Diananın bədəninin dadı
Erotikasız erotika silsiləsindən
II esse
Kişi:
Geniş bir salon. Siyah bir masa. Bəyaz dondadır Qırmızı
taclı tanrıça.
Tanrıçanın qırmızı dodaqları gecəyə əsalət verir. Gümüşü başmaqları yaqutlarla
bəzənib. Al qırmızı yaqutlarla.
Qara başmaq və qara şalvar geyinmişəm. Onun əsalətiylə
uyum və duyumçün. Bəyaz köynəyimin
sinəsi ürəyimə
qədər açıq.
Səni ürəyimdə saxlamaqçün,
Taclı ilahə.
Stullar bəyaz geyindirilib. Şamdanlar gümüşü. Qırmızı şamların alovu Günəşin işığında
kölgələnir. Ayağa qalxırıq.
Baxışlar bir-birinə dolaşıb.
Yaxınlaşdıqca nəfəsimiz tutulur.
İki vücudda bir nəfəs. Bizim nəfəsimiz.
Baxışlar qopmur bir-birindən.
Bədənim U döngəsi çəkir
vücudunun ətrafında.
Daha sonra U hərfi sənin ətrafında yupyumru O-ya çevrilir.
Qollarım arasında qalırsan.
Əllərimiz və vücudumuz
eyni anda qovuşur. Qoşalaşan əllərimiz bədənində
gəzir. Tanqonun ritminə
uyğun sığal çəkir sənə.
Aram-aram. Sakitcə.
Həzin-həzin. Astaca. Üz-üzə gətirir əllərimiz
bizi. Gözlərim gözlərindən, gözlərin gözlərimdən
oxuyur hər növbəti hərəkəti.
Əllərimiz havada rəqs
edir qovuşaraq.
Bədənlərimiz yek vücud
və yek qoxuya çevrilir. Ayaqlarımız bir-birinin arasındakı
boşluqda ritm tutur. Ayağımı geriyə doğru
hərəkət etdirdikcə
sənin ayaqların ayağımda qıvrılır.
Dolaşma anında dodaqlarım alnına toxunur...
Qadın:
Başladıqmı? Başladıq, əzizim. Yaxınlaşdı beləcə mənə.
Yum gözlərini - dedi.
Tutdu əlimdən. Və bəyaz
libasımdan çəkdi
özünə. O çox
incə davranırdı
mənə. O çox
zərif toxunurdu. Özümü göy üzündə hiss edirdim
onun qollarında. Rəqs edirdik. Amma, nədənsə, bundan artığını
hiss edirdim. Sanki bir sərçə kimi süzürdüm səmada. Sanki sərxoş olmuşduq.
Sanki gözlərimiz əbədi yumulub hər şeyə, hər kəsə. Sonsuzluq üçün susmuşuq,
elə bil. Heç bitməyəcəkmiş kimi
rəqs edirdik. Onun varlığı, onun qoxusu, onun nəfəsi.
Əynimdəki bəyaz, atlas don hər döndüyümdə
ona dolanırdı.
Sutək
axırdım onun qollarında. Mənə sonsuzluq,
bitməyən gün,
bitməyən an, bitməyən
saniyələr bəxş
edirdi. Bu an bizim idi, sadəcə.
Dünya
hər kəsə dayanıb. İkimiz üçün dönür. Biz isə
dünyanın mərkəzində,
bir ruhda birləşmişdik...
Tanqo ən seksual, erotik rəqsdir. Cütlüyün xəyal gücü,
ehtiras və sevgisini birləşdirir.
Seksuallıq isə həm
də həzz almaqdır. Bəzən bir tanqo ən erotik poza və texnikalardan
daha dərinə nüfuz edir. Bütün vücuda yayılır, həzz verir və alır. Həzz almaq və vermək
seksual, cinsi azadlıq və sərbəstliyin əsas motividir. Bu gün
seksuallıq süni bir tale yaşayır.
Mutasiyaya
məruz qalıb.
Seksuallığın morfoloji jestlərini
süniləşdirən və
mutantlaşdıran transseksuallıqdır.
Belə bir proses yalnız anatomik dəyişikliklə
əlaqəli deyil, həm də cinsi laqeydliklə bağlıdır. Hava, su,
qida (bura zehni qidalar da
daxildir) və bədənlər protezləşmə
prosesi yaşayır.
Çünki protezləşmək modern bədənlərin taleyi,
alın yazısıdır
və transseksuallıq
isə tərifli, matah bir şeyə
çevrilib.
Seksual azadlıq
mifi estetik erotika gücünü itiribmi? Erotik fantaziya qadınlıq
və kişiliyin variasiyalarına adekvat olsa da, transseksual
mif dominantdır.
Canlı
və vizual pornoqrafik arsızlıq fantaziyanı, xəyal etmə, arzulama duyğusunu öldürür.
Transseksual bayağılaşma estetik erotikanı üstələyib. Sayca. Axı bu
gün transseksuallıq
transpolitik ironiya və laqeydlikdən qidalanır. Onlarca film və
serial adı çəkə
bilərəm ki, yerli-yersiz transseksual haraylar transpolitik formatdadır. Sadəcə,
bir örnək verim: "Spartak" serialında belə bu mövzuya geniş və mərkəzi yer ayırıblar. Gələk sualın cavabına
seksual azadlıq mifi estetik erotika
gücünü itirməyib.
Literatura
sərhədsiz və
plastik imkanları ilə bunu sübut
edir. Karlos Fuentesin "Diana" romanı qüsursuz nümunədir.
"Diana" romanı avtobioqrafikdir. Qırx bir yaşlı Karlos Fuenteslə 31 yaşlı Hollivud ulduzu, aktrisa Cin Seberqin gerçək,
yaşanılmış eşq
hekayəsi bir xəyal, illüziya kimi təqdim edilir. Axı "bütün sevgilər kimi həyatın özü də bir xəyaldır".
Hər ikisi evli olan
Karlos və Diana (Cin) necə olur ki, eşq
yaşayırlar? Arvadı ilə küsülü olan Karlos bir
müddət hoteldə
yaşayır, bu zaman Meksikada kino çəkilişlərində
olan Diana yazıçı
ilə tanış
olur və atəşin bir eşq başlayır aralarında.
Karlos Fuentes "Diana" romanında yeni erotik ərazilər kəşf edir. Bir çox səhnələrdə
erotikasız erotika yarada bilir: "Ağzımda şaftalı
dadı vardı... Digər gecələrdə Diananın
bədənində çiyələk,
ananas, portağal dadlarını kəşf
edəcək, uşaqkən
yalamaqdan ötrü ürəyim gedən dondurmaları xatırlayacaqdım.
Xüsusilə də Salamanka
dondurmalarında dünyada
tayı-bərabəri olmayan
Meksika meyvələri
sehrli qartopulara çevrilər və dilimizə, damağımıza
dəyəndə qüsursuzluğun
zirvəsində əriyər,
buxarlaşanda isə qoxuları ətrafa yayılardı. Diananın bədənində
tapmağı xəyal
edərdim uşaqlığımın
sehrli qoxuları və dadlarını".
Karlos
Fuentes bu və digər romanlarında daha çılpaq, pornoqrafik səhnələr
yaradıb. Ancaq açıq
erotikanı vermədən
erotika yaratmaq daha effektiv və
təsirlidir. Sirli, mübhəm
qalan məqamlar oxucu beynindəki erotik fantaziya və ehtiras illüziyasını gücləndirir.
Orqanik,
natural bir üslubda estetik tərbiyə və gözəllik duyumu aşılanır.
Diananın yeniyetməlikdən çıxıb
qadınlıq duyğusunu
daddığı ilk gecə
belə təsvir olunur: "Qəfildən dekabr gecəsi düşdü, mavi və bəyaz. Salonun tavanında bir dam pəncərəsi var idi. Arxaya söykənib buludları
seyr etdilər. Sonra bircə dənə də bulud qalmadı.
Yalnız Ay varıydı. Ay onları işığa qərq etdi. Ömründə ilk dəfə bir
kişi ilə xatircəm sevişmə yaşadı".
Karlos psixoloji və mənəvi böhranda olarkən Diana ilə tanış olduğu üçün
təəccüb, qorxu,
çaşqınlıq, sevinc,
həzz qarışıq
duyğular yaşayır.
Böhrana səbəb yalnız
şəxsi həyatı,
arvadıyla dalaşması
deyil. Bir gün hoteldən
çıxarkən gördüyü
qətliamdır. 1968-ci ildə Mexikoda tələbələr
kütləvi nümayişlər
edirlər. Hotelin qapısı ağzında
tələbələr Karlosa
yaxınlaşır və
qışqırırlar: "Sizi öldürürlər,
kömək edin, sizi öldürürlər".
Yəni gələcəyi, gəncliyi
məhv edirlər.
Belə ağır bir durumda müvəqqəti də olsa, Diananın
erotikasız erotikası
Karlosu ovudur. Diananın bədəninin hamarlığı
və üz cizgiləri ölkədəki
haqsızlıqlar qarşısında
aciz vəziyyətdə
qalan və xaricə gedənə kimi susmağa məcbur olan Karlos Fuentesi 2 ay ərzində özündən
qaçmağa yönəldir.
Yazıçı Roman Qari ilə
evli olan Cin Seberq isə
Karlosda dərin bir ehtiras tapır.
Bir-birinin yanından keçən
gəmilərə bənzəyir
Roman Qari və Cin Seberq evliliyi.
Sadəcə, göz qırpırlar,
ancaq əlaqə yarada bilmirlər. Ünsiyyət baş tutmur.
Ancaq dərin, nadir bir eşq yaşayır.
Fizikanın parametrləri metafizikanı
üstələyir. Necə? Platonik sevgi fiziki təmasda
durulur, saflaşır
və reallaşır.
Fuentes eşqin erotikada daha da gücləndiyini
göstərir. Haqlıdır. Hətta xalis erotik eşq transestetik və transseksual vəziyyət, xəstəlik
üçün də
dərmandır. Eşq hər
şeyin və hər kəsin yaddan çıxarılmasıdır.
"Eşq ərlərin,
arvadların, ataların,
anaların, uşaqların,
dostların, düşmənlərin
unudulmasıdır". Yaxşı-pis balansının pozulmasıdır
eşq. Eşq olmayan
bir ideala duyulan qızdırmalı
istək, arzu, ehtirasdır.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.18.