Əvvəlkilərin sonuncusu,
sonrakıların birincisi
İbrahim İlyaslı şəxsiyyəti və
yaradıcılığı - şeirləri, publisistik məqalələri,
tərcümələri və təbliğ etdiyi dəyərlərin
cəmi ilə Azərbaycan ədəbiyyatının milli-mənəvi,
dini-ürfani sahələrində müstəsna fəaliyyəti
olan ziyalıdır. O, əsərlərində hətta qələm adamları
arasında da çoxunun bilmədiyi və ya yanlış
bildiyi bilgiləri yenidən, düzgün dəyərləndirən,
şüurda, qəlbdə, həyatda, dildə yeniliklər edən
şairdir. Zamanı bugünə tətbiq etmək,
insanın ideyalarını, arzularını və xəyallarını
təkmilləşdirmək, insanlığı
dünyanın alt qatından alıb, üst qatına qoymaq,
onu həqiqətə hazırlamaq missiyası ilə
yaşayır və çalışır.
Hər bir qələm adamı yazdıqları ilə
vardır - necə deyərlər, sözü nədirsə,
özü də odur. İbrahim İlyaslının şair kimi bir cümlə
ilə tərifini vermək gərəkirsə, təxminən
bütün yaradıcılığını oxuyan biri kimi
belə deyərdim: İbrahim İlyaslı əvvəlkilərin
sonuncusu, sonrakıların birincisidir. O mənada ki, şairin əsərləri
mahiyyətcə kamil bir insanı təqdim edir. Oxuduqca sanki
qarşında "İlk adım Yunus idi, adımı
aşık takdım, Terk etdim ud u edeb şöyle haber bırakdım" deyən Yunus Əmrənin
xələfini görürsən. Yunus Əmrə
deyirdi ki, "adını dəyişməyənlər həqiqət
yoluna gəlməyiblər". İbrahim İlyaslı
da həqiqət yolunun yolçusudur, o, əvvəl
özünü haqq sahibindən soruşur:
Tanrım,
görən mən kiməm,
Nəçiyəm bu dünyada? -
Bir
payı quru torpaq,
Üç
payı su dünyada!
Adım
Peyğəmbər adı,
Özüm
adi bir adam.
Bir də
bu adilikdən
Bezib çıxan fəryadam.
Bu
misraları oxuduqca fikirləşirsən ki, görəsən,
şairi səsləyən sələfi və ya həqiqət
yolunun yolçularından biri, bir qərinə də ötədən
Mövlana Cəlaləddin Rumi ola bilərdimi?!
Əlbəttə, onlardan biri idi. Məncə, İbrahim İlyaslı ikinci dəfə
elə bu səsdən doğulub. Çünki Yunus
Əmrə deyirdi ki, "İki dəfə doğulmayanlar əslində
ölüdürlər!".
Yenidən
doğulan, yeni yola çıxan şair haqq yolu olan şəriət,
təriqət, mərifət yolunu keçir və həqiqəti
bulur (bilir):
"Yox"dan
yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən
sağı getdikcə, sol məni getdi,
Axır
ki, sol nədi, sağ nədi, bildim.
İbrahim İlyaslı, budurmu qanmaq? -
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı
buluncaymış fələyi danmaq, -
Bildim nahaq nədi, haqq nədi, bildim.
O, kəmdən-boldan,
sağdan-soldan gedərkən, oddan keçib nəhayət ki,
iç dünyası ilə tanış olur, özünə
üz tutur: "...Divarların bu üzündə,/Qismətim qubardı mənim./Hər yan
gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim".
Dünyanın halını dünyanın sahibinə
al-qana büküb yellərlə göndərmək istədiyi
ürəyi ilə təqdim edir. Qafillərin eşitmədiyi
bu şəfqətli çağırış sadə
olduğu qədər də möhtəşəm bir bədii
dil və ifadə ilə elan olunur. Ruhani hisslərin və
ehtirasların təzyiqi altında əzilsə də, nəhayət
ki, çətin yolları keçən şair yeni
adını təqdim edir: "Şəkillənir qələmimdə/Doğulmamış
bir adam./Mən şair deyiləm, yavrum,/
Mən bir dəli rəssamam".
Mənalar baxımından bir-birinə çox yaxın
olan bu şeirlər təriqətə girən şairin
bütün mənəvi dərəcələri tamamlayanadək
etdiyi ruhi səyahətlərin bədii təsviridir.
Şair "Minacat divani"sində ruhi səyahətlərilə
birgə bizə günahlardan bağışlanma yolunu da
göstərir. Allaha tapınıb günahını
etiraf edir. Öz xoşu ilə cəza istəməklə
bunu bacaracağımızı deyir:
...Halallıqla
haqqa varmaq qəsdim oldu dünyada, -
Nəfsim çəkdi imtahana imanımı, - düz
deyim.
...Tapındığım
Adın oldu, tanıdığım kərəmin,
"La
İlahə İlləllah!"dı
cövhərində zərrənin.
Günahlardan
yan ötmədim, ver cəzamı birə min,
Könlüm evi abad olsun, can evimə döz deyim.
Bu misralar
insanı öz könlü ilə tanış
edir, nəfsi ilə barışdırır. Burada
özündən yıxılanların ayağa qalxması
Haqqa və həqiqətə oyanmaqdan keçir. Özünə söykənib qalxmağın da bir
yolu olduğunu deyir şair, - o, Haqqın qapısından
keçməkdir. Şair yenə də
Yunus Əmrə dərsindən yola çıxaraq yol azıb
yıxılanların dostu olur. Yolda
qalanlara Eşqin, məhəbbətin, abadlığın
ünvanını göstərir.
Bunun
ardınca "Cazibəndə dövrəkaram, təcəllana
mailəm, // Varın, yoxun könlümcədi,
şükür Sənə! - qailəm" - deməklə
bizə Mövlana fəlsəfəsini xatırladır, əsl
dinin sevgi və bilgi, varlığın Haqq və həqiqət
olduğunu, şükürün isə könül xəzinəsi
olduğunu xəbər verir.
Şairin
"Dan üzünün türküsü" şeirini bu
fikirlərin davamı olaraq təhlil edərkən onun növbəti
ruhi səyahətinin əsrarəngiz təqdimatı ilə
tanış oluruq - "Azan"dan öncəki sükut
alatoran dünyamıza işıq salır:
Hələ
alatorandır, açılmayıb dan üzü
Mübarək bir sükut var şəhərin göylərində.
Allahu
Əkbər! - deyib güllənir tər qönçələr,
Tanrı təcəlla edib səhərin göylərində.
Dərin
yuxuya dalıb yerdə nə ki canlı var,
Yarpaqlara sərilib yamyaşıl rənglər yatıb.
Açıb
qapılarını göylər azan səsinə,
Bir ahəngə köklənib, cümlə ahənglər
yatıb.
Sonra
"Azan"ın ahəngi səba yeli kimi ruhumuza dolur, ürəyimizi
açır, bilmədiyimiz, görmədiyimiz səhərlərdən
xəbərlər gətirir. Bu xəbərlərlə
eşitməyən qulağımız eşidir, görməyən
gözümüz açılır, hüzünlü qəlbimiz
şad olur. Bu səs bizə bütün dünyada
haqqı həqiqətən sevənlərin bir vaxt bir araya gələcəyi
fikrini də öyrədir...
İbrahim İlyaslının könül səmasından
şeirlərə enən inancları çağlayan bulaq
kimi qəlb odumuzu söndürməkdə davam edir. O şeirlər ki, insanı
yaradılışının sirrini öyrənməyə
çağırır.
Sanki
insanın yaradılış tərkibindəki Torpaq ona torpaq
kimi səbrli olmağı; torpağın bitirdiyi
gül-çiçək ona gözəl xasiyyəti; hər
yaz yenidən dirilməsi Allaha təvəkkül etməyi;
barı-bərəkəti səxavəti, lütfü, xalqa təmənnasız
yaxşılıq etməyi; dünyasını dəyişənləri
qoynuna alması xalqının izzət və namusunu
qorumağı və s.; Su isə təmizliyi,
paklığı, hirsini sərinlətməyi,
günahını yuyub-axıtmağı öyrədir ki, bu
sifətlər də İnsan-Allah birliyi
görüşüdür. Təbii ki, bir də bu sifətlərin
əksi var ki, rüzigarın tərsinə əsdiyi dünya
halı - yalan, kin, nifrət, xəsislik, nəfs, təkəbbür,
şəhvət, tamah, paxıllıq və s. maddi bədənin
və ədəbi ruhun ziddiyyəti kimi insanda birləşib.
Torpaq və Su cənnəti təmsil edirsə, Od
və Hava (Yel) də cəhənnəmi təmsil edir.
Şair
bu ziddiyyəti "Müxəmməs"də belə təsvir
edir:
Tanrım, necə dünyan varmış? -
Nələr
qandım, nələr gördüm!
Bəzənən
quru budaqlar,
Doğranan düymələr gördüm.
Savaşlarda
qanım axdı,
Toylarında nəmər gördüm.
Bütün bu sifətlərlə yanaşı, Allah
insana ağıl və iman da verib. Ağıl Allahın əbədi
nurundan, iman isə Allahın hidayətinin nurundandır ki, bu
iki meyar insanın qurtuluşudur. Ağılla imanın
birləşdiyi qəlb sahibi isə elə bu dünyada ikən
hətta "cəhənnəm"də olsa belə öz cənnətini
aramağa başlayır - şairin dediyi kimi: "Oxusun
dostum-düşmənim,/Eşitsin
yaxınım-yadım:/İşıqda zülmət gəzmədim,/Zülmətdə
İşıq aradım".
Şeirlərindən də göründüyü kimi,
İbrahim İlyaslı sözlərdən abidə inşa edən
bir dil memarıdır. O, özü də bunu bildiyi üçün
müsahibələrinin birində qeyd edir ki, "Şeirimin
qoşa bulaqlarının biri İrfan bulağı, o biri də
Ozan bulağıdır". Elə bu fikrə əsaslanaraq
deyə bilərik ki, İbrahim İlyaslı eyni zamanda bir saz
şairidir. O, şeirlərindəki dərin mənalarla
yanaşı, həm də üslubu ilə xalq
yaradıcılığına söykənir. Şeirinin
verdiyi ilhamla saz dilə gəlir.
Mənim
səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə
qismət olan
Cahı-cəlalım, necəsən?
...Daşam
yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü,
könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
- deyəndə saz sözlə
danışır, göz gözlə görüşür. O
ruhani havaya düşənlər özünü unudub, onun
dili ilə onun danışdığı ilə
danışır. "...Sən qisas yeri deyilsən,/Aralıqda batar qanım./Bu dəfə mənə
rəhm elə,/Allahı sevərsən, xanım!" - deyərək könlü Tanrının olduğu
qədər də Tanrı bəndəsinin eşqilə təcəlliyə
məzhər olmayanlara bu dünyanın mənasız
olduğunu, o biri dünyanın ikilik dalğasından xilas
olmayanlara - birə qovuşmayanlara çətin
olacağını söyləyir.
Demək ki, İrfanın hikməti olduğu kimi
ozanın da dili var və dil hikmətin sirat
körpüsüdür. İbrahim İlyaslı bədii dili ilə
siratı keçib hikmətə varır. Onun şeirləri
süzülmüş bal, tortasız
yağ kimidir. Bu "bal", "yağ" həm
sözlərin bir qəlib kimi yerinə oturması, həm də
həqiqətin sirləridir. O sirlər ki,
Tanrının pıçıltılarıdır və
şair onları könül sazının dili ilə
şeirlərinə köçürür.
İbrahim İlyaslı özündən əvvəl gəlib,
görüb, bilənlər kimi gəlib, görüb, bilənlərdən
oldu. Gəlməyənlər görmədilər, bilmədilər
də təbii ki... gəlib, görüb bilməyənlər
isə özlərini tanımadan getdilər. Şair məhz
o gözlü-qulaqlı kor və karlara müraciət edir:
Matdım-matdım
nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər
sənin deyil,
Bə sənin nəyin var, nəyin?!
Şair özü isə bu məsələni
çoxdan çözüb. "Seyrangah"larda
öyrəndiklərini dərlərib-toplayıb dürləndirir.
Hamını öz ruhunu tanımağa
çağırır. Səsini
duymayanlara, yolda qalanlara baxıb başını bulayır.
"Düyün vurulmaz ilməknən,/YAZI
pozulmaz silməknən./Sənin azarın bilməknən,/Mənimki
bilməməknəndi". Bu misraları oxuyarkən
Sokratın məşhur deyimi yada düşür. "Bircə onu bilirəm ki, heç nə bilmirəm".
(Əslində bu fikrin orijinal tərcüməsi belədir:
"Mən onu bilirəm ki, heç nə bilmirəm. Başqaları isə, bunu da bilmirlər").
İbrahim
İlyaslının "Sarı çiçək"
şeirini Yunus Əmrənin "Sordum sarı
çiçeğe" şeiri ilə müqayisə etsək,
görərik ki, hər ikisi ağrı-acılardan, bəlalardan
bal şirinliyində çiçəklər toplayıb
könül gözəlliyilə misralarına
düzmüşlər.
Sordum
sarı çiçeğe,
Benzin neden sarıdır?
Çiçek
der ki; ey derviş,
Ahım dağlar eritir.
...Yine
sordum çiçeğe,
Gözün niçin yaşlıdır?
Çiçek
der ki; ey derviş,
Bağırcığım başlıdır.
...Yine
sordum çiçeğe,
Sizde ölüm var mıdır?
Çiçek
der ki; ey derviş,
Ölümsüz yer var mıdır? (Y.Əmrə)
***
İncədə
bir gözəl ağlar, -
Sarı
çiçək, sarıma, çiçək!..
Axşam
ağlar, səhər ağlar,-
Sarı
çiçək, sarıma, çiçək!..
O gözəli
sevdiyindən
Ayırıb atarlar oda.
Gözlərindən
enər dünya,
Dillərindən
qopar nida: -
Sarı
çiçək, sarıma, çiçək!..
Dili
dönməz qarğımağa
Düşmən olan doğmasını.
Sarı
güllərə qarğıyar,
Öldürüb,
saxlar yasını, -
Sarı
çiçək, sarıma, çiçək!.. (İ.İlyaslı)
Hansı
zamanda, hansı məkanda, hansı adla deməsindən
asılı olmayaraq, dünyanın bu iki "halal
adamı", həqiqət yolçusu bildirmək istəyir
ki, insanı xilas edən ancaq onun ədalət, şəfqət,
yaxşılıq, gözəllik və sevgi adlı sifətləridir.
İnsanlıq hissini, mənəvi dəyərləri
qoruyub saxlamadan, xoşbəxtliyi duymaq səadətinə nail
olmaq olmaz.
Haşiyə. Nəql olunur ki, bir gün, sonradan müəllimi olacaq
Tapduk Emre Yunus Əmrəyə deyir ki, təvazökar olmaq istəyirsənsə
"bilməm" zikrini et, bir müddət
günlük duan bu olsun. Yunus da o qədər
"bilməm" deyir ki, sonunda hər şeyi unudur.
Ondan sonra kim nə soruşursa "bilməm"
deyir. Axırda Yunusa biət verib Təkkəyə
qəbul edir. Tapduk əfəndi Yunusa
meşədən odun gətirməyi tapşırır.
Yunus odunları düz, səliqəli
doğrayıb gətirir. Müəllimi
deyir, nə gözəl, düz odunlar gətirmisən.
Yunus cavab verir: "Əfəndimin ocağına əyri
sığmaz!".
İbrahim İlyaslı bütün
yaradıcılığı ilə Mövlana, Yunus Əmrə
mürididir. Əfəndilərinin ocağına əyri (onlara
layiq olmayan) əsərlərlə girməz. Şairə görə poeziyada da irfanda olduğu
kimi həqiqət həqiqəti aşdıqda həqiqətdir.
O, çağdaş Azərbaycan ədəbiyyatında ədəb-ərkan,
üsul-ərkan münasibətlərilə, sevgi və hikməti
təlqin edən xüsusiyyətləri ilə seçilir.
Ömrünün 60-cı ilinə doğru gedən bu
müqəddəs yolda şairi öz sözü ilə,
Salamı-Haqqı, adil taxtı, mənəvi vaxtı ilə
salamlayırıq.
Külli-aləm
bir ola,
Bir anı əylədəmməz.
Vaxt bir
Allah görküdü,
Vaxta
Salam-Əleyküm!
Adilə
NƏZƏROVA
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.26-27.