Hekayələr
Məsciddə "vur-çatlasın"
Aşura günü məsciddə
iynə atsan yerə düşməzdi. Bura şəhərin
dindar camaatından başqa, ətraf kəndlərdən də
mömin müsəlmanlar
gəlmişdilər. Məscid camaatı tutmadığından
adamlar həyətdə
ayaq üstə mərsiyəyə qulaq asır, "şaxsey-vaxsey"
deyir, sinələrinə,
başlarına yumruq,
zəncir çırpırdılar.
Camaatı yarıb birtəhər özümü içəri
salanda nə görsəm yaxşıdır? Həyətin tən ortasında qoca kişilər və qadınlarla yanaşı, cavan-cavan qızlar, bığ yeri təzəcə tərləmiş oğlanlar
"Ya Hüseyn!
Vay Hüseyn" - deyə şivən qoparır, ikiəlli şarap-şarap açıq
sinələrinə çırpır,
gözlərindən bıldır-bıldır
yaş axıdırdılar.
Orta yaşlı bir kişi
az qalırdı özünü şil-küt
eləsin. Özü də elə
qışqırırdı ki, səsindən qulaq tutulurdu. Yaxınlaşan kimi tanıdım.
Dörd arvad alıb boşamış, uşaqlarını
yetim qoymuş Balaqardaş idi. Zalımın sifətindən nakişilik
yağırdı. Onunla ağız-ağıza
verib sidq ürəkdən sinə vuran hər gün tərəzi dalında dayanıb camaatı çəkidə
və qiymətdə aldatmaqda "ad çıxaran"
alverçi Qara Möhsün idi. Özlərini şil-küt
eləyib qana boyayırdılar ki, bəlkə Allah-təala təqsirlərindən keçə...
Bir az aralıda
sinələrini döyəcləməkdən
qızardan bazarkom Əsədulla və onun "əyan-əşrəfi"
olan bazar nəzarətçilərinin ah-vayı məscidi başına götürmüşdü.
Bazarkom
"Ya Hüseyn!
Vay Hüseyn" - deyə, qışqırdıqca
nəzarətçilər "şaxsey, vaxsey!" - deyə dəm
tuturdular. Əsədullanın "oyununa" baxanda
yadıma Əbdürrəhim
bəy Haqverdiyevin
"Uca dağ başında" əsərindəki
Sofi Hüseyn düşdü. Necə ki,
Sofi Hüseyn "gözünü bir-iki dəfə yumub açanda yaş gözündən saqqalı
uzunu sel kimi axırdı" və səbəbsiz ağlaması ilə topalaşanları da ağladırdı, Əsədulla
da bu sayaq
təsir bağışlayırdı.
Bircə Əsədullanın
saqqalı çatışmırdı...
Başqa bir tərəfdə çarşaba bürünmüş
arvadlar elə sinə vururdular ki, şappıltısından
adamın əti ürpəşirdi. Elə qışqırırdılar, elə hönkür-hönkür
ağlayırdılar ki,
elə bil, ciyərlərini çəkib
çıxarırdılar. Onların da bir neçəsi
şəhərdə "məşhur"
idi. Biri xəbərçi Mələknisəydi ki, kişinin qızı ondan buna, bundan
ona deməklə beşcə dəqiqənin
içində "aləmi"
qatırdı bir-birinə.
Vay onun çənəsinin altına
düşənin halına!
O biri çöpçü
Fatma idi. Bir dəfə qonşunun uşağının boğazına
barmağını necə
soxmuşdusa, tifilin ürəyi getmişdi.
Odur-budur,
camaat arasında çöpçüyə inam
itmişdi.
Ailələrə nifaq salan, "evlər dağıdan"
Ağabacı isə az qala şəhid olacaqdı. Özünü döyəcləməkdən halsızlaşırdı, üzünə
su səpib ayıldırdılar.
Arvadlar bir hoqqa çıxarırdılar
ki, elə bil, min il
bundan qabaq ölən imamlar onların yaxın qohumları imiş!
Gördüm ki, sinə, zəncir vuranların bədənləri qıpqırmızı
qızardıqca ürəyim
pis olur, tez məscidi tərk etdim. Amma bilmədim ki, bu "vur çatlasın"da
özlərini qana boyayan günahkarları göydəki kişi
bağışladı, yoxsa
yox?!
Məndə hal qalmadı...
Sovetlərin vaxtıydı. Türkiyədə yaşayan dostu
azərbaycanlı yazıçını
tez-tez öz ölkəsinə dəvət
edirdi. Azərbaycanlı yazıçını isə Türkiyəyə
buraxmırdılar, deyirdilər
Türkiyə Sovetlərin
düşmənidir. Yazıçı da bunu türk
dostuna deməkdən çəkinirdi, odur ki, hər dəvətdən
sonra bir bəhanə uydururdu.
Bir dəfə
deyirdi "xəstəyəm". İkinci dəfə
"əmim ölüb"
deyə, bəhanə
gətirirdi. Üçüncü dəfə nəsə bir hadisə baş verdiyini bildirirdi.
Nəhayət, iki ölkə arasında sərhədlər
açıldı, qardaş-qardaşa
qovuşdu. Türkiyəli öz dostundan soruşdu:
- Necə olurdu ki, hər dəfə
səni ölkəmizə
dəvət edəndə
başına bir hadisə gəlirdi?
Dostu izah etməyə başladı:
- Bir kişi hər
gün evə gecikəndə arvadı soruşurmuş ki, "hardaydın?". Kişi də hər dəfə bir bəhanə gətirirdi.
Gah deyirdi iclasda idim, gah
deyirdi filan yerə getmişdim, gah da deyirdi
iş başımdan aşır. Bir gün yenə kişi evə
gec gələndə arvad başlayır deyinməyə, soruşur:
- Bəs indi nə
deyəcəksən, kişi?
Kişi
arvadının üzünə
baxıb dillənir:
- İndi mənim yerimə sən özün bir şey uydur, ay arvad! Daha sənə
cavab verməkdən məndə hal qalmadı!..
Elan
Mən Kərbəlayı
Məmmədhüseyn Məmmədhənifə
oğlu bildirirəm ki, hər cür
xəstəliyi sağaldıram. Havayı yerə
həkimlərin yanına
getməyin. Gedən kimi
yüz cür xəstəlik tapırlar,
sonra da yüz cür dərman yazırlar.
Adamlar o dərmanları içib zəhərlənirlər.
Mənimki otlardır. Ölkədə
nə qədər ot var, hərəsindən bir xəstəliyə dərman
düzəldirəm. Dualarım da
kömək edir.
Uşağı olmayan qadınlara,
ayıb da olsa, uşaq düzəldirəm. Cəmi-cümlətanı əlli yaşım var, hələ ki cavanam.
Kimin dişi
ağrıyır, o saat
kəlbətinlə çəkib
çıxarıram, canı
qurtarır.
Əlimdə ölənlərə cavabdeh
deyiləm. Çünki Allah verdiyi canı
bir gün almalıdır.
Bu yaxınlarda şəxsi
poliklinika açıram. Şəkk-şübhəsi olanlar qəbuluma
gəlməsinlər.
"Mən ət də yeyirəm..."
Məşhur yaşlı aktyorlardan
biri bədəncə
çox kök olan həmkarını danladı:
- Az ye də, nə olub? Gündə üç
dəfə ət yeyərlər? Mənim
kimi qatıq ye də! Sənin canın üçün
ömrüm boyu qatıq yemişəm.
Gör heç kökəlirəm?
Cavan aktyor bu sözlərdən pərt oldu, amma özünü o yerə qoymadı.
Bir neçə
gündən sonra teatrın kollektivi bir rayona qastrol
səfərinə getməli
oldu. Artistlərə qonaqlıq verirdilər.
Yaşlı sənətkarla cavan,
kök aktyor yan-yana oturmuşdular.
Cavan, kök aktyor yemək paylayanı çağırıb
qulağına pıçıldadı:
- Bu kişiyə qatıq gətir, başqa şey yemir.
Hamıya ətli xörək verdilər, yaşlı kişiyə də qatıq. O da yedi.
Günorta qonaqlığında cavan, kök aktyor yenə xörək paylayana dedi ki, "unutma, bu kişi
qatıqdan başqa heç nə yemir".
Kişiyə yenə qatıq gətirdilər, yenə əlacsız qalıb yedi.
Axşam
yeməyi zamanı qocaman artistə qatıq gətirəndə
daha dözə bilməyib dilləndi:
- A kişi, mən
təkcə qatıq yemirəm ey, ət də yeyirəm! Hamıya ət verirsən, mənə də ver də!
Borclu qala bilmərəm...
Stalinin rəhbərliyi dövründə
bir vəzifəli kommunist tribunaya çıxıb danışır
və çıxışının
axırında deyir:
- Allah
Stalin yoldaşa yüz
il ömür
versin!
Bir neçə
gündən sonra kişini tutub basırlar "qoduqluğa"
ki, sən Stalin yoldaşın nə qədər yaşayacağına
niyə müdaxilə
edirsən?
Sonra məhkəmə olur, kişiyə beş
il iş kəsirlər. Müttəhimə
son söz verirlər,
o deyir:
- Mən rəhbərliyimizi də, partiya və hökumətimizi də çox sevirəm. Amma nahaq mənə beş il
verdiniz. İkicə il ya yaşayam, ya yaşamayam. Mən hökumətə borclu qala bilmərəm.
Ona görə də iki il versəniz bəsimdir...
Qapaz
Köhnə tanışlar olan Həsənqulu ilə Hüseynqulu çoxdandı
bir-birini görmürdülər. Bir gün
rastlaşdılar. Hüseynqulu
Həsənqulunun papağının
bir tərəfinin yaprıxdığını görüb
soruşdu:
- Həsənqulu, papağın
niyə belə yaprıxıb?
- Həmişə doğru danışdığım üçün,
qapaz döyməkdən.
- Məsələn?..
- Məsələn, mən bilirəm ki, sənin başın çatmır...
Həsənqulu elə bunu demişdi ki, Hüseynqulu onun başına bir qapaz ilişdirdi...
Atalar sözü
Vəzifə almaq istəyirsənsə,
adlı-sanlı, şanlı-şöhrətli
bir partiyaya üzv yazılın.
Bir kreslo sahibi olan kimi
özünüzə qoruma
götürün, desinlər
"böyük" adamdır.
Həqiqəti söyləməyin, uzağa
gedə bilməzsiniz.
Pulunuz çox
olsa, köhnə, əzik-üzük paltarlar
geyinin, desinlər fəqirin biridir.
Yaltaqlanmağı öyrənin, həyatınız
boyu lazım olar...
Yalandan gülümsəyin,
ürəyindəkilər bilinməsin.
Vəzifə alan kimi katibəni, sürücünü, mühasibi,
bir də anbardarı dəyişdirin.
Vəzifəli adam danışanda siz susun. "Böyük
danışanda, kiçik
danışmaz".
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2022.-
24 sentyabr.- S.15.