İtmiş mənalarla oyun

 

Son yazı  

 

Olur ki, bəzi hadisələri (mətnləri də-!) yerli-dibli unuduruq, çünki yaddaş bir gün yox olacağına görə həm də unutmaq üçündür, yəni, əslində, bədii mətn hər zaman çərəyində özünü unutdurub yenidən canlana bilən bir kateqoriyadır... Bu ikisinin sərhədində yerləşməklə. Bədii mətn insanın içində sonsuzluq, tükənməzlik yaratmaq, ona çatmaq ehtirasıdır, bilə-bilə ki, buna nail olmaq mümkünsüzdür... Özünü unutdurub yenidən canlandırmaq klassik, ortaçağ poeziyasında mükəmməl şəkildə hiss edilir, həm də: hiss edilir azdır, diqqətlə və dərindən oxuduqda vizuallaşır. Nizami Gəncəvinin "Lirika" dəftərindən bir nümunəyə baxaq:

Bu çəməndə (dünyada) ki, qocalıqdan belim bükülmüşdür,

Bundan sonra əbədiyyət budaqlarından nə bəhər götürə bilərəm?

Ağacların (vücudumun) kölgəsi var, nə də acı bir meyvəsi,

Çünki hadisələrin sərt küləyi barımı, yarpaqlarımı tökmüşdür...

İki əks hadisə: unutmaq və canlandırmaq eyni nöqtənin və məqamın içindən çıxır, ancaq onların bu halda hiss etdikləri budur ki, sanki bir-birlərindən bir dünya qədər uzaqdırlar, bu fiktivlik, məzmunu formaya, bədii deyimə, diskursa çevirən bu hadisə yuxarıdakı nümunədə mükəmməl şəkildə əksini tapıb.

İndi hər hansı ədəbiyyat mütəxəssisinə müraciət edib Füzulinin "Şair sözü əlbəttə, yalandır" ifadəsinin mənasını soruşsan yəqin ki, bir dastanlıq söz qarşısında qalarıq və hər şey aydın olduğu qədərində mübhəm və anlaşılmaz olar... Çünki bu tipli nəsnələrin şərhində həmin ifadələrə dəxli olmayan plan və müstəvi götürülür, halbuki bu, sırf forma, kompozisiya məsələsidir, yəni mənanı tapmaq, yerinə qoymaq ... üçün yalan, yeni fiktivlik vadisindən keçməlisən. Bunu Marsel Prustun romanının timsalında izah etməyə çalışacağıq.

Dediklərimizin əksinə, yaxud doğrultusunda belə bir fakt da var: "...Prustu oxumaq öz-özümüzü oxumaq anlamına gəlir. Prustun söylədiyi hər şey bizim üçün heç də yeni deyildir. Onun fikir və müşahidələri min dəfə, bəlkə də milyon dəfə bizim də ağlımıza gəlib; onun gördüyünü biz də görmüşük, hiss etdiklərini biz də hiss etmişik. Yaşadığımız planetdə onun heyran olduğu şeylər bizi də heyrətləndirib -  ürəyimizdən axıb gedən qürub çağı, gözəl mənzərələr, qənirsiz, ürək ovlayan gözəlliklər. Onun qorxduğu və ya çimçəşdiyi vəziyyətlər yarandıqda biz də əsib titrəmişik, ancaq ondan fərqli olaraq özümüzü elə göstərmişik ki, guya bu bizi heç həyəcanlandırmır. Onun ən kiçik detallarına qədər təsvir etdiyi nəsnələr qarşısında biz istisnasız olaraq eyni emosiyalara qapılmışıq - elə duyğular ki, bizlərdən heç birimiz onları etiraf edib dilə gətirməmişik, biabır olarıq deyə..." (Andre Asiman). Burda bir müşahidə: 50-ci illərin sonunda Səməd Vurğunun "Mən tələsmirəm" şeirində yer alan təzə, o dövr üçün ənənə olan şeylərə kardinal şəkildə əks olan incəlikləri kimsə müşahidə etmişdimi? Əlbəttə, çox adam bunları hər gün ağlından keçirmiş, təsəvvüründə böyütmüşdü. Ancaq ayrı-ayrı, kəsik-kəsik fraqmentlər şəklində. Heç kəs Vurğun kimi bu hadisəyə kəhkəşanı seyr edirmiş kimi baxa bilməmişdi.

Andre Asiman daha sonra fikirlərini belə davam edir ki (sanki bu anda bizim də düşündüklərimizi düppədüz ifadə edir-!), Prust doğrudan-doğruya göy qübbəsinin altında bizim üçün yeni olacaq nədənsə yazmır: gecəyarısı anasının öpüşünü gözləmək (gözlənti...), indi nə vaxtsa könüldən sevdiyimizə inanmadığımız insana görə bizi utandıracaq qısqanclıq hissi keçirmək və bundan üzülmək; bizim varlığımızdan heç xəbəri olmayan kimdənsə işarə gözləmək, məktub gözləmək, telefon zənigini gözləmək; elə bir yerdə dayanmaq ki, oranın qoxusu bizə keçmişi, heç zaman ölməmiş və dəfn olunmamış şeyləri xatırlatsın... Ən ümidsiz şeylər - artıq dünyadan köçmüş insanlar bizə sevgi və günahlarımızı xatırlatmaq üçün geri qayıtsınlar... Bəli, insan kimi sənin qəlbindən bu hisslər hər gün keçə bilər, hətta bir gün sənə elə gələ bilər ki, yolun o tayından, səkiyə yaxın yerdə addımlayan adam bir zamanlar tanıdığın, vəfat tarixini dəqiq bildiyin adamdı, geri qayıdıb, ancaq səni tanımır, sənin onunla bağlı dünyasından ayrılıb, məsələ və onun ən dəhşətli, tükürpədici cəhəti elə budur, mən, bu hissləri bəlkə hər gün keçirirəm. Yazmaq ürəyindən keçənləri açıq şəkildə, biabır olmaqdan qorxmadan deməkdir, səninlə vərəq arasındakı boşluğu sevincin, sevgin, günahın və səhvlərinlə doldura bilməkdir. Bir zaman itirdiyin insanlar, yaddaşına indi oxuya bilmədiyin hərflərlə yazılmış təbəssümlər, vaxtilə deyilən, ürəyinə nar çiçəyinin təbəssümü, gülüşü kimi düşən söz və onun mənası indi geri qayıdır, səni tanımır, sən bütün gücünü cəmləyib buna nail olmalısan, itmiş mənalar yazı, ədəbiyyat səmasına sıx-sıx geri qayıdır, buludlar kimi, səma qaralır və açılır və sən bu iki əks qütbün arasında sıxılıb qalarsan, hiss etdiyin şeylər nə olur-olsun  - nəfəs genişliyi, yaxud ürəyin dayanmaq dərəcəsində qısılması o itmiş mənaları başqa, daha gözəl formada həyata qaytarmaqdır, bütün fədakarlıq bunun üçündür.

Amma...

Şair, sənətkar yazmalı olduğu mövzular.

Bəzən sən yazacağın mövzular sən dünyadan köçəndən sonra gəlir, ona qədər nə yazsan gözləntidən başqa bir şey olmayacaq,  həmin o sənə gecikən mövzular da elə bu həsrətdən, bu iztirab və gözləntidən bəhs edir. İki şeyin bir-birinə qovuşmaması dünyanın ən gözəl əsəri deyilmi? Bədii mətn gözlənti kimi... Yəni son deyil, çox böyük və möhtəşəm nəsnələrin başlanğıcı kimi...

Yenə Prust. Bütün bunları qənirsiz şəkildə ifadə etmək üçün üslubun görüb dibinə enə bildiyi, ordan kimsənin seçə bilmədiyi nəsnələri üzə çıxarmaq əsas vasitədir. Onun tədqiqatçıları belə deyir. Belədə əlavə təsvirlərə, insanı yoran, mətləbdən uzaqlaşdıran təfərrüatlara yer qalmır, məhz üslub məsələsi Prustu bütün dövrlərin ən mükəmməl romançısına çevirmişdi. Prustun tənqidçisinin fikrincə, məhz bu üslubi gedişlər bizi olduğu kimi göstərən, nə hiss etdiyimizi dəqiqliklə fiksə edən (həm də bizi buna inandırmadan, nələr hiss etdiyimizi sözlü təsvirlərlə təsdiqləmədən -!). Prust inandırmağa cəhd etmir, hər sözü və gedişi ilə ayıldır və sarsıdır... Həm də, "...Onun cümlələri uzundur, çünki yolda nəyisə gözdən qaçırmadığına əmin olmalıdır; ancaq oxucunu belə bir məşəqqətli yolla sonadək apara bilmək və bütün hallarda ədalətli olmaq üçün hər cümləyə özünün məxsusi hekayəsini danışmağa şərait yaratmalı, icazə verməlidir...".

"Prustu oxumaq bir yerə, göy qübbəsində nəhayə,t cəm olan qalaktikaya tamaşa etmək kimidir". (Aleksandar Hemon).

Prust üslub təhkiyədir, üslub və yeni təhkiyə hadisəsidir, yəni yeni üslub və təhkiyə başlanğıcıdır, onun dünyaya, sənət, ədəbiyyat aləminə gəlməsi ilə bütün düşüncə sistemi dəyişdimi? Şübhəsiz, həm də bu üslub və təhkiyə tipinə qarşı duran, onu müstəvidən sürüşdürüb kənarlaşdırmaq istəyən meyillərə də meydan açdı. Hər təzə, yeni, həm də kardinal şəkildə orijinal nəsnələr məhz ilk əvvəl dünyanı tutur, bu dünyanın, ədəbiyyat qalaktikasının içində olan hər şeyi bir əlin ovcuna sığışdırır, bütün dünya boyda olur, nəfəs genişliyi, yazının bütün çərçivələrdən çıxıb dünyanı tutması, dünyadan daşdanması yeni poetik sistemlərin meydana gəlməsini şərtləndirdi: sonradan elə yazıçılar meydana gəldi ki, onlar öz üslub və təhkiyə texnikaları ilə bunun əksini bacardılar: dünyanı öz təfəkkürünə, öz çərçivənə sığdırmaq. Məsələn, Karla Ove Knausqaardanın "Mənim nübarizəm" romanı, burada, yuxarıda vurğuladığımız kimi, bütün dünya təhkiyəçinin təfəkkür çərçivəsinə sığınır; bu artıq Prustun əks tərəfidir, yəqin ki, bu iki müəllifi oxşar adı altında müqayisə etmək səhvdir. Prustun romanı bütün masştabı və dəqiq perspektivləri ilə birlikdə XIX əsr ədəbiyyatından gəlir; Knausqaardanın romanı, təhkiyə tipi isə bloqosferanın miniatür, atomlaşmış çərçivəsindən çıxır.

Tədqiqatçının fikrincə, "İtmiş zaman axtarışında" təkcə mövzu deyil, həm də mühitdir. Elə bir mühit ki, buraya düşən insan sanki yenidən doğulur, qəfil nələrisə yada salmaqla vaxtilə hiss etdiyi, ona dünyalar bəxş etmiş sevincin, yaxud onun qəlbini üzmüş kədərin başqa, çox fərqli tərəfini görür və bütün bunlar təsadüfi deyildir, bizə sevinc gətirən hadisələr yəqin ki, təkcə o sevinci bizə çatdırmaq niyyətini daşımır. Daha dərində məna və həqiqət toxumları var və onları "dadmaq" çox dəhşətlidir. Prustu oxuduqda, deməli, onun bu adla yaratdığı mühitin içində olmaq həm də öz keçirdiyin hisslərin, duyğu və fikirlərin, həm də həqiqət və mənanın ardınca düşüb onu axtarmaq, onu itirməkdən qorxmaq, yaxud bu qorxu hissindən biryolluq azad olmaqdır.

Mamardaşvilinin mühazirələrində belə bir qeyd var (11-ci mühazirə): həqiqəti və mənanları tanımaq, onlara vaqif olmaq üçün uydurma roman kompozisiyası...

Niyə? Mamardaşvili davam edir: "Prust memuar yazmadı, çünki o, yaxşı başa düşürdü ki, xatirələrimizi qələmə alanda biz istər-istəməz konkret olay və hadisələrdən bəhs etmiş oluruq və bu hadisələrə, onların doğurduğu hər şeyə çox yaxın oluruq (həzz alırıq, bunu öz xeyrimizə yozuruq və kədərlənirik). Və beləcə, biz belə bir sadə səbəbə görə həqiqəti tapa bilmərik: biz kompozisiyadan, fiktiv konstruksiyalardan uzaq düşürük".

Fiktiv, bədii yalan üzərində qurulmuş konstruksiya isə yeganə şeydir ki, öz məkanında həqiqəti və mənanı doğa bilər...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.28.