Yasunari Kavabata - 1899-cu ildə 11 iyun
tarixində Yaponiyanın Osaka şəhərində anadan
olub. Yapon yazıçısı, Fransa incəsənət və
ədəbiyyat ordeninin zabiti (1960), ədəbiyyat üzrə
Nobel mükafatı laureatı.
1968-ci ildə ədəbiyyat
üzrə Nobel mükafatı Yaponiyanın novella ustası
Yasunari Kavabataya verilmişdi. Həmin il Nobel mükafatına bir çox ölkələrin
yazıçıları təqdim edilmişlər. Onların
içərisində Semyuel Bekett, Vitold Qombroviç, Mişel
Byutor, Günter Qrass kimi yazıçılar vardı. Mükafat komitəsi üstünlüyü yapon
yazıçısına vermişdi.
Y.Kavabataya Nobel
mükafatı verilməsi elan edilən gün Münxen şəhərinin
"Xanzer" nəşriyyatı onun hekayələrinin bir
cildini buraxdı. Altı min
kitab bir günün ərzində satılıb qurtardı.
Yasunari Kavabataya Nobel
mükafatı verilməsi bir sıra yazıçılar
arasında təəccüb doğurmuşdur. Münxendə çıxan "Abendzeitung
" qəzeti yazıçılara Y.Kavabatanı
tanıyıb-tanımadıqları haqqında sual vermiş, əksər
yazıçılar isə onu tanımadıqlarını
söyləmişdilər.
Görkəmli İsveçrə
yazıçısı Fridrix Dürrenmatt yeni laureat
haqqında demişdir ki, mən bu adı eşitməmişdim.
Bu salonda oturan dramaturq Maks Frişə də onun
adı məlum deyil.
Yasunari Kavabata həkim ailəsində
anadan olmuşdur. Uşaqlıqdan yetim
qalmış, həyatın çətinliklərini
görmüşdür. Bu cəhət onun nəsrində
öz bədii əksini tapmışdır.
Yazıçı deyirdi ki, mən qüssəli bir avara
olduğumu heç zaman unuda bilmirəm.
Kavabata bir zaman yapon
yazıçıları Pen- klubunun vitse-prezidenti olmuşdu. O, siyasi baxışları haqqında fikir deməkdən
boyun qaçırırdı.
Kavabata 1972-ci ildə Dzusidə
evində, zəhərlənməsi səbəbilə vəfat
edib. Yazıçının
intihar etdiyini də ehtimal edirlər.
Ana dilində dualar
Hekayə
1
Kitani linqvistika barədə kitab oxuyurdu. Növbəti
faktları çatdırırdı amerikalı alim Doktor
Raş.
Bir italyan var idi, professor Skandila adlı. Dərslərini
italyan, fransız və ingilis dillərində keçirdi.
Tropik qızdırmadan öldü. Xəstəliyinin birinci günü ingiliscə
danışırdı. Xəstəlik
gücləndikcə fransızca. Ancaq
doğma dilində - italyanca danışmağa başladı
ölüm yaxınlaşdıqca. Qızdırma
və xəstəliyin digər təsirlərinə görə
bunu tamamilə şüursuzca edirdi.
Bir qadın müvəqqəti olaraq yaddaşını
itirmişdi. Əvvəlcə qırıq-qırıq italyanca
danışırdı. Daha da pisləşdikcə
isə fransızca. Bir az
yaxşılaşdıqdan sonra keçdi almancaya. Tamamilə sağaldıqdan sonra isə ana dilinə
- italyancaya geri döndü. Bir meşəçidən
də bəhs edilir kitabda. Uşaqlığını
Polşada keçirdikdən sonra Almaniyaya köçüb.
Otuz dörd il ərzində polyakca
danışmaq bir yana, heç ana dilində bir söz belə
eşitməyib. Deyə bilərik ki, o öz
uşaqlıq dilini unudub tamamilə. Amma
gözəl günlərin birində, narkozun təsirindəykən
iki saat polyakca dualar edib, mahnılar oxuyub.
Növbəti əhvalatı Doktor Raşa milliyyətcə
alman olan, Filadelfiya şəhərindəki lüteran kilsəsinin
keşişi olan tanışı danışıb. Şəhərin
cənubunda yaşlı isveçlilər
yaşayırdılar. Artıq əlli-altmış il olardı ki, köçmüşdülər
Amerikaya və o vaxtdan bəri öz dillərində
danışmaq imkanları çox az olmuşdu.
Ətrafdakılardan heç kim onların
ana dillərində danışa bildiklərini
düşünmürdülər. Yaşlılar
ölməyə başlayan zaman onların hamsı bir nəfər
kimi uşaqlıqda öyrəndikləri duaları oxumağa
başladı - sanki uşaqlıq xatirələri
canlanırdı.
Belə linqvistik məlumatlar bizə maraqlı nə
çatdırdı?
Psixoloq
sizə cavab verir: "Bu yaddaş mexanizmindəki dəyişikliklərdi".
Ancaq bu
kitabı oxuyan adam daha həssas bir
düşüncə tərzinə sahib idi və qocanın
ölümündən əvvəl ana dilində bir dua
oxumağa məhkum olduğu sualına daha insani bir cavab istəyirdi.
Söz nədi? Bu təkcə işarə sistemidi. Bəs ana dili nədi?
"Fərqli dillərin yaranması bir qəbilənin
digər qəbilədən öz sirlərini qoruma istəyi
ilə əlaqədardı".
Bunu təsdiqləyən kitablar da var. Onda nə olur? İnsanın
əli və ayağı qədimi ixtiralara bağlıdı.
Və o buna qarşı çıxmaq istəmir,
əksinə, insan bu üsullar sayəsində yaşayıb.
İnsan ibtidai təəssübkeşliyi ilə
tarixin gövdəsinə o qədər möhkəm
bağlanıb ki, ondan ancaq sümüklər qalıb. Əgər düyünü açsaq, necə deyərlər,
bu skelet yerə dəyəcək. Qocaların
duaları da bunu təsdiqləyir.
Kitani kitab oxuyarkən, daha doğrusu, bu kitabı oxuyarkən
Kayokonu xatırladı. "Digər insanlar üçün ana
dili nədisə, Kayoko mənim üçün odu".
2
"Sinəsi göyərçininki kimi qabarıq deyil,
amma qanadlarının açılması eynidi". Çəyirtkədən
danışırdı. Kitani gözlərini
açıb belə dedi eynilə. Böyük
çəyirtkə görmüşdü yuxusunda. Yuxunun əvvəlində nə
gördüyünü isə xatırlaya bilmirdi heç
cür. İri qanadlarını
çırparaq qulağına sarı uçan çəyirtkə.
Hətta qulağına yox, yanağına
toxunan. Kitani başa düşürdü
ki, o bura Kayokodan necə ayrılmaq lazım olduğunu öyrətmək
üçün uçub. Bir neçə
saniyədən sonra o, doğma kəndinə gedən yolda irəliləyirdi.
Kitani bilirdi ki, bu məhz ona işarədi.
Yol boyu adda-budda ağaclar əkilmişdi. Göyərçinə bənzəyən çəyirtkə
qanadıyla toxundu Kitaninin üzünə. Amma heç bir səs gəlmədi. Qəribədir ki, Kitani bu toxunuşu böyük
müdriklik üçün başlanğıc nöqtəsi
kimi hiss etdi. Sanki hansısa dini Həqiqətə
toxuna bilmişdi. Bu Həqiqətlərin tərəfindən
baxdıqda o, artıq Kayokodan ayrılmalı idi. Məhz bu barədə xəbər verirdi göyərçinə
oxşayan çəyirtkə. Bunu anlayan
Kitani süd kimi bəyaz yolda addımlayır və sanki kimsə
də onu izləyirdi. Çəyirtkə
yox olan kimi açdı gözlərini.
"Sinəsi göyərçininki kimi qabarıq deyil,
amma qanadlarının açılması eynidi".
Başda dayanan tuberozalar bəyaz qoxuyurdular. İyul
çiçəyi - çəyirtkənin oxuması
üçün hələ tezdi. Yuxusunda
niyə məhz çəyirtkə görmüşdü?
Yoxsa keçmişdi çəyirtkə və
Kayoko ilə bağlı nəsə yaşanmışdı?
Kayoko ilə şəhər kənarında
yaşadıqları vaxt sözsüz ki, çəyirtkələrin
cırıldamasını eşidə bilmişdilər. Gəzinti
zamanında çəmənlikdə necə
sıçradıqlarını da görmüşdülər
yəqin ki. Amma nə üçün
çəyirtkənin Həqiqətlə əlaqələndirilməsini
anlamırdı.
Belə bir yuxudu. Amma Kitani ağlının dərinliklərində
hansısa bir çəyirtkə tapa bilmirdi heç cür.
Kənd evində böyük otaq. Pəncərədən
yuxarıda qaranquş yuvası. Kitani yuvaya
dırmaşır və titrəyir orada. Anlaşılmayan
bir qorxu onu sığınacaqdan qovur. Birdən
hardan gəldiyi bilinməyən bambukdan dirək
çıxır qarşısına. Ondan
yapışıb bağçaya düşür. Bir kişi arxasıyca qaçır onun. Kitani həyətin arxa darvazasından qaçaraq
çıxır. Bura onun babasının
evidir.
Darvazanın arxasında monax paltarı geyinmiş balaca
uşaq çıxır qarşısına. Özü
kimi balaca süpürgəsi ilə onun anbara sarı getməsinə
mane olur.
- Bura
olmaz, burada gizlənmə, olmaz!
- Bəs
harda gizlənim?
- Hamam
otağına qaç, hamam otağına!
- Niyə?
-
Çünki başqa bir yerdə gizlənə bilməzsən!
Oğlan onun paltarlarını soyundurur. Kitani
kişinin paltarı tapıb, nəfəslikdən hamam
otağına girəcəyindən qorxur. Vannanın
içinə qısılır, buxar bütün bədənini
sarıb dərisini yandırır. Kiməsə
toxunur - bu Kayokodu. O, burada daha əvvəldən gizlənib.
İkisi vannaya sığışa bilmir.
"Bura olmaz. Əgər dayı bizi tapsa ona nə deyəcəyik?
O bizə nə deyəcək?".
Dərisinə Kayokonun və qorxunun toxunmasıyla Kitani
yuxudan ayılır.
Həyat yoldaşının qızılı saplarla
tikilmiş balışı parıldayırdı. Səhər
günəşi ora qədər çatmışdı.
Arvadı uzun yuxu köynəyində idi. Heç bir əlaqəsi yox idi onun yuxuyla.
Onları
öldürmək üçün arxalarınca düşən
kişi kim idi? Bu, Kayokunun
sevgilisi, ya da əri idi yəqin ki. Lakin onun Kitaniyə qədər
həyatında heç kim
olmamışdı. Belə olan halda bu kişi
onun Kitanidən sonra tanış olduğu biridi. Kayokonun sevgilisi yox idi onlar ayrılarkən. Buna görə də Kitani onu görməmişdi,
tanımırdı. Və yenə də fikirləşməyə
başladı - bu kişi niyə
arxalarınca qaçırdı?
Özünü sevdiyi qədər onu
qısqanmağı da sevirdi. Ancaq indi o bəxtsiz çəyirtkənin
nə olduğunu anladı: ayrılıq. "Kayoko
mənim üçün digər insanlara görə ana dili nədisə
ona bərabərdi".
3
"Girmək
olar?".
Kayokonun dayısının Kitaninin yanına gəlməsi
təəccüblüdü. "Kayoko belə qəribə
məktub göndərib və mən də onunla
danışmaq üçün gəlmişəm".
Kayokonun dayısı şübhəli baxışlarla
Kitaninin arvadına baxırdı. Qadın çay
süzürdü onlara.
- Əgər o evdədisə çağıra bilərsiz
onunla danışım?
- Kimi,
Kayokonu?
- Bəli.
-
Heç bilmirəm hardadı o.
- Başa
düşə bilmirəm ki, nələr baş verir. Ona görə də heç nəyi gizlətmədən
bura gəlməyə qərar verdim.
Kişi qoynundan məktubu çıxartdı. Məktub
Kaqava prefekturasına ünvanlanıb. Elə
buna görə məktub kişini bura hardasa Tokioya gətirib
uzaq Sikokodan, Kayokonun doğulduğu yerdən. Məktubun möhürünə baxdı həqiqətən
də onun yaşadığı yerdən, Atamidən göndərilib.
- O nə
yazır məktubda?
-
Baxın.
"Əziz dayım! Özüm barədə
hər şeyi Kitaniyə vəsiyyət edirəm. Özümü və dəfnimi. Doğma kəndimə heç nə verə bilmədiyim
üçün bağışlayın. Lazım
olsa Kitani ilə görüşüb ondan soruşun. O
sizə bir şeyi danışacaq. Kitani Kayoko".
Absurddu.
Kayoko onun harda yaşadığını necə
öyrəndi. O, qəsdən göndərib məktubu
ki...
Qonağın gəldiyi ikinci gün bir
balıqçı sahilin yaxınlığında iki cəsəd
tapdı. O
çox uzaqdan görmüşdü boğulanları, sanki
akvariumın dibində ölmüş iki balıq kimi
görünürdülər. Yay gəldiyi
üçün dəniz heyrətamiz dərəcədə
şəffaf idi.
Boğulanlar barədə eşidən kimi Kitani Kayoko barədə
düşündü. Haqlı idi.
Kayokonu məhz buranı seçmişdi intihar etmək
üçün.
Kişinin üzündə heç bir ifadə yox idi,
ifadəsiz və donuq idi balıq kimi. Məhz bu kişi
qısqanırdı onu. Hətta
ölümündən əvvəl belə.
Ölüm yaxınlaşdıqca insanın yaddaşı zəifləyir. Yaddaşın dağılması yaxın xatirələrlə başlayır. Yaddaş pozğunluğu bir həddə çatdıqdan sonra nəsə alovlanmağa hazırlaşır. Sonuncu dua. Ölümün astanasındaykən Kayoko yanındakı sevgilisini deyil, onu - ilk sevgisini xatırlamışdı. Yəni yaddaşının dağıntıları arasında sonuncu alovlanan üz Kitaninin idi. Yəqin ki, belə olub. Yəqin ki, bu onun sonuncu gördüyü xəyal olub. Axmaq. Qəzəbdən gülməyi gəlirdi. Kitani hətta tüpürmək istəyirdi onun cəsədinə. "Ölümünə qədər bu qədim xəyala bağlı idi. Cəmi iki il onunla bir yerdə olduq, amma yenə də xilas ola bilmədi məndən. Özü özünü qul elədi. Qul elədi sonuncu duasına".
Kayokonun dayısına deyirdi bunları, ya da öz-özünə.
Tərcümə:
Malik ATİLAY
Ədəbiyyat qəzeti.- 2022.- 10
sentyabr.- S.7.