Tariximiz alimlərimizin qələmində
Tarix
araşdırmaçılığından bizə əsasən
iki cür nümunə gəlib çatmışdır: 1.
Saraylarda yazdırılan salnamələr; 2. Hakim din və
ideyaların təsiri altında olan əsərlər...
Güneydə fars şovinizmi, Quzeydə
rus imperiya siyasəti və sonralar Avropada doğulan ideyalar
tarix kitablarımızın çoxuna nihilist bir
özünüunutqanlıq aşılamışdır.
Maraqlıdır, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra tarix elmimiz də müstəqilləşə
bildimi? Bu gün tariximizi yazanların düşüncələrinə
və niyyətlərinə göz yetirmək zamanıdır.
İndiyə kimi Azərbaycan coğrafiyasında baş
verən olayların, mövcud olmuş dövlətlərin,
hökmdarların, başqa sözlə desək, ərazinin
tarixi yaxşı-pis yazılsa da, Azərbaycan xalqının
tarixi yazılmayıb. Tarixi yaradanlar onu yazmaq haqqında az
düşünüblər.
Sağ
olsun ulularım,
Şərqi
Qərbə yetirib,
Qərbi Şərqə çatıblar.
Tarixi
yazmasalar da
Tarixi
yaradıblar...
Əsl milli tarix milli hökumətin vaxtında yazıla
bilərdi. Bu imkan 1918-ci ildə yarandı, lakin vaxt
çatmadı.
1991-ci ildə müstəqilliyimizin bərpası
tarixçiliyimizin inkişafi üçün real şərait
yaratdı, buxovlar qırıldı və keçmişimizə
sərbəst, obyektiv yanaşmaq istiqamətində önəmli
addımlar atıldı; bir sıra dəyərli əsərlər
yarandı.
Lakin köhnə basmaqəlib düşüncədən xilas
yolundakı əngəllərin hamısını hələ
də aradan qaldıra bilməmişik... Bunun
obyektiv və subyektiv səbəbləri var.
Obyektiv səbəblər
deyəndə tariximizə aid ilkin mənbələrin bir
qisminin hələ də əldə olmaması, xüsusən
Cin, Hindistan və Avropa fondlarında saxlanılan bir sıra əlyazmalarından
xəbərsizliyimiz, peşəkarlıq səriştəsinin
aşağılığı, qədim dilləri (o cümlədən
Şərq dillərini) bilən və ilkin mənbələrə
əli yetən mütəxəssislərimizin yoxluğu, yəni
məlumatın üçüncü, dördüncü əldən
alınması, Azərbaycanın da daxil olduğu bölgədə
əski yazıları orijinaldan öyrənməməyimiz,
tarixi yerlərimizdə, o cümlədən Güney Azərbaycanda
sərbəst arxeoloji axtarış aparmamağımız,
tariximizə ümumtürk müstəvisindən kənarda
baxılmaq çəhdi və s. göstərilə bilər...
Subyektiv səbəb isə bəzi tarix
kitablarımızın tarixdən çox, yenə də siyasətə
xidmət etməsi və kecmişi də bugünün tərəzisiylə
ölçməsidir. Yüzillik siyasətin
əsiri olmuş elmi on beş-iyirmi ildə təmizləmək,
çəkilən pərdələri qaldırmaq, yolların
hardan başlandığını görmək o qədər
də asan deyil. Həm də ən çətin iş
dünya tarix təcrübəsini dərindən bilən yeni
alimlər nəslinin yetişdirilməsidir; köhnə nəslin
beyninə yad ideologiyalar və yanaşmalar o qədər
ustalıqla yeridilib ki, onların bəziləri öz
yanlış yollarını səmimi şəkildə əsl
elm hesab edir, bildikləri saxta məlumatlara obyektiv elmi bilgi kimi
ürəkdən inanırlar. Köhnə
yanaşma ənənələrindən qopa bilməyən bəzi
tarixçilər hər yeni dövründə obyektiv tarix əvəzinə,
müəyyən dairələri razı salan tarix
quraşdırmağa çalışıblar. Bu,
sonuncu söylədiyim ayrı və son dərəcə ciddi
bir mövzudur, imkan olsa həmin məsələyə bir də
qayıdarıq...
Digər sahələrdə olduğu kimi, elmi müəssisələrimizin
başında dayananların da bir qismi 5-ci kolona xidmət edir. Köhnə
sovet ideologiyasının təbliği üçün
yazılmış əsərlərini,
başlıqlarını dəyişmək, mətndə
xırda kosmetik əməliyyatlar aparmaqla, müstəqil
dövlətin ictimai düşüncəsinə
sırımaqla milli düşüncəni iflic vəziyyətinə
salırlar. Şükür ki, bu xəttin başında
dayanandan xilas olduq, qalır onun qulbeçələri, katib və
katibələri...
Ümumi
tariximizə münasibət zamanı Azərbaycan
tarixşünaslığında əsas mübahisə
mövzularının daha çox aşağıdakı
üç istiqamətdə toparlandığını
görürük:
1. Azərbaycanlılar
yerlı xalqdır, yoxsa kənardangəlmə; Gəlmədirsə
bu köç hansı dövrdə olub?
2. Azərbaycan
ərazisində qurulmuş qədim dövlətlər hansı xalqa məxsusdur,
buranın qədim sakinləri hansı dillərdə
danışırdılar, bugünkü azərbaycanlıları
onların varisi saymaq olarmı?
3. "Azərbaycan
türkü", "Azərbaycan xalqı", "azəri"
anlayışları və xalqımızın təşəkkül
tarixi...
Bunlardan
başqa, bəzi etimologiya və termin ziddiyyətləri də
mövcuddur və dəqiqləşdirilmələrinə
ehtiyac var. Əslində, bu suallar bir-birilə sıx
bağlıdır və birinə verilən cavab digərlərinə
də aydınlıq gətirə bilər...
Ədalət naminə deyilməlidir ki, müstəqillikdən
əvvəl də bəzi tarixçilərimiz müqaviməti
qıraraq tariximizin obyektiv mənzərəsini yaratmağa
calışırdılar. Bu baxımdan Yusif
Yusifovun, Süleyman Əliyarlının, Ziya Bünyadovun, Sara
Aşurbəylinin xidmətləri böyükdür.
Bunun yanında tarixə qida verən filoloji materialların da
rolu, o cumlədən Anar, Aydın Məmmədov, Altay Məmmədov,
Tofiq Hacıyev, Firudin Ağasıoğlu, Kamal Abdulla, Nizami Cəfərov,
Yunus Oğuz, Bəxtiyar Tuncay və başqalarının
araşdırmalarının əhəmiyyəti
danılmazdır. Vaxtilə bu məsələlərə
mən də öz münasibətimi bildirmişəm və mənim
Azərbaycan və türklük tarixini saxtalaşdıranlara
verdiyim cavab bəzi həqiqətlərin
populyarlaşmasında, cəmiyyətin diqqətinin bu məsələlərə
yönəldilməsində, tarixçilər bunu etiraf etsə
də, etməsə də, müəyyən rol oynayıb.
Təvazökarlıqdan uzaq olsa da bunu deməliyəm.
Bu barədə onlarca məqalə
yazılıb.
Azərbaycanda
türklüyün tarixini süni şəkildə, yaxın əsrlərə
çəkmək, onları gəlmə saymaq ənənəsi
və bu sahədə hamının qəbul etdiyi vahid bir
mövqeyin bəlirlənməməsi həmin məsələlərə
yenidən qayıtmaq zərurətini ortaya
çıxarır...
***
Türklərin
istisnasız köçərı xalq sayılması və
onların Avroasiyaya Altaylardan yayılması fikri vaxtilə
türk axınları qarşısında səsini
çıxara bilməyən, ancaq onların sayəsində
ayılan, cəhalətə son qoyan Avropanın qərəzli
tarix siyasəti nəticəsində "rəsmiləşmiş"
və az qala mübahisədənkənar bir aksioma
çevrilmişdir. Bu iddia o qədər şişirdilib ki, hətta
Türkiyədə də az qala ehkam kimi qəbul
olunur. Fərq bundadır ki, bəzi Avropa tarixçiləri
bir az da "irəli" gedib Anadolunun türkləşməsini
Ərtoğrulun hakimiyyət dövründən
başlamağa cəhd göstərir, Anadolu türklərini
də türk, yunan, erməni, kürd, slavyan, boşnak, arnavut
qarışığından ibarət bir "yığma
komanda" kimi qələmə verməyə
çalışırlar. Belə bir sualı da nəzərə
almırlar ki, əgər həmin adları çəkilən
xalqlar birləşib bugünkü türk xalqını
yaradıblarsa, bəs dünyada mövcud olan bu yunan, erməni,
slavyan, boşnak, arnavutlu dövlətləri hardan
çıxdı, o dövlətləri kimlər yaratdı;
niyə həmin xalqların bir hissəsi türkləşdi
yerdə qalanları yox? Necə oldu ki,
onların bir qismi türkə çevrildiyi halda, qalan hissəsi
türk düşməni oldu? İnternet
saytlarında müxtəlif dillərdə yayılan bu
türlü "bilgilərə" reaksiya zəifdir. Heç olmasa 1071-ci ilin Malazgit savaşını
xatırlatmırlar bu tipli "türkşünaslara".
Əslində, Türkiyənin öz
tarixşünaslığı da o qədər fərqli deyil.
Fərq bundadır ki, onlar ara-sıra, ötəri şəkildə,
səlcuqlardan 6-7 yüz il öncə Qara dənizin
üstündən qıpçaq və peceneqlərin
Balkanlarda görünməsini, hunların Avropadakı hakimiyyətini,
Dunayı keçərək cənuba doğru enmələrini
xatırladırlar. Bu ötəri
xatırlamalara baxmayaraq, Türkiyədə "Cəlcuqlar
dönəmində Orta Asiyadan gəlmişik" fikri
formalaşdırılıb. (Müqayisə
üçün deyək ki, Azərbaycan türklərində
belə bir "gəlməyik" düşüncəsi və
yaddaşı yoxdur). Anadoluda min illər at
oynatmış qamərlər, kəngərlər, sabirlər,
hurrilər, əqraba şumerlər və
başqalarının inkar edilə bilməyən türk
bağlılığı (bəlli bir mübahisə və
ya etiraz doğursa da) atılır bir kənara; belə
çıxır ki, Bizans dönəmində və ondan
öncə bu yerlərdə Hind-Avropalılardan başqa
heç kim yaşamayıb.... Məqsəd və məntiq bəllidir. "Gəlməsiniz,
lazım olanda yenə gəldiyiniz yerə göndərilərsiniz!..". Avropalıların Amerikaya, ingilislərin
Avstraliyaya dünən-srağagün yerləşməsi yada
düşmür və Amerikada da, Avstraliyada da heç kim özünə "gəlmə" demir və
bununla bağlı sıxıntı yaşamır...
Azərbaycana
Səlcuqlu axınlarıyla gəlib yerləşdiyimiz fikri
bizə də təlqin olunmuşdur... Qondarma
Hind-Avropaçılıq nəzəriyyəsini dəstəkləyən
və Sovet Rusiyasının yerlərdəki
"idioloq"larından olan akagemik İqrar Əliyevin
başçılıq etdiyi tarixçilər dəstəsi
gəlmə, azsaylı, bəzilərinin təbirincə desək,
"vəhşi" türklərin "yerlı İran və
Qafqaz kökənli xalqları türkləşdirərək"
və ya onlara öz dillərini öyrədərək yeni
xalq yaratdıqları fikrini rəsmi və akademik mövqe səviyyəsinə
qaldırıblar... İqrar Əliyev qeyd edirdi
ki, bu yolla biz Hind-Avropa xalqlarına qarışır, Zərdüştə,
Avestaya və İran mədəniyyəti deyilən mədəniyyətə
sahiblənir və ya şərik oluruq. Bu, öz cild-cild
əsərinə haqq qazandırmaq cəhdi idi... Onsuz da İran mədəniyyəti deyilənin
yalnız farslara aid olmadığını hər kəs
bilir. Əslində, İqrar Əliyev qədim
tarixləri yaxşı bilən bir alim idi, belələri əks
cəbhədə olanda onlarla danışmaq daha çətin
olur. Buna görə də dövrün
siyasətinin əsiri olmaqla kifayətlənməmiş,
bütöv bir institutu da əsir eləmiş, həqiqətdən
uzaqlaşdırmışdı. Hind-Avropa
xalqları ilə bizim min illər boyu qonşuluğumuz,
sıx əlaqələrimiz, bəzən eyni dövlətlərin
içində yaşamağımız və
qarşılıqlı təsirlərimiz,
qarşılıqlı zənginləşmələrimiz
inkarolunmazdır. Bu anlamda İlqar
Əliyevi başa düşürdük. Lakin
etnik kökəndən, xalqın kimliyindən söhbət
gedəndə bu yol qəbuledilməzdir.
Deyilənlər baxımından AMEA-nın Tarix
İnstitutunun bir kitabını və Azərbaycan Milli
Ensiklopediyasının xüsusi buraxılışını
gözdən keçirmək maraqlıdır. "XI əsrin
sonunda Azərbaycan torpaqları Orta Asiyadan Aralıq dənizinədək,
Qafqazdan İran körfəzinədək olan yerləri
özündə birləşdirən Böyük Səlcuq
imperiyasının tərkibinə daxil edilir. Bu dövrdə
Azərbaycan ərazisində cərəyan edən dil, din, ərazi,
mədəniyyət və iqtisadi əlaqələr vəhdəti
zəminində(?) yeni(?) etnik birliyin(?) -
türkdilli Azərbaycan xalqının(?)
formalaşması prosesı başa catır". (Bax: Azərbaycan
tarixi. II cild. Azərbaycan Elmlər
Akademiyası A.A.Bakıxanov adına Tarix
İnstitutunun nəşri. Bakı. Elm nəşriyyatı. 1998. Səh 8-9). Bu
cildin 33-cü səhifəsində isə məsələ bir
az da qəlizləşdirilir:
"Çoxsaylı tarixi, eləcə də linqvistik faktlar
(V-VII əsrlərə aid yerli Qafqaz mənbələrində
türkizmlər, Azərbaycanın türkdilli toponomikası və
s.) sübut edir ki, VII əsrin sonlarında
qafqazdilli, irandilli, türkdilli olmalarından asılı
olmayaraq bütün azərbaycanlılar arasında funksional
birincilik artıq türk dillərinə məxsus idi. Məhz
bu dövrdən mövcud tayfa(?), eləcə
də dialekt və ləhcə fərqləri(?) zəminində
ümumxalq Azərbaycan türk dili formalaşmağa
başladı: məhz bu dövrdə az sonra(?) yeni tarixi
birliyin - Azərbaycan xalqının təşəkkülünə
gətirib çıxaran etnik, ictimai-iqtisadi(?) və mədəni
dəyişikliklər üçün ilkin şərtlər
hazırlandı(?)".
Yeri gəlmişkən
deyim ki, göstərdiyim ikinci iqtibasdan bir neçə sətir
irəlidə Azərbaycan və Qafqaz Albaniyasına gəlmiş
ərəblərin buraları "xəzərlərin-türklərin
ölkəsi" adlandırması fikri də yer
almışdır, amma müəlliflər bunun üstündən
sakitcə keçib öz "proqramlarını" əsaslandırmaq
işini davam etdirmişlər. Bu proqram da çox sadədir:
bu gün azərbaycanlı adlandırılan xalq türk deyil,
qafqazdilli(?), irandilli(?), türkdilli(?)
xalqların qarışığından əmələ gəlmiş,
qurama parçaya bənzər, həftəbecər bir
şeydir...
Bu iki sitat bir neçə səhifəyə
sığmayacaq çoxlu sual doğurur. Mən hələ Akademik nəşrin
dil və ifadə tərzini, gərəksiz
sözçülüyü, fikir dolaşıqlıqlarını,
anlayışların yerində işlədilməməsini, məntiqsizlikləri,
orfoqrafiya səhvlərini bir kənara qoyuram... Əvvəla,
xalqın əmələ gəlmə prosesini bu qədər bəsitləşdirmək,
hətta "iqtisadi əlaqə"nin nəticəsi
saymaq olmaz. Necə olur "türklərin ölkəsi"ndə
və türk dili üstün mövqedə ola-ola hələ
türk xalqı mövcud olmur, o, hələ bir neçə əsr
sonra yaranacaqmış; "türklərin ölkəsi"
isə sadəcə çox-çox sonralar formalaşacaq bir
xalq üçün zəmin hazırlamağa xidmət edir,
türk var, ancaq onlar hələ bu müəlliflərin istədiyi
azərbaycanlılar deyildir(?). Türkdilli Azərbaycan
xalqı nə deməkdir? Azərbaycanın ərazi
olduğunu və onun əhalisinin neçə min il boyu əsasən türk (və ya başqa ad
altında, türksoylu) olduğunu göstərən təkzibolunmaz
faktları bir kənara qoyaraq, süni yolla, cavan bir xalq
uydurmağın mənası nədir? Kim deyib
ki, xalq "tayfa, dialekt və ləhcə fərqləri"
zəminində formalaşır? Ümumiyyətlə,
Avroasiyada müxtəlif adlar altında nəhəng dövlətlər
qurmuş bir xalq haqqında tayfalar, qəbilələr, vəhşi
köçərilər, işğalçılar və s.
aşağılayıcı ifadələr işlətməyə
haqqımız varmı? Bu ifadələri
düşmənlərimiz bizim haqqımızda işlədiblərsə
və işlətməkdə davam edirlərsə biz niyə
tutuquşu kimi onları təkrarlamalıyıq?
Qafqazdilli, İrandilli, türkdilli xalqlar nə deməkdir? İran deyilən
bir ərazidir və orda tarixin xatırladığı
çağlardan müxtəlif xalqlar yaşayıblar, daha
çox da türklər. Bəlkə
İrana gəlmə olan farsların dili nəzərdə
tutulur bu ifadə altında? Azərbaycan
türk xalqı əvəzinə, türkdilli Azərbaycan deməyin
hansı gizli siyasətlə bağlı olduğunu bilmirikmi?
Yəni bu xalq türk deyil, sadəcə türk dilini mənimsəyib...
Belə olanda bizim Akademiyamızın mövqeyi
Kəsrəvilərin mövqeyindən nə ilə fərqlənir?
Əgər alimlərimizin dediyi kimi Qafqazdillilər və
İrandillilər "ictimai-iqtisadi şəraitə
uyğun", yəni toyda-yasda, bazarda birləşıb yeni
bir xalq əmələ gətiriblərsə onda bu gün də
Azərbaycan ərazisində qardaşcasına yan-yana
yaşadığımız ləzgilər, avarlar,
talışlar, kürdlər, tatlar, udinlər aradan min il
keçəndən sonra hardan peyda oldular; necə oldu ki,
onların bir qismi türklərə qarışıb "azərbaycanlı"
xalqını yaratdı, digər qismi isə bu şərəfli
prosesdən kənarda qaldı? Nəhayət, hərəsi
Allahın bir sərvəti olan bu xalqlar onsuz da bu Vətənin,
bu Ananın övladlarıdır, yüz illərlə
iç-içədirlər, amma nə yaxşı ki,
Tanrı verən dillərini, kimliklərini də
unutmadılar, unutdurulan yalnız türkdür. Türk
dili onların ünsiyyət dili, ümumxalq dilidir. Amma nə yaxşı ki, bu biri-birindən gözəl,
amma balaca arealda işlədilən dillər də qorunub.
Azərbaycan əhalisinin - etnik mənzərəsində
qonşuların qatışığını inkar etməsək
də bu, heç vaxt Kəsrəvilərin dediyi kimi
köklü dəyişikliklərə gətirib
çıxarmamışdır.
Onun
fikrincə, azərbaycanlılar - türk dilini öyrənmiş
fars kökənli xalqdır. Sual yaranır, türklər və türk dili bu qədər
böyük təsir gücünə və qısa müddətdə
milyonlarla insanın köhnə dilini dəyişdirmək,
unutdurmaq gücündəydisə, onda yerdə qalan farslar niyə
türkləşməyiblər?
Qədim tarixçilər Qafqaz Albaniyasında 26 xalq
olduğundan bəhs edirlər. Tarxiçilərin,
coğrafiyaşünasların fikrincə, əgər onlar
hamısı, hətta dövlətə ad verən albanlar da
Qafqazdilliydisə, onda azsaylı utilər,
xınalıqlılar, buduqlar qala-qala yerdə qalanlar hara getdi.
Əslində isə mənzərə çox az
dəyişilib. Alban deyilən ən
böyük xalq türk idi və təxminən indiki
coğrafiyalarında da yaşayırdılar.
Məntiq mübahisəsizdir və məntiq deyir ki,
Anadoluya "400 çadırla gələn" türklər
bu boyda Anadolunu türkləşdirib ona öz adını
verdikləri halda; saklar, işquzlar o böyük güclə
gələrək sonra izsiz-soraqsız yoxa çıxa bilməzdilər. Axı onlar
midiyalılarla anlaşmaya girmiş, hətta onların
uşaqlarına öz məktəblərində eyitim verməyə
başlamışdılar, Assuriyanı diz
çökdürmüşdülər. Bu
boyda güc və imkan sahibi olan xalq birdən-birə necə
yoxa çıxa bilərdi? Necə ola
bilər ki, sel kimi gələn, Güney Qafqazda dövlət
quran cəngavər və üstün bir xalq asanlıqla
adını unudub medlərin içində əridi və ya gəldiyi
kimi də çəkilib getdi, buxarlanıb itdi?
Bəlkə ona görə ki, Midiya dövlətinin əhalisinin
hamısı olmasa da əksər hissəsi elə onların
özlərindən idi və burada ad qorumaq yarışı
getmirdi. Azərbaycan
Milli Ensiklopediyasının xüsusi
buraxılışında bu məsələ doğru izah
olunur: "Görünür, maldar nomadların (sakların və
başqalarının) oturaq həyata keçməsi prosesi
Parfiya imperiyasının təkcə Şərq ərazilərində
deyil, Albaniya da daxil olmaqla qərb hissəsində də
baş verirdi. ...Onların arasında türklərin olması
hazırda təkzibolunmaz faktdır, lakin bir sıra tədqiqatçıların
fikrincə, türklər burada çox-çox əvvəllər
də olmuşdur". (Bax: Adı çəkilən nəşr.
səh.100).
"Hun tayfalarından olan türklər Azərbaycanın
bütün bölgələrində məskunlaşdılar"
(eramızın IV-V əsrləri nəzərdə tutulur).
Quti, lullubi, huri, turukki və başqa dövlətlərin
bir-birindən törəməsi də suallar doğurur. Dövlətlər
yox olan kimi onların əhalisi hara getdi, dilləri, mədəniyyətləri,
adları necə oldu? Bəlkə bunlar
hamısı bir kökdən gəlirdi? Yeni sülalələr,
yeni dövlətlər qursalar da xalq dəyişilməz
qalırdı və bu xalq, elmin sübut etdiyi kimi şəkilçiylə
düzələn bir dildə, konkret desək türk və ya
prototürk dilində danışırdılar və türklərin
atalarıydılar; fərqli adlar altında və ya türk
adı almazdan öncəki türklər... Azərbaycan
Dövlət Universitetində prof. Süleyman
Əliyarlının redaktəsi ilə buraxılmış
"Azərbaycan tarixi" kitabında (2009-cu il) haqlı
olaraq mannalılar m.ö. III-II minilliklərdə Güney Azərbaycanda
hökm sürmüş quti, lullu, turukki, su kimi soyların
varisləri sayılır və qeyd edilir ki, "Manna dövləti
bu tayfaların, ayrı-ayrı vilayətlərin və şəhər-
dövlətlərin birləşməsi özülündə
yarandı". (Bax: səh. 51).
Hələ
bizim eradan əvvəl IX əsr assur
qaynaqlarında midiyalıların turani irqdən olduqları
göstərilirdi.
Azərbaycanlıların yayılma coğrafiyası və
dilimizin işlənmə arealı ilə o qədim dövlətlərin
coğrafiyasının üst-üstə düşməsi
bununla izah olunmalıdır.
Burada "Şahnamə"də geniş əksini
tapmış İran-Turan qarşıdurması və Alp
Ər Tunqanın başçılıq etdiyi turanlılar da
unudulmamalıdır. Alp Ər Tunqanın başçılıq etdiyi
sakların bizim eradan əvvəl VII yüzildə Güney Azərbaycana
yürüşləri, onların Manna və Midiya dövlətləri
ilə əlaqələri, turanın ekvivalenti olan dövlət
qurmaları bu bölgədə yaxın etnik qrupların və
ya xalqların eradan əvvəl təxminən üç min
illik yolunu işıqlandırmağa yardım edir. Bunlar "Şahnamə"də işarə edilən
Turanı quran xalqlar idilər. O xalqlardan biri də
Hind-Avropa dillərinə yaxın dildə danışan azərilər
yox, bu torpağa ad vermis türk azər xalqı idi. Buna görə bizim azər sözündən
imtinamızda da məntiq görmürəm. Azərlərin farslığı qəsdən ortaya
atılmış bir uydurmadır.
Bunlar yerli xalqlar idi, lakin Orta Asiya və Altayla da dil
bağlılıqları varsa, deməli, o vaxt da əlaqələr
olub. Yüz illər boyu köçüb gələn
dalğanın köçəri olması önəmli deyil;
önəmli olan bu köçlərin yad torpaqlara yox, əqraba
torpaqlarına və ya öz torpaqlarına olmasıdır.
Azərbaycan
Milli Ensiklopediyasının "Azərbaycan" adlı
xüsusi buraxılışının 99-cu səhifəsində
oxuyuruq: "Qeyd olunmaılıdır ki, Azərbaycanın
yerli əhalisi dəmir dövrünün əvvəllərində
(e.ə. birinci minillikdə) də, hələ e.ə. üçüncü
minillikdə və ondan əvvəl burda yaşamış
etnik elementlərdən təşkil olunmuşdur".
Cildin müəllifləri bu "elementləri"n
çoxunun prototürklər olmasına və şumerlərlə
etnodil əlaqələrinin şübhə
doğurmadığını qeyd edirlər. O vaxtdan başlayaraq Azərbaycan
ərazisinə bu yerli, şumerlərə yaxın yerli
elementlərə qarışan hun, xəzər, sabir, oğuz,
qıpçaq türklərindən, onların təxminən
3 minillik yürüşlərindən söz açırlar,
lakin nədənsə, "Azərbaycan xalqı"nın təşəkkülünü
yenə məlum ənənəyə uyğun yaxın
dövrlərə bağlayırlar: "...vahid oğuz etnosu
parçalandı. Onun Kiçik Asiyadakı tərkib
hissəsi burada qohum olmayan yerli etnik vahidləri özünə
tabe edərək və assimilyasiyaya uğradaraq Osmanlı
türk xalqını formalaşdırdı. Azərbaycanda isə onlar üstəlik Qafqazın o
tayından 12-13 əsrlərdə (12-13-cü olmalıdır
- S.R.) gəlmiş qıpçaq türkləri ilə
qaynayıb-qarışaraq Azərbaycan türk xalqının
özülünün formalaşmasını başa
çatdırdı".
Maraqlı məntiqdir, deməli, xüsusi
buraxılışda yazıldığı kimi, eradan əvvəldən
başlayaraq türklər Azərbaycanın ərazilərinə
dağılıblar, Müaviyə dövründə Übeyd
ibn Şəriyə "Ora türk torpağıdır. Onlar orada cəmləşərək
bir-birilə qarışmış və təkmilləşmişlər"
deyir, bu torpaqlarda Dədə Qorqud boylarındakı igidlər
at oynadır, lakin hələ Azərbaycan türk
xalqının özülü də formalaşmayıb.
Xüsusi cilddə də, ondan sonra buraxılan bir
sıra başqa kitablarda da Vətənimizin ən qədim
tarixində prototürk izlərini etiraf etməklə
yanaşı, nədənsə. Xalqın tarixini məntiqə
sığmayan bir dövrdən başlamaq istəyirlər.
Çağdaş tariximizin ən ciddi ilişik
nöqtələrindən biri budur.
Kitab müəlliflərin fikrincə, protoalbanlar da,
Hind-Avropa xalqlarından öncə Cənubi Azərbaycanın
yerliləri, birincilərdir, ancaq onlar da türkə
aidiyyatı olmayan qövmlər sayılır.
"Azərbaycanda türk xalqının etnogenezinin məhz
onlarla əlaqədar olan bu başlanğıc mərhələsinin
gedişatı (II-VII əsrlərdə - S.R.) ərəblərin
yürüşü ilə və İslam dininin
yayılması ilə ləngidi" (səh. 101). Bu mətndən
belə çıxır ki, Azərbaycan türklərinin təşəkkülü
eramızın VII yüzilində İslamın gəlişi
ilə ləngimiş və ya yarımçıq
qalmısdır. Halbuki, tarixçilərimizin
böyük bir qismi öz kitablarında Qafqaz Albaniyasında
yaşayan yerli xalqların çoxunun, o cümlədən
albanların bəhs edilən dövrdə də türk
olduqları və sonradan gələn hunların və digər
xalqların məhz öz əqrabalarının yanına gəldiklərini
və onlara(!)
qaynayıb-qarışdıqlarını göstərirlər.
(Bax: Tofiq Məmmədov. Qafqaz Albaniyası. Səh
44).
Azərbaycan xalqının təşəkkülünü
XVI-XVII yüzillərə bağlayan alimlərimiz də var.
Bu, yeni yanaşmadır və xalqımızı daha da
"cavanlaşdırır". Dədə Qorqud
boyları ümumoğuz abidəsi sayılmaqla, onun daha
çox Azərbaycan türklərinə aid olduğu elliklə
etiraf edilir. Həsənoğlu da, Nəsimi də, Xətai
də, Füzuli də bütün türklər tərəfindən
anlaşılır, Türkiyədə, Özbəkistanda,
Türkmənistanda az qala bizdəki qədər sevilirlər,
bununla belə, Azərbaycan ağzında yazmışdılar
və onların Azərbaycan türk ədəbiyyatına aid
olduqlarını Anadolu türkləri də etiraf edirlər. Belə olan halda xalqın təşəkkül
tarixini onun bu cür nəhəng söz ustalarından sonraya
necə gətirmək olar; formalaşmamış bir xalqın
Dədə Qorbud eposu, Nəsimisi, Xətaisi, Qurbanisi,
Füzulisi necə yetişə bilərdi? Xalqsız şairi necə təsəvvür edək?
Alimlərimizin xalqımızın təşəkkül
tarixini bu qədər bir-birindən çox uzaq olan dövrlərə
bağlamaları, ortaya minillik fərqlərin
çıxması bəri başdan onların fikrini
şübhə altına alır. Dəyərli alimlərimizin
bu labirintə düşmələrinin səbəbi çox
sadədir. Akademik dostlarımız bu gün
Konstitusiyamızda təsbit olunmuş azərbaycanlı və
ya Azərbaycan xalqı anlayışlarının tarixini gəzir,
azərbaycanlı adlandırılmış xalqın
adını uzaq keçmişdə axtarmaq kimi
mümkünsüz bir işə girişirlər... Azərbaycan ərazisindəki əsas
xalqın adı azər idi, türk idi, bütün klassiklərimizin
yazıları da bunun təsdiqidir və bu sözü bir kənara
qoymaqla tarix yazmaq istəyi perspektivsiz bir işdir, ən
böyük alimləri də çıxmaza soxar...
Alimlərimizin başqa araşdırmaları da var ki, Azərbaycan
ərazisində türklərin mövcudluğunu eramızdan
öncə IV-III minillikdən başlayaraq davam edən
sivilizasiyaların materialları əsasında qismən də
olsa aydınlaşdıra bilmişlər. Lakin, nədənsə,
rəsmi tarix bu fikirləri "həvəskarıq"
sayır və yaxın buraxmır.
***
Azərbaycan ərazisində qurulmuş qədim dövlətlər
hansı xalqlara və ya xalqa məxsusdur, buranın qədim
sakinləri hansı dillərdə danışırdılar,
bugünkü Azərbaycan türklərini onların varisi
saymaq olarmı?
Azərbaycan xalqının etnogenezisinin obyektiv incələnməsi
baxımından Elməddin Əlibəyzadənin, Qeybulla
Qeybullayevin, Doktor M.Zöhtabinin kitabları böyük əhəmiyyət
kəsb edir.
Onlar Yaxın Şərq tarixi üzrə görkəmli
mütəxəssislərin, dünya alimlərinin
yazılarını araşdıraraq belə bir elmi nəticəyə
gəlirlər ki, Azərbaycan ərazisində son
beş-altı min il ərzində, əsasən
türk-Turan əsilli xalqlar yaşayıblar və onlar burda
xeyli sayda dövlətlər qurublar. Bu gün
İran adı altında bu ərazilərin bütün qədim
mədəniyyəti və tarixinə yiyələnmək istəyən
Hind-Avropa birləşmələrinin bu yerlərə
axını miladdan öncə X əsrdən
başlanmışdır.
Ötən
əsrin 80-ci illərindən başlayaraq bu sahədə bəzi
ciddi kitablar da yazılıb; M.Zöhtabinin "İran
türklərinin əski tarixi", Əli Qafqaziyalının
"İran türkləri", Albayrakın "Türklərin
İranı", Zaur Həsənovun "Çar Skifləri",
F.Ağasıoğlunun "Azər xalqı", Həsən
Həsənovun "Türklüyümüz", Cabir
Alpoğlu Albantürkün "Alban türk yurdu" və b.
kitabların adını çəkmək olar. Lakin bizim akademik nəşrləri hazırlayan
tarixçilərimiz bu kitabları da görməzdən gəlirlər.
Qeybullayevin
fikrincə, "qədim Midiya və Manna ərazilərində
şərti olaraq Kaspi və ya Zaqro-Elam adlanan hürri
tayfalarının yaşadıqlarını inkar etməməklə,
bu faktı da qəbul etməliyik ki, elə oralardaca altay(?) xalqları da
yaşayırdı və e.ə. VIII-VII əsrlərdən isə
bu ərazilərə türkdilli kimmerlər, isqutanlar,
saklar... daxil olub" (səh. 493).
Qeybullayevə görə, hələ miladdan öncə
Albaniyada mövcud olmuş 30-a yaxın etnosun 22-si, Güneydə-Atropatanda
mövcud olan 25 etnosun isə 16-sı türk idi. Bu barədə
Firudin Ağasıoğlunun araşdırmaları da
faktların zənginliyi ilə diqqəti cəlb edir. Təəssüf ki, bunlar Azərbaycanın akademik
tarixşünaslığında nəzərə
alınmır.
Milli
Ensiklopediya və Milli Akademiya hətta Ali məktəblər
üçün buraxılmış və müəllifləri
arasında Ziya Bünyadov, Yusif Yusifov, Yaqub Mahmudov, Süleyman
Əliyarlı, Süleyman Məmmədov kimi ciddi
tarixşünasların da yer aldığı fundamental dərslikləri
də nəzərə almamışdır. Beləliklə, ali və orta məktəblərdə bir tarix
öyrədir, akademik çoxcildliklərə və
vikipediyalara ayrı şey yazdırırıq...
Çar
Rusiyası XIX yüzildə işğal etdiyi Şimali Azərbaycanın
türklüyünü unutdurmaq ücün müxtəlif
adlar uydurur: "tatarlar", sonra Kazan tatarlarıyla birliyin
başqa problemlər yaradacağını görəndə
"Qafqaz tatarları", "Azırbayqan tatarları",
"Adırbayqantsı" və s. Lakin XX yüzilin əvvəllərində
Azərbaycan ziyalıları milli kimliyi bu cür unutdurma siyasətinə
qarşı çıxaraq xalqa əsl adını
xatırlatdı; 1918-ci ildə qurulan xalq cümhuriyyəti Ana
Yasasında Azərbaycanın türk yurdu, əhalisinin
türk, dilinin türk dili olduğunu rəsmiləşdirdi...
1920-ci ildə Qırmızı Ordu Azərbaycan Xalq
Cümhuriyyətini yenidən işğal etdikdən sonra iki
illik milli siyasətin, özünəqayıtmaq cəhdinin
"qisasını" dəhşətli bir terrorla, araverməyən
və yüz minlərlə insanın qətliylə nəticələnən
repressiyalarla aldı. Azərbaycan Kommunist Partiyasına rəhbərlik
etmiş Kaminski, Kirov, Mirzoyan, Qikalo, Polonski,
Mkrtıçyanların dövründə bu fiziki terrorla
yanaşı, iyrənc mənəvi terror da bu torpağın
neçə minillik sahibi olan türkün vahid xalq
duyğusunu məhv etmək, onu kökündən,
böyük dünyasından qoparmaq siyasətinə rəvac
verdi.
Milli Elmlər
Akademiyasının "Azərbaycan tarixi" çoxcildliyinin
7-ci cildində 1988-ci ildə başlanan Azərbaycan Xalq Hərəkatına,
eyni zamanda o dövrün ədəbi prosesinə həsr
olunmuş bölümlərində hamımızın
şahidi və iştirakçısı olduğumuz yaxın
tariximizə də subyektiv və yanlış yanaşmanı
görmək çətin deyil: müstəqil mətbuatımızın
ilk qaranquşu olan "Azərbaycan" qəzetinin adı belə
çəkilmir, "türkçülük meylin
artması" hərəkatı səhv sayılır və
s.
***
Türklərin
Qafqazlara ilk dəfə səlcuqlar dövründə,
eramızın XI-XII əsrlərində gəldiyini iddia edənlər
sonralar real faktlarla hesablaşıb bu tarixi iki-üç əsr
irəli eranın VII-VIII əsrlərinə doğru cəkdilər,
daha sonra turk köçlərinin eramızın ilk əsrlərdə
başladığını etiraf etdilər, bundan da sonra diqqət
eradan əvvəl sak-türk axınlarına yönəldi. Hətta
İqrar Əliyev kimi İranşünas və türk tarixinə
rəsmi sovet şablonlarıyla yanaşan alimlərin
kitablarında da buz qırıldı, Azərbaycanda türklərin
tarixini daha əvvəllərə çəkməyə məcbur
oldular və bununla da elmdən daha çox, siyasətə və
yuxarıdan gələn təlimatlara söykəndiklərini
sübut etdilər...
Beləliklə, Hind-Avropalıların, o cümlədən
farsların gəlişindən çox-çox öncədən
bu yerlərdə türklərin, kəngərlərin, azərlərin,
turanlıların və ya onların yaxın əqrabalarının
yaşaması fikri inkaredilməzdir, konkret faktlara, dəlillərə
söykənir.
Altay və Tanrı dağlarının arasının
türklərin Ana yurdu olması fikri geniş yayılıb və
əksər tarixçilər tərəfindən qəbul
edilir. Bu
coğrafiyanı doğuda Ötüken yaylalarına,
Batıda Xəzər dənizinə kimi genişləndirənlər
də var. Türklərin miladdan öncə iki mininci ildən
başlayaraq Şərqə Cinə doğru, Şimala - indiki
Sakaların - Yakutların yurdlarına, Güneydə Hindistana,
Qərbdə Volqa-İdil çayına qədər
yayılma dövrləri də araşdırılıb. Lakin türk tarixini nədənsə, Teoman xandan,
onun oğlu Mete xandan başlayırlar. Mete xan 24 boyu
öz dövlətində birləşdirmişdi. Dədə Qorquddakı 24 boyu xatırladır.
Bundan sonra Ağ hunların Çinə,
Hindistana köçləri, uyğurların,
qırğızların, Göytürklərin tarixi də dəfələrlə
araşdırılıb. Bu
araşdırmaların heç birində türklər Xəzəri
Qərbə doğru keçib Azərbaycan ərazisinə gəlib
çıxmayıblar, Halbuki Turan, onun əfsanəvi
hökmdarı Əfrasiyab ümumtürk tarixindən
qoparıla bilməz. Bütün bunlar
araşdırılanda ortaya çıxan mənzərə
belədir: Şərq-Doğu türkləri ilə Qərb
türklərinin kökü çox uzaq keçmişdə
bir olsa da lakin ən azı 4-5 min il bundan öncədən
başlayaraq onlardan biri Altay çevrəsində, biri Urmi
gölü çevrəsində müstəqil olublar. Bunların əlaqələrini köç saymaq
doğru deyil və antropoloji fərqlər də
türklüyün bu iki qanadının çox əski
çağlardan müstəqil həyat sürdüklərini
göstərir. Miladdan sonra Şərqi türklər Qərbə
doğru yayılanda da məhz bu köhnə əqrabalarını-qardaşlarını
ünvan seçıb, yollarını onlara görə müəyyənləşdiriblər...
Tarix elmimizin qurbanlarından biri
Prof. Məhəmməd
Tağı Zehtabi (Kirişçi). Milli Məclislə
Azərbaycan Müdafiə Nazirliyinin arasında, vaxtilə
Bakının ən yaraşıqlı binalarından
sayılan doqquzmərtəbəli evlərdən birində
üz-üzə oturmuşduq. Onu qiyabən
çoxdan tanıyırdım, o da mənim
yazılarımı oxumuşdu, 1988-ci ildən başlanan milli
azadlıq hərəkatındakı mövqeyimi
azdan-çoxdan bilirdi. Hər halda Azərbaycanda
bu qədər yaxını-dostu, qohumu ola-ola mənimlə
görüşmək istəməsi və bu axşama tək
məni dəvət etməsi aradakı münasibətin kifayət
qədər etibarlı olduğunu və mənə inandığını
göstərirdi. Az qala atamla yaşıd olan, elə onun
kimi iri cüssəli, sal qayaya bənzəyən,
danışığı, oturub-duruşu ilə Güneydən
olan digər yaşlı dostlarımı - Qulam Məmmədlini,
Nəsir İmanquliyevi, Şəfayət Mehdiyevi, Hüseyn
Ciddini, Söhrab Tahiri xatırladan bir kişiydi. Azərbaycanın
şimalında baxımsız dövlətin bərpası, bu
yolda çəkdiyimiz əziyyətlər, inşallah bu
müstəqilliyin Güneydə də yeni bir dövr
başladacağına sonsuz ümid... Söhbətimizin
mövzusu beləydi... Axıra yaxın "Səni
dəvət elməkdə bir məqsədim də var.
Çox fikirləşdim və qərara gəldim ki, bu
işi ancaq sən görə bilərsən..." deyıb
ayağa qalxdı. Yan otaqdan iri bir qovluq gətirib
masanın üstünə qoydu. 600-700 səhifəlik
makina yazısıydı. Ərəb əlifbasıyla...
İlk səhifəni götürüb höccələməyə
başlayanda "Bu, Azərbaycan tarixinə yeni bir
baxışdır. İran türklərinin 6000 illik
tarixini yazmışam" - dedi. Təkcə bu sözlər
yetərliydi ki, əlimin altında nə boyda bir sərvət
olduğunu hiss edim...
Kitab nəşrinin çətin bir dövrü idi. Hətta dərsliklər
üçün kağız tapa bilmirdik. Mətbəə
ləvazimatını, kardonu, boyani, dozaklı
Dağıstandan, çöl yollarıyla, qaçaq mal kimi,
hətta bəzən Türkmənistan üzərindən və
ya Türkiyədən gətirirdik... Buna
baxmayaraq böyük tarixçi alimin kitabı nəşr
olunmalıydı. O axşam uzun müddət bu məsələni
müzakirə elədik. Mənim fikrimcə, bu əsər
ilk növbədə İranda türkcə və farsca
buraxılmalıydı. Kitabın təcili latın qrafikasına köçürülməsini
qərarlaşdırdıq, sonrakı taleyi mənim boynuma
qalırdı. Eyni zamanda, söz verdim ki,
Bakı nəşrindən sonra Türkiyədə
buraxılmasına da yardım edəcəyəm və bunu
Türk Dünyası Araşdırmaları Vaqfının
Genel Başkanı, köhnə dostum prof. Turan Yazqandan
xahiş edəcəyəm. Razılaşıb
ayrıldıq. Bundan sonra da bir-iki dəfə
nazirlikdə görüşdük. Sonra məlum oldu ki,
razılaşdığımız kimi əsəri öncə
İranda nəşr etdirmək qərarına gəlib... Sonra, Türkiyədə də adını çəkdiyim
vaqfdan xahiş etdim və əsər orda ixtisarlarla nəşr
edildi.
M.Zehtabi 1923-cü ildə (hicri 1302) ildə Güney Azərbaycanın
Şəbüstər şəhərində anadan olmuş və
çox mürəkkəb, məşəqqətli bir həyat
yolu keçmişdir. Məşəqqət sözü XX yüzildə
güneydə doğulmuş və Milli Hökumət dönəmində
yaşamış, gəncliyi bu illərdə keçmiş
aydınların yaşadıqlarını ifadə etməyə
gücü çatmayan bir kəlmədir... Milli
hökumətin qurulmasında iştirak etmiş və ya
Pişəvəri hərəkatına rəğbət bəsləyən
güneyli qardaşlarımızın hər birinin həyatı
bir faciə əsəridir. Zehtabi də
onlardan biridir. O, ilk və orta təhsilini Şəbüstərdə,
sonra Təbrizdə almış, fars, ərəb
və fransız dillərini öyrənmişdi...
1945-ci ildə Təbrizdə buraxılan "Azərbaycan"
qəzetində yazılar yazır, yenicə qurulan Təbriz
Universitetinə daxil olur. Yazılarına və milli
düşüncələrinə görə 1948-ci ildə
Sovet İttifaqına qaçır, həbs edillib Sibirə
göndərilir. 3 il həbsdə
olduqdan sonra Düşənbədə və Bakıda elmi
araşdırmalarla məşğul olur.
1971-ci ildə
İraqa gedib Bağdad Universitetində fars
dilini və qədim türkcəni tədris edir...
1979-cu uldə
Təbrizə qayıdaraq universitetdə ərəb dili müəllimi
olur; öz açdığı bölmədə gənclərə
Azərbaycan türkcəsini öyrədir və buna görə
də rejimin qəzəbinə tuş gələrək 4 il cəza evində yatmağa məhkum edilir. 1981-ci ildə Mütərəqqi İran Türkləri
Aydınlar Cəmiyyətini, Təbriz Azərbaycan mədəniyyət
ocağını qurur.
Çoxlu şeiri, məqaləsi, araşdırma əsəri
var. Mənə göstərdiyi "İran türklərinin əski
tarixi" adlı kitabı 1998-ci ildə Güneydə nəşr
edildi və əsl inqilab effekti yaratdı. Bundan sonra Şəbüstərdəki
evində faciəli şəkildə qətlə yetirildi...
İran
rejimi uzun müddət "öz əcəliylə
öldü" yalanını yaysa da, sonradan həqiqət
ortaya çıxdı... On il sonra
DAK-ın qurultayında cəsədinin şəkilləri
nümayəndələrə paylandı və onun necə vəhşi
işgəncələrlə öldürüldüyünə
şübhə yeri qalmadı.
Dr. Zehtabi Azərbaycan tarixiylə bağlı həqiqətləri
ortaya çıxarmaq istəyirdi və bunun qurbanı oldu. Şəhid oldu və
öz taleyi ilə yalan üzərində siyasət quran
Fars-molla rejiminin əsl üzünü dünyaya göstərdi...
Görkəmli filoloq, folklorşünas, dilçi, mətnşünas,
etnoqraf, tarixçi və nəhayət, şair olan Zehtabinin gənclik
illərində yazdığı şeirlərdən birini
xatırlatmaq istəyirəm:
Su deyibdir
mənə əvvəldə anam, "ab" yox,
Yuxu
öyrətdi uşaqlıqda mənə "xab" yox,
Bəli,
daş yağsa göydən sən O-san, mən də Bu-yam,
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə
məxsus olan başqa elim vardı mənim,
Elimə
məxsus olan başqa dilim vardı mənim...
Dr. Zehtabi
də daha çox İran və Qərb mənbələrinə
söykənərək türklərin Güney Azərbaycanda
qurulmuş dövlətlərinin tarixini incələyərək
bu dövlətlərin türklərə məxsusluğunu və
türklərin aborogen xalq olduğunu və farsdilli xalqlardan
2-3 min il öncədən bu bölgədə
böyük sivilizasiyalar qurduqlarını sübut edir. Onun tarix kitabının gücü daha çox dil və
maddi-mədəniyyət abidələri əsasında
yazılmasındadır. O "İran tarixi" deyilən
ideologiya maşınının üstündən yalan pərdəsini
götürmüşdü. Bu gün dünyada
meydan sulayan şovinizm cəfəngiyyatlarının bir
çox hallarda tarixi saxtalaşdırmaq zəminində
yarandığını göstərirdi. Qədim
yunanlarda da belə olub, orta əsrlərin farslarında da, bu
günün ermənilərində də...
Bölgəyə
nisbətən yeni, yəni 3 min il öncə yerləşmiş
"Hind-Avropalılar" - farslar öz müstəsnalıqlarını
göstərmək və sahibləndikləri torpaqların
köhnə sahiblərinin iddiaları ilə üzləşməmək
üçün ilk növbədə onların qədim mədəniyyətlərinin
izlərini silib məhv etmək və ya o mədəniyyətlərə
sahiblənmək yolu tutmuşdular.
Ərdəşirin
başçılığı ilə Sasani imperatorluğu
özündən əvvəlki bütün dil və mədəniyyət
abidələrinin türk xalqlarına məxsusluğunu qəbul
edə bilmir, Arratta, Gitti, İullibi, Manna, Matienna, Med və
sair sivilizasiyaları arilərə bağlamaqla bu torpaqlardan
türklərin 6 minillik izlərini silməyə
çalışırdılar...
Dr.
Zehtabinin yazdıqlarından:
"Elam
dili bugünkü İranın batı vilayətlərində
yaşayıb uyarlıq yaratmış Kassilər, Guttilər,
Lullibilər, Hurrilər, Gilzanlar və Urartuların dilləri
ilə eyni bir kökə malik olmuşdur və bir takım əski
tarix bilginləri bu düşüncədədirlər ki, Elam
dili Gutti-Lullibilər və onların torunları olan Manna-Medlər
içərisində rəsmi dövlət və ticarət
dili olmuşdur. Hətta akademik Marr Med və Mannaların dilinin
Elam dili ilə eyni olduğunu göstərmişdir... Elam sivilizasiyasının Əhəməni
uyğarlığından daha qədim, yüksək və zəngin
olması bəlli olduğunda Ariaçılıq tərəfdarları
Elamları da arilərdən olaraq göstərməyə
başladılar".
"Anadolu torpaqlarının batı bölümləri
bugünkü Van-Ərzurumdan Aralıq dənizi və
boğazlara qədərki yerlərin ilk insanları və
topluluqları tarixçilərin düşüncələrinə
görə, hititlər olmuşlar. Hitit xalqı Orta
Asiyadan bölgəmizə olan üçüncü ellər
köçünün törəmələridir. Bəzi tarixçilərə görə, bu
köç Miladdan öncə - minilliyin sonlarında
olmuşdur. Şumerlər və elamlar kimi hititlər də
türkdilli olmuş və bugünkü Anadolunun bəlkə
də ilk sakinlərini təşkil etmişlər...".
Farslar və arilərlə başlanan tarix
soyqırımları İranda Sasanilərdən Pəhləvilərə
uzanan bir ənənə ilə bugünədək davam
etdirilir və Qərbdə özünə çoxlu tərəfdar
tapıb.
Türkü inkar etmək, farsdandönmə saymaq və
oxşar şəkildə bölgədəki, o cümlədən
İran ərazisindəki bütün qədim Turan və Elam
köklərini baltalamaqla bu ərazilərin tarixən farslara
məxsusluğunu "sübut" etmək... Ən əsas
silah da yalançı, uydurulmuş tarix və uydurmalardan
ilhamlandırılmış "Şahnamə"lərdir!.. Sərsəm böyüklük
iddialarının hamısının kökündə millətləri
başdan çıxaran bu tarix illüziyaları dayanır...
Və qəribədir ki, türkü inkaretmək mövqeyində
saxtakarlar şox asanca birləşirlər... Min ildir türk
xalqı yenə bu bölgənin ən böyük ulusu olaraq
qalır... Dünyada obyektiv tarixçiliyin meydanı
genişləndikcə, ilkin mənbələr və qədim
dillərdəki yazılar doğru-düzgün oxunduqca
türk-Azərbaycan tarixinin əsl möhtəşəm mənzərəsi
daha aydın görünəcəkdir...
Dr. Zöhtabi də təxminən bunları yazır. Burada dövlət qurmuş
qədim xalqların dillərini araşdırır; onların
çoxunun prototürk dili olduğunu və buna görə də
iz buraxmadan sonrakı türk dönüşlərinin və
ya axınlarının içində əridiklərini qeyd
edir...
Şumerlərdən
başlayaraq, elam, hurri, guti, lullubi, urartu,
manna, işquz uyqarlıqlarını yaradanların dili
bugünkü dilimiz kimi şəkilçi artırılmaqla
güzələn dillər olmuşdur. Buna görə o dillərdən
nümunələr, xüsusi örnəklər axtarmaq da
yersizdir; çünki o dillər bu gün də canlı
şəkildə yaşayır, türk dilinin ləhcələri
kimi, qıpçaq türklərinin dilinin Borçalıda,
sak türklərinin dilinin Şəkidə, alban türklərinin
dilinin Qubada, elam dilinin Həmədanda yaşadığı
kimi... Doktor Zehtabi də bunları yazır...
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.8-10.