Bir adilin hekayəsi
Qəribə başlanğıc
"Nəsimi" stansiyasına çatanda bezikmiş
bir adamın ufuldayaraq hərəkət etməsi kimi metro
vaqonunun qapıları fısıltıyla açılarkən
qonşumuz yadıma düşdü. O da nədənsə bezəndə
həmişə belə fısıldayırdı, deyinirdi
dodaqaltı. İndi haralardadı, neynir, deyə
düşündüm öz-özümə.
İlin-günün bu vaxtı ancaq yaydan-yaya
gördüyüm adam niyə
düşmüşdü ki, yadıma. Yəqin,
uzun müddətdir getmədiyim kəndə yaxınlaşarkən
nostalgik şeyləri xatırladırdı beynim.
Keçmiş insanın heç cür xilas ola bilmədiyi xəstəliyidi.
Amma bəxtin o zaman gətirir ki, xoşxassəli olsun xəstəliyin.
Bədxassəli oldusa heç nə...
"Azadlıq" metrosundakı kənd
dayanacağında dayanıb siqaret çəkirdim ki, kənddən
tanıdığım birinin mənə sarı
addımladığını gördüm. Salamlaşıb, bir az
söhbət etdikdən sonra dedim soruşum görüm, Adil
neynir. Ölmüşdü. Nə az, nə çox bir il də
keçmişdi ölümündən.
- Elə
dənizdə öldü - dedi mənim
soruşmağımı gözləmədən.
"Elə dənizdə öldü" sanki elə dənizdə
yaşayırdı, yaşamışdı, evi kimi olan bir yerdə
öldü, evində öldü demək istəyirdi bu
sözüylə. Hər ikimiz siqaretimizi ovcumuzda yağışdan
qoruya-qoruya dərin bir tüstü aldıq, sanki ciyərlərimizdən
çıxan tüstü bir daha amin deyirdi içimizdən
keçən rəhmət dualarına. Soyuq avtobusun arxa
oturacaqlarından birində özümə yer edib,
islanmış paltoma büründüm. Yenə Adil yadıma
düşdü, babam məni dənizə aparanda birinci dəfə
görmüşdük onu. Babam şezlonq axtarırdı, mən
də topumu qucaqlayıb düşmüşdüm onun
dalıyca. Adil bizi uzaqdan görüb qabağımıza
qaçıb, babamla görüşmüşdü. Babam əlini
onun çiyninə vurub - De görüm, bizə neçəyədi
"lejankaların" qiyməti, - deyə soruşmuşdu. O
da malının keyfiyyətindən əmin olan satıcı
kimi inamla gözlərini babamın gözlərini dikib - Qədeş,
sənə havayıdı, bidənə çubuş alarsan,
canıva dua eliyərəm, - demişdi.
Bununla da bu qəribə adamla
tanışlığımın əsası qoyulmuşdu, həmin
gün bizə 2 şezlonq gətirmişdi, babama ayrı, mənə
ayrı.
O gündən
bəri hər dəfə dənizə gedəndə
gözüm onu axtarırdı. Balacaboy, arıq, dərisi suda
qalıb çürümüş dəmir rəngində,
üzü həyatın möhkəm əllərində əzilmiş
vərəq kimi qırış-qırış... Bu adamı
harda görsəydim tanıyardım. Kimsə əziyyət
çəkirəm deyəndə o sözün fiziki tərcüməsi
kimi Adil gəlirdi gözümün önünə. Kənd
içində "lejanka" Adil adıyla
tanınırdı. Başqa kəndləri bilmirəm, amma
bizim kənddə eyni adda çox adam olanda hərəsi
öz peşəsinə görə ləqəb
alırdı. Adilin əslində bir peşəsi yox idi, sadəcə
yayda hər səhər hamıdan əvvəl oyanıb dənizə
gedirdi, orda dövlətə aid şezlonqlarının
üstünə paltarlarını atıb sonra isə
onları dənizə gəlib şezlonq tapmayanlara cüzi
ödəniş qarşılığında verirdi.
Kənd qəbiristanlığına çataçatda
avtobus boşalmışdı, bayaqki kəndçim düz
qabaqda dayanıb sürücüylə şaqqanaq çəkərək
nədənsə söhbət edirdilər. Yanlarına
yaxınlaşıb söhbətlərinə qoşulmaq fikrim
olmasa belə, düşmək üçün avtobusun qabaq tərəfinə
gəlmiş və istəmədən şərik olmuşdum
söhbətlərinə. Sürücü damağında
siqareti üzünü mənə çevirib dedi:
- Lejanka Adil hardan yadıva düşüb?
- Nə
bilim - deyirmişcəsinə çiyinlərimi çəkdim.
Bir neçə metr getmişdi ki, sürücü yenə
dilləndi:
-
Fağır axır vaxtlar lap itin zülmünü çəkirdi.
Elə ki, gün çıxdı
qaçırdı dənizə lejankaların üstünə,
bir zənbil də qarğıdalı götürürdü
satmaq üçün.
Elə bu
anda digər kəndçim söhbətə girişdi:
-
Qarğıdalını satmaq üçün hoqqa
çıxarırdı amma. - Sürücüylə bir-birinə
baxıb güləndən sonra sözünə davam elədi.
- Bir dəfə görürəm ki, uşaq əlində
qarğıdalı gəlir üstümə, dedim atam, kim verib bunu sənə, əliylə göstərib
dedi ki, orda dayanan əmi. Baxdım kim olsa
yaxşıdı? Bizim Adil. Fikirləşdim ki,
yaxınlaşım bir çox sağ ol deyim kişiyə,
baxma da pay verib uşağa. Yaxınlaşıb hal-əhval
tutub, çox sağ ol deyirdim ki, gördüm əlini
saqqalına sürtdü. Başa düşdüm ki, bu pay
deyil, lejanka Adilin fəndlərindən biridi, dedim nə qədər
borcluyam sənə? Dedi nə borc, a kişi,
bidənə çubuş alarsan, həll olar. Elə bir
çubuşun da pulunu verdim ona getdi...
"Bir çubuş alarsan" sözündən sonra
deyilən bütün sözlər boşluq idi, sanki heç
birini eşitmirdim, eşitsəm belə ağlım qəbul
eləmirdi. Tanış söz eşitmişdim və yenə illər
əvvələ qayıtmışdım. Birdən
avtobus dayandı sürücü:
- Kəndçim,
çatdıq qəbiristanlığa düşmürsən?
- deyə soruşdu. Cibimdən
qəpik çıxarıb yolpulumu verib düşdüm
avtobusdan.
Qəbiristanlığın içiylə ehtiyatlı
addımlarla irəliləyirdim palçığa batmamaq
üçün. Babamın qəbrinin üstünə
çatıb bir fatihə verdim. Sağa-sola
boylanıb molla axtarsam belə bir faydası olmadı. Bu ilahi nemət yağışdan qaçan
mollaların hamısı yəqin ki, məsciddə gizlənmişdilər.
Uşaqlıq xatirələrimin hamısında
babama aid nəsə vardı mütləq. Mən də hər dəfə bura gələndə
məzarın yanında oturub, uzun-uzadı söhbət edirdim
o xatirələrdən. Yenə eyni şəkildə
babamla söhbət edərkən söz gəlib
çıxdı Adilin üstünə. Dedim:
- Yəqin,
sənin məndən əvvəl xəbərin olub.
"Kənd özü bir ovuc qalıb, qəbiristanlığı
çevrilib dəryaya" deyirdi babam, indi bir damlası
olduğu dəryada çoxlu-çoxlu tanışlarıyla
birlikdə yaşayırdı.
Qəbiristanlıqdan
çıxıb üzü dənizə gedən yoldakı
dayanacaqda dayandım, siqaret yandırıb
düşündüm:
-
Ömrü əzab içində keçənlərin
ölümü gözəl olur heç olmasa? İki
dünyadan birində ədalət var yəni?
Avtobusdan düşüb çınqıllı sahilə
sarı addımladım, qətl yeri kimi dağınıq
qalmışdı sahil, insanlar sonuncu dəfə dənizdən
çıxarkən sanki buraların sevincini də özləriylə
aparıb, evdə gizlətmişdilər gələn yay
üçün. Dəniz ölüm qədər kədərli
və inadkar görünürdü.
Adilin yuxusu
Sübh azanı və günəş kəndin balaca evlərinin
qapılarını döyə-döyə yuxudan
oyadırdı adamları. Hər səhər
ancaq o, azandan və günəşdən əvvəl
oyanıb sanki onları qarşılamağa
çıxırdı yol üstünə. Hələ evdə hər kəs yatarkən əlində
qarğıdalı dolu zənbili, başında həsir
papağı, balaqları qatlanmış şalvarı və
dəniz yolunu gedib-gəlməkdən yeyilmiş
başmaqları ilə düzəlirdi yola. Arabir
arvadı ondan bir az gec də olsa
oyanmağı çatdırır, Adil gözdən itmədən
həyətin qapısından dualar edirdi onun
üçün. Dənizə hələ insan
ayağı dəymədən çatdırırdı
özünü sahilə. Ən sağlam
şezlonqları seçir, birinin üstünə həsir
papağını, birinin üstünə köynəyini,
birinin üstünə başmaqlarını və sonuncunun
üstünə isə qarğıdalı dolu zənbilini
qoyurdu və beləcə, sübh o başdan dənizə
çatıb, müştərilərini gözləyirdi.
Adil üçün vacib deyildi ki, pul verilsin ona,
şezlonqların qarşılığında araq da verilə
bilərdi, amma ancaq araq...
İki qızını da gəlin köçürəndən
sonra evdə bir arvadı, bir özü qalmışdı. Bu ikinəfərlik
yalnızlıqdan hər gün şikayət edən ər-arvad
sonda çarəni həyətə bir it gətirib
bağlamaqda görmüş və Adil kəndin
adlı-sanlı itbazlarından biri olan Rüstəmdən bala
bir çoban iti gətirmişdi həyətə. Nə qulaqlarını kəsməyə
qıymışdı, nə də quyruğunu, kənddəki
bütün itlərdən fərqlənirdi Adilin
"Çınqıl"ı. Yayda hər axşam dənizdən
gələndə qızlarına görə içində
böyüyən darıxmaq hissini itini qucaqlayıb
ovutmağa çalışırdı. 2
ilə yaxın idi ki, qızlarını görmürdü,
çünki qızları istəmirdi bunu. Atalarındanmı, yoxsa belə bir adamın
qızı olmaqdanmı daha çox utanırdılar bilmirəm,
bir onu bilirəm ki, Adil iti qucaqlayıb
hönkür-hönkür ağlayır sonra da evə girib
heç nə yemədən yatırdı. Gün ərzində
cəmi bircə elə an olur ki, o an içindən nə
keçirsən anında həyata keçir, deyəsən,
Adil o anların birində qızlarından heç olmasa birini
görmək istəmişdi, amma duası səhv başa
düşülüb, böyük qızı birdəfəlik
yanına göndərilmişdi. Bir axşam həyətinin
qapısı döyülmüş, qapının
kandarında qızını görmüşdü,
üzü-gözü şiş içində. Həmin gecə həm qızının gəldiyinə
sevinmişdi, həm də əti kəsilibmiş kimi
başına vura-vura ağlamışdı
Çınqılın yanında. Payızda
qohum-qonşunun həyətini belləyərək,
qışda əncir qurusu, abqora sataraq keçinirdi.
Artıq ikinci yay idi qızı ata evinə dönmüşdü.
Bir evin içində yad kimi yaşayıb ömür
sürürdülər. Qızı nəvəsini də
qoymurdu Adilə çox yaxın gəlsin, deyirdi ki, birdən
içkili olar uşağın harasınısa əzər.
Belə-belə ömür sürürdü Adil, evinin
içində, qızından, nəvəsindən ayrı.
Bir axşam yenə dənizdəki işindən
döndükdən sonra meynə talvarının altında
oturub arvadıyla söhbət edirdi:
- Bəlkə
rədd edim o zəhrimarı? - dedi Adil.
Arvadı
məəttəl qalmışdı Adilin dediyinə,
çünki geridə qoyduqları 32 il ərzində
bircə dəfə belə olsun bu sözü dilinə
almamışdı, kimlər, kimlər and-aman eləmişdi,
təsiri olmamışdı. Arvadı bir az
da yaxın oturdu Adilə, içkili
olub-olmadığını bilmək üçün. Yox, içməmişdi.
Sözünü bitirib masadan qalxdı və
yaşlı müəllim yorğunluğuyla asta-asta evin pilləkənlərini
qalxıb aynabənddə salınan yerinə girdi.
Arxasından nə gəldiyini bilmədən qaranlıq
küçəylə qaçırdı. Artıq
yorulmuş və əldən düşmüş ayaqları
onu daşıya bilmirdi, kürəyini divara söykəyib
arxasınca qaçan hər nədisə onun gəlib
çatmasını gözləməyə başladı.
Boz asfaltla baxışlarının arasına
kölgə girdiyini görən Adil başını
qaldırıb kölgənin sahibinə baxdı. Balacaboy, qara uzun saçları kəndir kimi
hörülən 12-13 yaşlı bir uşaq durmuşdu
qarşısında. Qızın
üzündə, qollarında göyərmələr,
paltarı cırıq-cırıq, gözlərinin içində
videolent kimi dönən fraqmentlər vardı. Adil uşağın gözlərinə baxa bilmirdi,
elə hey gözlərini qaçırıb, "sən kimsən"
deyə-deyə əlləriylə üzünü gizlətməyə
çalışırdı. Uzun müddətdən
sonra qızın səsini eşitdi, bütün bədənini
saran qorxulu bir səslə "mən sənin yalnız buraxdığın
ailənəm, mən sənin içkili günlərdə gəlmədiyin
evinəm, mən sənin 32 illik cəzanam, mən sənin illər
əvvəl oğurladığın taleyəm" dedi və
hörüklərini asta-asta doladı Adilin boynuna.
Nəfəs-nəfəsə oyandı yuxudan. Tez
sağa-sola çevrildi, gördüyü hər şey yuxu
imiş. Hər şeyin yuxu olması bir az
sakitləşdirdi onu, amma yuxuda eşitdiyi qorxulu səs və
dedikləri hələ də onu tərk etməmişdi,
göz yaşlarıyla yerinin içində ora-bura vurnuxurdu,
yuxu getmədi gözünə sübhə qədər.
İllər sonra gələn cəza
Səhərə qədər gözünə yuxu getməyən
Adil adət etdiyi kimi sübh tezdən yola düzəlməyə
hazırlaşırdı. Evdən
çıxmadan barmaqlarının ucunda evə girdi, birinci nəvəsi
yatan otağa keçdi, uzaqdan uşağa baxmağa
başladı. Nəvəsi hər nəfəs
alıb-verəndə gözündən bir damla yaş
sürüşüb düşürdü Adilin. Sonra qonaq otağına keçib balaca bir vərəqə
nəsə yazdı və həmin vərəqi səliqə
ilə büküb köynəyinin döş cibinə qoydu.
Evə girdiyi kimi səssiz-səmirsiz də
çıxdı qapıdan. Kənd məscidini
keçəndə toy mağarının
söküldüyünü gördü. Dünən
kənddə toy olmuşdu, amma içməməyə söz
verdiyi üçün getməmişdi toya. Verdiyi sözdə nə qədər qərarlı
olduğunu bilirdi, amma neçə illik dostunun da inadına bələd
idi. Asta-asta mağarın yanından
keçib gedərkən arxadan kiminsə onu
çağırdığını eşitdi. Arxaya
çevriləndə Səmədin əlində bir
şüşə araqla ona sarı gəldiyini gördü:
- Dünən
gördüm gəlməmisən, sənin araq payını
ayırdım, vurarsan bizim sağlığımıza - dedi.
İçki içməməkdə qərarlı olsa
belə heç özü də niyəsini bilmədən Səmədin
uzatdığı araq şüşəsini
götürüb köynəyinin içinə qoydu və
gözləriylə təşəkkür edib yoluna davam elədi.
Həmişəkindən daha səssiz, daha sakit idi, sanki
heç danışmamışdı indiyədək.
Dənizə çatıb həmişəki kimi
paltarının hərəsini bir şezlonqun üstünə
atdı, özü də bir kölgəyə çəkilib
yavaş-yavaş dənizə axışan insanları
başladı izləməyə. "Bu dənizkənarı şəhərin
adamları xoşbəxtliyi də, bədbəxtliyi də dənizdə
axtarır", - dedi pıçıltıyla.
Bir əlini gözünün üstünə kölgəlik
edib dənizin bitib-tükənməyən maviliyinə
baxdı.
İllər əvvəl yadına düşdü, onda hələ
evlənməmişdi. Bir gün dostuyla içəndən
sonra üzmə yarışı keçirməyi təklif
etmişdi. Bəlkə də hər şey bununla
başlamışdı elə. Bir neçə gün sonra
nişanı olacaq olan uşaqlıq dostuyla suya baş
vurmuşdular, qolları əldən düşənə qədər,
sahildən baxanda dənizin qoynunda nöqtəyə
çevrilənədək üzmüşdülər. Həmin
gün Adil geriyə çevriləndə dostunun ondan bir az
uzaqda boğulmamaq üçün əlindən gələni
etdiyini görsə də, içindəki qəribə hisslərə
məğlub olmuş və 28 illik dostunun suda necə çarəsiz
bir halda ona baxıb, yalvararaq boğulduğunu izləmişdi.
Sonra elə özü sudan çıxarmışdı
dostunun cansız bədənini. Qapısına
qırmızı bağlanan həyətdə qaralar
bağlanmışdı o gün. Dostunun ölümündən
bir neçə ay sonra nişanlısının atasıyla
danışmış və elçilərini göndərmişdi.
Kənddə ondan sonra bir xeyli müddət söz-söhbət
dolanmışdı ki, Adil özü öldürüb elə
Yaşarı.
Yadına düşənləri və yuxuda
gördüklərini düşündükcə bədənini
eyni anda həm istilik basırdı, həm titrədirdi Adil. Özünü ələ
almaq üçün oturduğu kölgəlikdən
qalxıb sahildə qaçışan uşaqlara sarı
addımladı. Zənbilindəki qarğıdalıları
çıxarıb hamsını başladı bir-bir
uşaqlara paylamağa. Qıraqdan Adili görən kənd
adamlarından biri dilləndi:
- Adil,
vermə uşağa onu, evdən gətirmişəm, sənə
verəcək pulum yoxdu - digərləri ona qoşulub bir
ağızdan eyni şeyi dedilər.
Adil
onları eşitmirdi, qarğıdalıları uşaqlara
paylayıb, sakitcə geri döndü kölgəliyinə. Səmədin
verdiyi araq şüşəsini açıb, 3-4 dəfəyə
içib bitirdi. İlk dəfə söz vermişdi və ilk
dəfə verdiyi sözü belə tuta bilməmişdi Adil.
Qoşun-qoşun dənizə axışan adamları
gördükdə səhərdən gəlib müştəriləri
üçün saxladığı şezlonqları
paylamağa başladı. Kim şezlonq axtarırdısa,
özü götürüb qaçırdı həmin
adamın yanına.
Bugünkü Adil bir başqaydı, nə
qarğıdalılar üçün pul alırdı, nə
şezlonq üçün. Heç araq da istəmirdi heç
kimdən. Sonuncu şezlonqa da müştəri tapdıqdan
sonra usulca dənizə sarı başladı
addımlamağa. Səliqəli şəkildə
paltarını yığdı ləpədöyəndən
bir az uzağa, cibindəki vərəq parçasını
yoxladı, sonra daha etibarlı bir yerə qoyub, paltarı asi xəzrinin
əlində bayraq olmasın deyə üstünə balaca bir
daş da qoyub suya baş vurdu.
Sahildən
baxanda dənizin qoynunda nöqtəyə çevrilənədək
üzdü... Adil sonuncu dəfə üzürdü
Bakının mavi gözlərində...
Həmin axşam kəndə Adilin yorğun addım səsləri
yerinə evindən təkcə arvadının ah-naləsi
yayılırdı. Paltarının içindəki vərəq
parçasını üzünə sıxan arvadı həm
Adili qarğıyır, həm də için-için
ağlayaraq layla deyirdi onun üçün.
Malik ATİLAY
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.28-29.