Şuşa şəhərində “Məclisi-üns”
ədəbi məclisinin
toplantısı olub
Sentyabrın
9-da Şuşa şəhərində Mədəniyyət
Nazirliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinin birgə təşkilatçılığı
ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi
yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa
edildiyini bildirən ilk toplantısı keçirilib.
“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən
toplantıda mədəniyyət
naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva,
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) sədri,
Xalq yazıçısı
Anar, Azərbaycan və digər türkdilli ölkələrin
elm, ədəbiyyat xadimləri,
digər qonaqlar iştirak ediblər.
Nazirlikdən bildirilib ki, tədbir iştirakçıları
öncə Xurşidbanu
Natəvanın 190 illiyinə
həsr edilən sərgi ilə tanış olublar.
Vaxtilə Şuşada Xan
qızı Xurşidbanu
Natəvanın himayəsində
fəaliyyət göstərmiş,
bölgənin tanınmış şairlərinin
və musiqiçilərinin
qatıldığı, dövrün
ədəbi mühitinin
formalaşmasında xüsusi
rolu olan "Məclisi-üns"ün fəaliyyətinin
bərpasından sonra
ilk toplantısı Xan
qızının evinin
qarşısında təşkil
edilib.
AYB-nin katibi, Əməkdar mədəniyyət
işçisi İlqar
Fəhmi giriş sözü söyləyərək
qonaqları salamlayıb.
Toplantıda çıxış edən
mədəniyyət naziri
Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə
ölkə rəhbərliyinin
tapşırığına uyğun olaraq, bütün sahələr
üzrə genişmiqyaslı
quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası
və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması
istiqamətində layihələrin
reallaşdırılması Mədəniyyət Nazirliyinin
fəaliyyətində prioritet
məsələlərdən biri kimi müəyyənləşdirilib.
"Məclisi-üns"ün bərpasının önəmini
vurğulayan nazir qeyd edib ki,
1864-cü ildə Şuşada
şeir-sənət xadimlərinin
iştirakı ilə
yaradılan bu ədəbi məclis
1872-ci ildən Azərbaycan
poeziyasının görkəmli
siması Xurşidbanu
Natəvanın himayəsində
fəaliyyətini daha
da genişləndirib. Bölgənin tanınmış şairlərinin
və musiqiçilərinin
qatıldığı "Məclisi-üns" o dövrdə
Qarabağda və ümumilikdə Azərbaycanda
ədəbi mühitinin
formalaşması və
ədəbi nəsillərin
yetişməsində mühüm
rol oynayıb. Məclisə qatılan gənc
şairlər ədəbi
müzakirələrdə iştirak
edib və ustadlardan şeir sənətinin incəliklərini
öyrəniblər.
Nazir diqqətə
çatdırıb ki,
torpaqlarımızın işğaldan
azad edilməsindən
sonra Qarabağ ədəbi məclislərinin
bu ənənəsini
yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns”
Ədəbi Məclisi
İctimai Birliyinin yaradılması qərara
alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri
Qarabağın ədəbi
və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını
həyata keçirmək,
müasir ədəbi
proseslərin və yaradıcı şəxslərin
inkişafını dəstəkləmək,
Azərbaycanının mədəni
irsinin mühafizəsinə,
inkişafına və
təşviqinə dair
tədbirlər təşkil
etməkdir. “İnanırıq
ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası
ilə əlaqədar
ədəbi-mədəni ənənələr
üzərində yaradılan
“Məclisi-üns” Ədəbi
Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının
qədim və zəngin mədəniyyətinin
azad Qarabağa qaytarılması və ədəbi nəsillərin
yetişməsi işinə
töhfə olacaq",
– deyə Anar Kərimov bildirib.
Daha sonra Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar,
AMEA-nın Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun
baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim
Babullaoğlu çıxış
edərək tədbir
haqqında fikirlərini
bölüşüblər.
Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar
ud və qanun ifaçılarının
müşayiətilə Xurşidbanu
Natəvanın 190 illiyinə
həsr olunan şeirlər söyləyiblər.
"Məclisi-üns" toplantısı bədii hissə ilə davam edib.
Ədəbiyyat qəzeti.- 2022.-
10 sentyabr.- S.15.