"Casus": qadağan olunmuş
tamaşa
Qəzetimizin ötən sayında
Xalq yazıçısı, akademik Kamal Abdullanın xatirələrindən
bir parçanı təqdim etmişdik. Oxucuların marağını nəzərə
alaraq xatirələri bütöv şəkildə təqdim
edirik.
Vaqif İbrahimoğlu ilə
tanışlığımızın birinci günündən
(bu mənim Moskvadan aspiranturanı bitirib geri
döndüyüm vaxta, təxminən, 1979-cu ilin sonlarına
təsadüf edir) dostluğumuzun sonuncu gününədək,
yəni onun vəfatınadək bizim münasibətlərimiz
qarşılıqlı anlaşma, hörmət və sevgi
üzərində quruldu. Vaqif ən azından
bir insan kimi çox maraqlı, nəcib və mərd biri idi.
Bilmirəm, o buna necə nail olurdu, amma onunla təmasda
olan hər kəs bu təmasın müddətini
mümkün qədər uzatmağa cəhd edirdi. Onunla ünsiyyət bütün tanıyanlar
üçün yavaş-yavaş daxili ehtiyaca
dönürdü. Bu ünsiyyət zamanı hiss edirdin
ki, səndə əməlli-başlı saflaşma prosesi getməkdədir.
Sənin ətrafa, insanlara münasibətin dəyişirdi,
sən hamını, ilk növbədə həyatı sevməyə
hazır bir vəziyyətə gəlirdin. Həyat gözəlləşirdi, səndəki
yaşamaq eşqi güclənir, ən əlçatmaz arzular
reallaşmağa yaxınlaşırdı. Sən yazmağa və yaratmağa daha həvəslə
köklənirdin. Bəlkə də əsl katarsis elə
bu idi. Mən həyatım boyu az adama rast gəlmişəm
ki, mürəkkəb mətləbləri asanlıqla sadə
məxrəclərə gətirə bilsin. Məncə, bu,
xüsusi və nadir bir istedaddır. Həyatımın müəllimləri
olmuş yeznələrim Yəhya müəllim, Ağamusa
müəllim belə şəxslər idi. Ünsiyyəti ilə
fəxr etdiyim Azad Mirzəcanzadə belə şəxs idi.
Unudulmaz Həsənağa Turabov belə şəxs idi. Vaqif də,
heç şübhəsiz, onların sırasında yer
alır. Bu adamlarla nə barədə istəyirsən,
söhbət edib istədiyin sualı verə bilərdin.
Qorxmaq lazım gəlməyəcəkdi ki, sən bu suala
normal cavab ala bilməyəcəksən. Bu çox vacib məqamdır.
Bəzən adam kiməsə sual verməyə qorxur ki,
qarşısındakı o sualın cavabını birdən
bilməz və pis vəziyyətə düşər. Bundan
isə ən çox sən özün utanmalı olarsan. Əgər
utanmırsansa, mənə elə gəlir ki, bu hal ilk növbədə
sənin özünün tərbiyə dərəcənin əskikliyini
göstərir.
Vaqif hər
cür söhbətə əvvəlcədən hazır idi. O
danışanda söz sözü, cümlə cümləni
ahəngdar, məntiqli və sistemli şəkildə çəkib
gətirirdi. Adam mat qalırdı ki, heç bir elmi adı,
yazdığı qalın, lap elə nazik kitabı olmayan bu
cavan oğlan necə ola bilir ki, belə fəlsəfi,
kulturoloji, psixoloji, filoloji dərinliklərə baş vura
bilir?! Sənin mühasirəsinə düşdüyün
mürəkkəblikləri necə ola
bilir ki, o bu cür sadə məxrəclərə gətirə
bilir?!
Vaqif Teatr İnstitutunda fəaliyyət göstərən
tədris teatrının direktoru idi. Artıq ölkənin
teatral dairələrində onu xüsusi istedada malik rejissor
kimi tanıyırdılar. Dalıyca danışanlar da az deyildi. Biz belə başa
düşürdük ki, bu adamlar onun istedadının
paxıllığını edirlər. Vaqif
hərdən aktyorluq da edirdi. Hətta
Anarın "Dantenin yubileyi" filmində Kəbirlinskinin
oğlu rolunda da çəkilmişdi. Bizi tanış edən Niyazi Mehdinin dediyinə
görə indi də "Kitabi-Dədə Qorqud" üzərində
haman Tədris teatrında sirli və qəribə eksperimentlər
aparırdı. Niyazi də, Zeynal da, Rəhman
da, başqa intellektual dostlarımız da onun
gördüyü işlərə heyran idilər.
Ağız büzənlər də az
deyildi. Bu cür ağız büzənlər və Vaqifə
heyran olmayanlar onun heyranları tərəfindən anındaca haman "paxıllar" qrupuna daxil edilirdilər.
Vaqiflə mənim Dədə Qorqudumuz xeyli mülayim,
dünya xalqlarına və alimlərinə açıq, hələ
də bizlərə nəyisə öyrətməyə
çalışan bir müdrik idi. Bizi bu "Dədə
Qorqud" birləşdirirdi. Amma bu birləşmə, bəziləri
elə güman edirdi ki, iki bir-birini tam anlayan adam
arasında baş verir. Həqiqət isə
bundan ibarət idi ki, bu, tam şəkildə belə deyildi.
Mən Vaqifi ilk zamanlar heç də adekvat
anlamırdım. Bizim baxış
bucaqlarımız bir-birindən fərqlənirdi. Mən
"Dədə Qorqud"a o zamanın
dilçilik rakursundan baxırdım, Vaqif isə müasir
strukturalizmin, semiotikanın, fəlsəfənin, müasir
kulturoloji metodların rakursundan. Mən o zaman qəbul
edə bilmirdim ki, o, özünün "Dədə
Qorqud" tamaşalarında sözü niyə hərəkətlə
əvəz eləməyə çalışır?! Anlamırdım ki, "Dədə Qorqud" qəhrəmanları
bu balaca tədris teatrının balaca səhnəsində niyə
bədənlərini əsdirə-əsdirə gəzirlər?!
Niyə onlar bir-birinə sözlə müraciət
etmək əvəzinə, yəni Dastanın mətnindən
real olaraq istifadə etmək əvəzinə
tamaşaçıya müxtəlif hərəkətlər
göstərirlər?! Niyə tamaşaya
baxan dostlarımız bundan vəcdə gəlir?! (O da
var idi ki, bəziləri özlərini elə göstərirdilər
ki, guya vəcdə gəlirlər). Onların da
bəziləri mənim qədər məsələnin mahiyyətini
qəbul edə bilmirdilər. Vaqif isə
bundan qətiyyən rəncidə olmurdu. Vaqif
səbrli idi. Hər dəfə
tamaşadan sonra tamaşa ətrafında maraqlı müzakirələr,
söhbətlər düzənləyirdi. Biz
onun balaca otağına yığışıb "Dədə
Qorqud"la söhbətə başlayıb, tamam başqa bir
mövzu ilə, məsələn, Niçşenin Zərdüştü
ilə söhbəti bitirirdik. Haman
tamaşasonrası söhbətlərin dadı-duzu, estafeti
sonralar onun tərəfindən yaradılmış
"YUĞ" teatrına da keçdi. Bu
da təbii idi. Vaqif harda idisə o dad, o duz
orda olurdu. Unudulmaz insanlar, unudulmaz əhval-ruhiyyə... Bu gün mən o söhbətlər və
oradakı ünsiyyət üçün çox qəribsəmişəm.
Onların hər biri bitkin bir dərs idi.
Mən Vaqifin "Dədə Qorqud"la bağlı
böyük təşəbbüsünü sonralar,
özü də yavaş-yavaş mənimsədim və qəbul
etdim. Amma bu o
zaman baş verdi ki, Vaqif artıq bu təşəbbüsü
irəli sürməkdən uzaqlaşmışdı, onun
"Dədə Qorqud" dərsləri bitmiş kimi idi. Və bu zaman artıq mən onu öz "cazibəmə"
salmışdım. Mən artıq "Dədə
Qorqud"a yalnız məhdud dilçilik rakursundan
baxmırdım. Semantik dərinlik,
strukturalist yanaşma, psixoloji nüanslar, məntiq və
alogizmin "ərazi" yayqınlığı və sərhədlərinin
bir-birinə keçməsi məni get-gedə daha çox
maraqlandırırdı. Vaqif "Gizli Dədə
Qorqud" adlı mənim bir neçə kitabda üzə
çıxan yeni elmi istiqamətimi, bu istiqamətdən
doğan mətləbləri yüksək dəyərləndirmişdi,
bu barədə məqalələr yazmışdı. Öz teatrında müzakirələr təşkil
etmişdi. Vaqif "Gizli Dədə
Qorqud"dan sonra ləngiməyib "Casus" adlı pyesimin
peşinə düşmüşdü. Onu
Azdramada səhnəyə qoymuşdu. O, çox dəyər
verdiyi "Yarımçıq əlyazma" romanını
rus dilinə tərcümə etmişdi. Özü
də görkəmli rus filosofu, münəqqidi Lev Anninskinin
dediyi kimi o bu işi virtuozcasına görmüşdü.
Vaqif "Dəvə yağışı"nı
ayrı-ayrı variantlarda artıq özünün
yaratdığı "YUĞ" Teatrında səhnəyə
qoymuşdu. Eyni zamanda o, Gənc Tamaşaçılar
Teatrında "Unutmağa kimsə yox..."a rejissorluq edirdi. "Bir-iki, bizimki..." adlı pyesimə
YUĞ-da unudulmaz quruluş verirdi. Tbilisidə
"Bir-iki, bizimki..."ni Azərbaycan Dram
Teatrında tamaşaya qoyan məşhur gürcü rejissoru
Kapanadze ilə dəfələrlə bu pyesi müzakirə
edirdi. Estoniyada "Kim dedi ki, Simurq quşu var imiş?!"
pyesimin quruluşuna rəhbərlik edirdi. Bütün
bunlar azmış kimi, dilçiliyin populyarizasiyasına həsr
olunmuş "Dilçiliyə səyahət" (dilçi
olmayanlar üçün dilçilik) əsərimi YUĞ-da
hamıya oxutmuş, bütün tanıdıqlarına təbliğatını
aparmış, sonra da teatrda müzakirəsini təşkil
etmişdi.
Estoniyadakı tamaşa üçün mən
birbaşa Vaqifə borcluyam. O öz eston dostlarına mənim
"Kim dedi ki, Simurq quşu var imiş?!" pyesimi verib onlara
öz vətənlərində məhz bu pyesi səhnələşdirməyi
məsləhət görmüşdü. Rejissorluğuna
da gənc Gümrahı uyğun görmüşdü. Özü isə tamaşanın bədii rəhbəri
olmuşdu.
Mən Vaqifin quruluş verdiyi və hamı tərəfindən
eksperiment adlandırılan səhnələri izlədikcə,
onun şərhlərini, passajlarını dinlədikcə,
sözün əsl mənasında, yeni bir teatr aləminə,
yeni bir teatr estetikasının içinə
düşdüyümü hiss edirdim. Hiss edirdim və anlayırdım ki,
ümumiyyətlə, tamaşa təkcə aktyorların səhnədə
bir-birinə dedikləri mətndən ibarət deyil. Tamaşa mətnin özü boyda, bəlkə də
ondan da böyük mətnaltıdan ibarətdir. Teatr artıq yavaş-yavaş mənim
üçün gözəl qadınların və
yaraşıqlı, gözəl kostyumlu, rəngbərəng
qalstuklu kişilərin toplaşdığı yerdən
gözəl duyğuların, incə hisslərin
toqquşduğu məkana çevrilirdi. Vaqifin
"eksperimentlər"i məni digər tamaşalara da bu
cür yanaşmağa, onları da anlamaqla yanaşı, həm
də hiss etməyə (!) sövq edirdi.
Vaqiflə ardıcıl təmas məndə qəribə
bir öncəduyumun baş qaldırmasına səbəb
olmuşdu. Mən
qəflətən inanmışdım ki, öz balaca
otağında qarşımda oturub tünd "Maxorka"
siqaretlərini bir-birinə calayan, sözlə yox, gözlərilə
sənə "səni anlayıram" deyən bu arıq və
cılız, gənc mədəniyyət fədaisi bizim
çoxumuzun intuitiv olaraq gəlişini hiss etdiyimiz təntənəni
bizə nə vaxtsa yaşadacaq. Bu eksperimentlər boşuna
getməyəcək və biz "Dədə Qorqud"un layiqli səhnə təcəssümünü,
nəhayət, görəcəyik. Vaqif
böyük bir sıçrayış üçün
artıq özünü öz gördüyü yüksəklikdən
atmışdı. Bizə - onu sevənlərə
isə bu sıçrayışı ancaq gözlərimizlə
müşahidə etmək qalırdı.
Yalançı təvazökarlığı bir kənara
qoyub deməliyəm ki, Vaqif də mənim simamda öz layiqli
pərəstişkarını tapmışdı. Müzakirələr
zamanı əsas etibarilə, bir-birimizi dəstəkləməyimiz,
teatrdan kənarda - çayxanalarda, yeməkxanalarda söhbətlərimiz
bizi bir-birimizə çox
yaxınlaşdırmışdı. Ümumiyyətlə,
onu qeyd eləmək vacibdir ki, Vaqif istənilən mövzuda
aparılan söhbətdə əvəzsiz tərəf-müqabil
idi. Söhbətin şirinliyini təmin
etməyin ustası idi. Məncə, o buna
özünün klassik üsulu ilə nail olurdu. Vaqif qarşısındakı həmsöhbəti nə
söyləyirdisə, onunla qeyd-şərtsiz razı olurdu.
Razı olandan sonra, o da ola bilirdi ki, Vaqif
onun dediklərinə əks bir fikri irəli sürsün, ona
etiraz etsin. Bu çox maraqlı və hardasa
"hiyləgər" bir üsul idi. Söhbəti
ələ almaq üçün gözəl bir fənd idi.
Söhbətin "ayrı-ayrı operalardan" olan
calaqları (söhbət isə Dədə Qorquddan
Stanislavskiyə, oradan antik mədəniyyətə, oradan rus ədəbiyyatına,
oradan Nəsimiyə, Füzuliyə, Xətaiyə, oradan
Üzeyir Hacıbəyova keçə bilirdi) bu şəkildə
bir-birinə üzvi şəkildə bağlanır,
bütün kəskin və qaranlıq bucaqlar bir də
görürdün ki, aydın şəkildə
cilalanırdı. Amma onu da demək olmaz ki, hər
hansı bir söhbət Vaqif üçün ancaq öz rahat
axarı ilə maraqlı idi. Onun da sonadək
razılaşmadığı məqamlar az
olmurdu. Bu zaman o, sakitcə çoxmənalı
bir "hm..." eləyib söhbətin istiqamətini
qarşıdakı maneədən yan keçirirdi. Bu nəhəng "gəmi" riflərlə,
aysberqlərlə heç zaman toqquşmurdu.
Vaqiflə görüşlərimiz daha çox kamera
üslubunda olurdu. Əlbəttə ki, onun teatrındakı
tamaşalardan sonra keçirilən müzakirələri nəzərə
almasaq. Bu teatrda onun balaca kabineti vardı.
Dörd-beş adamın güclə otura biləcəyi bu
otağa bəzən on beş adam (buraya
hökmən tamaşada iştirak edən aktyor və aktrisalar
da dəvət olunardılar) toplaşardı. Siqaret
tüstüsü, külqabıdakı cızdağı
çıxıb söndürülmüş siqaret
kötükləri, bunun ürəkbulandıran qoxusu,
amansız bürkü, amma bütün bunlarla yanaşı -
mənəvi ləzzət... Həqiqətən,
YUĞ bir bayram idi.
Bəzən tamaşa olmayan günlərdə də biz
Vaqiflə görüşürdük. Bu zaman haman
kamera dediyim üslubda ancaq ikimiz olardıq. Evə
çoxdan getməli olsa da (iş vaxtı bitmişdi) Vaqif mənimlə
gecə yarıyadək, hər ikimiz artıq yorulub söz
tapmayana qədər qalar, bütün müəmmaları həll
etməyə, labirintdən, əgər vardısa,
çıxış yolu tapmağa çalışardı.
Vaqif sanki səhərə qədər
maxorkanı maxorkaya calayıb, mənimlə üzbəüz
oturub, mənə qulaq asmağa hazır idi. Mən danışmaqdan yorulardım, o qulaq asmaqdan
yorulmazdı. Əgər soruşsalar ki, bəs
bu uzun-uzadı söhbətlərin mayasında, canında nə
dururdu, onların mənası nə idi, mən
ayrı-ayrı detalları xatırlamadan belə deyərdim.
Söhbətimizin canında onun gördüklərini
və mənim yazdıqlarımı təhlil etmək və
yeri gəldikcə bir-birimizə tərifləmək dururdu.
Özü də elə-belə tərifdən
söhbət gedə bilməzdi. Bu tərif
dərin əsaslandırılmış mülahizələrə
söykənməli idi. Və bu tərif
bizi yeni çalışmalara, yeni yaradıcı üfüqlərə
sövq edirdi.
Vaqif məni teatra bağlayan əsas qüvvələrdən
biri idi. Məni çox təşviq edirdi. Əlbəttə ki,
mən o zaman yatıb yuxumda da görməzdim ki, Vaqif nə
zamansa mənim pyesimə quruluş vermək istəyər.
Bu barədə bizim heç bir söhbətimiz
olmamışdı. Mənim o zaman ona belə
bir təklif etməyə cəsarətim çatmazdı.
Səmimiyyətlə deyim ki, bu heç mənim
ağlımdan da keçmirdi.
Hələ biz onun balaca otağında
qarşı-qarşıya oturmuşuq. O siqaretini tüstülədir,
mən isə danışıram. Vaqifə
danışdıqlarım o biri dostlarım Natiqlə, Vidadi ilə
söhbətlərimdə olan kimi sevgi macəraları deyildi.
Ona, deyəsən, dissertasiyamı, ədəbi-bədii
düşüncələrimi danışırdım. Məsələn, "Dədə Qorqud"da
sintaktik paralelizm hansı poetik dərinliklərə, hansı
fəlsəfi genişliyə çıxarır?! Vaqif çox maraqla qulaq asırdı. Təsəvvür edirsinizmi?! Bu təmiz
dilçilik məsələləri və onlardan doğan
dolanbaclı yollar ona çox maraqlı
görünürdü. Mənim özümə də
maraqlı olan və bir az da qəribə gələn
o idi ki, Vaqif bunları ciddi şəkildə qavramağa
çalışır...
Ümumiyyətlə, mən həmişə belə
fikirləşmişəm və bu fikri əlimdə bayraq kimi
tutmuşam ki, mənim işim yazmaqdı. Pyesi yazandan
sonra onun bir uşaq kimi qayğısına qalmaq - bu, artıq
mənim işim deyil. Yazdığım
pyes hansı rejissorun xoşuna gəlirsə, özü bilər.
İstər tamaşaya qoyar, istəməz, yenə
də özü bilər. Həsənağa
Turabov mənim əziz dostum idi. O zaman Azdramanın bədii
rəhbəri idi. İki gündən bir
görüşüb ya çay içirdik, ya da elə-belə
yeyib-içirdik. Bir-birimiz
üçün həmişə darıxmışıq.
O, teatrda nə istəsəydi, edə bilərdi. Mənim yalnız bir əsərim onun vaxtında
Azdramada səhnə üzü gördü. "Hərdən mənə mələk də
deyirlər" adlı pyesimi öz istəyi və təşəbbüsü
ilə teatrın rejissoru Əsgər Əsgərov səhnələşdirdi.
Mən Həsənağaya bir dəfə də
demədim ki, mənim o biri əsərlərimi niyə
tamaşaya qoymursan?! Nə o mənimlə,
nə də mən onunla bu barədə bir kəlmə də
kəsmədik. Halbuki, mənim Həsənağaya
ərkim çatardı bu sözləri deməyə. Nə
bu barədə ona dedim, nə də deməməyimdən
peşman oldum.
Bir sözlə, mənim tamaşasız, səhnə
üzünə həsrət dram
yaradıcılığım bir xeyli çəkdi. Lap axırda Vaqif Həsənağanı
nə şəkildə inandırdısa (Həsənağa
Vaqifə çox inanırdı) o, razılıq verdi ki, Vaqif mənim "Casus" pyesimi
Azdramanın səhnəsində Azdramanın aktyorları ilə
tamaşaya hazırlasın. İlk dəfə
idi ki, YUĞ-un bədii rəhbəri Azdramada tamaşa qoyurdu.
Həsənağa inanmışdı ki, bu
simbioz uğurlu olacaq. Əslində, həm
elə oldu, həm də elə olmadı. "Casus"un bir tamaşa kimi bəxti bir qədər
başqa cür gətirdi. Belə deyim, bəxti
həm gətirdi, həm də gətirmədi.
Vaqif elə
bir tamaşa hazırlayırdı ki, Azdramada, digər
teatrlarda, eləcə də bu teatrlara baxıb mədəni
dairələrdə, necə deyərlər, hamı
"Casus"un məşqlərindən
danışırdı. Azdramanın
aktyorları, məncə, nadir hallarda belə həvəslə
məşq etmişdilər. Əslində,
mənə indi də elə gəlir ki, onlar Vaqifin dəst-xətti
üçün susamışdılar. Tamaşaya
cəlb olunmayan aktyorların bir çoxu bu tamaşada rol almaq
üçün Vaqifə, Həsənağaya minnətçi
düşürdülər.
Hər
şeyin nizamla getdiyi son dərəcə ciddi
hazırlıqdan, ədəbi-bədii "ajiotajdan" sonra
biz "Casus"un başı
üstündə dumanlar dolaşdığının
şahidi olduq. Ona bir tamaşa kimi teatrın
repertuarına düşmək qismət deyilmiş. Sirri-xudamı?! Xeyir, sirri-bəni
adəm.
2001-ci ilin iyun ayı idi. 9 ay gərgin
çalışmalardan sonra, nəhayət, bizim
tamaşanın ictimai baxış günü gəlib
çatdı. Vaqif həyəcanlı olsa da bunu hiss
etdirməyə bilirdi. Elə təkcə
baxışdan əvvəl aktyorlara səhnə arxasında
müraciətlə söylədiyi emosional nitqi bundan xəbər
verir. Onun sözləri tamaşanın həm
sahibi, həm də xidmətçisi olan adamın sözləri
idi. Teatra aid nə varsa, ona təmənnasız
xidmətin nümayişi idi. O dedi:
-
Gözünüzə baxıb sizdən halallıq diləmək
istəyirəm. Tamaşa indi başlayacaq.
Mən hamınızın qarşısında
baş əyirəm, uğurlar diləyirəm. Siz peşəkarsınız, sənətkarsınız.
Dediyimi bu işığın qarşısında təkrar
edirəm: hamınızın peşəkarlığını
yüksək dəyərləndirirəm. Sənətinizi
sevirəm. Tərinizə qurban olum. Bu teatrda tər tökmüsünüz. Bu, müqəddəs tərdir. Bizim sənətimiz
nazirliklərlə-filanla yaşamayıb. O qutlu, peşəkar,
sənətini sevən adamların təridir buranı sulayan. Buna görə hamınızı böyük hərflə
sənətçi adlandırıram. Bu sənəti
yaşadırsınız. Ona görə
öpürəm sizi. Əlinizdən
öpürəm, ayağınızdan öpürəm.
Qurban olum sizə. Uğurlar olsun! İnanıram sizə. Halal edin!
Mədəniyyət
Nazirliyinin, cürbəcür teatrların nümayəndələrinin,
mədəniyyət xadimlərinin, jurnalistlərin, YUĞ-un
dostlarının iştirakı ilə baş tutan ictimai
baxış yüksək səviyyədə keçdi. Tamaşa böyük təriflərlə qəbul
edildi. Azdramanın bədii rəhbəri Həsənağa
Turabov tamaşaya yüksək qiymət verdi.
Hamı deyirdi ki, Azdramanın aktyorları
"qan elədilər". Əlabbas Qədirov (Salur
Qazan), Cəfər Namiq Kamal (Dədə Qorqud), Laləzar
Mustafayeva (Boğazca Fatma), Hicran Nəsirova (Burla Xatun), Sabir Məmmədov
(Şirşəmsəddin), Mətləb Abdullayev (Beyrək),
Məzahir Cəlilov (Aruz Qoca) bu tamaşada, sözün əsl
mənasında, tanınmaz olmuşdular. Dostum İlham Rəhimli
danışır ki, "Casus"un
qapalı məşqinə baxdıqdan sonra o, teatrın yeməkxanasında
Əlabbas Qədirova deyib ki, sənin indiyənədək bu
tamaşadakı rolun qədər maraqlı rolun olmayıb. Əlabbas Qədirov da onunla razılaşıb.
Hətta Əlabbas Qədirov ictimai baxışdan sonra
Vaqifin YUĞ-dakı otağında söhbət zamanı mətnə,
rejissor işinə, aktyorların oyununa yüksək qiymət
verərək tamaşanı "bənzəri olmayan
tamaşa" adlandırdı. Laləzar
"inanmazdım ki, nə zamansa belə oynaya bilərəm"
etirafında bulundu. Məzahir Cəlilov Vaqifə "siz
möcüzə yaratdınız" dedi. Amma sən
saydığını say...
Belə
bir müsbət enerjili ictimai baxışdan sonra labüd
şəkildə "Casus"un
premyerası olmalı idi. Premyera isə
olmadı. Niyə? Bunun
əsl səbəbini mən indiyənə qədər bilmirəm.
Dedilər, kənardan, hətta mədəniyyətə
siyasi rəhbərlik tərəfindən müdaxilə olub.
Guya deyiblər ki, bizə belə Dədə
Qorqud lazım deyil. Belə Salur Qazan - olmaz! Belə Burla
Xatun - ömründə olmaz! Bilmirəm, deyə
bilmərəm. Heç maraqlanıb məsələnin
kökünə getmək belə istəməmişəm.
Səmimiyyətlə deyim ki, Azdramanın səhnəsində
ilk və son dəfə ictimai baxış üçün
oynanmış və premyerasına qadağa qoyulmuş
"Casus" mənim üçün dəfələrlə
oynanıb "kökdən düşmüş"
"Casus"dan qat-qat maraqlı idi.
Mən tərəfdən təvazökarlıqdan uzaq da
olsa deməliyəm ki, Vaqif İbrahimoğlunun Azdramada
hazırladığı "Casus" tamaşası haqda indi
də əfsanələr gəzir. Və yeganə təsəlli
kimi onu deyə bilərəm ki, bu gün həmən
tamaşadan bizə, sadəcə, Vaqifin tələbəsi,
türkiyəli rejissor Rasim Aşının çəkdiyi
video qalıb.
Vaqifin "Casus" tamaşası Azdramanın
aktyorlarının sanki "pas"ını açdı,
onlar yeni teatr estetikasının astanasına gəldilər. Aktyorların
potensialı özünü aşkar şəkildə
göstərdi. Əlabbas Qədirovun (Salur
Qazan) yumoristik qatı bütün
çılpaqlığı ilə üzə çıxdı.
Laləzar xanımın (Boğazca Fatma) səhnədə
"şpaqat" getməsi tamaşaçını
diksindirdi.
Vaqifin tamaşanın sonuna əlavəsi isə (Gənc
Fatmanın "Bəraqcuq"
çağıra-çağıra səhnədən
keçməsi) yadıma düşdükcə məni indi də
romantik əhvala qaytarır.
Biz həmişə eşidirdik ki, tamaşaların, bədii
əsərlərin qadağan olunması ağır
repressiyalar dövrünün "yadigarıdır". Gözümüzün
qabağında dünyanın "düz-əməlli"
vaxtında "Casus"la bağlı bu repressiyanın
adı nə idi? Qadağan olunmuş tamaşanın bədii
dəyəri digər tamaşalardan aşağı deyildi ki,
yuxarı idi. İctimai baxış
iştirakçılarının tərif dolu
çıxışları bu gün də xatirələrdədir.
Bütün bunlarla yanaşı, "Casus" premyeraya qədər
addımlaya bilmədi. Bəs o zaman "Casus"
tamaşasından bizə qalan nə oldu?! Vaqifin
gözünün dərinliyindəki nur aktyorların
üzünə hopmuşdu. "Casus"dan qalan bu oldu.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2022.- 24
sentyabr.- S.16-17.