"Sirli"
seyfin tilsimini kim qıracaq,
yaxud"Divanü
Lüğat-it-Türk"ün
Azərbaycanda ilk tərcüməsi
niyə üzə çıxarılmır?
Türküstanlı
dilçi, həm də Azərbaycan bilgini kimi tanınan Xalid
Səid Xocayevi "türk xalqlarının etnoqrafiyası və
linqvistikası haqqında pantürkist konsepsiyalı" bir
kitabı - Mahmud Kaşqarlının XI yüzildə
yazdığı "Divanü Lüğat-it-Türk" əsərini
tərcümə etdiyinə görə 1937-ci ildə
Bakıda güllələdilər.
"Günahını" özü də "etiraf"
etmişdi: "Mən Mahmud Kaşqarlının kitabının
tərcüməsində pantürkist təbliğatı
aparmışam".
1917-ci ildə
İstanbul Universitetini bitirdikdən sonra Xalid Səid Azərbaycana
Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə
gəlmişdi və elə bu səbəbdən də 1937-ci
ildə daha bir "cinayəti"ni "etiraf" etməli
olmuşdu: 1918-ci ildə guya o, Gəncəyə
"Türkiyədən pantürkistlərin lideri
Əbdülrəşid İbrahimovun təşəbbüsü
ilə Nuru Paşanın qoşununun tərkibində göndərilib".
"Xüsusi şöbə"nin əməkdaşı
olub, məqsədi də "Turan dövlətini, yəni birləşmiş
türk-tatar dövləti"ni qurmaq imiş...
Elmi
bioqrafiyasının tam olmayan siyahısında "Osmanlı,
özbək, qazax dillərinin müqayisəli sərfi",
"Yeni əlifba yollarında əski xatirə və
duyğularım", "Müxtəsər
üslubiyyat", "Müfəssəl sintaksis",
"Üslubiyyat nəzəriyyəsi", "Türk dilinin
tarixi qrammatikası", "Cığatay ədəbiyyatı
haqqında mühazirələr", "Türk ədəbiyyatının
nəzəriyyəsi", "Türküstan tarixinin qısa
icmalı", "İran dillərinin qrammatikası",
"Mahmud Kaşqarlı "Divan"ı mətninin
izahlı, elmi tərcüməsi", "Orxon kitabələrinin
izahlı tədqiqi", "Türk məktəbi
üçün rus dili" kimi bir qismi mətbu, bir qismi isə
1937-ci ildə müsadirə olunmuş kitablar, əsərlər
(və itkin əlyazmalar) var... İtkin əlyazmalarının
taleyi fikir həyatımızda çox ciddi kəsirlər və
boşluqlar yaradır.
Uzun illərdir,
bəlkə də ötən əsrin 60-cı illərindən
üzü bəri Xalid Səidlə bağlı
dartışılan ən ciddi məsələ "Divanü
Lüğat-it-Türk"ün Azərbaycan dilinə tərcüməsi
ilə bağlı aramsız və heç bir nəticəyə
varmayan mübahisələrdir. 1988-ci ildə Azərbaycan EA Nəsimi
adına Dilçilik İnstitutunun direktoru Zərifə
Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda
bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də
ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan
dilinə tərcümə edilib.
Xalid Səid isə Kaşqarlı
"Divan"ının sadəcə ərəb dilindən
Azərbaycan türkcəsinə tərcüməsini
gerçəkləşdirməklə kifayətlənməyib,
türkologiyanın çağdaş prinsipləri
baxımından əsərin ilk izahlı, elmi tərcüməsini
yaradıb.
1936-cı ildə "Divan" üzərində işlə
bağlı qələmə aldığı yazısında
bu barədə ətraflı məlumat verir: "Divan"ı
tərcümə etmək üçün ərəb dilini
bilmək bəs etməz. XI yüzillikdə
işlənən türk sözlərinin elə həmin əsrdə
işlənən ərəb sözləri ilə
qarşılıqlı izahını müasir türkcəylə
vermək bir sıra çətinliklər yaradacaq".
Xalid Səidə görə kitab türk sözləri
lüğəti adlansa da, onun məzmunu adının ifadə
etdiyi anlayışdan daha geniş mənaları ehtiva edir, təkcə
sözlərin izahı ilə kifayətlənmir, həm də
türk etnoqrafiyası, morfologiya, türk dilləri
arasındakı fərqlər, o dövrdə mövcud olan
başqa dillər və s. barədə aydın təsəvvür
yaradır.
Tərcümə işinə 1935-ci ildə başlayan
Xalid Səid Kaşqarlı "Divan"ını 1939-41-ci
illərdə Türkiyə türkcəsinə tərcümə
edən Besim Atalayı da qabaqlayıb. Bunu 1939-ildə "Divan"ın
Türkiyə nəşrinə yazdığı ön
sözdə Atalay özü də etiraf etmişdi:
"Divanü Lüğat-it-Türk" Türkiyə
dışındakı türkləri də ilgiləndirmişdir.
Sovetlər Akademiyasının Azərbaycan qolu
bir komissiya quraraq başqanlığına Xalid Səidi gətirmiş
və işə başlamışdır".
SSRİ
Elmlər Akademiyası Azərbaycan filialının "Əsərlər"
nəşrinin 1936-cı il 31-ci sayında (s. 105-112) Xalid Səidin
"Divan"haqqında dərc etdirdiyi yuxarıda
xatırlatdığım məqaləsinə, eləcə də
Besim Atalayın ondan bir neçə il sonra nəşr
olunmuş tərcüməsinə istinadən tutaq ki,
"Divanü Lüğat-it-Türk"dəki
"Əyri" maddəsinin hər iki alim tərəfindən
müqayisəli təfsiri tərcümələrin elmi,
linqvistik səviyyəsinin eyni olduğuna şübhə yeri
qoymur.
(Xalid Səid:
"Əgri - əyri olan bir şey... Məsəl: Yilan kəndu
əkrisin bilmas təfi boynin əkri ter". Mənası:
İlan öz əyriliyini bilməz, dəvə boynunun əyri
olduğunu söylər. Bu məsəl
özündə olan (eyb) ilə (başqasını) eybləyən
şəxs haqqında deyilir".
Besim
Atalay: "Egri: Şu savda da gelmiştir. Yılan kendü
egrisin bilmes tewi boynın egri ter = yılan kendi egrisini bilmez,
deve boynuna egri der". Bu sav, kendinde olan bir
şeyle başkasını kınayan kimse için
söylenir".)
Amma nədənsə, Azərbaycanın humanitar elm dairələrində
1935-1937-ci illərdə Xalid Səidin çevirdiyi mətnin
meydana çıxarılmasına hər zaman anlaşılmaz
və davamlı bir etinasızlıq hökm sürüb. Və bu
etinasızlıq təəssüf ki, bu gün də davam etməkdədir.
Hətta bəzən "Divanü
Lüğat-it-Türk"ün Xalid Səid tərəfindən
tərcümə edilib-edilməməsi məsələsi də
mübahisə predmetinə çevrilib.
Ziya Bünyadovun sözləri ilə desək, "Xalid
Səidin ən böyük əsəri Mahmud Kaşqarinin məşhur
lüğətinin tərcüməsi idi. Təəssüf
ki Xocayevin minnətdar şagirdləri öz müəllimlərinin
əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə
Mahmud Kaşqarinin varlığı barədə belə
heç nə bilmirdilər. Bu zaman Xalid Səidi
xoş sözlə xatırlamağı belə ona çox
görürdülər".
Baxmayaraq
ki, Kaşqarlı "Divan"ının ilk dəfə Xalid
Səid tərəfindən tərcümə edilməsi barədə
dəlillər də, tərcümənin əlyazması
haqqında verilən məlumatlar da yetərincədir:
"İndi onun əlimizdə olan yeganə əlyazmasının
- M.Kaşğarlı "Divan"ı tərcüməsinin
nəşri Xalid Səidin Azərbaycan dilçiliyi
qarşısında bir ərmağan olardı" (Əsgər
Quliyev).
"Ərəb dilinin böyük bilicisi Xalid Səid
Xocayev 1935-ci ildən etibarən Mahmud Kaşqari
"Divan"ının ərəb dilindən azərbaycancaya
tərcüməsi ilə məşğul olub, 1937-ci ildə
tərcümə işi tamamlanmışdır. Çapa
hazırlanmış 70-80 çap vərəqi həcmində
bu əsər hələ də Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun seyflərində
qalmaqdadır" (Ədalət Tahirzadə), "Xalid Səidin
Cuze ilə birlikdə tərcümə etdiyi Mahmud
Kaşqarinin "Divanü Lüğat-it-Türk" əsəri
altmış il keçməsinə baxmayaraq, hələ də
çap edilməmişdir. Kitabın işıq üzü
görməsi bütün filologiyamız üçün
böyük bir hadisə olardı" (Adil Babayev),
"1935-1937-ci illərdə həyata keçirilən həmin
tərcümənin əlyazması hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutundadır. Aradan keçən dövr ərzində əlyazmanın
bəzi səhifələri saralaraq oxunmaz hala düşsə
də, tərcümə, ümumən, keyfiyyətli və səviyyəlidir"
(Ramiz Əskər).
"Sovetskaya
tyurkoloqiya" jurnalının 1973-cü il 1-ci sayında dərc
olunmuş "İz istorii oteçestvennoy tyurkoloqii" məqaləsində
Sovet Türkoloqlar Komitəsinin sədri, SSRİ Elmlər
Akademiyasının həqiqi üzvü A.N.Kononov
yazırdı ki, "30-cu illərin ortalarında Elmlər
Akademiyasının Azərbaycan filialı Mahmud Kaşqarlı
"Divan"ının tərcüməsi ilə əlaqədar
X.S. Xocayevin rəhbərlik etdiyi bir komissiya
yaratmışdı".
Kononov
"SSRİ-də türk filologiyası (1917-1967)"
kitabında da eyni mövzuya toxunmuşdu: "30-cu illərin
sonlarında M.Kaşqarlının əsəri Bakıda Azərbaycan
dilinə çevrildi". Akademikin 2006-cı ildə
Bakıda tərcümə və nəşr olunmuş həmin
kitabında yuxarıdakı məlumat tərcüməçilərin
belə bir şərhi ilə verilib: "Xalid Səid, Cuze və
b. tərcüməsində əlyazma hüquqlu əsər Azərbaycan
Milli EA-da saxlanır" (K.V.Nərimanoğlu, Ə.Ağakişiyev).
Divanın tərcüməsi ilə bağlı
mühüm bir sənəd Xalid Səidin istintaq işinə əlavə
olunmuş məktubudur. Belə ki, "Divan"ın Xalid Səid tərəfindən
həm də kumık və qaraçay-balkar dillərinə
çevrilməsini istəyən və bu münasibətlə
Xocayevə məktub göndərən Kabardin-Balkar Vilayət
Partiya Komitəsinin katibi Kumıkovun sorğusuna
yazdığı cavab məktubunda (1 iyun 1937-ci il) Xalid Səid
bildirirdi ki, İstanbulda tapılmış "Divan"la
bağlı çalışmalara o, 1935-ci il sentyabrın 1-də
başlayıb. Xocayev tərcümə işini
1937-ci ilin aprelində tamamladığını, iyulun 1-də
isə əsəri elmi redaktə üçün Leninqrada,
akademik Kraçkovskiyə və professor Malova göndərəcəyini
yazırdı. (Lakin iki gün sonra - iyunun
3-də Xalid Səid həbs edildi).
Ancaq həm
də aydınlaşdırılmasına ehtiyac duyulan bəzi
qaranlıq məqamlar var. Bəhicə Xalid Səid
qızının 1993-cü ildə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevə göndərdiyi
məktuba o zaman Elmlər Akademiyasının prezidenti
E.Salayevin imzası ilə belə bir cavab verilib:
"Atanızın ən böyük xidmətlərindən
biri də Mahmud Kaşqarinin "Divanü
Lüğat-it-Türk" əsərinin dilimizə tərcüməsidir.
Təəssüflər olsun ki, həmin tərcümə
bizim əlimizdə yoxdur... İnstitutun
(Dilçilik İnstitutu - A.T.) seyfində saxlanan
"Divanü Lüğat-it-Türk" əsərinin tərcüməçiləri
isə professor P.K.Cuze, akademik Ə.Ələsgərzadə və
müxbir üzv Ə.Dəmirçizadədir. Həmin tərcüməni prof. Malov redaktə
etmişdir". (Aydınlıq gətirilməli
məqam da budur. Əgər mütəxəssislər
1935-1937-ci illərdə həyata keçirilən həmin tərcümənin
əlyazması hazırda AMEA Nəsimi adına
Dilçilik İnstitutundadır - deyirlərsə, niyə
Akademiyanın Prezidenti Dilçilik İnstitutunun seyfindəki
tərcümənin Xalid Səidə deyil, başqalarına
aid olduğunu yazırdı? Hətta ərz edilən
şəkildə olsa belə, bəs hər biri dilçilik
elmində məktəb yaratmış bu böyük alimlərin
tərcümə etdiyi mətn niyə çap olunmayıb?
Yaxud 1937-ci ildə Xalid Səidi "Divanü
Lüğat-it-Türk"ü tərcümə etdiyinə
görə pantürkist adıyla güllələyirdilərsə,
1939-cu ildə digər alimlər iki il əvvəl NKVD-də
açılmış cinayət işlərində "pantürkist
konsepsiyalı" kitab adlandırılan həmin əsərin
tərcüməsi ilə məşğul ola bilərdilərmi?).
2009-cu ildə nəşr etdirdiyim "Xalid Səid
Xocayev" kitabımda da bunu qeyd etmişdim, qəribədir,
göründüyü kimi, hamı bu və ya digər mənada
Dilçilik İnstitutunun seyflərindəki əlyazmadan
danışır. Ancaq, nədənsə, heç kəs bu "sirli"
seyfin "tilsimini" qırmağa, içərisindəki
milli sərvəti - az qala, mifoloji varlığa
çevrilmiş əlyazmanı Xalid Səidin adı ilə nəşr
etməyə cəhd göstərmir. (Mən
Cuzenin adını ona görə yazmıram ki, bu böyük
alim, "Divanü Lüğat-it-Türk" barədə hələ
1926-cı ildə ilk məqalələrdən birinin müəllifi
olsa da, 1937-ci ildə "Divan" tərcüməsinə
görə Bakıda Cuze deyil, Xalid Səid güllələnmişdi.
Suriya mənşəli xristian ərəbi olan Cuze isə 4 il
sonra "ingilis casusu" adıyla həbs edilsə də,
sona qədər istintaq edilmədən sərbəst
buraxılmış, 1942-ci ilin yanvarında öz evində
dünyasını dəyişmişdi. Baxmayaraq
ki, 1939-cu ildə hətta Türkiyədə Besim Atalay da
bilirdi ki, Bakıda "Divan"ın tərcüməsi ilə
əlaqədar yaradılmış heyətin başında
Cuze deyil, Xalid Səid dayanıb.
Bəlkə, hətta Xalid Səidin 1934-cü ilin
sentyabrında 300 manat maaşla Şuralar Elmlər
Akademiyası Azərbaycan şöbəsinə Rəyasət
Heyəti tərəfindən birinci dərəcəli elmi
işçi vəzifəsinə gətirilməsi də
"Divan" üzərindəki işlə bağlı
olub. Xalid Səidin yazdığı ərizə Vəli
Xuluflu tərəfindən dərhal imzalanıb, sentyabr
ayından etibarən Xocayev tarix sektorunda işə qəbul
olunub və Kaşqarlı "Divan"ı üzərində
çalışmağa başlayıb. O dövrdə
AzFAN-ın Tarix, Dil və Ədəbiyyat İnstitutunun
direktoru (və ilk direktoru), milliyyətcə eston olan Artur
Zifeld-Simumyaqi idi və həmin bu Zifeld Əli bəy
Hüseynzadə, Yusif Akçura və Zəki Vəlidi
Toğanla yaxın münasibətdə olduğu kimi, onun
Leninlə də dostluq əlaqələri vardı. Zifeld sadəcə türkoloq deyil, həm də
türkçüydü. 1916-ci ildə
İstanbulda "Türk yurdu" dərgisində türklərin
şumerlərlə əlaqəsinə həsr olunmuş məqaləsi
dərc edilmişdi. 1926-cı ildə
keçirilən Türkoloji Qurultayda eston və türk dillərinin
qohumluğuna dair mülahizələr irəli
sürürdü. Fikirləri müəyyən
mənada Atatürkün Günəş Dil Nəzəriyyəsi
ilə uyuşurdu.
1937-ci il iyunun 5-də keçirilən istintaq dindirilməsində
pantürkist təşkilatın üzvü olduğunu qəti
şəkildə rədd edən Xalid Səid iyunun 21-də
pantürkist mövqedə dayandığını "etiraf
etmişdi". "Etiraf" etməyə məcbur
edilmişdi desin ki, Zifeld Mahmud Kaşqarlının
pantürkist kitabını tərcümə etdiyinə
görə onu müdafiə edib... Maraqlıdır ki, Zifeld də
1938-ci ildə pantürkist fəaliyyətinə görə,
Mahmud Kaşqarlı "Divan"ının tərcüməsinə
imkan yaratdığı üçün 8 il həbs cəzasına
məhkum edilərək Kolımaya sürgün edilmiş,
sürgündə - 50 yaşında
"qocalığı" və ürək
çatışmazlığı səbəbilə həlak
olmuşdu.
Və təkcə
Zifeld deyil ki... Vəli Xuluflu üçün də,
Pənah Qasımov üçün də ölüm yolunu bu
sirli əlyazma açır. Kaşqarlı
"Divanı"nın tərcüməsi
ağır cəzalandırılır. Bu qədər işgəncələr,
ölümlər... 1937-ci il oktyabrın 12-dən 13-ə
keçən gecə SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının səyyar sessiyasınının qərarı
ilə Xalid Səidi güllələyir, elə həmin gecə
həyat yoldaşı Sitarə xanımı həbs edib,
Qazaxıstana sürgünə göndərirlər, 13
yaşlı qızı Bəhicə tək qalır, yiyəsiz
qalmış evini də bir erməni ailəsinə verirlər.
Erməni ailəsi isə 1989-cu ilə qədər həmin
evdə yaşayır...
***
Bunu isə
mənə Xalid Səidin qızı Bəhicə xanım
2008-ci ilin noyabrında danışmışdı: "1935-ci
ildə Xalq Maarif Komissarlığının təşəbbüsü
ilə "Divan"ın tərcüməsi atama həvalə
olundu... Xalid Səid həmin tərcüməni
bitirmişdi. Hətta onu Leninqrada, akademik
Malova və Kraçkovskiyə aparmağı planlaşdırmışdı.
Ancaq güllələnməsi onun bu arzusunu da gözündə
qoydu... Ümumiyyətlə, "Divanü
Lüğat-it-Türk"ün tərcüməsi zamanı
atam bir neçə dəfə Leninqrada getmişdi. Hələ
həbs olunmamışdan qabaq atamın anama dediklərini
öz qulaqlarımla eşitdim və heç unutmadım... Üç qovluq vardı. "Divan"ın
tərcüməsi həmin qovluqlardaydı. Qovluqları
anama göstərib dedi ki, məndən sonra bu qovluqları istəsələr
vermə. Əgər sizə pul lazım olsa və
qovluqları vermək məcburiyyətində qalsanız,
onları tərəzidə çəkdirərsən, nə
qədər gəlsə, müqabilində o
ağırlıqda da qızıl tələb edərsən.
Yəqin ki, o bunu məcazi mənada deyirdi.
Qovluqdakı əlyazmaların necə qiymətli
olduğunu bildirmək istəyirdi. Mahmud
Kaşqarlının "Divanü Lüğat-it-
Türk" əsərinin tərcüməsini də, yəni
o üç qovluğu da atam həbs olunduğu gecə
götürdülər... Ancaq indi Mahmud
Kaşqarlının "Divanü Lüğat-it-Türk"
əsərinin ilk tərcüməsinin atama aid
olmadığını iddia edən adamlar var. Bilmirəm niyə
belə deyirlər? Hətta "Divan"ın min səhifəlik
əlyazmasını "gördüm" deyən yoxdur...
Ancaq mənim intuisiyam başqa şeylər söyləyir..."
Əslində,
bir az əvvəl
xatırlatdığım sitatlardan da anlaşılır ki,
"gördüm" deyənlər çoxdur, amma buna rəğmən,
onun üzə çıxarılmasında maraqlı olan tərəflər
yoxdur.
Düşündürən məqamlar isə
çoxdur, biri də budur ki, NKVD müsadirə etdiyi neçə-neçə
tarixi-elmi-ədəbi qaynaqları puça
çıxardığı, yandırıb məhv etdiyi halda
necə olub ki, Xalid Səidin bu əlyazmasının
azadlığa çıxmasına müsaidə edib? Ya bəlkə, üzü
makinada çıxarılmış əlyazmanın bir
nüsxəsi də elə Xalid Səidin iş yerində -
Şuralar Elm Akademiyası Azərbaycan şöbəsində
qalıbmış. Əgər üç
qovluqdan ibarət "Divan" tərcüməsinin əlyazması
yenidən Akademiya seyfinə qayıdıbsa
(göründüyü kimi, çoxları o əlyazmanın
"qayıtdığına" şahidlik edir, yaxud da, elə
əlyazmanın makinada çıxarılmış bir
nüsxəsi institutda qalıbsa), bəs indi o, hardadır?
Hansı seyfdədir?
Altmışıncı
illərdən etibarən müxtəlif məqalələrdə,
araşdırmalarda, yazışmalarda varlığı
xatırlansa da, ətraflı elmi təsviri verilməyən,
geniş filoloji təsnifatı aparılmayan, ayrıca tədqiqat
predmetinə çevrilməyən əlyazmanı hamı birmənalı
olaraq Akademiyanın seyfində nişan verir, yazılanlar həqiqətdirsə,
deməli, 1937-ci ildən üzü bəri bu əlyazma
akademiyadadır. Amma həm də məchuldur.
Akademiyadadırmı?
Cəlal
Qasımov yazır ki: "Həmin əlyazmaların Nizami adına Ədəbiyyat İnstitutunda
olduğunu müəyyənləşdirsək də, əsərin
özünü əldə edə bilmədik. Məlum
oldu ki, həmin əlyazmaların izi yalnız kataloqda
qalıb, özünün isə harda olduğunu bir Allah bilir.
Kim götürüb, nə zaman
götürüb və niyə götürüb, bilinmir.
Bizdə belə bir yəqinlik hasil oldu ki,
"Divan" itməyib, kimsə tərəfindən
götürülüb".
Problemi çözmək olmazmı? Axı Xalid Səidin
tərcüməsində "Divanü
Lüğat-it-Türk" Azərbaycanın milli sərvətidir.
Bu qədər ciddi bir məsələyə
onilliklər ərzində seyirçi qalmaq, haqqında
"biri varmış, biri yoxmuş" üsulunda
danışmaq, əlyazmanın tapılmasına xüsusi cəhd
göstərməmək fikir həyatımızın ən
böyük kəsiridir.
1937-ci ilin ən ağır zərbələrindən
biri Azərbaycanda AzFAN-ın timsalında akademiya sisteminə dəyib. Bütün
böyük alimlərimiz repressiya olunub. Bu gün
müstəqil Azərbaycanın Milli Elmlər Akademiyası
"Divan"ın Xalid Səid tərcüməsini üzə
çıxarmaqla, təkcə Xalid Səidin deyil, 1937-ci ildə
qətlə yetirilmiş bütün alimlərimizin - Salman
Mümtazın, Əli Nazimin, Hənəfi Zeynallının, Bəkir
Çobanzadənin, Əmin Abidin, Vəli Xuluflunun, Məmmədkazım
Ələkbərlinin ruhu qarşısında öz şərəf
və ləyaqət borcunu yerinə yetirmiş olar.
Milli
türkologiya tariximizdə belə bir nadir hadisənin - Xalid Səidin
tərcümə etdiyi "Divanü
Lüğat-it-Türk"ün bu günədək nəşr
edilməməsini düşünüb kim
etiraf etməz ki, həm də bu kitabı tərcümə
etdiyinə görə güllələnmiş Xocayevin
çiləli ruhu hələ də 1937-ci ilin qanlı
çarmıxından endirilməyib. Elə buna
görə də, xüsusən, Milli Elmlər Akademiyası
bütün potensialını səfərbər edib onu
çarmıxdan endirməli, 48 yaşında güllələnmiş
bu böyük alimin haqqını özünə
qaytarmalıdır. Xalid Səidin tərcümə etdiyi
mətn tarixi həqiqət və elmi ədalət naminə
mütləq meydana çıxarılıb nəşr
olunmalıdır... Faksimile şəklində
olsa belə, bu edilməlidir. "Divan"ı rus dilinə
tərcümə etmiş qazax alimi Zifa-Alua Auezova 2005-ci ildə
nəşr etdirdiyi kitabın ön sözündə yazır
ki, "onilliklər boyu çap olunmağını gözləyən
"Divan" tərcümələrindən danışarkən,
sovet elmi üçün dramatik olan 1935-1937-ci illərdə
Xalid Səid Xocayevin Azərbaycan dilində
hazırladığı tərcümənin üstündən
sükutla keçmək olmaz. "Sovetskaya
tyurkoloqiya" jurnalının məlumatına görə, bu
tərcümə hələ də çap olunmayib və Azərbaycan
Elmlər Akademiyasının... seyflərində
saxlanılır". Bunu indi bütün dünya
bilir...
Xalid Səidin
85 il əvvəl tərcümə etdiyi "Divanü
Lüğat-it-Türk"ün üzə
çıxarılması və nəşr edilməsi
Bakının dünya türkologiyasındakı nüfuzuna əsaslı
təsir göstərməklə yanaşı, Xalid Səidin
pərişan ruhunu da təskin edər...
Yazıya sözardı
"Bu dünyada bir Xalid Səid vardı" məqaləmi
2008-ci ilin sentyabrında yazmışdım ("Ədəbiyyat
qəzeti", 12 sentyabr 2008).
O
yazıdan sonra Xalid Səidin qızı Bəhicə xanım
mənə zəng vurdu. Görüşdük.
Geniş bir söhbət etdik. O söhbət
də elə həmin günlərdə "Ədəbiyyat qəzeti"ndə
dərc olundu. ("Füzuliyə aid sualla Çobanzadəyə
müraciət etdikdə o, tələbələrini Xalid Səidin
yanına göndərərdi...". "Divanü
Lüğat-it-Türk"ün ilk tərcüməçisi
Xalid Səid Xocayevin qızı Bəhicə xanımla
söhbət.- "Ədəbiyyat qəzeti",
14 noyabr 2008).
Sonra "Xalid Səid Xocayev - şəhid
türkşünas" kitabımı yazdım. Xalid Səid
barədə yazılmış ilk kitab idi. ("Elm və Təhsil" nəşriyyatı -
2009).
2009-cu ilin 7 oktyabrında Atatürk Mərkəzində
kitabın təqdimat mərasmi keçirildi.
Bəhicə xanım isə artıq 4 ay idi ki, Kanadaya
köçmüşdü.
Kitabın bir neçə nüsxəsini ona göndərdim. Məktub
yazdı. Fikri-zikri "Divanü
Lüğat-it-Türk"ün yanındaydı:
"Hörmətli Azər müəllim. Mən bu məktubu
Kanadadan yazıram. Allahın əmri belə
imiş - mən də qəriblikdə
yaşamalıymışam.
Xalid Səid haqqında yazdığınız kitabı
alıb nə gədər sevindiyimi desəm heç bir
şey deməmiş olaram. Çox sağ
olun. Ədəbi fəaliyyətinizdə sizə
müvəffəqiyyət diləyirəm, çünki sizin
bütün fəaliyyətiniz nəcib, xeyirxah bir işdir.
Siz Xalid Səidi öz əsərinizlə yenidən
həyata qaytardınız, ruhunu şad etdiniz. Bu, həm də çox savab işdir. Allah köməyinizdə olsun. Mən
bütün ailəmlə birlikdə sizə
cansağlığı arzu edirəm. Haqsız
əzab çəkib həlak olanların ruhunu şad etdiyinizə
görə nəsillər sizə minnətdar olacaq.
Azər müəllim, siz Xalid Səidin elmi fəaliyyəti
ilə yaxından tanışsınız. Mahmud
Kaşqarının "Divan"ı mətninin izahlı
elmi tərcüməsi üzərində mənim
gözüm qarşısında gecə və gündüz
çalışdığı və əsəri elmi
redaktorları olan Malov və Kraçkovskiyə
çatdırmaq məqsədi ilə Leninqrada tələsdiyini
sizə danışmışam. Əfsus ki,
arzusu ürəyində qaldı. Ümidvaram
ki, ədalət öz yerini tapacaq və Xalid Səidin bu əsərin
müəllifi olduğu sübuta çatdırılacaq və
o ölməz əsər bir gün işıq üzü
görəcək. Sizə bu işdə
müvəffəqiyyət arzu edirəm. Hörmətlə,
Bəhicə Xalid Səid qızı. 21
oktyabr 2009. Kanada".
O
kitabı yazarkən müxtəlif sənədlərə,
Xalid Səidin köhnə və artıq nadir nüsxələri
qalmış kitablarına, əlyazmalara, Stalin dönəmində
diqqətdən yayınmış kağızlara və təbii
ki, Bəhicə xanımın demək olar ki,
günaşırı lent yazısına aldığım
söhbətlərinə istinad etmişdim. İndi
Bəhicə xanım dünyada yoxdur. Ömrünün
son on ilini Kanadada yaşadı. Öldüyü
gün telefonla danışmışdıq. Bəhicə xanımla
danışdığımız günün axşamı,
yanvarın 29-da qızından kədərli bir məktub
aldım. "...Salam, Azər müəllim, bu gün anam
rəhmətə gedib. Gündüz çox
şad idi ki, sizlə danışdı. Axşam
halı pis oldu, həkimlər heç bir şey edə bilmədilər.
Hörmətlə, Əfruz". Bir gün sonra "Ədəbiyyat qəzeti"ndə
"Metafizik və sürreal işıq, yaxud Bəhicə
xanımın son yuxusu..." adlı yazı yazdım. ("Ədəbiyyat qəzeti", 1 fevral 2020).
"Xalid Səid Xocayev" kitabımın Bəhicə
xanım tərəfindən tərcümə edilmiş
nüsxəsini Əfruz xanım anasının
ölümündən sonra mənə göndərdi. İndi o
nüsxəni kitabxanamda Bəhicə Xalid Səid
qızının yadigarı kimi əzizləyirəm.
Yenidən Xalid Səid mövzusuna
qayıdacağımı düşünmürdüm. Kompüterimin
yaddaşında Bəhicə xanımın bir videomüraciətinə
rast gəldim. 2018-ci ilin fevralında Birinci
Türkoloji qurultayın 90 illiyi ərəfəsində yubiley
iştirakçılarına çatdırmaq
üçün səsini yazıb göndərmişdi.
Bu çıxışında da o, Azərbaycan
alimlərinə "Divanü
Lüğat-it-Türk"ün Xalid Səid tərcüməsini
vəsiyyət edirdi. Təəssüf ki,
Bəhicə xanımın həmin çıxışı
nə yubiley tədbirində təqdim olundu, nə də
yubiley günlərində hansısa televiziya kanalında
göstərildi. Bəhicə xanım üzünü
Azərbaycanın elmi ictimaiyyətinə tutub deyirdi:
"Xalid Səid bütün ömrünü Azərbaycan türkologiyasına, onun inkişafına həsr etmişdi. Mən isə onun Kaşqarlının Divanı üzərində işləməsinin canlı şahidiyəm. Odur ki, atamın ən əsas əsəri olan Mahmud Kaşqari divanının nə qədər sağam, işıq üzü görməsini arzulayıram. Bununla atamın da ən əsas arzusu həyata keçirilmiş olar və ruhu da şad olardı".
7 sentyabr 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 10
sentyabr.- S.16-17.