Sabir Rüstəmxanlının
"Qarabağa dönüş"
poeması haqqında
İnsanda vətən təfəkkürünü
yaradan duyğular, onun üzərində
yaşadığı torpaqla olan münasibətindəki sirli
bağlardır. Bir baharda açan çiçək,
dağ yamacından axan bulaqlar, bir atanın qəbri, üzərindən
keçdiyimiz körpü, danışdığımız
dil, hətta sevgimizi dilə gətirən bağrı
yanıq bir mahnı bizi torpağa, yurda bağlayır. O
bağlar tel-tel qopmağa başladığında, ya da qəsdən
qoparıldıqda torpaq ilə insanı birləşdirən
duyğular da zamanın çarxında əriyib yox olur...
Şübhəsiz ki, hər hansı coğrafi yeri vətən
edən bir millətin o torpaqda yaratdığı, qoruyub
saxladığı milli və mənəvi dəyərləridir,
onun mədəniyyətidir. Bunlar torpağın
bir millətə aid olduğunun sənədidir, torpağa
vurulan möhürdür. Bəlkə də
buna görə bir ölkənin bir hissəsi işğal
edilsə belə, bu hərbi üstünlük
işğalçıya o torpaqlara sahib olmaq imkanı
tanıya bilməz.
Məhz buna görə də işğalçı
qüvvələr vətənin əsl sahibləri ilə zəbt
olunmuş torpaqlarda yaşayanlar arasında telləri qoparmaq
istəyirlər ki, gələcək nəsillər bu
torpaqları unutsunlar. Əvvəlcə böyük etnik təmizləmə
aparmağa başlayırlar, sonra isə sürgün etdikləri
xalqın yaratdığı milli-mənəvi dəyərləri
bir-bir yox edib silməyə çalışırlar. Beləliklə, maksimum üç nəsildən
sonra o torpaqları sonuncu dəfə görənlər, o vətəni
vətən edənlər yurd həsrəti ilə bu
dünyadan köçüb gedər, həm də yeni nəsillərin
ata-babalarının yaşadıqları torpaqlar
arasındakı gizli bağlar qırılmağa
başlayacaqdır. Son əsrdə
Balkanlarda, Axıskada, Krımda, Kərkükdə, xüsusilə
Qarabağda türklərə qarşı edilənlər də
budur.
Vətən torpağıyla millət arasında fiziki
bağlar qırılanda yeni bir güc meydana girər. Bu güc millətlə
vətən arasında könül bağını, ruh
bağını qurar; yeni nəsillərin tarixi
şüurunu, millət, vətən yaddaşını dirildər,
onların əzmini, səyini, mübarizəsini ayaqda saxlayar.
Bu gücün adı, əlbəttə ki,
sözdür. Sözü göylərə
qanadlandıran da şeirin, sənətin, ədəbiyyatın
qüdrətidir...
Aradan illər
keçsə də, torpağı qanıyla sulayaraq
Qarabağa addımlayan, ölümü heçə sayaraq
Şuşanın əlçatmaz qayalarına yalın əllə
dırmanan, bayrağı tez bir zamanda zirvəyə sancmaq
üçün yarışan yeni nəsilləri heç
görmədikləri doğma torpaqlarına böyük bir
sevgiylə aparan da bax bu gücdür, sözün, ədəbiyyatın,
sənətin gücüdür... Bizim
dastanlarımız da xalqımızın həyatında
baş verən böyük fəlakətlərdən və
ya qələbələrdən sonra yaranmışdır.
O dastanlar xalqı sözlə yaşadıb, itirilənlərin
geri qazanılması üçün mübarizədə millətə
böyük ruh yüksəkliyi vermişdir.
Azərbaycanın yüz illik tarixinə, xüsusən də
Birinci Qarabağ müharibəsindən sonrakı illərə
bu prizmadan nəzər saldıqda yuxarıda dediklərimizin
tarixi həqiqət olduğunu görürük. Məhəmməd Əmin Rəsulzadə,
Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu,
Əhməd Cavad, Hüseyn Cavid, Almas İldırım və
başqaları XX əsrin əvvəllərində Azərbaycanda
istiqlal məşəlini alovlandıran ilk söz və fikir
süvariləri idilər. Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyi qısamüddətli olsa da, o, yeni nəsillərin
ardınca böyük bir ideya qoymuşdu:
"Bir kərə
yüksələn bayraq, bir daha enməz!".
Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd
Aslan, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Rüstəmxanlı
kimi bir çox söz süvarilərinin arxasınca milyonlarla
insanı Azadlıq meydanına gətirən bu öncül nəslin
qaldırdığı söz bayrağı idi. Onların bir neçəsi yaralı vətənin
ürəyi yaralı şairləri kimi yurd həsrətilə
dünyadan köçdülər.
Ancaq bu da bir həqiqətdir ki, onlar bu gün
Şuşada dalğalanan üçrəngli bayrağı o
sıldırım qayalara sancacaq nəsillərin öz
sözləri ilə yaratdıqları milli şüurun əsəri
olacağına inanırdılar. Əminəm ki, Qarabağda
dalğalanan Azərbaycan bayraqları vətən
havalarının müşayiətilə onların
ruhlarına azadlıq nəğmələri oxuyur...
1960-cı
illərdən etibarən Azərbaycanda söz
bayrağını təhvil alan nəslin
içində Sabir Rüstəmxanlının xüsusi yeri
vardır. Ona görə də onun Azərbaycan
tarixinin son əlli ilində söz və siyasətlə
apardığı mübarizəsini fərqli tərəfləri
ilə qiymətləndirmək bir zərurətdir. O, hər
şeydən əvvəl köklü tarixə, dil
şüuruna malik, milli düşüncəsi
yaşadığı torpaqları çoxdan
aşmış, qəlbi böyük və əbədi yurd
arzusu ilə döyünən bir şairdir. Rejim
qorxusunun sözə sirayət etdiyi illərdə də haqq
sözünün qüdrətinə sığınaraq fikirləri
və həqiqəti cəsarətlə dilə gətirmişdir.
Çünki o, ömrü boyu sözün
arxasında məmurların deyil, xalqın
dayandığını dərk edən bir ziyalıdır.
Millətin nəbzini çox yaxşı duyan
şairin ürəyi onun hər zaman doğru yerdə
olmasına səbəb olmuşdur.
Əminəm ki, onu söz aləmindən siyasətə
gətirən də məhz bu düşüncələr
olmuşdur. İllər boyu şeir, nəsr, müxtəlif məqalələrlə
ifadə etdiyi milli hisslərə, azadlığa olan
sarsılmaz inamı onu Azərbaycanı müstəqilliyə
aparan Meydan Hərəkatının öncüllərindən
və liderlərindən birinə çevirmişdir. Beləcə, sözlərinin millətin
damarlarında coşduğunu görən şair suların
bulanıq olduğu, vətənin başını qara buludlar
aldığı illərdə azadlığa doğru
addımlayan xalqın ön sıralarında öz yerini
tutmuşdu.
Mahiyyətində
şair ömrünə sığmayan böyük əzabları,
bəlaları, xoşbəxtlikləri və sevincləri
özündə cəmləyən bir taleyi yaşayan Sabir
Rüstəmxanlı Meydan Hərəkatının od çəmbərindən,
20 Yanvar faciəsinin alovundan, 1918-ci ildə Bakı səmalarına
qaldırılan, lakin 1920-ci ildə yerindən endirilən
bayrağı yenidən Bakının başı
üstündə dalğalandıran, Müstəqil Azərbaycanı
bərpa edən mücahidlər sırasında da hər zaman
ön cərgədə olmuşdur.
O,
yoldaşları ilə birlikdə Azadlıq
bayrağını qaldıran zəfər şairinin taleyini də,
torpaqlarının beşdə birinin işğal altında
olduğu, soydaşlarının sürgün edildiyi yaralı
vətənin məğlub şairinin taleyini də eyni zamanda
yaşamışdır.
Yuxarıda qeyd etdiyim kimi, məğlubiyyətlərdən
və fəlakətlərdən sonra milləti böyük qələbələrə
hazırlayanlar millətin söz süvariləridir. Sabir Rüstəmxanlı
çox yaxşı bilirdi ki, geri çəkilmək hələ
məğlubiyyət deyildir, Boz Qurdun irəli həmlə etməsi
üçün arxaya söykənib irəli atılması
lazım idi. O, bu müvəqqəti geri çəkilmə
dönəmində həm siyasi səhnədə, həm də
söz meydanında "azad vətən",
"bütöv vətən" uğrunda mübarizəsinə
davam etmişdir. Milli və beynəlxalq, rəsmi və qeyri-rəsmi
konfranslarda Azərbaycanın haqq səsini dünyaya
eşitdirməyə çalışmış; Əvvəl
yazdığı milli ruhlu şeirlərinə
"Ömür kitabı", "Xətai Yurdu", "Göy
tanrı" əsərlərinə, "Ölüm Zirvəsi
- Cavad Xan", "Difai fədailəri" kimi
romanlarını əlavə edərək, keçmişlə
bugünü qarşılaşdırmış, Azərbaycan
igidlərinin şanlı döyüş yolunu göstərmiş,
gənc nəsillərin qəhrəmanlıq ruhunu yüksək
etməyə çalışmışdır. Cavad xanın
Gəncədəki böyük müqaviməti haqqında
oxuyan yeni nəsillər, şübhəsiz ki,
Şuşanın qala divarları kimi ucalan ölüm zirvəsinə
yalın əllə qalxacaqdılar; "Difai fədailərini"
oxuyanlar da düşməni onun silahı ilə güllələyəcəkdi...
2020-ci
ilin noyabr ayında Qarabağın düşmən
işğalından azad edilməsi ilə nəticələnən
"44 günlük Vətən Müharibəsi",
şübhəsiz ki, Azərbaycanın son iki yüz illik
tarixində irəliyə doğru atdığı ən
möhtəşəm addımdır. Biz qardaş Azərbaycanın
bu şanlı savaşında: O torpaqlardan balaca qız ikən
sürgün edilən, lakin sonradan yoxsulluq içində
böyütdüyü oğlunu cəbhəyə yola salan və
bayrağa sarılan şəhidinin tabutunu "Vətən
sağ olsun!" deyərək daşıyan anaları da
gördük. Qarabağdan analarının, nənələrinin
qucağında pərişan halda çıxan, lakin illər
sonra tanklara minib məğrurluqla o yerlərə geri
dönüb torpağı öpüb əzizləyərək
sanki o torpaqlara səslənib: "Gəldik... Ümidin
bitdiyi yerdə türkün qüdrəti başlayar!" deyən
ərləri gördük. Bu qələbə
ilk növbədə Azərbaycan liderinin, Azərbaycan ordusunun
və Azərbaycan xalqının qələbəsidir. Ancaq şübhəsiz ki, bu böyük qələbə
həm də bu insanlara, bu analara, igid əsgərlərə vətən
sevgisini, millət ruhunu aşılayan sözün də qələbəsidir.
Azərbaycanda söz-söz bu zəfər yolunu
yaradan şairlərdən, ziyalılardan, siyasi liderlərdən
biri də Sabir Rüstəmxanlıdır. Bunu da etiraf
etmək lazımdır ki, ona "Qarabağa
qayıdış" poemasını yazdıran da məhz bu
millətin ruhudur...
Sabir
Rüstəmxanlı 70 illik yubileyi ilə bağlı
"Koroğlu" jurnalının xüsusi
buraxılışında dərc olunmuş müsahibəsində
verdiyim suala belə cavab vermişdi: "İmdat bəy, məğlubiyyəti
yazmaq çox çətindir...". Əlbəttə, məğlubiyyətlər yenilmək
demək deyildir, çoxlu qələbələr və qəhrəmanlıqları
özündə ehtiva edir. Bu qəhrəmanlıqlar
gələcək mübarizənin işarə alovudur. Türklər Birinci Dünya müharibəsində məğlub
olsalar da, "Çanaqqala dastanını"
döyüş meydanında yazmışdılar. Qurtuluş Savaşının əzmkarlığına
və səyinə yol açan oradakı möhtəşəm
dirənişdir, tarixə qızıl hərflərlə
yazılan zəfərdir. "Çanaqqala Şəhidləri"
poemasını yazan, daha sonra "söz"lə Anadoluda
mübarizəsini davam etdirən Mehmet Akif Ərsoya tale
"İstiqlal Marşını" yazmağı da nəsib
etmişdi. M.Akif Ərsoy kimi məğlubiyyət
zamanında sözü ağrı-acı ilə yazsa da, Allah
Sabir Rüstəmxanlıya zəfər dastanını yazmaq
xoşbəxtliyini nəsib etdi. Bəlkə
də bu onun millət yolunda bir ömür davam edən
mübarizəsinin müqabilində Allahın bir hədiyyəsi
idi.
Sabir Rüstəmxanlı "Qarabağa
dönüş" poemasında Azərbaycan ordusunun igid
oğullarını; müdrik rəhbərin böyük qələbəsini,
qələbəyə gedən yolu, əsgərlərin qəhrəmanlığını
tərənnüm edir. Poemanın əvvəlində
"yaralardan axan qan deyil, qorxu olduğunu" və "millətin
ətalət yuxusundan oyandığını" ifadə edən
şair tez-tez iki yüz illik bir keçmişə də
müraciət edir.
İtirə-itirə gələn Azərbaycanın itki
qorxusundan qurtularaq irəli doğru hərəkət etməsini
böyük sevinclə qarşılayır. Qarabağla
bütövləşən yurdun şairi ömrü boyu
içində yara kimi daşıdığı Təbrizlə
bütövləşə bilməmək dərdini də
misralara daşıyır. Burada o, yenə də söz
ilə uzaq, bəlkə də yaxın üfüqə
işarə edir...
Poemada Azərbaycanı
müstəqilliyə aparan yol, Meydan hərəkatı, 20
Yanvar faciəsi, Qarabağın işğal edildiyi dövrlər,
yurd-yuvasından didərgin düşmüş insanların vəziyyəti
və Xocalı soyqırımı böyük bir ağrı
ilə dilə gətirilir:
İşgal
ordusu durdu işğalçının yanında
Boğdu öz şərəfini Xocalının
qanında.
...
Uyudunca
milləti yastığa dönən yalan
Soyuq Yanvar günündə Bakıda axıtdı qan.
Şair bu tarixi hadisəni göstərərək poema
boyu tərənnüm etdiyi zəfər
yürüşünün haqlı səbəblərini də
poetik bir dillə izah edir. İkinci hissədə
zəfər yürüşünü başladan şair
"savaş" deyən sərkərdənin əmrini otuz
ildir həqiqətin üstünü örtən yalanı
yandırıb keçən şimşək olaraq təsvir
edir.
Şair üçün Azərbaycan ordusunun bu yolu
artıq qisas yürüşünə çevrilir. O, Azərbaycan ordusuna səslənərkən
igid əsgərlərə Xocalı fəryadını
xatırladır, daşları buz bağlamış
ocaqları, viran olmuş yurdları düşünərək
"Vur!" deyə səslənir. Türkün
təfəkkürünün bütün coğrafi məkanlarda
eyni olduğunu hər zaman demişəm. Burada
Sabir Rüstəmxanlının "Vur!" sözü ilə
Mehmet Emin Yurdakulun "Vur!" nidasının da eyni təfəkkürün
nəticəsi olduğunun qənaətinə gəlmək
olar. Yurdakul da eyni milli duyğularla Türk əsgərlərinə
belə müraciət edirdi:
Ey
Türk vətənin bakirlərinə,
Günahkar
köynəyi biçənləri vur!
Sümükdən
taslarla şərab yerinə,
Şəhidlər
kanını içənləri vur!
Dastan boyu
Qarabağın coğrafiyasını, viran qalmış
obaları, talan edilmiş yurdu, gözəl yaylaqları dilə
gətirən şair misralar boyunca Qarabağın gözəlliklərini
və o cənnət məkanları xatırladır,
azadlıq ordusunu böyük bir həsrətlə gözləyən
yerləri sadalayır, ölkənin tarixi qəhrəmanlarının
xatirəsini yad edir, bir yandan da Qarabağda yaşamış
söz və sənət əhlinin də ruhlarını
şad edir.
O, bu qələbə
yürüşünə Qarabağın
azadlığını görə bilməyən, dünyadan
köçmüş yoldaşlarını və həyatdakı
dostlarını da ortaq edir...
Sabir Rüstəmxanlının köklü bir tarix
şüuru vardır. Onun tarix şüurunun və millətçilik
anlayışının ölkə hüdudlarını
aşan Türkçü-Turançı baxışı
ehtiva etdiyini vurğulamışam. Bu
poemada onun bu düşüncələrinin dərin izlərini
də görmək mümkündür. Qarabağa,
Şuşaya yürüş edən, adları bilinməyən
vətən fədailərini Türk tarixinin qəhrəmanlarıyla
qarşılaşdıran şair Mete xandan Oğuz xana,
Bayandur xandan Alparslana, Çingiz xandan Əmir Teymura, Babəkdən
Kürşada, Qazandan Beyrəyə qədər dilə gətirdiyi
igid ərənlərin bir adının olması gərəkdiyini
söyləyir.
Türk adət-ənənəsinə görə, qəhrəmanlıq
göstərənə qədər "adsız" qalan
igidlərə Dədə Qorqud gəlib boy boylayıb, soy
soylayıb ad verirdi. Rüstəmxanlı əsərdə bu tarixi səhnəni
son dərəcə yaradıcı poetik şair
düşüncəsi ilə canlandırır:
Bəlkə
də Dədəm Qorqud dilləndirib qopuzu
Türk'ün
ölməz ruhundan verir sözə yeni can.
Deyir ki:
"Ayırmaram sizi bir-birinizdən,
Şuşa
fatehlərinin bir adı var: Qəhrəman!
Sabir Rüstəmxanlının bu bənzərsiz
poemasının vərəqləri arasından necə qəhrəmanlar,
igidlər gəlib keçir.
Bütün bu tarixi şəxsiyyətlər,
Şuşanı fəth etmək üçün irəliləyən
igidlərə sanki yeni bir güc verir. Bundan başqa, tarixi faciələri
də yad edən şair sanki əsgərlərin qisas hissini
daha da dərinləşdirmək, onları dişləri,
dırnaqları ilə belə olsa Şuşa
qayalarına dırmaşdırmaq, əsgərlərdə
düşmənə nifrət hissini artırmaq istəyərək
Xocalı faciəsindən, Daşaltı hadisələrindən
söz açır.
Poemada elə
sətirlər var ki, oxucu bir anlıq olaraq şairin də bu
yürüşdə iştirak edib, əsgərlərlə
birlikdə Şuşanın sıldırım qayalarına
çıxdığını düşünür:
''Qollarını
boynuma bərk-bərk dola, buraxma,
Seni
çıxaracağam, qayalar buz olsa da!
Yaran da
sağalacaq Şuşa'nın havasıyla,
Birlikdə gedəcəyik bu yol sonsuz olsa da!"
Şair bu haqq savaşında Azərbaycanın
arxasında dağlar kimi dayanan ölkələrə,
qardaş Türkiyə və Pakistana minnətdarlığını
da bildirir.
1918-ci ildən də bəhs edən şair Nuri Paşanı
rəhmətlə yad edərək, zəfər
qazanmış bir ölkənin şairi kimi, təbii ki, əsgərlərə,
hətta Türkiyə və Azərbaycan əsgərlərinə
də böyük hədəfi olan "Qızıl
Amlanı" göstərir. Allah bu xalqın
şairlərinə məğlubiyyəti deyil, həmişə
zəfər yazmağı, qələbəni tərənnüm
etməyi nəsib etsin.
Turan deyib
qorxurlar, sən də böyü Turan ol
Bu nifrət
əkənlərin ümidini qıran ol...
Bu gün 30 avqust Türkiyənin Zəfər
Bayramıdır. Bu mübarək gündə Azərbaycan
Türklərinin Zəfər dastanına ön söz
yazmağım taleyin və tarixin xoş təsadüfü, bəlkə
də Tanrının mənə bir ərmağanıdır.
"Qarabağa dönüş"
poemasını oxuyarkən sətirlər arasında bəzən
coşquya qapılaraq igidlərlə birlikdə o müqəddəs
torpaqlara bayraq asmış qədər xoşbəxt oldum.
Bu poema bütün möhtəşəmliyi ilə
yaddaşımda öz yerini aldı, inşaallah bir gün biz
də bu dastanın şairi ilə birlikdə o torpaqlara,
Qarabağa birlikdə səfər edərik.
Təbii ki, türk oxucuları bu poema haqqında öz
mülahizələrini söyləyib fikirlərini bildirəcəklər. Sözü çox uzatmadan
oxucunu bu zəfər dastanı ilə baş-başa buraxarkən,
bu kitabın nəşrində əməyi olan Türk Ədəbiyyatı
Vəqfinin başqanı Serhat Kabaklıya, kitabın türk
dilinə tərcüməsində mənimlə birlikdə əməyi
keçən Saadet Örmeci və Enver Uğur Aykola təşəkkürümü
bildirirəm.
İstanbul
30 avqust 2022
İmdat AVŞAR
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.14-15.