Görkəmli mətnşünas alim

 

Tərlan Quliyev-60

 

"Şairlər vətəni bizim tərəflər,

Tərlanın oylağı yadıma düşdü...".

 

Professor Tərlan Quliyevi hər dəfə görəndə Xalq şairi Səməd Vurğunun bu məşhur misraları yadıma düşür. Niyəsini bilmirəm; görünür, insanda assosiativ yaddaş daha çox inkişaf edib... Bir də bəlkə ona görə ki, Tərlan müəllim bir elm adamı kimi qarşıya qoyduğu məqsədə - ova doğru, elə adını daşıdığı ov quşu kimi, nəcibliklə, alicənablıqla gedir, ovunu qansız-qadasız, hiylə-məkrsiz əldə edib, heç özü də yemir, sahiblərinə - Vətəninə, xalqına, dövlətinə təqdim edir...

Elə bil dünəndi... dostlarla balaca bir məclis düzəldib, Tərlanın əlli yaşını qutlayırdıq. Bu günlərdə onun üzərindən düz on il keçir. Bu on ildə isə çox sular axıb. Yaxşı mənada dəyişənlərdən  biri və birincisi isə heç şübhəsiz ki, bu illərdə bir sıra uğurlara imza atan Tərlanın özüdür - bu gün Azərbaycanın görkəmli mətnşünaslarından biri olan, filologiya elmləri doktoru, professor Tərlan Quliyev.

Mən professor Tərlan Quliyevi yaxşı tanıyıram: həm şəxsiyyətini, həm də yaradıcılığını. Çünki uzun illər ərzində bir yerdə çalışmış, müxtəlif səfərlərdə yoldaşlıq etmişık. Bu mənada, mənə elə gəlir ki, bu yazıda - məhz professor Tərlan Quliyevin 60 illik yubiley yazısında, onun elmi fəaliyyətinə qısaca bir nəzər salmağın yeridir.

Bəri başdan onu deyim ki, Tərlan şəxsiyyət kimi saf, bütöv insandır. Yaradıcılığı isə göz qabağındadır. Tərlan hələ tələbəlik illərindən klassik ədəbiyyatımızın əsas forma zənginliyini təşkil edən əruz vəzni ilə məşğul olmuş, əruzu dünyaca şöhrətli alimimiz, professor Əkrəm Cəfərin özündən öyrənmişdi. Əruzun isə necə mürəkkəb bir quruluşa malik olduğu hamıya məlumdur. Bu illər ərzində Tərlan yorulmadan əruz sahəsində tədqiqatlar aparmış və Azərbaycan ədəbiyyatşünaslığında bu sahənin araşdırılmasının davamlılığını təmin etmişdir. Şübhəsiz ki, ilk növbədə Əkrəm Cəfərin və daha sonra isə professor Tərlan Quliyevin ardıcıl fəaliyyətlərinin nəticəsidir ki, istər poeziyamızda, müasir ədəbi prosesdə və istərsə də ədəbiyyatşünaslığımızda əruza maraq artmış, neçə-neçə gənc şair məhz bu sahə ilə maraqlanmağa, məşğul olmağa başlamışdır. Təbii ki, bu yolda professor Tərlan Quliyevin ilk növbədə "Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər)", "Əruz" və s. kitablarının və çoxsaylı məqalələrinin mühüm rolu olmuşdur.          

Nəzəri quruluş baxımından əruz bir vəzn olaraq, heç də sadə tərtibə malik deyildir. Ona görə də istər tarixən, istərsə də müasir dövrümüzdə əruzu bilənlərin sayı  çox azdır. Çünki əruz, onun araşdırıcısından alim təfəkkürü, analitik təhlil etmə, nəticə çıxara bilmə bacarığı istəyir. Bu isə hər tədqiqatçıya nəsib olan xoşbəxtlik deyil. Ən əsası isə əruz ritmikası ilə şairin və ya tədqiqatçının daxili ritmikası bir-birini rezonansa gətirməlidir. Əgər bu, baş tutmasa, onda heç nə! Apar qaytar!  Ümumiyyətlə, bizdə tədqiqatçılar adətən apardıqları tədqiqatları ya ümumiləşdirə bilmir, ya da alimlər (əgər varsa) öz ümumiləşdirmələrini başqalarının apardıqları səhv-düz nəticələrinin üzərində cəmləyirlər. Professor Tərlan Quliyev isə tək-tək alimlərdəndir ki, öz nəzəri tezislərini sırf tədqiqatları üzərində qurur. Bu mənada,  Tərlan Quliyev bu gün öz elmi intuisiyası ilə əruzun bütün mürəkkəbliyini qavraya bilən, onun hüdudlarını və hüdudsuzluğunu dərk edən alimdir. Bu baxımdan, məsələn, onun cəmi iki il əvvəl çap etdirdiyi "Ərəb dili, əruz vəzni və rəqəmsal sistem" adlı məqaləsinin adını çəkmək kifayətdir. Mənə elə gəlir ki, bu məqalə təkcə Azərbaycan ədəbiyyatşünaslığının deyil, bütövlükdə dünya şərqşünaslığının uğurlarından biri sayıla bilər.  Buna görədir ki, bu gün professor Tərlan Quliyev Azərbaycan əruzşünaslıq məktəbinin başında duraraq, onu istiqamətləndirir, nəzəri və praktik problemlərinin yönlərini müəyyənləşdirir. Ona görə də bu uğurların nəticəsidir ki, professor Tərlan Quliyev artıq əruz öyrənilən, tədqiq olunan ölkələrdə etibarlı bir mütəxəssis kimi qəbul edilərək, müxtəlif konfrans, simpoziumlarda yüksək kürsülərə dəvət edilir. Təbii ki, professor Tərlan Quliyevin tədqiqləri təkcə əruzun araşdırılması ilə dairələnmir, o, bu vaxta qədər klassik ədəbiyyatın müxtəlif məsələləri ilə məşğul olmuş və onun qələmindən iki yüzdən artıq elmi məqalə və kitab çıxmışdır.

Dədə Qorqud mövzusu da Tərlanın yaradıcılığından qırmızı xətt kimi keçir. Professor Tərlan Quliyev öz yaradıcılığında əruza, onun nəzəri və təcrübi məsələlərinin  həllinə hansı elmiliklə yanaşırsa, Dədə Qorqud mövzusuna da həmin ciddiyyətlə münasibət bəsləyir və Tərlan əslində nə zamandan əruzla məşğul olmağa başlayıbsa, Dədə Qorqudla da o zamandan, hətta daha əvvəldən maraqlanmağa başlamışdır. Çünki əslində professor Tərlan Quliyev daha böyük araşdırmaların, tədqiqlərin peşindədir: anadilli şeirimizin poetik inkişaf yolunu izləmək istəyir. Bu yol isə ilk növbədə  heç şübhəsiz ki, Dədə Qorqud dastanından, onun şeirlərindən keçir. Bu mənada, bu həvəs, bu axtarışlar, Dədə Qorquda olan bu sevgi, onu, özü də demişkən, gözlənilmədən başqa istiqamətlərə də gətirib çıxartmışdır: Professor Tərlan Quliyev Azərbaycan ədəbiyyatşünaslığı, folklorşünaslığı, mədəniyyətşünaslığı tarixində ilk dəfə olaraq, Dədə Qorqud kitabının  Vatikan nüsxəsini nəşrə hazırlayaraq çap etdirdi. Bununla da professor Tərlan Quliyev Dədəqorqudşünaslıq tarixinə öz adını yazdırmış oldu. Doğrudur, ölkəmızdə Dədə Qorqudun onlarca tədqiqatçısı olsa da, məlumdur ki, Dədəqorqudşünaslıq tarixi daha çox bu abidənin nəşrlərinin tarixi ilə yadda qalır. Bizdə isə belə müəlliflərin sayı çox deyildir, cəmi dörd nəfərdir: akademik Həmid Araslı və professorlar Samət Əlizadə, Fərhad Zeynalov, Şamil Cəmşidov. Və professor Tərlan Quliyevin də adı şərəflə bu siyahıya əlavə olundu. Özü də əvvəlki müəlliflər abidənin ancaq Drezden nüsxəsinin çapı ilə məşğul olmuşlarsa,  professor Tərlan Quliyev diqqətini Vatikan nüsxəsinə yönəltmiş və dediyimiz kimi, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq, elm aləminə məlum olduğu gündən altmış altı il sonra bu abidəni çağdaş Azərbaycan əlifbasında çap etdirmişdir. Məsələ burasındadır ki, Tərlanın dediyinə görə "qorqudşünaslar" bu nəşri cox soyuq qarşılamış, abidə çap olunan zaman onun haqqında  heç bir fikir bildirməmiş, cəmi bir rəy işıq üzü görmüşdü. Amma yenə də Tərlanın dediyinə görə, ancaq akademik İsa Həbibbəyli  böyük qədirbilənlik nümayiş etdirməklə,  son illərdə Dədə Qorqud haqqında çap olunmuş "Kitabi-Dədə Qorqud":  yazılı epos və ya epopeya" Bakı, "Elm", 2020 adlı kitabında Dədə Qorqudun Vatikan nüsxəsi  barəsində söz söyləmiş, onun layiqli dəyərini vermiş, bu çapı Vatikan nüsxəsinin "Bakı nəşri"  adlandıraraq, onu bu adla tarixləşdirmişdir. Mənə elə gəlir ki, akademik İsa Həbibbəylinin bu münasibəti bu kitab haqqında olan ən yaxşı  təltiflərdən biri və birincisidir. Çünki təbii ki, elmi əsərin qiymətini ilk növbədə elm adamı verməli, onu dəyərləndirməlidir. Yəqin ki, bundan sonra başqa alimlər də bu məsələyə biganə qalmaz və professor Tərlan Quliyevin şəxsi kitabı deyil, bütövlükdə Azərbaycan xalqının ən şah əsərlərindən olan bu abidə haqqında fikir bildirərlər.

Əruz elminin nəzəri əsaslarının yaradıcısı olan Xəlil ibn Əhmədin həyat və yaradıcılığını öyrənənlər bilirlər ki, Xəlil sakit bir həyat tərzi keçirmiş, aza qane olan bir adam olmuş, Xəlilin yaşadığı illərdə Xilafətin ictimai-siyasi həyatında müxtəlif hadisələr baş versə də, onların heç birinə qoşulmamış, ancaq elmlə məşğul olmuşdur. Mənbələrin verdiyi məlumata görə, Xəlilin şagirdləri Xəlildən öyrəndikləri elmlə saraylarda dərs demiş, hər cür mövqeyə yetişmişlər. Mənə elə gəlir ki, professor Tərlan Quliyev də ulu müəlliminə bənzəmiş, çoxları onun elmindən bəhrələnsə də, özü təvazökar bir həyata qane olmuşdur.

Beləcə, professor Təlan Quliyev təvazökar, lakin elmlə, şeirlə, sənətlə yoğrulmuş mənalı bir həyat yaşamış və nəhayət, gəlib ömrünün 60-cı ilinə çatmışdır. Mən Tərlana bundan sonrakı mənalı ömründə cansağlığı və yaradıcılığında uğurlar arzulayıram.

 

Teymur Kərimli

 

Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.13.