuşanın
landşaftı ayrıca mətn olaraq təqdim olunur. Üzeyirin
uşaqlığı ilə bağlı səhnələrdə,
hadisələri nəql edən, aparıcı Tofiq Mirzəyevin
təhkiyəsində, Xan qızı Natəvanla bağlı
səhifələrdə Şuşa vizual
olaraq daim iri planda görüntülənir. Cıdır
düzü, çətirlənən nəhəng ağaclar,
göydə süzən quşlar, axan bulaqlar, gözəl
muğam, tütək səsi, Natəvanın qəzəlləri,
film boyu az qala refren kimi səslənən Qarabağ şikəstəsi,
Cabbar Qaryağdıoğlu nəfəsi, Xarıbülbül
gözəlliyi - tamaşaçı bütün film boyu
Şuşa estetikası ilə nəfəs alır. Şuşa filmdə yalnız balaca Üzeyirin
doğulduğu məkan kimi verilmir, burada hər daş, hər
qaya parçasının belə məna rəngləri incələnir.
Anar Üzeyirin iç dünyasına da məhz, bu rənglərin
güzgüsündə nəzər salır. Gələcəyin
böyük bəstəkarının əsərlərinin
ideyası, mövzusu da Şuşada doğulur, Şuşa
onun ilham qaynağı, özünün zəngin təbiətinin
sehrinə salıb yetişdirən poetik məkan səciyyəsi
daşıyır.
***
"Özüm də bilmirəm Şuşanı niyə
bu qədər sevirəm. Burda
doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim
bu şəhərdən deyil, qohum-əqrabam burda
yaşamır. Söz yox, vətənin hər
qarışı, hər bucağı əzizdir, müqəddəsdir,
amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı
bütün ömrümü burda keçirərdim və vəsiyyət
də edərdim ki, öləndə məni burda
basdırsınlar".
Bu fikirlər Anarın 1985-ci ildə yazdığı
"Qarabağ şikəstəsi" məqaləsindəndir. Bu məqalə
sadəcə, səfər təəssüratı deyil,
bütün incəlikləri ilə vizual təfəkkürün
bədii ifadəsidir. Hər zarafat, hər
replika, əfsanə, hekayət bir yaddaş hadisəsidir,
mifoloji çalarlarla, mistik aura ilə yüklüdür.
Tarixi yaddaşın gizli canlı işarələri
səciyyəsindədi. Şuşanı
böyük mədəniyyət məkanı kimi xarakterizə
edən bu məqalədə şəhər landşaftı
ilə onun memarlıq abidələri arasında üzvi
bağlar bir araya gətirilir. Əbdürrəhim bəy
Haqverdiyevin Şuşa ilə bağlı
maraqlı fikri var: "Abu-havasının şairanəliyi əhalisinin
təbiətinə də sirayət etdiyi üçün o
şəhər məşhur şairlərin, ədiblərin,
musiqişünasların, xanəndələrin mədəni
olmuşdur". Anar da yazısında eyni məqama vurğu
salır: "Şahanə bir vüqarı var
Şuşanın. Elə bil o ömrümüzü
bütün adiliklərdən, xırdaçılıqlardan
təmizləyir, ayırır, içəri
dünyamızı arıtlayır, duruldur, bizi gündəlik
həyatımızın, tanış
dünyamızın fövqünə qaldırır.
Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə,
tarixiylə, taleyilə bağlıdır".
"Qarabağ
şikəstəsi" məqaləsində Anar şəhərin
abadlaşması, mədəniyyət mərkəzinə
çevrilməsi üçün maraqlı təkliflər
verir ki, bu təkliflər düşünürəm, bu
gün də aktualdır, azad və abadlaşan
Şuşanın yenidən qurulmasında ideya qaynağı ola bilər:
"Şairənin bağında yerləşən
müxtəlif binalarda Natəvanın muzeyi, ədəbiyyat,
musiqi, xalq sənətləri muzeylərini əhatə edən
bütöv bir kompleks yaradılsın. Həmin kompleksə
açıq və qapalı konsert-tamaşa salonları da
daxil ola bilər. Müxtəlif yerlərdən
gələn qonaqlara musiqi alətlərimizi, keçmiş və
çağdaş müğənnilərimizin
vallarını, lent yazılarını nümayiş etdirək.
Natəvanın ev kompleksində kitabxana, sərgi
qalereyası yerləşdirmək olar. Bakıda çıxan
jurnal və qəzetlərin redaksiyaları buranı hamiliyə
götürə bilər: müasir
yazıçılarımızın avtoqraflı
kitablarını bu kitabxanaya göndərmək, rəssamlarımızın
mənzərələrinin hədiyyə verilməsini təşkil
etmək olar.
Şuşanın qədim binalarının birində
muğam evi yaratmaq, bura ölkəmizdən və xaricdən məşhur
ifaçıları dəvət etmək olardı. Eyni zamanda klassik musiqinin təbliği
məqsədilə Qazançesos kilsəsi üçün
orqan sifariş vermək, burada mütəmadiən simfonik və
kamera konsertləri keçirmək yaxşı iş olar. Bu işin başlanğıcını görkəmli
sənətkarımız Niyazi qoymuşdur. Yay mövsümündə Natəvan bağında
onun rəhbərliyiylə verilən simfonik konsertlər estetik
tərbiyə baxımından nə qədər vacib və nəcib
işdir. M.M.Nəvvabın evinin səliqəyə
salınması, bu evin divarlarına çəkilmiş, indi
üstü əhənglə örtülmüş şəkillərin
bərpa edilib üzə çıxarılması da təxirəsalınmaz
vəzifədir. Sadıqcanın, Cabbar
Qaryağdıoğlunun adıyla bağlı evlərdən
musiqi həyatının canlandırılması
üçün səmərəli istifadə etmək olar.
Şuşa təbiətin, tarixin bizə bəxş
etdiyi gözəl, nadir muzeydir. Bu muzeyi
qorumalı, zənginləşdirməli, dünyaya
tanıtmalıyıq".
***
İstər
"Uzun ömrün akkordları", istərsə də
"Qarabağ şikəstəsi" yazısı Şuşa landşaftının tarixi,
etnoqrafik lövhələrinin ehtivası baxımından etibarlı
yaddaş mətnləridir. Mən etibarlı
yaddaş deyərkən, qeyri-ixtiyarı "Otel
otağı" əsərini xatırlayıram. Şuşa sevgisini içində gəzdirib,
dolaşdığı hər yerdə onunla addımlayan Kərim
müəllimi. Bu əsər həm də
Şuşanın taleyini əks etdirdiyi, ona bənzədiyi
üçün fərqli çalar kəsb edir. Anarın bir əsərində
uşaqlığında Şuşanı
qarış-qarış gəzən obrazları növbəti
əsərlərində Şuşadan ayrı düşərək
onun nisgili ilə qol-boyun dolaşırlar. Şuşa
bu obrazların ancaq xatirələrində yer alır. Nöbvəti yaddaş mətni yaradır Anar.
"Otel otağı" povesti Qarabağ mövzusu
fonunda Azərbaycan cəmiyyəti və ziyalısı
probleminin bədii təcəssümünü verən dəyərli
nəsr nümunələri sırasındadır. Əsərdə
qəhrəmanın retrospeksiya vasitəsilə tez-tez
keçmişə geridönümlər etməsi, yaddaşla
əlaqəsi, oyanıq xatirələri, uşaqlıq illəri
ilə bağlılığı təsirli bədii boyalarla əskini
tapmışdır. Romanı müasir həyat
hadisələrinin dairəsindən çıxarıb tarixin
yaddaşın ən önəmli hadisə və məqamlarına
bağlayan da elə bu xüsusiyyətdir.
Əsər boyu baş qəhrəman Kərimin mənəvi-psixoloji
dünyasının təsviri yazıçının
fokuslandığı əsas müstəvidir. Onun xəyala
daldığı, ürəyinin sancdığı, qəribsədiyi,
mütəəssir olduğu, qəhərləndiyi
bütün yaddaş lövhələrində Qarabağ, Şuşa, yaralı vətən obrazı var.
Yaddaş Kərimin istinad etdiyi ən müqəddəs ərazidir.
Boya-başa çatdığı, erməni qəsbkarları
tərəfindən işğal edilmiş doğma yurdunun xiffəti,
daim Şuşanı, Xocalını - Qarabağı
xatırlaması onun daxilində sarsıntılara, təbəddülatlara
yol açır, aramsız nisgil içində əriyir sanki:
"Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər
uşaqlıq çağının ayrı-ayrı səhnələri,
mənzərələri, sifətləri də bir-bir xəyalında
canlanırdı. ...İstisuda üç yerdə su püskürüb
yerdən çıxırdı, amma bu su yoldakı
bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə,
tərkibiylə şəfalı idi... indi buraların yer
adları - sanki kimsə qulağına bircə-bircə
pıçıldayırmış kimi - yaddaşında səslənirdi:
Yağlı bulaq, Qızıl qaya, Keçili dağı, Pəri
çınqılı, Ayğır qayası, Şiş qaya,
Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu
bulaq. İndi bütün bu yerlər emənilərin
əlindəydi".
Anar bu adlarla yurd yerimizin etnoqrafik özəlliklərinə
diqqət çəkir. İfadə olunan mətləblər -
tarixi, sosial, əxlaqi, mənəvi-psixoloji planda işlənməyindən
asılı olmayaraq - milli yaddaşın qatları üzərində
kökləndiyindəndir ki, xalq ruhunun ifadəsi səviyyəsində
ümumiləşə bilir. Ümumən,
bütün ruhu və qayəsi ilə türk
ziyalısının mənəvi aləminin
saflığına, vətən duyğularının
böyüklüyünə söykənən əsərdə
bu məqamların yer alması, yəni obrazın
yaddaşının məkan koordinatlarına söykənməsi
onun kimliyinə, haradan gəlməsinə rəvac verən
genetik kod kimi mənalanır.
Şuşa əsərdə Kərimin
yaddaşının yanıq yerlərindən biri kimi mənalanmır,
həm də qutsal məkan olaraq simvollaşır. Şuşanı
yada salıb çarəsiz bir şəkildə
ağlaması, həyatının son dəqiqələrində
otel otağında köməksiz qaldığı anda belə
itirdiyi torpağı ilə bağlı keçirdiyi iztirab,
yaşadığı duyğusal anlar onun mənəvi
dünyasının keçmişlə iç-içə nəfəs
alması reallığından xəbər verir. Ankarada
- böyük, güclü dövlətin arxayın şəhərində,
yumşaq kürsülərlə, səsləri hopduran
qalın xalılarla döşənmiş otaqda, alaqaranlıq
torşerin işığında, bahalı Amerikan siqaretlərini
bir-birinə calaya-calaya Şuşanı xatırlaması onun
daxilindəki ağrının qatı boyalarla üzə
çıxmasına vəsilə olur:
"Döyüşə bilmirdin ölməyə gedəydin
Şuşaya.
Haçansa vəsiyyət eləmişdi -
öləndə məni Şuşada basdırın -
demişdi - nənəmin, babamın yanında. Gedəydin,
öləydin, basdıraydılar... Kim
basdıracaqdı? Şuşa, onun
Şuşası, babasının, nənəsinin,
anasının Şuşası düşmən əlindəydi.
Ermənilər buraxardılar onu Şuşaya?
Ölməyə də buraxmazdılar heç...".
Kərim
özünütənbehdən cəkinmir,
iç dünyası ilə baş-başa qalır,
Şuşasız keçirdiyi günləri,
sürdüyü ömrü özünə çox
görür, Vətənin yoxluğu ilə heç cür
barışa bilmir, Vətənsiz "ölüm qoxan"
bir otel otağında dünyasını dəyişmək
hissi ona əzab versə də, qəfil haqlayan ölümdən
yaxa qurtara bilmir.
***
Bu fikirlər
Anarın doqquz il əvvəlki müsahibəsindəndir:
"Bizim ən böyük dərdimiz Qarabağdır. Mən təsəvvür etmək istəmirəm ki,
ömrümün axırına qədər bir də
Şuşanı görməyəcəyəm. Ermənilərin icazəsi ilə işğal
olunmuş Şuşaya getmək istəmirəm. Mən özüm, azad olunmuş Şuşaya getmək
istəyirəm".
28 illik ayrılıqdan sonra yazıçı vətən
oğullarının və Ali Baş Komandanın şücaəti
sayəsində azad olunmuş Şuşanı görmək səadətini
yaşadı.
Bütün yaradıcılığı ərzində Şuşa adının ülviyyətinə
tapınan, ən çətin məqamlarda belə
yaratdığı etibarlı yaddaş mətnləri ilə
onun poetik lövhələrini unudulmağa qoymayan
yazıçının bu müqəddəs torpağa
qürurla qədəm qoymağa bəlkə də hamıdan
çox haqqı çatdı.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 10
sentyabr.- S.2.