Alfa Kentavr B
Hekayə
Dörd ildir ki, liseydə çalışıram. Həyəcanlı,
gərgin, stresli, maraqlı günlərim keçib burada.
Şagirdlərim - balabilgələr başqa
heç bir məktəbdə görməyəcəyimiz tipdədir.
Nə dövlət məktəbi şagirdi
kimidirlər, nə də özəl məktəb şagirdi
kimi. Nə özbaşınalıqları
var, nə də fağırlıqları. Orta xətdə, orta tempdə,
ağıllı-kamallı uşaqlardır. Dedim axı,
streslidir həm də. İki il əvvəl
aprelin 27-ni bir şagirdimin - İsanın intihar xəbəri
ilə açmışdım. Əvvəl
yuxu, sonra zarafat olduğunu düşündüyüm bu xəbər
dəqiqləşəndə bütün heyət olaraq
hamımız çökmüşdük. Dəfndə, ondan əvvəl və sonrakı hadisələrdə
o qədər ağladıq ki, axırda gözümüzdə
su qalmadı. Ağrımız keçdikcə
bəzi məsələləri yenidən götür-qoy etməyə
başladım. Səhvimi,
düzümü axtarmağa çalışdım.
Özümü həmişə şagirdlərin dostu
bilmişəm, xoş münasibətim olub, mən
uşaqlara, onlar da mənə səmimi olublar. Ailələrindəki
problemlərini, sevgilərini, dostluqlarını, düşmənliklərini,
qorxularını bilmişəm. Amma son
günə qədər İsanın nə dərdi olduğunu
bilmədim. Hətta bir gün əvvəl
siniflə yığışıb yeməyə gedəcəyimizi
belə planlaşdırmışdıq. Təəssüf
ki, nə intiharın səbəbini bildim, nə də kömək
edəcək bir yolum oldu.
Bu acı hadisədən sonra şagirdlərlə əvvəlki
səmimiyyətim, dostluğum da azaldı. Eləcə dərsimi
deyib, tapşırığı yoxlayıb
çıxdım. Uşaqlarla filmlərdən,
bədii əsərlərdən, sənətdən, musiqidən
danışmadıqca dərsim özümə də
sıxıcı, darıxdırıcı gəlməyə
başladı. Bir ili beləcə
başa vurdum.
Bu tədris
ilinin əvvəli ilk günü keçən il
dərs dediyim sinfə girdim. İndi 10-cu sinfə keçən
uşaqlar tətildən şən, günəşdə
yanıb qaralmış, bir az da tətilin
bitməsi ilə yaranan kədərlə liseyə
qayıtmışdılar. Bu kədərin mənbəyi
əksəriyyətdə tətilin bitməsi ilə
bağlı idisə, Şərifdə fərqli bir
üzgünlük var idi. Tənəffüsdə
Şərifi dəhlizdə söhbətə tutdum. Nə səbəbə üzgün olduğunu
soruşdum. "Eh, heç nə"
deyib söhbəti dəyişmək istədi.
- Nədir,
eşqə düşmüsən? - zarafatla soruşdum.
- Hardan
bildiniz, ay müəllim?
- Təxmin
etdim, ən böyük ehtimal budur, - təxminimin
tutmağı özümü də heyrətləndirdi, -
liseydə oxuyur?
- Yox, ay
müəllim, uzaqdadır, çox uzaqda, - yuxarı baxdı.
Aldığı şairanə
görünüşü ilə əynindəki çox
böyük köynəyi heç uyğun deyildi. Həmişəki şən, deyib-gülən,
"avara" Şərifin indi də nəsə oyun
oynadığını düşündüm.
- Nə qədər
uzaqda ola bilər ki? Get danış da.
-
Danışıram da, müəllim.
- Bəs
nədir problemin?
-
Görüşə bilmirik.
- Niyə?
-
Uzaqdadır, müəllim, çox uzaqda, - deyib yenə
gözünü yuxarı qaldırmaq istəyirdi ki,
başının arxasından yavaşca vurdum.
- Artist, nə
qədər uzaqdadır ki?
- Dörd
tam onda beş il.
Şərifin
zarafat etdiyini dəqiqləşdirmişdim:
- İllə məsafə təzə çıxıb
da, hə?
Dörd tam onda beş il nədir? Harada yaşayır?
- Ay
müəllim, heç olmasa, siz eləməyin də.
Heç kim ciddi qəbul etmir məni. Hamı elə bilir uydururam. Dörd tam onda beş il aralıdadır məndən.
- Dörd
tam onda beş il neçə milyard
kilometrdir, nə danışdığının fərqindəsən?
- Bəli,
müəllim, bəli. Alfa Kentavrda
yaşayır.
- Ha-ha-ha.
Yaxşı. Danışarıq,
- deyib Şərifdən ayrıldım. Bunun
hələ də bir zarafat olduğunu
düşünürdüm.
Pilləkənə yaxınlaşdıqca Şərifin
üzüntülü şəkildə həmin yerdə
qaldığını, fikirli-fikirli mənə
baxdığını gördüm. Bu baxışlarda
"siz də mənə inanmırsızsa, nə edim?"
var idi. Geri qayıtdım. Onun qolundan
tutub "gəl bufetə, bir normal danış görək, nə
baş verib" dedim.
Bundan sonrasını Şərif mənə
danışdı. Arada keçid verib öz şərhlərimi
əlavə edəcəyəm, qalan hekayə isə Şərifin
başına gələnlərdir.
***
Tətilə çıxdıqdan sonra evdə çox
sıxılırdım. Gündüzlər isti olduğundan
çölə də çıxmaq mümkün deyildi.
Təkcə axşamları dostlarla
görüşmək üçün fürsət
yaranırdı, bir neçə gündən sonra onlar da
rayona, bağa, xaricə istirahətə getdilər. Mən qaldım tək. Başımı
qatmaq üçün kompüterimə təzə oyunlar
yüklədim. Bir-bir oyunların "dadına
baxıb" yenisinə keçirdim.
Qarşıma "Starway" oyunu çıxdı. Son vaxtlar
heç görmədiyim tərzdə bir qrafikası vardı.
Oyunda hər bir xarakter hansısa planetin, asteroidin, ulduzun və
s. adı ilə bağlı idi. Oyuna kiçik
asteroid kimi başlayırsan. Özünə
uyğun və səndən kiçik olan göy cisimləri
ilə toqquşmalı, hesablamanı düzgün aparmalı,
parçalanmadan böyüməlisən. İlk
baxışda sadə görünsə də, hər
toqquşmadan əvvəl qarşı cismin həcmini və
kütləsini hesablamaq, zərbə nöqtəsini dəqiqləşdirmək,
m1 və m2 arasındakı məsafəni, onların
qravitasiyasını nəzərə almaq, zərbənin
gücünü dəqiq bilmək, öz hərəkət
oxundan minimum uzaqlaşmaq, bu toqquşmadan sonra başqa cisimlə
toqquşma ehtimalını təxmin etmək və s. kimi uzun
bir oyundur. Həm fizika, həm riyaziyyat, həm
astronomiya bilmək lazımdır ki, oyunda mərhələ
keçəsən. Bir də digər
oyunçularla mesajlaşma bölməsi var. Açıq
oyunda, adətən, qarşı tərəflə
söyüşürsən.
Bir gün oyunda olarkən mənə mesaj gəldi, lakin
mesajı ciddiyə almadım. Çünki
yalnız iki simvoldan ibarət uzun bir şey
yazılmışdı. Daha sonra gün ərzində
həmin qeydiyyat adı görünməyən oyunçudan
bir mesaj da gəldi. Yenə cəmi iki
simvol və uzun bir mesaj. Bu dəfə də
ciddiyə almadım.
Axşam yemək yeyərkən atam dərslərimi
soruşdu. Tətil
olduğunu deyib söhbəti dəyişmək istəyirdim
ki, kursda niyə qeydiyyatdan keçmədiyimi dedi. Yenə tətil
olduğunu dedim. Atam hər il tətildə
getdiyim liseyin STEAM təliminə bu il niyə
yazılmadığımı, niyə tənbəllik etdiyimi
soruşdu. Müəllimim keçən il
magistr təhsili üçün Estoniyaya getmişdi, o
gündən bu kursa getmək həvəsim
ölmüşdü. Həmin gün atamın
saatlarla davam edən təkidi ilə razılaşdım.
Səhəri kursa getdim.
Əvvəlcə qeydiyyat, iki gün sonra ilk dərs və
çeynənmiş say sistemləri mövzusu ilə start
verdik. Dərsdəki hər kəs mövzunu bilsə də,
müəllim həvəslə danışmağa davam edirdi.
Mən ikilik say sistemi ilə mətn kodlaşdırıram,
şəklin, mahnının kodunu çıxarıram, bu isə
hələ də mənə 10-luq sistemdən 2-lik sistemə
keçidi öyrədir.
Dərsin sonuna yaxın daha çox sıxılmağa
başlamışdım. Axırda müəllim hər kəsdən
doğum ilini ikilik say sistemində göstərməyi istədi.
Mən 2007-i çevirib 11111010111 kimi yazdım.
Bu sıxıcı rəqəmlərə
baxa-baxa dünən mənə gələn mesajı
xatırladım. İcazə alıb tez evə
qaçdım. Kompüteri yandırıb
oyuna girdim. 3 gün əvvəl mənə
gələn qəribə mesajla 11111010111 arasında
bağlılıq var idi. Hər ikisi eyni məntiqlə
yazılmışdı.
Bu formada qəribə bir mesaj idi. Burada cəmi
iki simvol təkrarlanırdı. Kodları
1 və 0-la əvəz etdim. Bildiyim
bütün üsullarla oxumağa çalışdım.
Bunun nəsə bir mesaj olduğunu bilirdim.
Amma heç cür oxunmurdu. İnformasiyanı
emal etmək üçün nə qədər
çalışsam da, kodu aça bilmirdim. Axırda qərara gəldim ki, mən də ona mesaj
göndərim. Həm bizim dildə, həm
də ingiliscə "salam" yazıb, koda çevirib
göndərdim. Heç 30 saniyə
keçməmiş cavab gəldi. Bu
cavabı da oxuya bilmədim. Estoniyadakı
müəllimimə yazdım, kodları oxumaq
üçün kömək istədim. Mənə
link göndərdi. Dediyinə görə,
bu proqramı bir neçə tələbə
hazırlayıb. Çox sürətlə
informasiya çevirir, üstəlik, mətn, şəkillə
yanaşı, videonu da kodlaşdıra bilir.
Mənə gələn mesajları 1-0-a
çevirmişdim, həmin kodları daxil etdikdə heç
nə yaranmadı. Ən son göndərdiyi mesajı ikilik
sistemlə yazıb saytda yoxladım. Ən
qəribəsi də burada idi - kod şəklə
çevrildi. Şəkil mənim heç
vaxt görmədiyim, təxminimdən çox uzaq bir yeri təsvir
edirdi. Qatı toz buludunun içində qəribə
tikililər və ardında parlaq işıq vardı. Bu şəkli quqlda axtarışa verdim. Heç bir alternativi yox idi. Mən
də bu qəribə dostuma şəkil göndərmək qərarına
gəldim. Əvvəl öz şəklimi
seçdim, sonra pəncərədən həyəti çəkib
göndərmək istədim, ən sonda keçən
qış Şahdağda çəkdiyim şəkli göndərməyi
planlaşdırdım. Koda çevirdim və
yolladım.
Axşam şəkillərlə mesajlaşmağa
başladıq. Bir şey dəqiq idi ki,
qarşımdakı kimdirsə, o da kodlaşdırmanı
yaxşı bilir və mənim göndərdiyim kodları
oxuya bilirdi.
İlk göndərdiyi şəklin qeyri-adi mənzərəsi
haqqında danışmışdım. Bu mənzərənin
haradan olduğunu dəqiqləşdirmək istəyirdim, amma
bu barədə soruşa bilmirdim. Elə
ünsiyyətimiz formalaşmamışdı, daha çox sadə
"salam-sağol" formasında söhbətləşirdik.
Beləcə, günlərlə mesajlaşdıq. Mən hər
dəfə ona öz şəklimi göndərib izahlar versəm
də, o daha çox əlləri ilə emosiyalarını
ifadə edir və beləcə ünsiyyətimiz davam edirdi.
Az qala hər gün söhbət edirdik,
özümüzə uyğun anlayışlarımız var
idi. Mən hisslərimin ifadəsi
üçün, əvvəlcə, lalların əl işarələrindən
istifadə etdim, lakin qarşımdakının bunu
anlamadığını gördüm. Ona
görə ilkin anlayışları yenidən yaratdıq.
Əli yuxarı qaldırmaq salamlaşmaq idi, "necəsən"
demək üçün əlimizi geniş açıb
yuxarı qaldırırdıq, yumruq sıxma
"yaxşıyam", əli 45 dərəcə tutub
yarı bükülü saxlamaq "belə də"
anlamına gəlirdi. Bu müddət ərzində
heç birimizin kefi pis olmamışdı deyə, ona
uyğun reaksiyamız da yox idi.
Bir gün ondan şəklini göndərməsini istədim. İlahi, bu nə
idi?! Bu nə gözəllik idi?! Həyatım boyu belə bir insan görməmişdim.
O qədər parlaq üzü var idi ki... Qısa
saçları, iri gözləri... dik burnu... Heç bir millətə
oxşamırdı... Ümumiyyətlə yerli
deyildi. Boynu həddən artıq uzun idi.
Almacıq sümüyü demək olar ki, yox idi... Bütün bu fərqliliklər onu həddən
artıq gözəlləşdirirdi.
Xeyli düşündüm. Görəsən, mən
kiminlə danışıram? Bu
adamdırmı? Haralıdır? Bəlkə yadplanetlidir? Bu
sualı verəndə gülümsədim, "o qədər
də yox" deyib fikrimdən çıxarmaq istədim.
Amma alınmadı. Ondan
haradan olduğunu soruşdum. Sualımı
anlamışdı, təəccübümü də başa
düşmüşdü.
Şəkillə mənə toz buludu və buludun
içində iki zərrəcik göstərdi. Bu toz buludunun
qalaktika olduğunu görmək elə də qəliz deyildi.
Bir sonrakı şəkildə həmin zərrəciklərin
daha böyük çəkilişini göndərdi, burada
üçüncü xırda ulduz da görünürdü.
Şəkil ardıcıllığı ilə
ulduzlardan birinə yaxınlaşdı. Bu
ulduzun ətrafında dönən planetlər var idi. Sonra həmin planetlərdən birinə
yaxınlaşan şəkil, oradan başqa təsvirə və
toz buludu içində mənə ilk göndərdiyi şəklə
keçdi.
Artıq hər şey dəqiq idi, yadplanetli ilə
danışırdım.
- Bu
varlıq hansı qalaktikadandır?
- Bilmirəm.
- O bu
oyuna necə girmişdi?
- Bilmirəm?
- Bu oyunda
niyə məhz mənimlə danışmışdı?
- Bilmirəm.
- Bu
tanışlıq necə davam edəcək?
- Bilmirəm.
Özümü xeyli sorğu-sual etdikdən sonra qərara
gəldim ki, heç olmasa onun olduğu qalaktikanı, ulduz
sistemini tapım. İnternetdən kosmik xəritələrə
çıxdım. Bu iki böyük ulduz
və xırda üçüncü ulduzun Alfa Kentavr ulduz
sistemi olduğunu öyrəndim. Qısaca
Alfaken adlandırırlar. Alfaken A, Alfaken B,
Alfaken C və ya Proksima adlı üç fərqli ulduzdur.
Alfaken B ulduzunun ətrafındakı planetlərdən
biri mənim təzə tanışımın məskəni
idi. Alfa Kentavr B ulduzu bizdən 4.4 işıq ili uzaqlıqdadır. Bu məsafə təxminən
42 trilyon km-dir. 42 trilyon... Mən, övladım,
nəvəm, nəticəm, kötükcəm ömür boyu
yol getsək, bu məsafəni qət edə bilmərik.
Mən də ona öz yerləşdiyimiz planeti göstərdim,
Süd yolunun, Günəş sisteminin, Yerin, Azərbaycanın,
sonra da məhəllənin şəklini göstərərək
harada yaşadığımı bildirdim. O da çox heyrətlənmişdi.
Təəccüblənəndə o qədər
qəribə görünürdü ki.
Onun hər bir reaksiyası bizdən çox fərqli
idi. Mən heyranlıqla onu izləyirdim. İlk dəfə idi bu hissləri belə dərindən
yaşayırdım. Deyəsən, mən
ilk dəfə sevməyə başlamışdım.
Ona hisslərimi aydın ifadə edə bilməməyim
xaricində hər şey yaxşı gedirdi. Tez-tez əlimlə
ürək tutub ona atırdım. Hər dəfə
mənasını soruşurdu, ona sevgimi izah etmək
üçün filmlərdən kadrlar seçirdim. Qız-oğlanın baxışma səhnələrini
göndərirdim, başa düşmürdü. Bir dəfə
ona "Süd yolu ilə" filmindən Monila
Belluççi ilə Kusturiçanın öpüşmə
səhnəsini göndərdim, gözləri o qədər bərəldi
ki, az qala çıxıb çöldə
dayanmışdı.
Yenə də o, heç nə başa
düşmürdü.
Amma bu hekayə mənim üçün sevgi hekayəsi
deyildi, bu həm də qeyri-adi bir yenilik, elm idi. Bütün
suallara cavab idi, başqa planetlərdə canlıların
olmasına sübut idi. Kainatın tək
insan məskəni olmamasının göstəricisi idi.
Amma nə olsun? Heç kim
- heç bir kəs dediklərimə inanmadı. Əvvəlcə
atama danışdım, kompüterdə az
vaxt keçirməli olduğumu dedi. Sonra anama
danışdım, oyunların başımı xarab etdiyini
dedi. Dostuma danışdım, güldü, dedi ki, oyun
xarakteridir, normaldır hər şey. Bu günə qədər
heç kim mənə inanmır...
Son günlər ümumiyyətlə telefonla,
kompüterlə vaxt keçirməyimə də razı deyillər. Dərsimi
oxumalı olduğumu, xəyal dünyasından
çıxmalı olduğumu deyirlər.
***
Şərif o qədər danışmışdı
ki, artıq nəinki bütün dərs bitmiş, üstəlik,
evə getmək zamanları gəlmişdi. Beləcə,
həmin gün Şərifi yola saldım. Gedərkən
ona inandığımı, bu boyda hekayəni
uydurmadığını bildiyimi dedim. Söhbət
edərkən gözündəki işıq yenə yerini kədərə
buraxmışdı. Beləcə,
sağollaşdıq.
Gecə telefonuma gələn zəngə, o biri tərəfdə
qışqıran səsə oyandım. Şərifin
atası idi. Məndən uşağa
örnək olmağımı, valideynin işinə dəstək
verməyimi, Şərifdən bu səfsətəni
unutmağı istəməyimi tələb edirdi. Yarıyuxulu idim, üstəlik, şagirdimi valideynin
yanında olsa belə, üzüstə qoya bilməzdim.
Valideyninə
məsələnin dərində olduğunu, ətraflı
söhbət etməli olduğumuzu dedim. Uzun-uzun
danışdıq. Ətrafdakı səslərdən
əvvəlcə dəhlizə
çıxdığını, sonra həyətə
düşdüyünü anladım. Təklikdə
olduğunu yəqinləşdirdikdən sonra dedi:
- Müəllim,
mən Şərifə ilk gündən inanmışam. Bizə heç vaxt yalan danışmayıb. Bu məsələni də Şərifdən xəlvət
araşdırmışam. Danışdıqları
həqiqətə uyğun görünür. Amma onun hədəfləri var, o bizim nəslin -
atamın istədiyi kimi həkim olacaq. Şərif
də bunu istəyir.
Razılaşmadığımı dedikdə yenə səs
tonunu qaldırdı.
-
Uşaqdır, hələ qanmır. Bu məsələ
böyüsə, bütün həyatı məhv olacaq,
kimdir bizdə belə bir şeyə dəyər verən, elm
deyil, yaradıcılıq deyil. Çatda kiminləsə
danışıb, ola bilər ki,
danışdığı kimdirsə, oğlumla zarafat edir,
ola bilər ki, həqiqət belədir. Hər
halda bu məsələni nə qədər tez unutsaq, o qədər
yaxşıdır.
Söhbətimiz belə də bitdi. Kompromis əldə
olunmadı.
Ertəsi gün Şərif məktəbdə yenə
dalğın idi. Yaşadıqları o qədər qəribə
idi ki, belə böyük hadisələrin içində
gündəlik həyatı, məişəti çox bəsit
qalırdı.
Növbəti günlərdə bir daha bu söhbəti
etdik, Şərif hər şeyi unutmaq istəyirdi. Hər
şeyin boş olduğunu deyirdi. Üstəlik,
atası bütün məsələni
araşdırmış, Şərifi də
inandırmışdı.
Atasının dediyinə görə, Şərifin
qoşulduğu oyun İngiltərədə - Londonda idarə
olunurmuş. Oyunu quranlardan biri təsadüfi
iştirakçılar seçib onlarla belə bir oyun qurub.
Oynayanlardan bir neçəsi ikilik say sisteminə uyğun
kodların mənasını başa düşüb. Bu zarafatı hər detalına qədər fikirləşən
admin Şərif kimi bir neçə şəxsə
qarşı sona qədər gizliliyini qoruya bilib, hətta
atasının dediyinə görə, o kimdirsə, məhkəməyə
belə veriblər.
Bu söhbətə mən inanmasam da, Şərif
inanmışdı, bəlkə də inanmaq istəmişdi.
***
Hadisədən günlər keçib. Artıq 15
gündür ki, bu söhbəti nə Şərif, nə də
mən xatırlayırıq.
Bu gün
isə Şərif mənə zəng edib təcili
görüşməli olduğumuzu dedi, bazar günü olsa
da, görüşməyə razılıq verdim. Cəmi 20 dəqiqə
sonra "20 Yanvar" dairəsindən bir az
aşağıda görüşdük.
Şərif o qədər həyəcanlı idi ki. Nə olduğunu
soruşanda:
- Yalan
deyilmiş, müəllim, - dedi, - o var imiş. Alfakendə
- B ulduzunun ətrafında, elə mən dediyim planetdə
yaşayırmış.
Həyəcanını
bir az da boğub davam etdi:
- Müəllim,
günlərdir oyuna girmirdim, axır ki, bu gün kompüteri
açıb daxil oldum. Mənə nə qədər
mesaj göndərib. Əvvəlcə kodlarla, sonra isə...
Sonra isə ingiliscə salam yazıb.
- İngiliscə yazıb və sən hələ də
onun yadplanetli olduğunu düşünürsən?
-
Haqlısız, əvvəlcə mənə də elə gəldi.
Yazdığını görəndə
atamın dediklərinin necə düz olduğunu
düşündüm, amma sonrakı mesajları oxuduqca
yanıldığımı anladım. Deməli, müəllim,
mən ona öz qalaktikamızın, planetimizin şəklini
göndərmişdim axı...
Yazır ki, mənim göndərdiyim planetin harada yerləşdiyini
tapıb, üstəlik, internetlə bizim haqqımızda məlumat
da toplayıb.
- Və
ingiliscə... - yenə kinayəli dedim.
-
Yaxşı, əvvəl onu izah edim. Ümumiyyətlə,
gəlin əvvəldən izah edim. Onların
da planetlərində bizdəkinə bənzər internet var,
amma çox güclüdür və onlar interneti öz planetləri
üçün paylamırlar. Kosmik səyahətlərə
çıxan, başqa qalaktikalara gedən sakinləri belə
bu internetə rahatlıqla qoşula bilirlər. Texnikaları, texnologiyaları bizdən
çox-çox güclüdür.
Tam təsadüf
nəticəsində o bizim internetə qoşulub, necə
olduğunu heç kim bilmir. Zamanda səyahət kimi bir şey olub. İnternet keçidi yaranıb və o mənim
oynadığım oyuna daxil olub, amma bunun nə olduğunu
özü də başa düşməyib. İlk başlarda bu işin bir zarafat olduğunu
düşünüb, sonra mənim yadplanetli olduğumu dərk
edib. Sonra da mən bir neçə gün
oyuna girmədikdə axtarmağa başlayıb. Dediyim kimi texnologiyaları çox
güclüdür. Asanlıqla bizim planeti
tapıb, hətta buradakı insanların ünsiyyət vasitəsini,
ən geniş yayılmış dilin ingiliscə olduğunu
görüb. Qısa zamanda ingiliscə səlis
danışığı da öyrənib. Və bu mesajları da mənə ingiliscə yaza
bilib.
Dediyinə görə onlarda ömür elə də
uzun olmur, mənimlə söhbətə
başladığından bu günə qədər həyatının
4-də 1-ini yaşayıb. Başa düşürsünüz,
cəmi 1 il filan yaşayırmışlar.
Bizim uzunömürlülüyümüz onda təəccüb
doğurub. Amma deyəsən, bu heç də
yaxşı xəbər olmaya bilər. Çünki
planetlərində kimsə bu barədə xəbər tutsa,
bizim planetə araşdırmaya gələcəklər.
Bu araşdırma çox təhlükəli nəticələrə
gətirib çıxara bilər. Ona
görə də, bir daha oyuna girməmək, bizim planet
haqqında başqa heç kimə məlumat verməmək qərarına
gəlib və mənə mesajları yazıb oyundan
çıxacağını qərarlaşdırıb.
Lakin bir neçə dəfə tədqiqat
aparanda onu görənlər olub. Dediyinə
görə, artıq planetlərində qərara gəliblər
ki, 3 nəsil sonra bizə qonaq gəlsinlər.
- 3 nəsil?
- Hə,
cəmi 3 il.
Sonra da günlərlə gözləyib, məndən
cavab gəlmədiyi üçün oyundan çıxıb. İndi ona
heç nə yazmaq olmur. Görünmür.
Şərif danışdıqca sakitləşdi,
söhbət edə-edə liseyin qarşısına kimi gəldik. İndi nə
etməli olduğumuzu düşündük. Qərarlaşdırdıq ki, inanmasalar belə, bu
barədə internetdə yazmaq lazımdır. Ən azından qonaqlarımızı
"yaxşı" qarşılamalıyıq. Bəlkə də, xoşluqla onların zəkasını
istifadə edə bilərik, onlara da lazım olan uzunömürlü
insan DNA-sını verə bilərdik. Beləcə,
xeyli danışdıq. Ən sonda:
- Hə,
beləcə, o qız sənin ilk və son eşqin oldu? - soruşdum.
- Aaa, əsas məsələni deməmişəm
ki, - dedi. O qız deyilmiş, oğlan da deyilmiş.
Deyir, bizim planeti araşdırdıqdan sonra göndərdiyim
şəkillərin mənasını başa
düşüb. Onlarda sevmək, sevilmək, qarşı
cins deyə bir şey yox imiş. Təkcinsli
imişlər. Hər biri
yaşadığı müddətdə 2, ya da 3 dəfə
övlad dünyaya gətirirmiş. Orqanizmdə
yetişir və övladı göbəklərindən toxum
boyda olanda çıxarırmışlar. Sonra onu böyüdürmüşlər. Bizdəki kimi ailə anlayışları da yoxdur, hər
biri fərd kimi yaşayır. Bilgilərinin
böyük hissəsi genetik kodlarla yeni nəslə
keçir. Başa düşdüyümə
görə, heç doğduqlarına da sevgi bəsləmirlər.
Bunu təbii proses kimi yaşayırlar.
Hələlik bu qədərini bilirəm. Dahasını
bilmək üçün ən azı 2025-ə qədər
gözləməliyik.
- Gözləyərik,
- dedim.
Söhbətimizin axırına yaxın Şəriflə
marketdən su almağa getdik. Adama bir dənə 0,5
litrlik qazlı su alıb çölə çıxdıq. İçə-içə sağollaşdıq.
Şərif yenə inanmışdı, amma mən
hansına inanmalı olduğumu bilmirəm, içimdəki
şübhələr məni yeyib-bitirir. Yəqin ki, bu
şübhələr 3 ildən uzun çəkməz.
ADƏM (Nizami Hüseynov)
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.24-25.