"Dəvə yağışı": bir
hekayə, iki premyera
Günlərin
bir günü (lap dəqiq xatırlasam 2003-cü ilin yayın
son günlərindən biri) on illərin ürək dostu,
sirdaşı, nəhəng insan və eyni dərəcədə
nəhəng mədəniyyət xadimi, virtuoz tərcüməçi,
filosof-alim, kulturoloq, görkəmli teatr rejissoru Vaqif
İbrahimoğlu axşamçağı mənə zəng
elədi. O zaman Vaqif Azdramanın arxasındakı qədim və
tarixi hamam binasında məskunlaşan YUĞ teatrının
bədii rəhbəri idi. Elə bu teatrın
özünü də Vaqif yaratmışdı. Və bir ana kimi ona nəvazişlə, sözün əsl
mənasında, böyük bir ürəklə xidmət
edirdi.
Vaqiflə telefonlaşmağımız adi hal idi,
vaxtaşırı idi. Bizi Niyazi Mehdi Moskvada aspirantura illərini bitirib
Bakıya qayıtdıqdan sonra tanış
eləmişdi. Həsənağa Turabov isə
bu tanışlığı, bu isti münasibəti əsl
dostluğa çevirmişdi. Onunla elə-belə,
hər şey barədə söhbət edərdik, son xəbərləri
bölüşərdik, ən azından bir-birimizə təzə
anekdotları danışardıq. Bu dəfə isə
Vaqif mənə maraqlı bir xəbəri vermək
üçün zəng etmişdi:
- "Dəvə
yağışı"nı səhnələşdirmişəm.
Sabah axşam premyeradı. Gələrsən.
Mən, açığını deyim, belə bir
"sürpriz" gözləmirdim. Vaqif məndən gizli, xəbərsiz-ətərsiz
bir iş görmüşdü. Deyim ki, bu xəbəri
alıb mən xoşbəxt oldum, yalan deyərəm. "Dəvə yağışı" mənim
absurd janrda yazdığım bir hekayə idi, başqa sözlə
desəm, kifayət qədər "əndiribani" hekayə
idi. Astarı üzünə, üzü
astarına qarışmışdı. Təsəvvür
edin, bir hekayə ki, göydən yerə yağış əvəzi
dəvələrin yağması ilə başlayır, sonra
da yağmaq növbəsi şirlərə çatır, bu
hekayədən nə gözləmək olar, onu necə səhnələşdirəcəksən?!
Yadıma Vaqifin uzun illər bundan qabaq mənə dediyi
sözlər düşdü:
- Elə
bir şey yaz ki, mən onu necə səhnələşdirəcəyimi
bilməyim.
Bunu demək asandı, buna uyğun bir mətn yazmaq isə
son dərəcə çətin. Vaqif bir rejissor kimi
"pyesdən - səhnəyə" yolunda müqtədir
bir hakimi - mütləq idi, nəyi necə edəcəyini
çox gözəl bilirdi. Hətta ən
"tamaşayagəlməz", sadəcə, oxunmaq
üçün yazılmış mətnlər belə onun əlində
uşaq oyuncağı kimi bir şeyə çevrilirdi. "Bəlkə o, səhnələşdirə bilməcəyini
mənim pyeslərimin içində tapmayıb və
keçib hekayələrimə?! Noolar, buyursun", - deyə
mən düşündüm.
- "Dəvə
yağışı"nı? - Mən, həqiqətən,
səmimi-qəlbdən təəccübləndim.
- Bəli,
bəli, "Dəvə yağışı"nı. İki aydır uşaqlar
zəhmət çəkir, işləyir.
Uşaqlar, yəni aktyorları, teatrdakı texniki
işçiləri deyirdi. Bu sözü elə nəvazişlə
dedi ki, mən əriyib getdim. Mən ondakı bu
xasiyyəti son dərəcə yüksək qiymətləndirirdim.
O aktyorların, teatr işçilərinin təkcə
rejissoru, müdiri yox, həm də qardaşı, atası
olmağı bacarırdı. Bunu xüsusi olaraq
etmirdi. Sadəcə, başqa cür olmaq
onun ağlına gəlmirdi. Qısacası
desəm, aktyor peşəkarlığını, teatr
işçisinin - işıqçının, qrimçinin,
kostyum ustasının, rəssamın, bəstəkarın, adi
xidmətçinin zəhmətini Vaqif qədər dəyərləndirən
ikinci cəfakeş rejissor mən tanımadım.
- Bəs
mənə niyə xəbər verməmisən? - Mən
yüngülvari bir "təşəbbüslə"
özümü incikliyə vurmaq istədim.
- Hmm...
Mənim yalançı incikliyim bir anin içində
duman kimi dağıldı. Vaqifin "hm..." eləyib
mızıldamasının arxasında nə durur, bunu
heç kim mənim qədər bilə
bilməzdi. Bir az sonra məlum olacaqdı
ki, mən də bunu sonadək bilmirəm. İndi
isə telefonun o biri başında Vaqif bığlarını
əlləşdirirdi. Mən bunu dəqiq
bilirdim.
-
Yaxşı. Saat neçədə gəlim?
- Saat 6-da,
7-də... - Vaqif bir anlıq sükutdan sonra bizim
aramızdakı köhnə bir gülməli hadisəni yada
salıb cavab verdi. Mən
telefonun bu biri başında aşkar şəkildə onun
bığlarını artıq necə tumarlamasını (əlləşdirməsini
yox!) və heyranedici "məsum" təbəssümünü
görmüş kimi oldum.
Telefon xətti Vaqifin o təbəssümünü
şux bir gülüşə çevirib gətirdi. Mən də ona qoşuldum
və biz ikimiz də haman məzəli əhvalatı
xatırlayıb xeyli gülüşdük. Bu "vaxt" (6-da, 7-də)
yalnız bizim ikimizin bildiyi bir məsələ ilə
bağlı idi. Parol kimi bir şey idi.
Tamaşanın premyerasına xeyli dostumuz gəlmişdi. Vaqif, deyəsən,
heç kimi unutmamışdı. Əslində,
onlara YUĞ-un daimi dostları da demək olardı. Bu adamlar üçün YUĞ "həmişə
səninlə olan bayram" idi. Çünki
onlar üçün YUĞ teatrı ancaq tamaşa demək
deyildi. Bir qönçə kimi öz
içinə böyük bir intellektual energiyanı
yığmış YUĞ ağıllı adamların
bir-birilə ağıllı söhbətlər
apardığı, müzakirələr keçirdiyi, rəsmilikdən
kənar düşüncələrini bir-birilə
bölüşdüyü, hətta dərdləşdiyi bir
yer idi. Bura bir ev kimi idi,
YUĞ-çular bir ailə idi, sən də bu ailənin
üzvlüyünə qəbul edilirdinsə, xoşbəxt
olurdun. Ailənin üzvləri YUĞ-un heç bir tamaşasını
buraxmazdılar.
Nə isə, bizim premyera başladı. Göydən
hekayədə deyilən kimi insasanların (insanların yox, insasanların!!)
şəhərinə yağış yerinə dəvələr,
sonra da şirlər yağdı. Vaqif bunu
necə etdi - indiyə qədər ağlıma
sığışdıra bilmirəm. Sonra
dəvələri qorumaq üçün ovsunçular
şirləri zooparka yığdılar, dəvələr isə
Ay zolağına girib bu şəhərdən yox olub getdilər. Sonra premyera bitdi. Bu dəfə
tamaşa bitəndən sonra zalda sükut bərqərar
olmadı. Alqışlar tamaşa bitən
kimi başladı.
Bəzən isə başqa cür olurdu. Olurdu ki,
tamaşa bitirdi, tamaşaçılar isə sükut
içində donub qalırdılar. Mənim
"Bir-iki, bizimki" pyesimi Vaqif elə səhnələşdirmişdi
ki, tamaşa bitəndən sonra dəqiqələr boyu
tamaşa zalına ölü bir sükut çökür,
bir müddət sonra alqışlar başlayırdı.
Biz bu vaxtın - tamaşanın bitməsindən
alqışlara qədər çəkən vaxtın
uzunluğunu Vaqiflə bir yerdə həmişə
ölçərdik. İnanmaq çətindir,
amma on dəqiqəyə qədər çəkdiyi vaxt
olmuşdu.
Premyeradan sonra YUĞ-un vəfalı dostları, YUĞ
ailəsinin üzvləri Vaqifin teatrdakı balaca
otağına toplaşmağa başladı. Hamı bilirdi
ki, adəti üzrə Vaqif hər tamaşadan sonra onun
müzakirəsini keçirir və indi də belə olacaq.
Bu müzakirəyə elmi seminar da demək
olardı. Burda kimlər yox idi?! Azərbaycan
ictimai-fəlsəfi elminin o vaxtkı və sonrakı korifeyləri
Rəhman Bədəlov, Əli Abbasov, Niyazi Mehdi, Zeynal Məmmədli,
Gündüz Sarıyev, Aydın Talıbzadə, Məryəm
Əlizadə, Toğrul Cuvarlı...
Həmişəki kimi müzakirəni başlamayıb
aktyorları gözlədik. Müzakirələrdə
aktyorların iştirakı da bizim müzakirə
"ritualımıza" daxil idi. Müzakirələrdə
adətən yox, həmişə aktyorlar iştirak edir,
sözünü deyir, deyilənlərə qulaq asır, beləliklə,
hər müzakirə, sözün əsl mənasında,
hamımız üçün həm də fəlsəfi,
kulturoloji dərsə, özü də unudulmaz bir dərsə
çevrilirdi. Aktyorların iştirakı bu müzakirələri
bir az da canlı və rəngarəng
edirdi. Bugünkü müzakirə də belə
olacaqdımı?! "Dəvə
yağışı"nın bu
tamaşası - açıq söyləmək
lazımdır - nə isə, mənim fikrimcə, ağır
tamaşa alınmışdı.
YUĞ-un balaca binası yavaş-yavaş boşalır,
tamaşaçılar teatrı tələsmədən, daha
doğrusu, istəmədən tərk edirdi. Bəziləri direktorun, yəni
Vaqifin balaca kabinetinin açıq qapısından içəri
baxıb görürdülər ki, tanıdıqları,
inandıqları, hörmət etdikləri insanlar burada oturub
şirin söhbətə hazırlaşırlar, bir-birinə
hələlik yüngülvari nə isə deyirlər,
zarafatlaşır, gülüşürlər. Teatrı tərk
edənlərin baxışlarından duymaq olurdu ki, bu
tamaşaçılar haman balaca
otaqdakı söhbətdə iştirak etmək
üçün, YUĞ ailəsinin üzvü olmaq
üçün nələr etməzdilər...
Mən təklikdə siqaret çəkmək
üçün teatrınn qapısı ağzına,
küçəyə çıxdım. Axşam
artıq düşürdü. Havada qəribə
bir sehr vardı. Göy üzünü
(düz YUĞ binasının başının
üstünü) hardansa bir yekə qara bulud gəlib
almışdı. Bu,
yağışın işarəti idi. Yuxarı
məhlədən əsən külək yanıq iyi gətirdi.
Məni xof basırdı, nəydi?! Birdən mənə elə gəldi ki, sanki bir azdan
tamaşada olan kimi göydən yerə bu dəfə,
insasanların yox, həqiqi insanların şəhərinə,
daha dəqiq desək, bu şəhərdəki YUĞ-un yerləşdiyi
köhnə hamam binasının başına yağış
əvəzinə dəvə yağacaq. Bu,
hələ azdı. Onun da arxasınca bu
şəhərə yağmaq üçün öz növbəsini
şirlər gözləyir. Eynən hekayədə
olan kimi. Belə əcayib düşüncələrlə
mən YUĞ-un qapısı ağzında durub siqaret çəkirdim.
Yanımdan keçənlər, kimsə məni
təbrik edir, kimsə də, sadəcə, mənalı-mənalı
baxırdı. Tamaşanın
ağırlığından doğan qarmaqarışıq əhval-ruhiyyə
məni hələ də əzməkdə idi. Nə isə, "gözlədiyim"
yağış yağmadı, mən də siqaretimi
söndürüb içəri keçdim. Vaqifin
otağına gəldim. YUĞ ailəsi
artıq burada toplaşıb ordan-burdan bir-birinə söz
ata-ata, səbrlə aktyorları gözləyirdi. Vaqif xəbər göndərib onları tələsdirdi.
Nəhayət,
sevimli rejissor və aktyorlarımız - Məmməd Səfa,
Rasim Aşın, Yaqut Paşayeva, Gülzar Qurbanova,
Zümrüd Qasımova, Natəvan Qeybani, Qasım
Nağı, İradə Gözəlova paltarlarını dəyişib,
qrimlərini silib gəldilər. Ətrafa
ilıq bir canlanma yayıldı. Aktyorlar
otura-otura hamımız bir səslə onların
ünvanına təbriklər yağdırmağa
başladıq. Yer hamıya
çatmırdı. Birtəhər sıxlaşıb, nəhayət,
az qala bir-birinin qucağında, bir-birinə
qısıla-qısıla hər kəs özünə bir
yer tapdı. Məni dərd almışdı: "Allah, indi mən
bu müzakirədə nə deyəcəyəm, nədən
danışacağam?! Bunlar ki, belə ürəklə
oynayırdılar... Axı mən bu tamaşadan
bir şey anlamadım. Mənim hekayəmdəki
əsas sözləri bunlar hansı yellərə verib haralara
uçurdular?! Niyə belə etdilər?!".
Vaqif müzakirəni başladı. Gözləmədiyim
halda çox maraqlı və hətta deyərdim, mənim
qarmaqarışıq düşüncələrimi beynimdə
yerbəyer edib sahmanlayan çıxışlar oldu.
Dostlar mənim hekayəmi oxumuşdular deyin, hekayə ilə
tamaşanın müqayisə məqamı
çıxışlarda özünü istər-istəməz
göstərdi. İndi dəqiq yadımda deyil, kim
nə dedi, nə demədi. O yadımdadı ki,
çıxış edənlər tamaşaya yüksək
qiymət verdilər. Görünür, onlar
tamaşanı məndən fərqli olaraq daha yaxşı
qavramışdılar.
Vaqif mənə söz verəndə qəflətən
onunla aramızda baş verən köhnə bir mübahisəmizi
xatırladım. Çıxışımı o
mübahisənin üzərində qurmaq kimi dəli bir fikir
beynimə girdi və çıxmadı. Mən
sözümə belə başladım:
- Mən
bu düşüncələrimi bir dəfə Vaqifə
açıb demişəm. Onun sənət
kredosu Sözlə mübarizədir. Ən
gözəl şəkildə bu ideya bugünkü tamaşada
özünü göstərdi. Biz bu
gün Hərəkətin Sözə qalib gəlməsinin təntənəsini
gördük. Bu tamaşanın əsasında
duran hekayə öz-özlüyündə qəliz bir hekayədir.
Mətndəki sözlərin, yazılmışların Hərəkət
tərəfindən bir küncə
sıxışdırılması onu bir az
da qəliz elədi...
Sonra mən, necə deyərlər, "özümə
gəlib" rejissor traktovkasından, aktyor oyunundan, Vaqifin
bütün tamaşalarının daimi rəssamı,
çox istedadlı qardaşı Şerifin işindən,
kostyumlardan, tamaşanın musiqisindən, daha nədən və
daha nələrdən bir xeyli ağız dolusu danışdım. Dediklərim,
güman edirdim ki, Vaqifin xoşuna gəlməlidir. Mən hekayənin müəllifi olaraq öz minnətdarlığımı
daha nə cür bildirə bilərdim?!
Çıxışım boyu Vaqif
bığlarını əlləşdirdi. Mən
yaxşı bilirdim ki, Vaqif əhvalı yaxşı olanda
bığlarını tumarlayır, yox əgər qanı
qaralırdısa, bığlarını əlləşdirir.
Bəli, bu dəfə o, bığlarını əlləşdirə-əlləşdirə
çoxmənalı şəkildə dodaqlarının ucunda
ancaq bunu mızıldadı:
- Hmm...
Sözlə hərəkətin mübarizəsi... Maraqlıdı.
Deyəsən, bu çıxışda Vaqifin diqqətini
çəkən yalnız Söz və Hərəkətin
mübarizəsi ilə bağlı dediklərim olmuşdu. Çox
güman ki, mən yersiz müqayisə aparmışam. Niyə bu fikir beynimə girdi?! Ay səni, dəli
şeytan... Beləliklə, mənim
çıxışım, əməlli-başlı
"fiaskoya" uğradı. Mən yerimə
oturdum.
Harda qaldıq?! Bəli, Vaqif, öz qorxulu "hmm..."-nı
mənə ünvanlayıb adəti üzrə
bığlarını əlləşdirdi və heç kimə
baxmadan başını qarşısındakı qeydlər dəftərinə
dikib mənalı-mənalı yırğaladı.
Aradan, təxminən, on gün keçdi. Yenə bir
axşam Vaqif mənə evə zəng elədi. Adətimiz
üzrə təzə anekdotları bir xeyli bir-birimizə
danışandan sonra söhbətimizin axırında Vaqif mənə
"sarsıdıcı" bir xəbər verdi.
O dedi:
- Sabah
teatra gəl. "Dəvə yağışı"nı yeni interpretasiyada bir daha tamaşaya
qoymuşam.
Mənim, necə deyərlər, "əlim
üzümdə qaldı". Həyəcanlandım.
İlk ağlıma gələn bu oldu ki, yəni
Vaqif İbrahimoğlu - bu nəhəng insan, yəni illər əvvəl
ona dediyimi qəbul edib, yəni Əlahəzrət Sözə
qarşı haqsızlıq etdiyini, yəni boynuna alır?!
Bu "yənilər" çox güclü
idilər və mənim bu düşündüklərimə heç
inanmağım gəlmirdi. Amma digər tərəfdən
nə səbəb oldu ki, mənim bu "əndrəbani"
hekayəm belə qısa bir müddət ərzində ikinci
dəfə səhnələşdirildi?! Hə, Vaqif, ola
bilər və hətta yəqin ki, bu dəfə Sözə
xüsusi "meydan" verəcəkdi, tamaşada onun rolunu
bir az da artıracaqdı. Hekayənin birinci premyerada ixtisar
edilmiş hissə və parçaları bərpa ediləcəkdi...
Onların yerinə ortaya çıxan bəzi hərəkətlər
- əl və bədən oyunları ixtisar ediləcəkdi.
Amma belə edəcəkdisə, bununla o, nə
demək istəyirdi?! Bununla o, özünün
yeni sənət kredosunumu elan edirdi?! Bu
narahat suallarıma cavab tapa bilmirdim. Səbirsizliklə
ikinci premyeranı gözləməyə başladım.
Beləliklə, biz - YUĞ-un daimi, əbədi və sədaqətli
dostları - YUĞ ailəsi ikinci dəfə eyni hekayə əsasında
hazırlanan, amma başqa tamaşanın premyerasına
toplaşdıq. Məncə, bu, YUĞ-un həyatında
baş verən bu tipli yeganə hadisə idi. Hər halda mənim yadıma digər presedent gəlmir.
Bir hekayənin iki ayrı-ayrı variantda
tamaşa kimi hazırlanması istər-istəməz
adamın yadına oxuyanlar üçün Akutaqavanın qələminə
məxsus gözəl hekayəni, görənlər
üçün məşhur yapon filmi "Rasemon"u
salmalı idi.
"Söz
və Hərəkətin əbədi dialoq-mübarizəsi"ndə
mənimlə şərik olan və olmayan dostlarımız,
elə bilirəm ki, bu yeni tamaşada məsələnin mahiyyətinə
haman prizmadan baxmadılar. Onları
tamam başqa bədii-estetik nüanslar
maraqlandırırdı. Bu nüanslar isə
tamaşada kifayət qədər var idi. Mənə gəldikdə
isə... Mən tamaşa boyu yerimdəcə əməlli-başlı
quruyub qalmışdım. Təəccübümün
və çaşqınlığımın həddi-hüdudu
yox idi. Mənim on gün əvvəlki
çıxışımdan sonra Vaqifin dediyi
"hmm..."-ın əsl mənasını indi anladım. "Dəvə yağışı"nın
tamaşası bu dəfə, ümumiyyətlə,
sözsüz idi. Hər şey ancaq hərəkətdən
ibarət idi. "Hmm...",
doğrudan da ki, "hmm...".
...Və
hər şeyə rəğmən nə olurdusa, nə
olmurdusa, nə cür olurdusa, nə cür olmurdusa, Vaqifin
yaratdığı və bizlərə yadigar kimi qoyub getdiyi
YUĞ bizim üçün həmişə bizimlə olan
bayramdır.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.4-5.