Nensi Pelosinin göz
yaşları, yaxud
öncə Vətən!
XX yüzilin ilk illərində
Urmiyada üç amerikan missioneri qətlə yetirilmişdi
və Amerika bundan narahat idi. Sən demə, o missionerlər
müsəlmanları xristianlığa
sövq etmək üçün gəlməyiblərmiş.
Məqsədləri Urmiyada yaşayan
erməniləri protestant etmək
imiş. Əli bəy Hüseynzadə
"Ancaq bunlarımı?- deyə təəccüblənirdi.
"Öylə isə yenə
çox qəribədir.
Çünki zatən
xristian olan erməniləri öz din və məzhəblərində
Urmiya əhli bunca əsrlərdən bəri sərbəst və rahat buraxdığı
halda Atlantik okeanının (Bəhri-Mühiti-Ətlasinin)
ucqarlarından qorxunc dalğalar üzərində
həftələrlə sallana-sallana
gələn bu amerikalılar üçün
ermənilərin protestant olmasından
nə fayda hasil olacaq!..". Səbəb bu deyildi, təbii.
Hüseynzadənin təbirincə, "Urmiyanı öz işlərinə, daha doğrusu, intriqalarına mərkəz" etmək
idi. Üstündən
115 il keçib.
Ötən həftə
yenə də o qorxunc dalğaların üstündən sallana-sallana
İrəvan şəhərinə
gələn Amerika Nümayəndələr Palatasının
82 yaşlı spikeri Nensi Pelosi, təbii ki, erməniləri protestantlığa sövq
etməyəcək. Çünki özü protestant deyil.
Ermənilər də qriqorian
məzhəbini tərk
edib protestant olan deyillər. 115 il əvvəl Urmiyada qətlə yetirilən o üç amerikalı da erməniləri protestanlığa
dəvət emək üçün gəlməmişdi.
Hüseynzadə demişkən, xristianı
yenidən xristian etməyə nə lüzum vardı. Hətta lüzum olsa belə, bunun bizə nə dəxli?
Əli bəy Hüseynzadənin ötən əsrin əvvəllərində üzünü
ermənilərin adından
danışan Nikosova tutub dediklərini indi Nensi Pelosiyə
xatırlatmağın yeri
var: "Bu halı bir təhlükə, bir xətər şəklində yozmağa
sizin və sizin kibilərin nə haqq və
səlahiyyətiniz var?.. Sizin qorxu
və təlaşınızla
təbiətin qanununa
sədmi çəkiləcək
zənn edirsiniz? Və ya siz
bütün Qərb aləmini təlaşa düşürməklə bizi
təhdid etdiyiniz üçün, biz: - Xeyr,
əstəğfürullah, qələt etdik - deyənlərdənmiyiz?".
Onda da ermənilər Amerikaya ard-arda teleqramlar vurub millətimizə iftira atmaqdaydılar. Bu, o zaman
idi ki, Bakıda,
Gəncədə, Şuşada,
Naxçıvanda, Zəngəzurda,
Göyçədə ermənilər
qırğınlar törədir,
türkləri qətlə
yetirir, evlərini, məscidlərini yandırır,
bu arada Əhməd Ağaoğlu
öz ata-baba yurduna baş çəkmək üçün
Şuşaya gedir və ermənilər də bütün dünyaya car çəkirdilər
ki, Əhməd Ağayev Qarabağa xalqı ermənilərə
qarşı silahlandırmaq
üçün gəlib.
Ona görə də Hüseynzadə deyirdi ki, "əsl məsələ türklərə
aid iftiralardır ki, bəzi erməni mühərrirləri bu növ iftira və böhtandan heç çəkinmədilər.
Guya türklər birləşib bu günlərdə çəyirtkə
kibi qanadlanıb uçacaq və Rusiya ilə Avropanın üstünə
töküləcək və
Qərb mədəniyyətini,
bəlkə də bütün xristian aləmini bağı ilə, bağçası
ilə, əkiniylə,
əhalisiylə yeyib yetəcəklərmiş. Buna da
guya indiyə qədər ermənilər
mane olduğundan İstanbuldan
ermənilərin qətliamına
dair bir barmaq işarəti çəkilmiş imiş!..".
Üstündən 115 il keçsə də heç nə dəyişməyib. Amma keçmişə
qayıtmayaq.
Pelosinin İrəvana gəlib Azərbaycanı "təcavüzkar"
adlandırmasından, İrəvandakı
soyqırımı abidəsinin
önündə göz
yaşları tökməsindən
qabaq eyni durumu məhəlli kosmopolitlərimiz sərgilədi. Ötən
həftə "Gelip
sana çarpan
gücü, yavaştan
// Anlamazsa, haritadan sil, gitsin!" adlı məqaləmdə
yazmışdım ki,
"Böyük Turan
yoluna çıxmışıqsa,
ruhdan düşməyə
haqqımız yoxdur. Bizə zəhər saçan, bizi öz bağçamızda,
öz seyrəngahımızda
sancan ilanı ordumuz yuvasında boğub". Pelosiyə xoş
gəlsə də, gəlməsə də, erməniləri incitsə
də, incitməsə
də, gerçək
budur.
Zəngəzur dəhlizini İrandan tutmuş, Amerikaya qədər bütün dünya Turan yolu olaraq dəyərləndirir. "Azərbaycanın Zəngəzurda,
Göyçədə nə
işi var" demək, "Azərbaycanın
Turan yolunda nə işi var" anlamına gəlir. Yox, bu, erməni
mövqeyindən daha təhlükəli mövqedir.
Kollaborasionist təfəkkür tərzidir. Turan isə bu gün mədəni xəyaldan siyasi gerçəkliyə çevrilməkdədir
və əlbəttə,
bu böyük ideala doğru gedən yolu açmaq üçün
ortaya fövqəlsiyasi
iradə qoyulmalıdır
və qoyulur. Elə Pelosi də bu yola
əngəl olmaq üçün ermənilərin
yanındadır. Amma geriyə
yol yoxdur. Yenə də Hüseynzadənin sözləri
ilə: "Menşikov,
Maqda Neyman, Çerevanski, "Mşak",
"Arşalyus" və
sairə divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər
çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliz!.. Biz "öylə
bir şiddəti-təsmim
ilə çıxdıq
ki, yola qarşıya çıxsa
əgər səngi-məzarımız"
dönənlərdən deyiliz!..".
Turan romantik idealları gerçəkləşdirməklə
hasilə gəlir. Və bunu
etmək üçün
xanlıqlar dövrü
təfəkküründən və psixologiyasından xilas olmalıyıq.
Yadıma Məmməd Arazın
1970-ci ildə, özü
də Şuşada yazdığı "İnsan
qayalar" şeirindəki
"Vətən daşı
olmayandan, olmaz ölkə vətəndaşı"
- misraları düşür.
Amma daha əvvəl Məmməd Araz "Məndən ötdü, qardaşıma dəydi"
adlı başqa bir şeir yazmışdı.
Bütün problemlərimizin
və faciələrimizin,
elə Qarabağla, Qərbi Azərbaycanla, yolları hələ də erməni işğalı altında
qalmış Naxçıvanla,
türksüz - bizsiz qalmış Qərbi Zəngəzurla, zəbt olunmuş İrəvanla, hətta Təbrizlə, Ərdəbillə, Urmiya ilə, hətta Dərbəndlə bağlı
ağrılarımızın da nüvəsində bu şeirdə ifadə olunan kədər dayanır. Şeirdə "Məndən
ötdü, qardaşıma
dəydi" məsəlinə
bir antitezis vardır: "Bu məsəli
kimdi yazan? // Hansı soysuz ata idi // Ataların
imzasını // çəkib,
ona möhür basan?!". Faciələrimizin
səbəbləri ilə
bağlı yanlış
təsəvvürləri redaktə
edən bu şeir milli bölücülüyə və
bölücülərə qarşıydı: "Məndən
ötdü... // Ötən
kimi "mən-mən"
dedi: // "Mən-mən"
dedi bir ölkədə // nə qədər xan. // Onlar "mən-mən"
deyən yerdə // Sən olmadın, Azərbaycan!".
Ağrısını bu günəcən yaşadığımız faciələrin
təməli o zamanlarda
qoyuldu. Tarix baxımından ən
ziddiyyətli, ən qarışıq, ən günahkar, eyni zamanda, məhdud və məhəlli hakimiyyət uğrunda mübarizələr dövründə.
Milli enerjinin havaya sovrulduğu dövrdə.
Azərbaycanın parçalanmasına və bölünməsinə
zəmin hazırlayan dövrdə. O dövrün
səciyyəsi nədir?
Fəsadları indi hətta
İrandan, Rusiyadan başlamış, Fransaya,
Amerikaya qədər siyasi güclərin Azərbaycanla bağlı
bəzən anlaşılmaz
iddialarında özünü
büruzə verir.
Ədalət mülkün təməli
olsa da, dünyanın meyarı gücdür. Hüseyn
Cavid demişkən:
"Bir həqiqət
bu: əzməyən əzilir". Üç
yüz il
əvvəl daxili ziddiyyətlər, dayaz siyasi düşüncə
Azərbaycanı parçaladı.
Nəticədə Arazın bu
tayında qalmış
xanlıqların hesabına
Rusiyanın əraziləri
genişləndi, sonra
da Arazın o tayında Azərbaycan türklərinin hakim mövqeyi
zəiflədi. 1925-ci ildə Əhməd Şahın devrilməsilə
Qacarlar tarix səhnəsindən çəkildi,
hakimiyyətə Rza Şah Pəhləvinin timsalında fars
mənşəli sülalə
gəldi: "Dəfn
etdiyim məsələnin
// Başdaşına // Bir
təəssüf xatirəsi
yazıb, yondur: // Səndən ötən mənə dəydi, // Məndən ötən sənə dəydi. // Səndən, məndən
ötən zərbə
// Vətən, vətən,
sənə dəydi...".
Əli bəy Hüseynzadə yazırdı ki, "fənalığa müqabilə
etmə" deyən
"Tolstoy Engelqard adlı
birisinə yazdığı
məktubda deyir ki, əgər evimə afrikalı bir zulus vəhşisi
hücum edib gözümün önündə
ciyərparam olan övladımı xəncərlə
doğrasa, mən əsla müqabilə etməm!".
Hüseynzadə isə başqa
cür düşünürdü:
"Həyatın bütün
zövqü fənalıqla
mübarizədən ibarətdir".
1906-cı ildə Əhməd
Ağaoğlu da Şuşaya millətini qorumaq üçün, erməni terroristlərinin
qarşısında əliyalın
qalmış əhalini
silahlandırmaq, "Difai"ni yaratmaq, ermənilərin törətdiyi
qətliamları, terror hərəkətlərini,
pislikləri, erməni
şərini durdurmaq üçün gedirdi. Bəs nə etməliydi? Hüseynzadənin sözləri ilə
desək, "Difai"
cəmiyyətinin ermənilərə
gözdağı verməsi
fənalığa qarşı
mübarizədən ibarət
idi.
Milli məsələdə
romantik düşüncə
önəmlidir. 1918-ci ildə Turan hərbinin romantikası olmasaydı, Turan hərbinin romantiki Ənvər Paşanın qoşunu Bakını və bütövlükdə Azərbaycanı
erməni işğalından
azad etməsəydi, indi "Bizim Zəngəzurda nə işimiz var" deyənlərin Vətəni
hara olardı?
22 sentyabr 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.8.