Psixologiya elminin ləyaqətli
nümayəndəsi,
sevilən şəxsiyyət
Professor Əbdül Əlizadə
- 90
Əməkdar
elm xadimi, Prezident təqaüdçüsü, psixologiya elmləri
doktoru, professor Əbdül Əlizadəni ötən əsrin
60-cı illərindən tanıyırdım. Bu ilk
tanışlıq qiyabi baş vermişdi. O zamanlar professorun şərikli
yazdığı "Psixologiya" dərsliyindən ali və orta ixtisas məktəblərində
istifadə olunurdu. Həmin dərslik bizim də
bələdçimiz idi. Mən 1968-1973-cü illərdə
M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər
İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti)
ingilis-Azərbaycan dilləri fakültəsində təhsil
alırdım. Digər fənlərlə
yanaşı, pedaqogika və psixologiya fənlərini də
keçirdik.
Tələbəlik illəri arxada qaldı. Təyinatımı
Sabirabad rayonuna verdilər. Rayonun
Şıxsalahlı və Qaragüney kənd məktəblərində
ingilis dilini tədris edirdim. "Psixologiya" və
Əbdül Əlizadənin qələmə
aldığı bir sıra əsərləri, o cümlədən
"Uşaqlarda diqqətin tərbiyəsi",
"Uşaqlarda kollektivçilik hissinin tərbiyəsi",
"Uşaqların ailədə cinsi tərbiyəsi",
"Yaş və pedaqoji psixologiya məsələləri",
Şagirdlərdə təxəyyülün inkişafı və
tərbiyəsi", "Şagirdlərin yaradıcı fəaliyyətinin
psixologiyası" stolüstü kitablarım oldu.
XX yüzilliyin 70-ci illərinin ortaları idi. Mən
artıq Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər
İnstitutunda (hazırda Azərbaycan Respublikasının Təhsil
İnstitutu) çalışırdım. Əbdül müəllim ara-sıra bizim instituta gəlirdi,
yaxud mənim yolum onun işlədiyi Azərbaycan Dövlət
Pedaqoji Universitetinə düşürdü. Biz artıq
şəxsən tanış idik. Görüşür, bir-birimizdən hal-əhval
tutur və ya müxtəlif elmi məclislərdə, tədbirlərdə
rastlaşırdıq.
Bu bizim ikinci tanışlığımız idi. Münasibətlərimiz
hələ ki həmkar, sırf rəsmi münasibətlərdən
uzağa getmirdi. Əbdül müəllimin
kitablarını, qəzet və jurnallardakı məqalələrini
oxuyur, çıxışlarını dinləyirdim. O,
bir alim və bir insan kimi məndə son dərəcə
böyük və xoş təəssürat oyadırdı.
Bizim üçüncü
tanışlığımız 1985-ci ildə oldu. Onda professor
Zahid Qaralov Maarif nazirinin müavini vəzifəsində
çalışırdı. Həmin
vaxtlarda ümumtəhsil məktəblərinin tədris
planlarına yeni fənn - "Ailə həyatının etika
və psixologiyası" fənni daxil edilmişdi. IX siniflərdə tədrisi nəzərdə
tutulurdu. İttifaqa daxil olduğumuz illərdə
əksər fənn proqramları və dərslikləri
Moskvada hazırlanır, onlar müttəfiq respublikalarda tərcümə
edilərək təhsil müəssisələrinə
çatdırılırdı.
"Ailə" ("Semya") dərsliyinin müəllifi
T.M.Afanasyeva idi. Dərslik Moskvada
"Prosveşşeniye" nəşriyyatında işıq
üzü görmüşdü. O dövrün tələbinə
görə, həmin dərslik də Azərbaycan dilinə tərcümə
edilərək respublikamızın ümumtəhsil məktəblərinə
göndərilməli idi. Deməli, belə
çıxırdı ki, bizim şagirdlərimizə əslində
rus ailəsi barədə məlumat veriləcəkdi.
Zahid Qaralov Əbdül müəllimlə məni
yanına çağırıb bizə "Ailə həyatının
etika və psixologiyası" kursu üzrə proqram
hazırlamağı və ona uyğun dərslik
yazmağı tapşırdı. Həm də əlavə etdi:
"Proqram və dərslik orijinal olmalı, Azərbaycan ailəsi
barədə doğru-düzgün təsəvvür
yaratmalıdır. Bildiyiniz kimi, millətimiz
üçün sağlam və möhkəm ailə və
uşaqlar bütün sərvətlərdən qiymətlidir.
Bizim ailələrin tarixən özünəməxsus
xüsusiyyətləri, dəyərli ailə ənənələri
olub. Azərbaycan ailəsinin ən
yaxşı cəhətləri şagirdlərə
çatdırılmalıdır".
Təbii ki, biz özümüz də bu fikirdə idik. Odur ki, Moskvada
nəşr olunmuş dərslikdən fərqli olan "Ailə"
dərsliyi üzərində işləməyə
başladıq. İlk növbədə
kursun məzmununu müəyyənləşdirdik, tədris
proqramını hazırladıq.
O vaxtdan
illər keçdi. Lakin dərslik üzərində
necə inadla, eyni zamanda səbirlə
çalışdığımızı indi də
xatırlayıram. Kimin hansı hissəni
yazacağını qabaqcadan
ölçüb-biçmişdik. Materiallar
hazır olduqca professor öz yazılarını mənə,
mən də öz materiallarımı baxmaq üçün
ona verirdim. O zamanlar mən hələ namizədlik
dissertasiyası da müdafiə etməmişdim. Lakin yazı səriştəm vardı. Əli Bayramlı (hazırda Şirvan) şəhərində
çıxan "İşıq" qəzeti redaksiyasında
ədəbi işçi işləmişdim.
Bəzi alimlərdən fərqli olaraq Əbdül
müəllim son dərəcə sadə və təvazökar
bir şəxs idi. Həmin keyfiyyətlərini
ömrünün sonuna kimi qoruyub saxladı.
Özündən bədgüman olmaq, özünü
yüksək tutmaq, başqasını bəyənməmək,
saymamaq, digərinin fikri ilə hesablaşmamaq və sair keyfiyyətlər
bu böyük şəxsiyyətə yad idi.
Üçüncü
tanışlıq bax belə bir yaradıcı əməkdaşlıq
şəraitində baş verdi və
inkişaf edib dostluğa, qardaşlığa çevrildi. Mən Əbdül müəllimdən çox
şey öyrənmişəm, onu özümün müəllimi
hesab etmişəm və edirəm.
Böyük psixoloqlar nəslinin yetişməsində
professor Əbdül Əlizadənin misilsiz xidmətləri
olub. O, Azərbaycan
məktəbinə, psixologiya elminə "Müasir Azərbaycan
məktəbinin psixoloji problemləri", "Yeniyetmələrin
cinsi tərbiyəsi", "Şəxsiyyətin
inkişafının etnopsixoloji məsələləri",
"Təxəyyül", "Yeni psixoloji təfəkkür",
"Xəmsə"də yaş və pedaqoji psixologiya məsələləri",
"Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri",
"Azərbaycan güzəran psixologiyası məsələləri",
"İstedadlı uşaqlar", "Məhəbbət aləmi",
"Qadın psixologiyasına giriş", "Ailə"
(prof. A.N.Abbasovla), "Məhkəmə psixologiyası" (həmmüəlliflə),
"Psixologiya" və "Sosial psixologiyanın aktual məsələləri"
(prof. Ə.S.Bayramovla); "Pedaqoji psixologiya", "Əsrin
meqameyilləri: psixopedaqoji problemlər" (3 cilddə),
"Psixopedaqogika", "Yeni pedaqoji təfəkkür:
psixopedaqogikaya giriş" (H.Ə. Əlizadə və
S.H.Əlizadə ilə) və s. kitablar töhfə
vermişdir.
Professor Ə.Ə.Əlizadənin son kitabları
"Psixopedaqogika" və "Qadın
psixologiyası"dır. Hər ikisi vəfatından
sonra işıq üzü görüb.
Mən
unudulmaz professorun bir neçə dərslik və
kitabının, o cümlədən 3 cildlik "Əsrin
meqameyilləri: psixopedaqoji problemlər", "Yeni pedaqoji təfəkkür:
psixopedaqogikaya giriş" və s. - elmi redaktoru;
"Müasir Azərbaycan məktəbinin psixoloji problemləri"
və s. kitablarının isə rəyçisi olmuşam.
Professor Ə.Ə.Əlizadə ilə birlikdə mən
"Ailə həyatının etika və psixologiyası"
fənninin proqramını və "Ailə" dərsliyindən
savayı, kursun tədris kompleksinə daxil olan "Ailə həyatının
etika və psixologiyası" (müəllim üçün
dərs vəsaiti) və kurs üzrə müntəxəbat
("Ailə həyatının etika və
psixologiyası" üzrə müntəxəbat) da
hazırlamışıq. "Ailə" dərsliyi
rus dilinə tərcümə olunub ümumtəhsil məktəblərinin
təlim rus dilində olan siniflərinə təqdim olunub.
Dərslik və dərs vəsaitlərinin
ümumi tirajı o zamanlar yarım milyon tiraja
çatırdı.
Professor Ə.Ə.Əlizadə ilə birlikdə biz
10-dan artıq kitabça, 40-a yaxın jurnal və qəzet məqaləsi
çap etdirmişik. Bu yaxınlığın, elmi əməkdaşlığın
nəticəsində nəinki özümüz, habelə ailəmiz,
övladlarımız da doğmalaşıb.
Əbdül
müəllimin böyük oğlu, hazırda pedaqogika elmləri
doktoru, professor olan Hikmət Əlizadə ilə də
tanışlığım vardı, dost münasibətində
idik. Hikmət müəllim elmlər doktoru
proqramı üzrə bizim institutun doktorantı olmuşdu.
O, doktorluq dissertasiyasını müdafiə edərkən mən
rəsmi opponent kimi çıxış etmişəm.
Bir dəfə
Əbdül müəllim bizi bir-birimizə
tapşırıb: "Görürəm dostluq edirsiniz. Bu azdır. Bir-birinizə
qardaş olun!" - dedi.
Professorun dediklərini unutmadıq. O vaxtdan bu dostluq,
qardaşlıq münasibətləri daha da möhkəmlənib.
Hazırda Hikmət müəllimlə həm də
elmi əməkdaşlıq edirik. 2000-ci ildə Hikmət
Əlizadə ilə ali məktəblər
üçün yazdığımız "Pedaqogika" dərsliyi
kütləvi tirajla nəşr edilmişdir. Hazırda
da müəllimlər və tələbələr tərəfindən
istifadə olunur. Şagirdlərdə təxəyyülün
inkişafı və tərbiyəsi",
Əbdül Əli oğlu Əlizadə 16 avqust 1932-ci
ildə Şuşanın Malıbəyli kəndində anadan
olmuş, 22 fevral 2015-ci ildə Bakı şəhərində
dünyasını dəyişmişdi. Əbdül
müəllim adlı-sanlı, şanlı-şöhrətli
Qarabağ bəyləri nəslindən idi. Babası Səlim bəy Şuşada və Malıbəyli
kəndində böyük hörmət və nüfuza malik
idi. O, Malıbəyli nahiyəsinin
yüzbaşısı olmuşdu.
Hərdən
öz-özümə fikirləşirəm: "Tale nə
yaxşı ki, məni professor Əbdül Əlizadə kimi
pərəstiş edilməyə, nümunə
götürülməyə və göstərilməyə
layiq bir insan və şəxsiyyətlə
rastlaşdırıb". Onunla
görüşəndə həmişə mənə elə
gəlib ki, ən əziz adamımı görürəm.
Ataların
belə bir misalı var: "Ərlə
arvadın torpağı bir yerdən
götürülüb". Demə, bu sözlərdə
dərin həqiqət varmış. Əbdül
müəllimin ömür-gün yoldaşı Əminə
xanım da (Allah rəhmət eləsin!) Əbdül
müəllim xasiyyətində idi. Cəfakeş,
xeyirxah, mehriban, ailəcanlı, sadə, səmimi, sakit təbiətli
bu qadın Əbdül müəllimin həyatını daha
da rövnəqləndirir, ona ailə rahatlığı, qəlb
dincliyi gətirir, elmin uca zirvəsini fəth etməkdə bu
böyük şəxsə arxa, kömək dururdu. Bu
insanları görəndə fikirləşirsən: "Nə
yaxşı ki, dünyada belələri var!".
Hamının sevimlisi olmaq, hamının hörmət və
nüfuzunu qazanmaq, kimsəni incik salmamaq heç də hər
şəxsə nəsib olmur.
Dərin təfəkkürlü, güclü məntiqli,
iti ağıl sahibi olmaq da bir kimsənin qismətinə
düşməz.
Mübaliğəsiz
olaraq deyirəm və onu tanıyanların hər biri təsdiq
edə bilər ki, Əbdül Əlizadə əli və dili
düz, təmənnasız insan olub (o zamanlar ali
məktəbdə çalışanların hər biri
haqqında bu sözləri demək olmur). SSRİ-yə
daxil olduğumuz illərdə Sov.İKP MK-nın zəhmətsiz
gəlirlərə qarşı mübarizə tədbirləri
ilə bağlı bir qərarı vardı. Bu qərar sovet əmlakını dağıdanlarla,
rüşvətxorluq halları ilə mübarizəni nəzərdə
tuturdu. İdarə və təşkilatlarda,
müəssisələrdə qərarın müzakirə
edilməsi, zəruri tədbirlərin görülməsi tələb
olunurdu. Əbdül müəllimin işlədiyi ali təhsil müəssisəsində də
bir tədbirin keçirilməsi nəzərdə
tutulmuşdu. Kim isə məruzə ilə
çıxış etməli idi. Fəqət
həmin şəxs gözü, könlü tox olmalı idi
ki, işçilərə, əməkdaşlara söz deyə
bilsin, onları düzlüyə, halallığa səsləyə
bilsin, zəhmətsiz gəlirlərdən uzaq durmağı
onlara məsləhət görsün. Hamı bir-birini
yaxşı tanıyır, kimin kim
olduğunu bilirdi.
Məruzəçi
kim olsun? Baş
sındırırdılar. Yaxşı
yadımdadır. Əbdül Əlizadənin
üzərində dayandılar. Məruzəni
Əbdül müəllim elədi.
Bu, həqiqətin təntənəsi idi.
Kommunist partiyasının hakim olduğu, tüğyan
etdiyi illər idi. Hər müəssisədə olduğu
kimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda da partiya
komitəsinin katibi fəaliyyət göstərirdi. Ali təhsil müəssisələri üzrə
partiya komitəsinin katibi olmaq ən azı rektor səviyyəsinə
malik bir vəzifə idi. Hamı partkomla
hesablaşırdı. Bu şəxs hakim
Kommunist partiyasının müəssisədəki nümayəndəsi
sayılırdı. İnstitut partkomunun vəzifəsini
böyütmüş, onu rayon partiya komitəsinin birinci katibi
vəzifəsinə irəli çəkmişdilər.
İnstitut partkomu vəzifəsini tutmaq üçün
çoxları özünə adam
axtarır, dəridən-qabıqdan çıxırdılar.
Fəqət bu vəzifə professor Əbdül
Əlizadəyə tapşırıldı.
Paklığına, təmənnasızlığına,
prinsipiallığına, humanistliyinə, obyektivliyinə,
gözütoxluğuna görə!
Amma yeni vəzifə Əbdül müəllimin ürəyincə
deyildi. Həmin vəzifədə gözü olanlar maddi mənafe
güdür, mənəmlik iddiasında olurdular. Əbdül müəllim alış-veriş
adamı, mənafe güdən deyildi. Sonralar
həmin vəzifədən çıxmaq üçün
necə çalışdığı barədə mənə
danışdı. Mənə dedikləri: "Mənə
böyük etimad göstərmişdilər. Fəqət
bu vəzifə mənlik deyildi. Partiya
işi olduğundan etiraz edə də bilmirdim. Qohumlarımdan biri yüksək vəzifədə
işləyirdi. Yanına gedib-gəlmirdim
ki, elə bilər nə isə təmənnam var. Bir gün
canımı dişimə tutub qohumla görüşdüm.
Çox sevindi. "Mənə
dair sözün, qulluğun?" - deyə
soruşdu.
- Məni
partkom seçiblər. Amma işləmək istəmirəm.
Etiraz edə də bilmirəm ki, pis başa
düşər, buna bir məna verərlər.
- Təklifiniz
nədir?
- Bu vəzifədən
çıxmaqda mənə kömək edin.
Qohum təəccüblə
mənə baxdı:
-
Partkomluqdan çıxmaq istəyirsən? Bilirsənmi
ki, sizin institutda neçə adamın o vəzifədə
gözü var.
- Bilirəm.
- Hökm
partkomluqda, dolanışıq partkomluqda. Hər il qəbul imtahanları, buraxılış
imtahanları keçirilir. Nə istəyirsən?
- Kafedra
müdiri işləyirəm. Başımı
aşağı salıb öz işimlə məşğul
olum... Gəlişimin məqsədi budur.
Çox təkid etdikdən sonra yüksək vəzifəli
qohumum o vəzifədən çıxmaqda mənə kömək
etdi.
Bundadır professor Əbdül Əlizadənin
böyüklüyü.
Bir çox adamlardan fərqli olaraq, kimdənsə
sui-istifadə etmək, ondan öz xeyri üçün
faydalanmaq, kimi isə ziyana salmaq Əbdül müəllimə
yad idi. Bu da yadımdadır ki, ötən əsrin səksəninci
illəri idi. "Maarif" nəşriyyatının
direktoru Elxan Rəhimov bizi iş yerinə dəvət
etmişdi. "Ailə" dərslik kimi
işıq üzü görmüşdü. Elxan müəllim dərslik üzərində yenidən
işləyib onu elmi-kütləvi şəklə
salmağımızı istəyirdi.
"Ailə" dərsliyi nəinki şagirdlərin və
müəllimlərin stolüstü kitabına
çevrilmişdi, eyni zamanda valideynlər də, ictimaiyyət
nümayəndələri də kitabla maraqlanırdılar. Elxan müəllim
bu marağı nəzərə alaraq, onun elmi-kütləvi nəşrinə
nail olmaq, nəşriyyata gəlir gətirmək, eyni zamanda
bizə də qonorar yazmaq fikrində idi. 400
səhifəyə yaxın dərsliyin bir nüsxəsinin qiyməti
55 qəpik idi. Elmi-kütləvi nəşrin
tirajı 35 min nüsxə, bir nüsxənin qiyməti 2 manat
müəyyənləşdiriləcəkdi. Nəticədə nəşriyyatın gəliri 70
min manat olacaqdı.
Razılaşdıq.
O,
heç zaman diqqət mərkəzində olmaq cəhdində
deyildi, sadəliyi, təvazökarlığı sevirdi. Fəqət öz mənəviyyatı, əxlaqi
saflığı, nümunəvi davranış və rəftarı,
əsərlərinin mükəmməlliyi, önəmli
çıxışları, müəllim-tələbə
münasibətlərini səmərəli qurması ilə həmişə
diqqəti cəlb edirdi.
Professor Əbdül Əlizadə psixologiyanın
müxtəlif sahələri, istiqamətləri üzrə
önəmli tədqiqatları aparmışdır. Psixologiya sahəsində
yazılan hər hansı monoqrafiya, kitab və kitabçada,
elmi məqalədə, müdafiə olunan dissertasiyalarda
hökmən professorun fikirlərinə müraciət olunur,
onun elmi qənaətləri yada salınır.
Professor Ə.Ə.Əlizadə nəinki
respublikamızda, habelə keçmiş ittifaqda öz
sözü, öz elmi ideyası və öz mövqeyi olan
psixoloq kimi tanınırdı. E.S.Kuzmininin "Sosial
psixologiya" (LDU, 1979) kitabında A.A.Bodalyov, İ.S.Kon,
A.Q.Xripkova və b. bu kimi məşhur alimlər arasında
professor Əbdül Əli oğlu Əlizadənin adı qeyd
olunur, ona yüksək dəyər verilir.
Ötən əsrin 80-ci illərinin əvvəllərində
cinsi fərqlərin psixologiyası cinsi tərbiyə problemlərindən
biri kimi diqqət mərkəzinə gətirilmişdi. Bu problem
üzrə səmərəli tədqiqatlar aparan Əbdül
müəllim keçmiş ittifaqda cinsi fərqlər və
cinsi tərbiyə sahəsində məşhurlaşdı.
Əbdül müəllim "Şagirdlərin
yaradıcı təxəyyül fəaliyyətində analiz
və sintez proseslərinin xüsusiyyətləri"
mövzusunda namizədlik dissertasiyası; 1975-ci ildə isə
"Cinsi deformizm və şəxsi qarşılıqlı
münasibətlərin formalaşmasının psixoloji problemləri"
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi.
Professor Əbdül Əlizadənin elmi rəhbərliyi
və rəsmi opponentliyi ilə onlarca elmlər doktoru və fəlsəfə
doktoru yetişib. Ramiz Əliyev psixologiya elmləri doktoru,
Lümunət Əmrahlı - fəlsəfə
doktorlarıdır.
Ramiz Əliyev hazırda öz elmi rəhbərinin,
müəlliminin uzun illər rəhbərlik etdiyi Ümumi
psixologiya kafedrasının müdiridir.
Prof. Ə.Ə.Əlizadə ötən əsrin
90-cı illərindən başlayaraq Azərbaycan pedaqoji
psixologiyasında ilk dəfə olaraq təlim məqsədlərini
sistemli halda səciyyələndirməkdən ötrü
"taksonomiya" anlayışından faydalanıb.
Əbdül müəllimə qədər təlim məqsədləri
ənənəvi anlamda nəzərdən keçirilirdi. Təhsil,
inkişafetdirici və tərbiyəedici təlim məqsədləri
bir zamanlar sırf təhsil məqsədi olaraq qəbul
edilirdi. Bir müddət sonra tərbiyələndirici
və inkişafetdirici prinsiplərinə əsasən tərbiyəedici
və inkişafetdirici təlim məqsədləri diqqət mərkəzinə
gətirildi. Ə.Ə.Əlizadənin qənaətincə,
"Təhsil, inkişafetdirici və tərbiyəedici təlim
məqsədləri bir-birindən, necə deyərlər, ətlə
dırnaq kimi ayrılmazdır. Müəllim
onları ayrı-ayrı deyil, vəhdətdə həyata
keçirir".
Yuxarıda dediklərimi əsas götürərək
professor ilk dəfə müasir təhsil nəzəriyyəsinin
prinsipləri əsasında üçtərkibli
taksonomiyanı meydana gətirdi və belə bir elmi ideyanı
irəli sürdü. "Müasir təhsil nəzəriyyəsinə
görə, şəxsiyyətyönlü təlim prinsipi dərsdə
üç yolla: 1) dərsin didaktik məqsədləri; 2) dərsin
tərbiyə məqsədləri; 3) dərsin
inkişafetdirici məqsədləri ilə həyata
keçirilir".
Prof. Ə.Əlizadə "Üçtərkibli
taksonomiyalar" sistemi "Azərbaycan Respublikasında
Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum)" sənədinin
elmi-psixoloji əsasında dayanır. Bu taksonomiya üç bölməni
əhatə edir: əsas taksonomik kateqoriyalar birinci bölmədə
təhsil; ikinci bölmədə inkişafetdirici;
üçüncü bölmədə tərbiyəedici təlim
məqsədləri əsas götürülməklə təsnif
edilir. Birinci bölməni iki blok təşkil
edir: 1) bilik (informasiya); 2) bacarıq və vərdişlər
sistemi.
Professor
Ə.Ə. Əlizadə öz əsərlərində yeni
pedaqoji təfəkkürün formalaşması; baş
boş olanda mühakimə yürütmür; təkrar biliyin
ögey anası olsa da; ailə və məktəb ziddiyyətlərinin
kökləri; dərketmə paradoksu: peşə fenomeni;
pedaqoji ünsiyyətin bənzərsiz ölçülər;
intellektin struktur modeli; əqli inkişafın təfəkkür
zirvəsi; didaktikanın "qızıl qaydası": XXI əsrin
paradiqması; yeni pedaqoji təfəkkürün ana xətti:
təhsilin humanistləşdirilməsi problemi; müasir dərs
konsepsiyasının əsas paradiqmaları; Azərbaycan məktəblərində
təfəkkür dərsləri; təxəyyülün
möcüzəsi; məktəbin Bermud
üçbucağı: "Şirin konfet" effekti və məqsədgüdmə;
Sokrat məktəbinin sirləri: suallar, suallar əməkdaşlıq
pedaqogikası: demokratizm, bərabərlik və partnyorluq; təlim
prosesində pedaqoji korreksiya işinin xüsusiyyətləri;
şagird təlim (tərbiyə) prosesinin subyekti kimi;
şagird təlimdə geridə qalırsa; pedaqoji qiymətin
psixoloji problemləri; zəmanə uşaqları haqqında
adi həqiqətlər; təlim məqsədlərinin
taksonomiyası və s. bu kimi onlarca məsələlərə
aydınlıq gətirib. Eyni zamanda "Əbu
Əli ibn Sina Bəhmənyarı necə kəşf
etdi?", "İstedadlı uşaqları harada
itiririk?", "Psixologiyanın uğurlarından müəllimlər
nə üçün səmərəli faydalana bilmirlər?",
"Şagirdlər dərsdə nə üçün sual
vermirlər" suallarına cavab axtarır.
Professorun
bəzi son dərəcə faydalı fikirlərinə
müraciət edək:
Müəllimlərin psixologiya elmindən faydalana bilməməsinin
başlıca səbəbi elə ənənəvi pedaqoji
sistemin məktəbdə yaratdığı antipsixoloji ab-hava
ilə bağlı olub. Müəllimlər şagirdə obyekt
kimi yanaşdıqlarına görə onun
psixologiyasını öyrənmək, təlim-tərbiyə
prosesində psixoloji qanunauyğunluqları sistemli nəzərə
almaq üçün sadəcə olaraq zərurət hiss
etmirdilər. Ənənəvi didaktik
sistem üçün güc üsulları daha sərfəli
idi. Şagirdləri uşaq təbiətinə
yad olan üsullarla danlamaq, yerli-yersiz acılamaq, hədələmək,
qorxutmaq, yolu ilə "aktivləşdirirdilər", dərsə
qulaq asmağa məcbur edirdilər. Yeni
pedaqoji təfəkkür axarında psixologiya artıq məktəb
həyatında ikinci nəfəs kəsb etməyə
başlamışdır. Şagirdin
psixikasının öyrənilməsi və onun xüsusiyyətlərinin
təlim-tərbiyə prosesində elmi əsaslarla nəzərə
alınması bu şəraitdə müəllimin peşə
normasına çevrilir.
Bu fikirlər 1998-ci ildə nəşr olunmuş
"Müasir Azərbaycan məktəbinin psixoloji problemləri"
kitabından götürülmüşdür. Professor hələ 24 il bundan əvvəl təhsilalana pedaqoji prosesin
bərabərhüquqlu üzvi kimi yanaşılmasını,
onun yalnız obyekt kimi deyil, mütləq subyekt kimi nəzərdən
keçirilməsini vacib hesab edirdi.
Müasir
dərsin özünəməxsus fenomenoloji xüsusiyyətləri
var. Ənənəvi didaktika yaddaşı mənimsəmə
prosesinin az qala nüvəsi sayır, təlimin
köklü problemlərini hafizənin sehrində həll
edirdi. Ənənəvi məktəb
üçün yaddaş möcüzəli Arximed lingi idi.
Oxu (qulaq as)-yadında saxla-danış - onun əsaslandığı
konseptual modelin sadə sxemi belə idi.
Professor Əbdül Əlizadənin nəşr
olunmuş son əsəri "Qadın psixologiyası"
adlanır.
Təvazökarlıq,
sadəlik, təmənnasızlıq, başqasının
halına, dərdinə ürəkdən şərik olmaq,
düzlük və doğruçuluq, ictimai mənafeyi şəxsi
mənafedən üstün tutmaq, başqasını başa
düşmək, tolerant olmaq, öz-özünə kənardan
baxmağı bacarmaq və s., və i.a. müasir
günümüzdə ən çox işlənən, lakin
çox zaman əməl olunmayan anlayışlardır. O
insanların ki, sözü ilə əməli düz gəlir,
onlar hələ sağlıqlarında özlərinə abidə
ucaldırlar. Professor Əbdül Əli oğlu Əlizadə
kimi!
Abidə
tuncdan da, qranitdən də ola bilər. Lakin qəlbləri fəth etmək, ürəklərdə
heykələ dönmək hər adama nəsib olmur. Psixologiya elmləri doktoru, professor Əbdül
Əlizadə qəlbləri fəth edən, ürəklərdə
abidəsi ucalan, yaddaşlarda daim yaşayacaq bir şəxsiyyət,
böyük ürək sahibi, öz xalqının ləyaqətli
nümayəndəsi, böyük alimi, məşhur psixoloqu
idi. Vicdanlı, qəlbi büllur kimi saf
idi. Həmişə də müəyyən
qərara gəlməmişdən əvvəl qəlbinin səsinə
qulaq asır, yalnız öz qəlbinin hökmünə əyilirdi.
Heç kimin, heç nəyin
qarşısında əyilmirdi. Bu, insanın xoşbəxtliyidir!!!
Allah bu
böyük şəxsiyyətə rəhmət eləsin, məkanı
cənnət olsun!!!
Akif Abbasov
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.26-27.