Özü öz yanında
olan adam
Səyyad Aran mənim tanıdığım, gördüyüm
dostlarımın, qələm
əhlinin çox böyük əksəriyyətindən
maraqlı adamdı. Bəlkə də
bu müqayisə alınmadı, yəni çox zəngin, geniş insandı. Həm insan kimi, lap dərinə getsək ailə başçısı
kimi və ziyalı kimi çox geniş adamdı. Çox sonsuz üfüqləri
var, hiss olunur.
Biz Səyyad Aranla uzun müddət dinməz-söyləməz oturmağı
bacarırıq...
Səyyadla biz bu cür bir-birimizi
anlaya bilirik. Əslən Batı
cəmiyyətimizdəndi - yəni indiki Ermənistandan - İrəvan
çuxurundan.
70-ci illərin ortalarından
tanışıq. Həmişə
İmişlidənəm, - dedi. Çünki İrəvanın indisini qəbul etməmişdi. Söz düşəndə
sarsıldığını, gərildiyini anlayırdım.
Amma keçmişlər yadındaydı,
dədə-babadan qalma
keçmişlər. O səmtə əli uzanıqlı idi... Hər dəfə oranı, oranın adamlarını axtarıb arayırdı -
tapanda itirdiyini bulmuş kimi "o da o yurddanmış!"
- sevinc içində
deyərdi.
Yazılarında açıq şəkildə
o həsrət yoxdu, deyirəm yəqin, orda yaşamayıb, ona görədi... Amma "Başdaşı"
və "İrəvana
gedən yollar" romanında qəzəb və hiss oradan gələndi. İnanıram ki, gələcək
yazılarında, elə
"Tacın qaytarılması"
romanında bu öz əksini tapacaq, İrəvan öz yurdu kimi
xatırlanacaq.
"Körpü", "Əfəl",
"Qarpız", "Sandıqda
qalan muştuluq" və s. hekayələrlə
tanıdım Səyyadı.
Həmin
yazıların ab-havası
indi də yadımdadır. Ona görə
də biləndə ki, İrəvandandı - Aranın bu tipik mənzərələrini
necə yaratdığına
heyran qaldım. İnanıram ki, yeni yazmağa başladığı
"Tacın qaytarılması"
romanında da bu yanğı öz əksini tapacaq. Bu da
o deməkdir ki, gələcəkdə, inşaallah,
böyük həsrətimizə
də - İrəvana
da qovuşacağıq.
Səyyad hər şeyə, hər istiqamətə hazır olan adamdı. Belə tanımışam onu. Yazılarından tanımamışam bir şəxs kimi, bu şəkildə
bilmişəm. Əslində mən özüm də cavan idim
Səyyad Aranı tanıyanda. Onu mənimlə rəhmətlik
Fərman Kərimzadə
tanış eləmişdi. Dedi İrəvandandı, amma mən soruşanda dedi İmişlidənəm.
Qəribə bir şey oldu, üstünü vurmadım. Çünki
bizim onsuz da millət, xalq, kənd-kəsək olaraq belə işlər başımıza
çox gəlib, ona görə də saxladım sonraya. Və tez hekayələrini
oxumağa başladım.
Bu, təxminən 70-ci illərin ortaları olardı. Onda "Ulduz" jurnalında
nəsr şöbəsində
işləyirdim. Hekayələri tamam məni qane elədi. Mövzuları şəhərdən tutmuş, kəndə, kənddən tutmuş, dağlara, yaylaqlara yaxın tema idi. Bu yadımda
qalıb. Çox sıcaq,
isti dili vardı, əzilmiş deyildi, əzilmiş - yəni kimsədən götürülən deyildi.
Adamlara yaraşan, bəzəksiz-düzəksiz,
içdən gələn
və yaxın üslub idi. Aran kənd həyatından çox geniş, çox dərin, həyati detallarla danışırdı, mükəmməl
idi. Sonradan çox yaxından dost olduq. Bir yerdə çox
olduq. Mənə qaranlıq məqamlar
açıqlandı. Əslində kökləri İrəvandandır.
48-49-cu illərdə köçürülüblər İmişliyə. İmişlini də İrəvanı sevdiyi kimi sevir.
Oxuduğum hekayələrində
İmişlinin mənzərələri
var. İrəvan 30-40 il bundan qabaq dilindən düşmürdü. İrəvanlı olduğunu qəribə bir sevinclə ifadə edirdi. Hiss eləyirdim ki, İrəvan yurd kimi həmişə yadındadı. Başqa bir üstünlüyü
- yəni mənim bəyəndiyim - yanında
həmişə özüdür.
Yanında olsan, səninlə
çox səmimi olsa da, özünü
unutmur. Özünü
unudan adam
deyil. O qədər orijinaldır, o qədər
sol getməyi var ki, bir də
baxırsan öz bildiyi yoldan getdi. Sonra görürsən ki, doğru edib vaxtında, yəni bu cür
ağsaqqal adamdı.
Qəribə ağsaqqallığı
var. Sonradan mənə
bəlli oldu ki, bu qədər
çox vaxtından yazı yazmağa az vaxt ayırır. Bu nəticəyə
gəldim. Özümlə müqayisədə deyirəm.
Mən heç vaxt yazımı unutmamışam.
Ərkim
çatan çox adama demişəm ki, vaxt ayırmaq
lazımdı. Vaxt ayırmaq
yox, gərək yazıdan çıxmayasan.
Çörək yeyəndə də,
yatanda da yazmalısan. Mən, açığı
deyim, elə olmuşam. Yenə də bəyəndiyim
yazıçılara, can atdığım
ünvanlara baxanda həmişə Səyyad
Arandan yazı gözləmişəm. Səyyad Aran
yuxarıdan görməyi
bacaran qələm əhlidir. Addımını boş yerə
atmır, dolu yerlərə qoyur. İşində də, ailə
söhbətlərində də
belədir. Siyasətlə də məşğuldur.
Çox
natiq adamdı, hərtərəflidir. Unudan deyil,
münasibəti yaşadandı
- indinin özündə
də.
"İrəvanın yolları" romanını
2 dəfə oxumuşam. Ondan öncəki
"Başdaşı" romanını da oxumuşam, qeydlər aparmışam. Çox ürəklə
oxumuşam. Mənim
nəticəm odur ki, Səyyad potensial gücünə, genişliyinə,
mövqeyinə yaraşası
yazılar yazacaq.
Mövlud Süleymanlı
Xalq yazıçısı
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.- S.6.