Patrik Meloninin qətli
hekayə
Roald DAL (1916-1990) tanınmış
Britaniya nasiri, şairi və ssenaristidir. Onun mistika, fəntezi
və uşaq ədəbiyyatı janrlarındakı əsərlərində
qara yumor və gözlənilməz sonluq effektlərinə
xeyli sıx rastlanmaqdadır.
Məhsuldar ədəbi fəaliyyətinə
görə o, iki dəfə (1954 və 1960-cı illərdə)
Edqar Allan Po ödülünə, Ümumdünya Fəntezi
(1983) və "Gümüş stilos" (1979)
mükafatlarına, 3 kərə (1989, 1991 və 1993-cü illərdə)
isə Niderland Uşaq ədəbiyyatı ödülünə
layiq görülübdür.
2013-2020-ci illər ərzində
"Mərhumlar arasında dünyanın ən çox
qazanan məşhurları" reytinqinə
başçılıq edən pop kralı Maykl Cekson ötən
il bu birinciliyi Roald Dala təhvil verib, çünki
popçunun illik qazancı cəmi 75 milyon dollar ikən, 74
yaşında xərçəng xəstəliyindən
dünyasını dəyişən bu məşhur
yazarın eyniadlı göstəricisi tam 513 milyon dollar təşkil
edib.
Patrik Meloninin qətli
Otaq
isidilmiş, tər-təmiz
yığışdırılmış, pərdələr
isə çəkilmişdi, masanın üstündə yanan
iki lampadan birini qadın öz yanına, digərini isə o
biri başa qoymuşdu. Onun arxa tərəfindəki bufetin
üstündə sodalı su qatılmış bir cüt uzun
viski stəkanı dururdu. Kiçicik qovada isə kub
biçimli buzlar vardı.
Meri Meloni
ərinin işdən dönməsini gözləyirdi. Elə
hey saata göz atsa da, baxışlarında hər hansı
narahatlıq sezilmirdi, sadəcə ötən hər dəqiqənin
onu ərinin evə dönüşünə
yaxınlaşdırdığından əmin olmaq istəyirdi.
Hərəkətlərində bir tələskənlik yox idi,
hətta adama elə gəlirdi ki, bunları edərkən
üzündə bir təbəssüm də dolaşır.
Öz tikməsinə davam edərkən onun çöhrəsindən
heyrətamiz bir dinclik yağırdı. Hamiləliyinin
altıncı ayında olan bu qadının dərisi mirvari
çaları qazanmış, dodaqlarının ucları
hamarlanmışdı, təmkin ifadə edən gözləri
isə əvvəlki vaxtlarla müqayisədə daha yuvarlaq və
tünd görünürdü.
Saat
beşə on dəqiqə qalmış o, kənar hənirtilərə
qulaq kəsildi. Bundan bir neçə dəqiqə sonra, yəni
həmişəki vaxtda isə çaqıl daşları
maşının təkərləri altında
qıcırdadı, sonra gələn o miniyin qapısı
çırpıldı, pəncərənin o üzündən
gələn addım səslərinin ardınca kilidə
taxılan açar buruldu. Qadın tikməsini bir kənara
qoyub, içəri girən ərinə tərəf yönəldi
ki, onu öpsün:
- Salam, əzizim,
- dedi.
Ərindən:
"Salam", - cavabı gəldi.
Şineli
ərindən alan qadın onu şkafdakı asılqana
keçirtdi. Sonra bufetə yanaşdı, ərinə
tünd, özünə isə yüngülvarı olmaqla
içki hazırladı. İşini bitirəndən sonra
keçib, öz stulunda, ərinin qarşısında əyləşdi
və tikməsinə davam elədi. Əri hər iki əliylə
tutduğu uzun stəkanı necə o yan, bu yana əyirdisə,
qabın divarlarına çırpılan buz parçaları
şaqqıltı qoparırdı.
Qadının
aləmində məhz bu dəqiqələr günün ən
bəxtəvər vaxtı idi. Bilirdi ki, bəlli bir miqdarı
içməyənə qədər ərinin
ağzını heç bıçaqla da aça bilməz,
ancaq yenə də təkbaşına keçirdiyi onca saatdan
sonra əriylə bu cür, yəni susaraq oturmaq, onunla təkrar
baş-başa qalmaq da ürəyincə idi. Onun yanında
özünü rahat hiss edirdi, çünki belə dəqiqələrdə
qadın ərinin bədən hərarətini aşkarca
sezirdi - günəşlənən birisi qızmar
şüaların bədəniylə təmasını da
eyni şəkildə duyur.
Ərinin
otağa necə iri və ağır addımlarla daxil
olması da, stulda qayğısız bir tərzdə, az qala
yayxanaraq oturması da qadının könlünü
oxşayırdı. Ərinin baxışlarından yağan dərin
diqqət və dalğınlıq ifadəsinə heyran idi o,
yorğunluğu barədə bircə kəlmə demədən
onun sadəcə dodaqlarını büzməsi də
qadına məzəli gəlirdi, viski onu həyatın
axarına ta qaytarana qədər kişi adətən bu
cür səssiz-səmirsiz otururdu.
-
Yorğunsan, əzizim?
- Hə,
- dedi kişi. - Yorğunam.
Sözünü
bitirən kimi o, indiyədək heç eləmədiyi hərəkəti
elədi: yarıyacan, hə, hə, yarıyacan dolu olan stəkanı
birdəfəyə başına çəkdi. Həmin an
qadın gözlərini ona dikməsə də, ərinin məhz
belə etdiyini təxmin elədi, çünki kişinin əli
aşağı enərkən buz parçaları stəkanın
dibinə düşərək şaqqıldadı. Önə
tərəf əyilən kişi bir qədər
döyükdü, sonra isə yerindən qalxıb, təmkinli
addımlarla bufetə yanaşdı ki, özünə yenə
içki süzsün.
Yerindən
sıçrayan qadın səsləndi:
- Mən
süzərdim də!
Kişi
dedi:
- Otur
görüm!
Əri
keçib, yerində əyləşəndə qadın diqqət
yetirdi ki, kişi viskini həmişəkindən çox
süzüb, buna görə də stəkandakı içki
tünd kəhrəba rənginə çalır.
- Çəkələklərini
gətirimmi, əzizim?
- Gərək
yoxdur.
Kişinin
tünd içkini necə sümürdüyünə göz
qoyan qadın stəkanda üzən kiçicik yağ
damlalarını da seçə bilirdi. O, dedi:
- Hə-ə,
sənin rütbəndəki bir polisin bütün günü
ora-bura qovulması da tamamilə çəkilməz bir dərddir.
Kişi
buna bir cavab vermədi deyə, qadın yenidən öz tikməsiylə
məşğul oldu, ancaq əri hər dəfə stəkanı
dodaqlarına tərəf aparanda stəkandakı buz
parçalarının çıxartdığı o
şaqqıltıya qulaq kəsilirdi. Qadın təklif elədi:
-
Əzizim, bəlkə sənə bir az pendir də gətirim?
Bu gün cümə axşamı olduğundan şam yeməyinə
heç nə hazırlamamışam.
Kişi
ağızucu:
- İstəmirəm,
- dedi.
- Hədsiz
yorulubsansa və şam etmək üçün heç hara
getmək istəmirsənsə, durub yeməyə nə isə
hazırlaya bilərəm. Buzxanada xeyli ətimiz var, evdən
çıxmayacaqsansa, durub şam yeməyi bişirim.
İntizarla
cavab gözləyən qadın təbəssümlə ərini
süzdü, səbrinin daraldığını
başının hərəkətiylə ifadə eləsə
də, kişi yerindən heç qımıldanmadı da.
Qadın dedi:
-
Özün bilən məsləhətdir, amma mən yenə də
gedib sənə pendir və peçenye gətirim.
Kişidən
sərt cavab gəldi:
- Mən
heç nə istəmirəm.
İri
gözlərini ərinə zilləyən qadın narahat halda
yerində qurcalandı.
- Ancaq sən
nə isə yeməlisən axı. Gedim, nə isə
bişirim. Bunu böyük həvəslə edəcəyəm.
Qoyun, ya da donuz ətindən döyməlik ət
qızartması hazırlaya bilərəm. Hansından istəyərdin?
Buzxanada hər ikisindən var.
Kişi
dedi:
- Gəl,
indilik bu söhbəti bir kənara qoyaq.
- Ancaq, əzizim,
sən mütləq nə isə yeməlisən. Mən hər
ehtimala qarşı yemək bişirəcəyəm, istəyərsən
- yeyərsən, istəməzsən - yox.
Yerindən
qalxan qadın tikməsini masanın üstünə,
lampanın böyrünə qoydu.
Kişi
dedi:
- Otur. Bir
dəqiqəliyə otur, görüm.
Həmin
andan etibarən qadının içindəki təlaş lap
artmağa başladı. Kişi:
-
Haydı, otur, - dedi.
Qadın
ağır-ağır stula çökdü, o ara gözlərini
ərindən əsla ayırmadı. İkinci stəkanı
da boşaldan kişi dilxor halda qabın dibini süzməyə
başladı və dilləndi:
- Qulaq as,
sənə deyəcək sözüm var.
- Nə
olub axı, əzizim? Nəsə baş verib?
Kişi
qımıldanmadan oturmuşdu və başını necə
aşağı əymişdisə, lampanın
işığı onun üzünün ancaq üst qismini
işıqlandırırdı, çənəsi ilə
ağzı isə dərin bir qaranlığa
gömülmüşdü. Onun sol göz qapağının
necə səyridiyi qadının nəzərindən
yayınmadı. Kişi sözə başladı:
- Qorxuram
ki, bu, səni sarsıdacaq. Bu barədə dönə-dönə
fikirləşdim və axırda belə qərara gəldim ki,
hər şeyi açıb, sənə deyim. İnanıram
ki, məni çox da sərt mühakimə eləməzsən.
Sonra o, hər
şeyi açıb, xanımına söylədi. Bunu etməsi
isə elə də çox zaman almadı: uzaqbaşı
dörd-beş dəqiqə. Qadın dəhşət
içində ərini dinlədi, həm də ərinin dilindən
çıxan hər sözlə bu sarsıntı hissi daha da
güclənir, onların arasındakı məsafəni
artırırdı. Nəhayət, o dedi:
- Deyəcəklərim
bitdi. Mən də anlayıram ki, bütün bunları sənə
daha öncə etiraf etməliydim, ancaq başqa yolum da yox idi.
Əlbəttə, mən səni pulla təmin edəcək və
heç bir sıxıntı çəkməyəsən deyə,
əlimdən gələni əsirgəməyəcəm.
Ancaq, gəl, bundan qalmaqal yaratmayaq. Məni anlayacağına
ümidvaram, çünki bizim idarədə qalmaqallara pis
baxırlar.
Əvvəlcə
qadının bütün bu danışılanlara
inanmağı gəlmədi və onları bir uydurma hesab elədi.
Düşündü ki, bəlkə də bunu əri ona
etiraf eləməyib və bütün bunlar qadının
öz xəyalının məhsuludur. Bəlkə də ən
yaxşısı - öz gündəlik işləri ilə məşğul
olması və eşitdiklərini bir şayiə sayması
olardı, daha sonra, yəni özünə gəldikdən
sonra isə qadın özünü inandıra bilərdi ki,
yerli-dibli bu şeylər baş verməyib. Özünü:
- Gedib
şam yeməyi hazırlayım, - deməyə məcbur elədi.
Bu dəfə
əri daha ona mane olmadı.
Otaqda
yeridiyi zaman qadın ayaqlarının varlığını
hiss eləmirdi. O, ümumiyyətlə heç nə hiss eləmirdi.
Sadəcə ürəyi bulanır və qusmağı gəlirdi.
O, hər şeyi mexaniki şəkildə edirdi artıq: əvvəlcə
zirzəmiyə enib, əl havasına işığı
yandırdı, buzxananı açıb, əlinə ilk
keçən şeyi götürdü. Əlindəki
bağlamaya baxdıqdan sonra üstündəki
kağızı açdı.
Hə,
qoyun budu idi bu.
Eybi yox,
bugünkü şam yeməyinə qoyun budu yeyərlər. Hər
iki əliylə bir ucundan yapışdığı budu
yuxarıya apardı. Qonaq otağından keçərkən ərinin
pəncərə önündə və arxası ona
dayandığını görüncə, qadın ani ayaq
saxladı. Onun ayaq səslərini eşidən kişi geri
qanrılmadan dedi:
- Allah xətrinə,
mənim üçün yemək bişirməyinə bir gərək
yoxdur.
Həmin
an arxadan ərinə yanaşan Meri Meloni heç nə
düşünmədən əlindəki buzlu qoyun budunu
başı üstə qaldırdı və var gücüylə
ərinin boynunun ardına endirdi.
Bu, onu dəyənəklə
vurmağa bərabər idi. Qadın bir addım geri çəkilib,
gözlədi, ərinin dörd, bəlkə də beş
saniyə ayaq üstə qalması ona təəccüblü
gəlsə də, sonra kişi möhkəmcə ləngər
vurmaqla, xalının üstünə sərildi.
Yıxıldığı
zaman o, kiçik masaya toxunmaqla, onu da aşırtdı, məhz
qopan bu gurultu sayəsində qadın
çaşqınlıqdan qurtuldu. Bədəni soyuduğu
üçün qadın ağır-ağır
özünü ələ aldı və
yarıörtülü kirpiklərinin arasından yerə sərələnən
kişiyə baxdı. O, hələ də əllərini qoyun
budundan ayırmamışdı.
Öz-özünə
dedi: "Belə çıxır ki, onu gəbərtdim!".
Qadının beyni heç gözlənilmədən sürətlə
işləməyə başladı və bu durum onun
özünü də bir xeyli heyrətləndirdi. Tezliklə əsəblərinə
hakim oldu. Bir xəfiyyə arvadı olduğu üçün
özünə kəsiləcək cəzanı indidən təsəvvürünə
gətirdi. Bu barədə ona hər şey məlum idi. Amma
heç nə də vecinə deyildi. Nə olacaqsa, qoy olsun.
Digər tərəfdən isə, bəs bu uşaq necə
olacaq? Məcəllədə hamilə qadınlar barədə
xüsusi bənd vardımı görən? Yoxsa onların hər
ikisinə - həm anaya, həm də çağaya birdən
ölüm hökmü kəsiləcəkdi? Yoxsa onuncu
ayın girməsini gözləyirmişlər? Bənzər
durumlarda, görəsən, necə davranırlar axı?
Bax,
burasını Meri Meloni bilmirdi. Ancaq öz taleyini zərbə
altında qoymaq da istəməzdi.
Qadın
budu mətbəxə aparıb, qızartma lövhəsinin
üzərinə yerləşdirdi, sobanı yandırandan
sonra əti qızarmağa qoydu. Sonra əllərini yuyub, tələsik
yataq otağına qalxdı. Ayna qarşısına
keçib, üzünü pudraladı, dodaqlarını
boyadı. Öz-özünə gülümsəməyə
cəhd göstərdi. Ancaq təbəssümü, nədənsə,
qəribə alındı. Daha bir cəhd elədi.
Uca səslə
və ruh yüksəkliyi ilə dedi:
- Salam,
Sem.
İndi səsi
də belə bir cür çıxırdı:
- Mən
sizdən kartof alacaqdım, Sem. Həm də bir banka
yaşıl noxud.
Bax, bu
oldu başqa məsələ! Bu səfər həm təbəssümü
şux alınmışdı, həm də səsində
müəyyən qətiyyət sezilirdi. O, eyni cümlələri
bir neçə dəfə təkrarladı. Sonra
aşağı enib, paltosunu geyindi, arxa qapıdan eşiyə,
bağdan keçməklə isə küçəyə
çıxdı.
Hələ
saat altı olmamışdı deyə, baqqal
dükanının işığı yanırdı.
Qadın qayğısız bir təbəssümlə
piştaxta arxasında duran kişi ilə salamlaşdı:
- Salam, Sem.
- A-a,
axşamınız xeyir, missis Meloni. Nə diləyirdiniz?
- Kartof
almaq istəyirdim, Sem. E-e, həm də bir banka yaşıl
noxud.
Geri
qanrılan satıcı rəfdən bir noxud bankası
götürdü.
Qadın
dedi:
- Patrik
yorulduğu üçün şam yeməyinə harayasa getmək
istəmədi. Adətən cümə axşamları
şam yeməyini biz evdən kənarda yeyirik, tərs kimi mənim
də əlimin altda uyğun tərəvəzlər yox idi.
- Bəlkə
onda ət də alasınız, missis Meloni?
- Yox, sag
olun, ətimiz var. Bayaq buzxanadan əla bir qoyun budu
çıxartdım.
- Belə
de-e!
- Adətən
mən dondurulmuş ətdən yemək bişirmirəm, Sem,
ancaq bu gün bunu da sınayacağam. Səncə, ondan ləziz
bir şey bişirmək olar?
Baqqal dilləndi:
- Şəxsən
mənim üçün dondurulmuş və ya təzə ətin
elə bir fərqi yoxdur. Bu kartoflar işinizə yarayar?
- Hə, əlbəttə
ki. İki dənə olsa, yetərlidir.
Başını
yana əyərək, qadını rəğbətlə
süzən baqqal soruşdu:
-
Başqa nəsə istəyərdiniz? Məsələn,
desert üçün? Desertdə nəyə
üstünlük verirsiniz?
- Siz mənə
nə məsləhət görərdiniz, Sem?
Satıcı
dükandakı rəfi gözdən keçirdi:
- Kəsmikli
pudinqin iri bir tikəsi könlünüzə yatar görəsən?
Ərinizin bunu sevdiyini axı mən dəqiq bilirəm.
Qadın
razılaşdı:
- Əla.
O, həqiqətən də bunu sevir.
Alınan
mallar paketə qoyulandan sonra hesabı ödəyən
qadın şux bir təbəssümlə satıcıya dedi:
- Sağ
ol, Sem. Gecən xeyrə qalsın.
- Sizin də
gecəniz xeyrə qalsın, missis Meloni. Siz də sağ olun.
Öz-özünə
deyirdi ki, hə, indi mən evimə tələsirəm,
çünki ərim şam yeməyini intizarla gözləyir,
mən isə bacardıqca ləziz bir təam bişirməliyəm
- axı zavallı ərim möhkəm yorulub, əgər indi
evə girərkən qeyri-adi, ağlasığmaz və ya dəhşətli
bir durumla qarşılaşsam, onda, aydın məsələdir
ki, görünməmiş bir sarsıntı keçirəcəyəm,
qapıldığım dəhşət və müsibətdən
havalanacağam. Axı mən hələlik nə bilim ki, evdə
məni nə gözləyir?! Mən sadəcə dükandan
tərəvəz alıb, evə qayıdıram da. Bu gün
cümə axşamıdır və missis Patrik Meloni əri
üçün şam yeməyi bişirməkdən
ötrü tərəvəz alıb evinə dönür.
Öz-özünə
onu da deyirdi ki, hər barədə həmişəki kimi
davran. Qoy hər şey təbii görünsün, onda rola
girməyə də bir hacət qalmaz. Elə bu səbəbdən
evin arxa qapısından keçib, mətbəxə girdiyi
zaman qadın pəsdən bir mahnı mızıldayır və
gülümsünürdü. Sonra ərini səslədi:
- Patrik!
Hardasan belə, əzizim?
Paketi
masanın üstünə qoyub, qonaq otağına keçdi,
ərinin yerə sərilərkən bədəninin
bütün ağırlığı altında qalaraq burxulan
qolunu gördüyü an qadın həqiqətən də
sarsıldı. Qəlbində bu kişiyə bəslədiyi
sevgi hissi yenidən və şiddətlə alovlandı, cəsədə
tərəf qaçan qadın dizləri üstə
düşərək, hönkürməyə başladı.
Bunu etmək sən deyən çətin olmadı və rola
girməyə də bir ehtiyac duyulmadı.
Bir
neçə dəqiqə sonra yerindən qalxan qadın
telefona yanaşdı. Polis bölməsinin nömrəsini əzbər
bilirdi. Xəttin o başından cavab gələn kimi acı
bir nalə çəkdi:
- Cəld
olun! Tez bura gəlin! Patriki öldürüblər!
- Bunu deyən
kimdir?
- Missis
Meloni. Missis Meloni.
- Siz demək
istəyirsiniz ki, Patrik Meloni qətlə yetirilib?
Hıçqırıqdan
boğulan qadın dedi:
- Mənə
elə gəlir. O, döşəməyə sərilib və
deyəsən, keçinibdir.
Dəstəkdən
cavab gəldi:
- Təcili
ora gəlirik.
Az sonra
maşın gəldi və qadın qapını açan kimi
bir cüt polis məmuru evə girdi. Qadın bölmənin
bütün əməkdaşları kimi, bunları da
tanıyırdı, odur ki, vay-şüvən qopararaq,
özünü Cek Nunanın qucağına atdı. Polis
qadını nəvazişlə stulda oturtdu. Sonra isə
soyadı O'Melli olan və artıq döşəmədə
uzanan cəsədə tərəf əyilən
yoldaşına yanaşdı. Göz yaşları tökən
qadın soruşdu:
- O
keçinib?
- Deyəsən,
hə. Hadisə nə vaxt baş verib?
Qadın
baqqal dükanına necə getdiyini və qayıdarkən
Patriki döşəməyə sərilmiş halda
tapdığını baş-ayaq tərzdə ona
nağıl elədi. Qadın bir ara susub
hıçqırdı, təkrar danışmağa
başladığı anlarda Nunan cəsədin başında
artıq laxtalanmış bir qan ləkəsi tapdı. O, bu
yaranı Melliyə göstərən kimi yoldaşı cəld
yerdən qalxmaqla, dərhal telefona tərəf getdi.
Az
keçmədən evə başqa adamlar da gəlməyə
başladı. Əvvəlcə həkim, onun ardınca daha
iki polis gəldi, ancaq bunlardan birinin
adını-soyadını qadın bilmirdi. Nisbətən gec
saatda isə hadisə yerinə polis bölməsinin fotoqrafı
gəlib fotolar çəkdi. Onun ardınca daktiloskopiya mütəxəssisi
ora təşrif buyurdu. Cəsədin ətrafına
yığışan polislər öz aralarında nələrsə
pıçıldaşırdılar, həmin anlarda detektivlər
qadını əməlli-başlı sorğu-suala çəkmişdilər.
Ancaq bu zaman onlar qadına münasibətdə aşkar şəkildə
nəzakətli davranırdılar. Qadın da hər şeyi
onlara təkrarən danışmalı oldu, ancaq bu dəfə
lap başdan başladı:
- Patrik evə
gələndə mən əlimdə tikiş tikirdim, o,
şam yeməyindən ötrü harasa getməyəcəyini
bildirdi, yorğun düşmüşdü. Mən də əti
sobanın gözünə qoydum, o, hələ də
oradadır və bişir. Sonra isə baqqal dükanına
qaçdım ki, tərəvəz alım, evə
döndüyüm zaman isə o, döşəmədə sərələnib
qalmışdı.
Detektivlərdən
biri dəqiqləşdirdi:
-
Hansı baqqal dükanına?
Qadın
izah elədi, sualı verən adam dönüb,
yanındakına nə pıçıldadısa, o adam durub
evdən çıxdı.
On beş
dəqiqədən sonra həmin detektiv qeydlərlə
doldurduğu bir vərəqlə geri qayıtdı və təkrar
pıçıldaşmalar başlandı, öz
hıçqırıqları arasından qadın onların
pəsdən dedikləri bu ifadələri yaxalaya bildi: "təmkinli
davranırmış... hətta şən imiş... ləziz
şam yeməyi bişirmək niyyətində olub...
yaşıl noxud... kəsmikli pudinq... bu qadının belə
suç işləməsi ağlasığmazdır
axı...".
Bir dəqiqə
sonra fotoqraf və həkim evi tərk elədi, gələn iki
kişi isə cəsədi xərəyə qoyub apardı.
Sonra daktiloskopiya mütəxəssisi də evdən
çıxıb getdi. İki detektiv və iki nəfər də
polis qaldı geriyə. Onlar ev sahibəsiylə xeyli
sayqılı davranırdılar, Cek Nunan isə hətta təklif
elədi ki, bəlkə o, müvəqqəti harasa, məsələn,
bacısıgilə-filan getsin və ya gecəni onun öz
xanımıyla keçirsin ki, təkbaşına qalmasın.
Qadın
buna etiraz elədi, çünki hətta yerindən tərpənməyə
də canında taqət qalmamışdı:
"Yaxşısı budur, mən evdə qalıb, bir az
özümə gəlim, çünki halım həqiqətən
də yaxşı deyil".
Cek Nunan
soruşdu: "Elə isə yatağa uzanmanız daha məsləhətli
olmazdımı?".
Qadın
dedi: "Yox, mən eləcə stulda oturmaqla da özümə
gələ bilərəm. Bəlkə bu sayədə
özümü nisbətən yaxşı hiss edər və
yerimdən tərpənmək üçün canımda bir
taqət taparam".
Polislər
onu rahat buraxıb, evə göz gəzdirməyə
başladılar. Ara-sıra detektivlərdən kim isə
qadına bəzi suallar verdi. Hər dəfə yanından
keçəndə Meriyə xoş sözlər deyən Cek
Nunan hətta onu da sözlərinə əlavə eləmişdi
ki, ev sahibi boynunun ardına ağır və küt əşya
ilə, çox yəqin metal əşya ilə endirilən zərbədən
dünyasını dəyişib. Hazırda onlar həmin o
silahı axtarırlar. Ola bilsin, qatil onu özüylə
aparıb, ancaq silahı evdə atıb-getmək və ya
haradasa gizlətmək ehtimalı da istisna olunmur. Sonra o dedi:
- Bu, bəsit
bir məsələdir. Əgər cinayət alətini
tapdınsa, hesab elə ki, cani də artıq sənin ovcunun
içindədir.
Daha sonra
detektivlərdən biri qadına yanaşıb, onun yanında əyləşdi.
Evdə elə bir əşya varmı ki, ondan cinayət aləti
kimi istifadə olunaydı? Bəlkə qadın evdəki
mövcud alətlər arasından iri qayka açarı və
ya hansısa vazanın yoxa
çıxıb-çıxmadığını dəqiqləşdirsin?
Qadın
bildirdi ki, bizdə heç vaxt metal vaza olmayıb.
- Bəs
iri qayka açarı necə?
Yox,
heç iri qayka açarı da yox imiş. Bənzər
şeyləri sadəcə qarajda axtarıb-tapmaq
mümkünmüş.
Axtarışlar
yenə davam etdirildi. Qadın bilirdi ki, polislər bağda və
evin həndəvərində də dolaşırlar. Bayırdakı
qıcırdayan çaqıl daşları onların ayaq səslərini
ələ verirdi, pərdələr arasındakı
boşluqdan isə əl fənərlərinin
şüası hərdənbir içəri
süzülürdü. Artıq gec idi - buxarının
üstündəki saat on tamamı göstərirdi. Otaqlara
göz gəzdirən dörd polis nəfəri hələ
yorulmaq bir yana, deyəsən, həm də məyus idi.
Növbəti
dəfə serjant Nunan yanından ötəndə qadın
dedi:
- Cek, mənə
içməyə bir şey verə bilərsiniz?
- Əlbəttə
ki. Bu viskidən süzümmü?
- Hə, əgər
zəhmət deyilsə. Ancaq bir azca. Bəlkə əhvalım
düzələ.
Stəkanı
uzatdığı zaman qadın ondan soruşdu:
- Bəs
siz niyə içmirsiniz? Yəqin, siz də tamam əldən
düşübsünüz. Xahiş edirəm, siz də
için. Bu axşam mənə qarşı elə nəvazişli
davranırdınız ki.
Kişi
razılaşdı:
- Niyə
də olmasın?! Əslində iş saatlarında buna icazə
verilmir, amma sırf yorğunluq çıxsın deyə,
üç-beş qurtum içmək olar.
Bir-birinin
ardınca həmin otağa baş çəkən digər
polislər də azacıq xahiş-minnətdən sonra adama
bir qədəh viski içdilər. Əllərindəki stəkanlarla
ev sahibəsinin başına yığılan bu kişilər
özlərini bir qədər naqolay hiss edir və ona təsəlli
mahiyyətli nələrsə söyləməyə
çalışırdılar. Mətbəxə baş
çəkən serjant Nunan tələsik oradan
çıxaraq bildirdi:
- Qulaq
asın, missis Meloni, sobanız hələ də yanır və
oraya qoyduğunuz ət yəqin, bişmək üzrədir.
Qadın
uca səslə dedi:
-
Doğrudan ha! Aman, İlahi!
- Bəlkə
altını söndürüm?
- Hə,
Cek, əgər zəhmət deyilsə. Sizə hədsiz dərəcədə
minnətdaram.
Serjant təkrar
geri qayıdanda qadın öz iri, qara və yaşla dolu
gözlərini ona dikərək dedi:
- Cek
Nunan.
- Hə?
- Həm
siz, həm də yoldaşlarınız mənə daha bir
iltifat göstərə bilərsiniz?
-
Çalışarıq, missis Meloni.
Qadın
dedi:
-
Bilirsiniz, burada toplaşanların hamısı əzizimiz
Patrikin dostlarıdır, həm də bu insanlar hər vəchlə
onun qatilinin izinə düşməyə
çalışırlar. Çox yəqin, indi hamınız
möhkəm acıbsınız, şam yeməyinin vaxtı
isə çoxdan ötüb. Tanrı Patrikin ruhunu şad eləsin,
əgər indi süfrə açmadan sizi bu evdən göndərsəm,
bunu ərim mənə heç vaxt bağışlamazdı.
O ocaqda bişən qoyun budunu bəlkə elə siz yeyəsiniz?
İndiyə o, bişmiş olar.
Serjant
Nunan dedi:
- Bunu
heç ağlınıza da gətirməyin.
Qadın
yalvarış dolu bir səslə dilləndi:
-
Xahiş edirəm sizdən. Zəhmət olmasa, o təamı
yeyib-bitirin. Şəxsən mən bundan belə evimdə
heç nəyə, ən azından onun
sağlığında var olan heç nəyə
toxunmağa qıymayacağam. Sizin üçün isə
durum daha fərqlidir. Əgər indi o təamı yesəniz,
mənim də könlüm xoş olar. Sonra isə yenə
öz iş-gücünüzə davam edərsiniz.
O dörd
polis əvvəlcə nəm-nüm elədilər, ancaq həm
də yamanca acmışdılar: ən nəhayət,
qadın onları mətbəxdəki yeməyi dadmağa birtəhər
razı sala bildi. Özü isə yerindən tərpənmədi,
yarıaçıq qapıdan onların arasında gedən
söhbətə qulaq verdi: əti gəvələyən
polislər qısa cümlələrlə bunları deyirdilər:
- Yesənə,
Çarli?
- Yox,
qadına da saxla.
-
Qadın özü dedi ki, yeyib-bitirin. Hə, o, özü belə
dedi. Onu da əlavə elədi ki, bunu ona edəcəyimiz bir
iltifat sayacaq.
-
Yaxşı, əgər elədirsə, onda mənə bir tikə
də ver.
Onlardan
hansısa dedi:
- Həkimin
dediyinə görə, zavallı Patriki o dünyaya göndərən
hərif çox yəqin, yekəpər biriymiş. Mərhumun
qafatasını o zalım sanki daş çəkiciylə
vurub-dağıdıb.
- Onda onu
tapmaq çətin olmaz.
- Elə
mən də bunu deyirəm də.
- Qətli
kimin törətməsindən asılı olmayaraq, cani o aləti
də yanında uzun-uzadı gəzdirə bilməz axı.
Polislərdən
biri gəyirdi.
- Mənə
elə gəlir ki, o alət haradasa buralarda, yəni elə evin
içindədir.
- Ola bilər,
bəlkə də düz burnumuzun lap ucundadır o. Sən necə
düşünürsən, Cek?
Otaqda
oturub, bu sözləri dinləyən missis Meloni
hırıltısını tuta bilmədi.
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.30-31.