Görkəmli filoloq, alim və müəllim
Qəzənfər
Kazımov – 85
Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci
ildə Cəbrayıl rayonunun Soltanlı kəndində
ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Soltanlı kənd
orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix, dil və ədəbiyyat
ixtisasları üzrə tarix-filologiya fakültəsini
bitirmiş, 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində
dil və ədəbiyyat müəllimi vəzifəsində
işləmişdir. 1962-ci ildə Azərbaycan dilçiliyi
ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun aspiranturasına daxil olmuş, professor Ə.M.Dəmirçizadənin
rəhbərliyi ilə "Əbdürrəhim bəy
Haqverdiyevin dramaturgiya dili ("Dağılan tifaq" pyesi əsasında)"
mövzusunda namizədlik dissertasiyası ilə elmi-tədqiqata
başlamışdır.
Azərbaycan
dilçiliyinin aktual problemlərinin tədqiqində və tədrisində
böyük xidmətləri olan filologiya elmləri doktoru,
professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov
"Yazıçı və dil" (1975), "Komik-bədii
vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm
üsulları" (1987), "Qurbani" (1990), "Qurbani və
poetikası" (1996), "Sənət düşüncələri"
(1997), "Dilimiz-tariximiz" (1998), "Azərbaycan dilinin
tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)"
(2003), "Homerin poemaları və Kitabi-Dədə Qorqud"
(Bakı, 2006) "Komizm nəzəriyyəsi" (2004, rus
dilində), "Dil, Tarix, Poeziya" (iki cilddə - 2005, 2020),
"Azərbaycan dilinin qrammatikası" (2017), "Qədim
yurd yerim - sultan Soltanlı son 300 ildə" (2012),
"Üzeyir Hacıbəylinin dili" (2004), "Azərbaycan
dilinin tarixi sintaksisi" (2019) və s. kitabların, 500-ə qədər
elmi və elmi-publisistik məqalənin müəllifidir. Bu əsərlər müəllifin uzunmüddətli
gərgin elmi araşdırmalarının uğurlu nəticələridir.
60-dan artıq kitabın, 500-ə qədər məqalənin
müəllifidir. Şəxsiyyəti,
yaradıcılığı haqqında bir neçə kitab,
300-dən artıq məqalə yazılmışdır.
80-dən artıq kitabın elmi redaktoru
olmuşdur. 20 nəfərdən artıq
alim yetirmişdir, minlərlə tələbənin müəllimi
olmuşdur. 2008-2010-cu illər arasında əsərlərinin
10 cildliyi çap olunmuşdur.
Q.Kazımov
dilçiliyimizdə V.V.Vinoqradov, Ə.Dəmirçizadə
tipli tədqiqatçıdır, dil tarixi, müasir dil,
folklorşünaslıq, bədii dil, mətn sintaksisi,
üslubiyyat, ədəbi tənqid məsələləri ilə
məşğul olmuş, bu sahələrin hər birinə
dair qiymətli əsərlər ortaya çıxarmışdır.
Yer üzərində Ulu dilin əmələ gəlməsi,
vahid Ulu dilin ilkin böyük miqrasiya nəticəsində tədricən
dialekt parçalanması, protodillərin yaranması, dil ailələrinin
əmələ gəlməsi tarixi barədə
dilçiliyimizdə ilk tədqiqatın müəllifidir. Elə buna
görə də görkəmli türk alimi Osman Fikri Sərtqaya
qeyd edirdi ki, "Q.Kazımovun "Azərbaycan dilinin
tarixi" əsərində olanlar başqa kitablarda
yoxdur".
Dilimizin tarixini saxtalaşdırıb, həqiqəti təhrif
edənlərə cavab olaraq, Qəzənfər Kazımov
"Azərbaycan dilinin tarixi" (2003) əsərində ən
qədim dövrlərdən XIII əsrə qədərki Azərbaycan
ərazilərində məskunlaşmış türk
tayfalarının dillərini araşdırmışdır. Altı fəsildən
ibarət olan bu kitabda şumer-türk varisliyi, Azərbaycanda
etnik tərkib və dil məsələləri, ümumxalq Azərbaycan
dilinin təşəkkülü (III-V əsrlər),
şifahi ədəbi dilimizin əmələ gəlməsi
(VI-VIII əsrlər) kimi çox mühüm məsələlər
araşdırılmışdır. Azərbaycan
şifahi ədəbi dilinin formalaşmasını şərtləndirən
amillər müəyyənləşdirilmişdir.
Keçən əsrin 70-ci illərindən
türkologiyada şumer-türk əlaqələri barədə
fikirlər irəli sürülmüşdür. Q.Kazımov özündən
əvvəlki fikirləri ümumiləşdirərək
aşağıdakı kimi xarakterizə etmişdir: 1. Türk
dillərinin tarixi çox qədimdir və Ön Asiyada
türklər insandan türk qolu ayrıldığı
dövrdən - çox qədim zamanlardan yaşayır. 2.Türklər şumerlərin yaxın
qonşuluğunda yaşamışlar və həmin yaxın ərazilər
indiki Cənubi Azərbaycan əraziləridir. 3. Şumerlər
Azərbaycan türklərinin bir qoludur və
Ikiçayarasına Azərbaycandan getmişlər. 4.Akkadların hücumundan sonra şumerlər məhv
olmamış, müxtəlif istiqamətdə (xüsusilə
şərqə - Azərbaycana) yayılmalı olmuşlar.
Oljas Süleymenov da, Tofiq Hacıyev və başqaları
da onunla fərəhlənmişlər ki, şumerlərin
qonşuluğunda bir türk tayfası yaşamış (yəni
o dövrdə türk olmuşdur) və həmin tayfanın
dilindən şumerlərin dilinə dalğa şəklində
çoxlu türk sözləri keçmişdir.
Q.Kazımov isə tədqiqat nəticəsində bu qənaətə
gəlmişdir ki, şumerlər bizim Azərbaycan türklərinin
doğma babalarıdır və bu məqamda dalğa nəzəriyyəsi
kökündən yanlışdır.
Q.Kazımov bu kitabda iki böyük ideyanın müəllifidir. "Səlcuqlar gələnə
qədər Azərbaycanda türk olmayıb" deyən
tarixçi və dilçilərin əksinə olaraq,
sübut edir ki, "Yer üzündə İnsandan Türk
qolu ayrılarkən o, ilk növbədə Azərbaycanın
payına düşmüşdür, Azərbaycan daim türk
yurdu olmuşdur və ilkin, böyük miqrasiyalar şərqdən
qərbə deyil, qərbdən - Ön Asiyadan şərqə
olmuşdur. Azərbaycan qədim dünyanın
iki böyük dövlətini - Albaniya və Atropatenanı
birləşdirən böyük türk dövləti
olmuşdur.
Q.Kazımov Homerin poemaları ilə "Kitabi-Dədə
Qorqud"u müqayisə edərək bu qənaətə gəlmişdir
ki, Hindavropalıların iftixar etdiyi poemalar Türkün
"Dədə Qorqud"undan iqtibasdır.
Q.Kazımov
Azərbaycan dili sintaktik quruluşunun "Dədə
Qorqud"dan bəriki inkişaf yolunu araşdıraraq bu qənatə
gəlmişdir ki, hələ bizim 1-ci minilliyin ortalarında
ümumxalq dili kimi formalaşmış Azərbaycan türk
dili hər cür mürəkkəb fikirləri ifadə etmək
imkanlarına malik olan ədəbi dil kimi böyük
inkişaf yolunda olmuşdur.
Q.Kazımov müasir Azərbaycan ədəbi dili məsələləri
ilə məşğul olaraq, "Morfologiya" və
"Sintaksis" dərslikləri yazmışdır. Dilimizin
qrammatik quruluşunun tədqiqi sahəsində
görülmüş işləri genişləndirməklə
yanaşı, ilk dəfə olaraq, mətn sintaksisi, aktual
üzvlənmə məsələlərini morfoloji və
sintaktik kateqoriyalara tətbiq etmişdir. Söz
birləşmələrinin yeni bölgüsünü
vermişdir. 2000-ci ildən ali məktəblər
onun "Sintaksis", 2010-cu ildən "Morfologiya" dərslikləri
əsasında təhsil alır. Q.Kazımov həm
də 30 ilə yaxın bir müddətdə orta ümumtəhsil
məktəblərinin 8-9-cu sinifləri və rus məktəbinin
2-ci (sonralar 3-cü) sinfi üçün "Azərbaycan
dili" dərsliklərinin müəllifi olmuşdur.
Qəzənfər Kazımovun "Azərbaycan dilində
ikihecalı sadə feillər" əsərində qoyulan
problemlər əhəmiyyəti və aktuallığı ilə
seçilir. Əsərdə ədəbi dilimizdə, dialekt və
şivələrimizdə işlənən, lakin müasir
dilimizdə kök və şəkilçiyə ayrıla
bilməyən ikihecalı (türk mənşəli) sadə
feillərin inkişaf yolu araşdırılmış, feillərdən,
adlardan feil düzəldən şəkilçilər zəngin
faktlarla şərh edilmişdir. Saxlamaq, ağlamaq tipli
feillərin tədqiqi nəticəsində bu qənaətə
gəlmişdir ki, bir sıra alimlərin zənn etdiyinin əksinə
olaraq, Ulu dilin ilkin söz kökləri CVC quruluşunda deyil,
CV quruluşunda, yəni bir samit və bir saitdən ibarət
olmuşdur və gəl, bil tipli sözlərdə 2-ci samit
söz kökünün samiti deyil, şəkilçidir.
Onun kitabları yazıldığı dövrün
düşüncəsini əks etdirir. Q.Kazımov həm görkəmli
dilçi alim,, həm də nüfuzlu ədəbi
tənqidçidir. Dövri mətbuatda
müasir Azərbaycan ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri
tədqiqatlarında komizm vasitə və üsullarının
tədqiqi, dilçilik, ədəbiyyatşünaslıq ilə
bağlı nəzəri problemlərin
araşdırılması onun
yaradıcılığının mühüm bir xəttini
təşkil edir. Filologiyamızda
ayrı-ayrı satira ustalarımızın
yaradıcılığından bəhs edilsə də,
Q.Kazımovun bir-birinin ardınca çap etdirdiyi "Komik-bədii
vasitələr"(1983), "Bədii ədəbiyyatda komizm
üsulları" (1987) kitabları müstəsna olmaqla, bu
günə qədər türkologiyada, eləcə də Azərbaycan
dilçiliyində komizmin dil vasitə və
üsullarının sistemli tədqiqinə rast gəlmirik.
Ədəbi-bədii dilin müxtəlif və
mühüm məsələləri ilə məşğul
olan dilçi alim bu sahədə geniş tədqiqat
aparmış, komizmin dil vasitələrini, komizm
üsullarını bir sistem kimi
araşdırmışdır. Satira və
yumor yaradıcılığının imkanlarını, cəmiyyətin
inkişafına və mübarizəsinə necə xidmət
etdiyini aydınlaşdırmaq üçün onun
sosial-ictimai, bədii-estetik keyfiyyətləri, milli
özünəməxsus formaları müəyyənləşdirilmiş,
komizm yaradan dil vasitələri, komizmin nitq üsulları ətraflı
tədqiq edilmişdir. 2021-ci ildə alimin
"Ədəbiyyatda komizm" monoqrafiyası nəşr
olunmuşdur. Bu əsər müəllifin
"Komik-bədii vasitələr" və "Bədii ədəbiyyatda
komizm üsulları" əsərlərinin birlikdə yenidən
işlənmiş mükəmməl nəşridir. Monoqrafiyada ədəbiyyatşünaslıq və
estetikada komizmin dil vasitələri və üsulları ilk dəfə
bir sistem şəklində fərqləndirilmiş və hər
biri ayrı-ayrılıqda monoqrafik şəkildə tədqiq
edilmişdir. Məlumdur ki, vasitələr
və üsullar bir-biri ilə əlaqədə komik effekt
yaradır və vasitələr üsulların
formalaşmasına xidmət edir. Lakin
bunların hər birinin xüsusi və ümumi olmaqla
ayrılan cəhətləri çoxşaxəlidir. Bunlar nəzərə alınaraq müəllif tərəfindən
ilk dəfə leksik vahidlərin satirik və yumoristik əsərlərdə
məcazilik imkanları və məna quruluşu öyrənilmiş,
komik sənət dilinin estetik imkanları üzə
çıxarılmışır. Bu
baxımdan ədəbi dilin bədii üslubu və onun əsasını
təşkil edən komik-bədii vasitələr müəllif
tərəfindən geniş təhlil edilmişdir. Müəllif satira və yumor qolları üzərində
dayanan bu böyük qüvvəni gözəllik, yüksəklik,
tragiklik və qəhrəmanlıq məzmunu ilə
yanaşı, estetikanın ən mühüm və mürəkkəb
kateqoriyalarından biri kimi izah etmişdir.
1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin
dili. 1920-1940-cı illər (komizmin dil vasitə və
üsulları problemi)" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan
ədəbi dilinin inkişafında, onun leksik,
üslubi-semantik və qrammatik normalarının zənginləşməsində
Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy
Haqverdiyev, Səməd Vurğun, Süleyman Rüstəm,
Süleyman Rəhimov, Mirzə İbrahimov, Bayram Bayramov,
İsa Hüseynov, Sabir Əhmədov, M.H.Şəhriyar,
Hüseyn Arif, Söhrab Tahir, Anar, Əkrəm Əylisli, Yusif
Səmədoğlu və b. söz ustalarının xidmətləri
onun araşdırmalarında əsaslı şəkildə
şərh edilmişdir. XX əsrin əvvəllərində
ictimai ədalətsizliyə qarşı meydana çıxan
Molla Nəsrəddinin felyeton dilinin, Ü.Hacıbəyovun
publisistika dilinin monoqrafik tədqiqi də alimin
yaradıcılığında mühüm yer tutur.
Q.Kazımovun yaradıcılığında folklor
nümunələrinin tədqiqi də xüsusi yer tutur. XVI yüzilliyin görkəmli
el sənətkarı, yeni realist şeir məktəbinin banisi
Qurbaninin əsərlərini ilk dəfə geniş şəkildə
toplayaraq nəşr etdirmiş, şair-aşığın həyatı
və yaradıcılıq yolunu ilk dəfə geniş tədqiq
etmiş, əsərlərinin ideya-estetik və poetik
xüsusiyyətlərini, Şah İsmayılla əlaqə və
münasibətlərini araşdırmış, ana dilimizin
milliləşməsi və inkişafı sahəsində
şair-aşığın xidmətlərini, sələflərini,
ənənələrini gözəl bir üslubda oxuculara
çatdırmışdır. Q.Kazımov
aşıq sənətinin ozan sənətindən
intişarı barədə konsepsiyanın tərəfdarı
kimi çıxış etmiş, haqq aşığı
Qurbaninin bədii yaradıcılığının ideya-fəlsəfi
qaynaqlarını, onun klassik ədəbiyyatdan bəhrələnmə
gücünü düzgün müəyyənləşdirmişdir.
Qurbaninin yaradıcılığı ilə Yunis Əmrə,
Mola Qasım Şirvanlı, Qazi Bürhanəddin, İmadəddin
Nəsimi, Cahan şah Həqiqi kimi sənətkarların
yaradıcılığı arasındakı tipoloji səsləşmələrin
səbəbləri, bu səsləşmələrin eyni mənbədən
- təsəvvüfçülükdən, xalq
yaradıcılığından mayalandlğlnı inandırıcı
faktlar və paralellər əsasında üzə
çıxarmışdır.
Q.Kazımov hər bir dövrün sənət əsərləri
barədə söz demiş dilçi-tənqidçilərimizdəndir. Tənqidi əsərlərində
dövrün bədii əsərləri, ədiblərin sənətkarlıq
xüsusiyyətləri, ümumi təbii mənzərə gələcək
nəslə olduğu kimi
çatdırılmışdır. Füzulinin
sənət sirlərinin tədqiqi ilə məşğul
olmuşdur.
Əsas
yaradıcılıq istiqamətlərini Azərbaycan dilinin
tarixi, müasir Azərbaycan dilinin quruluşu, bədii əsərlərin
dili, etimologiya, komizm (satira, yumor) nəzəriyyəsi, folklorşünaslıq,
üslub və üslubiyyat məsələləri,
dialektologiya, mətn dilçiliyi, metodika və dilin tədrisi
kimi sahələr əhatə edir. Respublikamızda
filoloq-dilçi kadrların yetişməsində böyük
əməyi vardır. 62 illik pedaqoji fəaliyyətinin
60 ilini ali məktəbdə keçirmişdir.
Yüksək ixtisaslı kadrlar yetişdirmək
sahəsindəki xidmətləri əvəzsizdir. Əməyi
yüksək qiymətləndirilmiş, 2015-ci ildə Əməkdar
elm xadimi adına layiq
görülmüşdür.
Geniş ictimai-elmi fəaliyyətə malikdir.
2001-2015-ci illərdə Dilçilik institutunda Azərbaycan
dialektologiyası şöbəsinin müdiri olmuşdur. Hazırda həmin
institutda Dil tarixi şöbəsində baş elmi
işçi vəzifəsində işləyir. Uzun
müddətdir ki, müdafiə şurasının, Respublika
Koordinasiya Şurasının üzvüdür. O,
dilçiliyimizi xarici ölkələrdə də layiqincə
təmsil edir. İranda, Türkiyədə
kitabları, məqalələri nəşr olunur. Respublika Yazıçılar və Jurnalistlər
birliklərinin üzvüdür.
Geniş fəaliyyəti, zəngin yaradıcılıq
irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə
türkologiya aləminə fundamental əsərlər bəxş
etmişdir.
Elmi ictimaiyyət arasında rezonans doğuran sanballı
kitabları, monoqrafiyaları, araşdırmaları, 10 cildlik əsərləri
sübut edir ki, o əsl ziyalıdır və Azərbaycan
dilçiliyi tarixində artıq öz möhürünü
vurmuş, imzasını qoymuş şöhrətli alimlərimizdəndir.
Q.Kazımov Böyük Britaniya və Şimali
İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür (1988). Böyük Britaniya, Kembric
İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə
alınmışdır. Bu günlərdə
hörmətli müəllimimizin 85 yaşı tamam oldu.
Bu yaşın 50 ilini Azərbaycan xalqına,
filologiya elminə həsr etmiş,
yazıb-yaratmışdır. Bu mənalı
ömür yolunda ona cansağlığı və uğurlar
diləyirik.
Ömrü
uzun, sədaqətli tələbələri sağ olsun!
Sayalı Sadıqova
filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.8-9.