Yoxsulların anası - xeyriyyəçi
Gövhər ağa Cavanşir
Ömrü boyu analıq hissini dadmasa da, etdiyi yaxşılıqlar
sayəsində şuşalılar
onu "Yoxsulların anası" adlandırırdılar. Şuşanın ictimai tarixinə hətta Qarabağın sərhədlərindən kənarda
yaşayan sənət
və elm adamlarına
belə hamilik edən xeyriyyəçi və maarifpərvər, səxavətli xanım kimi yazılmış Gövhər (əsl adı Gövhərnisə)
ağa İbrahimxəlil
xanın 11 qızının
səkkizincisi idi.
Gürcü knyazı Abaşidzenin
qızı Sofiya (Cəvahir) ilə nikahından doğulmuşdu
- Ağabəyim ağanın
bacısı, Xurşidbanu
Natəvanın bibisi.
Gövhər ağanın
anabir doğma bircə qardaşı Abbaqsqulu ağa 13 yaşında digər 17 nəfər ailə üzvü ilə birlikdə Lisaneviçin dəstəsi tərəfindən
qətlə yetirilmişdi.
Qarabağ xanının sarayında oğlan-qız ayrı-seçkiliyi
qoyulmadan xanzadə və bəyzadələrin
təhsilinə xüsusi
önəm verildiyindən
İbrahimxəlil xanın
digər övladları
kimi, Gövhər ağa da (1790-1888) mükəmməl təhsil
görmüşdü. Bəzi
mənbələrdə qəzəl
və fəxriyyələri
olduğu, Azərbaycan
və fars
dilində şeirlər
yazdığı da qeyd olunur. Lakin onun
ədəbi irsindən
dövrümüzə cəmi
iki beyt gəlib çatıb.
Gövhər ağa atasının sağlığında Şəki
xanı, rus ordusunun general-leytenantı,
Xoyski soyadını daşımış ilklərdən
biri olan Cəfərqulu xan Xoyski ilə evləndirilmişdir. Mənbələrə görə, o vaxt
16 yaşı olan Gövhər ağa altmış yaşlı Cəfərqulu xanın üçüncü həyat
yoldaşı olub.
Xanın
əvvəlki evliliklərindən
altı övladı dünyaya gəlsə də, Gövhər ağa ilə övladları doğulmayıb.
1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək Şəki
xanı təyin edilmiş Cəfərqulu xan 1814-cü ildə isitmə xəstəliyindən
ölmüş və
Gövhər ağa Qarabağa qayıdaraq ömrünün sonuna kimi Şuşada yaşamışdır. Ona mərhum
Cəfərqulu xan Xoyskinin ailə üzvü kimi rus hökuməti tərəfindən 10 min manat
(2 min rus rublu) məbləğində təqaüd
kəsilmişdir.
Uzun müddət
dul qalan Gövhər ağa sonradan əmisi oğlu vəkil Xankişi bəy Cavanşirlə ailə qurur. Amma şəhər əhalisinin
Xankişi bəydən
xoşu gəlmədiyindən
xan qızının bu seçimi şuşalılar arasında
etiraz doğurur.
Ədəbiyyatşünas Vilayət Quliyevin yazdığına görə,
Heydəroğlu adlı
Şuşa şairi Xankişi bəyə və onun layiq
olmadığı izdivacına
narazı münasibətini
"Xərmöhrəyə (eşşək ayağının
palçığı - V.Q.) layiq olmayan xər
\ Tapdı bu aləm içrə gövhər..." beyti ilə ifadə etmişdir. Dəqiq tarixi bəlli
olmasa da, 30-cu illərin əvvəlində
dünyasını dəyişən
Xankişi bəyin tək varisi olaraq Gövhər ağa qalır. O, bundan sonrakı bütün ömrünü
xeyriyyəçilik fəaliyyətinə
həsr edir.
Xanın digər qızları
"bəyim" titulu
daşısa da, Ağabəyim və Gövhər "ağa"
idilər. Görünür, onlar xarakter
və davranışları
etibarilə bu mərtəbəyə yetmişlər.
Şuşada "Darüş-şəfa"
xəstəxanası, məşhur
"Ağa körpüsü"
də olmaqla, iki körpünün inşası, iki məktəb, iki hamam və şəhərin
iki ən əhəmiyyətli dini məkanı - Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri də onun adı ilə
bağlıdır.
Gövhər ağanın kifayət qədər böyük olan əmlakının gəlirləri (Mehriban Vəzirə görə, Qarabağdakı mal-mülkündən
əlavə, nəhəng
Zəngəzur meşələri
də onun mülkiyyətində idi)
bu mədrəsə və məscidlərin vəqfi idi. Mənbələrdə Şuşanın məşhur
ədəbi məclisi
- "Məclisi-fəramuşan"ın
Gövhər ağanın
vəsaiti hesabına mövcud olduğu, toplantılarının çox
vaxt bu məscidlərin
hücrələrində keçirildiyi
qeydini görmək olar. Xanın xeyriyyəçi qızının dəstəyi
hesabına "Məclisi-fəramuşan"
həm də ehtiyacı olan yazı əhlinə maddi yardım göstərən vəqf
olaraq fəaliyyət göstərirdi.
Gövhər ağanın xahişi ilə Qafqaz Şeyxülislamı Axund
Əhməd Hüseynzadə
tərəfindən tərtib
edilmiş "Vəqfnamə"də
(1848) onun mülklərinin
vəqf olunması faktı və bununla bağlı ətraflı məlumat və siyahı yer alır. Əsas
hissəsi fars dilində yazılmış
24 vərəqlik "Vəqfnamə"də
ərəb dilində
xeyir-dua və hədislərdən sonra
"...Şuşa qalasında
olan iki Gövhəriyyə mədrəsəsi
və iki məscidin vəqfləri aşağıdakılardır..." cümləsi ilə başlayan siyahı verilir. Burada Şuşadakı 11 dükan
və karvansarayın,
Qarabağın Cavanşir
mahalındakı Maqsudlu
və Qarabağlı
kəndləri, Kəbirli
mahalındakı Evoğlu
kəndi, Şelli kəndindəki bağı,
Daruğludakı mülk
və əkin yerləri iki məscid və iki mədrəsəyə
vəqf edilir. Siyahıdan sonra "Vəqfnamə"də Gövhər
ağanın bu sözləri verilib: "Hər kim
qeyd olunan mövqüfata zülm əlini uzatsa, Allahın və Allahın övliyalarının
əbədi lənətinə
tutulsun..."
Burada həmçinin vəqfin gəlirlərinin nəyə
və necə sərf ediləcəyi haqqında ətraflı qeydlərdən görürük
ki, Gövhər ağa gəlirlərin hər il 3 hissəyə
ayrılmasını; birinci
hissənin məscid və mədrəsələrin
vaxtlı-vaxtında təmir
işlərinə, ikincinin
bu binaların məişət problemlərinin
(işıqpulu, qışda
kömür pulu, müəzzinlərin və
gözətçilərin məvacibi və s.) həll olunmasına,
3-cü hissənin isə
mədrəsə kitabxanalarına
kitabların alınması,
müqəddəs günlər
və ayinlər münasibətilə xərclənməsi,
o cümlədən əhaliyə
ehsanlar verilməsi, məscid işçilərinin
ailələrinə və
ümumiyyətlə, ehtiyacı
olanlara yardımlar və s. kimi xeyriyyəçilik işlərinə
xərclənməli olduğunu
vəsiyyət edir.
"Vəqfnamə" ilə
bağlı ətraflı
məlumat verən tədqiqatçı N.Süleymanova
sənədin Axund Molla Məhəmməd Hüseyn Oruczadə tərəfindən imzalandığını
və imzanı Yelizavetpol (Gəncə) quberniyası məclisinin sədri Qazızadə və məclis üzvü Hacı Mollazadənin imza və padşahlıq möhürü ilə təsdiqlədiyini yazır.
Gövhər ağa ölümündən
3 il əvvəl vəsiyyətnamə yazaraq
təmir və digər məsələlərlə
bağlı qardaşı
Əbülfət xanın
oğlu Məhəmmədəli
xanı qəyyum təyin etmiş, bu işlərlə məşğul olacaq vəkillər heyətinə
mühasib olaraq Mir Möhsün Nəvvabı
daxil etmişdir. Gövhər
ağanın birinci dərəcəli qəyyumu
Məhəmmədəli xan
ondan əvvəl vəfat etdiyindən onun dəfn və təziyə mərasimi ilə bağlı vəsiyyətlərini
qardaşı Mehdiqulu
xanın qızı Xurşidbanu Natəvan və bacısı uşaqları yerinə yetirmişlər. Yeri gəlmişkən,
qeyd edək ki, bibisi Gövhər
ağanın Natəvanın
təlim və tərbiyəsində çox
böyük rolu olmuşdur.
Öz dəfn
xərcləri üçün
iyirmi min gümüş
pul ayrılması və Kərbəlada dəfn olunması istəyi də vəsiyyətnamədə yer
alır. Vəsiyyətinə
əsasən, Gövhər
ağa Kərbəla şəhərində, İbrahimxəlil
xanın dövründə
Şuşa şəriət məhkəməsinin
qazisi olan Seyyid Kazım Rüştinin məzarı
yanında dəfn edilmiş və məzarı üzərində
məqbərə inşa
edilmişdir.
Mətanət
VAHİD
Ədəbiyyat qəzeti.- 2022.-
24 sentyabr.- S.9.