Keşmiş Mədəniyyət naziri rejissor haqqında:
"Onun iti və bənzərsiz
gözü bizə görünməyənləri göstərdi"
Sentyabrın
13-ü Fransanın "Liberation" qəzeti rejissor
Jan-Lük Qodarın həyatını
sonlandırdığını açıqlayıb. Xəbərdə
kino tarixinin ən böyük rejissorlarından biri olan 91
yaşlı Qodarın İsveçrənin Vo (Vaud) Kantonunun
Rolle qəsəbəsindəki evində evtanaziya yolu ilə
ölümə yaxın bir üsulla, həkim dəstəkli
intihar yolu ilə həyatına son qoymağa qərar verdiyi
bildirilib. Bu ölüm üsulunun evtanaziyadan fərqi
ondadır ki, həkim birbaşa ölümdə iştirak
etmir, müəyyən dərmanlar təyin edərək xəstənin
zamanla özünü öldürməsinə dəstək
olur.
Həyat
yoldaşı Anne-marie Mieville açıqlamasında
bunları da vurğulayıb: "Xəstə deyildi, sadəcə
taqətdən düşmüşdü. Buna görə də,
həyatını sonlandırmaq qərarına gəldi. Bu qərarı
elan etmək onun üçün vacib idi".
Kino
tarixində fransız "Yeni Dalğa" ("Nouvelle
Vague") hərəkatının ən önəmli
adlarından biri olan Jan-Lük Qodar 3 dekabr 1930-cu ildə orta
sinif fransız ailədə, Parisdə dünyaya gəlib.
Atası, şəxsi klinikası olan həkim, anası
İsveçrənin məşhur bankirlərindən birinin
qızıydı. II Dünya müharibəsi vaxtı
İsveçrədə yaşayan Qodarın
uşaqlığı İsveçrədə keçib, orta
təhsilini də burada alıb. 1940-cı illərin sonunda
valideynləri boşanandan sonra, 1949-cu ildə Sarbonna
Universitetinin Antropologiya fakültəsində oxumaq
üçün Parisə gedib. Kamera arxasına keçməzdən
əvvəl kino tənqidçisi kimi fəaliyyət göstərən
Qodar, tələbəlikdə vaxtının çoxunu kino
klublarında keçirib, "Cineclub" və "Cinemateque"ə
qatılıb, bundan sonra kino jurnalı üçün məqalə
yazmağa başlayıb. Qodar "Yeni Dalğa" hərəkatını
alovlandıran insan olaraq tanınan Andre Bazin ilə burada
tanış olub.
"Yeni
Dalğa" ənənəvi fransız kino trendindən fərqli
kino üslubundan istifadə edərək müəyyən
ideya üzərində birləşib buna uyğun filmlər
çəkən bir qrup gənc rejissorun yaratdığı hərəkat
olub. Bu hərəkat içində sayıla biləcək
rejissorlar Jan-Lük Qodar, Fransua Trüffo, Jak Rivet, Erik Romer və
Klod Şabroldur. 1959-cu ildə eyni vaxtda çəkdikləri
filmlərdə verdikləri mesaj eyni idi: "Hər kəs
kinorejissor ola bilər". Qodar o dövrdə Erik Romer və
Jak Rivetlə "Kino dəftərləri" ("Les Cahiers
du cinema") adlı kino jurnalı çıxarmağa, eyni
zamanda kino haqqında məqalələr yazmağa
başlayıb. Bir neçə qısametrajlı filmi
sınadıqdan sonra o, 1960-cı ildə ilk bədii filmi olan
"Son nəfəsdə"nin ("A Bout de Souffle")
çəkilişlərini tamamlayıb.
Rejissor,
xüsusilə 1960-cı illərdə çəkdiyi siyasi
filmlərlə söhrət qazanıb.
Qodar,
ekzistensial və Marksist fəlsəfədən götürdüyü
ideyaları ədəbiyyat və kino tarixi ilə birləşdirərək
filmlərində yaradıcı yollarla işləyib.
F.Dostoyevskinin
"Şeytanlar" romanından təsirlənərək
çəkdiyi "Çinli qız" ("La Chinoise")
filmində Parisdə bir qrup Maoist tələbənin mitinq
hazırlıqları təsvir edilir, "Bir evli qadın"
("Une femme mariee") filmində Marksın "əmtəə
fetişizmi" ideyası müzakirə olunur. Demək olar
ki, bütün filmlərinin mövzusu müasir insanların fərqli
həyat tərzi, məntiqsiz sosial sistemlər, siyasi
müzakirələr və hadisələr olub. Radikal və
siyasi yönümlü işləri ilə daha çox
tanınan Qodar, uzun illər boyu müxtəlif rejissorların
ilham mənbəyi olan "Son nəfəsdə" ("A
bout de suuffle"), Banda ("Bande a part"), "Kiçik əsgər"
("Le petit soldat"), "Öz həyatını
yaşamaq" ("Vivre sa vie") kimi klassik filmləri ilə
öz nəslinin ən çox bəyənilən
rejissorları arasında olub. Qodar ondan sonra gələn Martin
Skorseze və Kventin Tarantino kimi dünya şöhrətli
rejissorların da ilham mənbəyi olub.
Rejissor,
o dövrün mühafizəkar prezidenti Şarl de Qola qarşı
tələbələrin və fəhlələrin üsyana
qalxdığı 1968-ci il may hadisələrində də
aktiv rol alıb.
Fransanı
sarsıdan üsyanda Qodar dostu, məşhur rejissor Fransua
Trüffo ilə birlikdə 1968-cı ildə Kann Kino
Festivalının ləğvinə səbəb olan etirazlara rəhbərlik
edib.
Qodar
festival ərazisindəki mitinqdə bunları söyləyib:
"Bu gün burada nə tələbələrin, nə də
fəhlələrin problemlərindən bəhs edən bir dənə
də olsun film yoxdur. Formanın, mənim, Polanskinin,
Trüffonun belə bir filmi yoxdur. Biz geridə
qalmışıq. Tələbə dostlarımız mitinqlərə
çıxıb xəsarətlər aldılar,
başları yarıldı, bizim üçün bu şəkildə
nümunə oldular. Burada məsələ filmlərə
baxmağa davam edib-etməmək deyil. Mümkün olduğu qədər
çox film göstərməliyik, hamımız bununla
razılaşırıq. Məqsədimiz budur. Amma burada məsələ
bu deyil, əsas odur ki, bir həftə yarım gecikmə ilə
də olsa, kinonun Fransadakı hazırki tələbə və
fəhlə hərəkatı ilə həmrəyliyi ifadə
olunsun".
Bu aksiyalardan sonra
festival ləğv olunub.
70-ci illərin sonlarında
Qodar siyasi mövzulardan tamamilə uzaqlaşmadan dil, ölüm, şəxsiyyət
və sənət haqqında təəssüratlarını
innovativ şəkildə
sərgilədiyi "Hər
kəs öz dərdini çəksin"
("Sauve Qui Peut"
(la vie)) və "Kral
Lir" (King Lear) kimi filmlərini çəkir.
Qodar yavaş
hərəkətli çəkiliş
("slow motion") və qeyri-adi
rəng, səs və işıq istifadəsi ilə kinoda özünəməxsus
təsirli hekayə dili yaradıb.
2000-ci ildən sonra
rejissor tematik və stilistik təcrübələrini daha
da irəli apararaq "Dilə vida" ("Adieu au Langage")
və "Şəkillər
və Sözlər"
("Le livre d'image")
filmlərini çəkib.
Qodar 1961-ci ildə,
əksər filmlərində
baş rol verdiyi danimarkalı əsilli fransız aktrisa Anna Karina ilə evlənib, 1965-ci ildə ondan boşanıb. 1967-ci ildə alman əsilli fransız aktrisa Anna Viazemski ilə evlənib. Rejissorun 12 il
davam edən ikinci evliliyi 1979-cu ildə boşanma ilə başa çatıb. 2010-cu ildə ssenarist, rejissor Anne-Marie Mieville ilə ailə qurub, ömrünün sonuna qədər birgə yaşayıblar.
2017-ci ildə fransız rejissor Mişel Hazanaviçius, Viazemskinin
xatirələrini qələmə
aldığı "Bir
il sonra" ("Un an apres") adlı kitabından bəhrələnərək Qodarın
1960-cı illərdəki yaradıcılığından
bəhs edən "Qodar və mən"
adlı film çəkib.
Filmdə Qodar rolunu məşhur aktyor Lui Qarrel canlandırıb.
Qodarın filmlə bağlı
"Bu çox, çox
axmaq fikirdir" açıqlaması o dövr
gündəm olub.
Qodarın ölümü ilə bağlı Fransa prezidenti Emmanuel Makron belə deyib: "Biz milli sərvətimizi itirdik". Ölkənin keçmiş mədəniyyət naziri Cek Lanq isə rejissor haqqında bu fikirləri səsləndirib: "O, kinonu şeir və fəlsəfə ilə doldurdu. Onun iti və bənzərsiz gözü bizə görünməyənləri göstərdi".
Hazırladı:
Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.32.