Ömrün qürub çağı
hekayə
Günəş qüruba endikcə sönməkdə
olan tonqal kimi közərir, qızılı
şüaları ilə səmaya, dənizin mavi sularına bənzərsiz
naxışlar vururdu.
Eyvanın
məhəccərinə söykənib qürub yerinə
tamaşa edən ahıl kişi dərindən
köksünü ötürdü.
- Ahın
dağlara, Fəxri!
Qanrılıb
ona sarı gələn xanımına yanpörtü nəzər
saldı:
-
Dağlar uzaqlarda qalıb, yadıma başqa şey
düşdü. Qadın sual dolu
baxışlarını ərinə zillədi.
- Adam
inana bilmir ki, o vaxtdan 50 il keçib. Pah
atonnan, - kişi vaysındı, - elə
bil dünən olub. Rəhmətlik Əli müəllim
deyərdi ki, ahıllıq insanın qürub
çağıdır. Hər dəfə
qüruba baxanda onun sözü yadıma düşür.
Yeri behiştlik olsun, böyük alim, nəcib
insan idi. Mənə yetim, imkansız
çağımda nələr eləmədi? Universiteti
bitirən ili aspiranturada saxlatdırdı,
elmi rəhbərim oldu. Tək mənim yox,
çoxlarının pənahı, xüsusən
arxasızların dayağı idi. İndi
söz düşəndə, cavanlar mənə təəccüblə
baxırlar, elə bilirlər nağıl danışıram.
İnsan necə xeyirxah, alicənab olarmış, İlahi,
şükür kəramətinə!
Kövrəldi, boğazında düyünlənən qəhərini
boğsa da, çuxura düşən, nuru öləzimiş
sönük gözləri nəmləndi. Ona diqqətlə göz
qoyan xanımı əl-ayağa düşdü,
üzünün ifadəsi ciddiləşdi:
- Dərmanı
içmisən?
Kişi
günahkar kimi baxışlarını qaçırıb
başını buladı:
- Tamam
yadımdan çıxıb.
- Daha
sözüm yoxdur, 50 il bundan qabaq
olanları bircə-bircə danışırsan, bəs həkimin
dediklərini niyə yaddan çıxarırsan?
Qadın
deyinə-deyinə yan otaqdan təzyiqölçəni gətirib
onun qoluna bağladı, rəqəmlərin üzərilə
qaçan əqrəbə baxa-baxa dedi:
-
Heç özündən xəbərin var, 180-ə
qalxıb. Al bunu qoy dilinin altına. Telefon zəng çaldı. Qadın
dəstəyi götürüb dinlədi. Xırda
qırışlar düşsə də, əvvəlki təravətinin
izi qalan ağ sifətinə təbəssüm
qondu. Danışan yaxın dostları idi.
Salamlaşıb hal-əhval tutandan sonra:
- Necə
olacaq, yaş öz işini görür, - dedi. - Hər işə
qarışır, hamıya məsləhət verir. Özünə gələndə dərman içməyi
yadından çıxarır. Deyirəm,
keçmişdə olanları yadına sala bilirsən, dərmanlarını
yox? Zəhmət çək vaxtında iç,
çörəyini ye, hər ayın axırında pensiyanı
al, Allahına şükür elə. - Qadın sözünə
ara verdi. Azacıq sükutdan
sonra, - hə, elə o da sən deyəni deyir. Deyir Allahıma şükür edən bəndəyəm,
ancaq pensiya məsələsində yox. Belə pensiya
olar, 50 il işləyəsən, indi
pensiya adına qəpik-quruş verələr? Özü
də eləməyib tənbəllik, bunların
hamısını yazıb göndərib idarələrə,
qəzetlərə, hələ üstəlik, televizorda
danışıb. Eh, sən də deyirsən düz eləyib.
Nə faydası, heç gör
qımıldanan, saya salan var. O dəfə eşitdik
artırıblar pensiyaları. Alanda
gördüm ki, əvvəlkindən 10 manat artıqdır.
Getdim aptekə, bəlli oldu ki, həmişə
aldığım dərmanlar ikiqat bahalaşıb.
Qadın telefonda danışdıqca gözaltı ərinə
baxırdı.
Hiss edirdi ki, dərman təsirini göstərir, kişinin
avazıyan rəngi özünə gəlir. Dəstəyi
ona verib, yan otağa keçdi. Kişi gümrah səslə
yaxın dostu, həmkarı ilə hal-əhval tutdu:
- Mən
də babatam. O ki qaldı təzyiqə, gərək dərmanımı
yaddan çıxartmayım. Qardaş, boynumuza
alaq ki, yaş öz işini görür. Adam
əliynən qoyduğunu tapa bilmir. Dünən
gözlüyümü itirmişdim. Evi ələk-vələk
elədim. Nəvəm soruşdu ki, baba, nə
axtarırsan? Dedim gözlüyümü,
uşağı gülmək tutdu. Sən demə,
eynək gözümdə ola-ola axtarıram. Öz-özümə güldüm, amma pərt
oldum, üzə vurmasam da içimdə əsəbiləşdim.
Həkim də deyir ki, çalış əsəbiləşmə,
səni həyəcanlandıran şeylərə fikir vermə,
üzünü yana çevirib uzaqlaş.
Mən bunu bacarmıram. Keçən
şənbə qəzet alıb evə qayıdanda
gözüm tindəki zibilliyə sataşdı. Kaş görməyəydim. İki
nəfər zibil qutularını eşələyirdi. Elə
bu vaxt əynində nimdaş qara kostyum, başında
bozarmış şlyapa, boynunda əzik qalstuk olan arıq,
üzgün ahıl kişi onlardan
aralı dayanıb burnunun üstünə sürüşən
çeşməyinin arxasından yan tərəfdəki qutuya
nəzər saldı. Əlini uzadıb
çörək qırıqları ilə dolu sellofan
torbanı götürdü və ətrafına ötəri
baxıb tez də uzaqlaşdı. Mən
onu güclə tanıya bildim. Heç
tanınmalısı qalmamışdı. O boyda kişi elə bil yerimir, kölgə kimi
sürünürdü...
Birdən
nəvəsinin onu köməyə çağıran həyəcanlı
səsini eşitdi:
- Ay baba!..
Dostuna
üzrxahlıq edib, dəstəyi yerinə qoydu və yan
otağa keçdi:
- Nə
olub, a bala?
-
Babası, gül kimi xörək bişirmişəm, yemir, -
gəlini şikayətləndi, - daraşıb yavan
çörəyə!..
Babasını
görcək ürəklənən balaca əlindəki tikəni
xırda-xırda dişləyərək:
- Mənim
nənəmin çörəyindən xoşum gəlir, -
dedi.
Onlar mağazadan çörək almırdılar. Rayonda
yaşayan qohumları arabir yerli buğda unu göndərirdi.
Nənə elektrik sobasında çörək
bişirirdi. Nəvəsinə məxsusi
süddə yoğrulan balaca, yumru kökə
hazırlayırdı.
Baba nəvazişlə
uşağın başına sığal çəkdi:
- Nuş
olsun, mənim balam, - dedi, sonra gəlininə üz tutdu, - ot kökü üstə bitər,
qızım. Nəvəm elə özümə
çəkib.
Onun qar kimi ağarmış qaşları
çatıldı, gözləri yol çəkdi. Uşaqlığı,
müharibə illəri yadına düşdü. Çörək qəhətə
çıxmışdı. Atası cəbhədə
idi, qayıtmadı, əvəzində əl boyda "qara
kağızı" gəldi. Anası
yayın boğanağında, qışın
şaxtasında dan yeri ağarandan qaş qaralanadək
çöldə, tarlada işləyirdi. Evə
buğda gətirəndə, nənəsi "əl
daşında" üyüdür, təndir qalayırdı.
Elə bil nəvəyə dünyanı verirdilər.
Axı, nənəsinin təndir çörəyindən ləzzətli
nə ola bilərdi? Üstündə də
Sarı inəyin nehrədə çalxanan yağı...
İllər quş olub uçdu, o böyüdü,
sayılıb-seçilən savadlı, bacarıqlı,
çörəkli kişilərdən oldu. Amma rəhmətlik
nənəsinin təndir çörəyinin dadı
damağından getmədi. İnsafən
xanımının evdə bişirdiyi çörək, o
vaxtın çörəyinə çatmasa da, indi
mağazada satılandan çox-çox dadlı idi.
Baba nəvəsini
qucaqlayıb öpdü:
- Səni
görüm çörəkli kişi
olasan. - Sonra kövrək səslə soruşdu. - Sən də
böyüyüb atan kimi kişi olmaq istəyirsən?
- Hə!
- Onda
ananın bişirdiyi xörəyi ye, - gözaltı nəvəsinə
baxıb sözünə aramla davam etdi, - Görürsən
böyükləri - babanı, nənəni, atanı,
ananı. Sən də onlar kimi xörək yesən
böyüyüb kişi olarsan.
Gəlinin yaraşıqlı çöhrəsi
işıqlandı. Baba təmkinini pozmadan asta, arxayın səslə:
- Sən
mənim ağıllı balamsan, - dedi, - xörəyini ye,
anan geyindirsin, gedək parka, uşaqlarnan oyna.
- Ura,
babam məni parka aparacaq!
***
Yaşıllığa bürünən,
gül-çiçəyi göz oxşayan park tünlük
idi. Yayın nəfəsi təntidən boğanaq
bürküsündən baş götürüb bu sərin,
səfalı yerdə dincəlməyə gələnlər dəstə-dəstə
gəzişirdilər. Babasının əlindən
tutub hovuzun kənarında dayanan uşaq gur suyu göyə
millənən fəvvarədən ətrafa səpələnən
şəffaf damlalara maraqla baxırdı. Əlində
tutduğu dondurmanı da bir anlığa unutmuşdu elə
bil. Başını qaldırıb ucaboy, arıq
babasına baxdı, şirin uşaq ləhcəsiylə:
"Nə yaxşıdı, xoşum gəlir", - dedi. Sonra soyuğu balaca əlini üşüdən
dondurmanı ləzzətlə yedi. Baba dondurmanın
naxışlı şax kağızını nazik
çöpü ilə birlikdə ondan alıb
yaxındakı ağacın dibinə qoyulmuş qutuya
atdı:
- İstəyirsən birini də alım.
- Yox, bəsimdi.
Anam deyir çox yesən, boğazın
ağrıyar.
- Düz
deyir, - baba gülümsündü. - Qnda gedək uşaqlar
oynayan yerə, sən də velosiped sür.
Uşaq babasının birovuz aldığı balaca
üçtəkərli, yaraşıqlı velosipedə
sevincək minib dairəvi, hamar meydançada
yaşıdlarına qoşuldu. Baba bir qədər kənara
çəkilib uşaqlarına göz qoyan böyüklərin
cərgəsində dayandı.
***
Yuxudan ayılanda qulağıma səs gəldi. Deyəsən,
onu oyatmasınlar deyə, astadan danışırdılar.
Qulaq verdi, oğlu anası ilə dərdləşirdi.
Ana həmişəki kimi təsəlli verirdi:
- Səbr
elə, keçib gedər, inşallah!
- Nə qədr
səbr etmək olar, axı?! Heç
insafları yoxdur.
Qapı astaca açıldı. Qadın ərini görcək təəccübləndi:
- Durdun, nə
tez?..
-
Oğlum da özümə çəkib. Nə
qədər asta danışsa da, səsi qayım
çıxır.
Oğlu atasının sözlərindən pərt oldu. Fəxri kişi
qayğılı, kövrək səslə:
-
Axırı nə oldu, - soruşdu, - insafa gəldilər?
- Eh, insaf
haradaydı, nə qoyub nə axtarırsan.
Kişi
heç nə olmamış kimi sakit, ağayana tərzdə:
-
Özünü darıxdırma, - dedi. - O köhnə dostumu
tanıyırsan də, deyərəm yoluna qoyar.
Ata-oğul söhbətinə sakitcə qulaq verən
ananın üzü işıqlandı. Az qala
yarım əsri adlayan ömür-gün sirdaşının
xasiyyətini yaxşı bilirdi: "dedi-qurtardı".
O,
könülsüz halda həbi dilinin altına qoyub sordu. Sonra arvadının uzatdığı stəkanı
alıb bir-iki qurtum içdi.
Çox
çəkmədi ki, kişinin rəngi duruldu,
çaş-baş qalan arvadına ərklə:
- Sən
elə bilirsən ki, kişinin ağlı çaşıb,
ağzına gələni danışır? - sual
verdi.
- Xeyr, hələ
canımda təpər var. Görmürsən rayondan
dalımca maşın göndərirlər. Köhnə
dostlar kənd-kəsəyi gəzdirib ürəyimi açmaq
istəyirlər.
Ahıl atasının sorğu-sualı oğlu
üçün gözlənilməz, yetərincə kəskin
oldu. O, bir
anlığa tutuldu, qaş-qabağını sallayıb, incik
halda qətiyyətlə:
- Mən
heç yana gedəsi deyiləm, - dedi. Bir qələr susub öz-özünə
danışırmış kimi sakit, həlim səslə
fikrini tamamladı. - Sıravi həkim işləyərəm,
dərs deyərəm, imtahana uşaq hazırlayaram... nə təhər
olsa ailəmi saxlayaram. Ancaq ayağımı kənara
qoymaram. Əcnəbi ölkələrdə
oxumaq, biliyini artırmaq, ixtisasını təkmilləşdirmək,
görub-götürmək, irəli getmək, özünə
gün ağlamaq, ailənə çörək qazanmaq qəbahət
deyil. Mənə gəldikdə isə
başqa cür fikirləşirəm. Hansı
torpaqda, ailədə dünyaya gəlmək insanın iradəsindən
asılı deyil. Tanrının vergisidir bu: vətən,
ata, ana... Mən onlara arxa çevirə bilmərəm.
Anaya elə
bil dünyanı bağışladılar:
- Qurban
olum dilinə, oğul, nə yaman deyirsən.
-
Olanı deyirəm, ana. Dostlarım,
yaxınlarım içində belələri çoxdur.
Elə cavanlar arasında da nə qədər desən var. O
gün yaşlı pasiyentim dedi ki, oğlu xaricdə oxuyub.
Orada yaxşı iş təklif eləyiblər, razı
olmayıb. Deyib, öz ölkəmdə işləyəcəyəm.
- Halal
olsun, - Fəxri kişi ürəkdən
dilləndi, - yaxşı ki, belə oğullar da var.
- Var, ata,
özü də az deyil. Belə
ağıllı, savadlı, zirək cavanlarla ünsiyyətdə
olanda adamın ürəyi açılır. Onlar deyirlər ki, öz rahatlığın
üçün tərk etdiyin yurduna Vətən deyə bilməzsən.
Vətən yaşadığın, torpağını
qoruduğun yerdir, - oğul dərin düşüncələrə
dalan ahıl atasına zənnlə baxıb, - mən də
belə düşünürəm, - dedi.
Qocanın çuxura düşüb nurunu itirməkdə
olan gözlərinə elə bil işıq gəldi. Qırışlarla dolu
üzünə astaca sığal çəkib kövrək
səslə:
- Sağ
ol, bala, halal olsun, - dedi, - öz övladlarına da belə tərbiyə
ver.
***
Odu avazıyan tonqal kimi közərərək
qızılı şüaları ilə səmaya, dənizin
mavi sularına bənzərsiz naxışlar vuran günəş
qüruba enib, üfüqdə qaralan dağların
arxasına çəkildi.
Eyvanın
məhəccərinə söykənib qürub yerinə
tamaşa edən Fəxri kişi dərindən
köksünü ötürdü.
- Baba,
günəş necə oldu, batdı?
Başını
əyib yanında şək dayanan nəvəsinin alnından
öpdü:
- Günəş
batmır, oğlum, heç vaxt batmır, qürub edir. Qürubun nə olduğunu, inşallah, mənim kimi
baba olanda biləcəksən.
Baba qanrılıb sağ əlini Şərqə
sarı uzatdı.
- Bax, sabah səhər orada günəş doğacaq,
sənin günəşin!
- Mənim
günəşim? Ay aman, nə yaxşı!..
- Hə,
sənin günəşin, - nəfəsini dərib əlavə
etdi, - balalarımızın, dünyamızın günəşi!..
Əlövsət
Bəşirli
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.21.