Əsmər bənizlim
Hekayə
Gizli sevginin həzzini və
iztirabını yaşayanlara
Mən
əbədi gənc, bənzərsiz şair Mikayıl
Müşfiqi çox sevirəm. Xüsusilə, "Küləklər", "Yenə
o bağ olaydı"
şeirlərini dönə-dönə
oxuyuram. Yaddaşımda
bir misra ilişib qalıb: "Sən, ey əsmər
bənizlim". Bir də etiraf edim ki,
"Əndamını həvəslə
qucaqlarkən dalğalar
Qəlbimdə qasırğalar" qopur ürəyimdən.
Onu ilk dəfə
görəndə heç
bir xüsusi zahiri əlaməti ilə diqqətimi cəlb etməmişdi. Hətta,
adını deyəndə,
bu ad məndə xoşlamadığım bir
adamın adına
bənzədiyi üçün
heç fərli-başlı
eşitməmişdim. Şakərimdi,
xoşlamadığım adamların
adını, lap əziz
qohumum da olsa, yadda saxlamıram.
Bir həftə
beləcə ötdü. Birinci onun
işgüzarlığı diqqətimi cəlb etdi, yorulmadan zarıyan qoca xəstələrə qulluq
edirdi. İkincisi, saçının iki rəng olması
gözümə sataşdı.
Onda susa
bilmədim, yaxınlaşanda
dedim: - Qubada ala-bula saç dəbdədi?
Sözüm zarafatla deyilsə
də, bir az kobud
səsləndi. Amma o, yalnız
ona məxsus tərzdə təbəssümlə
gülümsədi, çevrilib
getdi. Elə bu bəs idi. Səmimi təbəssüm və hər kəsin vurula biləcəyi mütənasib
əndam.
Dostum, Xalq yazıçısı
Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanından
bir cümləni xatırladım: "Gözəl
qadın da milli sərvətdi; nadir ağaclar kimi, faydalı qazıntılar
kimi". Mən onun mütənasib
əndamını "Milli
sərvət" adlandırdım.
Mən maraqlı xəstə - məşhur alim, yazıçı, bir az da şair, o isə öz işini gözəl bilən sadə tibb bacısı. Yox, adını deməyəcəyəm.
Başqa
ad qoyacağam ona.
Əsmər! O, mənim Əsmər
bənizlim olacaq.
Həqiqətən də
onun üzünün rəngi, bənizi qeyri-adidi: az
qala bənövşəyi,
yasəmən rəngində.
Şəhər qızları bu
rəngi almaq üçün xüsusi
qaydada özlərini qaraldırlar. Onun hər
şeyi təbii idi. Təbii olan gözəldir.
Əsmər adından xoşu
gəlmədi. Neyləyək!
Milli sərvəti deyəndə dili açıldı: "O əndam
dediyini, milli sərvət adlandırdığın
- ürəkdən gülüb
dedi, - eh, mənim başıma elə oyunlar açıb ki! İkimiz də güldük.
Bu gülüşə ona şeir həsr
etdim. "Bu gəlin"
şeirində belə
bir misra yazdım: "Dodağında
Günəş gülür
güləndə". Yazıq
ustad Aşıq Ələsgər belə yerdə deyib: "Güləndə qadası
canıma düşdü".
Dünyanın hər üzünü
görmüşəm, saysız-hesabsız
əsərlər yazmışam,
təbəssümlər görmüşəm,
amma belə gülüş görməmişəm.
Bütün bu möcüzələr
azmış kimi, daha bir cazibədar
aləm açıldı:
O, axırıncı dəfə
kametrmin sarğısını
dəyişəndə, artıq
zalda xəstələr
seyrəlmişdi.
Əlcək geyməyi unutmuşdu. Əlləri
bədənimə dəyəndə
hiss elədim ki, əlləri, qubalılar demiş, Şahdağın
qarı kimi soyuqdu. Özü də tir-tir
əsir. Xəstələrlə ünsiyyətdə olmağı
sevmir. Soruşdum ki, nə olub, xəstələnmisən.
Yox, dedi, həyəcandan özümü
idarə eləyə bilmirəm. Bu yaşımda
qoca və xəstə bir kişiyə vurulmuşam.
Desəydilər inanmazdım,
deyərdim ki, ola bilməz.
Cəmi otuz neçə yaşı olan bir qadın özündən iki dəfə artıq yaşda adama vurulsun.
Dedim, kimdi o xoşbəxt, sənin kimi əsmər bənizli, olduqca sadə və səmimi bir gözəlin sevgisinə layiq olub. Diqqətimi gözəl bir
jesti cəlb elədi, "Vurulmuşam"
deyəndə, utanıb
başını aşağı
saldı, dəcəl
uşaqlar kimi gözlərini ovuşdurmağa
başladı. Dedim
ki, Əsmər, az ovuşdur,
yoxsa gözlərin yerindən çıxacaq,
nə düşmüsən
bu iki gözün
üstünə?
- Onlar elə çıxmalıdı, lazım
olmayana baxmayaydılar
- dedi.
Gördüm ki, mən Əsmərdən bərk
əsirəm, canıma
həyəcandan üşütmə
düşüb, öz
halıma güldüm. "Qoca kaftar - dedim,
- özüvü yığışdır.
Onun sözləri sənə
aid deyil".
Özümü toparlayıb soruşdum ki, bəs indi
necə olacaq? "Özündən soruş"
deyib getdi.
Günaşırı, I-III və V günlər dializə gəlirdim. Hiss edirdim
ki, xəstəxanaya sevinə-sevinə gəlirəm.
Əslində, öz-özümə deyirdim, qoca qartal, özünü aldatma, sən görüşə gedirsən,
dializ-filan bəhanədir.
Yaşasın belə bəhanə!
Çox astadan - pıçıltı
ilə danışır,
mənsə ağır
eşidirdim.
- Danışanda üzümə
baxma, özüvü
xəstə kimi apar.
Əsmər hər dəfə ərklə mənə çımxırırdı. Bir dəfə sarğını
dəyişəndə bədəninin
təmasını hiss etdim,
içimdə od qalandı.
O, nəsə deyirdi: - Sənin sözlərin məni yaşamağa qoymur, az
qala öz evimin yerini itirirəm,
uşaqlarımın üzünə
baxa bilmirəm.
Söz verdim ki, heç nə danışmayacağam.
- Danış, içimdəki
xoşbəxt musiqini qırma, yarımçıq
qoyma - dedi.
- Sən nə istəyirsən, sənə
nə alım?
"Plitka şokolad"
- dedi, - bir də çalış məni vamnan salma.
Bu da axırıncı
gün, özünə
yer tapa bilmir, sarğımı dəyişərkən, puçur-puçur
tər tökür, onun həyəcanı mənə də sirayət edirdi. Gedib kənarda
oturdu. Ayrılığa dözə bilmədi.
İlahi,
üzündəki ifadədə
dünyanın bütün
çətinliklərinin iztirabı
əks olunmuşdu.
Yerimdən tərpənməyə taqətim yox idi. Həsrət və nigaranlıq
Əsməri üzürdü.
Səfeh-səfeh bircə
bunu deyə bildim: "Zəngləşərik!".
Çox
qızmar avqust günündə - Qubadan Bakıya gələrkən
taksidə yaşımdan
utanıb Əsmərə
deyə bilmədiyim sözlər duyğularımın
ətrinə bələnib
misralara çevrildi:
İlk baxışdan məni saldı kəməndə,
Bir mələkdi, deyil adicə bəndə,
Dodağında Günəş gülür
güləndə,
Gündü-Aydı, asimandı bu gəlin!
Ala gözlü bir ceyrandı bu gəlin!
Açılıbdı yaxasının düyməsi,
Alçı durub sinəsində
məməsi,
Ətir
saçır hər gələndə nəfəsi,
Gündü-Aydı, asimandı bu gəlin!
Sevgi dolu bir ümmandı
bu gəlin!
Bir söz dedim, kövrələrək ağladı,
Göz yaşları
ürəyimi dağları.
Könül açdım, o, məsafə
saxladı,
Gündü-Aydı, asimandı bu gəlin!
Mələk kimi mehribandı
bu gəlin!
Radioda mənim sevdiyim türk müğənnisi
Kayahan bas səslə
məşhur romantik mahnısını oxuyurdu:
"Bizim kimi roman kimi bir az"
Bizimkisi
də hekayə kimi bir az...
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
10 sentyabr.- S.13.