Mustafa Çəmənlinin yaddaş
dünyası
M. Çəmənlinin 75 yaşına
Əlli ildir ki, bir dost və həmkar kimi tanıdığım, çapdan çıxan hər məqaləsini, bir-birinin ardınca nəşr edilən hər yeni kitabını sevə-sevə oxuduğum Mustafa Çəmənlinin 75 yaşı tamam olur. Yaş ötdükcə yazıçı da qocalır və əvvəlki yaradıcılıq qüvvəsi tədricən tükənməyə başlayır. Əksərən belədir, amma bu fikrin Mustafa Çəmənliyə heç bir aidiyyəti yoxdur. "Qoca" Mustafa Çəmənli hər yeni yaradıcılıq sevinci ilə öz yaşına meydan oxuyur.
Onun yaradıcılığı çoxşaxəlidir. Nasir, publisist, tərtibçi, muğam-musiqi tədqiqatçısı, naşir-redaktor. Ancaq bu fəaliyyət sahələrinin hamısında Mustafa üçün ikincilik, üçüncülük anlayışı yoxdur. Mustafa real həyat həqiqətlərini qələmə alan povest və hekayələrində də, "Xallı gürzə" və "Ölüm mələyi" tarixi romanlarında da, Azərbaycan muğam ustadlarının həyat və yaradıcılıq yollarını işıqlandıran sənədli əsərlərində də, incəsənətin müxtəlif sahələrini əhatə edən publisistik yazılarında da, musiqi sənətimizin incisi olan "Leyli və Məcnun" operasının 100 illik tarixindən söz açan möhtəşəm kitabında da, tərtibçisi olduğu neçə albom-kitabında da, bir naşir kimi işlədiyi nəşriyyatlarda yorulmaz redaktorluq fəaliyyəti də, yüzlərlə kitabın işıq üzü görməsində bədii və texniki dəstəyi də... bütün bunlar gözlərimiz qarşısında Mustafa Çəmənli obrazını canlandırır. Amma Mustafa Çəmənli obrazı, yəni onun bir sənət əhli kimi hamıya tanış olan obrazı birdən-birə, hazır şəkildə yaranmayıb. Mustafa çox zəhmətkeş, daim öz üzərində işləyən, hətta deyərdim ki, özünə yaxşı mənada divan tutan, həmişə axtarışda olan bir yaradıcı insandır.
1947-ci il, sentyabrın 10-da Ağdamın Çəmənli kəndində dünyaya göz açan, orta məktəbi bitirib bir neçə il Mingəçevirdə, Bakıda fəhlə işləyən, yalnız 25 yaşında ADU-nun Jurnalistika fakültəsinə daxil olan Mustafa Şura oğlu Mustafayev əsl həyat yolu keçib. Bu həyat yolunun hər ili, hər ayı işlə-güclə yoğrulub. Universiteti bitirəndən sonra Mustafa "Yazıçı", sonra "Gənclik", "Təhsil" nəşriyyatlarında çalışıb. Nəşriyyat elə bir məkandır ki, orada hər gün əsərlərini oxuduğu yazıçılarla görüşüb, onların kitablarını redaktə edib çapa hazırlayıb. Və təbii ki, özü də daxil olmaqla nəşriyyat işçilərinin - orada çalışan, amma çox vaxt əməkləri lazımınca qiymətləndirilməyən şəxslərin həyat və fəaliyyətindən bir kitab da qələmə alıb ("Ürəyimdən kimlər keçdi"). "Təhsil" nəşriyyatı onun yaradıcılığından söz açan müəlliflərin yazılarını "Bir kitablıq cöz" adlı topluda (2017) təqdim edib. Burada mənim də "Yaddaş nəsri" adlı bir yazım var (Mustafaya həsr etdiyim səkkiz yazıdan biri). Bu yazıda mən Mustafanın "Yaddaş" povestindən söz açıram. Nəyə görə bunu xatırlatdım? Məncə, Mustafa Çəmənlinin janrından asılı olmayaraq bütün yaradıcılığını yaddaş kəlməsi daha yaxşı səciyyələndirir. Mustafa özü bu barədə yazır ki: "İnsan yaddaşını yaddaş dəftəri səviyyəsində qavrayanlar var. Mən də yaddaşı insan taleyini yaşadan böyük dəyər hesab edirəm. Yazılarımda bəzi qəhrəmanlarımı yaddaşın mühakiməsinə çəkmişəm. Çünki insan yaddaşını həmişə diri, canlı görmək istəyirəm. Unutqan yaddaş insanı fəlakətlərə də sürükləyə bilər". Böyük tənqidçi Yaşar Qarayevin bir fikrini də xatırlayıram: "Yaddaşı olmayan ədəbiyyat - yalnız yaddaşı olmayan xalqın nəsibidir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var". Mustafa Çəmənlinin nəsri və publisistikası məhz yaddaşa - bu böyük dəyərə, mənəvi sərvətə istinad edir. Həmin "Bir kitablıq söz"də əksər müəlliflər bu missiyanın Mustafanın əsərlərində necə əks olunmasından söz açırlar. Yaddaşa - insanın keçmişi ilə bugünü arasında körpü yaradan bu bağlantı, zənnimcə, iki məqsədə ünvanlanır, həm mühakiməvi xarakter daşıyır, həm də Mustafanın başqa bir məqamda söylədiyi kimi: "dünyanın ən nadir möcüzəsi yaddaşdı, yaddaşın oyanmasıdı, çiçəkləməsidi, çiçək tökümüdü". Amma hər iki halda Yaddaş insan üçün ibrət dərsi rolunu oynayır. İlk növbədə, onun tarixi romanlarına müraciət etmək istəyirəm.
(Azərbaycanda bu mövzuda 1 nömrəli tədqiqatçı kimi tanınan mərhum professor Yavuz Axundlunu misal göstərə bilərəm və bu yazıda mən onun fikirlərinə daha çox istinad etmək istəyirəm). Qeyd edirlər ki, tarixi romanlarda tarixi keçmişin əlamətdar hadisələri, xalqın taleyində mühüm rol oynamış görkəmli şəxsiyyətlərin fəaliyyəti təsvir olunmalıdır. Yazıçı çalışmalıdır ki, tarixi romanda qələmə alındığı dövrün ruhu saxlanılsın. Tarixi romanın əsas keyfiyyətlərindən biri də müasirlikdir. Əlbəttə, keçmişə müasir dövrün tələbi ilə yanaşmaq prinsipi ilə onu "müasirləşdirmək" cəhdi bir-birinə əks anlayışlardır. Tarixi şəxsiyyət yazıçının müasir görüşlərinin ruporuna çevrilməməlidir. Görkəmli Polşa ədibi Tadeuş Qoluy yazır ki, tarix onun diqqətini ona görə cəlb edir ki, müasir hadisələrin mənasını daha dərindən aça bilsin. Tarixi roman müəllifi, təbii ki, tarixi həqiqətə sadiq qalmalıdır. Yazıçı məlum tarixi faktları təsadüfi təfərrüatlardan fərqləndirməlidir. Burada sənətkar təxəyyülü də müəyyən rol oynayır, heç şübhəsiz, tarixi romanda bədii uydurmaya da yer verilir, ancaq bu bədii uydurma da real faktlara əsaslanmalıdır.
Artıq iki tarixi romanın müəllifi olan Mustafa Çəmənli Azərbaycan tarixi romanının bu ənənələri ilə yaxşı tanışdır və hər iki romanında bu ənənələrə sadiq qalır, amma eyni zamanda, yazdığı əsərlərdə tarixə münasibətdə özünün mövqeyini də ortaya qoyur. "Xallı gürzə" romanının Azərbaycan tarixi nəsrində yerini, rolunu müəyyənləşdirərkən Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanını xatırladım. Yusif Vəzirin "Qan içində" romanı mövcud "Qarabağnamə"lərin durulmuş, sanki süzgəcdən, ələkdən keçirilmiş bədii ifadəsidir. Məncə, "Xallı gürzə" bu mənada ikinci bir tarixi romandır ki, Qarabağ xanlığının, onun banisinin və eyni zamanda həmin dövrdə Azərbaycan xanlıqlarının bir-birilə münasibətlərinin bədii tarixini əks etdirir.
"Ölüm mələyi" adlı tarixi
romanında da Mustafa Çəmənli "Xallı gürzə"dəki
yolu davam etdirir. Romanda Azərbaycan tarixinin çox mürəkkəb
və olduqca ziddiyyətli bir dövrü bədii tədqiq
obyektinə çevrilir. Azərbaycan tarixi ərzində bəlkə
də ən çox şahlıq taxtında oturmuş
(düz əlli iki il - 1524-1576) I Təhmasibin
ömrünün son günləri təsvir olunur. Burada hər
iki romana aid edəcəyim bir fikrimi bildirmək istəyirəm. "Xallı gürzə"
də, "Ölüm mələyi" də tariximizin bədii
salnaməsinin mükəmməl nümunələridir,
Mustafanın Yaddaş missiyası belə bir həqiqəti nəzərə
çarpdırır ki, keçmişə yalnız olmuş,
bitmiş hadisələr toplusu kimi baxmaq doğru deyil,
keçmiş hələ öz dövrünü,
zamanını bitirməyib, indi də yeri gəldikcə
müasir biçimdə, versiyalarda davam edir. Tarixi
romanlarımızın bir çoxunda macəraçılığa
meyil, real tarixi olayların təsviri əvəzinə mətləbə
dəxli olmayan hadisələrin və obrazların süni
şəkildə əsərə daxil edilməsi hallarına
təsadüf etmişik. Ancaq nə
"Xallı gürzə"də, nə də
"Ölüm mələyi"ndə real tarixi mənzərəyə
heç bir xələl gəlmir. İstər
məlum tarixi şəxsiyyətlər olsun, istərsə də
bədii təxəyyüllə yaradılan obrazlar,
özünü sanki Mustafanın təsvir etdiyi şah
saraylarında, orta əsr şəhərlərində hiss
edirsən.
M.Çəmənlinin
təkcə tarixi romanlarında deyil, povest və hekayələrində,
publisistik yazılarında da Yaddaşdan gələn və
yaddaşımızı oyadan notlar az
deyil. "Yaddaş" povestindəki Xası Səlimov
bütün ömrü boyu pis əməlləri, qeyri-insani hərəkətləri
ilə diqqəti cəlb edib, amma öylə bir zaman gəlir
ki, keçmişdə törətdiyi yamanlıqlar
ölüm ayağında onun yaddaşını silkələyir
və sonda da özünü yaddaşın mühakiməsinə
verir. Onun məhvi pisliyin, mənfiliyin bir
insanda qəhr olması deməkdir. Ancaq
yaşadığımız dünyada Xasılar hələ də
yeri gəldikcə meydan sulayırlar. "Ruhların
üsyanı" povestində isə Mustafa Çəmənli
XXI əsrdən ötən əsrlərə - Mömunə
Xatundan, İbrahim xandan, Molla Pənah Vaqifdən, Məhəmməd
bəy Cavanşirdən, Fətəli xandan, Qacardan üzü
bəri tariximizdə izlər buraxan şəxsiyyətlərə
üz tutur, əsrlər boyu bizim xalqın başına gələn
müsibətlərdən, çox zaman "öz
qövmümüzün başına əngəl-kələfiz
biz" (M.Ə.Sabir) ittihamından söz açır. Əgər
məlum düşmənlərimizdən və
özümüzdən gələn bu səhvlər
olmasaydı, 2007-ci ildə Mustafanın dili ilə deməzdik
ki: "Görəsən, indi Şuşada aldanıb
çiçəklənmiş ağaclar varmı? Heyif o ağaclardan. Deyirlər ki,
ağaclar insandan məhəbbət göməyəndə
quruyur. Azca qabaq televiziyada diktor hava haqqında məlumat verdi. Bir deyən yoxdur ki, a
başına dönüm, sənin nəyinə gərəkdir
Şuşada hava necədi, necə olacaq. Biz
ki, indi Şuşanın havasından uda, suyundan içə
bilmirik. Qədrini bilməmişik də.
Bilməmişik! Biz ora ancaq kef eləməyə,
kabab yeməyə, badə doldurub sağlıqlar söyləməyə
getmişik".
Mustafa Çəmənli Qarabağ ədəbi
mühitinin yetirməsidir, deyə bilmərəm,
çünki onun bütün yaradıcılığı
qaynar Bakı ədəbi mühiti ilə bağlıdır. Amma Qarabağ sevgisi onun
bütün varlığına hakimdir və
ötüb-keçən 30 ildə şəxsən mən
Mustafanın Qarabağ həsrəti ilə necə
alışıb-yandığını, həm də bu kədəri
unudub dilində qələbəmizə inamı da hiss eləmişəm.
Vaqif Poeziya Günlərində - 2021-ci ilin sentyabrında bir
yerdə idik, o sevincin tonqal kimi şölələndiyini
Şuşada bir yerdə gəzərkən duydum. Mən Mustafanın ötən otuz ildə
Qarabağla bağlı yazılarını təfsilatı ilə
nəql etmək fikrində deyiləm. Onun Milli Qəhrəmanımız
Fred Asifə, onun həyatına və mübarizəsinə həsr
etdiyi sənədli povesti sizə yaxşı
tanışdır. Amma onun "Üç
yaşlı əsir" povestindən qısaca söz
açmaq istəyirəm. Mustafa bu əsərdə
Yaddaşda yaşayan hadisələri, yaxın tarixin unudulmayan
olaylarını canlandırır. O, bir ailənin əlli
illik tarixini xalqın tarixi ilə vəhdətdə
götürür. Keçən əsrin
60-cı illərindən başlayan bu tarix bir-birindən
mürəkkəb və təzadlı, fəci və dramatik
hadisələrlə dolu idi.
...Mustafa
Çəmənli lap gəncliyindən Azərbaycan xalq
musiqisinin ən qızğın təbliğatçılarından
biri kimi tanınır. İstər Azərbaycan
radiosu və televiziyasında apardığı və
iştirak etdiyi verilişlərdə, istər ayrı-ayrı
musiqiçilərə - ustad sənətkarlara həsr etdiyi məqalələrdə,
istərsə də bu xüsusda qələmə
aldığı portret-monoqrafiyalarında bitib-tükənməyən
yaradıcılıq eşqinin şahidi olursan. Mustafa
muğam sənətinin, xalq musiqisinin kamil bilicisi olmasaydı,
"Muğam dünyasının Xanı"ndan, ən
gözəl Məcnun ifaçılarından biri - Əbülfət
Əliyevdən, nəinki sağlığında, indi də
mahnıları ilə ruhları dilə gətirən
Şövkət Ələkbərovadan, ustadlar ustadı
sandığımız Rəşid Behbudovdan, Bülbüldən,
Sara Qədimovadan, Yaqub Məmmədovdan, Arif Babayevdən, cavan
ikən dünyasını tərk edən, amma hələ də
unudulmayan Səxavət Məmmədovdan, musiqi tariximizdə
izlər buraxan Cahan Talışinskayadan, Yavər Kələntərlidən,
Xanlar Haqverdiyevdən yazdığı məqalələr və
kitablar təkcə "onları tanıyın"
missiyasını yox, həm də maarifçilik məramı
daşıyır. Etiraf edirəm ki, bu
yazıları və kitabları oxuyandan sonra mən də
xeyli bilgilənmiş və maariflənmişəm.
Mustafa Çəmənlinin "Leyli və Məcnun"
100 il səhnədə" (2008) gərgin zəhmətinin və
axtarışlarının bəhrəsi olan, ensiklopedik səciyyə
daşıyan kitabına gəldikdə isə heyrət məni
bürüdü. Orijinal əsərdir və burada tədqiqatçı
əməyi ön plandadır. Mübaliğə eləmirəm,
dostudu deyə onun əməyini şişirtmirəm, amma az qala bir institutun bir şöbəsinin
neçə illər görəcəyi bir işi Mustafa təkbaşına
həyata keçirib. "Leyli və Məcnun"
operasının ilk tamaşasından tutmuş, 2000-ci illərə
qədər keçdiyi bütün mərhələlər -
başda dahi Üzeyir bəy Hacıbəyov, tamaşanın
ilk dirijoru Əbdürrəhim Haqverdiyev, ilk rejissoru Hüseyn Ərəblinski,
sonrakı dirijorlar, rejissorlar, Məcnun rolunun ilk
ifaçısı Hüseynqulu Sarabski... sonrakı Məcnunlar,
Leylilər, onların ataları, anaları, İbn Səlamlar,
Zeydlər, bir sözlə, heç kim unudulmayıb. Tərcümeyi-hallar, qısa ya təfərrüatlı
oçerklər. Və 100 il ərzində,
"Leyli və Məcnun"da iştirak edən hər bir
şəxsin fotosu. Bax, buna deyərlər əsl
fədakarlıq, incəsənət naminə gecəsini-gündüzünü
bilməyən bir insanın giqant əməksevərliyi.
Mən sayıb-sadalaya bilməsəm də,
Mustafa Çəmənlinin bəzi son dərəcə əhəmiyyətli
işlərinin adlarını çəkərəm. "Sənət hekayələri" 59 şəxsiyyət
haqqında yazılan oçerkləri əhatə edir. Hər bir oçerkdə hansı sənətkardan
söz açırsa, ilk növbədə onun fərdi, bənzərsiz
üslubu, sənətdə özünəməxsusluğu nəzərə
çarpdırılır. Mustafanın albom-kitabları
isə - məsələn, Nəsimidən, Haqverdiyevdən,
Natəvandan - həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Habil Əliyevin, Əlibaba Məmmədovun, Arif
Babayevin, Canəli Əkbərovun, Ağaxan Abdullayevin yubileylərinə
həsr olunan kitab-albomlar. Mustafa onlarca bədii və
publisistik kitabların tərtibçisi və redaktoru olub və
onları sadalasam, uzun çəkər. Ona görə də
bu yazını əziz dostunun və onun çoxsaylı
dostlarının ürək sözlərini bir neçə
cümlə ilə sona çatdırıram:
75
yaşın mübarək! Yorulma, ay Mustafa! Hələ yazmaq
istədiyin çox mətləblər var. Elə mətləblər,
mövzular ki, onları səndən başqa heç kim yazmayacaq...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.12-13.