"Tumurcuq" arzulardan
Zəfər notlarına
Tahir Taisoğlu Ümumittifaq miqyasında ən çox
çap olunan şairlərdən olub. "Tumurcuq"
adlanan ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı
tərəfindən 1969-cu ildə, 19 yaşında olarkən
işıq üzü görüb. Bu
yaşda ilk kitabın çap olunması o zamankı
Ümumittifaq ədəbiyyatı üçün nadir hadisə
sayılırdı. Şeirləri "Drujba narodov",
"Yunost", "Literaturnaya qazeta" kimi dövrün
nüfuzlu ədəbi-bədii orqanlarında, "Molodaya
qvardiya" nəşriyyatının "İstoki"
almanaxında, "Literaturnaya uçeba" jurnalında
mütəmadi çap olunub. "Literaturnaya uçeba"
jurnalının 1985-ci il may nömrəsində
Xalq yazıçısı Elçin Əfəndiyev onu və
Vaqif Cəbrayılzadəni şeirləri ilə birlikdə
Ümumittifaq oxucularına təqdim etmiş, onların
şeirlərindəki yeni poetik təfəkkür fərdiyini
müəyyən detallar əsnasında incələmişdir.
Bunun ardınca, 1989-cu ildə Moskvada, "Sovetskiy pisatel" nəşriyyatında
"Əllərimin kölgəsində", "Molodaya
qvardiya" nəşriyyatında isə "Tənək
yolu" şeirlər kitabı çap olunmuşdur ki,
bütün bu hadisələr Tahir Taisoğlunun gənc
yaşlarından artıq poetik fərdiyyət, sabitləşməkdə
olan imza sahibi kimi qəbul edilməsinin göstəricisidir.
İlk kitab artıq Tahir Taisoğlunun maraqlı poetik
üsluba malik şair olduğunu meydana qoyur. 60-cı illərin sonu idi və
şeiriyyat aləminə yenicə daxil olan gənc öz
poetik kredosunu təbiətin bir parçası olaraq təqdim
edir, fərdi dəst-xəttin qanadlı romantikasında təbiətə
aid olan hər detalı cisimləşdirərək ona bədii
obraz tutumu qazandırırdı:
Ay
işığı,
durna
qaqqıltısı,
çay
səsi...
İnnən
belə olacaqdır
Qibləm
mənim!
İlk kitabının "Tumurcuq" adlanması da
simvolik məna kəsb edirdi. Dünyaya kövrək
nəzərlərlə baxış, tumurcuq kimi açan
yarpaqlara tumurcuq duyğularla yanaşmaq. Şair "Hər
yarpaq dan şəfəqi kimi/ Nəğmələrlə
dolduracaq dünyanı", - deyib özünün arzuları
ilə yaratdığı duyumlu obraz arasında ünsiyyət
qurur və nəticədə gözəl bir bədii lövhə
hasilə gətirmiş olurdu:
Tumurcuq
ürək kimi
kiçik, dolu...
Günəşi,
küləyi, ulduzları, sükutu
əmib,
əmib,
açılacaq dan yeri kimi.
Bu şeirlər dövrün ədəbi prosesində
birmənalı qarşılanmırdı və təbii idi. Poeziyadan
partiyalı şeirlər gözlənildiyi, həyatın fərəhli
tərəflərinin tərənnümü tələb
olunduğu bir vaxtda bu mətnlərin "bir qədər əsəbi,
bir qədər kədərli, bir qədər də ümidsiz
və qəmgin" ruhu mübahisə doğururdu. Məsələn,
Rəsul Rza Tahir Taisoğlunun ilk şeirlərini oxuyub
"Ədəbiyyat və incəsənət" qəzetində
gənc şairə "Uğurlu yol" arzuladığı
halda (1969), Məmməd Rahim "Azərbaycan"
jurnalında çap olunan "Ədəbi gənclik
haqqında" qeydlərində onun "Tumurcuq"
kitabını məhz, bu aspektdən qəbullanmır, gənc
şairi "üzünü fərəhlə dolu
dünyamıza deyil, Qərbdə "dəb" sayılan
meyillərə çevirdiyinə" görə ittiham edir,
"iftixar hissi ilə yad edilən illərdən deyil, həyat
üzü görməyən, qat kəsmiş arzulardan, illərdən
söhbət açdığına" görə tənqid
predmetinə çevirirdi (Məmməd Rahim. Ədəbi
gənclik haqqında. "Azərbaycan" jurnalı,
1972, ¹ 2, s. 186).
Sənət isə artıq "uç, romantikam"
misrasındakı duyğu qatının zirvəsinə
doğru yol almaqda idi. Keçmişin ağrı yükü,
yaddaş qəlpələri və həyat həqiqətlərinə
daxil olan nə varsa, poeziyada görüntülənir,
düşüncə fəzasında rahat ifadəsini
tapırdı. Bu mənada, Tahir Taisoğlunun şeirlərindəki
bədii bənzətmələrinə məxsus
ölçülər, iki ayrı predmet arasında hərəkət
və əlaqənin bağlılığından yaranan məna
axtarışları onun təxəyyül və fikir
meydanında özünü sərbəst və azad hiss etməsindən
qaynaqlanırdı:
Quşu
uçan budaqlara bənzəyir,
Qəlbim
və
budaqlar...
Xəzəl
arzularım,
Xəzəl
günlərim,
yanından uçuşan
yarpaqlar
kimi,
Hələ
də başına dolanır sənin...
Diqqət eləsək, bu şeirlərdə zaman
vahidinin pozulduğunu görəcəyik. Obraz bəzən
bir neçə zaman və məkan müstəvilərində
qərar tutur, bir neçə nöqtədən
görüntülənə bilir. Mənəvi
anlayışların, hərəkət və proseslərin
bir şeir daxilində bütünə çevrilməsi,
hansısa obrazın modelində əyaniləşib yeni bədii
imkanlar yaratması Tahir Taisoğlunun poeziyası
üçün səciyyəvi keyfiyyətdir. İki, bəzən
üç fərqli müstəvidə qərarlaşan məqamları
bir şeirin daxilinə sığdırmaq və nəticədə
bunların hamısından daha mürəkkəb poetika, daha fərqli
və güclü obraz-epitet yarada bilmək bu poeziyanın
özəlliyini təmsil edən əlamətlər
sırasındadır:
Bir
mahnı vardı uşaqlığımda
Günlərimi
yaylıq kimi yelləyib
oxuyardım bir zaman
Alıb əlimdən
külək
yaylıq-yaylıq günlərimi
harasa
qaçırardı səhər, axşam
İndi
özüm qatar olmuşam
Ömür
adlı yolu
gurultuyla
gedirəm.
günlərimi qaçırdan,
Dincliyimi
uçurdan
küləkləri qova-qova gedirəm.
...Hərdən
bir çağırış çatır qəlbimə,
Dönüb
baxıram,
kim ola,
kim ola bu?
Uşaqlığım...
Körpə
əllərinə alıb günlərimi
bir
yaylıq kimi
Çağırır
məni
"Qatar,
ay qatar,
Gəl məni
apar"...
Digər bir məqam. Tahir Taisoğlunun
şeirlərində müşahidə itiliyi, həssas
yanaşma aparıcıdır. Bəzən hər
gün gördüyümüz, yanından səssiz,
etinasız ötüb keçdiyimiz, diqqət etmədiyimiz nəsnələr
Tahir Taisoğlunun poeziyası üçün predmet ola bilir. Hələ 1969-cu ildə çap
olunan ilk şeirləri arasında "Şamaxıda"
adlanan şeirində Sabirin diqqətsiz qalan ev muzeyindən
ürək ağrısı ilə yazması, sosial yük
daşıyan məqamları şeirə gətirməsi
aktual, ciddi mövzulara meyil göstərdiyinə dəlalət
edir:
Sabirin ev -muzeyinin damı qır,
Döşəməsində yağış izi.
Həyəti
Qobustanın bir parçası,
Budaqları
dilənçi əli tək uzanmış
ağacları istəyirsən sındır, qır.
Muzeylə
yanaşı satıcı evinin
Üstü
dəmir, həyəti geniş...
Həyətində
həmişə bulaq axır
Şır-şır, daşa-daşa.
Çinarları
yaşıl-yaşıl, uca-uca...
Qalıblar
muzey həyərinə baxıb
pıçıldaşa-pıçıldaşa.
Nə
deyirlər görəsən?..
Bu misralar mənə nədənsə Vaqif Səmədoğlunun
"Kim sulayacaq bulvardakı söyüdləri" şeirini
xatırladır. Qəribədir, sovet ideologiyasının
hələ tam gücü ilə işlədiyi 60-cı illərdə
bu cür şeirlər necə olur meydana
çıxırdı? Hər halda Tahir
Taisoğlunun şeirləri arasında həyat
kontrastlarından törəyən, ümumi-ictimai yük
daşıyan təzadlar sisteminə münasibət,
dövrün ədalətsizliklərinə xəfif bir etiraz
boy göstərir. Onun 1972-ci ildə, əsgərlik illərində
yazdığı "Azərbyacan əsgəri uzaqlarda"
şeirində repressiya məqamına dair işarə yer
alır:
Hər
axşam bir əlçim bulud
Yağışla qamçılayır qapımı.
...O
qaranlıq yəqin yaxşı bilir güzəranımı -
Mənim
qapımın 37-ci ili burda başlayıb -
Şaxı
sınmaz qürurumun,
Vətənə
boylanan fikirlərimin,
Dalıycan
gəliblər yoxsa!
Bir də müharibədən sonra doğulan nəsil
kimi taleyində İkinci Vətən savaşının məşum
yaralarını gəzdirən izlər Tahir Taisoğlunun da
şeirlərindən yan keçmir. Onun "Əllərim atamın əllərinə
oxşayır" şeirinə diqqət edək:
Atamın
əlləri yadıma düşdü -
qabar-qabar
bükümlərində
zəhmət dolu günləri...
gecələrin qoynunda sıxılıb barmaqları.
Berlinə
qədər bağıra-bağıra
Gedib yumruqları.
Tahir Taisoğlunun son illərdə yazdığı
şeirləri oxuyuram. Mövzu, fakta, prosesə yanaşma bəzən
eyni olsa da, bir məqam diqqətimi çəkdi ki, bu şeirlərdə
bədii tapıntılar, obrazlı ifadə vasitələri
köhnə deyil, təkrarlanmır, illərin o tayından
birbaşa yeni misralara adlamır. Bu
şeirlərin öz ruhu, oz poetik imkanları var, müəllif
eyni bədii priyom ətraında mühafizəkarlıqla
dayanmır. Eyni zamanda "Qarışqalar
vadisi", "Heç vaxt duyuq düşmədim",
"Saman çöpü haqqında ballada" və
başqa şeirlərində yaşın və ömrün
müdriklik mərhələsinə adlayan şairin narahat qəlbini
hiss edirik. Zamana, insana, getdikcə
ucuzlaşan mənəviyyat dünyasına etirazdı bu
şeirlər. "Qarışqalar vadisi" şeirinə
baxaq:
Bir
qarışqa yolu keçir...
bu
dünyadan... əsrlərdən əsrlərə...
qədim
bir yol..
zəhmət, halallıqla dolu -
Kaş...
bu yola qarışaydı
insanlığın
yönü, yolu!
Tahir
Taisoğlunun "Şəhər şeirləri" silsiləsindən
çap olunan "Dərman otları satan"
şeiri var. Şair yurd-yuvasını atıb şəhərə
dərman çiçəkləri satmağa gələn bir
qocanın zəhmətini emosional təsvirlə bədiiləşdirir.
Yaxud "Bu iş hər yazarın başına gələ
bilər..." şeirində müəllif arxivini ələk-vələk
edərkən əlli il əvvəl qələmə
aldığı şeiri tapdığını və onu
olduğu kimi çap elədiyini yazır. Şeiri canlı nəfəs
kimi hiss edən şair onun əlli ilin toz-tozanağından
özünü qoruduğunu, çap olunan digər şeirlərinə
qoşulmaqla yeni can kəsb etdiyini bizə yüksək poetik səviyyədə
çatdırır, çap olunan yeni şeiri üzən
balığa oxşatmaqla uğurlu bədii təsvir üsulu
seçir:
Üzüb
getdi balıq kimi -
qarışdı sevgili sularına, tay-tuşlarına...
Heç kim açıb-ağartmadı,
soruşmadılar
da heç:
Əlli
ilini harada,
necə
havaya sovurmuşdu,
niyə
qaçmışdı hamıdan,
- kimlərə
qoşulmuşdu...
İndi
balıqların küyülündən şən,
gümrah
səsi gəlirdi -
sanki təzəcə
anadan olmuşdu!
Əlbəttə,
Tahir Taisoğlunun son illərdə çap olunan şeirlərində
eyni obrazlar aləmi ilə qarşılaşırıq:
dağ, dərə, çay, çəmən, orman, səma,
günəş - bir sözlə, vətən mənzərələrinin
tərənnümü. Yaxud "Quyumuzun dolama
çarxı" şeirində olduğu kimi,
uşaqlığı, keçmişi üçün
darıxan şair obrazı da istisna deyil. Amma
bu şeirlərə bəzən vətənin başqa
halı da əlavə olunur. Təbiidir,
zamanın şairisənsə, zaman səndən mütləq
keçməlidir. Bu mənada, Tahir
Taisoğlu təbiətdən bəhs edən şeirlərinə
müharibənin yeni elegiyasını da əlavə edir.
Onun "Qurumuş... yaşıl ağac"
şeirindəki qurumuş ağacla şəhid anası bənzətməsi
amansız müqayisədir. Burada ağacın
quruması faktındakı daxili motivlə şəhid
anasının daxilən içindən quruması
faktındakı daxili motiv funksiyaca eyni bir melodiyanın əks-sədası
kimi götürülür:
Yaxınlaşıb
gördüm ki...
Qurumuş,
ölmüş ağacdı!
Amma
yaşıllıq içindəydi -
Başdan-başa, sərasər.
Gendən
baxanlar ona
həsəd çəkirdilər:
- Həmişə
yamyaşıldır bəxtəvər!
Onun
içindən heç kimin yox idi xəbəri -
Nakam, şəhid oğul basdırmış ana kimiydi.
Özü
çoxdan ölmüşdü,
Qalan quru nəfəsi idi.
Ayaq üstə idi həmişə.
Ruhu gəzirdi,
dolanırdı
yarpaq
açmırdı,
xəzəl tökmürdü,
danışmırdı, dinmirdi,
Dünya ona yuxu idi.
Qarabağ müharibəsi, üzləşdiyimiz faciələr,
itkilərimiz, ürəyimizdə qövr eləyən yaralar
Tahir Taisoğlunun poeziyasında daim işlənən mövzu
oldu. Amma
bütün bu acıların içində göyərən
ümid də yer alırdı ki, bu da onun qazanılan zəfərimizə
bəslədiyi şair inamının nəticəsi idi:
Vaxt gələcək,
kəsiləcək
Dağlıq
Qarabağda tank səsləri,
düşmən nəfəsləri.
Analarımızın
arzuları
çiçəklənəcək orda.
Əzik-üzük
bir dəst paltar kimi
dartıb
çıxardacaqlar düşmən əsgərini
xurd-xəşil olmuş bir tankın içindən.
...Yaşayır
ürəyimin dərinliyində
Kəşf olunmamış uran kimi.
Bu misralar şair həssaslığının sübutu
kimi indi başqa mənəvi mahiyyət kəsb edir. İşıqla,
bahar duyğuları ilə sərməst olan şair ruhunun qələbəsi
də demək olar buna. Yola
çıxdığı "Tumurcuq" arzulardan zəfər
himninə qədər gələn zaman aralığında
yaşanan ömürdən isə əbədi üfüqlərin
sonsuzluğu görünür.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 17 sentyabr.- S.16-17.