Görünməyən kölgələr
Hekayə
Dünənki telefon zəngindən sonra Yusif özünə
yer tapa bilmirdi.
İllərlə tənha
yaşadığı yataqxana otağı bir gündə elə
daralmışdı, hara tərpənirdi, əli-ayağı
bir diləyə ilişirdi. Elə bil,
indiyə kimi otağında bu qədər əşyanın varlığından
xəbərsiz idi. Arada dodaqaltı deyinirdi
ki, bu qədər taxta-tuxtanı otağa nə vaxt, niyə
yığıb. Sanarsan, hər
günü qonaqlı-qaralı keçəcəkmiş.
Hələ masanın ortasında qocalan,
heç vaxt içinə gül qoyulmamış
güldanı salıb sındırmasın deyə, hər dəfə
masanın yanından ehmal keçməyi Yusifin həyatında
əlavə yükə çevrilmişdi. Əziz Misirlinin zəngi onun həyat ritmini dəyişmişdi.
Əziz Misirli şəxsən özü onun
haqqında məqalə yazacaqdı. O, Əziz Misirlinin kim olduğunu bilməsə də, adından
ziyalılıq yağdığına əmin idi.
Özünü bu qədər gərəkli hiss etməyi
Yusifin oturub-durmağından tutmuş, yerişinə,
danışığına, hətta fikirlərinə belə
sirayət etmişdi. Yerindən durandan o
darısqal otağın hər kvadratında azı on dəfə
dolanıb, əli ilə masaya neçə dəfə
sığal çəkmişdi. Çarpayı
dağılmasın deyə, səhərdən stulda oturub,
qonağın gəlməsini gözləyirdi. Dünən telefonla danışanda
yır-yığış eləməyə vaxtı olsun deyə,
qonağa saat üçdə gəlməsini söyləmişdi.
İndi isə saat on ikidən hazır olub
gözləməkdən bezdiyi üçün dünən
dediyi sözə peşman olmuşdu. "Gərək
saat bir deyəydim" sözü beynindəki bütün
fikirləri əsir almışdı.
Əziz Misirli qapını döyəndə Yusif ayaq
üstə hazır idi, çünki onun ayaq səslərini
hələ dəhlizin başından eşitmişdi. Yataqxanada
yaşayanların hamısını ayaq səslərindən
tanıdığı üçün, yeni səsin onun
qonağına aid olduğunu yəqin eləmişdi. Qonağı qapıda qarşıladı.
Salamlaşdılar... Əziz Misirli içəri keçib, əlindəki
sellofan torbanı masanın üstünə qoyanda, Yusif:
- O nədi?
- soruşdu.
-
Heç, bir-iki şirniyyat almışam. Ağzımızı
şirin edərik.
- Mən
elə bilirdim, yazarlar ağızlarını acı eləməyi
daha çox sevirlər.
Yusif ürəkdən güldü. Bu
gülüşün zarafatdan daha çox səmimiyyət
yaratmağa xidmət elədiyini ikisi də yaxşı
anlayırdı. Əziz Misirli də bu
anlayışla Yusifin gülüşünə qoşuldu.
- Onda mən
çay qoyum, boğazımızı yaşlayaq. - Yusif eyhamla
əlavə edib, əlini otağın küncündəki
dolaba uzatdı.
- Yox, siz
narahat olmayın, çayı mən qoyaram. Deyəsən,
çaydan da doludu. - Əziz Misirli elektrik
çaydanını yoxlayıb, düyməsini basdı.
- Hə,
səhər doldurmuşdum. Fincanlar o dolabda
olmalıdı. Orda konfet də var, amma siz
şirniyyat almısız, əziyyət çəkmisiz, elə
onunla içərik.
Yusif əli ilə masanı tapıb, yanındakı
stula əyləşdi. Qonaq iki fincanı qaynar su ilə doldurub,
içinə birdəfəlik çay paketləri qoydu.
-
Ehtiyatlı olun, çay istidi, qarşınıza qoymuşam.
Şirniyyatlar da burdadı.
Gətirdiklərini torbadan çıxarıb, Yusifin əlinə
toxundurdu. Sonra da ehtiyatla əlinin yanına qoyub, Yusifin titrək
əllərinin şirniyyatları axtarıb
tapmağını, barmaqları ilə onları kəşf
etməyini seyr elədi.
- Əziz müəllim, deməli, mənim barəmdə
yazı yazacaqsız. Nə yazacaqsız, harda çıxacaq, kim
oxuyacaq?
- Sadəcə
Əziz deyə bilərsiz. Əslində, hələ
yazının nə formada olacağını özüm də
bilmirəm. Məqalə də ola bilər,
bəlkə də yaxşı hekayə alınar.
- Hə,
hekayə alınar. Məndə hekayə
çoxdu. Sizə o qədər maraqlı
hekayələr danışım ki, heç bir kitabda
oxumamısınız.
- İnanıram, amma icazə verin əvvəl mənim
hazırladığım suallara baxaq, mən qeydlərimi edim,
sonra sizdən nə qədər istəsəz hekayə dinləyərəm. Olarmı?
- Əlbəttə, olar. Qələm sizin əlinizdədi,
mən nə deyə bilərəm?!
Əziz diktofonun düyməsini basıb, Yusifin
yaxınında masaya qoydu.
- Etiraz eləmirsinizsə,
səsinizi yazacam.
- Mənim
səsim yaxşı deyil axı. - Yusif boğazını
arıtladı.
- Narahat
olmayın, özüm üçün yazıram, heç nə
yadımdan çıxmasın deyə.
Deməli belə. Bildiyim qədər anadangəlmə
görmə qabiliyyətiniz olmayıb. İlk
dəfə gözünüzün görmədiyini, ya da
başqalarının gözünün
gördüyünü nə vaxt anladınız?
- Dəqiq
yadımda deyil. Yəni, elə bir əlamətdar
hadisə yadıma gəlmir. Hər halda,
anam əlimi ilk dəfə buraxanda anlamağa
başlamışam. Ağlım kəsdikcə fərqli
olduğumu hiss edirdim. Ən çox eşitdiyim sözlər
"ora getmə", "buna dəymə",
"ehtiyatlı ol", nə bilim, belə-belə şeylər
olub. Əslində, bu şeylər indi də
davam edir. Hər gün eşitdiyim sözlərdi.
Yəni, hər gün kor olduğumu təkrar-təkrar
anlayıram.
Yusifin
sözləri Əzizin illərin təcrübəsindən
güc alan rahatlığını pozdu. İndiyə qədər kimlərdən nə
müsahibələr almışdı. Bir
növ vərdişə çevrilmiş rahatlıqla
başlayan müsahibənin bu sözlərdən sonra asan
olmayacağını anladı. Bir
anlıq fikrə getmək istədi, amma Yusifin diqqətlə
dinləyən halı onu davam etməyə məcbur edirdi.
- Valideynləriniz
haqqında soruşmaq istəyirəm. Onlar?
- Yox,
onlar kor deyildilər - Yusif Əzizin sözünü kəsdi
- ümumiyyətlə, nəsildə bir mən nankor
çıxmışam.
Yusifin üzündə yaranan təbəssümlə
gülüş arasında, amma içində daha çox kədər
olan ifadə qısa olsa da, Əzizin yaddaşına həkk
olundu.
-
Anladım. Burda çoxdan qalırsız?
- Bu otaqda
on səkkiz yaşımdan qalıram. Məktəb
vaxtı uşaqlar üçün otaqda qalırdım.
Hə, mən məktəb də oxumuşam
axı. Beş il. On iki
yaşımda anam yox oldu. Atam dedi, anan daha yoxdu,
ölüb.
- Ölməmişdi
yəni?
- Yox, atam
doğru deyirdi. Onun üçün
ölmüşdü, mənim üçün yox olmuşdu.
Siz mənim belə danışmağıma
fikir verməyin, bütün dünyam təsəvvürümdə
olduğu üçün, orda var olmaq var, bir də yox olmaq.
Ölməyin nə olduğunu bilmirəm.
Yusif
Əzizin dərindən nəfəs aldığını
hiss edəndə, heç nə deməsin deyə, onu
qabaqlayıb, sözünə davam etdi:
-
Xahiş edirəm, başa salmağa da
çalışmayın. Mənə belə
rahatdı. Anam yox olandan bir il sonra
atam məni korlar məktəbinə yazdırdı. Təzə vaxtlar arabir gəlib baş çəkərdi,
sonra o da yox oldu. On səkkiz yaşımda
mənə bu otağı verdilər. O vaxtdan düz otuz
bir ildi burda yaşayıram.
- Tək?
- Tək
deyəndə ki, yataqxananın komendantı var. Adı Raildi. Mən ona Əzrail deyirəm. Bizi
ona tapşırıblar, onu da Allaha. Hər
işimiz ondan keçir. Ona deyirəm,
bizimki imtahandı, səninki cəza. Allah
bizi birinə möhtac eləməliydi, sən nəyin cəzasını
çəkirsən, özün fikirləş. Arada sancıram deyə, mənimlə heç
arası yoxdur. Hərdən bəzi təşkilatlar
bizə yardım eləyir, Əzrail mənim payımı ən
axıra saxlayır. Çayınızı
için, soyumasın.
Əziz Yusifin iki əli ilə masadakı fincanı
qaldırıb, dodaqlarına toxundurmasını seyr edə-edə
özü də qeyri-ixtiyari fincanı iki əli ilə
götürdü. Bir udum çay içdi.
-
Suallarım sizi yormur?
- Yox,
xoşdu. Soruşun!
- Belə
başa düşdüm ki, sizin həyatınızın
böyük hissəsi bu otaqda keçib.
Əziz ətrafa göz gəzdirdi. Qapının
yanındakı küncdə üstündə elektrik
çaydanı olan kiçik dolab, digər küncdə
böyük ikiqapılı paltar dolabı, onun
qabağında başı pəncərə tərəfə
söykənən çarpayı, çarpayının
yanında isə küncdəki dolabın eynisi və
üstündə köhnə, lakin hələ də istifadə
edildiyi anlaşılan radio vardı. Əzizin
Yusiflə qarşı-qarşıya oturduğu masa
otağın sol divarına söykənmişdi. Bütün əşyalar köhnə, bəziləri
hətta çirkli olsa da, otaqda qəribə bir nizam və
simmetriya hökm sürürdü. Hər əşyanın,
hətta qapının ağzında üzü dəhlizə
dayanan bir cüt yorğun ayaqqabının belə öz daimi
yeri vardı. Bu otaqda heç nəyin
yerini dəyişmək olmazdı. Cinayət
yeri kimi heç nəyə toxunmaq olmazdı. Adama elə gəlirdi ki, bir əşyaya toxunsan, hər
şey öz yerindən tərpənəcək. Domino daşlarından düzəlmiş yapon evi kimi
uçub-dağılacaq. Divarlarda nə
bir rəsm vardı, nə də bir təqvim, Əzizin diqqətini
ən çox bu çəkdi. Baxışlarını
yenidən Yusifə yönəltdi.
- Bu otaqda
sizin ən xoş və ola bilsin, ən
çətin günləriniz keçib.
- Həə,
onu doğru dediniz. Keçib.
Əzizin müsahibini uzaqlara aparmaq cəhdi heç
cür baş tutmurdu. Hər dəfəsində toruna nərə
balığı düşmüş balıqçı kimi
ehmalca ovunu özünə tərəf dartsa da, son anda
balıq tordan sürüşüb, öz bildiyi yerə
üzürdü. Bu dəfə də Yusif
daldığı o uzaqlıqdan tez qayıtdı.
Birdən Əzizə elə gəldi ki, Yusif düz onun
gözlərinin içinə baxır. Boynunu
qısıb, masanın ortasındakı güldanın
arxasında gizlənməyə çalışdı. Ağlının bir küncündə kor adamın
nəzərlərindən qaçmağın imkansız
olduğunu anlayıb, qəddini düzəltdi. Yusifsə həqiqətən Əzizin gözünə
baxırdı.
-
Bütün yazıçılar kimi, sizi də ən pislə,
ən yaxşı maraqlandırır. Arada
olanlar sanki həyat deyil.
- Yox, niyə
ki? Onlar da maraqlıdı, - Əziz yalan
danışdı.
- Bilirəm-bilirəm,
az kitab dinləməmişəm. Olmayan yerdən faciə yaradırsız. Məsələn, elə Don Kixot, guya öz qəsrində
oturub ördək qızartması yeməklə
ömrünü keçirə bilməzdi? Bəlkə də elə mən dediyim kimi olub,
heç qəsrindən çölə çıxmayıb.
- Don Kixotu Don Kixot edən elə onun qəsrindən
çıxmasıdı. Siz deyən kimi
yazılan əsər heç kimə maraqlı olmazdı
axı.
- Mənə
olardı. Mən dinləyərdim. Ona görə ən çox Tolstoyu sevirəm.
Bir mənzərəni azı on dəqiqə təsvir
edir. Dinləyəndə elə bilirəm
ovcumun içindədi. - Yusif köks ötürüb
davam etdi: - Yaxşı, sizi çox yormayım. Madam ki, faciə eşitmək istəyirsiz, buyurun
sizə faciə. Bir gün radiom xarab olmuşdu.
Aradakı uzun sükutu Əziz pozmalı oldu.
- Və?..
- Dedim
axı, radiom xarab olmuşdu. Bu binada bundan
böyük faciə yoxdu. Yəni mən
görməmişəm. Üzr istəyirəm,
eşitməmişəm. O vaxt maqnitofonum yox idi, mobil
telefon da hələ çıxmamışdı. Məni dünyaya bağlayan yeganə səs o balaca
qutudan çıxırdı və o, xarab olmuşdu. Zalımın balası. Təsəvvür
edirsiz? Tərs kimi Əzrailin də istirahət
günü idi. Komendantı deyirəm.
Bütün günü ruh kimi dolaşdım.
Axşama yaxın ürəyim o qədər
sıxıldı, bir an elə bildim hamı çıxıb
gedib, dünyada bir mən qalmışam.
Özümü ucsuz-bucaqsız boşluqda hiss edirdim. Sanki ayaqlarım da yerdən
üzülmüşdü, havadan asılı
qalmışdım. Doktor B. necə deyirdi?
"Dünyada heç bir şey insan ruhuna heçlik
qədər təzyiq edə bilməz". Çox insan bu cür sarsıntıda ölmək
istəyər, mən isə ən çox o gün yaşamaq
istəmişdim. O heçliyin-boşluğun sonunu bilmək
üçün ən çox o gün görmək istəmişdim.
Ən sonunda anladım ki, gözlərim görsəydi,
mən o heçliyi duya bilməzdim. Həyatımda
ilk dəfə gözlərimin görmədiyinə xırda
da olsa bir təsəlli tapmışdım. O gün həyatımın
ən pis və ən yaxşı günü idi.
Əziz o qədər şövqlə dinləyirdi, Yusif
sözünü bitirəndən sonra da bir neçə saniyə
səssizliyi dinləməyə davam etdi. Nəhayət, Yusif Əzizə
səsləndi:
-
Burdasız?
Əziz diksindi.
- Hə,
burdayam. Fikrə getdim, üzrlü sayın.
O günləri təkrar xatırlatdığım
üçün üzr istəyirəm. Sizi
incitmək istəməzdim. Bu illər ərzində
gözlərinizin açılması üçün həkimlər
heç bir iş görməyibmi?
-
Çox iş görüblər, çox
müayinə-müalicə ediblər, nəticə
olmayıb.
- Bir
gün gözünüz açılsa, ən çox nəyi
görmək istəyərdiniz?
- Kölgəni.
Bəli-bəli, kölgəni. Əlimlə toxunduğum hər şeyi
aşağı-yuxarı təsəvvür edə bilirəm,
amma kölgə məni dəli edir. Nə
olduğunu heç cür anlaya bilmirəm.
-
Düşünmədən cavab verdiniz.
- Mənim
ömrüm bunları düşünməklə keçib. Platonun mağarasındakı adamlar ancaq kölgə
görürdülər, mən onu da görmürəm.
- Amma siz
həqiqəti duyursuz, əsl olan da bu deyilmi?
- Kölgəsiz
həqiqət olurmu?
Əziz müsahibinin bütün suallarına cavab verə
biləcək bilgi ehtiyatına sahib olsa da, rolları dəyişmək
istəmirdi.
O, bura sual verib, cavab almağa gəlmişdi. Onun
əsas məqsədi yazacağı məqalə
üçün mümkün qədər çox material
toplamaq idi. Odur ki, Yusifin son sualına cavab verməyə
tələsmədən arada uzun pauzanın yaranmasına şərait
yaratdı. Sonsuza qədər uzanacaq kimi
görünən pauzanı hardansa, sanki gizli bir yerdən gələn
qırıq-qırıq siqnal səsləri kəsdi. Elə bil otağa saatlı bomba qoyulmuşdu və
siqnal səsləri bitən kimi bomba partlayacaqdı. Bu arada Yusif dodağının altında
siqnalları sayırdı.
- Beş
oldu.
- Nə beş oldu?
- Saat beş oldu. Pencəyimin cibindədi elektron
şanapipik. Zəhmət olmasa
işığı yandırardız, sizə daha
yaxındı, qapının yanında.
- Mən
görürəm, narahat olmayın.
- Sizə
görə demirəm. Mən hər axşam
işığı yandırıram, adamlar bilsin ki, hələ
ölməmişəm, yaşayıram.
Əziz bir xeyli qarşısında titrək əlləri
ilə masadan yapışıb-oturan, əl ağacı ilə
ayağının altında yeri axtarmaqdan beli
bükülmüş balaca adama tamaşa elədi. Ağlındakı
fikirlər nəhayətsiz uzaqlıqdan sürətlə gəlib,
bir nöqtədə toqquşur, sonra o fikir
qırıntılarından yeni fikirlər törənir,
onların da aqibəti əvvəlkilər kimi olmağa davam
edirdi. Bu fikir labirintindən salamat
çıxmağın bir yolu vardı, o da
işığı yandırmaqdı. Oturduğu
yerdən başını qaldırıb tavana baxanda
gördüyü mənzərə həmin fikir labirintinin
ortasında saatlı bomba kimi partladı. Elə
partladı ki, gözünə qığılcımlar belə
göründü. Cəld Yusifə
baxdı, ardınca yenə tavana, yenə Yusifə, yenə
tavana. Nəhayət, Yusifdə dayandı.
Gördüyü mənzərəni
qarşısındakı aciz adama deməli idi, deyə bilməli
idi, amma əvvəl beynini gəmirən cavabsız bir sualdan
azad olmaq lazım idi. "Niyə mən?
Axı niyə məhz mən?". Bu dünyada cavabı olmayan ən amansız sual hər
halda bu olmalı idi. Ən azından
Əziz üçün o anda Yusifə həqiqəti söyləyə
bilmək belə "niyə mən?" sualının
kölgəsində qalırdı. Uzun
daxili çək-çevirdən sonra Əziz nəsə demək
üçün ciyərlərini hava ilə doldurdu, amma
sözlər ilişib boğazında qaldı. İlk cəhdi
alınmayanda, masadakı fincanın dibində qalan soyuq
çaydan bir udum içib, astadan Yusifə səsləndi:
- Sizə
bir söz deməliyəm, düzü bilmirəm necə deyim.
- Necə
deyə bilirsiz elə deyin, məni heyrətləndirmək o qədər
də asan deyil.
-
Yaxşı. Bilirsiniz, tavanda lampa yoxdur. Yəni naqil-filan yerindədir, amma ucunda lampa yoxdur.
***
Əziz komendantdan bir ay əvvəl dəhlizdəki xarab
lampanın yerinə Yusifin otağından
çıxartdığı lampanı qoymasını öyrənməyindən,
sonra da yaxındakı marketə qədər qaçıb, əlində
yeni lampa ilə gəlməyinə qədər Yusif bir kəlmə
də danışmadı. Səhərdən bəri
hər yeri gəzən göz bəbəkləri indi görmədiyi
bir nöqtəyə zillənib durmuşdu. Əziz vəziyyəti yumşaltmaq üçün
nə deyəcəyini düşünə-düşünə
heykələ dönmüş Yusifin üzünə
baxırdı.
- Yusif bəy,
yaxşısız? İşıq yanır
artıq, narahat olmayın, hər şey qaydasındadı.
- Hə,
lap yaxşı, - nəhayət, Yusifdən
səs çıxdı. - Necə yanır?
-
Hamıda necə, sizdə də elə yanır.
-
Çox sağ olun. Sizə
də əziyyət oldu. İstəyirsinizsə,
artıq siz gedin.
- Mənə
görə narahat olmayın, mən bir az da
qala bilərəm.
- Yox, getsəniz
yaxşıdı.
Əzizin ürəyi Yusifi bu vəziyyətdə qoyub
getməyə razı olmasa da, daha orda qalmağa həvəsi
də yox idi.
Diktofonu götürüb ayağa qalxdı.
- Siz necə
istəyirsiz, elə olsun. Sizdə nömrəm
var, bir şey lazım olsa, mütləq zəng vurun. Mən yaxında yaşayıram, tez gələ bilərəm.
Sabah işdən sonra gəlib sizə baş
çəkərəm.
- Yox, gəlməyin!
Xahiş edirəm. Çıxanda
işığı söndürün zəhmət olmasa,
boş-boşuna yanmasın.
Əziz qapının kandarında dayanıb, Yusifin
otağına baxdı. Bayaqdan gözünə darısqal
görünən otaq indi gözündə o qədər
böyümüşdü, Yusif otağın ortasında
bükülüb qalmış balaca kirpi kimi
görünürdü. Ya da Yusif o qədər
kiçilmişdi ki, otağın içində
itib-batmışdı. Əlini uzatdı, amma içində
adam yaşayan evin
işığını söndürməyə
qıymadı. Əllərini cibinə
dürtüb, getdi.
Yusif bir müddət də oturduğu yerdə səssiz
qaldı. Yavaş-yavaş ürək döyüntüləri
artdı, nəfəs almağı sürətləndi.
Dilinin altında: "demək mən bir aydır
ölmüşəm, heç kimin də bundan xəbəri
yoxdu" - deyib, masaya söykədiyi əl ağacından
yapışdı. Cəld ayağa qalxıb, əlindəki
ağacla çarəsizcə havaya zərbələr endirməyə
başladı. Heç bir zərbəsi
lampaya tuş gəlmədi. Əvəzində
masadakı boş güldanı qıra bildi. Zərbələrin ən qüvvətlisi dolabın
üstündəki radioyaya dəydi. Əlindəki
əsanı hər dəfə fırladanda, bir yeri
qırır, nəyisə zədələyirdi. Tavandan asılan lampadan savayı otaqda nə
vardısa Yusifin zərbələrinin hədəfinə
çevrilirdi. Onun üsyanı təngnəfəs
olub, arxası üstə çarpayıya sərilənə
qədər davam etdi. Uzandığı
yerdə xeyli hərəkətsiz qaldı. Elə bil azca yuxuya da getdi. Qəzəbi
getmiş, yerinə çarəsiz kədər gəlmişdi.
Üsyan etməyin faydasız olduğunu dərk
edə biləcək qədər sakitləşmişdi.
Nə əllərini qaldırmağa, nə
başını tərpətməyə taqəti vardı.
İşığın olduğu yeri təxmin edib,
üzünü ora tutdu:
- Mən
bilirəm, sən orda-yuxarıda bir yerdəsən. Səni görsəm də, görməsəm də,
işığın mənə düşsə də,
düşməsə də ordasan. Sənin
orda olduğunu bilməsəydim, bu qədər ümidli
olmazdım axı. Madam özünü
mənə tanıtmısan, üzünü də göstər.
O işığı mən də görmək istəyirəm,
- dedi və susdu.
Xəyyam RƏFİLİ
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.2-3.