Hekayələr
Söz-süz
Nazirin bir kəlmə sözü lazım idi ki,
çoxdan bəri boş qalan şöbə müdiri vəzifəsinə
təyin olunam.
Mən idarənin aparıcı mütəxəssisi idim, iş stajım, təcrübəm əsas
verirdi ki, bu vəzifəni icra edəm. Bu
şöbədən yüksək vəzifəyə irəli
çəkilən Fuad Barxudarlı ixtisasca maliyyəçi
idi, yəni Kənd Təsərrüfatı Nazirliyinin
şöbələrində işləməyə qadir
deyildi. Bir problem ortaya çıxan kimi məni
yanına - məsləhətə çağırır, əlaqədar
təşkilatlara arayışlar, məlumatlar, izahatlar
yazdırırdı.
İşin gedişindən mənə yüz faiz
aydın idi ki, mən Miçurin olsam belə, nazir mənə
icazə verməz ki, layiq olduğum vəzifəyə
keçim. Bunun üçün yüksək yerdən
tapşırıq lazım idi. Çoxdan
tanıdığım, səmimi münasibətimiz olan zavod
direktoru Şamil Familov məsələdə mənə yardımçı
ola bilərdi. Baxmayaraq ki, Şamil Familov
nazirdən aşağı səviyyədə idi, ancaq
tanıyanlardan eşitmişdim ki, əvvəla nazirlə
Şamil müəllim bir kənddən idilər, təbii ki,
qohumluqları vardı və on il orta məktəbdə
bir sırada oturmuşdular. Bir-birlərinin xətrini
dünyalar qədər istəyirdilər. Əgər
Şamil müəllim razılıq verib nazirə bircə kəlmə
desəydi, məsələ göydə həll olunacaqdı.
İşdən bir saatlıq icazə alıb Şamil
müəllimin qəbuluna getdim. Məni çox səmimi
qarşıladı, hətta katibəyə çay gətirməyi
tapşırdı. Vəziyyəti ona
danışdım, diqqətlə sona qədər qulaq
asıb kreslosunda o yan-bu yana
yırğalandı.
- Bilirsən
ki, - dedi - sənin xətrini dünyalar qədər istəyirəm.
Ayrı adam olsaydı, düz
otağına gedərdim. Sən
bacarıqlı, qabiliyyətli, savadlı mütəxəssissən.
Bu naziri tanımağına tanıyıram,
ancaq çox kobud, söz eşitməyən, eqoistin biridir.
Desəm də, sözümü yerə salacaq.
Sən istəyirsənmi, mənim sözüm
yerə düşsün. Bu getsin,
başqasına gözüm üstə. Ağız
da açaram, xahiş də eləyərəm.
Mən
Şamil Familovun qeyri-səmimiliyini o dəqiqə hiss etdim. Yalan deyirdi, gözünün içinə kimi.
Məcbur edəsi deyildim ki? Otağından
çıxıb suyu süzülə-süzülə işə
qayıtdım.
Kənardan bir cavan kadrı şöbəyə müdir
qoydular. Bura
elə bil tramplin idi, o da bir il keçməmiş
məsul işə aparıldı.
Və o gün oldu ki, naziri işdən
çıxartdılar. Yeni nazir işə başlayan kimi struktur
dəyişikliklərinə başladı, Əlinin
papağını Vəlinin, Vəlinin papağını
Əlinin başına keçirdi. Mən
yerimdə sayırdım. Yadıma
Şamil Familov düşdü. Başqası
olsaydı, məndən ötrü ağız açardı.
Bu da başqası. Onu
yoxlamaq üçün qəbuluna getdim.
- Şamil müəllim, nazir təzələndi. Demişdiniz
ki, başqası olsa, xahiş edərsiniz.
- Sən
bilirsən ki, aramızda səmimiyyət var, xətrini
dağlar qədər istəyirəm. Sən
çox bacarıqlı, qabiliyyətli, savadlı mütəxəssissən.
Bu nazir bilirsən kimdir? Çox
kobud, söz eşitməyən, eqoistin biridir. Sən niyə bundan qabaq mənim yanıma gəlmirdin?
Keçmiş nazirə bircə kəlməm
kifayət idi ki, səni ürəyin istəyən vəzifəyə
qoysun. Çox təəssüf!
-
Çox təəssüf! - Mən ayağa qalxıb onun
gözlərinin içinə baxdım. İlahi,
o gözlər necə də tülkü gözlərinə bənzəyirdi.
Deməyə
söz tapmadım!
2012
Çürümüş
meyvə satan qoca
Qocanın piştaxtası şəhərdəki ən
böyük bazarın çölündə,
çınqıl daşlar döşənmiş, səliqəsiz
taxta və dəmirlərlə hasarlanmış yerdə,
üçüncü sıranın sonunda idi. Qabaq və yan
tərəfləri yeşik taxtaları ilə yamanmış,
içərisinə iki rəf düzəldilmişdi. Bura əsl anbarı xatırladırdı. O,
saxlanclarını qəzet və kağız
parçalarını, işlənməkdən
üstünün gülü silinmiş ferması, armudu stəkan
və nəlbəkisini, qəndqabını, bir də oturacaq əvəzi
yeşiyini burada saxlayırdı. Piştaxtanın
üstü üç gözə ayrılmışdı,
qoca meyvələri çeşidləyib növlərlə
bura yığırdı. Hər səhər bazara gələn
qoca əvvəlcə çox da uzaqda olmayan və fasiləsiz
axan krandan su gətirib ətrafına su çiləyir, rəngi
itmiş dəsmalla piştaxtanın tozunu alır, dünəndən
qalmış meyvələri gözlərə düzür,
yeşiyini çıxarıb döşəkçənin
üstünə sərir, sonra oturub çəliyini iki
qılçasının arasına qoyandan sonra "Avrora"
qutusundan bir gilə götürüb sığallayır,
qapqara müştüyünə keçirib yandırır,
iştahla acı tüstünü ciyərlərinə
çəkirdi. Paltarları köhnə olsa da,
səliqəli geyinir, ayaqqabılarını gündə bir
neçə dəfə dəsmalla qaraldır, üzündə
ağarmış tük saxlamırdı.
Xalam bazarda onunla yanaşı meyvə satırdı. Mən arada ona baş
çəkməyə gələndə Əlləz kişi ilə tanış olmuşam. Bəzən
xalam vacib iş dalınca gedəndə yerini mənə
tapşırırdı və onda biz onunla söhbət etməyə
imkan tapırdıq. Xalamın piştaxtası nisbətən
böyük idi, ona görə ki, o meyvələrin
çeşidini çox edir, həm də evdə
hazırladığı, bazarda ucuz aldığı gündəlik
tələbat mallarını satırdı, Əlləz kişi isə almadan başqa piştaxtaya
heç nə qoymurdu. Qəribəydi, onun satdığı
meyvələrin biri də salamat deyildi! İlk vaxtlar - onda mən
Əlləz kişini yaxşı tanımırdım - mənə
elə gəlirdi ki, bu kişi ağlını itirib, camaata
iylənmiş, çürük meyvələr satır, ancaq
onu yaxından tanıyandan sonra gördüm ki, onun
piştaxtasındakı meyvələr par-par parıldayan
qırmızı, sarı, yaşıl almalardan daha dadlı,
daha göz oxşayandı.
- Bazara
çıxan mal satılır. Hamısı.
Hər malın öz müştərisi var.
Sən
demə, xalam kimi onun da öz müştəriləri
varmış və hamıdan fərqli olaraq Əlləz kişi meyvələrin üstünə qiymət
kağızı qoymazdı. Məcbur eləsələr
də, o bunu etməmişdi, bazarkoma nə demişdisə, nəzarətçilər
daha ondan yan keçirdilər.
- Mənim
müştərilərim mənim malımın qiymətini
özləri bilirlər!
Təsadüfi alıcılar ondan qiymət soruşanda bəzilərini
eşitməzliyə vurur, bəzilərinə isə astadan
ixtiyari qiymət deyirdi.
- Bu nədir
satırsan? - Hirslə deyilən sözləri Əlləz kişi soyuqqanlıqla qarşılayır,
"kasıbın olanından" deyirdi.
- Qoca
kişidən, get otur evində! - deyənlər
hardan biləydilər ki, Əlləz kişi tək-tənhadır,
tək-tənha evdə oturmaq isə yaşlı adamlar
üçün ən ağır yükdür. Əlləz kişini yaşadan bazar idi, bazarda
üzü günün döydüyü,
yağışın islatdığı, küləyin toza
bürüdüyü piştaxta, bir də insanlar idi. Hər
axşam satıcıların satışdan
çıxdaş etdikləri meyvələri Əlləz kişi anbarına yığırdı. Çoxusu da özləri o meyvələri Əlləz
kişiyə gətirib verirdilər.
-
Xalanın stəkanını ver, sənə bir çay
süzüm. Heç mənim dəmlədiyim
çaydan içməmisən. - Özü gəlib
xalamın stəkanını götürüb təmizləyir,
termosdan çay süzüb məni yanına dəvət
edirdi.
- Əlləz əmi, gündəlik qazancın olurmu?
O, bir
xeyli fikirləşib sonradan təmkinlə dilləndi.
-
Qazancım çox olur. Sən heç təsəvvür
edə bilməzsən, mənim qazancım bu bazardakı
satıcıların hamısından çoxdu.
Mən heyrətlənib piştaxtanın üstündəki
iylənmiş meyvələrə baxır, onların cəmini
ən yüksək qiymətə vurur, qazancı
hesablayırdım.
- Gündə
nə qədər qazancın olur? - O mənim sadəlövhlüyümü
səbrlə qarşılayır, bir yerə, bir göyə
baxırdı.
- Həyat
qədər! - Bu vaxt saçları ağarmış, beli
azca əyilmiş qadın ona yaxınlaşdı. Əlləz kişinin üzü güldü.
- Hardasan?
Neçə gündü görünmürsən?
- Qocalıq
bir köpəkoğluluq döymüş. Yel əsən
kimi xəstələnirəm.
-
Malını saxlamışam.
- Yoox! Hamısını apara bilmərəm. İki kilo ver, qalanını uşaqlar apararlar.
- Lap
yaxşı. Özünə fikir ver.
Qadın üzü yeyilmiş palıdı pul
qabından sarı manatlıq çıxardıb ona uzatdı.
- Qoy
qalsın, sonra verərsən.
Qadın güldü.
- Birdən
ölüb eləyərəm, onda sənə borclu qalaram. Al,
götür!
- Borclu
borclunun sağlığını istər! - Əlləz kişi qadının əlini qaytardı. Sonra "anbar"dan armudu stəkanı
çıxartdı. - Bir stəkan çay!
- Yoox! Sağ
ol!
Qadın
aralandı, Əlləz kişi xeyli onun
dalınca baxdı, sonra "Avrora" qutusunu açıb giləni
müştüyə keçirib alışdırdı.
Qadın onun cəbhə yoldaşı imiş! Əlləz
kişinin sifəti açılmış, hərəkətləri
itiləşmiş, əhvalı dəyişmişdi. Sonra o dil boğaza qoymadan ötənlərdən
danışmağa başladı. Danışdı,
danışdı, heç yorulduğunu hiss etmədim.
-
Başqa müştəriləriniz də varmı?
- Var, var!
Hərəsinin öz gələn vaxtları var! Gələcəklər,
Allahın köməkliyi ilə...
***
...Gənc
ər-arvad Əlləz kişinin piştaxtasının
qabağında dayandılar, əvvəlcə ona, sonra iylənmiş
almalara baxdılar, aralanmaq istəyəndə oğlan
kobudluqla qolundan tutan qadından aralanıb "Bu kişini
xoşbəxt edəcəm" dedi. Qoca onları
sınayıcı nəzərlərlə süzdü, sonra
laqeydcəsinə yönünü yana
çevirdi.
-
Kişi, bu almaların hamısına nə verim? - Cavab
gözləmədən iki sarı manatlığı
qırmızı onluğun arasından sivirib
piştaxtanın üstünə tulladı.
"- Kişi, bu meyvələrin hamısını
yığ! -
Qadın ona təpindi.
- Bu iylənmiş
almaları neyniyəcəksən?
- Odey,
zibilliyə atacam, qoy yazığın canı qurtarsın, bir
anlıq sevinib xoşbəxt olsun.
- O
malların sahibi var, behini də veriblər. Əziyyət
çəkməyin.
- Bunun
a...a!
- Bəli.
- Oğlan heyrət içində donub qalmışdı, bir
gözü piştaxtada, bir gözü qadında idi. - Məni
xoşbəxt eləmək istəyirdin? Heç
xoşbəxtliyin nə olduğunu bilirsənmi?
Oğlangil gözəgörünməz oldular. Mən Əlləz
kişinin sualının sadə olduğunu
düşünürdüm, amma fikirləşəndə
gördüm ki, onun cavabını mən də bilmirəm.
Müzahim İSMAYILZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.24.