Tacın qaytarılması
Romandan parça
"Şuşa
Qarabağın tacıdır"
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
- Aaaaauuuuu...
...Qurd səsiydi...
Çox da uzaqdan gəlmirdi...
Gecə gündüz kimi işıqlıydı. Heç bir əziyyətsiz hətta iynə saplamaq olardı.
Daha bir ulartı eşidildi. - Aaaaooooıııı...
- Qart
canavardı. Dəstək verir. Bir yerdədilər. İnsan iyini
duyublar. Çoxdular...
Füzulidən olan Fazil çoxbilmişlik elədi. Yerli şəraiti
yaxşı bilən, Birinci Qarabağ müharibəsinin
veteranı kimi onu dəstəyə bir neçə gün idi
bələdçi götürmüşdülər. Özü israr etmişdi. Hərbi rəhbərlik:
- Xeyri olar, - deyə razılıq vermişdi.
Hamı hər ehtimala qarşı yan-yörəsinə
boylandı. Əlbəttə, qurd-zad gözə dəymirdi.
Əsgərlərin reaksiyası şərti
refleksvari bir hərəkət idi.
Dəstənin hərəkət ritmi əvvəlki
qaydasındaydı. Səbirli, ehtiyatlı, inamlı.
- Hərdənbir
buralara ova gəlirdik. Bu yerlərə demirəm,
seyrəklik olan tərəflərə. Allah
o günü göstərməsin ki, meşədə tək
olasan. Yoxsa qorxudan zəhrin yarılar, o
dünyalıq olarsan.
- O
dünyalıq olandan sonra hardan biləcəksən?
-
Əşşi, məsəlçün deyirəm dəə...
Qoyasan hər şeyə mız qoyalar...
Fazilin cırnaması, sinəsinə-başına qapaz
vurması əsgərlərin sümüyünə
düşürdü. Komandirdən sonra ən yaşlı o idi.
Tipik kəndistan nümayəndəsiydi.
Sadəlövh, xıltsız, bababozu, ürəyi
açıq, hamıya inanan, bütün əsgərlərə
"əmioğlu" deyən - elə onun özünə də
həmin xitabla müraciət edirdilər - böyük
qardaş!
Bu dəfə qurdların bir neçəsi
ağız-ağıza verib ulaşdılar. Səs
dalğa-dalğa cəngəlliyə yayılaraq
hamının içindən keçib getdi. Əsgərlər bir-birinə baxıb gülümsədilər.
Görünür, canavarlar yaxınlıqlarında çoxlu adam olduğunu hiss etmişdilər, onu da anlamışdılar
ki, hücum etsələr, dişləri qana batmayacaq.
Kimsə
təəccübünü, bəlkə də həyəcanını
gizlədə bilmədi:
- Bu nədi,
əə?
-
Özümüzünkülərdir. Narahat
olmayın - kimsə mənalı şəkildə münasibət
bildirdi. Bilənlər başa
düşüb gülümsədilər, bilməyənlər
fikrə getdilər.
Çətinliklə irəliləyirdilər. Əvvəlcə
ağac budaqlarını, kolluqları əlləri ilə
aralayır, sonra ayaqlarının altına baxaraq ehtiyatla
addım atırdılar. Komandir əlində
kompas hamıdan öndə gedirdi.
Xəbərdarlıq eləmişdilər ki,
dabanlarını, pəncələrini usdufca yerə
bassınlar. İti qələmələr, qurumuş ağac
budaqları botinkaları nə qədər möhkəm olsa
da, bıçaqdan betər barmaqlarını doğrayar, nəticədə
həmişəlik şikəst olarlar. Əsgərlər
bu xəbərdarlığa bacardıqları qədər əməl
etməyə çalışırdılar.
Bəlli yol, cığır yox idi, əvvəlcədən
mövcud olan bir yolla getmirdilər, yolu özləri
"çəkirdilər" - çınqılsız,
qırsız, bitumsuz.
Uzun illər insan ayağı dəyməyən bu yerlər
sıx meşələr, çay yataqları, qayalıqlardan
keçirdi.
Azərbaycan
ordusu dərin planlama əməliyyatı nəticəsində Şuşaya 3 istiqamətdən hücuma keçmişdi. Birinci istiqamət Xankəndi-Şuşa yolunu
bağlamaq idi. İkinci istiqamət
Laçın-Şuşa yolunu bağlamaq idi.
Üçüncü istiqamət Daşaltıdan Şuşaya
qalxışı yerinə yetirmək və şəhərə
girişi təmin etmək idi.
Ay hərdənbir
buludların arxasında itirdi. Bu zaman yer-göy
zülmətə qərq olurdu. Cığırı,
izi səhv salmamaq üçün
döyüşçülər astadan qarşıdakı
yoldaşlarının adlarını çəkirdilər
cavab alanda əmin olurdular ki, bəlli istiqamətdən
aralanmayıblar, düz gedirlər. Yoxsa
yolu azıb düşmənin üstünə
çıxardılar.
Hərəkət məhdudiyyəti get-gedə çətinləşirdi. Həm
qatı qaranlıq, həm də sıx duman dəstəni bada
verərdi. Hətta kor adamlar da belə
yeriməzdilər. Kim sürüşüb
yıxılsaydı, onu axtarıb tapmaq ən ümidsiz bir
iş olardı. Əsgərlər bir-birinin ətəyindən, kürəklərindəki
yük çantasından yapışmışdılar. Komandirdən əmr gəldi. "Hamı
öz yerində dursun. Hərəkət
dayandırılır".
Sükut qulaq batırırdı. Deyəsən,
yaxınlıqda düşmən əsgərləri
qalmamışdı. Bəlkə də bir
azdan onların yerinə kimlərsə gələcəkdi, ya
da növbə dəyişikliyi olacaqdı. Amma səs-səmir duyulmurdu. Heç
uzaqdan da texnika səsi eşidilmirdi. Hər
iki tərəfdə ölü sükut hökm
sürürdü. Bəzən əsgərlərə
elə gəlirdi ki, qulaqları batıb, kar olublar. Yumruqlarını qulaqlarına vururdular. Qulaqları ağrıyırdı, bunu hiss edirdilər,
amma eşitmirdilər. Görməkdən
isə söhbət gedə bilməzdi. Hamı
"baxar kor" olmuşdu.
Bir azdan bədirlənmiş Ay yenidən dünyanı
nura bələdi. Hamının
qırışığı açıldı. Həyat eşqi, qələbə həsrəti təzədən
əsgərləri səfərbər etdi. Nə qəribədir, deyəsən, qulaqları da
açıldı. Gülümsəyərək
bir-birlərinə baxdılar. Yenə hamının
dadına Fazil yetdi: - Sən ölmüyəsən, dedim ta
dünyanın axırıdır. Elə bildim Məlikməmmədin
düşdüyü quyunun dibindəyəm. Mənim
qardaşdarım heylə döyül haa... İşıq,
sənə qurban olum.
Qurdların növbəti xorundan sonra əsgərlər
komandirlərinin üzündə qəribə bir məmnunluq
və təbəssüm gördülər. Çox
intizarda qalmadılar. Onların marağını hiss edən
komandir özü izahat verdi:
- "Qurd ağzı mübarək olar" - deyib babalarımız. Bu,
yaxşı əlamətdir. Əməliyyatımız
uğurla bitər, inşallah!
Hamı çox xoşnud oldu. Dəstədəkilər
komandirin sözlərini başdan-ayağa bir-birlərinə
ötürdulər.
Əməliyyat sirrini yalnız uzun şərid kimi
uzanıb gedən bu kolonun xüsusi təyinatlıları bilirdilər. Ərgünəşin
ətəklərindən başlayaraq ən öndə dəstə
komandiri tez-tez əlindəki kompasa baxaraq Azərbaycan əsgərlərini
Şuşaya aparırdı. Əməliyyat
olduqca məxfi hazırlanmışdı. Xüsusi
Təyinatlı Qüvvələrin ən say-seçmə
döyüşçüləri seçilmişdilər.
Azərbaycan Silahlı Qüvvələrinin
Şuşaya hücumu üçün cənub-qərb və
şimal-şərq istiqamətində iki güclü birlik
yaranmışdı. Düşmən mövqelərinin
arxasına sızma əməliyyatından öncə Quru
Qoşun qüvvələrinin aldadıcı manevr
döyüşləri başlandı. Erməni
qüvvələri parçalandı, çaşqınlıqdan
lazımsız yerə güllələri dağa-daşa səpələdilər.
XTQ qüvvələri onları bir-bir dənləyib
axırlarına çıxdılar. Sağ qalanlar
canlarını götürüb qaçdılar.
Düşmən
hərbi kontingentini və döyüş texnikasının əsas
böyük hissəsini Azərbaycan Ordusunun motoatıcı
qüvvələri ilə döyüşmək
üçün səfərbər edərək Şuşa yaxınlığındakı
Şuşakənd və Daşaltı istiqamətlərində
toplamışdı.
XTQ Şuşa-Laçın yolundan əvvəl, yüksəlikdə
olan erməni postunu ələ keçirdi. Bu, 1553
yüksəkliyi idi. Bu yüksəklik ələ
keçiriləndən sonra Daşaltı tam olaraq Azərbaycan
Ordusunun nəzarətinə keçdi. Əgər
bu yüksəklik ələ keçirilməsəydi, əsgərlərmizin
hərəkət fəaliyyəti düşmən tərəfindən
daim nəzarət altında qalacaqdı. Şuşa
əməliyyatının tez və uğurla başa
çatması çox ciddi şəkildə uzana bilərdi.
Əsas tapşırıqlardan biri də düşmənin
təminat yolunun bağlanması idi. Ermənistandan
Laçın yolu ilə mütəmadi hərbi texnika və
canlı qüvvə yardımı gəlirdi. Ona görə də Laçın-Şuşa-Xankəndi
yolu nəyin bahasına olur-olsun, bağlanmalı idi.
Yüngül silahlarla yola düşmüşdülər. Tarixi-memarlıq
şəhəri olan Şuşaya ağır texnika və
artilleriya ilə girmək Ali rəhbərlik tərəfindən
məsləhət görülməmişdi. Həm də seçdikləri istiqamətdən
ağır texnika ilə gəlmək mümkün deyildi.
Üstlərində tapanca, avtomat, bıçaq
var idi. Şuşanı qəfil
hücumla, əlbəyaxa döyüşlə almaq əmri
verilmişdi. Tapşırıq hamıya
aydın idi. Şuşanın qədim
siması qorunmalı, köhnə şəhərin tarixi
görünüşünə xələl gəlməməli
idi.
Səssiz yeriyirdilər. Bircə ayaq altında
qalıb çırtıltı ilə sınan quru
budaqların, saralmış xəzəllərin
xışıltısı eşidilirdi.
Birdən
kiminsə: - Oy!.. Zibilə qalasan! - deyib sızıldadığı eşidildi.
- Nə
baş verdi? - Bölmə komandiri təşvişlə
arxaya boylandı.
- Deyəsən,
İbadətin ayağına qələmə girdi, - kimsə
İbadətdən betər sızıldayaraq dilləndi. Elə bil öz ayağına girmişdi. "Allah, sən saxla".
-
Yardım edin! - komandir əmr verdi.
Tibbi personal dəstənin axırında idi. İbadət: - Onlar gələnə
qədər qanım axıb qurtarar, - dedi. - Kömək edin,
ayağımı botinkadan çıxarım. Özüm
özümə əlac edəcəm. Bilirəm...
Dostları köməyə tələsdilər. Botinkanı
dartıb çıxartdılar. Tez
kaskanı başından götürüb
ayağındakı patavaları dartıb
çıxartdı. Qana bələnmiş
ayağı qızıl balıq kimi titrəyirdi. Kaskanın içində patavanın birini
yandırdı, külünü yarasının üstünə
qoydu. O biri ilə yaralanmış ayağını
sarıdı. Yoldaşları yanan əskinin ətrafında
dövrələmə durdular ki, kənardan baxanda işıq
görünməsin. Bütün dəstə
dayanmışdı. İbadətin rəngi
qaçmışdı. Kərim yavaşca soruşdu:
-
Çox ağrıdır?
- Yox,
qorxuram general məni geri göndərər. Şuşanın
qapısının ağzından geri dönmək... ölərəm...
- Deyəsən,
həkimlər gəlirlər.
İbadət intizarla dostlarına baxırdı. Birdən onlar da geri
qayıtmağı məsləhət bilsələr...
Bayaqdan mərd, mətin görünən İbadət
qorxuya düşdü. Bölmə komandiri indi əsas söz
sahibi olacaq. Böyük komandir İbadətin vəziyyətini
soruşsa, onun cavabı həlledici ola bilər...
Üzünü bölmə komandirinə tutdu. Çəkinə-çəkinə
dedi:
- Nazim,
qardaşımsan, indi həkimlər gəlib yaramı dərmanlayıb
sarıyacaqlar. Dəstədən ayrılmaq istəmirəm.
Güllə dəyməyib, yaralanmamışam.
İndiki vəziyyətdə belə şeylər
adi haldır. Həm də
"Yaşma" adıma yaraşdırmaram. Bunu sənə
izah etməyim artıqdır... Yeriyə biləcəm.
Narahat olma... Söz verirəm ki, heç kimə
yük olmayacam.
Hə...
Əsas məsələ bu idi: heç kimə yük olmamaq. Döyüş şəraiti deyildi. Hələ ki, yol gedirdilər - cəngəllikləri
yara-yara. Ehtiyatlı olmaq lazım idi.
Amma İbadəti də qınamaq olmazdı.
İş olanda olur... Bu, ehtiyatsızlıq da
deyildi. Qəzavü-qədər idi.
Eləydi...
Amma hamının nigaranlığı o idi ki,
yürüş ləngiyə bilər, qrafikdə nəzərdə
tutulmuş vaxtda lazım olan məkana yetişə bilməzlər,
əməliyyat pozular.
Bir nəfəri geri göndərmək elə də
problem deyil. Amma İbadətin yanına kimi qoşacaqsan?
Heç kim getmək istəməz.
Şuşanı almağa gedirlər! Neçə
ildən bəri gözlənilən gün gəlib. Bu qələbədə iştirak etmək ilahi
sevinc, şəhid olmaq da cənnəti satın almaq deməkdir.
Belə səadətdən kim
özünü məhrum edər? Kimə desən,
Allah göstərməsin, intihar edər. Durduğun
yerdə qana düşərsən. Hələ
İbadətin mənəvi durumu. Belə
açıq deyər ki, özüm qayıdıram. Heç kəs mənimlə getməsin. Yoxsa özümü vuraram. Qurdlara yem olmaq
bundan min pay yaxşıdır.
Azərbaycan ordusu mühüm strateji əhəmiyyəti
olan ərazilərini - Suqovuşanı, Cəbrayılı,
Hadrutu, Füzulini, Zəngilanı, Qubadlını azad
etmişdi. Ən vacib rayonlardan biri Ağdam idi. Ermənilər əsas zərbəni ordan gözləyirdilər.
Azərbaycanın Ali Baş Komandanı və Ordu rəhbərliyi
uzaqgörənlik edərək Füzulinin
yuxarısındakı meşəlikdən təzə
cığır açaraq Şuşa
üzərinə gedirdilər. Şuşa namus,
qeyrət məsələsiydi, nəyin bahasına olur-olsun,
alınmalıydı. Həm də bacardıqları qədər
az itkiylə. Bu müharibədə
ən prinsipial, baş məqsəd Şuşanın fəthiydi.
Düşmənlər buradan yol olmadığını
bilirdilər.
Keçilməz cəngəllikləri Azərbaycan
ordusunun yararaq Şuşanın sıldırım
qayalıqlarına çıxacağına
inanmırdılar. Qayalar sürüşkən
və dümdüz idi. Heç alpinistlər
dırmaşa bilməzdilər. Ancaq qərar
məhz belə idi və nəyin bahsına olur-olsun,
tapşırıq yerinə yetirilməliydi. Hamı məhz bu ovqatdaydı. İkinci
bir fikir, plan-filan yox idi. Bütün dəstə
bu məqsədə köklənmişdi.
Tibbi
personal İbadətin yarasını özü demişkən,
necə lazımdı
qaydasına qoydu. Pəncəsini yerə
basanda ayağı azca ağrısa da, bu ağrı o
ağrıdan deyildi. Gülümsəyərək Nazimə
baxdı:
-
Ağrımır, qardaş! Yeriyə bilərəm.
Elə bil raport verirdi. Nazim əsgərini başa
düşdü: - Allaha şükür!
Yenə qurdların ulartısı meşəni
başına götürdü. Sirli, vahiməli xor nə
qədər qorxulu olsa da, bu dəfə əsgərlərin
tükü də tərpənmədi, artıq öyrəncəliydilər.
Fazilin replikası qulaqları dırmaladı.
- Ayə,
bu qurdlar bizim nəyimizdi? Söz dilimin ucundadı e...
-
Tüpür yerə, görəcəksən.
- Ehhh... Məzə
qılmayın... Bilən desin. Ürəyim
partladı.
Kimsə saymazyana replika atdı.
-
Atanın əmisi nəvələri.
Hamı içindən gələn qəhqəhəni
boğmaq üçün ağzını tutdu. Çoxu
ağzıüstə yerə sərildi. Neçəsinin
üz-gözünü tikan, qurumuş ağacların yerə
tökülmüş sərt budaqları qanatdı... Hər
halda səs eləmək lazım deyildi, baxmayaraq ki,
düşmən eşidə bilməzdi. Hər halda... Bir də gördün külək səsi
götürüb apardı. Ehtiyatlı
oğulun anası ağlamaz. Hərbin
öz qayda-qanunu var.
Əvvəlcə Fazilin nə dediyini anlamadılar. Hamı
bir-birinə baxdı. "Nəyi soruşur?". Heç kimdən səs
çıxmadı.
Fazil daha
da cinnəndi...
- Ehh!.. Ruslarınkı ayıdır,
almanlarınkı qartaldır...
Yaxasını, başını didişdirdi,
papağını iki-üç dəfə başından
götürüb tərini sildi təzədən keçəlinə
keçirdi, elə bil qaynayan qazanın köpünü
alırdı.
Bayaq "Özümüzünkülərdir!"
deyən astadan dilləndi: - Totem.
- Ay sənə
quzu kəsim, komandir,
hə, hə, onu soruşurdum.
Aydınlıq gətirən XTQ-nin zabiti idi.
Fazil həm də dəstənin məzəsiydi. Sükut uzun
sürəndə, döyüşüçülər
darıxanda hamı onu axtarırdı. Demirdilər
bir anekdot danış, söz de. Sadəcə
baxıb gülümsəyirdilər. Fazil
də fitini bilirdi. Heç kimi
qırmırdı. Ağzı
açılan kimi təptəzə bir anekdot hamının əhval-ruhiyyəsini
ala buluda qaldırırdı. Hər kəs
öz-özünə indicə eşitdiyi anekdotu ya bərkdən,
ya da ürəyində təkrar edib yenidən uğunurdu.
Gərilmiş yayı elə ustalıqla yumşaldırdı
ki...
- Ay dədəmizin,
babamızın totemi! Gəl düş qabağa, düz-əməlli
yolla gedək, əziyyətmiz az olsun. Bu aralığı siz hamıdan yaxşı
tanıyırsız. Axırda da sənə iri bir qoç kəsərəm,
dərisini də soyaram. Razı olmaram ki, o
qoçu tüklü yeyəsən. Sonra
da üzündən öpüb hörmətlə yola salaram.
Kimsə canavarın əvəzindən dilləndi.
- Sonra da
sənin o keçəl başını üzüb o biri dostlarıma ərməğan
apararam.
Bütün eşidənlər uğunub getdi. Fazili
tanıyanlar bir daha onun keçəl olduğunu xatırlayaraq
qurdun ağzında başını təsəvvür edib qəşş
edirdilər.
Fazil zərrə qədər də alınmadı. Əksinə, əcdadının
rəmzinə hüsn-rəğbətini bəyan etdi:
-
Qurbandı ona! Yırtıcı olsa da əsl
kişidir. Yoxsa ermənilər kimi?
Əhval-ruhiyyə tam qaydasındaydı. Sıra əvvəlki
ahənglə irəli yürüyürdi.
Bir azdan sanki ilahidən səda gəldi. Komandirin
xoşbəxtlikdən titrəyən səsinə qəhər
də qarışmışdı.
-
Qardaşlar! Şuşanın qala divarlarının ətəyindəyik!
***
Bura qədər XTQ üzvləri çox çətin
mərhələlər adlamışdılar. Xüsusən
Füzulidə ermənilərlə üzbəüz bir
neçə açıq döyüşlərdə
qabaq-qabağa gəlmişdilər. Bunlardan
ən ağırı Soltanlı kəndində olmuşdu.
Füzulidə o qədər istehkam
qurğuları tikmişdilər. Böyük
bir ərazi alınmaz qalaya çevrilmişdi.
Ətrafa
qatı zülmət
çüküb. Göz-gözü
görmür. Fəhmlə hərəkət
edirdilər.
Hərdən
Komandirin səsi gəlirdi: - Hündürdən
danışmayın. Alışqanları söndürün!
Kor kimi yeriyirdilər. Aramsız xırda
yağış başlamışdı. Hərdən
çəpəki damcılar əsgərlərin gözünə
düşürdü. Əlləri
avtomatın qundağında və tətiyində olduğundan
gözlərini deşən damcıları rədd etmək
üçün başlarını tez-tez silkələyirdilər.
Dərənin ortasında bir ağac var. Əsgərlər
dövrələmə onun altına sərələniblər. Duman
olduğundan görünməmələri hamını
arxayın edib. Havanın
açılmasına hələ xeylaq var. Həm də gecdir.
Ona görə fürsətdən istifadə edib yatanlar,
mürgüləyənlər də var. Komandir bir söz
demir.
Uzun səngərlər qəbirlərə
oxşayır.
Amma heç kimdə vahimə oyatmır. Artıq vərdiş eləyiblər. Belə mənzərələr dinc həyatda
qorxuludur. Hər halda qazılmış
torpaq adamda xoş hisslər doğurmur. O saat qəbir, dəfn
gəlir xəyalına.
Yağış daha da şiddətlənir. İndi selləmə
yağır. Kim hansı mövqedəydisə
- elə ermənilər də - hamı yağışın
şıdırğı səsinə uyaraq olduğu yerdəcə
də qalıb. Görən, fürsət quşu kimin
çiyninə qonacaq - kim birinci
görüb atəş açacaq - yəni öldürəcək.
Çox adi səslənir. Ancaq
nəticə hamıya aydındır. Müharibədir.
Baş leytenant Mahmudovun gündəliyindən:
"Çalışıram ki, yatmayım. Amma
keçən gecə də yatmadığımdan kirpiklərim
daş kimi gözümün üstünə
sallanırdı. Özümü saxlaya
bilmirəm. Xırda bir kolun altına
soxuram bədənimi. Guya
yağışdan qorunuram. - Gözümün
acısını alım bir az, -
çavuşa deyirəm.
Bir şey olsa, möhkəm silkələ məni, tez
ayılım.
Gözlərimi
yumanda o qədər xoşbəxt oldum ki... Sanki
dünyanın yükünü çiynimdən
atdım".
Müharibədə hər saniyənin öz
hökmü və yeri var. Olduğumuz ərazi qatı,
bulanıq dumanın içindədir. Dəhşətli
küləkdən dağın qarşı tərəfinə
keçmək olmur. Şaxta iliyə qədər
nüfuz edib insanı mələdir. Zirvədə
olduğumuzdan ətraf ərazilərdən gələn
atışma səslərini yaxından eşidirik. Hərdən səmaya atılan ərazi
işıqlandıran işıqları görüb raket zənn
edirəm, yavaş-yavaş, səssiz, yana-yana yerə
düşdüyünü görüncə zənnimdə
yanılıram.
Yağış kəsib. Bədənimiz alt
paltara qədər suyun içindədir. Əməlli-başlı
üşüdürük, titrəyirik, nə qədər
edirik dişlərimizin şaqqıltısını kəsə
bilmirik. Heç kim utanmır. Hamı eyni vəziyyətdədir.
Cəbrayılın mərkəzindən, Zəngilan
istiqamətindən də artilleriya mərmiləri
yağış kimi yağır. Daldalandığımız
mövqelərdən çıxa bilmirik. Mərmilər
düşərkən ayrılan qəlpələr yaxın məsafədən
başımızın üstündən keçib gedir.
Dua edirik ki, qarşı tərəfdən bizi
görməsinlər, ərazi işıqlandıran fişənglər
bizim tərəfə düşməsin. Səngərlərə
yatıb növbəti əmrləri gözləyirik. Tərpənmirik. Yüksəklikdə
olduğumuzdan ətrafda baş verənləri yaxşı
görürük. Var gücümüzlə
görünməməyə çalışırıq.
Olduğumuz yeri görsələr, sağ-sol
vursalar, bir nəfər də buradan çıxmayacaq. Bizim artilleriya bölmələri ilə düşmənin
artilleriya bölmələri arasında qızğın
atışmalar gedir.
Arxadan da bizi vururlar. Hamı səngərə
girib. Heç başımızı da tərpətmirik.
Tam hərəkətsiz vəziyyətdəyik.
Partapartla hərbi sursat maşını
kuzovundakı mərmilərlə birlikdə yanır.
Duman bir yana, qara tüstüdən də
yer-göy görünmür. Bu vəziyyət
işimizə yarayır. Baxmayaraq ki, tam bir
cəhənnəmin içində hiss edirik
özümüzü. Buna dözmək
olar. Təki düşmən hədəfi
olmayaq.
Elə bu
zaman başımızın üstündə bizim tərəfə
atılan, diametri 1 metrə yaxın, uzunluğu 3 metr -
arxasında fırlanan pərin olduğu bir raketin
üstümüzə gəldiyini görürük. Raket düz qarşımızda dağın ətəyinə
girərək yox olur. Təxminən 10-15
saniyə sonra partlayışın dalğasından dağ
titrəməyə başlayır. Düşdüyü
yerin ətrafında 100-150 metr radiusda ərazini bir anda şum
halına salır. Növbəti raket mövqe
tutduğumuz dağın bizə daha yaxın tərəfinə
düşüb yenə yoxa çıxır. Növbəti partlayışı nə qədər
gözləsək də partlamır, nədənsə. Bir-birimizə baxırıq. "Qurtardı?".
- Hər
şey yaxşı olacaq. Deyəsən, bizi görmürlər!
- tabor komandiri ürək-dirək verir.
İnanmırıq. Hamımız göyə
baxıb növbəti raketin gəlişini gözləyirik.
Deyəsən, səngidi...
Olduğumuz dağın arxa tərəfini düşmən
minomyotu dayanmadan vurur.
Müharibədə təminatın
çatdırılması da bir ayrı dərddir. Hansısa mövqeyə yerləşirsən,
arxa ilə əlaqə bir az çətinləşir.
Gedib-gələn zaman da düşmən
gördüsə, işin fırıqdı. Mütləq döyüşə girməlisən.
Bəzən yaxınlaşan təminat
maşınları da minamyot atışları altında
qalır. Ən çox çəkindiyimiz
artilleriya atəşlərı idi. Birbaşa
üstümüzə düşməyəcəkdisə,
sağ qalmağa ümid qalırdı,
qolumuz-qıçımız getsə belə. Durduğumuz yerin həndəvərinə
düşsə, demək hamımız məhv olacaqdıq.
Günortaya yaxın təminat gəldi. Ərzaq, su
dolu çantalar sanki cənnətdən göndərilmişdi.
Köhnə, uçuq-sökük bir tikilinin
yanında ərzaq təminatımızı almaq
üçün növbəyə dururuq.
İki günün yuxusuzluğu əhədimizi kəsir. Yemək
yadıma düşmür. Suya
ehtiyacımız daha çoxdu. Aclığa
dözə bilərik. Amma yuxu
ixtiyarımı, gücümü əlimdən alır.
Üşüdürəm. Danışa
bilmirəm. Dilim söz tutmur. Gücüm get-gedə azalır. Bayaqkı çavuşa deyirəm.
-
Yaxşı deyiləm, mənə nəsə olsa, yeməyi
götürüb qalxın mövqelərə, uşaqlar ac
qalmasın... Özümdən getmişəm.
Yuxusuzluqdan. Ola bilər daha nələrsə
də demişəm. Yadımda qalmayıb.
Bəlkə ürəyimdə demişəm.
Ona görə çavuş da eşitməyib.
Sonralar mənə elə bu sözləri dedi.
Dayandığımız yerdə təcili tibbi
yardım maşını olub. Məni maşına
aparıblar, bircə onu bilirəm ki, özümü harasa
yıxdım. Sonra heç nə xatırlamadım...
Bir müddət gedəndən sonra "Mən həkiməm"
deyən kiminsə mənə dərman, sonra da,
"çörəkarası" deyilən içində
kotlet, lülə olan bir dürməyi
uzatdığını xatırlayıram. Görünür,
ac olduğumu deyiblərmiş.
Düzünü deyim ki, düşməni
öldürdükcə daha çox öldürmək istəyirsən,
bir növ vəhşiləşirsən, müharibənin qaydasıdır,
öldürməsən, öləcəksən,
öldürüləcəksən.
Generatorları götürüb postdan
çıxdıq. Heç nə edə bilmədilər.
Şəhidlərimizi 2 saata
çıxartdıq, 8 km yol gəldik. Snayper əsgərimizi
vurub yaralamışdı gözləyirdilər ki, gedib
onları götürəndə ən azı köməyə
gələn daha 3-4 nəfəri də vursunlar.
Ermənilər özləri də etiraf edirdilər ki,
azərbaycanlılar nəyin bahasına olur- olsun,
yoldaşlarını çiyinlərində həmişə
daşıyıb aparırlar. Çöldə
qoymurlar, yiyəsiz atıb getmirlər.
Onların
postlarında narkotiklər çox olurdu: cürbəcür
iynələr, dərmanlar, həblər, spirtli içkilər...
Döyüş olmayanda darıxırdıq. Xahiş
edirdik, səngərdə girələnməkdənsə bizi
kəşfiyyata göndərsinlər.
Bərk yağışa düşdük. Dəhşətli
dərəcədə üşüyürdük. Susuzluğumuz yatmışdı. İndi də aclıq əhədimizi kəsirdi.
Ermənilər minomyotda çox güclüydülər. Dünyada
ikincidirlər.
Elə
simptomlar var ki...
Kasat mərmilər atırdılar.
Hansısa
kəndi xatırladan xarakterik bir tikili, ev,
ağac qalmamışdı. Bütün evlər
təməlinə qədər sökülmüşdü.
Ağaclar dibindən kəsilib aparılmışdı.
Hər yer xarabazarlığa çevrilmişdi.
Kəndləri xəritə ilə güc-bəla
müəyyənləşdirirdik.
Səyyad ARAN
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.4-5.