"Məclisi-üns"ün fəaliyyətinin
bərpasına
ictimaiyyətin və ziyalıların
reaksiyası
9 sentyabr 2022-ci il tarixində
Şuşa şəhərində Mədəniyyət
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
birgə təşkilatçılığı ilə XIX əsr
Azərbaycan söz-sənət irsində məxsusi yeri
olmuş "Məclisi-üns" ədəbi məclisinin bərpa
edildiyini bildirən ilk toplantısı keçirildi.
"Məclisi-üns" Ədəbi
Məclisi fəaliyyətinin bərpası "Xurşidbanu
Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli 3181 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədilə
təsdiq olunmuş "Xurşidbanu Natəvanın 190 illik
yubileyinə dair Tədbirlər Planı"na əsasən həyata
keçirilmişdir.
"Məclisi-üns"ün
Azərbaycanın mədəni-ictimai həyatında,
müvafiq sahə üzrə tədbirlərin təşkilində,
yaradıcı şəxslərin təşkilatlanmasında
digər yaradıcılıq ittifaqları kimi öz üzərinə
düşən missiya və funksiyaları icra edəcək.
"Məclisi-üns"
Ədəbi Məclisin təşkilati-hüquqi statusu digər
yaradıcılıq ittifaqları kimi qeyri-hökumət təşkilatı
- ictimai birlik kimi müəyyən edilib.
Anar Kərimov (Azərbaycan Respublikasının Mədəniyyət
naziri): "...1872-ci ildən Azərbaycan poeziyasının
görkəmli siması Xurşidbanu Natəvanın himayəsində
fəaliyyətini genişləndirən "Məclisi-üns"
o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda
ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin
yetişməsində mühüm rol oynayıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən
sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini
yaşatmaq və təbliğ etmək üçün "Məclisi-üns"
Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara
alınıb.
Birliyin fəaliyyətinin əsas məqsədləri
Qarabağın ədəbi və mədəni irsini
araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda
təbliğatını həyata keçirmək, müasir ədəbi
proseslərin və yaradıcı şəxslərin
inkişafını dəstəkləmək, Azərbaycanın
mədəni irsinin mühafizəsinə, inkişafına və
təşviqinə dair tədbirlər təşkil etməkdir. İnanırıq ki,
ölkə Prezidentinin müvafiq sərəncamlarının
icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr
üzərində yaradılan "Məclisi-üns"
Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti
ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin
azad Qarabağa qaytarılması və ədəbi nəsillərin
yetişməsi işinə töhfə olacaq...".
Anar (Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı):
"...Qarabağın möcüzəvi təbiətinin
insana aşıladığı yaradıcı ruh
Şuşada qeyri-adi yaradıcılıq mühiti
formalaşdırmışdı. Təsadüfi deyil ki,
Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy
Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə,
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov,
Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli,
Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz
Şuşada yetişib yaradıcılığa
başlayıblar. Şuşanın necə bir mədəniyyət
mərkəzi olmasını, mədəniyyətimizin
inkişafına verdiyi töhfələri elə Qarabağ ədəbi
məclislərinin fəaliyyəti nümunəsində
görə bilərik".
Qənirə Paşayeva (Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri): "Acınacaqlı haldır ki,
Şuşanın ərazisini yox, həm də mədəniyyətini
mənimsəmək iddiasında olan mənfur
qonşularımız heç bir əsas və fakt olmadan XIX əsrdə
Şuşada mədəniyyətin inkişafının belə
onlara aid olması təsəvvürünü
formalaşdırmağa çalışırlar... Şuşanın onlara heç bir dəxli
olmamasına tutarlı cavablardan biri də orada yaranan ədəbiyyat,
sənət inciləri, XIX əsrin ədəbi məclisləridir.
Dünya, eləcə də Şərq mədəniyyətində
ədəbi məclislər xüsusi mədəni təsisat,
institut kimi qədim dövrlərdən mövcud olmuşdur.
Şərqdə, eləcə də Azərbaycanda
onlar, əsasən saraylarda yaradılıb və üzvləri
hökmdarların himayəsində olub".
İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik): "Azərbaycanda ədəbi
məclislərin müstəqil fəaliyyəti
xanlıqların süqutundan sonra inkişaf etməyə
başlayıb. Ədəbi məclislər siyasi hakimiyyət əldən
getdikdən sonra mədəni hakimiyyəti ələ alan, mədəniyyətin, maarifin, milli
ideologiyanın inkişafına təkan verən mərkəzlər
funksiyasını yerinə yetirib. Təəssüf ki,
onların mədəniyyət və fikir tariximizdə icra
etdiyi rol lazımi səviyyədə araşdırılıb
dəyərləndirilməyib... Müstəqillik
dövründə ayrı-ayrı ədəbi məclisləri
araşdıran alimlərimiz ədəbiyyat tarixini məclis
üzvlərinin bədii və pedaqoji fəaliyyətləri
haqda yeni məlumatlarlara zənginləşdiriblər. Lakin məclislərin status və funksiyası,
strateji əhəmiyyəti məsələlərinə
aydınlıq gətirmək üçün yeni tədqiqatlara
və elmi dəyərləndirmələrə tələbat
var". Mədəniyyət Nazirliyinin təşəbbüsü
ilə fəaliyyəti bərpa olunan "Məclisi-üns"ün
əvvəlki məclisdən fərqi və məxsusiliyi ondan
ibarətdir ki, türkdilli ölkələrin yazarları da
burada təmsil olunur. Gələcəkdə
xarici ölkələrin yazarları da "Məclisi-üns"ün
üzvü olduqdan sonra onun fəaliyyət diapazonu daha da
genişlənəcək və qlobal xarakter alacaqdır.
Rafael Hüseynov (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin baş direktoru, akademik): XIX əsr Şuşa ədəbi
məclisləri özünün çoxyönlü
funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə
verdiyi töhfələri ilə fərqlənir... "Məclisi-üns"
və "Məclisi-fəramuşan" ədəbi məclislərini
mədəni təsisat kimi nəzərdən keçirdikdə
Qarabağ ədəbi-mədəni mühiti haqda müəyyən
təsəvvür formalaşır...".
Raqub Kərimov (Nizami Gəncəvi adına
Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya
üzrə elmlər doktoru): "Ədəbi məclislər
ilk növbədə şeir-sənət məktəbi idi.
Burada şeirlər, məsnəvilər yazılır, ədəbi
müzakirələr aparılır, şeir normaları
öyrədilir, nəzirələrlə ənənələr
möhkəmlənir və gələcək nəsillərə
ötürülürdü... Təzkirə və cünglər
ədəbiyyat tarixi elmimizin mühüm qaynaqları və sənədləri
olduğu üçün Şuşa ədəbi
məclisləri elmimizə mühüm töhfələri
kimi dəyərləndirilə bilər. Şeir,
sənət məktəbi kimi şeirşünaslıq elminin
qayda və normalarının öyrədilməsi, qorunması
ədəbi məclislərin bəlağət və poetika məktəbi
kimi də əhəmiyyətini müəyyənləşdirir".
Səlim Babullaoğlu (Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi):
"Ədəbi məclislər həm də musiqi məclisi
idi. Tarzən Sadıq (Mirzə Əsəd oğlu Sadıq -
Sadıqcan), Hacı Hüsü, Məşədi kişi,
Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd
Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələr
ədəbi məclislərdə fəal iştirak edirdilər...
Nəsrəddin Qarayev yazır ki, Məşədi İsi,
Kaştazlı Haşım, Hacı Hüsü, İslam
Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və
başqa xanəndələr həmin məclisin üzvü
olmuşlar. Qarabağda muğam,
ifaçılıq o qədər inkişaf etmişdi ki, o
dövrdə Şuşada Bülbül təxəllüsü
daşıyan üç müğənni vardı".
Sayman Aruz (Azərbaycan Yazıçılar
Birliyinin sədr müşaviri, şair-tərcüməçi):
"Hər millətin əldə etdiyi iki ali
dəyər vardır. Biri ədəbiyyat, digəri
isə dövlətçilikdir. Azərbaycan
dövləti və dövlətçiliyi xalqa və ədəbiyyata
olan borcunu ödədi və qalib olmaq, müzəffər olmaq
kimi sözləri ədəbiyyatımıza qaytardı.
İndi vaxtıdır ki, Azərbaycan ədəbiyyatı da
öz dövləti və dövlətin ali
rəhbərliyinə olan borcunu qaytarsın... Ədəbi
məclis üzvlərinin Azərbaycan tarixinin yazılıb
yaşamasında da xidmətləri var. Təsadüfi deyil ki,
Azərbaycan tarixinə aid ilk sistemli elmi əsərin
("Gülüstani-İrəm") müəllifi
"Gülüstan" ədəbi məclisinin rəhbəri
Abbasqulu ağa Bakıxanovdur".
"Məclisi-üns"
nə üçün bu qədər əhəmiyyətlidir?
Yeni tipli, üsuli-cədid məktəblərinin əməli
fəaliyyəti, dərsliklərin yazılması həm
Şuşada, həm də bütövlükdə Azərbaycanın
bütün bölgələrində ədəbi məclislərin
qabaqcıl təmsilçilərinin iştirakı ilə
gerçəkləşirdi. Qarabağda Nəvvab, Qaradaği dərsliklərin
tərtibi və yazılmasında fəallıq göstərirdilər.
Qaradaği Çernyayevskiyə "Vətən
dili" dərsliyinin yazılmasında yaxından kömək
etmişdir.
Milli bayramlarımızın, xüsusən Novruzun təşkili
və keçirilməsi işlərinə də mədəni
mərkəz kimi ədəbi məclislər
başçılıq edib. "Məclisi-üns"
üzvü Mirzə Ələsgər Növrəs Novruz
bayramlarında "padşah" seçilirdi. Bu mənada, ədəbi məclislər həm də
xalqın adət-ənənəsini, etnoqrafiyasını
yaşadan bir təsisat idi.
Şairlərimiz təkcə Qarabağda, Azərbaycanda
şahidi olduqları hadisələrə yox, qlobal proseslərə
də şeirlər həsr edirdilər; Məmo bəy Məmainin
ingilislərin Şərqdə müstəmləkəçilik
siyasətinin əleyhinə yazdığı şeir kimi.
Bölgələrdəki məclis üzvlərinin məktublaşmaları,
görüşüb fikir bölüşmələri
aparmaları Azərbaycan ziyalıları arasında mövqe
yaxınlığının inkişafına yardım edirdi. Qarabağ ədəbi
məclisləri Şamaxı, Naxçıvan ədəbi məclisləri,
Qaradağ, Ərdəbil şairləri ilə sıx əlaqə
saxlayırdılar.
Qadınların kişilərlə bir məclisdə fəaliyyət
göstərməsi Qarabağ ədəbi məclislərinin əsas
özünəməxsusluqlarından biri idi. Qeyd etmək
lazımdır ki, o vaxt Qarabağ qadınları öz fəallıqları
ilə seçilirdilər - həm yaradıcılıqda, həm
də xeyriyyəçilikdə. Şairlər
Natəvan, Fatma xanım Kəminə, aşıq Pəri ədəbiyyat
tarixində fərqli yerə sahibdirlər. Natəvan, Gövhər ağa, Qara Pirimli Nigar, Fatma
xanım Kəminə xeyriyyəçi kimi də
tanınmışdılar. Qadınların
xeyriyyəçilik fəaliyyəti özü də müəyyən
ənənəyə bağlıdır. Qədim
türklərdə qadına yüksək dəyər
verilirdi. Xeyriyyəçilik
qadınların əsas fəaliyyət sahələrindən
biri sayılırdı. Qarabağ
xanımları həm birgə fəaliyyət, həm də
idarəçilik işləri ilə həmin ənənəyə
bağlı idilər.
Şuşa ədəbi məclisləri XIX əsrdə
Azərbaycanda mədəni ideologiyaların inkişafında
da mühüm rol oynamışdır. İslamçılıq,
türkçülük, azərbaycançılıq,
müasirləşmə ideologiyalarının mədəni təzahürlərinə
aid sənətkarların yaradıcılığından
çoxsaylı misallar gətirmək olar.
Bəzən belə fikirlərə rast gəlirik ki, ədəbi
məclis üzvlərinin çoxusu zəif şairlər
olub. Bu, onların yaradıcılığının
bütövlükdə üzə çıxarılıb,
çap olunub araşdırılmaması ilə
bağlıdır. Məclislərdə
aparılan müzakirələr, şeir, sənət tələbləri
orada zəif nümunələrin yazılma ehtimalını
azaldır. Burada yaşanan ciddi
yarışma və rəqabət, şeir, sənət dəyərləndirməsi,
ustadların məclisə rəhbərlik etməsi zəiflərin
və dözümsüzlərin sona qədər getməsinə
imkan verməzdi.
Qarabağ ədəbi mühiti onun təbiəti qədər
zəngin və rəngarəngdir. Öyrənilib
araşdırılması, təbliği humanitar fikrimizin
inkişafına xidmət etməklə bərabər, həm
də onu sahiblənmək istəyən yadları,
düşmənləri susdurar. Ona görə
də hər şeydən öncə insan yaradan bu ədəbi
məktəblərin inkişafı hər zaman həm xalq, həm
də dövlət olaraq əsas məqsədlərimizdən
olmalıdır.
Ədəbiyyat qəzeti.- 2022.- 17 sentyabr.- S.18.