"Yaradıcı insan daxilən azad

olmasa, heç yaza bilməz..."

 

"Fikir bucağı" layihəsinin yeni mövsümdə ilk qonağı şair, publisist Vaqif İsaqoğludur.

 

- Ədəbiyyata və həyata münasibətdə yaşamağın hansı tərəfləri yaradıcı insanı dəyişə bilir?

- Ədəbiyyat elə həyatın özüdür. Sadəcə olaraq bəzi məqamlarda ədəbiyyat həyata uduzur, çünki biz ədəbi aləmin sehrini duya bilmirik. Sözün gücünü, qüdrətini anlamırıq. "Müasir düşüncə" tərzimiz bizi özümüzdən ayırır. Özümüz özümüzə yad olmağa başlayırıq. Ədəbiyyata və həyata münasibətdə yaşamağın bütün tərəfləri yaradıcı insan üçün əzabdır. Şair əzabı ilə yazır, əzab şairin əsas istiqamətverici qüvvəsidir. Bəzən ən sadə görünən məsələlərdə çox əngələ düşmüş kimi rəftar edirik. Bu da ədəbiyyatın xilaskarlıq missiyasını anlaya bilmədiyimizdən irəli gəlir. Ədəbiyyat insanları xilas etmək üçün yox, əslində necə yaşamağın daha asan olduğunu bilmək üçün lazımdır. Bunu Tolstoyun əsərlərində, xüsusilə Çexovun hekayələrində görmək mümkündür.

- İndiki cavan ədəbi nəsil sizi yaxından tanımır. Ancaq nəsildaşlarınız arasında kifayət qədər tanınan imzalardansınız. Bunun səbəbi nədir?

- Səbəb təkcə ədəbi mühitdəki soyuqluq, bədii yaradıcılığa münasibətinin öləziməsində deyil, həm də mənim özümün uzun müddət ədəbiyyatdan uzaq düşməyimdir. Çünki  ədəbi və ictimai titulları ilə daha çox tanınanların əksəriyyətindən fərqli addım atdım: Qarabağda müharibə başlayanda vətən uğrunda igidliklə döyüşən vətən oğullarının döyüş şücaətindən reportajlar hazırlayırdım. Həmin dövr özümü tamamilə müharibəyə həsr etdim. İstər Qarabağda, istərsə də Tovuzda gedən döyüşlərin içindən yazılar yazıb, sonralar həmin  yazıları kitab şəklində çap etdirdim. Heç vaxt şan-şöhrət haqqında düşünməmişəm. Nə də tanınmaq kimi bir istəyim, arzum olmayıb. Mən öz işimlə məşğul olmuşam, pis, yaxşı kitablarım var. Bəzilərindən imtina etmişəm. Bu da təbiidir. Özümü axtardığım yerlərdə layiq olduğum qiyməti almasam da, sözdən, ədəbiyyatdan incimədim. Əksinə, sözə, ədəbiyyata daha çox inandım və sözlə, ədəbiyyatla daha xoşbəxt oldum.

- İlk yaradıcılıq illərin necə xatırlanır?

- Orta məktəbdə oxuduğum illərdən ədəbiyyata, poeziyaya böyük həvəsim vardı. Hələ 8-ci sinifdə məktəbimizin "Günəş" adlı divar qəzetinə redaktor təyin olunmuşdum. Vaqif Məxbub imzası ilə satirik məqalələr və şeirlər yazırdım. "Məxbub" sözünün mənası dost, yoldaş deməkdir. Məktəbdə əlaçı olduğum üçün bütün müəllim və şagirdlərin dostu idim. Ona görə də bu imza ilə çıxış etdim. Həmin illərdə Tovuz rayonunun "Həqiqət" qəzetində kiçikhəcmli məqalələrim və şeirlərim çap olnurdı. 1974-cü ildə, 8-ci sinifdə oxuyarkən bizi rayon Komsomol Komitəsinə aparıb komsomola keçirirdilər. Elə həmin ərəfədə "Komsomolçu" başlığı altında məqalə yazdım. Rayon qəzetində çap olunan ilk məqaləm də məhz "Komsomolçu" olub. Dəqiq xatırlayıram, həmin məqalədən 2 manat 70 qəpik qonorar aldım və bu pulla həyətimizdə alma ağacı əkdim. Bir neçə ildən sonra həmin alma ağacı bar verdi. Hər il atam bu ağacın meyvəsini aparıb bazarda satardı. Çünki ailəmiz böyük olub, 7 nəfərlik külfəti atam çətinliklə dolandırardı. Aradan illər keçəndən sonra alma ağacı qurudu. Artıq o ağacın yerində cavan bir alma ağacı böyüyür. Çox təəssüf ki, qohumlarım arasında məni duyan, anlayan adamlar olmadı. Çoxu bunu ya bilərəkdən, ya da etinasız şəkildə nümayiş edirdi. Qısqanclıqdanmı, ya nədənsə uğurlarıma sevinən ancaq öz ailəm, bir də rəhmətlik anam idi. Hərdən düşünürəm ki, taleyimə yazılan ədəbiyyat ömrünü yaşamasam necə olardı? İndi harda idim, hansı dünyanın adamı idim? Bu suallar məni çox düşündürür...

- Hekayələrinizdə bir üsyan, bir etiraz var. Həm milli dəyərlərə söykənən bir ənənə var. Ancaq ədəbi tənqid bu barədə nədənsə susur...

- Ədəbi tənqidin durumu haqqında danışmaq istəmirəm. Ancaq onu bilirəm ki, öz imkanları çərçivəsində hərə bir cür dolanır. Ya da məcbur olub kimisə tərifləyib, bir az da öz peşələrinə xəyanət etmiş olurlar. Mən ədəbi təhlil yazıları yazıram. Ancaq daha yorulmuşam. Səmimi olmayan bir kimsənin yaradıcılığını oxuya bilmirəm. Bəlkə bu düzgün deyil, ancaq yazıçı şairin şəxsiyyəti mənim üçün onun yaradıcılığında daha önəmlidir. Bu da sirr deyil ki, kifayət qədər ziddiyyətli yazıçılarımızın oxunan çox sayda əsərləri olub. Oxucunu aldatmaq üçün yazılan romanları mən bir ilbizə bənzədirəm. "Aldanış" cəhdlərinin izləri həmişə görünür. Bunu ciddi oxucu daha tez başa düşür. Milli olmayan varsa, mənə yaddır. Bu ənənəni mən hələ Moskvada oxuyarkən özümə təlqin etmişdim. Lomonosov adına MDU bitirən kimi Bakıya qayıtdım, qərara gəldim ki, öz Vətənimdə çalışmalıyam, faydalı vətəndaş kimi öz missiyamı yerinə yetirməliyəm. Bu da bir sınaq idi. Mən bu sınaqdan uğurla çıxdım. Büdrədiyim vaxtlar oldu, ancaq yıxılmadım. Heç kimə bunu bildirmədim. Sonralar öz hekayələrimdə bunu qeyd elədim. Demək olar ki, bütün həyatım boyu milli kimliyimizin müdafiəsi yolunda yorulmadan çalışdım. İndi ədəbi tənqid yazsam nə dəyişəcək, yazmasam nə dəyişəcək. Gözləntilərim də yoxdu desəm, yanılmaram...

- Sanki bir dövr var ki, yaradıcı adam üçün o dövr daha məhsuldar olur... Bu haqda nə düşünürsünüz?

- Yaradıcılıq dövr baxımından məhsuldar ola da bilər, olmaya da. Mən özümü məhsuldar yazıçı hesab edirəm, ancaq bu məhsuldarlığı düşünərək həyata keçirməmişəm. Günlərlə yazı masasından ayrılmadığım vaxtlarda mən heç vaxt məhsuldarlıq haqda düşünməmişəm. İndi də bu belədir. Yazı masam mənim içimdə qurduğum planlı sistemdir. Bu sistemin əsasında bir sıra fəlsəfi aspektlər var. Fəlsəfi deyəndə ki, yəni mənim düşüncə düyünlərimi açmağıma kömək edən məqamlar: "özünüdərk" "inam" və "təbiilik"... Qalan prosesləri həyatın axarına buraxmaq lazımdı. Ədəbiyyatı həyata tətbiq etmək qorxuludur... Bu bəzən yanılmalara, isterikaya və depressiyaya gətirib çıxara bilər. Ancaq yaşamaq üçün ədəbiyyatı sadəcə olaraq hobbi kimi götürsək, elə də qorxulu olmaz. Əksinə, bəzi məqamlarda kömək də etmiş olar.

- "Boz qurd" kitabınız o dövrlərdə ən oxunan əsərlərdən sayılırdı. Bu kitab həm də böyük əks-səda doğurmuşdu. İndi belə kitablar niyə çap olunmur?

- Ona görə ki, Qarabağ müharibəsi mənim də həyatımı dəyişdi, uzun müddət ədəbiyyatdan, yaradıcılıqdan uzaq düşdüm. Yəni müharibə məni ədəbiyyatdan ayırdı və 1991-ci ildən 2003-cü illərdə mayor rütbəli zabit kimi Müdafiə Nazirliyində çalışdım. Qarabağla yanaşı, doğulduğum Tovuz rayonunun da başı üzərini qara buludlar almışdı. Yenə qeyd edirəm, indi özlərini fədakar adlandıran və efirlərdə "mənəm-mənəm" deyib sinəsinə döyən bəzi yazarlar kimi şan-şöhrət dalınca qaçmadım. Günlərim cəbhə bölgəsində keçdiyinə görə ədəbiyyata vaxt ayıra bilmədim. Amma Qarabağ mövzusu, döyüşlərlə bağlı silsilə yazılarım mətbuatda dərc olunardı. Hətta "Qarabağda izim qaldı", "Anama deyin ki...", "Ömür də bir nəğmədir", "Döyüşə gedən ana", "Alın yazısı", "Tovuz harayı" kitablarım işıq üzü gördü. Mənim bu kitablarımdakı hər bir söz və sətir qanlı səngərlərin yadigarıdır. 1993-cü ildə "Qoy ədalət zəfər çalsın" devizi altında keçirilən respublika müsabiqəsində 1-ci yerə layiq görüldüm.

- Ədəbi hesabatınız hansı kitab və ya əsərinizdə var?

- Mən hər gün özümə hesabat verirəm, kitab və əsərlərim ruhumun azadlığını ifadə edir, hesabatım isə daxili bir prosesdir. Bir də kitablarımın ünvanı hesabat xarakterlidir. Ümumiyyətlə, yaradıcı insan daxilən azad olmasa, heç nə yaza bilməz. Yazsa da, alınmaz, öz yerini tuta bilməz. Maddi çətinlik və qayğılar nə qədər yaradıcı prosesə mane olsa da, bu, yazıçı və şairi ruhdan salmamalıdır. Ruhdan düşmək öz mətninə arxa çevirməkdir. Öz sözünə xəyanət etməkdir. Sözlə ömrünü sürənlərin gileyi səssiz olmalıdır. Sükut əsl həqiqəti ortaya çıxarmalıdır. Ancaq indi bu mümkün deyil. Necə deyərlər, "ağlamayana pəpə yoxdu"...

- "Ney səsiyəm" mahnısının sözlərinin müəllifisiniz. Ancaq efirlərdə bu mahnının müəlliflərini qeyd etmirlər. Səbəb nədir?

- Görünür, mən özüm bu barədə laqeyd olmuşam. 1993-cü ildə rəhmətlik Razim Paşayev "Aldada bilmərəm özümü daha" kitabımdan bu şeiri oxuyub bəyənmişdi. Bunu mən çox sonralar bildim. Bu mahnı mənə populyarlıq gətirə bilərdi, ancaq mən o populyarlıq sevdasına düşmədim. İndi qeyd edirlər, çünki müəlliflər haqqında məlumat verilib. Ümumiyyətlə, Azərbaycanda müəllif hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Müəyyən qədər irəliləyişlər var. Ancaq bir də görürsən yenə də mübahisəli məsələlərə rast gəlirsən. Ya da olur ki, plagiat məsələsi ortaya çıxır və s.

- Son olaraq qeyd etmək istədiyiniz məsələlər nələrdi?

- Qeyd həmişə var. Təşəkkür edirəm ki, mənə də yer ayırdınız. Düzü, bunu gözləmirdim. Həm də düşünürdüm ki, nə ehtiyac var. Ancaq sağ olun ki, çoxdandı danışmayan məni danışdıra bildiniz. Mən həyatımda cəmi bir, ya iki dəfə müsahibə vermişəm. Heç tarixlərini də bilmirəm. Ancaq "Ədəbiyyat qəzeti"ndə dərc olunacaq müsahibəmi heç vaxt unutmayacam. Qəzetin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Sənə də "sağ ol" deyirəm, Tural, atanı suallarınla sevindirdin. Ümid edirəm ki, mən də cavablarımla səni və oxucuları sevindirə bildim.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.29.