Ezra Paund: “Bəzi ədəbiyyat
nümunələri
nifrətdən yarana bilər,
amma nifrətdə
canlılıq tapıb yaşaya bilməz”
Amerikalı yazar Alan Levinin şair,
tənqidçi, ilk modernist poeziya hərəkatının əsas
nümayəndələrindən biri olan Ezra Paund ilə
müsahibəsini təqdim edirik.
Cənab
Paundun sevgilisi Olqa Rac (Olga Rudge) öz paltosunu çıxaran
kimi mənim paltomu da asıb birbaşa soruşdu:
- "Həssas
insansınız? Çünki cənab Paund qəzəbli
insandır - bu onun özü üçün yaxşı
şey olsa da, buna hazır olmayan başqaları
üçün o qədər də yaxşı deyil.
Hazırda yataqdadır".
Məni
taxta pilləkənlə yuxarı apararkən belə dedi:
- "Cənab
Eliotun (ABŞ-da doğulan ingilis şair, ssenarist, ədəbiyyat
tənqidçisi - tərc.) "Mənim adım
güclüdür..." misrası ilə başlayan
şeirini bilirsiniz? Budur, güclü davranın".
Bu
sözlərin müşayiəti ilə instiktiv olaraq
özünümüdafiə mövqeyi alıb divanın
üzərindəki rəngbərəng yastıqların
arasında dayanmış mavi pijamalı iri adamın yanına
getdim. Məşhur qırmızı saqqalı, artıq
ağ və seyrək idi; Uğurlu katarakt əməliyyatı
keçirsə də, o qorxunc mavi gözləri indi bulanıq
görünürdü. Barmaqlarını elə bərk-bərk
şaqqıldadır, əllərini elə bərk
sıxırdı ki, sanki öz sümüklərini ətdən
sıyırırdı. Amma çox keçmədi ki, əllərini
boşaldıb sağ əlini sıxmaq üçün mənə
uzatdı.
- "Cənab
Levi sürətli hərəkət edir", - dedi Olqa Rac, -
"Mən onu götürmək üçün Embarkadero
(San Fransisko körfəzi boyunca San Fransisko, Kaliforniya, San
Fransisko limanının şərq sahili və yoludur - tərc.)
getməyə hazırlaşırdım ki, qapı zəngi
çalındığını eşitdim".
Sonra Ezra
Paund mənimlə danışmağa başladı:
-
"Çay vaxtı gəlməli deyildin?".
***
Universitet
illərində ilk dəfə rastlaşdığım Ezra
Paundun şeiri olan "Ölümsüzlük" ("An
Immortality") şeirini özünə əzbərdən
oxuyandan sonra, ondan sonrakı nəsil şairlərdən bəzilərinin
fikirlərini ona çatdırdım. Məsələn, U.
H.Oden (Wystan Hugh Auden - İngilis-Amerikan şair - tərc.) belə
bir fikir demişdi: "Cənab Paund heç
yaşamamış olsaydı, mənim
yaradıcılığım olduğu kimi qalardı" deyə
bilən az sayda yaşayan şair var". Harvey Şapiro
(amerikalı şair və "Nyu York Taymz" qəzetinin
redaktoru - tərc.) isə mənə "Ezra Paund bu gün gənc
Amerika şairlərinə təsir edən ən böyük
qüvvədir" demişdi. Paunddan bunlara münasibətinin
necə olduğunu soruşdum.
Sükut.
-
"Müasir Amerika ədəbiyyatını nə dərəcədə
yaxından izləyirsiniz?".
Sükut.
-
"Xüsusi olaraq bəyəndiyiniz və ya bəyənmədiyiniz
gənc yazarlar var?".
Yenidən
sükut; Amma bu dəfə gözləri
parıldadığı üçün gözlədim. Bir
neçə saniyə sonra göy gurultusu kimi qəzəbli səs
tonu ilə coşaraq cavab verdi:
-
"Çaşqınlıq! Xaos! Bütün bu lənətlənmiş
qarışıqlığa görə mən məsuliyyət
daşıya bilmərəm".
***
Paund
haqqında nəşr olunan kitabda deyilirdi ki, ədəbiyyat
nifrətdən də yarana bilər. Bununla bağlı Paund
belə cavab verdi: "Bəzi ədəbiyyat nümunələri
nifrətdən yarana bilər, amma nifrətdə
canlılıq tapıb yaşaya bilməz".
***
Ondan sabah
gələcək fotoqrafı soruşdum. Qısa cavab verdi:
- "Məncə,
artıq dünyada həddindən çox fotoqraf var".
***
Yuxarı
mərtəbədə Olqa Racdan Cənab Paundun nə vaxtsa
pyes yazıb-yazmadığını soruşdum.
-
"Sofoklun "Traxiniya qadınları" əsərinin
çevirisindən başqa, bir pyes
yazıb-yazmadığını bilmirəm" dedi.
Yenidən
aşağı düşəndə Olqa Paunddan bu haqda
soruşdu:
-
"Paund, heç özün pyes yazmısan? Bilirsən, ətrafda
bu barədə şayiələr dolaşır".
Dodaqlarını
yaladı və cavab verdi:
-
"Youğ".
Xanım
Rac qaşlarını çatıb dedi:
-
"Youğ" nə deməkdir? Bu "Yox" ilə eyni
şey deyil".
Bir
anlıq o, pişikdən çox qoyun kimi davranmağa
başladı və dedi:
- "Yəni
bir dəfə yazmağa başladım, amma sonra cırıb
atdım".
***
Olqa Rac
Paundu niyə bu qədər qoruduğundan danışdı:
- "Biz
Rapalloda olanda hippilər həmişə bura gəlirdilər.
Ezra Paundun müdrikliyini qəbul ediblər, lakin əsərlərini
oxumayıblar. Bir dəfə biri qapının ağzında
çadır qurub orda qaldı günlərlə; Ona kofe
verdim, amma Ezra yox. Başqa biri o qədər inadla gözləmişdi
ki qapıda, axırda ona, "Əgər mənə Ezra
Paunddan bir misra deyə bilsən, səni içəri
buraxaram", təklifini etdim, "Minlərlə misradan sadəcə
bir dənəsini". Deyə bilmədi".
"Nə
qədər müxtəlif-müxtəlif adamlar ona öz
şeirlərini göstərmək üçün gəliblər.
Onlar Ezranın şeirlərini bilmirlər, amma ondan onların
şeirlərini tərifləməsini gözləyirlər.
İşləmələri rüsvayçılıqdır.
Artıq şifahi ənənə yoxdur. Hər şey reklama
çevrilib".
"Əlbəttə
ki, onların içində promouterlər də var. İpək
köynəkləri olan kök kişilər. İki təyyarə
bileti və Ezra Paundun Albert Holda şeir oxuyacağını
bildirən vərəqlərlə gəlirlər. Mən həmişə
onları da, biletlərini də, broşürlərini də
geri qaytarıram".
"Amma
onların arasında ən pisi "bioqrafiya yazarları"
deyilən adamlardır. Bəziləri həqiqətən tərcümeyi-halı
dərc edir. Bunlardan biri onu qovmazdan əvvəl bizimlə cəmi
on beş dəqiqə vaxt keçirməsinə baxmayaraq,
çap etdirdiyi kitabda təkəbbürlə qeyd etmişdi
ki, guya mən illər ərzində ona səbirlə kömək
etmişəm. Bəziləri qapımı döyüb "hər
iki tərəfdən də bəhs edən" kitablar
yazacaqlarını deyirlər. İki tərəfdən?
Hansı iki tərəf?! Bizi nə hesab edirlər? Ezra Paund
"blinçik" deyil!".
***
Paundun
yaxın dostlarından şair Piter Rasl (Irwin Peter Russell -
britaniyalı şair, tərcüməçi və tənqidçi
- tərc.) mənə Paundla poeziya haqqında
danışmamağı tövsiyə etdi:
-
"Onunla şeirdən danışdım, iki-üç il
ona nə desəm, susaraq cavab verdi. Bir gün mən ona
İtaliyadakı zorakılıqlardan, Milandakı bombalardan,
faşizmin yenidən doğulmasından danışdım.
Bütün ölkənin az qala dəli olduğundan, bu
günlərdə ürəyim bulanmadan qəzetlərə
baxa bilmədiyimdən bəhs etdim.
Ezranın
danışacaqmış kimi ağzını tərpətdiyini
görəndə dayandım. Sonra danışmağa
başladı:
- "Yəni
əgər kiminsə ailəsi... minilliklərdi kəndli kimi
işləsəydi... iki min il boyu... sonra da torpaqlarını
asfaltla örtəndə nə olacağını gözləyirdin
ki? Dəli olarlar, təbii ki!
***
Günün
sonunda qeyd dəftərimdə Ezra Paund haqqında, demək
olar ki, heç bir söz olmamasına rəğmən Ezra
Paundla bu monoloqumdan yoruldum. Amma Paund yorğun
görünmürdü. Paund bizimlə sağollaşan kimi
öz studiyasında oturmağa tələsdi.
***
Böyük
Kanalın San Marko tərəfində yağış
yağmağa başladı. Dar küçələr boyu tələm-tələsik
hərəkət edən Paund üçün çətir
açıb başının üzərində tutmağa
çalışdım. Gələn piyadalar hörmətlə
ya çətirlərini aşağı salırdılar, ya
da kənara çəkilirdilər. Amma bu hörmət
şöhrətə görə yox, yaşa görə idi.
Buna baxmayaraq, yumru üzlü bir italyan Paundu gördü və
onu tanıyaraq donub qaldı. Beləliklə, yarım dəqiqə
boyu yolumuzu kəsdi. Sonra bu cavan oğlan papağını
çıxarıb bizə salam verdi və bizə yol
açmaq üçün divara söykəndi.
Əsasını sərt şəkildə yelləyən Ezra
yoluna davam etdi.
***
Nahar
zamanı xanım Rac Paunddan soruşdu:
- "Cənab
Eliotun "Mənim adım güclüdür..."
misrasıyla başlayan şeiri vardı ha, iki gündür
beynimdə dolaşır. Davamı necəydi o şeirin?".
Paund onun
səhvini düzəltməkdən başqa, çox da
kömək olmur:
-
"Eliotun deyil. Eliotun oxumağı sevdiyi Amerikan şeiridir".
Rac, israr
etdi:
-
"Yaxşı, bəs davamı necədir?".
Özünü
xatırlamağa məcbur etdikdən sonra:
- "Mənim
adım güclüdür, güclü küçədən
gəlirəm: Küçədə irəlilədikcə
insanlar daha da güclənir"...
-
"Bundan sonrası necəydi, Ezra? Xahiş edirəm, Ezra,
sonuncu sətir necəydi", - sevgilisi dedi.
Ezra Paund
dişlərini göstərib ağzını bükərək
mızıldayır:
- "Mən
ən sonuncu evdən gəlirəm".
***
Cümə
günü Ezra Paund ilə danışarkən ədəbiyyat,
iqtisadiyyat və siyasət söhbətlərinə girməməyə
çalışdım. Onun on beş yaşında Pensilvaniya
Universitetinə daxil olduğunu bildiyim üçün ona
böyük qızımın da uğurlu bir fransız liseyində
sinifdən-sinfə atlayarkən başına gələnlərdən
danışdım və beləliklə, onunla ümumi dil
tapmağa çalışdım. Əvvəlcə bir sual
verdi:
- "Niyə
uğurlu dediniz?". Sonra da əlavə etdi: "Bu cür
şeylər insanda daha gec doğulmaq arzusuna səbəb
olmur".
Buna əsaslanaraq
mən də belə sual verdim:
-
"Daha erkən doğulmaq istərdinizmi?".
-
"Atamın dövrü daha yaxşı imiş".
- "Yəni
necə? Daha sadədir? Yoxsa, daha çox işlədikləri
üçün daha yaxşıymış?".
-
"Onlar daha şanslı olub. Atam vətəndaş
müharibəsinə iştirak etmək üçün
çox gec anadan olub və digər müharibələrdə
iştirak etmək üçün çox erkən
ölüb".
***
Venesiyadakı
oteldən çıxmazdan əvvəl Paundu tanıyan və
onunla görüşməyimdə vasitə olan isveçrəli
ilə telefonla danışdım. Görüşün necə
keçdiyi ilə maraqlanırdı. Dostluğundan istifadə
edərək mənə bu imkanı verdiyi üçün
ona təşəkkür etdim. O da mənə açıq
şəkildə bunu niyə etdiyini dedi:
-
"Ezra Paund həqiqətən də vecinə deyil, amma onun
yaxın çevrəsi olaraq biz düşünürük
ki, onun maksimum reklamının aparılması ona layiq
olduğu şeyi - Nobel Mükafatını - qazandıracaq.
Sülh üçün verməsələr, ədəbiyyat
üçün verərlər. İndi nə
düşünürsən? Sizcə, dünya Ezra Paunda bir
Nobel Mükafatı borclu deyil?
Mən də
ona dünyanın Ezra Paunda Nobel Mükafatı borclu
olub-olmadığını bilmədiyimi, amma təcrübəmə
əsaslanaraq onun susqunluğunu dinləməyi
özümüzə borc bilməli olduğumuzu söylədim.
Hazırladı: Nilufər
Hacılı
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.14.