Unuda bilmərik Hüseyn Abbaszadəni...
Hüseyn
ABBASZADƏ - 100
1945-ci il, bir yay günü. Böyük Vətən
müharibəsində ağır yaralanıb bir müddət
müalicə alandan sonra tərxis olunub Bakıya qayıdan 23
yaşlı bir gənc - topçu zabit Hüseyn Abbaszadə
ali təhsil almaq üçün sənədlərini
M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun
Teatrşünaslıq fakültəsinə təqdim edir.
Başlandı beş illik tələbəlik
həyatı. Bu 23 yaşlı gənc orta məktəbi
bitirən kimi dərhal orduya səfərbərliyə
alınmışdı, Şimali Qafqaz, Leninqrad, Ukrayna cəbhələrində
vuruşmuşdu. "Qırmızı
ulduz" ordeni də ona müharibədə şücaətlərinə
görə verilmişdi. Odlar-alovlar
içindən keçsə də, qəlbindəki alovu
söndürə bilmədi, ilk şeirlərini cəbhə qəzetlərində
dərc etdirdi və müharibədən təkcə
topçu zabit kimi yox, həm də şair kimi qayıtdı.
Hüseyn Abbaszadənin bioqrafiyasına nəzər yetirdikdə
o, 1975-ci ilə qədər redaktorluq fəaliyyəti,
uşaqlara həsr etdiyi şeirləri və hekayələri
ilə diqqəti cəlb elədi. "Pioner" jurnalında
şöbə müdiri, məsul katib, "Göyərçin"
jurnalında məsul katib və iki dəfə baş redaktor vəzifələrində
çalışdı, arada altı il
"Ədəbiyyat və incəsənət" qəzetinin
baş redaktoru oldu. 1975-ci ildə isə Azərbaycan
Yazıçılar İttifaqının katibi seçildi.
On altı il - 1991-ci ilədək Hüseyn
Abbaszadə İttifaqın rəhbərlərindən biri kimi
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirirdi.
Əlbəttə, bu bioqrafiyanı vərəqləməyə
də bilərdim. Amma Hüseyn Abbaszadəni
sağlığında görən dostlarının,
xüsusilə yazıçıların yaddaşına iz
salmaq istəyirəm (onu unutmasınlar deyə), həm də
yeni ədəbi nəsil də belə bir
yazıçını tanımalıdır. Yazıçılar İttifaqının ikinci mərtəbəsində
- onun otağı həmişə adamla dolu olardı. Süleyman Rüstəmi tez-tez orda
görürdüm. Hüseyn Abbaszadə
yumoru sevən adama oxşamırdı, amma Süleyman müəllim
yazıçıların həyatından məzəli əhvalatlar
söyləyəndə Hüseyn müəllim də uğunub
gedirdi.
Hüseyn Abbaszadə ədəbiyyata şeirlə gəldi. Açığını
deyim ki, o, bir şair kimi o qədər də parlamadı.
Amma uşaq şeirləri haqqında bunu demək
olmaz. Mərhum ədəbiyyatşünas İmamverdi
Əbilov "Uşaqlar üçün böyük ədəbiyyat
yaradaq" məqaləsində ("Azərbaycan"
jurnalı ¹ 3) yazırdı: "Hüseyn Abbaszadənin
"Qızılgül" kitabındakı şeir və
poemalar ona görə həvəslə oxunur ki, müəllif,
hər şeydən əvvəl kiçik oxucularda bərpaedici
təxəyyülün inkişafına
çalışır. Onun şeirlərini
oxuyan uşaqlar həyatda gördüyü, hələ dərinə
varmadığı lövhələrlə yenidən
görüşür, mahiyyətinə nüfuz edir".
Öncə qeyd etdim ki, Hüseyn Abbaszadə müharibədən
qayıtmışdı. Dörd il sərasər
vuruşmuşdu, yaralanmışdı. Mən
müharibədə iştirak edən və illər
keçdikcə hələ də müharibə xatirələri
ilə yaşayan və müharibə mövzusunda əsərlər
yazan üç yazıçını daha çox fərqləndirirəm
- Əbülhəsəni, İsmayıl Şıxlını
və bir də Hüseyn Abbaszadəni. Onların
əsərləri müharibə və insan haqqında idi, bu
müharibədə azərbaycanlıların döyüş
yolunu işıqlandırırdı. Hüseyn
Abbaszadə Azərbaycan nəsrinə məhz müharibə
mövzusu ilə gəldi. 1962-ci ildə
onun "Həzi Aslanov" romanı çap olundu və bu
roman çox tezliklə oxucuların stolüstü kitabına
çevrildi. Qətiyyətlə deyə
bilərəm ki, bu roman iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanov haqqında yeganə epik əsərdir.
Roman çoxşaxəli süjet xəttinə malikdir, əsərdə
həm döyüş səhnələri təsvir olunur, həm
müxtəlif millətlərə aid
döyüşçülərin obrazları təqdim edilir,
həm də ailə-məişət və lirik səhnələrlə
tanış oluruq. Lakin əsas
qəhrəmanın - Həzinin obrazı həmişə diqqət
mərkəzindədir. Həzi həm mahir
strateqdir, döyüş taktikasını, vuruş mexanizmini
yaxşı bilir, həm də qayğıkeşdir, gözəl
insani keyfiyyətləri ilə döyüşçülərin
rəğbətini qazanır. "General"
romanı çap olunanda görkəmli tənqidçi Məmməd
Cəfər həmin əsərlə bağlı məqalədə
romanın tərbiyəvi əhəmiyyətini qeyd etmiş,
müəllifin rəğbətlə yaratdığı Həzi
Aslanov obrazı haqqında bəzi tənqidi fikirlərini də
bildirmişdi. Sonralar müəllif bu əsərin
ikinci, üçüncü nəşrlərində psixoloji
təhlilləri artırmış, onun doğulduğu Lənkəran
və mənsub olduğu Azərbaycan xalqı ilə
bağlılığını daha çox nəzərə
çarpdırmışdır. Əgər
nəsrimizdə böyük hərbi xadimlərin, istedadlı
sərkərdələrin taleyinə aid tək-tük epik
romanlar həsr edildiyini nəzərə alsaq, onda "General"
romanının ədəbiyyatımız üçün o
zamana görə necə bir əhəmiyyətə malik
olduğu aydınlaşar.
Müharibəyə aid daha hansı əsərlərin
müəllifiydi Hüseyn Abbaszadə? Bu suala cavabdan
əvvəl qeyd edim ki, Hüseyn Abbaszadə 60-80-ci illərdə
daha çox povest janrına müraciət edirdi və o, bu
janrda, necə deyərlər, özünü çox rahat
hiss edirdi. Müharibə mövzusunda
yazdığı əsərlər də povest
janrındaydı. Baxın: "Oderin o tayında",
"Hardasınız, Müsyö Abel", "Şokolad
paylayan qız", "Uzaqdan gələn qonaq"... Bu povestlərdə müharibə və
döyüş səhnələri yoxdur, lakin müharibənin
törətdiyi faciələr əks olunur. H.Abbaszadə müharibədən sonra bir-birindən
ayrı düşən insanların axtarışına
çıxır. "Axtaran"
sözünü təsadüfən işlətmirəm.
Vətəndən uzaq düşmüş,
başıbəlalı Əbil Xeybərov Vətən həsrəti
ilə dünyadan köçür, haçansa, hansı bir səhvin
ucbatındansa illər boyu ağrılara, əzablara
düçar olur. Uzaq İtaliyada mərdliklə
həlak olan partizan Cavanşirin oğlu Covanni də
atasının vətənini axtarır və tapır. "Şokolad paylayan qız" povestində Bəhruz
müharibəni şərəflə başa
çatdırır, amma onun döyüşdüyü hissə
hələ Berlindədir. "Müharibə
bitsə də, döyüş yatsa da, qulaqlarımızdan
topların gurultusu, bombaların dəhşətli
partlayışlarının səsi getməmişdir" -
deyir. Müəllif ayrı-ayrı dillərdə
danışan, amma qəlbən bir-birini başa düşən
insanları qarşılaşdırır, xalqların təkcə
ruh, mənəviyyat yaxınlığını deyil, mədəniyyət
doğmalığını da nəzərə
çarpdırır. "Bayatı-İsfahan"
muğamı ilə Baxın tokkadası arasında
oxşarlıq bu mənada maraqlı detaldır. "Dörd bazar günü" povestində də
H.Abbaszadə müharibədən sonrakı illəri təsvir
edir. Dörd il eyni cəbhədə
döyüşən müharibə dostları indi
soraqlaşıb bir-birini axtarırlar. Müəllif
vaxtilə oddan-alovdan keçən, eyni amal uğrunda
vuruşan bu adamların indi çoxlu qayğıları
olduğunu və buna görə də onların arasında mənəvi
yadlaşmanın başlandığını nəzərə
çarpdırır. Müharibə illərinin
ağır günlərində yaranan o hərarət indi
soyuyub və soyuduğu üçün də hərə
özü ilə məşğuldur. Müəllif
bu povestdə əsasən iki obrazı, bir-birindən kəskin
şəkildə fərqlənən iki
dünyagörüşünü oxucuya təqdim edir. Seyran və Nicat - iki döyüş qəhrəmanı.
Onların biri müharibədən sonra da qəhrəmanlıq
göstərir, insanları yırtıcının zəhərli
dişlərindən xilas edir. Bəs Nicat? Cəbhədə şücaətlə
döyüşən Nicat çox keçmədən pullu
olmuş, bir vaxt uğrunda vuruşduğu amallara üz
çevirmiş, məişətdə əxlaqsızlığa
yuvarlanmışdır. İndi o, həbsdədir.
Bəs Nicatın taleyində yaranan bu
dönüşə səbəb nədir? Müəllif demək istəyir ki, insanı
böyük qəhrəmanlığa səfərbər edən
təkcə dövr və şərait deyil, həm də onun
qəlbindəki işıqdır, bu işıq tükənəndə
insan mənəviyyatsızlığa yuvarlanır.
Hüseyn Abbaszadə yaşadığı dövrün
həqiqətlərini, cəmiyyətdə baş verən mənəvi-əxlaqi
prosesləri yaxından izləyirdi. Onun təsvir etdiyi qəhrəmanların
əksəriyyəti adi insanlar idi. O, bu adi insanların
haqq-ədalət uğrunda mübarizəsini, hər cür
çətinliyə rast gəlsələr də, həyat
imtahanından, ağır sınaqlardan uğurla
adladıqlarını, ən başlıcası isə
insanlıq ləyaqətini hifz etdiklərini povest və hekayələrinin
mövzusuna çevirirdi. Bu gözəl, işıqlı
insanlarla yanaşı, xudbin, yalnız öz mənafeyini
düşünən, mənəvi işıqdan, gözəllik
duyğusundan məhrum olan insanlar da az
deyil. Deməli, indi olduğu kimi, yaxın
keçmişimizdə də bir-birinə zidd qüvvələr
vardı. Hüseyn Abbaszadə bir
yazıçı kimi məhz həyat həqiqətlərinə
sadiq qalırdı. "Qaradağ əhvalatı",
"Qapını döyürlər", "Evə kölgə
düşür", "Mansur", "Ləpədöyəndə",
"Xahiş", "Dələ", "Axşam
şöbəsinin tələbəsi", "Vəzifə",
"Körpüdə" povestlərində, "Zəmanət",
"Xeybər əminin gülləri", "Çəhrayı
mürəkkəbqabı və yaşıl
"Jiquli"" hekayələrində məhz cəmiyyətdəki
bu ikililiklər - yəni mənəvi-əxlaqi
qarşıdurmalar diqqəti cəlb edir.
Beş nəfər neftçi qasırğada motoru xarab
olmuş qayıqla dənizdə köməksiz qalıb, təbiətin
amansız qüvvəsinə qarşı dəyanətlə
mübarizə aparır, lakin altıncısı - Nadir
yoldaşlarını qoyub qaçır. Nadirin nişanlısı Vəsilə
nişan üzüyünü qaytarır. Çox tərəddüdlərdən sonra bu qənaətə
gəlir Vəsilə. ("Qaradağ əhvalatı")
Respublika Ali Məhkəməsinin üzvü
Fikrət bir cinayət işiylə əlaqədar rayona gəlir.
Məlum olur ki, müəyyən səbəblər
üzündən bir nəfər öz arvadını
uşaqlarının gözləri qarşısında
güllələmişdir. Fikrəti daha
çox düşündürən cinayətin necə
baş verməsi deyil, onun səbəblərini
araşdırmaqdır ("Qapını döyürlər").
Cövdət elmi tədqiqat institutunda
çalışır, öz elmi savadına və
bacarığına görə bir çox elmlər namizədindən
irəlidir. Lakin "həyat adamı"
deyildir, yəni dissertasiyasını tezcə müdafiə
edib sonra doktorluqdan yapışmır, arvadının "tələbləri"
qarşısında güzəştə getməyi sevmir, zəif
dissertasiya əsərlərinə qarşı üzgörənlik
eləmir. Cövdət başa
üşür ki, elmlər namizədi adını qazanmasa da
olar, lakin öz axtarışlarını davam etdirməlidir.
Başqaları üçün zahiri maskaya, vəzifəyə
yol açan cığırlardan keçmək istəmir və
buna görə də həm işdə, həm də evdə
mənəvi məhrumiyyətlərə düçar olur.
Bax, bu təmizlik, saflıq, mənəvi
yetkinlik H.Abbaszadənin qəhrəmanları üçün
tipik keyfiyyətdir ("Evə kölgə
düşür"). Mansur elm aləminə
məşhur adamdır - tibb elməri doktorudur. Əsərləri neçə-neçə xarici
ölkələrdə çap olunur, lakin ailə həyatı
ona xoşbəxtlik gətirməmişdir. Vəzifə, şöhrət, elm pillələri
onun üçün adi pillələrdir, çünki burada
yüksəlməyə, ucalmağa mənəvi qadağan
işarələri yoxdur. Amma ailə həyatı
başqadır. Burada xasiyyətlər
xarakterlər toqquşur, sadəlik, təvazökarlıq, ailəcanlılıq
kimi nəcib keyfiyyətlər, mənəvi harınlıq, bər-bəzəyə,
zahiri təmtərağa meyillərlə üz-üzə gəlir.
O zaman yaşamaq əzaba çevrilir ("Mansur").
İyirmi il sürgündə olan ərinin
yolunu gözləyən İçərişəhərli Nisəxanımın
taleyi daha faciəlidir. Onun əri Ənvər Nisəxanımın
yazdığı məktublarının heç birinə
cavab vermir, çünki Ənvər iyirmi il
onun yolunu gözləyən arvadına xəyanət
etmişdir. Amma Nisəxanımın ölümündən
bir il sonra sürgündə evləndiyi
qadın və oğlu ilə Bakıya qayıdır. ("İçərişəhərli Nisəxanım").
İndi isə hekayələri barədə. Vaxtilə Cəbi sinif
yoldaşı Həsənin çəhrayı mürəkkəbqabısını
oğurlayırdı, indi aradan 30 il keçəndən sonra Cəbi
tüfeyli həyat keçirir, amma "Jiquli"si var, pulu da
öz yerində ("Çəhrayı mürəkkəbqabı
və yaşıl "Jiquli"". Rəfiqənin
birinci əri müharibədə həlak olmuşdur. Şamil Rəfiqə üçün sadəcə ər
demək eyildi, həm də onun ilk məhəbbəti idi.
İkinci əri onu sevdiyini desə də, xudpəsənddir.
O, Vətən uğrunda həlak olmuş Şamilin xatirəsini
yad edən Rəfiqəyə acıqlanır və Rəfiqə
başa düşür ki, ikinci əri Veysəl daxilən
boş və iyrənc adamdır ("Rəfiqə"). Qarabağ müharibəsi əlili, cüzi təqaüdü
ilə ailəsini dolandıra bilməyən, ləyaqətli,
qayğıkeş ailə başçısı
Möhsün kişinin faciəsi də oxucunu kövrəldir
("Yovşansatan").
Rus
yazıçısı L.Lenç H.Abbaszadənin hekayə və
povestləri haqqında yazmışdı: "Siz insan həyatı
haqqında maraqlı yazmağı və haqqında
danışdığınız adamları görməyi
bacarırsınız. Bu, əsl realist
yazıçı istedadının, həmçinin realist
istedadın birinci əlamətidir".
Xalq
yazıçısı Hüseyn Abbaszadə "Həzi
Aslanov"dan sonra daha üç romanın müəllifidir -
"Burulğanlar", "Əlibalanın ağır səfəri",
"Qayıdanlardan biri". Qısaca bu
romanlardan da söz açmaq istəyirəm. Hər üç romanda H.Abbaszadə Azərbaycan
romanının "epik genişlik", çoxşaxəli
süjet xətti, təsvir olunan əsas obrazın həyatını
bütünlüklə canlandırmaq istəyi diqqəti cəlb
edir. Yazıçının 60 illiyinə həsr olunan
bir məqalədə - "Yazıçı-əsgər
meyarı ilə" (Yaşar Qarayev, Tahir Məsimov) oxuyuruq:
"Burulğanlar" bu cəbhəçi yazıçının
nəsr üslubuna məxsus başqa bir meyli əks etdirmək
baxımından da seçilir: roman boyu hadisələr həyatda
və yaddaşda paralel davam edir". Romanın
qəhrəmanı Həmid məhz həyatın ən
çətin anlarından -burulğanlardan keçir, o,
bütün maneələri, çətinlikləri dəf
edir. Romanda Bakı mühiti,
bakılıların özünəməxsus xarakterik
xüsusiyyətləri çox təbii və koloritli verilib.
Xalq şairi Süleyman Rüstəm roman haqqında
yazırdı: "Roman mənə uşaqlıq, gənclik
illərini xatırlatdı. Köhnə məhəlləmizin
yaxınlığındakı Şamaxı yolu, Quba
meydanı, Ağa Kərim dalanı və başqa yerlərdə
baş vermiş hadisələr gözlərimin önündə
canlandı".
Hüseyn Abbaszadənin "Əlibalanın ağır
səfəri" romanı da nəsrimizin adi insana -sadə
peşə adamına uğurlu müraciəti kimi diqqəti cəlb
edir. Əsəri
oxuduqca bu suallar ortaya çıxır: İnsan Zamanın
ağır sınaqlarından necə keçir? Niyə eyni amal uğrunda vuruşan iki insanın biri
öz mənliyini, mənəvi təmizliyini itirmir, halal əməyinə,
vicdani saflığına arxalanır, digəri isə
başqa yol seçir, tüfeyliliyə qurşanır və hələ
üstəlik, yanlış həyat yoluna da haqq
qazandırır? Əlbəttə, romanda
bütün bu sualların heç də hamısına cavab
verilməyib. Diqqət daha çox ona
yönəlib ki, insan həyatın ən ağır
çağlarında öz insaniliyini hifz edə bilirmi? Həyat çox mürəkkəb olsa da, onun hər
sınağına, qarşıya çıxan çətinliklərə
tablaşmaq böyük iradə və mətinlik tələb
edir. Dadaş kimilər bu müvəqqəti
çətinliklərə heç cür öyrəşməmiş,
tab gətirməmiş, elə buna görə də tamamilə
başqa yol seçmişlər. Əlibala
isə vaqonda bələdçi olmağına baxmayaraq mənən
təmizdir. Öz peşəsini sevir.
O, Dadaşın xilasına çalışır. Amma ağır itkiyə məruz qalır, arvadı
vəfat edir. Dadaş isə öz əməllərinin
cəzasını çəkir. Beləliklə, eyni cəmiyyətdə
yaşayan iki insanın - əslində iki
dünyagörüşünün qarşıdurması
baş verir və biz bilirik ki, eyni proses indi də lavam edir.
İstər haqqında söz açdığım hekayə
və povestlərində, istərsə də
"Burulğanlar" və "Əlibalanın ağır
səfəri" romanlarında H.Abbaszadə bədii
inandırıcılıq yolu ilə gedir. Bu mənada
onun nəsr əsərləri birnəfəsə oxunurdu.
Yenə İmamverdi Əbilova müraciət edirəm.
O, bu roman haqqında yazırdı: "Silsiləvari hadisələr
daxili həsb-halların gerçək aləmlə üzvi əlaqəsi,
epik sakitlik oxucunu elə ram edir ki, əsəri birnəfəsə
oxumamış aram tapmırsan. Bu isə, əlbəttə,
müəllifin uğurudur. Bu uğurun səbəbini
nədə görürük? Bunun
üçün yazıçıdan ilk növbədə, bədii
inandırıcılıq keyfiyyətinə malik olmaq tələb
olunur. Çünki bədii
inandırıcılıq əsl yazıçı
ustalığına dəlalət edir".
Hüseyn Abbaszadənin "Qayıdanlardan biri"
romanı da onun povest və hekayələrində nəzərə
çarpan "Qayıdanlar" mövzusu yeni, amma daha mükəmməl
müraciət kimi diqqəti cəlb edir. Romanın baş qəhrəmanı
Xanəli Güləli oğlu yaxın qonşusu və qohumu
Atamoğlan Cəbrayılovun fitnəsilə iyirmi il sürgün həyatı keçirib. O
qayıdır və sübut edir ki, yenə mənən təmiz,
saf bir insandır, sürgün həyatı onun təmiz
vicdanına ləkə salmayıb. Bu romanda da
H.Abbaszadənin Bakı həyatının, onun məhəllələrinin
təsvirinə, bir sözlə, Bakı obrazına xüsusi
diqqət yetirdiyinin şahidi oluruq.
Hüseyn Abbaszadənin "Dünyadan gör necə
insanlar gedib" kitabı mənim ən çox sevdiyim xatirələr
toplusudur. O,
yaddaşında dərin iz buraxan sənət adamları ilə
görüşlərindən söz açır. Onların hər birinin bir insan kimi bənzərsiz -
özünəməxsus keyfiyyətlərindən danışır.
Doğrudan da, heyrətlənirsən, sənət
aləmində elə bir şəxsiyyət yoxdur ki, Hüseyn
Abbaszadə onunla görüşməsin və bu
görüşlərdə o şəxsiyyətin mənəvi
aləmini əks etdirməsin. Üzeyir Hacıbəyov,
Abdulla Şaiq, Səməd Vurğun, Mehdi Hüseyn,
Süleyman Rüstəm, Məmməd Arif, Məmməd Cəfər,
Cəfər Cəfərov, Qara Qarayev, Rəsul Rza, Əli Vəliyev,
Mikayıl Rəfili, Zeynal Cabbarzadə, Əli Kərim və
b. - bu böyük sənətçilərin heç biri
dünyada yoxdu, amma H.Abbaszadənin xatirələrində
yaşayır.
Hüseyn Abbaszadə 85 yaşında - 2007-ci ildə
dünyasını dəyişdi. "Şöhrət"
ordenli Xalq yazıçısı - XX əsrin çox
dolaylarından, aşırımlarından keçən bu
yazıçını unutmaq olarmı? Yox! Unutmuruq, unuda bilmərik.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 17 sentyabr.- S.6-7.