Teatral adam
Əsəd Cahangirin "Dionisin
şərəfinə" kitabı haqqında
düşüncələrim
Əsəd Cahangirin bu günlərdə incəsənət
məsələləri ilə bağlı, kifayət qədər
həcmli, nəfis dizaynlı "Dionisin şərəfinə"
kitabı işıq üzü görüb. "Teatr və
dramaturgiya", "Kino", "Musiqi",
"Televiziya" və "Kulturologiya" bölümlərindən
ibarət kitabda müəllifin dramaturgiyamıza həsr
olunmuş eyniadlı məruzəsi, müxtəlif vaxtlarda
yazdığı məqalə, esse, resenziyaları, fərqli
nəsillərdən olan sənət adamarı ilə
müsahibələri toplanıb. Amma indi mən
bu kitab haqqında ənənəvi qaydada resenziya yazmaq fikrində
deyiləm. Bəlkə, heç istəsəm
də, bu məndə alınmaz. Bunun
üçün tənqidçilər, jurnalistlər var. Amma
mən kitabdakı yazıların mühüm bir qisminin necə,
nə vaxt yazılmasının şahidiyəm və hesab edirəm
ki, kitabın yaranması prosesindn danışmaq oxucular
üçün daha maraqlı olduğu kimi, mənim
üçün də daha rahat olar.
1996-cı
il idi. Milli Teatrda işləyirdim.
Uzun çək-çevir, beş illik məşqlərdən
sonra "Kral Lir" tamaşasını axır ki,
hazırlayıb başa çatdırmışdım. Tamaşanın bəxti Lirin taleyinə bənzəyirdi,
yəni nəyi vardısa, vermiş, qarşılığında
payına düşən etinasızlıq olmuşdu. Düzdür, o, Moskvada keçirilən festivalda
oynanılmış və Rusiya paytaxtı
tamaşaçılarının alqışlarını
qazanmışdı. Amma bizimkilər
arasında tamaşaya dodaq büzmək istəyənlər
vardı. Onsuz da qabaqcadan bəxti gətirməyən,
bir neçə heyətlə illər boyu hazırlanan
tamaşa Milli Teatrın səhnəsində vur-tut beş dəfə göstərildi. Bəlli bir dəstə, qrup mənafeyinə
çalışan teatr tənqidçiləri həmişə
olduğu kimi susurdular. Jurnalistlər yazırdı, amma
onların yazıları tamaşa barədə dumanlı təəssüratlarını
bölüşməkdən o yana
keçmirdi. Hamı sözləşibmiş
kimi, neçə illik işimi sanki görmür, Şekspir
yaradıcılığına ilk müraciətimi
lazımınca qiymətləndirmək istəmirdilər.
Bu vaxt qəzetlərdən birindən gənc bir
müxbir zəng edib, tamaşa barədə söhbətləşmək
istədiyini bildirdi. Əgər yaddaşım məni
aldatmırsa, görüşümüz Milli Teatrda oldu. Gənc müxbir tamaşaya baxmış və onu
çox bəyənmiş, Kordeliya və Lirin göz
yaşları içində barışdığı səhnəyə
isə valeh olmuşdu. Adətən,
tanımadığı adamların təmənnasız qiyməti
insan üçün daha maraqlı olur. İndi
də belə oldu - tanımadığım gəncin göydən
düşübmüş kimi qəfil peyda olub,
tamaşamı tərifləməsi, diqqəti onun
ayrı-ayrı səhnələrinə çəkməsi,
bu barədə özünəməxsus fikirlər
yürütməsindən məmnun idim. Sonra
məlum oldu ki, o məni çoxdan tanıyır, bir rejissor
kimi fəaliyyətimi artıq neçə illərdir ki, izləyirmiş.
O gənc
müxbir indi hamının görkəmli söz adamı kmi
tanıdığı Əsəd Cahangir idi. Əsəd
bütün heyranlığı ilə bərabər,
"Kral Lir" barədə resenziya yazmadı və bunu tamaşadan
lazımi "intellektual informasiya" ala bilməməsi ilə
bağladı. O vaxt bu hərəkət mənə ifrat
detalçılıq, xırdaçılıq, hətta
pedantlıq kimi görünsə də, xarakterinə, xasiyyətinə
bələd olduqca gördüm ki, bu onun öz sənətinə
və ümumiyyətlə sənətə böyük məsuliyyətlə
yanaşması və sevgisindən irəli gəlir. O
yazdığı hər sözə əmin olmaq istəyən
adamlar kateqoriyasına daxildir. Buna görə bəzi
detalları dəqiqləşdirmək üçün
tamaşaya heç olmasa bir dəfə də baxmaq istəyirdi.
İşin tərsliyindən isə "Kral
Lir" repertuardan çıxarılmışdı.
"Kral Lir" barədə fikirlərini Əsəd
üstündən illər keçəndən sonra, mənə
həsr etdiyi yazıda ümumiləşdirdi. Lakin tamaşa
haqqında ayrıca yazı yazsa da, yazmasa da,
tanımadığım gəncin tamaşaya,
bütövlükdə teatra, dramaturgiyaya, xüsusən də,
Şekspir yaradıcılığına sevgisinin özü
artıq kifayət edirdi. Bu sevgi, sadəcə,
tamaşaçı heyranlığından, yaxud öz vəzifə
borcunu yerinə yetirən diletant jurnalist marağından
doğmurdu. Bu sevgi istənilən
yazısında sənətdən daha çox öz bilgilərini
sərgiləyən sənətşünas iddiasından da
uzaq idi. Bu, yüksək estetik zövqə,
gözəllik duyğusuna, teatr və ədəbiyyatşünaslıq
bilgilərinə malik bir gəncin sənətlə, xüsusən
də, teatrla fitri bağlılığından irəli gələn
nəsə sirli şey, tale məsələsi idi. Hiss
edirdim ki, o, əsl teatraldır və
müasirlərimiz arasında beləsinə rast gəlmək
getdikcə daha nadir hadisəyə çevrilir. Teatrı on illər
qabaq belə sevmək olardı, o vaxtlar ki, Abbas Mirzə Şərifzadə
Hamleti, Mərziyə Davudova Sevili, Fatma Qədri Katerinanı,
Barat Şəkinskaya Cülyettanı, İsmayıl
Dağıstanlı Neznamovu, Ələsgər Ələkbərov
Vaqifi, Hökümə Qurbanova Kleopatranı oynayırdı...
Mənə elə gəlirdi ki, Əsəd teatr haqqında
teatrşünaslardan daha maraqlı yazan Məmmədcəfər
Cəfərov, Əziz Şərif, Bəkir Nəbiyev,
İsmayıl Şıxlı, Yaşar Qarayev kimi ədəbiyyatşünasların
sonuncusudu. Görürdüm ki, o nəsə qədimi,
mistik bir teatral ruhun daşıyıcısıdır, ümumən
sənət onun alın yazısıdır, o, ədəbiyyatşünas
olmaqla bu yazını pozub və indi teatr haqqındakı
yazılarıyla günahını sözlə də olsa,
yumaq istəyir. Bəlkə də, bu
mülahizələrimdə çox irəli gedir,
yanılır, subyektivliyə yol verirəm, amma ilk
tanışlığımızın məndə
oyatdığı təəssürat belə idi və bu təəssürat
indi də dəyişməyib.
Beləcə,
dostlaşdıq...
Antik yunan dramaturgiyasından Sofoklun "Çar Edip,
yaxud alın yazısı" tamaşasını səhnələşdirmişdim. Yalnız indi bildim ki, Əsəd
təkcə intibah dövrü deyil, antik ədəbiyyat və
fəlsəfənin, yəni Homer, Esxil, Sofokl, Evripid, Sokrat,
Platon, Aristotelin də vurğunudur. Onun ruhunda,
düşüncəsində antik və renessans dövrləri
mədəniyyəti birləşir, doğmalaşır.
O, adəti
üzrə tamaşaya bir neçə dəfə baxandan sonra
"Üç nöqtə" qəzetində "Çar
Edip, yaxud nicatımız birlikdədir" adlı maraqlı
bir məqalə ilə çıxış etdi. Hiss edirdim
ki, bütün tamaşa heyəti - Kamal Xudaverdiyev,
Şükufə Yusupova, Sənubər İsgəndərli,
Mehriban Xanlarova, Münəvvər Əliyeva yazıdan
çox razı qalıblar. Aktyorları
qınamalı deyildi, tamaşa haqqında, axır ki, hər
cür qərəzdən uzaq, obyektiv, səmimi, ciddi bir
söz eşitmişdilər. Aktyorlara
xoş gələn, sadəcə, tamaşa haqqında təqdiredici
rəy deyildi, ümumən teatr haqqında yüksək ədəbi
üslubda yazılmış yazı onların
zövqünü oxşayırdı. Bundan başqa, onun
yazılarının vizuallıq və əyanilik
adlandırıla biləcək bir xüsusiyyəti də var.
Tamaşanı elə təsvir edir ki, oxucu
tamaşaçıya çevrilir, oxuduqlarını sanki zalda
oturub seyr edir və bu "gördüklərinə" teatra
gedib canlı surətdə baxmaq istəyir...
Dostluğumuz
möhkəmlənirdi...
Əli Əmirlinin "Mesenat" tamaşasını
hazırlamışdım. Tamaşa müvəffəqiyyətlə
gedirdi. Əsəd Cahangirin "525-ci qəzet"də
tamaşa haqqında böyük məqaləsi
çıxmış, qəzetin bir neçə sayında dərc
olunan məqalə oxucuların marağına səbəb
olmuşdu... Bu artıq gənc bir oğlanın
teatr vurğunluğundan doğan, sevgi və həyəcan
qarışıq mülahizələri yox, durub-toxtamış
bir sənətşünasın qələmindən
çıxan yazı idi. Əvvəlcə
dramın, sonra tamaşanın təhlili, sakit, təmkinli,
yerli-yataqlı fikirlər, detalların simvolikasına getmək,
səhnə obrazının mərhələlərlə
analizi. Əsəd təxminən on il
ərzində gözümüzün önündəcə
ilk addımlarını atan bir gəncdən yetkin qələm
sahibinə çevrilmişdi.
O,
müxtəlif tamaşalarım haqqında fikirlərini mənə
həsr etdiyi "Bəhramnamə" adlı böyük bir
portret məqalədə ümumiləşdirdi. Yazı mənim
teatra gəlişim, "Ağqoyunlular və Qaraqoyunlular",
"Kral Lir", "Çar Edip, yaxud alın
yazısı", "Köhnə ev", "Varlı
qadın", "Mesenat" və sair kimi ayrı-ayrı
tamaşalarım, Kamal Xudaverdiyev, Şükufə Yusupova,
Sadıq İbrahimov, Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Firəngiz
Mütəllimova, Bəsti Cəfərova, Məleykə Əsədova,
Abbas Qəhrəmanov, Mehriban Xanlarova, Münəvvər
Əliyeva və digər aktyorlarla iş üsulum, rejissor kimi
başqalarından fərqim və sair kimi məsələlərə
həsr olunmuşdu. Lakin məqalənin müəllifi sadəcə
mənim yaradıcılığımla kifayətlənməmiş,
ümumən ötən əsrin 80-ci illərinin sonundan
tutmuş, yeni yüzilin başlanğıcı da daxil olmaqla
20 illik bir dövrdə teatra geniş baxış eləmiş,
ən ümumi teatral mənzərəni yaratmağa
çalışmış və buna uğurla nail olmuşdu.
Bu mənim haqqımda, demək olar ki, yeganə
həcmli və ciddi araşdırmadır.
Əsəd Cahangirin başqa teatr yazarlarından əsas
fərqi onun təvazökarlığıdır. O, teatrı sevir və
sevdirməyi bacarır, çünki fərdi eqosunu rejissor və
aktyorlara qarşı qoymur. O, tamaşaya parterdən də,
lojadan da, amfiteatrdan da baxa bilər, amma hardan baxır-baxsın,
məqsədi özünü yox, tamaşanı, rejissoru,
aktyoru göstərməkdir. Onun
üçün nəinki baş rolların
ifaçıları, ikinci dərəcəli aktyorlar da, nəinki
öz müasirləri, 20-50-ci illərin aktyorları da
maraqlıdır. Dəfələrlə mənə
"Filan aktyora niyə rol vermirsən?" deyə
soruşmasından hiss etmişəm ki, aktyorların sənət
taleyi onu ciddi düşündürür və narahat edir. Bilirəm ki, bu xüsusda aktyorlarla onun arasında
heç bir söhbət-filan olmayıb, o özü öz
yanından verir bu sualları. Əsədin
yazılarında, xüsusən də, ilk yazılarında
özünü büruzə verən romantik idealizənin səbəbi
də onun aktyorlara sayqısının, ümumən teatra
böyük sevgisinin nəticəsidir.
Əsəd
Cahangirin hələ iyirmi il əvvəl
çalışdığı "Ekspress" qəzetində
teatra xüsusi səhifə ayırması da, on il qabaq Arif Mədətoğlunun
dəstəyi ilə Azərbaycanda ilk teatr dərgisi olan
"Teatral"ı dərc etməsi də bu sevginin təzahürü
idi. "Ekspress"in mədəniyyətlə
bağlı səhifələrində Əsədin
özünün də, başqalarının da
yazıları dərc olunurdu. Eşitmişdim
ki, Mədəniyyət naziri Polad Bülbüloğlu hər səhər
çoxlu sayda qəzetlər arasında ilk növbədə
məhz "Ekspress"i soruşur, teatr, kino, musiqi ilə
bağlı məqalə, müsahibə və informasiyalara
göz gəzdirir, bəzilərini oxuyurdu. Aktyorlar hər səhər "Ekspress"i almaq
üçün qəzet köşklərinə tələsirdilər.
Azərbaycan mətbuatı tarixində hər
hansı bir ictimai-siyasi qəzetdə mədəniyyətə
bu qədər geniş yer ayrılması baxımından bu
görünməmiş hadisə idi. Bu, əlbəttə
ki, ilk növbədə qəzetin Mədəniyyət
şöbəsinin başçısı kimi Əsəd
Cahangirin əməyinin nəticəsi idi.
Əsədin
Baş redaktorluğu ilə dərc olunan "Teatral" dərgisi
isə onun öz teatrşünaslıq fəaliyyətində
daha oturuşmuş, daha ciddi mərhələyə keçməsindən
xəbər verdi. Təəssüf
ki, maliyyə imkansızlığı üzündən dərginin
nəşri sonradan dayandırıldı. Lakin
buna baxmayaraq, dərgi Əsədin Baş redaktor kimi
potensialını özünün bütün konturları ilə
üzə çıxara bildi. Nələr
yox idi bu dərgidə? Tamaşalar haqqında resenziyalar,
teatr tarixi ilə bağlı araşdırmalar, portretlər,
müsahibələr, tərcümələr, dünya
dramaturgiya və teatrının ən son nailiyyətləri ilə
bağlı məlumatlar... Təkcə
teatrşünas Şevçenkonun alman rejissoru Kristofer
Şlinhenzifin dramaturji mətnlərsiz tamaşalarına əsaslanıb
yazdığı "Postdramtizm" məqaləsini yada samaq
yetərlidir. İlk dəfə idi ki, Azərbaycan
mətbuatında "postdramtizm" termini işlənirdi.
Təntənəli təqdimatı keçirildi. Onlarca sənət
adamının qatıldığı bu təqdimat hamıda
ilk teatr dərgimizin dərc olunması ilə bağlı
xoş ovqat doğurmuşdu. Bir daha təkrar
etməyə ehtiyac duyuram ki, dərginin ömrü uzun olmadı.
Lakin dərginin oyatdığı xoş təəssürat
hələ də unudulmayıb. Məncə,
mədəniyyət, incəsənət sahəsinin əlaqədar
və səlahiyyətli şəxslərinin dərginin bərpası
xüsusunda düşünməsinə ehtiyac var.
Əsəd Cahangirin təkcə teatrla bağlı deyil,
ümumən sənətlə bağlı istənilən
yazısının fərqləndirici xüsusiyyəti onun
problemin mahiyyətinə nüfuz etmək cəhdi və bu cəhdin
əksərən baş tutmasıdır. Məsələn, o, Əli
Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular",
"Köhnə ev" və "Varlı qadın" əsərləri
əsasında hazırladığım tamaşalara sadəcə
bu və ya digər əsərin səhnələşdirilməsi
kimi deyil, 90-cı illərdə gedən kapitalistləşmə
prosesinn yaratdığı mənəvi aşınmanın
teatral əksi kimi baxır, bu pyeslərin
üçünü bir yerdə "Məhəbbət və
pul" trilogiyası adlandırırdı. Ə.Cahangirə
görə, "Ağqoyunlular və Qaraqoyunlular"da məhəbbət
mənən qalib gəlsə də, cismən məğlub
olurdu və bu tamaşanın faciəvi ruhunu müəyyənləşdirirdi.
"Köhnə ev"də məsələ
heç-heçə qurtarır, "Varlı qadın"da
isə pulun qələbəsi ilə bitir, sovet
dövrünün romantik ideallarından praktik, praqmatik
marketinq dönəminə keçid başa
çatırdı. Əsəd Cahangir bu
pyeslərdə də, onların teatral versiyasında da
zamanın surətini, dövrün məğzini, mahiyyətini
görür və göstərirdi.
2009-cu ildə Gəncədə keçirilən, teatr
kollektivlərinin, dramaturq, sənətşünas və
jurnalistlərin qatıldığı Ümumrespublika Teatr
Festivalının iştirakçıları arasında
Əsəd Cahangir də var idi. Bir həftə çəkən,
on dörd tamaşanın nümayiş etdirildiyi festival barədə
"Bir çarə var ancaq - yeniləşmək"
adlı yeganə analitik yazını yenə də Əsəd
yazdı, tamaşaların janrını təyin etməkdən
tutmuş, rejissor işi, səhnə tərtibatı, musiqi həlli,
aktyor oyununa qədər on dörd tamaşanın on
dördünü də səbrlə, bir-bir təhlilə
çəkdi. Mümkün qədər
obyektivliklə, düzünü düz, əyrisini əyri deməklə.
Milli Teatrın "Mesenat", Musiqili Komediya Teatrının
"Arşın mal alan", Bakı Bələdiyyə
Teatrının "Bəylik dərsi", Gənc
Tamaşaçılar Teatrının "Qazın yeddi
balası", Gəncə Teatrının "Varlı
qadın", Lənkəran Teatrının "Ezop", Mingəçevir
Teatrının "Pul düşkünü Hacı Fərəc",
Şəki Teatrının "Xəsis", Qazax
Teatrının "Duel", Bakı Kukla Teatrının
"Cik-cik xanım", Gəncə Kukla Teatrının
"Çətin məsələ"... tamaşaları və
digər səhnə işləri.
Mənə elə gəlir ki, o vaxta qədər bu qədər
tamaşanın təhlilə çəkildiyi belə
geniş icmal bizdə olmamışdı. Deyəsən,
ondan sonra da olmayıb. Lakin əsas məsələ
həcmdə deyil, icmalın sərlövhəsinə
çxarılan və bütün yazı boyu dönə-dönə
vurğulanan yeniləşmək tələbi, zamanla
ayaqlaşmaq çağırışında idi. Əsəd Cahangir antik və renessans dövrləri
mədəniyyətinə nə qədər vurğun olsa da,
zamanın ruhuna uyğun modernləşmə tələbini də
gözəl duyur və bunu teatrın gələcək
mövcudluğunun əsas şərti sayırdı.
Texnogen erada, robotlaşma ərəfəsində teatr
yaşayacaqmı? İndi bu sual sənət kluarlarında
çox tez-tez səslənir. Teatrın gələcək
mövcudluğunun bir əsas şərti var ki, o da daimi yeniləşmədir!
Əsədin teatr ictimaiyyəti tərəfindən
maraqla qarşılanan icmalından doğan yekun qənaət
belə idi.
Əsəd
Cahangirin postmodern tamaşaya münasibətinin bariz ifadəsi
Xalq Yazıçısı Elçinin "Şekspir"
pyesi əsasında mənim quruluş verdiyim eyniadlı
tamaşaya həsr etdiyi "Şekspirin adı" məqaləsidir.
Məqalənin birinci hissəsi ümumən
postmodernizm və bu əsasda Elçinin pyesi, ikinci hissəsi
isə konkret olaraq tamaşa haqqında idi. Postmodernizm anlayışını Azərbaycan ədəbi
və ictimai fikrinə gətirən, bu barədə ilk dəfə
yazan və ona ümumxalq statusu qazandıran Əsəd
Cahangirin yazıları olub. Amma indi məni
məsələnin ədəbiyyatşünaslıq tərəflərindən
daha çox, sənətşünaslıq tərəfi
maraqlandırır. O, tamaşanın tərtibatından
tutmuş, aktyorların oyunu, rejissor traktovkasına qədər
bütün məsələlərə elə bir məntiq və
faktlarla aydınlıq gətirmiş, izahlar vermişdi ki,
tamaşanın müəllifi kimi buna ancaq məmnun
olmağım qalırdı.
Əsəd Cahangirin xarakterinə məxsus
ardıcıllıq, stabillik onun
yaradıcılığına da təsir edir. O özünün
seçdiyi imzalar üzərində ardıcıl
dayanmağa, zaman-zaman onların
yaradıcılığına qayıtmağa
üstünlük verir. Hərçənd ki,
Əsədin qələminə düşmək istəyənlərin
sayı həddindən artıq çoxdur və belə
durumda öz seçiminə sədaqəti qoruyub saxlamaq o qədər
də asan deyil. Amma Əsəd bu
münasibətlər ardıcıllığını qoruyub
saxlaya bilir. Mən belə
ardıcıllığı onun Barat Şəkinskayanın,
Elçinin, Kamal Xudaverdiyevin yaradıcılığına,
eləcə də özümə münasibətdə aydın
görürəm.
Əsəd Cahangirin sənətlə bağlı
yazıları təkcə teatra dair məqalələri ilə
məhdudlaşmır. Onun kino, musiqi, televiziya kimi sənət və
yaradıcılıq sahələri ilə bağlı
bir-birindən maraqlı yazıları var. Məsələn,
üstündən neçə il keçməsinə
baxmayaraq, "Əsli və Kərəm" operası ilə
bağlı "Açılmaz Əslidən düymə",
yaxud İran kinosu ilə bağlı "Əsgər və
Oskar" məqalələrindən aldığım təəssüratlar
hələ də xatirimdədir. Mən əminəm
ki, İran kinosu barədə, hətta İranın
özündə də belə bir məqalə
yazılmayıb. Barat Şəkinskayadan
tutmuş, gənc xanəndə Murad Laçınlıya qədər
sənət adamlarından götürdüyü müsahibələr
də Ə.Cahangirin mədəniyyətimizə sevgisi, istedada
qayğısının təzahürü kimi meydana gəlib.
Amma nədən, kimdən və hansı janrda
yazmasından asılı olmayaraq, Əsədin bütün
yazılarını özündə birləşdirən bir
neçə cəhət var ki, bunlar da sənətkara
hörmət, orijinal baxış bucağı, özünəməxsus
fikirlər, aydın və ifadəli dildir.
Görkəmli söz adamı Əsəd Cahangirin incəsənətlə
bağlı ilk yazılarını dərc etdirməsindən
artıq 25 ildən artıq vaxt keçir. İnanıram
ki, müəllifin bu 25 ildə yazdıqlarını bir toplu
şəklində özündə ehtiva edən, müstəqillik
dövrü incəsənətimizin geniş mənzərəsinə
güzgü tutan bu kitab oxucular tərəfindən maraqla
qarşılanacaq və ədəbi-mədəni həyatımızın
maraqlı hadisələrindən birinə çevriləcək.
Bəhram OSMANOV
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.8-9.