"Mənim üçün
yazmağın qayəsi narahatlıqdır..."
"Fikir bucağı" layihəsinin
növbəti qonağı gənc yazıçı Nihat
Pirdir
- Xoş gördük, Nihat bəy.
Yay necə keçdi? Yaradıcılıq baxımından
yeni nəsə varmı?
-
Xoş gördük. Yay fəslindən heç də
xoşum gəlmir. Ümumiyyətlə, isti ilə aram yoxdur.
Odur ki, mənim üçün çox
darıxdırıcı keçdiyini deyə bilərəm.
Bir neçə hekayə yazmışam, amma qəzet və
saytlara verməmişəm. Ümumiyyətlə, hekayələri
xüsusi hallar xaric sayt və qəzetlərdə dərc eləməmək
qərarına gəlmişəm. Yəqin ki, kitab barəsində
düşünürəm deyə belədir.
- Nə vaxta düşünürsən?
-
Vallah, bilmirəm. Bəzən ümumiyyətlə kitab
çap etməyi mənasız hesab edirəm, bəzən isə
kitaba çox acıram. Hələlik yekdil bir qənaətim
yoxdur.
- Köşə yazıları
(bura esselər də daxildir) və hekayə. Özünü hansı sahədə daha rahat hiss edirsən?
- İstənilən halda, hər ikisi
yaradıcılıq tələb edir və hər ikisi mətnin
yaradıcı təzahürüdür. Köşə
yazıları daha çox operativlik tələb edir, hekayə
isə zamanla yaranan bir şeydir. Bu gün
hər hansısa bir mövzu aktualdırsa, gündəmdirsə,
ona uyğun köşələr yazıram. Düzdür, bəzən köşə
yazıları adamı xərcləyir, amma hər gün də
oturub hekayə yazmaq olmur axı. Hekayə
yazmaq mənim üçün çox ciddi prosesdir.
Özümü tam hazır hiss eləmədən bir cümlə
belə yaza bilmərəm.
- Yazmaq sənə nə verir?
Sözün əsl mənasında, yazı işi ilə məşğul
olan bir gənc üçün gələcək necə
görünür?
- Yazmaq mənə,
birinci növbədə, stimul verir. Mən
yazılarımda özümü görürəm,
özümü hiss edirəm. Bu məni
rahatladır, xoşbəxt edir. Gələcəyi
görmək məsələsinə gəlincə, bizim
yaşadığımız şərtlər yaradıcı adam üçün çox qəddardır. Gələcəyimi düşünəndə,
sözün düzü, məyus oluram. Çünki adam çox oxumaq, çox yazmaq istəyir. Amma işimiz bizi yorur, xərcləyir, ruhdan
salır. Bu isə sadəcə dəhşətdir.
- Özünü yazı prosesinə
hazırlamaq üçün nə edirsən? Ya
bu prosesin hər hansı bir hazırlığı
olmamalıdır? Necə
düşünürsən?
- Yazı
prosesinə aparan birinci yol, mənə görə, narahat
olmağımdır. Narahatlıq adamı
yazmağa məcbur edir. Söhbət hər
hansısa bir mövzunun sənə verdiyi narahatlıqdan gedir.
Kurt Vonnequtun dediyi kimi, o şey ki məni narahat
edir, mən onu hekayəyə, yazıya çevirə bilərəm.
Yəni mənim üçün yazmağın
qayəsi narahatlıqdır. Xoşbəxt
olanda, arxayın olanda heç nə yaza bilmərəm. Allaha şükür ki, xoşbəxt olmaq kimi bir
problemimiz yoxdur. (gülür)
- Yazılarının birində Vaqif
Bayatlının təpədən-dırnağa
hönkürtü olduğunu bildirmisən. Ümumiyyətlə,
nədir poeziyada hönkürtü və kədərə
axının səbəbi?
- Vaqif
müəllimlə müsahibə üçün zəngləşirdik,
indi də arabir zəng edirəm. Bir az naxoşdur deyə, hələlik
müsahibəmiz alınmır. Ona müsahibə
məsələsini "Sizinlə oturub ağlamaq istəyirəm"
kimi demişdim. O da gələrsən, ağlayarıq
demişdi. Ümumiyyətlə, Vaqif Bayatlı
mənim üçün ədəbiyyatımızın kədər
və nisgil mərhələsidir. Onun kədəri
hamının kədəridir, onun nisgili hamının
nisgilidir. Bu baxımdan, yazmışdım
ki, o, təpədən-dıırnağa
hönkürtüdür. Poeziyamızda kədər
motivlərinin çoxluğunda isə qəribə nəsə
görmürəm. Dostumuz Cəlil Cavanşirin belə
bir misrası var: insan dərdi, kədəri bölüşər,
sevinci bölüşmək nədir? Doğrudan
da, niyə xoşbəxtliyə şeir yazılsın ki?
Niyə sevinc adlı hiss vəsf edilsin ki? Şeir,
birmənalı olaraq, kədərin bətnində
formalaşır. Bayaqkı sualda da dedim
ki, xoşbəxt olanda, nə bilim, arxayın olanda nəsə
yazmaq hissi gəlmir. Yazmaq kədərlənməyin
bir başqa formasıdır, bəlkə də.
- Amma sanki ümid yoxdu... Hamı
ümidsizlikdən yazır...
- Yox,
ümidsizlik deməzdim. Sadəcə dediyim kimi,
poeziya kədərin bətnində yetişir. Onun pozitiv notla doğulmasını gözləmək
absurddur. Mən şeir yazmıram, poeziya mənə,
loru dillə desək, bir köynək uzaqdır. Amma nəsrdə
də eyni fikirdəyəm: kədər hissi mətn
üçün stimullaşdırıcı faktordur.
- Müharibə ərəfəsində
yazdığın "Artıq gecdir", yaxud "Zəng Xədicədən
gəlirdi" hekayələrin real hadisələr üzərində
qurulub. Amma "Bir kəndin manifesti"ndə bir az absurd situasiya var. Hansı sənə daha
yaxındır?
- Vallah,
bu sual mənim özümə də maraqlıdır. Məncə, hələlik hansının daha
yaxın olduğunu deyə bilməyəcəyəm. Hazırda absurd situasiyada olan bir başqa hekayə də
yazıram. Eyni zamanda, "Bir kəndin
manifesti"nə tam olaraq utopik, absurd mövzu da demək
olmaz, məncə. O biri adlarını çəkdiyiniz
hekayələrdə isə həyat var, həyatın
özü var, bizim yaşadığımız reallıqlar
var. Bax indi onlardan danışdım, niyəsə o səpki,
o xətt mənə daha doğma gəldi. Nə
bilim?
- Məsələn, indi kino deyəndə
Tarkovskini, ədəbiyyatda Kafkanı demək sanki dəb
halını alıb. Ancaq o müəllifləri çoxu
heç oxumadan, tanımadan danışır. Buna
münasibətin necədi?
- Vallah, təki
elə Tarkovskinin filmlərinə baxaq, təki elə
Kafkanı başa düşək. Elə bir dövrə gəlib
çıxmışıq ki, əksinə Tarkovskini
tanıyan, Kafkadan sitat gətirən adam
görəndə, eşidəndə tutub alnından öpmək
istəyirsən. Ona görə də demək xətrinə
olsa belə, dəyməyək, qoy desinlər. (gülür)
- İddia... Gənclər
iddialıdır, ancaq kasası boş olanların iddiaları
çox yuxarıdan dəm vurur elə bil. Sənin
iddian varmı? Varsa, nəyə
iddialısan?
-
Ümumiyyətlə, iddia olmadan nəinki yazmağın,
heç yaşamağın da mənası yoxdur. İnsan nəyəsə iddia eləməlidir.
Mənim iddiam həyatdakı ən böyük qorxumdan
doğub: mən unudulmaqdan, yox olub getməkdən çox
qorxuram. Oruelin məşhur bir ifadəsi var: adını
xatırlayan son şəxs öldükdə sən heç
yaşamamış olacaqsan. Bax mənim iddiam
adımın daim xatırlanmasıdır. Hər
daim. Məndən sonra da. Demək olmaz ki, bu gün sırf yadda qalım deyə
yazıram, yox, amma mən yadda qalmaq istəyirəm. Bunu
gün ərzində, bəlkə, on dəfə özüm
özümə deyirəm: mən xatırlanmaq, mən yadda
qalmaq istəyirəm.
- "Ölümün ədəbi
tərifi" yazında belə bir hissə var: "Əgər
biz ölümü həyatın fonunda təsəvvür
ediriksə (yaxud da bunu "qəbul ediriksə" də deyə
bilərik), ədəbi müstəvidə bu iki
anlayış paralel şəkildə təhlil və tədqiq
edilir. Ən əsası
isə ədəbiyyat bizə həyatın bitməsi
anlayışını, eyni zamanda, tükənəcəyi
kimi qavratdırır. Həyat və insanlıq bir
gün varsa, bir gün də mütləq şəkildə
yox olmağa məcburdur. Var olan heç bir şey əbədiliyə
məhkum deyil, amma yox olmağa, məhv olmağa - hər
ikisinin cəmi kimi ölməyə məhkumdur. Həmin ölümə gedən yol isə tükənməkdən
doğur. İnsan tükənir, zaman tükənir və
həyat tükənir. Nəticənin adı
"ölüm"dür." Ölümün fəlsəfəsini
ədəbiyyatın içində başqa cür necə
sezmək olar?
- Hə,
o ərəfələrdə ölüm haqqında çox
düşünürdüm. Məncə,
ölümü dərk eləmək üçün, birinci
növbədə, onunla üz-üzə gəlməlisən.
Bu qarşılaşma ölümün nə
olduğunu bütün çılpaqlığı ilə sənə
dərk etdirir. Odur ki, gözünü yum və
düşün: nə vaxt ölümlə üz-üzə
gəlmisən? Cavabı tapdınsa,
ölümü dərk edəcəksən. Mən yoxlamışam və dərk eləmişəm.
Dəfələrlə. (gülür)
- "Bir kəndin
manifesti" hekayəsi maraqla qarşılandı. Gözləntilərin və gözləmədiklərin
nə oldu bu hekayə ilə bağlı?
- Hekayənin
sonluğunu başqa cür də
düşünmüşdüm. Bilmirəm,
hansı daha uğurlu olardı, amma, fikrimcə, hazırkı
variant da kifayət qədər uğurludur. Hekayədə
intriqa sona qədər qorunub, bu az şey
deyil. Müsabiqədə ilk üçlüyə
ən iddialı hekayələrdən idi, onluğa girdi,
xüsusi mükafatı qazandı, münsiflər heyəti bəyəndi,
xatırladı. Bunlar da həmçinin az
şey deyil.
- Səncə, bu gün ədəbi
mühit öz funksiyasını nə dərəcədə
yerinə yetirə bilir?
-
Düzü, ədəbi mühitin nə olduğunu hələlik
tam dərk edə bilməmişəm. Mühit
deyəndə ədəbi camiə, onların fikir mübadiləsi
və digər bu kimi proseslər nəzərdə tutulursa, məncə,
qənaətbəxşdir. Sadəcə
biz ədəbiyyatı özümüz üçün yaradırıq,
özümüz yazırıq, özümüz
alırıq, özümüz də oxuyuruq. Amma proses
(bilavasitə mühit) həm də dünyaya çıxmaq
üçün nələrəsə yardımçı
olmalıdır. Olurmu? Olmur.
- İstedadlı mətn və
uğursuz imza... Düşüncələrin...
-
İstedadlı mətn... Maraqlı ifadədir, əslində.
Məncə, mətnin istedadı müəllif,
oxucu və mətn arasındakı əlaqələrin nəticəsindən
asılıdır. Müəllif mətni
yazır, o mətn oxucuda hansı təəssüratı
doğurur? Əgər müəllifin istədiyi
təəssüratdırsa, onda siz deyən kimi mətnə
istedadlı demək olar. Uğursuz imza
haqqında isə danışmaq istəmirəm.
Ümumiyyətlə, adamın hər suala cavabı ola bilməz. Məncə, arabir
"Bu suala cavab verə bilmərəm" də demək
lazımdır. Mən bu suala cavab verə
bilməyəcəyəm.
- Ədəbi tənqidin
durumu haqda nə deyə bilərsən?
- Ölkədə
kifayət qədər ədəbiyyatşünas və ədəbi
tənqidçi var. Onların fəaliyyətini də məhsuldar
hesab edirəm. Cavanşir müəllimin qəzetinizdəki
mütəmadi çıxışlarını izləyirəm.
Düzdür, müəllim bir az qəliz
yazır, qətiyyən anlamadığım məqamlar da
olur. Məsələn, mən tələbə
olanda Cavanşir müəllim hekayələrim haqqında
"Azərbaycan" jurnalında yazı yazmışdı.
O yazıda bir neçə məqam oldu ki, heç nə
başa düşə bilmədim. Amma sonralar
anladım ki, bu, tənqidin xammalından doğan təbii
prosesdir. Elnarə xanımın, Maral
xanımın, Nərgiz xanımın, Əsəd Cahangirin
sırf ədəbi-bədii təhlillərini
çalışıram ki, izləyim. Özüm
də hazırda ədəbi tənqid üzrə magistr təhsili
alıram. Düzdür, təhsil
haqqında o qədər də xoş sözlər deyə
bilməyəcəyəm, amma alıram. (gülür).
İstənilən halda, bu cür yazılar, təhlil
və tənqidlər biz gənclər üçün
stimuldur. Yaxşı ki, ədəbiyyat var!
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 17 sentyabr.- S.27.