Keçmiş "müavinimin" uğurları

 

Mən Səyyadı 1968-1969-cu illərdən tanıyıram. Həmin illərdə o zamankı Lenin adına kitabxanada şeir dərnəyinin rəhbəri idim. İstedadlı gənclər, ilk qələm təcrübələrini ortaya çıxaran tələbələr toplaşardılar ora. Onlardan biri o zamankı Pedaqoji İnstitutun Filologiya fakültəsinin tələbəsi Səyyad Sadiq idi. Bəli, o, şeirlərini bu təxəllüslə yazırdı.

Dərnəyin ən fəal üzvlərindən idi. Bəzən müəyyən işlərim olurdu, ya vaxtında gələ bilmirdim, ya gəlmirdim, orda Nadiyyə adlı bir xanıma deyirdim ki, qoy dərnəyin işini Səyyad aparsın. Çünki o, getdikcə təcrübələnirdi, kursdan-kursa keçib, yetkin ədəbiyyatçı olurdu. Gənclər əsərlərini oxuyanda onların yazılarını ustalıqla, peşəkarlıqla, obyektiv, ədalətli şəkildə təhlil edirdi. İxtisası idi axı. Beləliklə, bir neçə il mənim "müavinim" oldu.

1991-ci ildə qələmə aldığı "Qətl" hekayəsi Azərbaycan xalqının müasir tarixinə hüzn qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 Yanvar günü Sovet hərb maşını önündə yumruqları düyünlənmiş halda dik dayanan xalqın əzmindən bəhs edir. Hekayəni mən çap etdim. "Yanvar hekayələri"nin müəllifi gözəl yazıçımız Sabir Əhmədliyə ithaf edilmişdi.

Milli azadlıq hərəkatını boğmaq üçün Bakıya, əliyalın dinc əhalinin üzərinə qoşun yeridən imperiya hekayənin qəhrəmanları olan üç qardaşın timsalında xalqımızı susdurub onun milli azadlıq mücadiləsini əlindən ala bilmədi.

O qanlı gecə böyük qardaş Ağahüseyn kimi, çoxları Vətənin başı üzərində dolaşan qara buludu dağıtmaq üçün özünü irəli atıb, uşaqlar azad məmləkətdə yaşasın deyə, özünü fəda etdi. O gecə tırtılları qanlı tankların şəhərin bir ucundan o biri ucuna şütüməsi, qarşısına çıxan hər şeyi darmadağın etməsi, havada güllələrin sayrışması, insanların ah-naləsi Ağababa ilə Atababa kimi bir çox uşaq-yeniyetmədə kinoteatrlarda izlədikləri qorxulu film təsiri yaratmış, faciənin ölçüsünü anlamaqda çətinlik yaratmışdı: "...gündə gördükləri tanklardı da - Qurd qapısında, Qobuda, Güzdəkdə, bayramlarda. Onları sürənlərə evlərindən paxlavadan tutmuş, qutabacan, siqaretdən pulacan o qədər daşıyıblar ki! "Druq" döyüllər?". Hekayənin davamı sonluğu bu suala çox aydın cavab verir. "Dost" gülləsinin Ağababanın həyatına son qoymasından hiddətlənən Atababa yaşına silahsız olmasına baxmayaraq, qatil imperiya əsgərlərindən qardaşının qanının hesabını sormaqdan qorxmur, cəsarətlə onların üzərinə gedir.

Hekayənin bu hissəsində yazıçı Atababanın timsalında Azərbaycan kişisinin genində daşıdığı bütün xarakterik xüsusiyyətləri - əyilməzliyini, qorxmazlığını,  mərdliyini, erməni qarışığı olan Sovet ordusunun isə məhz bu xarakter qarşısında əzildiyini elə bu əzikliyin verdiyi qorxu ilə o gecə böyüyə-kiçiyə baxmadan hər kəsi qətlə yetirməyə hazır olduğunu böyük ustalıqla təsvir edir. Bu baxımdan "Allah ağlayırdı..." ilə bitən hekayənin sonluğu hüznlü olsa da, verdiyi mesaj olduqca əhəmiyyətlidir.

"İrəvana gedən yollar" adlı kitabı müasir tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuşdur. Romanın oxucuya çatdırmaq istədiyi əsas məzmun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməlinin illər əvvəldən atıldığını göstərməkdir. Aprel zəfərinin iştirakçıları ilə söhbətlərdən ilhamlanaraq sözügedən döyüşləri ədəbi ustalıqla təqdim edən müəllif qəhrəmanlarının dili ilə 100 ildən çoxdur, erməni qəsbkarlarının Moskvadakı himayədarlarının dəstəyi ilə xalqımıza qarşı törətdiyi cinayətləri, əzəli Azərbaycan torpaqları hesabına apardığı eskalasiyanı tarixi faktlar əsasında ortaya qoyur. Xalqımızın bu işğallarla heç vaxt barışmadığının, bir gün tarixi ədaləti bərpa etmək üçün uyğun şəraiti gözlədiyinin, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili xarici siyasət sayəsində o günün uzaqda olmadığının dəfələrlə vurğulandığı kitabda çoxillik Qarabağ savaşımızın geniş mənzərəsi göz önündə canlanır, bu yolda görülən işlərlə bağlı göstərilən faktların zənginliyi qarşıya qoyulan məqsədə müvəffəqiyyətlə nail olacağımızı sübut edir.

Səyyad Aranın ölkəmizdə xaricdə - Rusiya, Türkiyə, İran, Ukrayna, Serbiyada kitabları çap olunub. Bu da onun yaradıcılığının geniş masştabından xəbər verir. İnanıram ki, keçmiş "müavini"min uğurları daha çox olacaq. Bu yolda ona cansağlığı, uzun ömür arzulayıram.

 

Nəriman Həsənzadə

Xalq şairi

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.6.