Dilin
tanıtdığı müqəddəs Şuşa
Semantik rekonstruksiya
Filosof Niyazi Mehdiyə ithafən
Dil dünya mənzərəsidir
Bir var gerçəklik, yəni fasiləsiz, aramsız oluşan kontinual kainat; bir də var insanın müəllifliyilə səs və hərflərdən diskret şəkildə fikrən yığılmış, beyin fırtınalarına həssas mozaik kainat. Bunlar tamam fərqli, tamam başqa, hətta haradasa lap müxtəlif, bəzənsə bir-birinə zidd təzahürlərdir. Onların ikisinin arasında isə reallıq hər an şaxələnə-şaxələnə uzanıb gedir...
“Gerçəklikdə dünya” ilə “dildə dünya” heç vaxt eyni ola bilmir. Dildə dünya gerçəklikdə dünyanın mental təşkilidir. Məsələ bu ki, dil gerçək dünyanı “qayçılayıb” sözlərə doğraya-doğraya, daha sonra doğradığını cümlələrdə “montaj” eləyə-eləyə onu düşüncə sferası üçün, dərketmə üçün, qavrayış üçün strukturlaşdırır, özəl bir dünya mənzərəsi ərsəyə gətirir. “Dildə dünya” səs siqnallarının, verbal işarələrin quraşdırdığı, təsnifləşdirdiyi, mifləşdirdiyi dünyadır.
Ona görə də Yer üzündə nə qədər dil varsa, bir o qədər də dünya var. Bizi əhatə edən gerçəklik və bizim ətrafımızda anbaan dəyişən reallıq hər xalqın, hər millətin, hər etnosun dilində bir cür modelləşir. Deməli, dünyaların sayı dillərin sayına bərabərdir və hər bir xalq öz dilinin gerçəklikdə “açdığı” tuneldən dünyaya boylanır, onu görür, dəyərləndirir, təhlilə çəkir.
Odur ki, elə bu modusdan, elə bu
yanaşma yönündən baxıb görək
“Şuşa” sözündə hansı mənalar, hansı mətləblər
şifrələnib və azərbaycanlı təfəkküründə
Şuşa qavrayışını formalaşdıran nə
olub. Axı ŞUŞA təkcə DAĞ deyil,
QALA deyil, ŞƏHƏR deyil, həm də SAKRAL MƏKANDIR,
zikr potensialına malik MÜQƏDDƏS SÖZDÜR,
KOSMOLOJİ MİFDİR.
Məqalənin
məqsədi Şuşa toponiminin etimolojisi üçün
mühüm, səciyyəvi faktorların müəyyənləşməsinə,
onun semantikasında dominant mənanın, energetik nüvənin,
cövhərin tapılmasına, “Şuşa” adında hərflər
düzümü ilə “tutuqlanmış”, “həbs
edilmiş” ilahi və dünyəvi mahiyyətin, sirrin,
mistikanın aşkarlanmasına doğru bir lağım
atmaqdır: bu lağımla irəliləyib “şuşa”
isminin kontekstinə zaman-zaman “oturdulmuş” tarixi, fəlsəfi
və filoloji təfsirlər sırasından doğruya
yaxınlaşmaqdır, həqiqət qapısından
asılmış magik sözün mental və ruhsal dəyərini
düzgün anlamaqdır.
Bəri
başdan apriori razılaşaq ki, “Şuşa” kəlməsi
struktur etibarı ilə çox sadə və çox mükəmməldir,
idealcasına hamardır, cilalıdır, “Budda” sözü
kimi qəşəngdir, qulağa xoşdur və etkiləndiricidir:
sanki kosmik bir səsi, nəfəsi yansıdır. Onun adicə
tələffüzü belə insanı özünə cəzb
edir: fonetik quruluşu bir harmoniya sərgiləyir, daxili ritmikasında
isə bir musiqi, bir sufi təlqini
eşidilir.
Bir tərəfdən
“Şuşa” haradasa mediativ səciyyəli bir sözdür:
adamı əlüstü “əfsunlayıb” uzaq bir ənginliyə,
olağanüstü bir dünyaya səsləyir. Bu da ondan irəli
gəlir ki, Azərbaycan dilində “ş” səsi çox
“parıltılıdır”, çox pozitivdir: çünki
“ş” həmişə işdir, günəşdir, şəfəqdir,
şəffafdır, şüadır, şirdir, şeirdir,
şəndir, şandır, şövkətdir.
Digər
tərəfdən isə Şuşa kəlməsi
meyxana rədifi qədər yüngüldür, şuxdur,
havalıdır, oynaqdır, fişəng kimi ulduzlaşıb
elə hey səmaya sarı dartınır.
Amma
bununla yanaşı Şuşanın mövcudluq tarixi boyunca
bu şəhərin tale qəribəlikləri, şəhərin
nağılı, sirri, əfsanəsi heç vədə
bitmir, tükənmir...
Bu qəribəliklərdən
biri budur ki, 1759-ñu
ildə 42 yaşında ikən ailəsilə birlikdə
Qarabağa köçürülüb Cavanşir
mahalının Tərtərbasar kəndində məskulaşmasına
və çox qısa bir müddət ərzində xan
sarayına daşınmasına rəğmən Şuşanın salınmasında
dövlət xadimi statusunda birbaşa iştirak etmiş1
İbrahimxəlil Xanın vəziri Molla Pənah Vaqifin bizə
bəlli ədəbi-bədii irsində şəhərin istər
Pənahabad2, istərsə də Şuşa adı ilə əlaqəli
tutarlı, bəlirtici, tarixi-kulturoloji heç bir məlumat
tapılmır, şəhər-qalanın uzaq və yaxın
keçmişinə bir beyt belə həsr olunmur.
Halbuki həmin
dövr Şuşa şəhərinin siyasi,
sosial, iqtisadi, mədəni həyatında yaşanan kreativ
proses poeziya üçün “can verir”. Ona
görə də M.P.Vaqifin həm bir vəzir, həm bir
şair, həm bir müəllim, həm də bir vətəndaş
kimi Şuşanın inşasına soyuq münasibət bəsləməsi,
həqiqətən, çoxsaylı suallar doğurur.
Şair hadisəyə emosional yanaşmır, onu heç bir
yöndən işıqlandırmır, Qarabağ
xanlığının bu mühüm tarixi olayı
haqqında susmağı tərcih edir: nə tərif söyləyir,
nə tənqid; nə fərəhlənir, nə gileylənir;
nə də ki Pənahəli xanla İbrahimxəlil xanın
ata-oğul münasibətlərinə bir aydınlıq gətirir.
Məncə,
faktı araşdırıb, çözüb Molla Pənahın
Şuşa olayına belə laqeyd, biganə
və ehtirassız yanaşmasının motivini, nədənini
öyrənməyinə dəyər!!!
Digər bir qəribəlik isə Pənahəli
xanın özünün yetərincə təəccüblü
davranışıdır. Soruşulur: niyə, nədən
ötrü, hansı mənəvi-əxlaqi dəyərlərə
söykənərək, hansı siyasi prioritetləri nəzərə
alaraq Pənahəli xan Cavanşir fikrini dəyişdi,
“qayalarla əhatələnmiş qalın meşədə”3
1750-ci ildən (“Qarabağnamələr”də hər müəllif
Şuşa qalasının inşası və ya bərpası
ilə bağlı bir tarix göstərir)4
başlayaraq ucaltdığı qalanın Pənahabad
adını yenidən Şuşa adı ilə əvəzləməyə
razılaşdı? Tarix bu məqamı, təəssüf ki,
cavabsız buraxır: rus dilində yazılmış “Köhnə
Şuşa” tədqiqatının müəllifi Çingiz
Qacar da bu məsələ ilə bağlı heç nə
demir, təfərrüata varmır, onu
araşdırmağı lazım bilmir.
Halbuki vəziyyət
düşündürücüdür: Şuşa
adının Pənahabadla qiyasalamada yerli sakinlər tərəfindən
tərcih edilməsi nə kimi məqsədlərlə şərtlənirdi
və nə üçün hətta şəhərin şərəfinə
“pənahabadi” adı ilə sikkələr
buraxdırmış Pənahəli xan Cavanşir öz sosial
statusundan yararlanıb da buna ñiddi etiraz etmədi? Ola bilərmi ki, Pənahəli
xan Kərim xan Zənddən ehtiyatlanıb bu məsələyə
baş qoşmasın və 1759-cu ildə Kərim xanın təkidilə
haradasa lap şuşalılardan bir balaca “inciyib” də Urmiya
xanlığına getsin?
Araşdırmağına
dəyər!!!
Qəribəliklərdən
üçüncüsü: maraqlıdır, görəsən,
qaya sıldırımları ilə çərçivələnmiş
meşəlikdə, özü də ala-babat bir texnikanın
olmadığı çağlarda, ağacları qırmaq,
tikinti materiallarını üzüyuxarı daşımaq zərurətilə
qarşı-qarşıya ikən Şuşa şəhərini
(qalasını), proses hətta üç mərhələyə
paylanmış olsa belə,5 xan sarayları, məhəllələri,
məscidləri, hamamları ilə birgə necə bu cür
tez tikib başa vururlar? Niyə
Məhəmməd Həsən xan Qacar 1758-ci ildə
(Çingiz Qacardan fərqli Fazil Qaraoğlu bu tarixi olayın
1751-ci ildə gerçəkləşdiyini vurğulayır)6, Nadir şahın sərkərdəsi Fətəli
xan Əfşar 1762-ci ildə çoxsaylı qoşunları
ilə təzəbinə şəhərə hücum çəkib
məhz Şuşaya yiyələnmək istəyirlər?
Strateji həmlə yoxsa Şuşa şəhərinin
kəsb etdiyi özəl mənadır bu situasiyada həlledici
faktor? Niyə tarixin hər bir dönəmində müxtəlif
qonşu ölkələr arasında Şuşa
bu qədər əziz, matah bir şey olub?
Təhlil
etməyinə dəyər!!!
Bəlkə
elə bu suallar ucbatındandır ki, bir sıra müəlliflər
“Şuşa qalasının göstərilən tarixdən
əvvəllər də mövcud olduğunu sübut etməyə”
çalışırlar.7 Mən də bu müddəaları,
bu sualları əsas götürüb fikirləşirəm,
güman edirəm ki, Şuşa şəhəri köhnə
yox, qədim şəhərdir, qədim qaladır, qədim
yaşayış məskənidir. Çünki
fikirlərimin, gümanlarımın qaynağı
“Şuşa” toponimidir, onun energetik şüalanması və
öz ətrafında mənalar fırtınası yarada bilməsidir.
M.P.Vaqif
şeirlərində cəmi bir kərə öz
yaşayış məskəninə eyham vursa da, zənnimcə,
elm üçün gərəkli sayılacaq kiçik bir
faktı qabardıb:
Məkan
tutdisə Vaqif, yîx
əcəb, bu Şişə dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır. 8
Beytin sətiraltı tərcüməsindən aydın
olur ki, Vaqif Şişə dağında qurduğu məskəni
bərk daşın (yaxud çaxmaqdaşının)
ortasında məqam bulmuş gülrəngli ləl-cəvahirata,
mirvariyə bənzədir. Təqdirə şayan bir şeir
örnəyidir heç şübhəsiz!!!
Hərçənd burada məni maraqlandıran
“Şişə dağı” və “bərk daş” ifadələridir. M.P.Vaqif uzaq XVIII yüzildən
öz misrası ilə bizə lakonik bir mesaj göndərir
ki, Şuşa (Şişə) qala, şəhər
statusu almamışdan öncə dağ olub və
Şuşa dağ adıdır, bərk daşlarla əhatələnmiş
bir yerdir. Əla; bunları yadımızda saxlayaq:
çünki bir də dönəcəyik bu məqamın
üstünə.
Şuşalı
Əbdürrəhim bəy Haqverdiyev də Şuşa barəsində
vaxtaşırı nələrisə deyib, zaman-zaman şəhərin
yaşadığı tarixi taleyə üzülüb, di gəl
ki, M.P.Vaqif kimi sözün açımı, etimologiyası
ilə bağlı fərqli, sanballı heç nə dilinə
gətirməyib; öz tədqiqatçı potensialına
baxmayaraq bu yöndə hətta balaca bir araşdırma belə
aparmayıb. Buna rəğmən o, “Ağa Məhəmməd
şah Qacar” adlı faciəsinin diskursunu qurarkən
Qarabağın hakimi İbrahimxəlil xanın təkidilə
M.P.Vaqifin şah Qacara yazmış olduğu cavab məktubunu
xatırladaraq Şuşanın şüşə mənası
daşıdığını bir daha
aktuallaşdırıb:
Məni
qoruyan mənim tanıdığımdırsa,
Şüşəni
daşın içərisində də salamat saxlayar.9
Dediyim bu
ki, Şuşanın “şüşə” mənasında
anlaşılması tədqiqatçılar və yerli camaat
arasında daha üstün bir versiya sayılır: nədən
ki, şüşə mental qatda saflığı,
aydınlığı, təmizliyi, zərifliyi işarələyib
sakrallığa iddialı olur. Təbii ki, burada
anavariant və isnad yeri farsın “şişe”, yəni
şüşə sözüdür. Hərçənd
məntiqlə düşünsək əgər, görəcəyik
ki, “qala” və “şüşə” məna etibarılə
bir-birinə əks qütblərdə dayanan sözlərdir.
“Şüşə qala” absurd söz birləşməsididr.
Qalanın şüşəkimiliyi qalanın sonu deməkdir:
şüşə kimi kiçik bir toxunuşdan çiliklənəcək,
qırıq-qırıq olacaq qaladan nə fayda? Bir də
Şişəyə, yəni Şüşəyə azərbaycanlılar
niyə, hansı məqsədlə Şuşa
deyəydilər ki? Burada nə tələffüz problemi ola bilərdi ki?
Ümumiyyətlə,
bu mövzuda az-çox nəsə yazmış müəlliflərin
əksəriyyəti adətən “şüşə” və
“şiş” anlayışlarının həndəvərinə
dolanıb “rəqs edir”, Şuşanın gah “şüşə”
sözündən törədiyini söyləyirlər, gah da
onun ucu şiş zirvə mənasını
daşıdığını xatırladırlar. Olsun,
müəyyən bir versiya kimi hər ikisi qəbul edilə
bilər: lakin hər ikisi primitivdir, bəsitdir, adidir.
Şuşa
toponiminin etimolojisilə ilişikli fars
sözlərinə müraciət yetərincə gəlişmiş
bir tendensiyadır. Səbəbi də bu ki,
İranla Qarabağ xanlığı arasındakı
münasibətlər, onların tarixən müxtəlif
formatda gerçəkləşməsinə rəğmən,
çox özəl olmuşdur. Odur ki, öncə
“Şuşa” kəlməsinin fars sözlərindən
düzəldilmə versiyasını nəzərdən
keçirək.
Fars dilində
“şuşu”10 sözü var: darı mənasında işlədilir.
Çingiz Qacar da öz kitabında Şuşanın etnoqrafik
özəlliklərindən danışarkən darının
bu bölgə üçün səciyyəvi dənli bitki
olduğunu qeyd edir.11 Qızıl, gümüş
külçəsinə farslar “şuşe”12 deyirlər: bu
ifadə Şuşaya da, şəhərin fakturasına da
“şişe” sözündən daha yaxındır,
Şuşaya daha çox yaraşır. Farslarda
“şuşək”13 sözü həm dağ kəkliyini
bildirir, həm də simli musiqi alətini. “Şuşke”14
isə farsca xəncər deməkdir.
Bunlardan əlavə Şuştər İranın cənub-qərbində
şəhərdir və onun yaxınlığında
eyniadlı qədim bir suvarma sistemi də mövcuddur. Fars dilindən
tərcümədə Şuştər “Şuş kimi”,
“Şuşabənzər” mənalarını özündə
qapsayır. Bu da heç təsadüfi
deyil. Məsələ bu ki, əhəmənilərin
hündür sıldırım qayalar üzərində
salınmış paytaxtı vaxtilə Şuş15 şəhəri
adlanıb və xuzistanlılar da arzulayıblar ki, özlərini
qədim sülaləyə oxşatsınlar, “Şuş”un bir analoqunu da Xuzistanda yaratsınlar. Bəziləri iddia edirlər ki, Elam dilində
Şuş şəhərinin adı şuşun, yəni
süsən sözündən alınmadır və
“Şuşa” toponimi də buradan törəmədir.
Heç bir ciddi tənqidə tablamayan iddiadır:
çeçələ barmaq nazikliyində zərif bir
çöl çiçəyi də sıldırımlar
üzərində ucaldılmış paytaxt şəhərinin
və ya bir qalanın adı üçün müəyyənləşdirici
faktor ola bilərmi? Əsla.
Bir də qalaları kişilər tikirlər: onlar heç
qalaya da çiçək adı verərlərmi? Məntiqsizdir.
Bundan əlavə
“Şuş” toponimi Avropa və Asiyanın müxtəlif
yaşayış məskənlərində16 boy verib
özünü görükdürür. Mümkün
ki, “şuş” mərkəzi, paytaxtı, müqəddəs məkanı,
yüksəkliyi eyhamlaşdıran bir anlayış olsun.
“Şüştər” muğamı da haradasa
Şuş şəhərini çalır, onun paytaxt alicənablığını,
sakit qürurunu, ucalığını, meditasiya müvazinətini
və qədim Şuş möhtəşəmliyini musiqi
dilinə çevirir.
Lakin
“şuşu”, “şuşe”, “şuş”, “şiş” və bu
kimi digər təxmin edilən kod-sözlər
Şuşanı yüzdə yüz açmır: yalnız təklif-versiyalar
qismində qalıb müxtəlif janrlı məqalələrdə
sadalanır.
Bu arada mən Azərbaycanın elm cameəsinin diqqətini
daha başqa bir varianta sarı istiqamətləndirmək istərdim. Farslar öz
gündəlik leksikonlarında “şodən”17 məsdərindən
tez-tez faydalanırlar və bu sözü olmaq mənasında
işlədirlər. “Şodən” səmavi,
yəni kökü eşitmə yolu ilə təsbit edilən
qaydasız feildir. Ona görə “şodən”in
kökü “şu” kimi oxunur. “Şu” ol deməkdir.
“Şa”18 isə farsın
danışıq dilində “şah” sözünün
qısaldılmış formasıdır.
Əgər
Şuşa toponimi fars dili kontekstində
“şu” üstəgəl “şa” variantı kimi
götürülərsə, onda Şuşa “şah ol” (ya da
“ol şah”) imperativindən düzəldilmə bir söz kimi
anlaşılmaq şansı qazanır. Bu müstəvidə Şuşa toponimi “insanı şah yapan məkan”
qismində semantikləşir və tarix elmi üçün
yeni paradiqmalar açmağa qabil olur. Niyə də
yox?
ŞUŞAYA YİYƏLƏNƏN QARABAĞA
SAHİBLƏNİR, BU BÖLGƏNİN HAKİMİ OLUR.
Məgər Nadir şah Əfşar, Ağa Məhəmməd
şah Qacar öz tacqoyma mərasimlərini Qarabağda
keçirmədilər? Axı türk əsilli hökmdarlar ta qədim
çağlardan Qarabağı müqəddəs torpaq kimi
qavrayırdılar19, onu öz hakimiyyətləri
üçün uğurlu energetik zona hesab edirdilər. Pənahəli xanın da Şuşaya bu dərəcədə
böyük önəm verməsi qutsal bir ənənənin
davamı kimi dəyərləndirilməlidir.
Təsadüfi
deyil ki, Şuşa fəth
ritmikasını, qalibiyyət pafosunu özündə
yansıdan bir sözdür: uzun yol gəlib yüksəkliyə
çatmaq duyğusunun, fərəhinin söz ekvivalentidir.
Burada artıq “şüşə” və “şiş” sözləri
öz aktuallıqlarını tamamən itirirlər...
“Şuşi” kəlməsi də öz
aktuallığını tamamən itirmiş sözlər
sırasındadır. Şuşadan Şuşi düzəltmək
mümkündür, əksi – mümkünsüz. Bu, Şuşa sözünün
orijinallığının və ilkinliyinin, anavariant
olmasının təsdiqidir. O da gün kimi aydındır ki,
“şuşi” sözü azalan enerjini, eniş
ritmikasını, düşmək, qaçmaq
tendensiyasını görükdürür və qalanın bu
şəkildə adlandırılmasının
mümkünlüyünü sıfra endirir. Roma tarixçisi
Publius Cornelius Tasitusun Qafqaz ərazisində “Sosu şəhəri
olub” məlumatına söykənərək20, “s” və
“ş” hərfləri arasında linqvistik “asma körpü”
quraraq Şuşa adının mənasını
çözməyə çalışmaq da, əslində,
heç bir ciddi tənqidə davam gətirmir.
Fars dili
üfüqlərindən Şuşanın etimolojisinə
düşən şəfəqlərin aydınlatdığı
mənzərə belə: bu mənzərədə Şuşa “şah ol” imperativindən
açılır və şahlar məkanı, insanın
şah olduğu yer kimi oxunur. Bu versiya ağlabatandır, məntiqidir,
inandırıcıdır: ancaq onun mütləqliyinə,
yüzfaizli dürüstlüyünə bir kimsə də zəmanət
verə bilməz: hərçənd bu
çözümün yaşamaq hüququ da inkar edilmir.
Lakin və
bir də lakin...
...bütün bu dediklərimlə yanaşı və hətta
onlara rəğmən...
...əslində,
mən, belə bir fikirdə israrlıyam ki, məhz fars dilinin
təsirilə “Şuşa” sözü “şişə”yə
çevrilib, şüşə kimi anlaşılıb və
çox qədim mənanı pərdələyib.
İndisə “Şuşa” sözünü
götürüb türk dillinin işığına tutaq və
görək bu işıq bizə nə göstərir. Artıq həm
tarixçilərə, həm etimoloqlara, həm də
dilçilərə yaxşı məlumdur ki, türklər
yaşayan məskənlərdə Şuş toponiminə tez-tez
rast gəlmək mümkündür. Amma
daha maraqlısı və daha çox etkiləndiricisi budur ki,
Sibirdə Yenisey hövzəsinə daxil böyük
çaylardan biri Şuş adlanır. Möhtəşəmdir
və “möhtəşəmdir” deməyimin səbəbi
onunla izah olunur ki, Sibirdə mövcud bu toponimə artıq türklərdən
savayı heç bir kimsə iddia edə bilməz.
Buradan da belə aydın olur ki, “şuş”
türkün öz saflığını, təmizliyini
qorumuş, qatqısız- filansız bir sözüdür. Çünki “Şuş”un Sibirə İrandan transfer olunması
izahsız, imkansız və müəmma!!! İnsanlar cənubdan
şimala yox, şimaldan cənuba doğru köç ediblər
həmişə: çaya da şəhər adının
verilməsi anlamsız; adətən, bunun tərsi olur.
Xakaslarda
şuş kəlməsilə nəsli, şəcərəni21
bildirirlər: nədən ki, bu etnosun mifolojisində su törədici
başlanğıcdır; onlar insan ruhunun səyahətini
Yaponiyada olduğu kimi axar çaylarla bağlayırlar. Sibirdə
yaşayan digər türkdilli xalqların dilində isə
şuş sümüyü22 nişan
verir. Nəsil, şəcərə fərdin
genetik əsasıdır və haradasa onun həyat
ağacının struktur əsası, sümüyü qismində
başa düşülə bilər. Şuş
çayı “taştıp”, yəni dibi, yatağı
ağır daşlarla örtüldüyündən ona
sümük kimi çay deyiblər. Qalalar
da şüşə kimi yox, sümük kimi olur zatən və
azərbaycanlılar bərk, möhkəm nə görsələr,
onu “sümük kimidir” ifadəsilə ödülləndirirlər.
Şuş çayı ilə bağlı son dediyim bu ki, onun
Yeniseyə töküldüyü yerdə 1774-cü ildə
şəhər tipli Şuşalıq (Şuşenskoye) qəsəbəsi
salınmış, sonralar isə 1963-2000-ci illərdə Şuşa Şayan (Sayano-şuşenskoye), yəni
Şuşa uyğun, Şuş çayına layiq su elektrik
stansiyası tikilmişdir.
Bu
qısa ekskursdan sonra yenidən qayıdaq Şuşa
toponiminə. Şuş çayının Sibirdə
bugünki varlığı, Şuş qalalarının isə
tarixən mövcudluğu bir daha sübut eləyir ki,
Şuşikənd deyilən bir toponim uydurmadır və bu kəndin
əsl adı yalnız Şuşkənd ola
bilər.
Altay-rus
lüğətində belə bir söz də var
“şukşu”23: boynun fəqərə sümüyünü
bildirir; “şuu”24 sözü isə küləyin səsini
imitasiya eləyir. Qəribədir, aşağıdan
yuxarıya baxdıqda Şuşa
sıldırımları yaşıllıqlar içindən
pırtlamış iri boyun fəqərələrini
xatırladır. Bayaq da Şuş çayı
ilə ilişikli deyilmişdi ki, bu sözün mümkün
mənalarından biri sümükdür. Tibet
şamanları fal açmağa başlayanda qeybdən
dürlü xəbərlər almaq üçün insan
skletinin bazu sümüyünə üfürürlər.
Şuşa şəhərində həmişə xəfif
bir meh, külək var, amma burada küləyin üfürməsi
də bir başqa cürdür: sonordur, musiqilidir və alicənabdır.
Qala hər zaman küləyin
üfürdüyü sümükdür. Lakin bunlar hələ
heç nəyi
müfəssəl şəkildə
aydınlatmır: sadəcə, türk dilləri müstəvisində
araşdırılan toponimlə əlaqəli müəyyən
assosiasiyalar yaradır.
Oyrot-rus lüğətində “şuu” və ya
“şüu”25 sözü üç cür mənalandırılır:
düşünmək, fikirləşmək, torla balıq
tutmaq, nəyisə xəlbirdən keçirib süzmək. Gəlin,
razılaşaq ki, “şu” diftonqunda bir dirəniş, bir
möhkəmlik, sütunvarilik, sümükkimilik diqqəti
çəkir. Şaa26 isə oyrot və
altay dillərində tiyəni bir yerə sancmaq mənasında
anlaşılır. Məntiqi bir sıra oluşduraq:
sümük, tiyə, fikirləşmək... Bu aspektdə Şuşa tanrı fikrinin
sancıldığı yer, şimşəyin
düşdüyü məkan kimi çözülə bilərmi?
Şuşa sanki dörd tərəfdən xəncər
tiyəsi ilə yonulmuş bir qala, boyun fəqərələri
üstündə dayanan baş təəssüratı
oyatmırmı?
Maraqlı
bir faktdır ki, Şuşa toponimini
türksoylu xalqların dilləri kontekstində
çözdükcə Şuşa mifləşməyə
başlayır, toponimin polisemantik müstəvisi biraz da
genişlənir.
Dönək M.P.Vaqifin “Şişə dağı” və
“Şüşəni dağın içində də salamat
saxlar” ifadələrinə. Kimdir bu
salamatlığın qarantı? Əlbəttə
ki, Molla Pənah Vaqifin tanıdığı. Heç şübhəsiz ki, Molla Pənahın
tanıdığı İbrahimxəlil xandır və vəzir
öz ağasının qüdrətini, şücaətini
öyür. Lakin daha dərin qatda şair
üçün hədəf tanrıdır: çünki hər
şeyin mütləq qarantı yalnız Odur. Deməli,
M.P.Vaqif Şuşa dağını
maksimal dərəcədə sakrallaşdırıb,
tanrıya həvalə eləyib buranı tanrı evi statusunda
qavrayır: busa artıq arxaik təfəkkürün
rudimentidir.
Hamıya
yaxşı məlumdur ki, mif təfəkkürü müəyyən
bir dağı, məsələn, Hindistanda Kaylasa, Hindoneziyada
Qununq-Aqunq, Yaponiyada Fuci-san, Yunanıstanda Olimp, Misirdə Sinay
kimi, müqəddəsləşdirib onu dünyanın mərkəzi
və tanrıların məskəni sayır, etnosun həyatının
başlanğıc nöqtəsi və təkanverici energetik
qüvvəsi bilir. Qədim Şumerdə (digər
xalqların mifolojisində qəti olmayan bir şey) tanrılar
özlərinə məkan seçirdilər, yer bulurdular və
sonradan insanlar bu ərazidə onlara ev düzəldirdilər,27 tanrılar üçün məbədlər
tikirdilər, qalalar ucaldırdılar.
Bu
paradiqma artıq Şuşa
dağını tanrı məskəni, tanrının evi kimi
tanıtdırır, Şuşa şəhərini müqəddəslik
haləsi içinə götürür. Tanrının evi
dağ kimi olar, sümük kimi olar!!!
Nəticə
isə mənim özümün də gözləmədiyi
bir şəkildə heyrətamizdir: Şuşa
toponiminə fərqli kodlardan yanaşdıqda belə oxşar
semantik cərgə alınır. Şuşa tanrılar evidir,
insanı şah eləyən şəhərdir, sümük
kimi qaladır və onun həm “şüşə”,
“şiş” sözlərilə, həm də ermənilərin
təfsirində meydana çıxan versiyalarla heç bir bağlantısı
yoxdur...
1 Bu haqda daha ətraflı bax: Êàäæàð ×. Ñòàðàÿ Øóøà. – Áàêó: "Şərq-Qərb", 2007; Cəbrayılov
İ. Qarabağ
xanlığının
baş vəziri: Molla Pənah Vaqif dövlət xadimi kimi // Azərbaycan
müəllimi qəz. – 2018. – 12 yanvar. –
S.12; Qaraoğlu F. Gözəlim, həsrətim
Şuşanın tarixindən // Bakı xəbər.- 2017.- 7 iyun.- S.12; Hüseynova E.
Şuşa toponiminin
etimologiyası və onun məhəllələrinin tarixi //
https://science.gov.az/az/news/open/19723
2 Êàäæàð ×. Ñòàðàÿ Øóøà. – Áàêó: "Şərq-Qərb", 2007. – Ñ.51, 91-92;
3 Êàäæàð ×. Óêàçí. ïðîèçâåäåíèå, C.57.
4 Qarabaği M.Y. Tarixi-şərif. – S.23; Xəzani M.M. Kitabi-tarixi-Qarabağ. – S.136. // Qarabağnamələr. II kitab. –
Bakı: "Şərq-Qərb", 2006. – 288 s.
5 Bu haqda daha ətraflı bax: Hüseynova E. Göstərilən əsəri.
6 Qaraoğlu F. Göstərilən əsəri.
7 Yenə orada.
8 Vaqif M.P. Əsərləri. – Áàêó: "Şərq-Qərb", 2004. – S.152.
9 Haqverdiyev Ə. Seçilmiş əsərləri iki cilddə / I cild: Dram əsərləri. – Bakı: “Lider nəşriyyat”, 2005. – S.186.
10 Ïåðñèäñêî-ðóññêèé ñëîâàðü â 2-õ òò., ñâûøå 60 000 ñëîâ. – 2å èçä. / Òîì II. – Ì.: Ðóñ. ßç., 1983. – Ñ.119
11 Êàäæàð ×. Óêàçí. ïðîèçâåäåíèå, C.132.
12 Yenə orada.
13 Yenə orada.
14 Yenə orada.
15 Qaraoğlu F. Göstərilən əsəri.
16 Hüseynova E. Göstərilən əsəri.
17 Ïåðñèäñêî-ðóññêèé ñëîâàðü. Óêàçí. òîì, Ñ.118.
18 Yenə orada, S.82.
19 Êàäæàð ×. Óêàçí. ïðîèçâåäåíèå, C.38.
20 Hüseynova E. Göstərilən əsəri.
21 Ðåêà Øóøü: ïðèòîê Åíèñåÿ ïîä îñîáîé îõðàíîé / https://kras.mk.ru/articles/2016/07/06/reka-shush.html
22 Ðåêà Áîëüøàÿ Øóøü / https://naenisee.ru/region/shushenskiy/area/67
23 Àëòàéñêèé-ðóññêèé ñëîâàðü. – Ãîðíî-Àëòàéñê, ÁÍÓ ÐÀ «ÍÈÈ àëòàèñòèêè èì. Ñ.Ñ.Ñóðàçàêîâà», 2018. –
Ñ.884.
24 Yenə orada, S.885.
25 Îéðîòñêî-ðóññêèé ñëîâàðü. – Ì.: ÎÃÈÇ, 1947. – Ñ.185.
26 Yenə orada, S.184.
27 Ôåðàïîíòîâ Ì. Äðåâíèé Øóìåð: áîãè, ëþäè, âëàñòü /
https://warspot.ru/10404-drevniy-shumer-bogi-lyudi-vlast
Aydın TALIBZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.2-3.