Dəmir pəncərələrdən
asma bağçalar seyrinə
Nazim Hikmət
-120
Görkəmli şair Nazim Hikmətin (1902-1963)
yaradıcılığı Azərbaycanla sıx
bağlıdır. Azərbaycan xalqı,
ziyalıları, şair və yazıçıları Nazim
Hikmət kimi tanınmış ədibin simasına münasibətdə
kommunist təbliğatının
daşıyıcısına deyil, uzun illər boyu
siyasi-ideoloji sərhədlərin ayırdığı
Türkiyənin ətrini, dilini, ruhunu bizə gətirən
bir böyük insana sevgisini anladırdı. Türkiyədə
qadağan olunduğu illərdə rəsmi Sovet
İttifaqının tərkibində olduğu
üçün Azərbaycan da Nazimi sovet siyasi məqsədləri
çərçivəsində qəbul edirdi... Həmin illərdə Nazim Türkiyənin,
türklüyün, türk dilinin simvolu idi. Nazimin ölməz şeirlərindəki
ayrılıq yanğısı və qəribsəyən
türk dilinin şirinliyi, cəlbediciliyi qandan, candan olan bir
yaxınlığı özündə yaşadırdı.
O illərdə
dünyanın əksər dillərində çap olunan pyesləri
türk səhnəsindən başqa, dünyanın bir çox səhnələrini gəzirdi.
"Dünyanı dolaşan bir Türkiyə
şarkısı" (Əziz Nesin) kimi Nazim Hikmət
Türkiyə - Vətən yanğısını həyat
sevinci ilə dolu misralarına hopdurmuşdu:
Ben bir
ceviz ağacıyım, Gülhane Parkı'nda
Ne sen
bunun farkındasın, ne polis farkında...
1927-ci ildən
Azərbaycana, paytaxt Bakıya sığınan Nazim Hikmətin
iştirakı ilə "Ədəbi gecələr"
keçirilir, şairin şeirləri "Maarif və mədəniyyət"
("Azərbaycan") jurnalında - "O divar" ¹3,
"Günəşi içənlərin
türküsü" ¹4-5, "Əsrin sərgüzəşti"
¹6, "Şərq-Qərb" ¹7-8, "Neftə
doğru" ¹9, "Neftin cavabı" ¹10-11, "Şərqli
və SSRİ" ¹12 və b. dərc olunurdu. 1928-ci ildə
Bakıda, Azərnəşr Süleyman Rüstəmin
redaktorluğu ilə şairin "Günəşi içənlərin
türküsü" adlı kitabını çap
etmişdi.
50-ci illər Nazim Hikmətin əsərlərinin daha geniş
repertuarını oxuculara təqdim etdi. "Azərbaycan"
dərgisində, "Ədəbiyyat qəzeti"ndə dərc
edilən yaradıcılıq materialları böyük maraq
və sevgi ilə qarşılanırdı. Şairin "Seçilmiş əsərləri"
ilk dəfə 1952 və daha sonra 1963-cü ildə nəşr
edildi. 1957-ci ildə ikinci dəfə
Bakıda olan Nazim Hikmətin yazıçı və şairlərlə,
tələbələrlə görüşləri və bu
görüşlərdə səsləndirdiyi şeirləri
böyük sevgi ilə qarşılanır, şairin ədəbi
həyatında da silinməz izlər qoyurdu. Nazim Hikmət
heyranlıqla: "Azərbaycan dilindəki şeirlərim
türkcədən daha gözəl səslənir" - deyə
şirin Azərbaycan türkcəsindən aldığı
zövqü təsdiq edirdi.
Nazim
şeir oxuyurdu,
Dəniz kimi dalğalanan bir salonda.
Şeir dəniz
qoxuyurdu,
Şeir həsrət
qoxuyurdu,
ümid,
arzu, bir də Vətən
Qoxuyurdu...
(Arif Abdullazadə)
Nazim Hikmətin sevgi dolu nəfəsiylə süslənmiş
Azərbaycana həsr olunmuş şeirləri,
xalqımızın mədəniyyətinə dair məqalə
və xatirələri də Azərbaycan ədəbi
mühiti, oxucusu üçün maraq doğurur və sevgi ilə
qarşılanırdı. Azərbaycan şair və
yazıçılarının bir çoxu ilə şəxsən
dostluğu, onlarla yaradıcılıq əlaqələri
Nazim üçün də, xalqımız üçün də
türklüyün yaşayan səsi, nəfəsi idi. Bu keşməkeşli tarixləri özündə
yaşadan bu nəfəs, xalqın Nazim Hikmət sevgisi və
Nazim Hikmətin simasında Türkiyəyə olan sevgi
heç tükənmədi, daha yaşarlı və
güclü oldu.
Tənqidçi,
publisist, filologiya elmləri doktoru Azər Turanın qeyd etdiyi
kimi, "Sovetlər dönəmində Azərbaycanın efir
məkanında Türkiyə türkcəsini maneəsiz təmsil
edən yeganə səs Nazim Hikmətə məxsus idi və...
Nazimin bizim üçün doğma və
canlı türkcəsini-səsini lentə alıb əbədiləşdirən
"Nazim Hikmət qalaktikası" kitabının müəllifi
professor Aqşin Babayev" olmuşdu.
"Nazim
Hikmət" (Bakı, 1978), "Nazim Hikmətin
yaşamı" (Berlin, 1989), "Nazim və Azərbaycan"
(İzmir, 2012), "Nazim Hikmət qalaktikası" (Bakı,
2016) kimi monoqrafik əsərlərin, onlarca məqalənin
müəllifi olan nazimşünas alim-yazıçı
Aqşin Babayev ədibin "Seçilmiş əsərləri"ni
(2009) nəşrə hazırlamış, "Ceviz
ağacı" pyesini şairin həyatına həsr etmişdi.
"Seçilmiş əsərləri"ndəki
ön sözün müəllifi isə Xalq
yazıçısı Anar idi.
Təsadüfi
deyildi ki, 2002-ci ildə Nazim Hikmətin 100 illiyinə həsr
olunmuş Beynəlxalq Nazim Hikmət Simpoziumuna qatılacaq
isimlər sırasında Xalq yazıçısı Anar,
Aqşin Babayevin adı ön sırada idi.
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin
öyrənilməsi sahəsində xüsusı xidmətləri
ilə yadda qalmış görkəmli şərqşünas
alim, Nazim Hikmət və Yaşar Kamalın
yaradıcılığının pərəstişkarı
olan Qədir İsmayılov da müasir və klassik türk ədəbiyyatının
tədqiqatçılarından biri idi. Azərbaycan-Türkiyə
ədəbi əlaqələri onun elmi
araşdırmalarının mərkəzində duran mövzu
olmuşdur. Türkiyə ədəbi mühitini
ardıcıl olaraq öyrənən, sovet rejiminin qadağa
illərində xüsusi mühafizə fondlarında
saxlanılan Türkiyə mətbuatından əldə etdiyi
materialları kataloqlaşdırıb elmi tədqiqatlar
üçün zəngin informativ baza yaradan Qədir
İsmayılov F.Köprülüzade, A.Qaraxan, A.S.Levend,
A.Tanpınar, N.S.Banarlı, A.Kabaklı, C.Yenerin
yaradıcılığı ilə yaxından tanış
idi, Namik Kamal, Yaşar Kamal, Əziz Nesin və b.
yaradıcılığına dair maraqlı
araşdırmalar aparmış, müasir türk ədəbiyyatına
dair onlarca ciddi elmi yükü olan irihəcmli məqalələr
yazmış, türkiyəli yazarlardan çevirmələr
etmişdi. Böyük türk şairi Nazim Hikmətin
şəxsiyyəti və sənəti də Qədir
İsmayılovun qardaş Türkiyə ədəbiyyatının
nümayəndəsi kimi diqqət mərkəzində idi.
Təsadüfi deyil ki, Nazim Hikmətin əsərlərindən
ibarət "Günəşi içənlərin
türküsü" kitabını da Qədir
İsmayılov tərtib etmişdi. Kitaba
"Kərəm kimi" başlıqlı ön sözün
müəllifi isə Xalq yazıçımız Anar idi.
Sonralar Nazim Hikmətin həyatı və
yaradıcılığına həsr olunmuş eyniadlı
358 səhifəlik kitab Ankarada, "Bengü"
yayınları tərəfindən nəşr olundu.
Vaxtilə Nazim Hikmətin ilk kitabı Türkiyədən
öncə Azərbaycanda nəşr olunduğu kimi, Anarın
da böyük şairə həsr olunmuş "Nazim Hikmet. Kerem gibi"
kitabı İmdat Avşarın türkcəyə çevirməsində
Azərbaycandan əvvəl Türkiyədə işıq
üzü gördü. Kitaba şairin Türkiyədə
çap olunmamış məqalələri ilə
yanaşı, həyatı və sənəti haqqında
yazıları, M.Rəfilinin, Ə.Nazimin, S.Vurğunun,
S.Rüstəmin, R.Rzanın, M.Dilbazinin, N.Rəfibəylinin,
B.Vahabzadənin, Qabilin, X.Rzanın, M.Arazın, və b. ona
ithaf etdiyi şeirlər daxil edilmişdi. Kitab haqqında
Türkiyədə "Hürriyyət", "Milliyyət",
"Cümhuriyyət", "Zaman", "Yeni
Şafaq" qəzetlərində, "Kardeş kalemler"
və bir sıra başqa dərgilərdə geniş
materiallar dərc olunmuşdur.
Nazim Hikmət yaradıcılığı, Nazim Hikmət
şəxsiyyəti həmişə Anarın da maraq dairəsində
olub. Anar
uşaqlıqdan anası, Xalq şairi N.Rəfibəylinin ona
sevə-sevə oxuyaraq sevdirdiyi "Koroğlu" dastanı,
Nazim Hikmətin şeirləri, xüsusilə də
"Günəşi içənlərin
türküsü", "Dədə Qorqud", Füzuli,
Mirzə Cəlil Anarı yetişdirən ən önəmli
qaynaqlar olmuşdu. İllər boyu Nazim Hikmətin Moskvadan toy
günü vurduğu teleqramdakı: "Gənclərə
dünyada ən çətin şey olan xoşbəxtlik diləyirəm"
- sözlərini "Günəşi içənlərin
türküsü"nün nisgilinə qataraq qəlbində
yaşada-yaşada türk dünyasının ədəbi
körpülərini yaradıcılığı boyu öz mənəvi
dünyasında qovuşdurmuşdur.
Türkiyədə keçirilən Nazim Hikmət
Simpoziumunda iştirak edən Anar gəncliyindən sevdiyi bu
türk şairi ilə bağlı xatirələrini də
bölüşmüşdü. Lakin Nazim Hikmətlə
bağlı onun doğma yurdunda bir iz görmədikdə
mütəəssir olan Anarın düşüncələrini
Doç. Dr. Betül Coşkun "Baküden İstanbula:
Bir Azeri Yazarın Kurgusal Yolculuğu" başlıqlı
yazısında Türkiyə türkcəsində belə
anlatmışdı: "...İstiklal caddesini, Qalatasaray
körpüsünü, modern mahalleleri, kuhne
çarşıları, geniş sokakları, dar alanları
dolaştım. Ne Nazim Hikmet kuşesi
gördüm, ne Nazim Hikmet meydanı, ne heykeli
açıldı İstanbulda, ne muzesi. Şairin adına ne okul var, ne kütüphane, ne park, ne
tiyatro... Uzaktan bir gemi keçer, Nazim Hikmet
gemisi. Sovyet gemisi!". Bu sözlərdə Anarın türk şairinə
olan məhəbbəti ilə yanaşı, Nazim Hikmətin Vətən
dərdinə, qərib taleyinə qarşılıq bir nisgil,
yanğı hiss olunurdu.
Qəriblik...
Anar yazırdı: "Mən bunu, 1993-cü ildə 7 ay
Türkiyədə yaşadığım zaman özümdə
hiss etdim. Türkiyə bizə yaxın ölkədir, demək
olar ki, doğma dilimizdir, orada mənim çoxlu qohumlarım
var, bütün bunlara baxmayaraq Azərbaycan üçün
çox darıxırdım, elə nostalji hisslər
keçirirdim ki, mən Nazim Hikmətin Moskvada nə çəkdiklərini,
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə
hiss etdiklərini indi başa düşürdüm. Vətən yenə Vətəndir. "Gecə
düşüncələri"ndə mənim belə bir
misram var: "Xoşbəxtlik özün kimi öz vətənində
olmaqdır. Çünki vətənində
olmaq və özünü itmiş bilmək də çox dəhşətlidir".
Nazimi "kommunist" edən Anadolu mənzərələrini,
haqsızlıq və ədalətsizlikləri önə
çəkən Anar müsahibələrinin birində
"Anadolu insanının çilesi Nazımı kommunist
olmaya yönetti. Nazım, büyük hayallerle Sovyetler
Birliği'ne geldi. Ancak aradığı
romantizmi bulamadı. Nazım Hikmet, Türkiye'de
komünizmin simgesi (rəmzi-Z.Ə.) olduğu yıllarda bizim
için, Sovyetlerde yaşayan Türkler için,
Türklüğün ve Türkiye'nin
simgesiydi" deyə düşüncələrini
bölüşürdü. Anar türk oxucusuna, Türkiyə
ədəbi mühitinə çatdırmağa
çalışırdı ki, Nazim Hikmət yalnız
Türkiyənin deyil, bütün Türk
dünyasının, hətta dünyanın böyük
şairlərindən biridir.
Beləcə,
hələ sovet dönəmində yerli mətbuatda Kərəm
yanğısı ilə Nazim Hikməti təbliğ etməkdən
başlayaraq, Türk dünyası Yazıçılar
Birliyinin qurulmasının sevincını yaşamasına qədər
uzanan yaradıcılıq yolunda Anar "türkün söz
varlığını" həm Azərbaycan, həm də
Türkiyə mətbuatında həssas yazıçı qələmi
ilə, sevə-sevə tərənnüm edir,
tanıdırdı.
Anar özünəməxsus üslubda qələmə
aldığı bu əsərdə Nazim Hikmətlə
bağlı bir çox məsələləri obyektiv şəkildə,
şairin özünü həm sənətkar, həm də
şəxsiyyət kimi, ideoloji məyusluqları ilə birlikdə
təsvir etməyə nail olmuşdur. Anar tərənnüm
etdiyi Nazim Hikmət adlı böyük obrazı
"gözüylə görür, əliylə tutur, nəfəsini
hiss edirdi".
Türk
dünyası üçün geniş maraq doğurmuş bu
nəşr "Dədə Qorqudsuz, Yunus Əmrəsiz,
Füzulisiz, Üzeyirsiz türk dünyası
olmadığı kimi, Nazim Hikmətsiz, Qara Qarayevsiz də
türk dünyası yoxdur" - deyən Anarın ən
böyük xidmətlərindən biri idi.
Nikbin
şair!
Didərgin,
İtkin
şair!
Səksən
beş azdır, çox az,
Keçəcək
neçə qış, neçə yaz:
"Bir
aşk masalı"na dönəcəksən.
Zümrüd
quşu kimi
İstanbula enəcəksən.
Və
Nəsillər
deyəcək:
Adı
ölməz,
Odu
sönəz, Üzü dönməz
idi
Nazim!
Ey gidi
Nazim...
(Vilayət Rüstəmzadə)
Nobel
mükafatı laureatı Pablo Nerudanın "Nazimin
yanında biz şair deyilik" ifadəsini diqqətə
çəkən Anar, o illərdə Nazimin Türkiyədən
gəlmiş ilk türk kimi Sovetlər birliyinin bütün türk xalqları -
tatar, qırğız, qazax - tərəfindən sevildiyini və
bu sevginin həmin xalqları birləşdirdiyini
yazırdı. Amma Nazim Hikmətin daha bir böyük sevgiyə
də ehtiyacı vardı: Nəriman Həsənzadə xatirələrinin
birində şairin: "Kaş türk xalqı Səməd
Vurğunu Azərbaycan xalqının sevdiyinin yarısı qədər
məni sevəydi..." - deyə bu həsrəti necə dilə
gətirdiyinin şahidi olduğunu yazır (Ə.Q., 1982, 15
yanvar).
Səməd Vurğun və Nazim Hikmət - Hər iki
şair sosialist realist sənət anlayışını
"Fərhad və Şirin" adlı əsərlərində
əks etdirmiş, xalq qəhrəmanı "Fərhad"
obrazını ön plana çıxarmışdır. İki şair, iki sevgi... Şairlərin temperamentindən,
böyüdüyü mühitin mədəniyyətindən və
yaşadıqları dövrün siyasi hadisələrindən
irəli gələn fərqliliklər hekayənin elementlərində
dəyişikliklər yaratdı. Türkiyəli
araşdırmaçı Ayşe Ulusoy Tuncel hər iki əsəri
müqayisə edərkən yazır ki, Nazim Hikmət bu əsəri
ilə insanlıq sevgisini cəmiyyət sevgisi ilə birləşdirmək
istəyirdi. Ona görə də Nazimin bir
qədər özünə bənzəyən Fərhad
bütün çətinliklərə rəğmən gələcəyə
ümidlə baxan bir şəxsiyyətdir".
Zamanlar və əsrlər dəyişdi; veriləcək
bütün suallara cavab hazırlayan ideologiyaların artıq
cavab verə bilməyəcəyi bir sıra yeni suallar, problemlər
ortaya çıxdı. İdeologiyaların məhv edildiyi,
ideoloji sədlərin aradan qaldırıldığı bir
dövrdə keçmişdə baş verən hadisələri
daha obyektiv qiymətləndirmək vaxtı yetişdi. İnsanlıq və cəmiyyət sevgisinin
qovuşacağı körpülərdə bir Nazim Hikmət
sevgisi yaşayacaqdır.
Və
artıq saçlarımızı alışdıraraq,
gecənin evində yanğın çıxaracağıq:
Uşaqlarımızın
başlarıyla sındıracağıq
Qaranlıq
pəncərələrini!..
Və
bizdən sonra gələnlər
dəmir
pəncərələrdən deyil,
Asma
bağçalardan seyr edəcək
Yay
axşamlarını, yaz gecələrini...
(Nazim Hikmət)
Bu il, 2022-ci ildə Nazim Hikmətin 120 yaşı
tamam oldu. Üzümüzə gələn il
2023-cü ildə Türk dünyasına Nazim Hikmət
sevgisini, həsrətini anladan Xalq yazıçımız
Anarın 85 illik yubileyini qeyd edəcəyik. Nazim
Hikmətin də, Anarın da
yaradıcılıqlarının bədii-fəlsəfi mahiyyəti,
tarixi-publisistik informasiya yükü, ədəbi-ictimai
mühitləri qovuşduran və bəşəri dəyərlərə
söykənən insanlıq fəlsəfəsi türkdilli
xalqların ədəbi əlaqələrinin aparıcı və
ilhamverici qüvvəsi kimi dəyərlidir.
Vətəndən
uzaqlarda,
Vətənini
sevə-sevə,
Vətənin
bir parçasına döndü,
Onun
iftixarı oldu - deyərlər
Türkiyənin
dünyaya axışıb dolan
ən
böyük şairi oldu - deyərlər.
Məmləkətindəyəm,
Nazim...
(Arif Abdullazadə)
Zakirə ƏLİYEVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.22-23.