37-dən sonrakı faciə: 38
deportasiyası
Xalq yazıçısı
Əzizə Cəfərzadənin "Xəzərin göz
yaşları" romanı üzərinə qeydlər
Sovet dönəmində qadağan edilmiş mövzular
vardı. Bu mövzularda yazanlar gözümçıxdıya
salınır, adları qara siyahıya düşürdü, əsərləri
nəşriyyatların planından
çıxarılırdı. "Qlavlit"in
gözündən bircə sətiraltı mənanı belə
keçirmək mümkün deyildi. İdeoloji
basqılar infantil ədəbi nümunələrin meydana gəlməsinə
səbəb olurdu. Ədəbiyyatın
inkişaf prosesini zaman-zaman ləngidən bu sistem dünya ədəbiyyatının
qapılarını da birdəfəlik üzümüzə
qapamışdı. Dünya ədəbi
arenasında hansı proseslərin getdiyindən xəbərsiz
qalan sovet yazıçıları lokal məkanda istehsalat ədəbiyyatı
yaratmağa məhkum edilmişdi.
Yazıçını fabrikə, zavoda göndərirdilər
ki, get həyatı öyrən, gəl və roman yaz. Belə bir absurd cəmiyyətdə
yaşayırdıq. Bu və digər səbəblərdən
yetmiş illik nəhəng bir makulatura yarandı. Azərbaycan
ədəbi dilinin formalaşmasında böyük xidmətləri
olan yazıçılarımızın (Əbülhəsən,
Mir Cəlal, Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə
İbrahimov, Mehdi Hüseyn və b.) əməyinə kölgə
salmadan deyək ki, o dövrdə kolxov və sovxozdan
yazılan və heç bir bədii dəyəri olmayan
neçə-neçə "şişman" roman sosialist
sistemi çökdükdən sonra aktuallığını
itirdi. Bu gün nə həmin
yazıçıların, nə də onların
yazdığı əsərlərin adları heç yerdə
çəkilmir.
Bizi inkişafdan saxlayan bu mənfur ideologiya ədəbiyyatımızın
dünya ədəbi prosesindən geri qalmasının əsas
səbəblərindəndir. Dünya ədəbiyyatının
qan damarını yeniləyən nəzəri etaplar (izmlərin
bir-birini əvəz etməsi) bizim ədəbiyyatdan yan
keçdi. Yazılmalı olan mövzular,
eksperimental tryuklar lokal çərçivədə
boğuldu. Bu barədə çox
yazılıb, məqsədimiz bu deyil.
Müstəqillik dövründə dünyaya pəncərələr
açıldı, qadağan olunmuş
yazıçıların əsərləri gün
üzünə çıxdı. Yasaq mövzularda xeyli əsərlər
yazıldı. Ədəbiyyatımız
davamlı olaraq dünya ədəbiyyatıyla
ayaqlaşmağa çalışdı və bu gün Azərbaycan
yazıçılarının da əsərləri ölkədən
kənarda nəşr olunur. Ədəbi
okeanda bizim "balıqlar" da üzür. Bu, çox sevindirici haldır.
Bu günlərdə Xalq yazıçısı, tarixi
romanlar müəllifi Əzizə Cəfərzadənin
ömrünün son illərində qələmə
aldığı "Xəzərin göz yaşları"
romanını oxudum. Onu da qeyd edim ki, həmin qadağalar
dövründə ədəbiyyatımızın
üzünü ağardan qüdrətli
yazıçılarımızdan biri də məhz Əzizə
xanım Cəfərzadə idi. Hələ
gənclik illərində sovet cəza aparatı onun da qələmini
qırmağa çalışmışdı. Fərqli
düşündüyü üçün... Tofiq
Fikrətin kitabını oxuduğu üçün
universitetdən qovulmuşdu. Bunu indiki gəncliyə
izah etmək çox çətindir. Necə
yəni? Tofiq Fikrəti oxumaqda nə qəbahət
var?! Buna görə gənc bir tələbəni
universitetdən qovarlarmı?
Bəli,
buna görə adama pantürkist damğası vurub gedər-gəlməzə
də yollayardılar! Əzizə xanımın
tələbəliyi çox mürəkkəb, ağır
illərə təsadüf edib. Xalq 37
repressiyasından keçmişdi, düşünən beyinlərin,
ədəbi şəxsiyyətlərin çoxu güllələnmişdi,
əksəriyyəti gedər-gəlməzə sürgün
edilmişdi. Belə bir vaxtda Tofiq Fikrəti
oxumaq üçün gərək şir ürəyi yeyəydin.
Zərif bir qızcığazda bu cəsarət
hardan idi?
O,
gözünü açandan fərqli bir mühitdə
böyümüşdü. Anası xalq
dastanlarını, folklorumuzu əzbər bilirdi, ailədə
milli köklərə həddən artıq
bağlılıq olub. Əzizə
xanımın bütün əsərlərində tariximizə,
soykökümüzə tükənməz bir məhəbbət
var. Azərbaycan oxucusu bir sıra tarixi, ədəbi şəxsiyyətləri
məhz onun romanlarından tanıyıb və sevib. Tahirə
Qürrətüleyn, Nişat Şirvani, Zeynəlabdin
Şirvani, Mirzə Güllər, Cəlaliyyə və
başqaları. Bu səbəbdən bir
universitet tələbəsi bu qadağaların səbəbini
bilmək istəyirdi, bizi tariximizdən, dünənimizdən
uzaqlaşdırmaq istəyənlərin xain niyyətlərini
duyurmuş kimi inadla qadağan olunmuş mövzulara can
atırdı. Məhrumiyyətlər, hər
hansı cəza mexanizmi onu bu yoldan çəkindirmədi.
Bir dəfə sovet nümayəndə heyəti
İraqa səfər edərkən Əzizə xanım Hələbdə
Nəsiminin məzarına qoymaq üçün
Şamaxıdan böyük bir gül dəməti
bağlatdırıb. Səfər
proqramında isə Hələbə getmək nəzərdə
tutulmayıbmış. Əzizə
xanım inadla "mən mütləq Hələbə gedib Nəsiminin
məzarını ziyarət etməliyəm!" deyib. Sovet nümayəndə heyətinin tarixində ilk dəfə
müstəsna hal kimi, məcbur olub proqramdan kənara
çıxıblar və Əzizə xanım arzusuna
qovuşub. Yazıçının xatirələrində
bu səfər barədə təfsilatı ilə yazılıb.
O xatirələri oxuyanda mütəəssir oldum, həm də
böyük yazıçımızın vətəndaş
qeyrəti qarşısında təzim etdim.
"Xəzərin göz yaşları"
yazıçının sağlığında dərc
olunmuş sonuncu romanıdır. Bu əsəri 2002-ci ildə, vəfatından
bir il əvvəl qələmə
alıb. Azərbaycan ədəbiyyatında bu
mövzuya ilk dəfədir ki, müraciət olunur. 1938-ci ildə o taydan bu taya bir parça çörək
qazanmaq üçün gəlmiş güneyli
soydaşlarımızı Stalinin göstərişi ilə
üç-dörd günün içində məcburən
İrana deportasiya edirlər. Bu prosesdə baş
vermiş faciələr miqyası etibarilə heç də
bir il əvvəlki repressiya
dalğasından geri qalmırdı. Bu dəfə
sadə insanların həyatı alt-üst edilmişdi, ana
baladan, ər arvaddan, nişanlılar bir-birindən əbədi
olaraq ayrı düşmüşdülər. Xalq şairi Balaş Azəroğlunun ailəsi də
bu deportasiyadan öz nəsibini almışdı. Unudulmaz şairimiz başlarına gətirilmiş bu
müsibəti özünün "Xatirələrim"
kitabında müfəssəl qələmə alıb. Amma Balaş müəllim bu hadisələri memuar
kimi yazıb. "Xəzərin göz
yaşları"nı oxuyanda tez-tez o
kitabda qələmə alınmış hadisələri
xatırlayırdım. Əzizə xanım yazır ki, bu
roman mənim bir yazıçı kimi fəryadımdır:
"Əziz oxucum! Yadından çıxarma, sənin xalqının
taleyində bir 38-ci il olub. Faciəsiylə
heç də 37-ci ildən geri qalmayan 38-ci il
olub millətimizin taleyində. ...Ana balasından ayrı
düşəndə mələr demişik. O mələrtidən
bu 38-in mələrtisi daha faciəli oldu. Millətin
doğma torpağında vətəndaşlıq hüququ
olmadı. Nəticədə pənahəndə
olub qaldı".
Stalin
rejiminin törətdiyi faciələrdən biri də 38-ci il faciəsidir. Bu faciənin insan
talelərindəki dağıdıcı təsiri romanın hər
səhifəsində, hər cümləsində oxucunun qəlbini
yaralayır.
Əsmərlə Səfər bir-birlərini sevirlər,
nişanlanıblar. Bu vaxt xəbər çıxır ki, həmşəriləri
İrana köçürürlər. Əsmərgilin
ailəsi də köçürülənlər sırasındadır.
Səfər bu tayda qalır, Əsmər və
ailəsi gəmi ilə hara sürüldüklərini bilmədən
yola çıxırlar. Zavallılar elə
zənn edirlər ki, onları Nargin adasında dənizə
atacaqlar. "Başqaları deyirdi yox,
Sibirə sürgün edəcəklər". Qorxu qurd kimi ürəkləri gəmirirdi. Onları nə Nargin adasında atdılar, nə də
Sibirə sürgün etdilər, Ənzəli limanında
taleyin ümidinə buraxdılar. Evsiz-eşiksiz,
yurdsuz-yuvasız insanlar hara gedəcəklərini bilmədən
səfil-sərgərdan həyatın
başlanğıcında idilər. Qarşıda
itkilər, ölümlər vardı. Əsmər
Səfərə məktub yazır, amma bilir ki, bu məktub ona
heç vaxt çatmayacaq. Gənc qız
bu ayrılığa dözmür, üstünə neft
töküb özünü yandırır. Məşədi Gülsüm nənə yolda
dünyasını dəyişir, onun cənazəsini dənizə
sallayırlar. Kimsəsiz qarı Xəzərin
sularında dəfn olunur. Amansız tale ona bir məzarı
da çox görmüşdü... Bu tayda neft quyularında
ölənlərin də qəbri yox idi...
Əri, oğlu o tayda qalmış köməksiz,
çarəsiz qadınlar boğçada nə gətirmişdilərsə,
satıb pulunu çörəyə, buğdaya verirdilər
ki, ac qalmasınlar. Aclıq və səfalət onların
simasında dərin iz qoymuşdu.
"Bu "mühacir" adı taxılmış
adamlar doğma torpaqlarında qərib idilər, hicrətdəydilər". Ömrünün
ahıl çağında faciəvi məqamlarla bol olan belə
bir romanı yazmaq yazıçı üçün ikiqat,
üçqat çətindir. Obrazların
daxili sarsıntılarını, hiss və həyəcanlarını
içindən keçirən yazıçının səhhəti
də qaydasında deyildi və heç şübhəsiz, xəstəlik
də ona əsər üzərində işləməyə
imkan vermirdi. Amma Əzizə xanım bu əsəri
böyük ürək ağrısıyla yazıb sona
çatdırıb. Romanın hər
cümləsində yanar ürəyin hayqırtısı
eşidilir. Bu, bir el anasının,
xalqının dərdlərini dilə gətirən vətəndaş
qeyrətli bir yazıçının gələcək nəsillərə
əmanətidir. Əsər oxucuya müraciətlə
bitir:
"İstəkli oxucum! Sənə
çatdırmaq istədiyim bu idi. Böyüklərin
unutmağa başladığı, gənc nəslin yerli-dibli
xəbərsiz olduğu bir tarix səhifəsi. Millətin
taleyindən bir tarix səhifəsi! Yaxşı vərəqlə
bu tarixi, əzizim! O tarixin səhifələrində təbəssümdən
çox, göz yaşları var".
Əzizə Cəfərzadə öz nəsildaşları
içərisində bu mövzunu qələmə
almış yeganə yazıçıdır. Hiss olunur ki,
yazıçı bu hadisələri illər boyu öz
içində gəzdirib və məqam yetişən kimi birnəfəsə
kağıza köçürüb. Ömrünün sonunda
hamıdan, hər şeydən vacib bildiyi üçün
yazıb! Yazmasaydı, olmazdı. "Xəzərin göz yaşları" səksən
yaşlı ağbirçək yazıçının, el
anasının talesiz soydaşlarına ağısıdır.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.28.